DTX terror xəbərləri ilə bağlı bəyanat yayıb
SİYASƏT
18:24
12.03.2024
Baxılıb: 1694
DTX terror xəbərləri ilə bağlı bəyanat yayıb

Sosial şəbəkələrin xarici seqmentində Bakı şəhərindəki bəzi məktəblərə silahlı hücum planlaşdırıldığı ilə bağlı insanlarda həyəcan və süni ajiotaj yaratmağa yönələn məlumatlar yayımlanmış və vətəndaşlarımız arasında narahatlığa səbəb olmuşdur.

 

Reallıqdan uzaq olan analoji aksiyaların daha əvvəl saxta adlardan istifadə edilməklə sosial şəbəkələr vasitəsilə bəzi xarici ölkələrdəki təhsil müəssisələri ilə əlaqədar həyata keçirildiyi məlumdur. Əməliyyat-texniki tədbirlər zamanı sözügedən sosial şəbəkə səhifəsinin xaricdən idarə olunduğu öz təsdiqini tapmış, xarici tərəfdaşlarla həyata keçirilmiş birgə təxirəsalınmaz tədbirlərlə məlum sosial şəbəkə kanalını yaratmış ölkə ərazisində hər hansı təhdid doğurmaq imkanında olmayan şəxslər və onların Azərbaycan Respublikası ilə heç bir əlaqəsinin olmadığı müəyyən edilmişdir.

 

Bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir. Həmçinin eyniadlı “Telegram” səhifəsində yerləşdirilmiş, Bakı şəhəri Nizami rayonu 229 saylı tam orta məktəbə aid fotoşəkli həmin məktəbin azyaşlı şagirdinin 12.03.2024-cü il tarixində çəkdiyi və özü tərəfindən eyni adda və məzmunda yaradılan kanala yerləşdirildiyi müəyyən edilmiş, həmin şəxs qanuna müvafiq qaydada istintaqa cəlb edilmişdir.

 

Hazırda dünyada çoxsaylı sosial şəbəkələrin fəaliyyət göstərdiyi, onların texniki imkanlarından hər cür dezinformasiya məqsədləri üçün istifadə mümkünlüyünün məlum olduğu bir vaxtda ölkə ictimaiyyətini əhali arasında narahatlıq yaradılması məqsədilə paylaşılan bu kimi qeyri-ciddi məlumatlara inanmamağa, belə aşkar əsassız məlumatları geniş auditoriyaya yayaraq təşviş yaradanları qınamağa çağırır, bu qəbildən olan informasiyaların aidiyyəti orqanlar ilə birgə daim ətraflı yoxlanıldığını bildiririk.

Digər xəbərlər