Məqalələr

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun tariximizdə yeri Ümummilli lider Heydər Əliyev- milli intibahın banisi, müstəqil dövlətçiliyin memarı Azərbaycan Cümhuriyyətinin müqəddəratında Böyük Britaniya amili Bir əsrlik dövlətçilik tarixinə siyasi liderlik fenomeni işığında baxış: Ümummilli lider Heydər Əliyev - 95 К вопросу о создании Армянского государства и определения его границ на переговорах в Батуми и Стамбуле в1918 г. Azərbaycan Xalq Cümhuriyyətinin parlament sənədləri Zəngəzur, Qarabağ və Naxçıvanda 1918-1920-ci illərdə erməni vəhşiliklərini öyrənmək üçün mənbə kimi Геноцид тюрко-мусульманского населения Азербайджана по документам Британских дипломатов XX əsrdə erməni rəsmi dairələrinin kürdlərə qarşı həyata keçirdiyi deportasiya, repressiya və terror aktları haqqında (etnosiyasi analiz) Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Osmanlı dövlətinin siyasəti (iyun-oktyabr 1918-ci il) Нахчыван на переднем крае борьбы с армянской агрессией в период Азербайджанской Демократической Республики Sərhədyanı mübahisə 1918-1920-ci illərdə Azərbaycan-Gürcüstan münasibətlərində əlverişsiz amil kimi Особая Комиссия и ее “особые” сотрудники Равноправие и гендер: путь, пройденный от Азербайджанской Демократической Республики до Первого вице-президента Экономическая политика Азербайджанской Демократической Республики: поиски оптимальной модели Вопрос об экономических отношениях между Азербайджанской Республикой и РСФСР на страницах журнала “Нефтяное дело” 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin aqrar siyasəti Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti Военно-политические аспекты деятельности Азербайджанского правительства в 1918-1920 гг. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu Mirzə Bala Məmmədzadənin ideoloji görüşləri Tam siyahı

1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin aqrar siyasəti

Müəllif: Strateji Tehlil Jurnali

baxılıb: 124

Avq 20, 2018 - 10:38

1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin aqrar siyasəti

Seyfəddin  SƏMƏNDƏROV

AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi,

iqtisad üzrə fəlsəfə doktoru, dosent

seyfeddinsamandarov@mail.ru
 

Açar sözlər: aqrar məsələ, aqrar siyasət, aqrar islahat, torpaq, mülkiyyət formaları, kənd təsərrüfatı,  əhali məskunlaşması, layihə, proqram

Key words: the agrarian question, agrarian policy, agrarian reform, the land, property category, agriculture, population resettlement, project, proqrams

Ключевые слова: аграрный вопрос, аграрная политика, аграрная реформа,  земля, формы собственности, сельское хозяйства, переселение населения, проект, программa 

 

Giriş

 
Müasir dövrdə Azərbaycan Respublikasında innovasiyalar əsasında inkişaf etmiş sənaye cəmiyyətinin qurulması prosesi başlasa da, bu gün aqrar sektorun qeyri-neft sektorunun inkişafı kontekstində tərəqqisi milli iqtisadiyyatın inkişafına öz töhfəsini verə bilər. Belə bir inkişafa nail olunması isə aqrar siyasətin uğurla həyata keçirilməsindən çox asılıdır. İqtisadi ədəbiyyatlarda diqqəti beynəlxalq təcrübələrin öyrənilməsi cəlb edir. Doğrudur, beynəlxalq təcrübənin tədqiqi bir çox suallara cavab tapılmasına yardım edə bilər. Lakin bir mühüm nüansı yaddan çıxarmaq lazım deyil ki, hər bir ölkənin, hər bir milli iqtisadiyyatın universal xüsusiyyətləri və inkişaf təmayülləri ilə yanaşı öz spesifikası vardır. Belə bir özünəməxsusluq isə tarixi-iqtisadi, sosial-mədəni inkişaf  prosesində formalaşır. Məhz bu baxımdan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) aqrar siyasəti, aqrar inkişaf  yolu ilə bağlı müəyyən tarixi məsələlərin araşdırılması mühüm əhəmiyyət kəsb edir. 
Müvafiq olaraq "aqrar siyasət" anlayışının nəzəri məzmununa diqqət yetirmək zərurəti yaranır. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, aqrar siyasət dövlətin iqtisadi və ümumi siyasətinin tərkib hissəsidir, eyni zamanda dövlətin aqrar siyasəti dedikdə kənd təsərrüfatının dinamik və səmərəli inkişafına, həmçinin aqrar sahədə işgüzar fəallığın inkişafına yönəldilmiş və belə bir zəmində əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, ölkədə ictimai, sosial-iqtisadi proseslərin tərəqqiyə doğru yönəldilməsinə xidmət edən siyasət başa düşülür. Məhz belə bir yanaşma kontekstində AXC-nin iqtisadi siyasətinin məzmunu və mahiyyətinin xarakterizə edilməsinə imkan yaradan, dövlətin iqtisadi siyasətinin mühüm elementlərindən biri olan aqrar siyasətinin məzmunu və mahiyyətinin tədqiq edilməsi zərurəti yaranır. 
Məlumdur ki, Cümhuriyyət irsinin Azərbaycan dövlətçiliyinin və Azərbaycançılıq məfkurəsinin inkişafı tarixində rolu misilsizdir.  Cümhuriyyət irsinin ən qaranlıq səhifələrinin araşdırılması, həmin dövrün reallıqlarının bütün incəliklərinə qədər tədqiq olunması günün tələbidir Məhz bu səbəbdən də müasir dövrdə Cümhuriyyət irsinə respublikada bütün səviyyələrdə diqqət və maraq göstərilir.  Bütün bu qeyd olunanlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il mayın 16-da “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında", həmçinin 2018-ci il yanvarın 10-da "2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında" imzaladığı sərəncamlar bir daha təsdiq edir. 
 
1. AXC dövründə  qəzalar üzrə şəhər və kənd əhalisi nisbətinin ümumi göstəriciləri
 
Cümhuriyyət dövrünə aid tarixi-iqtisadi, statistik və siyahıyaalma materiallarına istinadən məlum olur ki, 1918-1920-ci  illərdə AXC-nin  85.348.80 kv. verst  və ya 97.297.67 kv. kilometr ərazisi var idi. Lakin 14.55.97 kv. verst və ya 16.598.30 kv. km-lik mübahisəli torpaqlar da nəzərə alınarsa, azərbaycanlıların yaşadıqları ərazilər 99.908.87 kv. verst və ya 113.895.97 kv. km-dən çox idi [8, s.73; 11, s.67].
Bəzi mənbələrdə 1917-ci ildə Azərbaycanda 2.559.027 nəfər əhalinin yaşadığı qeyd edilir. Bunun 1.981.548 nəfəri kənd əhalisi olub ümumi əhalinin 77%-ni təşkil etmiş, qalan 577.479 nəfər ümumi əhalinin 22,6%-i şəhərlərdə yaşamışdır [14]. 
Lakin Azərbaycanın elə qəzaları var idi ki, orada kənd əhalisi ilə bağlı göstəricilər daha yüksək idi. Məsələn, Salyan, Şamaxı və Şuşada əhalinin 84-85%-i, Quba, Lənkəran, Göyçay, Qaryagin, Qazax, Zaqatala, Cavanşir, Zəngəzur və Ağdam qəzalarında əhalinin 90%-dən çoxu, bəzən hətta 99%-i kənd əhalisi idi [14]. 
Rəqəmlər göstərir ki, əhalisinin əksəriyyətinin kənd yerlərində məskunlaşdığı ölkədə aqrar və torpaq mülkiyyəti ilə əlaqədar məsələlər diqqətdən kənarda qala bilməzdi. Məhz bu baxımdan dövlət və hökumət orqanları tərəfindən düşünülmüş aqrar siyasətin formalaşdırılması və həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edirdi. 
Aqrar siyasətin həyata keçirilməsi təkcə mülkiyyət formaları və mülkiyyət münasibətlərinin tənzimlənməsi ilə deyil, eyni zamanda Çar Rusiyasından miras qalmış, daha sonra dünya müharibəsi, milli (erməni təcavüzü) və  sosial münaqişələrin (bolşeviklərin mütəşəkkil anti-Azərbaycan təbliğatı və əməli fəaliyyətlərinin nəticəsi) kəskinləşməsi nəticəsində Azərbaycan kəndində yaranmış dağıntıların aradan qaldırılması zərurəti ilə də bağlıdır. Belə bir zəmində Azərbaycanda istehsal-iqtisadi infrastrukturun vəziyyəti ilə bağlı mənzərənin nəzərdən keçirilməsi məqsədəuyğun olardı.
 
  3.  Azərbaycan kəndində iqtisadi infrastrukturun ümumi mənzərəsi
 
Araşdırılan dövrdə Azərbaycanın 8.130.685 desyatin ərazisinin 6.184.585 desyatini, yəni 76,1%-i əkinə yararlı, 1.946.100 desyatini, yəni 23,9%-i əkinə yararsız torpaqlar idi [15, s.73]. 
AXC-nin əkinə yararlı sahələrin 55.468 desyatini (0,9%-i) malikanələr,73.447 desyatini  (1,0%-i) bağlar, 1.607.418 desyatini (26,2%-i) əkin sahələri, 166.562 desyatini (2,7%-i) biçənəklər, 895.547 desyatini (14,4%-i) meşələr və kolluqlar, 3.387.703 desyatini (51,9%-i) otlaqlar idi. Otlaqların 2.006.571 desyatini (32,4%-i) örüş, 752.321 desyatini (12,1%-i) qışlaq, 457.245 desyatini (7,4%-i) yaylaq idi. Torpaqların 171.566 desyatini (2,9%-i) təsnifata daxil edilməsə də,  müxtəlif məzmunlu təsərrüfatlar kimi xarakterizə edilmişdi [15, s.71].
Bir daha qeyd edək ki, statistiklərin apardıqları hesablamalar nəinki azərbaycan-lıların kompakt yaşadıqları əraziləri, həm də AXC-nin torpaqlarının müəyyən hissəsini, yəni 8.130.685 desyatinlik ərazini əhatə edirdi. 
Digər diqqət yetirilməsi vacib olan məsələ 1918-1920-ci illərin Azərbaycan tarixinin ən çətin illəri kimi xarakterizə edilməsi ilə bağlıdır. Belə ki, bu illərdə Azərbaycanda 636 kənd, 30 min təsərrüfat erməni təcavüzü nəticəsində tamamən məhv edilmişdi. Viran edilmiş kəndlərdən 105-i Zəngəzur, 99-u Şamaxı, 44-ü Lənkəran qəzasında yerləşirdi. Azərbaycanın kənd əhalisi 2-3 il ərzində 487.10 nəfər azalmışdı. Kəndlərdə yaşayan əhalinin ümumi sayı 1.491.533 nəfər idi [20, s.19]. 
1917-1920-ci illərdə kənd təsərrüfatının bütün sahələri üzrə kəmiyyət göstəricilərinin aşağı düşməsi müşahidə edilirdi. Suvarma şəbəkələri ya dağıdılmış, ya da tam gücü ilə fəaliyyət göstərmirdi. Muğanın suvarma kanalları əvvəllər saniyədə 13,5 sajın su ötürmək qabiliyyətində idisə,  həmin dövrdə bu rəqəm 2,3 sajın olmuş, yəni 6 dəfə azalmışdı. 30-40 min desyatin ərazinin suvarılmasını təmin edən 830 kəhriz ancaq 12-14 min desyatinlik ərazini suvarmaq qabiliyyətində idi. Mövcud 150 su ötürücüsündən 24-nü təmir etmək mümkün olmuşdu. Əkin sahələri azalmaqda davam edirdi. 1917-1918-ci əkin ili üçün 710 min desyatin taxıl sahəsi  becərilmişdisə, 1918-1919-cu əkin ili üçün bu rəqəm 642 min desyatin olmuşdu. 1914-cü ildə Azərbaycanda 50.500 min pud arpa və buğda yığılmışdısa, 1919-cu ildə həmin göstərici 2,5 dəfə azalaraq 20.291 min pud olmuşdu. 1921-ci ildə 1913-cü illə müqayisədə Azərbaycanda ev heyvanlarından iribuynuzlu mal-qaranın sayı 37,5%, qoyunların sayı 60%, atların sayı 36,3%, donuzların sayı 65,8% azalmışdı. 
1914-cü ildə Azərbaycanda 103 min desyatinlik sahədə pambıq becərilirdisə, 1920-ci ildə  ancaq 2 min desyatinlik sahədə bu işlər icra olunurdu. Azərbaycanda meyvə bağlarının 15%-i məhv olmuşdu [20, s.21-23]. Sovet tarixşünaslığında göstəricilərin aşağı düşməsinin başlıca səbəbinin AXC-nin iqtisadi siyasəti ilə uzlaşdırmaq cəhdlərinin heç bir əsası yox idi. Yaranmış böhranın əsas səbəbləri dünya müharibəsi, sosial münaqişələr, həmçinin Xalq Cümhuriyyətinə qarşı destruktiv əməliyyatlar həyata keçirən qüvvələrin fəaliyyəti idi.
 
4. Torpaq mülkiyyəti formaları
 
Araşdırılan dövrdə Azərbaycan kəndinin torpaq mülkiyyəti formaları və təsərrüfat növlərinə görə strukturunun təhlili maraq doğurur. Təhlillərdə əsasən V.Smirnov, N.Pçelin və T.Hüseynovun əsərlərindəki statistik materiallardan istifadə olunmuşdur. Qeyd etmək yerinə düşərdi ki, adları çəkilən müəlliflərin  göstərdikləri rəqəmlərdə müəyyən uyğunsuzluqlar müşahidə edilsə də, həmin materiallar ətraflı təhlil edilmiş, onların əsasında Azərbaycan kəndində torpaq mülkiyyəti formaları ilə bağlı dəyərləndirmələr aparılmışdır.
Əvvəlcə Smirnovun göstərdiyi rəqəmlərə diqqət yetirək. V.Smirnovun hesablamalarına görə, əkinə yararlı torpaqların 2.965.483 desyatini (47,9%-i) pay torpaqları, 2.007.309 desyatini (32,6%-i) xəzinə torpaqları, 1.168.386 desyatini (18,9%-i) hüquqi və fiziki şəxslərin torpaqları, 43086 desyatini 0,6%-i sahibkar-kəndli torpaqları idi [15, s.73]. Göründüyü kimi, V.Smirnov Azərbaycan kəndində aşağıdakı torpaq mülkiyyəti formalarından bəhs etmişdir: 1. Pay torpaqları; 2. Xəzinə torpaqları; 3. Hüquqi və fiziki şəxslərin torpaqları; 4. Sahibkar-kəndli torpaqları. 
V.Smirnovun göstərdiyi statistik rəqəmlərdən istifadə edən  N.Pçelin "hüquqi və fiziki şəxslərin torpaq mülkiyyəti" anlayışı əvəzinə “bəy torpaqları” anlayışını işlədərək torpaq mülkiyyətinin bu növündə nəzərəçarpan diferensial strukturu təhlil etmişdir. Buradan aydın olur ki, bəylərin 72%-nin 25 desyatinə qədər torpağı var idi. Bu qrupa daxil olanların hər birinə orta hesabla 6,31 desyatin əkinə yararlı torpaq düşürdü. Torpaq sahibkarlarının 16%-nin 25 desyatindən 100 desyatinə qədər, bu qrupa daxil olanların hər birinin orta hesabla 40 desyatindən çox torpağı var idi. Torpaq sahibkarlarının 8%-nin isə 100 desyatindən 500 desyatinə qədər, bu qrupa daxil olanların hər birinin orta hesabla 155 desyatindən yuxarı əkinə yararlı torpağı var idi. Bəylərin 4%-nin hər birinin təxminən 500 desyatindən çox torpağı var idi. Yaranmış situasiyanın təhlil olunduğu materiallarda xüsusi olaraq qeyd edilmişdir ki, təxmini hesablamalara görə, min nəfərə yaxın bəyin hər birinin orta hesabla 500 desyatinə yaxın əkinə yararlı torpağı var idisə, 15 minə yaxın bəyin hər birinin 6 desyatindən 180 desyatinə qədər əkinə yararlı torpağı var idi [18, s. 4].
Ədəbiyyatlarda torpaq sahibkarları içərisində kənd burjuaziyası kimi xarakterizə edilən xüsusi sahibkar kütləsi qeyd olunur. Onların azlıq təşkil edərək 7.313 nəfər olduğu və burada da qruplaşmanın özünü büruzə verdiyi bildirilərək iddia olunurdu ki, kəndli sahibkarların 83 nəfərinin hər birinin orta hesabla 47 desyatin əkinə yararlı torpağı var idisə, 5.858 nəfərin hər birinin orta hesabla 6 desyatinə yaxın torpağı var idi [18,  s.5].
Araşdırılan dövr ərzində aqrar münasibətləri tədqiq edən digər müəllif T.Hüseynov təhlili qiymətləndirmələr apararkən əkinə yararlı torpaq sahəsinin (5.645.999 desyatin) 1.120.446 desyatinin xan, bəy torpaqları, təxminən bir o qədər torpağın 200 iri sahibkar kəndliyə məxsus olduğunu göstərirdi. O, qalan 2.806.558 desyatin torpağın kəndlilərə məxsusluğu və bu torpaqların 60%-nin əkinə yararsızlığını iddia edərək  yerdə qalan 1.118.995 desyatin torpağı xəzinə və vəqf torpaqları kimi xarakterizə etmişdir. 
Xalq Cümhuriyyətinin elan edilməsi ərəfəsində kəndli təsərrüfatlarının da sosial strukturuna diqqət yetirilməsi yerinə düşərdi. Belə ki, Azərbaycan kəndində yoxsul təsərrüfatları 54,4%, ortabab təsərrüfatları 34%, qolçomaq təsərrüfatları mövcud təsərrüfat strukturunun 6%-ni təşkil edirdi. 
İqtisadi ədəbiyyatda nəzərdən keçirdiyimiz dövr üçün aşağıdakı torpaq mülkiyyəti formaları göstərilir: 
1) pay torpaqları və ya kəndli torpaqları; 
2) hüquqi və fiziki şəxslərin torpaqları (bu kateqoriyaya daxil olan torpaqlar bəzən bəy, mülkədar və burjua mülkiyyəti kimi xarakterizə edilirdi və nəhayət;
3) xəzinə torpaqları. 
4) dini müəssisələrə məxsus torpaqlar.
Cümhuriyyətin elan edilməsi ərəfəsində Azərbaycan kəndində gedən proseslərin məzmununu aşağıdakı kimi xarakterizə etmək olar:
Azərbaycan kəndində dörd əsas mülkiyyət forması diqqəti cəlb edirdi. Hər bir mülkiyyət formasının özünün mürəkkəb və diferensial strukturu təşəkkül tapmışdı. Burada əsasən iki torpaq mülkiyyəti forması üzrə diferensiallaşma, eyni zamanda bir qismin daha da varlanması, digər qismin yoxsullaşması (belə bir mənzərə təkcə hüquqi və fiziki şəxslərə məxsus, həmçinin bəy və mülkədar torpaq sahibliyi növündə deyil, eyni zamanda kəndli və pay torpaqlarında da müşahidə edilirdi) prosesi gedirdi. Lakin mülkiyyət çoxnövlülüyünə baxmayaraq torpaqlar əsasən hakim zümrəyə və xəzinəyə məxsus idi.
Mülkədarların mülkiyyətində 29,6%, dövlətin payında isə 68,7% torpaq olduğu halda, bütün kənd təsərrüfatı sahəsinin yalnız 1,7%-i kəndlilərə məxsus idi Torpaqsız və az torpaqlı kəndlilər mülkədarlardan torpaq icarə götürməyə və ya muzdla işləməyə məcbur idilər. İcarə Azərbaycanın bütün qəzalarında torpaqdan adi istifadə forması idi [2, s. 212] . 
Qeyd edək ki, Cümhuriyyət dövründə aqrar islahat layihəsinin hazırlandığı ərəfədə Azərbaycanda orta hesabla adambaşına 1,6 desyatin torpaq düşürdü.  Hazırlanan layihələrin həyata keçirilməsi ilə digər torpaq mülkiyyəti hesabına adambaşına düşən əkinə yararlı sahələr 1,9 desyatinə, əkin sahələrinin isə 0,7 desyatinə çatdırılmasının mümkün olacağı proqnozlaşdırılırdı [12].   
 
5. Cümhuriyyət ideyalarının daşıyıcılarının fikir və dəyərləndirmələrində aqrar məsələ
 
Tədqiq edilən dövr üçün mövcud mülkiyyət formalarının təsnifatı baxımından Cümhuriyyət ideyalarının daşıyıcılarının məsələ ilə əlaqədar  baxışlarına da diqqət yetirmək yerinə düşərdi.  Bu xüsusda diqqəti ilk növbədə Türk Demokratik Federalistlər Partiyasının məramnaməsi cəlb edir. Məramnamədə torpaq mülkiyyəti formaları kimi: 1) xəzinə, 2) xanədan və 3) kabinet torpaqları göstərilirdi. Burada həmin torpaqların müsadirəsi nəticəsində xüsusi torpaq fondunun yaradılması və fondun torpaqları hesabına əhalinin aztorpaqlı, torpaqsız hissəsinin - kəndlilərin müəyyən qisminin torpaq mülkiyyətçisinə çevrilməsi nəzərdə tutulurdu. Qeyd edək ki, məramnamədə sahibkar torpaqlarının müəyyən hissəsinin sahibkara saxlanılması da  öz əksini tapmışdı [13; 17].
 Məramnamədə: 1) xəzinə, xanədan və kabinet torpaqlarından formalaşdırılan torpaq fondu, 2) kəndli torpaqları, 3) müəyyənləşdirilmiş normada sahibkar mülkiyyətinin qeyd edilməsi öz əksini tapmışdır [ 17].
Daha sonra diqqətimizi 1917-ci ilin oktyabrında Türk Demokratik Federalistlər - "Müsavat" Partiyasının I qurultayında səslənən fikir və qəbul edilən qərarlar cəlb edir. Qurultayda torpaq məsələsi müzakirə edilən zaman çıxış edən O. Orucov torpağı 2 kateqoriyaya bölürdü: 1) Zəhmətlə əldə edilmiş, əldə edildikdən sonra daş və ağaclardan təmizlənərək becərilmiş torpaqlar; 2) Çarlar, xanlar tərəfindən bağışlanılmış torpaqlar. Məruzəçi kəndlini torpaq mülkiyyətçisi kimi qəbul edir və digər kateqoriyalara daxil olan torpaqlar hesabına kəndlinin torpaqla təmin olunmasının zəruriliyini qeyd edirdi. Burada xam torpaqların kəndlilərə ödənişsiz olaraq verilməsi nəzərdə tutulurdusa, sahibkar torpaqları əvəzinə mükafatın verilməsi fikri qəti olaraq təsbit edilmişdi [1, s.10-11].
Türk Demokratik Federalistlər - "Müsavat" Partiyasının I qurultayında qəbul edilən partiya məramnaməsində 1) xəzinə, 2) xanədan, 3) zadəgan və 4) xüsusi malikanələr hesabına: a) kəndlilərin aztorpaqlı və torpaqsız kütləsinin torpaq mülkiyyətçisinə çevrilməsi; b) torpaq sahiblərinə müəyyənləşdirilmiş normada torpaq mülkiyyətinin saxlanılması; v) ümumxalq və dövlət mülkiyyəti statuslu ərazilərin qeyd  edilməsi diqqəti cəlb edir [16, s.27].
1919-cu ilin yayında Dövlət Əmlakı və Əkinçilik Nazirliyində formalaşan fikir və mülahizələr də maraq doğurur. 1919-cu ilin iyulunda nazir köməkçisi H.Sultanov Aqrar islahat şöbəsinə aqrar islahat layihəsinin hazırlanması barədə göstəriş vermiş və göstərişlə əlaqədar layihə hazırlanmışdı. Layihədə azad xəzinə, hüquqi və fiziki şəxslərə məxsus torpaqlar hesabına formalaşdırılan: 1) kəndli torpaq mülkiyyəti;  2) hüquqi və fiziki şəxslərə məxsus torpaq mülkiyyəti; 3) xəzinə və ya dövlət torpaq fondu; 4) kəndli icmalarına, torpaq cəmiyyətlərinə məxsus torpaqlar, pay (miras), tacir torpaqları; 5) ictimai mülkiyyət statusu almış torpaqlar qeyd edilmişdi [4, iş 71, v.46-51].
Növbəti diqqətəlayiq tarixi fakt kimi 1920-ci ilin əvvəllərində “Müsavat” fraksiyasının Azərbaycan parlamentinə təqdim etdiyi qanun layihəsini qeyd etmək olar. Layihədə torpaq mülkiyyətinin aşağıdakı formaları qeyd edilmişdi:
1. Hüquqi və fiziki şəxslərə məxsus torpaq mülkiyyəti. Layihədə həmin torpaq mülkiyyətinin 25-75 desyatindən artıq olmaması nəzərdə tutulurdu [3, iş 306, v.2].
2. Dövlət torpaqları. Buraya yerin təki, istifadəsiz sərbəst torpaqlar, idarə və təşkilatların sərəncamında olan torpaqlar, dövlət nəzarətindəki ictimai mülkiyyət statusu qazanmış torpaqlar, meşələr, qışlaq və yaylaqlar, meliorasiya tədbirlərinin həyata keçirildiyi torpaqlar, vəqf, məscid, kilsə torpaqları, elm və tədris müəssisələrinə, xəstəxanalara, hərbi idarələrə, xeyriyyəçilik və mədəni maariflə məşğul olan təşkilatlara məxsus olan torpaqlar, mineral su qaynaqları, onlarla əlaqədar sağlamlıq mərkəzlərinin yerləşdiyi torpaqlar, qoruqlar, tarixi və arxeoloji abidələrin yerləşdiyi ərazilər daxil idi. 
Qanun layihəsində icma torpaqlarına münasibətə gəldikdə isə islahatın həyata keçiriləcəyi təqdirdə həmin torpaqların da xüsusi mülkiyyət statuslu torpaqlar kateqoriyasına daxil ediləcəyinə heç bir şübhə qalmır. Bu zaman icma torpaqlarının bir qismi bölgü ilə əlaqədar pay torpaqları idisə, digər qismi qanunla təsdiq edilmiş, sənədləşdirilmiş mülk statusu almalı idi [3, iş 306, v.2-3].
Beləliklə, özünün sosial-iqtisadi mahiyyətinə görə torpaq üzərində sərəncam hüquqlarında rəngarəngliyə baxmayaraq layihədə mülkiyyətçi kimi şəxs, cəmiyyət və dövlət çıxış edirdi. Göründüyü kimi, Cümhuriyyət ideyalarının daşıyıcılarının iqtisadi platformasında müxtəlif mülkiyyət formalarının bərabər inkişaf imkanlarının reallığı nəzərdə tutulurdu. Burada həm qeyri-məhdud mülkiyyətə, mənimsəmədə ifratçılığa, həm də mülkiyyətin hədsiz xırdalanmasına münasibət mənfi idi [5].
Mülkiyyətlə əlaqədar məsələlərdə mülkiyyət plüralizmi ideyasına üstünlük verilirdi. Bolşeviklərdən fərqli olaraq xüsusi mülkiyyət bir tərəfdən rədd edilmir, digər tərəfdən ifratavarma hallarına qarşı tədbirlərin reallaşdırılması nəzərdə tutulurdu. Bu ideyalar özünü torpaq mülkiyyəti ilə əlaqədar məsələlərdə də büruzə verirdi [9]. İqtisadi sahədə görülən tədbirləri nə sırf burjua, nə də sırf sosialist tədbirləri kimi səciyyələndirən tədqiqatçılarla razılaşmaq olar. Mülkiyyət formalarının müxtəlifliyi üçün bərabər şəraitin yaradılmasını cümhuriyyətçilərdə formalaşan əsas fikir kimi dəyərləndirilə bilər  [2, s.210-211]. 
Qeyd etmək lazımdır ki, aqrar siyasətin məzmunu təkcə mülkiyyət münasibətlərinin tənzimlənməsi ilə məhdudlaşmır. Azərbaycan kəndinin abadlaşdırılması, təsərrüfatların dirçəldilməsi, əhalinin güzəranının yaxşılaşdırılması və s. istiqamətlər üzrə müvafiq tədbirlər kompleksinin həyata keçirilməsini də qeyd etmək olar. 
AXC elan edildikdən sonra qısa müddət ərzində yaradılmış Əkinçilik Nazirliyi və onun tərkibində fəaliyyət göstərən şöbələr yuxarıda qeyd edilən istiqamətlərdə tədbirlərin həyata keçirilməsinə başlamışdı. Əvvəlcə Azərbaycan kəndində mövcud sosial iqtisadi vəziyyəti xarakterizə etməyə imkan verən materiallar toplanıldı, daha sonra aqrar islahat layihəsinin hazırlanması ilə əlaqədar fəal müzakirələr prosesi başlandı. Paralel olaraq kəndli təsərrüfatlarının istehsal imkanlarının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirildi. Tədbirlərin əhatə dairəsinə aqrotexniki qaydalarla əsas istehsalçının tanış edilməsi, bir sıra istehsal ləvazimatları, gübrə, ziyanvericilərə qarşı mübarizə aparmağa imkan yaradan  dərman məhsullarının, kənd təsərrüfatı maşınlarının  təbliği və alınması ilə bağlı dövlət yardımının göstərilməsi, eyni zamanda aclıq və xəstəliklərdən əziyyət çəkən Azərbaycan kəndlisinə tibbi və ərzaq məhsulları ilə yardımlarının göstərilməsi, erməni təcavüzü nəticəsində viran qalmış yaşayış məskənlərinin bərpası, öz tarixi yerlərini tərk etmiş əhalinin fəal məskunlaşdırılması işinin həyata keçirilməsi istiqamətində ciddi tədbirlərin həyata keçirilməsi və s.  daxil idi.
Bir mühüm məsələni də qeyd edək ki, bütün bu tədbirlər qanuni əsaslarla, müvafiq normativ hüquqi bazanın yaradılması kontekstində gerçəkləşdirilirdi.      
AXC-nin aqrar siyasətinin demokratik və konstruktiv  məzmununun dərk olunması baxımından postcümhuriyyət dövründə həyata keçirilən ilk aqrar tədbirlərə diqqət yetirilməsi yerinə düşərdi.          
        
6. Postcümhuriyyət dövrü, yaxud yeni bolşevik istilasından sonra həyata keçirilən ilk aqrar tədbirlər
 
1920-ci ildə bolşeviklər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan kəndində iqtisadi situasiyanı xarakterizə etməyə imkan yaradan  faktlara diqqət yetirmək zərurəti yaranır. Belə ki, əkin sahələri 1913-cü ildə 903 min desyatin idisə, 1920-ci ilin sonuna doğru 615 min desyatinə enmiş və 31,7% azalmışdı. Su kanalları 6 dəfə, iş heyvanları 37,15%, təsərrüfatlarda qoyunların sayı 60%, atların sayı 30% azalmışdı. Kənd təsərrüfatında çalışanların 50%-dən çoxunun iş heyvanları, 26%-nin mal-qarası yox idi. Azərbaycanda 82 min xış, 30 min kotan, 6 min mala, 6 min başqa kənd təsərrüfatı aləti var idi. Kəndli təsərrüfatlarının 9%-nin dəmir kotanı, 2%-nin malası, 27%-nin xışı var idi. Azərbaycanda 636 kənd, yəni 30 min təsərrüfat ya qismən, ya da tamamilə dağıdılmışdı. Kənd əhalisi 487.104 nəfər azalmışdı [10, s.163-164].
Respublikada milliləşdirmə və sahibkar torpaqlarının müsadirə edilməsi kampaniyası başlanılmışdı. 1920-ci ilin sonlarınadək 7 ay müddətində 650 min desyatin sahibkar torpaqları müsadirə edilmişdi. Müsadirə edilmiş torpaqlarda 65 kollektiv təsərrüfatı yaradılmışdı. Torpaqların 5332 desyatinində kommuna və artellər yaradılmış, 160 min hektar sahibkar torpaqlarında sovxozlar qurulmuşdu [19, s.84]. 
Göründüyü kimi, bolşeviklər xüsusi mülkiyyətin bütün təzahür formalarına qarşı idilər. Burada kollektiv mülkiyyətin müxtəlif təzahür formaları bərqərar olmaqda idi. Bir tərəfdən iri sahibkar mülkiyyəti qəti olaraq ləğv edilirdisə, digər tərəfdən xırda, fərdi təsərrüfatlar inkişaf üçün münasib iqtisadi zəmindən məhrum olmaqda idilər. 
Torpaq mülkiyyəti ilə əlaqədar 1920-ci ilin sonlarında yaranmış vəziyyətin ideya-məzmunu və iqtisadi mahiyyətini dərk etmək baxımından iki tarixi sənədin materiallarının nəzərdən keçirilməsi məqsədəuyğun olardı. Bunlardan biri 1920-ci ildin oktyabr ayında AK(b)P-nin II qurultayında qəbul edilən “Kənddəki iş haqqında” adlı qətnamədir. Qətnamədə aşağıdakı vəzifələr irəli sürülürdü: 
1) bəylərin, xanların, mülkədarların və digər iri torpaq sahiblərinin torpaqlarının müsadirə edilməsi işini tam olaraq başa çatdırmaq; 
2) kənddə sinfi təbəqələşməni sürətləndirərək sovet hakimiyyətinin kənddəki dayağı olan yoxsul kəndliləri geniş dairədə inqilabi mübarizəyə cəlb etmək, ortababları inqilab tərəfinə çəkmək, qolçomaqların iqtisadi və siyasi qüvvəsini məhv etmək; şəhərlə kənd arasında sıx əlaqə yaratmaq, fəhlə-kəndli birliyini möhkəmləndirmək [7, s.95]. 
Diqqətimizi cəlb edən ikinci tarixi sənəd 1920-ci il noyabrın 20-də Azərbaycan SSR İnqilab Komitəsinin yoxsul komitələrinin təşkili haqqında ikinci dekretidir. Dekretdə qeyd olunurdu ki, kənd və nahiyə inqilab komitələri ləğv edilir, onların bütün ixtiyar və hüquqları yoxsul komitələrinə verilir, kəndlərdə 3 üzv və 2 namizəd, nahiyələrdə 5 üzv və 2 namizəddən ibarət yoxsul komitəsi 3 ay müddətinə seçilir. Kənd yoxsul komitələri kənd yoxsullarının ümumi yığıncaqlarında, nahiyə yoxsul komitələri kənd yoxsul komitələri nümayəndələrindən ibarət nahiyə qurultaylarında seçilirdi. Seçilmiş yoxsul komitələri tezliklə aşağıdakıları öz ixtiyarlarına alırlar: 
a) bəylərin, xanların, mülkədarların, monastırların, məscidlərin, kilsələrin, bütün torpaqlarının canlı və cansız mövcudatını, bağlarını, üzümlüklərini, taxıllarını, azuqələrini; 
b) qolçomaqların əlində olan artıq torpaqları, əmlak və azuqə qənimətlərini [7, s.97].
Bu tarixi sənədlərdən göründüyü kimi, yeni rejimdə sosial, o cümlədən aqrar ziddiyyətlərin daha da dərinləşməsi üçün zəmin yarandı. Bütünlükdə aqrar siyasət radikal üsullarla həyata keçirilirdi və aqrar iqtisadiyyatda xüsusi rolu olan məhsul istehsalçılarının məhv edilməsinə yönəldilmişdi (qolçomaqların bir sinif kimi ləğvi kampaniyası, əksər hallarda ortababların qolçomaq, düşmən elementlər kimi təsbit olunması və s.). 
 
Nəticə
 
AXC-nin həyata keçirdiyi aqrar siyasət öz məzmunu və mahiyyəti etibarilə demokratik prinsiplərə əsaslanan idarəetmə üsulu çərçivəsində hüquqi dövlət və vətəndaş cəmiyyətinə xas olan xüsusiyyətləri özündə birləşdirirdi. Ölkədə həyata keçirilən aqrar siyasətin ən mühüm tərkib hissəsi kimi qanuni əsaslarla aqrar məsələnin həllinə nail olmaq üçün aqrar islahat layihəsinin hazırlanması ilə bağlı görülən tədbirlər göstərilə bilər.
AXC-nin parlamenti, Əkinçilik Nazirliyi problemin həlli üçün yollar axtarışında idi. Hazırlanan islahat layihələrində ictimai fikrə, xüsusən də siyasi partiyaların mövqelərinə diqqətlə yanaşılırdı. Aqrar siyasətin digər mühüm istiqamətləri kimi  respublika əhalisinin layiqli həyat şəraiti ilə təmin olunması, bir çox sosial problemlərin həlli, həmçinin kəndli təsərrüfatlarının bərpası və inkişafı, məskunlaşdırma və abadlaşdırma istiqamətində tədbirlərin həyata keçirilməsi göstərilə bilər.
Azərbaycan kəndinin abadlaşdırılması, kənd əhalisinin güzəranının yaxşılaşdırılması istiqamətində həyata keçirilən ən mühüm tədbirlərdən biri respublika ərazisində əhalinin fəal məskunlaşdırılması siyasəti idi. Həmin dövrdə ölkə ərazisində azərbaycanlılara qarşı törədilən təcavüz və soyqırım aktlarından qorunmaq üçün ölkə əhalisinin müəyyən hissəsi, xüsusən də Qərbi Azərbaycan, Naxçıvan və Qarabağ torpaqlarından didərgin düşmüş kənd əhalisinin yenidən kəndlərdə məskunlaşdırılması, onların güzəranlarının yaxşılaşdırılması, təsərrüfatlarını və sağlamlıqlarını bərpa etmələri üçün Azərbaycan hökuməti məqsədyönlü şəkildə proqram layihələrinin hazırlanması və həyata keçirilməsi istiqamətində ciddi tədbirlər görməyə başlamışdı.
 
  
İstifadə edilmiş ədəbiyyat:
 
Azərbaycan dilində
1. Ağayev M. "Müsavat"ın aqrar siyasəti. Bakı: Azərnəşr,  1930, 64 s.
2. Azərbaycan Cümhuriyyəti (1918-1920). Bakı: Elm, 1998, 336 s.
3. Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA), fond 895, siyahı 3, iş 306 
4. ARDA, fond 2788, siyahi 1, iş 71
5. Əbdülsəlimzadə G. ADR-in iqtisadi platforması. / "Xalq" qəzeti, 15 may 1992-ci il 
7. Əlimirzəyev X. Azərbaycan kəndi sosialist inqilabının hazırlanması və  qələbəsi uğrunda mübarizə dövründə. Bakı: ADU, 1960, 121 s.
8. "Xəzər" jurnalı, Bakı,1990, №1-3
9.  Kərimov X.Ş. ADR-in iqtisadi platforması. / "Bakı" qəzeti, 27 may 1991-ci il 
10. Sumbatzadə Ə.S., Əbdülsəlimzadə G.Y. Sovet Azərbaycanının iqtisadiyyatı sosializmin əsaslarının qurulması dövründə. Bakı: Elm, 1983, 279 s.
 
Rus dilində:
11. Балаев А. Азербайджанское национально демократическое движения 1917-1920 гг. Баку: Элм, 1990, 95 с.
12. Газета "Голос России", Баку, 1919, № 26,
13. Гусейнов М.Д. Партия "Мусават" в прошлом и в настоящем. Зак. книга, 1927 г., 79 с.
14. Газета "Заря Востока", Баку, 1924, № 468
15. Известия Азербайджанского Центрального Статистического Управления. Баку, 1922, №3.
16. Известия АН Азербайджанской ССР (серия истории, философии и права), 1990 г., №2, стр.29-35.
17. Газета "Каспий", Баку,  1917, №110
18. Пчёлин Н. Крестьянский вопрос при Мусавате (1918-1920 гг.). Баку: Изд. Аз.ГНИИ, 1931, 66 с.
19. Рагимов А.Дж. Великий Октябрь и осуществление Ленинской аграрной политики в Азербайджане. // Известия АН Аз.ССР (серия истории, философии и права), 1987, №4, стр.79-93.
20. Сулейманов С.Ю. Сельское хозяйство Азербайджана в 1914-1920 гг. Автореф.дис. канд. экн. наук, Баку, 1967, 24 с.
 
 
Seyfaddin Samandarov 
Agrarian policy of the Azerbaijani Democratic Republic in 1918-1920s.
 
İn article considered agrarian policy Azerbaijan Democratic Republic of the 1918-1920-es with standard of the main opinions in the modern economic literature. The Scientific studies is conducted in the following directions: main proportions rural and town population in Azerbaijan, general commentary to situations economy-production infrastructure, forms of land property,  arguments and discourses democrats, post-democratic period and the first agrarian actions Bolsheviks.
It should be noted that, by nature and content, the agrarian policy of the Azerbaijan Democratic Republic can be characterized as a policy implemented within the framework of democratic governance, many important decisions including economic (agrarian) decisions were made in the context of discussions and debates. Accepted economic decisions served to the development and prosperity of the agrarian sector and to the improvement of the social welfare of the rural population.
 
 
Сейфаддин Самандаров 
Аграрная политика Азербайджанской Демократической Республики в 1918-1920 гг.
 
В статье рассматривается aграрная политика Азербайджанской Демократической Республики в 1918-1920 г.г с точки зрения основных мнений  в современной экономической литературе. Научное исследование проводится в следующих направлениях: oсновные показатели в пропорции  сельского и городского населения в Азербaйджане, общие комментарии ситуации экономико-производственной инфраструктуры, формы земельной собственности, доводы и рассуждение носителей идей Демократической Республики, пост-демократической период и первые аграрные мероприятия большевиков.
Cледует отметить, что  по характеру и содержанию аграрную политику Азербайджанской Демократической Республики можно характеризовать как политику, реализованной в рамках демократического управления. Важные решения, в том числе экономические (аграрные), принимались  в контексте обсуждений и дискуссий. Принятые экономические решения служили развитию и процветанию аграрного сектора, улучшению социального благополучия сельского населения. 
 
 
Məqalə redaksiyaya daxil olmuşdur:  14.03.2018
Təkrar işləməyə göndərilmişdir:  30.03.2018
Çapa qəbul edilmişdir:  18.04.2018
© 2011-2018. Müəlliflik hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qorunur. Bütün hüquqlar "Strateji təhlil" jurnalına aiddir. Məlumatlardan istifadə edərkən stj.sam.az saytına istinad zəruridir.