ƏN TEZ xidmətinin tətbiqi dairəsi genişləndirilir
SİYASƏT
16:38
06.09.2023
Baxılıb: 4605
ƏN TEZ xidmətinin tətbiqi dairəsi genişləndirilir

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq vətəndaşların dövlət xidmətlərinə əlçatanlığının asanlaşdırılması, bu məqsədlə rəqəmsal innovasiyaların tətbiqi Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılaraq əhaliyə müxtəlif elektron və mobil ədliyyə xidmətləri göstərilir. Eyni zamanda 3 saylı Bakı DOST mərkəzində və Heydər Əliyev Beynəlxalq Aeroportunda nazirliyin istifadəyə verilmiş növbəti innovativ – “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) xidməti vətəndaşlara, o cümlədən səyahət etmək istəyənlərə yerindəcə müraciət etməklə məsafədən zəruri ədliyyə xidmətlərinin göstərilməsi imkanı yaradılıb.

 

Böyük vətəndaş məmnunluğu doğuran bu innovativ xidmətə artan ictimai maraq nəzərə alınaraq nazirlik tərəfindən “ƏN TEZ”-in tətbiqinin genişləndirilməsi davam etdirilir və artıq bu gündən həmin xidmət platforması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin 1 saylı Bakı DOST mərkəzində istifadəyə verilib. Tədbirdə Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsinin rəisi İlqar Məmmədov, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və aidiyyəti məsul əməkdaşlar iştirak ediblər. Bu innovasiya vasitəsilə vətəndaşlar heç bir qeydiyyat və elektron imza tələb olunmadan, tək şəxsiyyət vəsiqəsi ilə biometrik eyniləşdirmə aparılmaqla Ədliyyə Nazirliyinə müraciət edərək notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, tələbkar qismində bəzi məhkəmə qərarlarının icrası və digər xidmətlərdən yararlana bilərlər.

 

Nazirlik tərəfindən “ƏN TEZ” xidmətinin paytaxtla yanaşı, respublikamızın digər bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə, habelə ASAN xidmət mərkəzlərində və insanların daha çox müraciət etdikləri digər xidmət məkanlarında da istifadəyə verilməsi nəzərdə tutulur.

 

Xidmətlə bağlı ətraflı məlumat almaq üçün nazirliyin saytına daxil ola bilərsiniz. 

Digər xəbərlər