Məqalələr

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun tariximizdə yeri Ümummilli lider Heydər Əliyev- milli intibahın banisi, müstəqil dövlətçiliyin memarı Azərbaycan Cümhuriyyətinin müqəddəratında Böyük Britaniya amili Bir əsrlik dövlətçilik tarixinə siyasi liderlik fenomeni işığında baxış: Ümummilli lider Heydər Əliyev - 95 К вопросу о создании Армянского государства и определения его границ на переговорах в Батуми и Стамбуле в1918 г. Azərbaycan Xalq Cümhuriyyətinin parlament sənədləri Zəngəzur, Qarabağ və Naxçıvanda 1918-1920-ci illərdə erməni vəhşiliklərini öyrənmək üçün mənbə kimi Геноцид тюрко-мусульманского населения Азербайджана по документам Британских дипломатов XX əsrdə erməni rəsmi dairələrinin kürdlərə qarşı həyata keçirdiyi deportasiya, repressiya və terror aktları haqqında (etnosiyasi analiz) Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Osmanlı dövlətinin siyasəti (iyun-oktyabr 1918-ci il) Нахчыван на переднем крае борьбы с армянской агрессией в период Азербайджанской Демократической Республики Sərhədyanı mübahisə 1918-1920-ci illərdə Azərbaycan-Gürcüstan münasibətlərində əlverişsiz amil kimi Особая Комиссия и ее “особые” сотрудники Равноправие и гендер: путь, пройденный от Азербайджанской Демократической Республики до Первого вице-президента Экономическая политика Азербайджанской Демократической Республики: поиски оптимальной модели Вопрос об экономических отношениях между Азербайджанской Республикой и РСФСР на страницах журнала “Нефтяное дело” 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin aqrar siyasəti Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti Военно-политические аспекты деятельности Азербайджанского правительства в 1918-1920 гг. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu Mirzə Bala Məmmədzadənin ideoloji görüşləri Tam siyahı

Avropada miqrasiya problemi: reallıqla həyata keçirilən tədbirlər arasındakı ziddiyyət

Müəllif: Strateji Tehlil Jurnali

baxılıb: 902

Dek 21, 2017 - 3:14

Avropada miqrasiya problemi:

reallıqla həyata keçirilən tədbirlər arasındakı ziddiyyət

 

Sahibə QAFAROVA 

Millət vəkili, AŞPA-nın Miqrasiya, 
Qaçqınlar və Məcburi Köçkünlər üzrə
Komitəsinin sədri

gsahiba@gmail.com

 

Açar sözlər: Avropa, miqrasiya böhranı, inteqrasiya, assimilyasiya, diskriminasiya, multikulturalizm, liberalizmin böhranı, dözümsüzlük

Key words: Europe, migration crisis, integration, assimilation, discrimination, multiculturalism, crisis of liberalism, intolerance

Ключевые слова: Европа, миграционный кризис, интеграция, ассимиляция, дискриминация, мультикультурализм, кризис либерализма, нетерпимость

 

Giriş
 
Ötən əsrin sonlarına doğru, xüsusilə Sovet imperiyasının süqutundan sonra dünyada yeni münasibətlər sistemi formalaşmağa başladı. Artıq bir sıra mərkəzlər 1945-ci ildə İkinci Dünya müharibəsinin başa çatmasının ardından Avropada yeni bir fəlakət dalğasının, müharibələrin qarşısını almağa və sülhün, təhlükəsizliyin təmin olunmasına yönəlmiş formulları təkrar gözdən keçirməyə, ötən əsrin ortalarında gerçəkləşdirilmiş yenidənqurmanın baza sütunlarını yavaş-yavaş sıradan çıxmağa başladılar. Bu vaxta qədər Yaxın Şərqin müsəlman ölkələrində baş vermiş lokal və qısamüddətli müharibələrin ardından daha geniş miqyaslı qeyri-humanitar proseslərin ilkin işartıları göründü. 2001-ci ilin 11 sentyabr hadisələri isə yeni dünya nizamının formalaşmasında "milad" rolunu oynadı. Yetişmiş olan və dünyanı yeni böhranla üz-üzə qoyacaq hadisələrin "start düyməsi" basıldı. Mədəniyyətlər, sivilizasiyalar arasında toqquşmalar daha geniş spektrlərə yayılmağa, hətta hərbi müdaxilələrə gətirib çıxardı. Avropanın sərhədləri bir anda barıt çəlləyinə çevrildi.
 
1. Avropada miqrasiya böhranının siyasi, iqtisadi və sosial təsirləri
 
Yeni dünya nizamı qarşıya bir çox dərin iqtisadi, sosial, siyasi problemlər çıxarmışdır. Bu sırada hazırda "Qoca qitə"nin "yuxusuna haram qatan" miqrasiya problemi xüsusilə aktuallıq kəsb edir. Məlumdur ki, Sovet İttifaqının süqutu çoxlu sayda insanın Qərbə yönəlməsinə səbəb oldu. Yuqoslaviya münaqişələri, Bosniya-Herseqovinadakı silahlı münaqişə, 1999-cu il Kosovo müharibəsi və humanitar böhran 850 mindən çox insanın öz yaşadıqları yerlərdən uzaqlaşmalarına təkan verdi. Daha sonra İraq və Əfqanıstanda işğal, Misir, Liviya, Tunis və digər müsəlman ölkələrində kənardan idarə olunan "inqilab"lar, Suriyada vətəndaş müharibəsi sadəcə bu dövlətləri və onların xalqlarını öz buxovuna almadı, bu, eyni zamanda Qərb dövlətlərini də ciddi təhdid edən başlıca problemə çevrildi. 
Bu gün Avropa yaxın tarixinin ən böyük humanitar fəlakəti - miqrant böhranı ilə üz-üzədir. Şimali Afrika, Yaxın və Orta Şərqdən qaçqın və məcburi köçkünlərin böyük bir kütləsi müharibələrdən, aclıqdan, səfalətdən xilas olmaq üçün Avropaya üz tutmuşdur. Qeyri-leqal miqrant axınının kəskin artdığı Avropada hazırda yaranmış vəziyyət BMT tərəfindən "İkinci Dünya müharibəsindən bəri dünyada ən böyük qaçqın böhranı" hesab olunur. Çünki qitəyə üz tutanların əksəriyyəti hazırda münaqişələrin, daxili müharibələrin, terrorizmin, xaosun hökm sürdüyü ölkələrdə yaşayış şəraitinin, humanitar vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar evlərini tərk etmək məcburiyyətində qalanlardır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının açıqlamasına görə, təkcə 2015-ci ildə Aralıq dənizini 300 min nəfərə yaxın miqrant keçmiş, onlardan 181.500 nəfəri Yunanıstana, 108.500 nəfəri isə İtaliyaya daxil olmuşdur. Qurumun həmin ilin iyul ayının sonuna olan statistikasına görə, il ərzində Avropaya qayıqla gələnlərin 62 faizi Suriya, Eritreya və Əfqanıstandan olanlardır. Buraya Sudanın Darfur bölgəsindən, İraq, Somali və Nigeriyanın münaqişəli zonalarından gələnləri də əlavə etdikdə göstərici 70 faizə yüksəlir [12].
2016-cı ildə isə Aralıq dənizi vasitəsilə Avropaya 357 249 nəfər miqrant gəlmişdir. Avropaya qeyri-qanuni yollarla daxil olmaq istəyən qaçqınların əksəriyyəti Yunanıstan vasitəsi ilə öz niyyətlərinə çatmışdır. İl ərzində bu ölkə 170 mindən çox miqrantı qəbul etmişdir. Bu gün dünyadakı bütün miqrantların 3-dən 2-si Avropada yaşayır [12].
Sadəcə bu iki il ərzində qeyri-leqal miqrasiyanı ifadə edən rəqəmlər hazırda problemin nə qədər dərin olduğunu anlamağa imkan verir. Şübhəsiz, miqrasiya axınının genişlənməsi bu prosesin bu qədər dramatik hal almasında bir formada iştirak edən Avropanın özündə də yeni problemlərin artmasına rəvac vermişdir. 
İlk növbədə miqrasiya iqtisadi həyata təsir edərək qlobal iqtisadiyyatın yaranmasını, transmilli korporasiya və beynəlxalq əmək bazarının formalaşmasını şərtləndirir [14]. İnformasiya məkanına təsir edərək müvafiq qlobal sosial, eləcə də cinayətkar şəbəkələrin formalaşmasına səbəb olur. İqtisadi baxımdan inkişaf edən ölkələrə üz tutan miqrant axınlarının qeyri-leqal formaları, onun kölgə iqtisadiyyatı və mütəşəkkil cinayətkarlıqla əlaqəli olan kriminallaşması meyilləri, beynəlxalq terrorizm və transmilli cinayət şəbəkəsi tərəfindən istifadə olunması bu gün milli dövlətlərin təhlükəsizliyi üçün yaranan əsas təhlükələrdən biridir.
Qlobal miqrasiya prosesləri dövlətin həyatında milli siyasi münasibətlərin mahiyyətinə də təsir göstərir. Son zamanlar bir sıra dövlətlərdə milli, irqi zəmində diskriminasiyanın şiddətlənməsi bunun bariz sübutudur. Miqrasiya axınları dövlətin bütövlüyünü, sərhədlərinin kövrəkliyini, “boz zonaların” yaranmasını şərtləndirir. Özünü təcrid edən “miqrant anklavlarının” yaranması sosial gərginlik mənbəyi kimi çıxış edir. Avropanın inkişaf etmiş ölkələrinin əsas problemləri əhalinin doğum səviyyəsinin aşağı olması, yaşlanma və işsizlikdir ki, bu da miqrasiya sahəsində dövlət siyasətinin yeni həll yollarının qəbul olunmasına ehtiyacı şərtləndirir. Eyni zamanda miqrantların axını bu ölkələrdə sosial sabitliyə təhlükə yaradır ki, bu da onların miqrantların yeni mühitə uyğunlaşması və inteqrasiyası ilə əlaqədar külli miqdarda maliyyə vəsaiti ayırmasına gətirib çıxarır. Miqrasiya prosesləri səbəbindən sosial və etnik münaqişələrin yaranması təhlükəsi qloballaşmış dünyanın mövcud reallıqlarındandır.
 
2. Avropada dəyərlərin itirilməsi qorxusu və islamofobiya meyillərinin artması
 
Son dövrlər bir sıra Avropa ölkələrində siyasətçilərin dilindən səslənən rasizmi, ksenofobiya və islamofobiyanı təşviq edən fikirlər ciddi narahatlıq doğurur. Dünyada, o cümlədən Avropada terror hadisələrinin artdığı, onlarla günahsız insanın terrorun qurbanına çevrildiyi bir vaxtda dini ayrı-seçkiliyi alovlandıran, faşizmi təbliğ edən bu kimi çağırışlar, əlbəttə ki, qətiyyətlə pislənilməlidir.
Qeyd edək ki, miqrantların əksəriyyətinin islam dininə etiqad etməsi və Avropada müsəlmanların sayının kəskin artması Avropanın öz xristian dəyərlərini itirmək qorxusunu gücləndirir. Qərbin Yaxın Şərqdəki ssenarilərinin birbaşa nəticəsi olan terror qruplaşmalarının Avropada törətdikləri terror aktları da islamofobiya meyillərinin güclənməsinə səbəb olmuşdur.
Son demoqrafik araşdırmalara görə, dünyada xristianların sayında sürətli azalma müşahidə olunur və 2025-ci ildə onlar planet əhalisinin cəmi 25%-ni təşkil edəcəklər. Ən böyük artım tempi isə müsəlmanlara aiddir (ildə təqribən 2,9%) və 2025-ci ildə 30% göstərici ilə xristianları üstələyəcəklər. Müsəlmanların 60%-i Asiyada yaşayır. Son 30 ildə onların sayı 3 dəfə artmışdır. Proqnozlara əsasən, 2030-cu ilədək Avropada müsəlmanların sayının 58 milyon nəfərə çatacağı gözlənilir [7]. Göründüyü kimi, Qərbdə islamofobiya təkcə kulturoloji bəhanlərdən deyil, həm də demoqrafik proqnozlardan qaynaqlanır.
Müsəlman icmaları dünyanın 120-dən çox ölkəsində mövcuddur. 35 ölkədə (Şimali Afrika və Qərbi Asiyada) onlar əhalinin 80 faizdən çoxunu, İndoneziya, Hindistan, Pakistan və Banqladeşdə isə mütləq çoxluğu təşkil edirlər. Qərbi Avropaya islamın cəmi bir neçə on il əvvəl gəlməsinə baxmayaraq, müsəlman icmalarının sayı burada sürətlə artmaqdadır. Təkcə Avropada Orta Asiyanın üç respublikasında yaşayan cəmi əhalidən çox müsəlman məskunlaşmışdır. Dünya üzrə müsəlman icmaları faiz etibarilə ən çox Qərbi Avropada, xüsusilə Fransada, daha sonra isə Almaniyada yaşayır [7].
Beləliklə, Avropada miqrantların, xüsusilə müsəlmanların sayının artması yerli əhali arasında mövcud iş yerlərini itirmək, müavinətlərdən faydalana bilməmək qorxusunu artırmışdır. Yerli əhalinin müqaviməti, etnik və dini münasibətlərdə gərginliyin şiddətlənməsi, sağ təmayüllü millətçilərin, məsələn, Fransada Marin Le Penin rəhbərlik etdiyi "Milli Cəbhə" Partiyasının mövqeyinin möhkəmləndirilməsi ilə nəticələnmişdir. Marin Le Pen müsəlmanların küçədə kütləvi namaz qılmalarını 1940-1944-cü illərdə Fransanın Hitler Almaniyası tərəfindən  işğalına bənzətmişdir. İslam dini əleyhinə kəskin çıxışları ilə seçilən hollandiyali siyasətçi Qert Vilders "Multikulturalizmin iflası və ya islam hücumunun qarşısını necə almalı?" adlı məqaləsində islamı "təhlükəli ideologiya" adlandırmış, onun "Qərb həyat tərzinə uyğun olmaması" qənaətinə gəlmişdir.. Bundan başqa, İsveçrədə 2009-cu ildə minarələr qadağan edilmişdir. Fransada baş örtüyünün qadağan edilməsi məsələsi son illərdə bir neçə dəfə gündəmə gəlmişdir. Flaman Mənfəəti Partiyasının keçmiş sədri Filip Devinterin 2004-cü ildəki seçki kampaniyasında Belçikanı islam işğalından xilas edəcəyini deməsi və bu qəbildən miqrantlar əleyhinə çıxışları səbəbindən irqi ayrı-seçkilik saldığı əsas gətirilməklə partiya Kassasiya Məhkəməsi tərəfindən bağlanmışdır. Hollandiyada 2002-ci ildə keçirilən seçkilər nəticəsində parlamentdə 36 yerlə təmsil olunan Azadlıq Partiyasının sədri Pim Fortuyn “Mədəniyyətimizin islamlaşmasına qarşı” adlı kitab yazmışdır.
Mərkəzi ofisi Vaşinqtonda yerləşən PEW Araşdırmalar Mərkəzinin avropalıların miqrantlar haqqında nə düşündüyünə dair anket sorğusuna əsasən, Avropa əhalisinin əksəriyyətini təmsil edən 10 Aİ ölkəsinin 8-də artmaqda olan miqrant sayının terror hücumları ehtimalını artırdığını düşünənlərin sayı 50%-dən çoxdur. Bu fikri dəstəkləyənlərin sayı müvafiq olaraq Macarıstanda 76%, Polşada 71%,  Hollandiya və Almaniyada 61%-dir. Bununla yanaşı terror hücumlarına məruz qalan Fransada əhalinin 46%-i miqrantların ölkələrinə gəlmələrinin terror təhlükəsini artırdığına inanır. Qeyd edək ki, avropalıların miqrantlarla bağlı narahatlıqlarının təkcə terrorizmlə əlaqədar olmadığı müşahidə edilir. Statistika onların miqrantları öz ölkələri üçün iqtisadi yük və öz hüquqlarına təsir edən qüvvə kimi gördüklərini əks etdirir. Anket sorğusunun keçirildiyi 10 ölkə vətəndaşlarının yarısı və hətta yarısından çoxu özlərinin malik olduqları işləri və sosial yardımları miqrantlara görə itiricəklərini düşünürlər. Bu mövqeyi bölüşən ölkələr müvafiq olaraq Macarıstan - 82%, Polşa - 75%, və Yunanıstandır - 72%. Almaniya və İsveçdə bu cür düşünənlərin nisbəti müvafiq olaraq 31% və 32%-dir. Almaniyada əhalinin 59%-i, İsveçdə isə 62%-i miqrantların öz iş və bacarıqları ilə onların ölkələrinə töhfə verəcəkləri qənaətindədirlər [4]. 
 
3. Problemdən çıxış yolu axtarışında
 
Onu da etiraf etmək lazımdır ki, mövcud miqrasiya reallığına uyğun olaraq hər bir dövlətin müvafiq təhlükəsizlik siyasətinin həyata keçirilməsi zərurəti yaranır. Yuxarıda sadalanan problemləri nəzərə alsaq onda bir sıra dövlətlərin öz milli təhlükəsizliyinin qeydinə qalması başadüşüləndir. Amma necə deyərlər, məqsədə gedən yolda istifadə olunan metod və vasitələr yalnışdır. Belə ki, məlumatlara görə, bir sıra Avropa ölkələri, o cümlədən Böyük Britaniya, Macarıstan, Yunanıstan, Sloveniya, İtaliya və digərləri Şimali Afrika və Yaxın Şərq ölkələrindən gələn miqrant axınının qarşısını xüsusi üsullarla almaq haqqında qərar qəbul etmişdir. Almaniya Xarici İşlər Nazirliyi miqrantlara qarşı tətbiq olunan sərt qaydaların bundan sonra da ardıcıl həyata keçiriləcəyinin mesajlarını vermişdir. Yaxın keçmişin acı nəticələri isə tətbiq olunan siyasətin nəinki problemin həllinə rəvac vermədiyini, əksinə onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirdiyini göstərir.
Qeyd edək  ki, qeyri-qanuni miqrasiya ilə mübarizə aparmaq üçün effektiv vasitələrdən biri də readmissiyadır. 2014-cü ildə Brüsseldə qeyri-qanuni immiqrasiyaya qarşı daha səmərəli mübarizə aparmaq məqsədilə öz aralarında əməkdaşlığı gücləndirmək niyyəti ilə "Azərbaycan Respublikası və Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş imzalanmışdır.
Qeyd etdiyimiz kimi, miqrantlara qarşı çıxışlarda çox zaman onların gəlişinin iqtisadi nəticələri deyil, fərqli dinlərin, irqlərin nümayəndələrinin ölkəyə mədəni, demoqrafik təsirləri qabardılır. Bununla da, liberal demokratiya nümunəsi hesab edilən bir çox Avropa ölkələrinin, əslində, bəzi liberal dəyərlərdən, o cümlədən çoxmədəniyyətlilikdən, dini, irqi dözümlülükdən imtina etməsi özünü göstərir. Avropa İttifaqına daxil olan ölkələrdə liberalizmin böhranı və milliyyətçi sağçıların siyasi hakimiyyətə gəlməsi, şübhəsiz, liberal prinsiplər əsasında qurulmuş İttifaqın özünün də ciddi böhran və sarsıntı keçirməsinə, real struktur kimi bundan sonrakı fəaliyyətinin səmərəliliyinin sual altına alınmasına səbəb olmuşdur.
Bu günə qədər Avropada miqrant məsələlərin həllinə dair bir sıra sənədlər qəbul olunmuş, əhalinin miqrasiyasının müxtəlif aspektlərinin müzakirə olunduğu beynəlxalq konfranslar, görüşlər və danışıqlar baş tutmuşdur. Bütün bu proseslərin daha təkmilləşmiş ümumi miqrasiya siyasətinin yaradılmasında vacibliyi elmi araşdırmalarda da öz əksini tapmışdır.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin üzvü kimi təmsil olunduğumuz Avropa Şurası Parlament Assambleyasında da bu mövzuda xeyli müzakirələr təşkil olunmuş və müxtəlif hesabatlar, qətnamələr qəbul olunmuşdur. Həmçinin AŞPA-nın təşkilatçılığı ilə müxtəlif dövlətlərdə miqrasiya probleminə həsr olunmuş iclaslar keçirilmişdir. Bu il dekabrın 7-8-də keçirilən mənim sədrlik etdiyim AŞPA-nın Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər üzrə Komitəsinin iclasında da Beynəlxalq Miqrant Günü, Suriya ilə qonşu olan ölkələrdə qaçqınların vəziyyəti, Aralıq dənizində axtarış və xilasetmə əməliyyatları, qaçqın və məcburi köçkünlər üçün iş imkanlarının yaradılması, miqrant uşaqların inteqrasiyası və məcburi təhsilə cəlb edilməsi, qaçqınların və miqrantların insan alverinin asan hədəfi olması, məcburi köçkünlərin humanitar ehtiyacları kimi məsələlər haqqında fikir mübadiləsi aparılmışdır. Eyni zamanda, iclasa müəllifi olduğum "Miqrantların və diaspor cəmiyyətlərinin radikallaşması" mövzusunda mərzudə də bu iclasda müzakirə olunmuşdur. Sözügedən məruzədə də  miqrantlara, o cümlədən müsəlman icmalarına münasibətdə həyata keçirilən siyasət, onlara qarşı diskriminasiyanın qarşısının alınması istiqamətində görülən tədbirlər və bu sahədə vəziyyət, miqrantların inteqrasiyası, miqrantların diaspora cəmiyyətləri ilə əlaqələrinin genişləndirilməsi, diaspora cəmiyyətlərinin miqrantların inteqrasiyasında rolu və digər məsələlər geniş əks olunmuşdur.
Bu kontekstdə onu da əlavə etmək istərdik ki , Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycan məcburi miqrasiya ilə üzləşmişdir. Bu gün Azərbaycanda məskunlaşmış qaçqın və məcburi köçkünlər məcburi miqrasiyanın başlıca subyekti kimi Azərbaycan hökumətinin hərtərəfli diqqət və qayğısı ilə əhatə edilmişdir. Bu insanların məşğulluq, təhsil, yaşayış, tibbi, sosial təminatı ilə əlaqədar müntəzəm olaraq tədbirlər həyata keçirilir. Ölkəmizin milli qanunvericiliyi bu təbəqədən olan insanlarla bağlı tərəfdar çıxdığı beynəlxalq razılaşmalara tamamilə uyğunlaşdırılmışdır. Nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə qeyd edilmişdir ki, qaçqın və məcburi köçkünlərə olan dövlət qayğısı və problemin vahid mərkəzdən idarə olunması ilə bağlı Azərbaycanın təcrübəsi model kimi digər ölkələrdə də istifadə oluna bilər [2]. 
Ölkəmizdə tolerantlığın yüksək səviyyədə olması miqrasiya proseslərinə təsir edən əsas amillərdəndir. Bu günə qədər miqrantlara münasibətdə milli, etnik və dini zəmində hüquq pozuntuları müşahidə olunmamışdır [3]. Prezident İlham Əliyev 2015-ci il sentyabrın 2-də Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinqin ilə görüşündə qeyd etmişdir ki, “Bir neçə il bundan əvvəl Azərbaycanda müstəqil struktur kimi Miqrasiya Xidməti yaradılan vaxt dünyada miqrasiya məsələləri bugünkü qədər aktual deyildi, lakin biz gələcək inkişaf proseslərini qabaqcadan proqnozlaşdıraraq miqrasiya ilə bağlı idarəetmə, tənzimləmə prinsiplərini özündə əks etdirən effektiv qurum yaratdıq ki, Azərbaycanda olan miqrantlar özlərini rahat şəraitdə hiss etsinlər və eyni zamanda, bu məsələlər daxili prosedurlara uyğun şəkildə nizamlansın” [1]. Onu da qeyd edək ki, cənab Uilyam Sinqin də ölkəmizdə miqrasiya xidmətinin fəaliyyətini yüksək qiymətləndirərək öz heyranlığını ifadə etmiş, bunun arxasında miqrasiya ilə bağlı aparılan çevik, effektiv siyasətin dayandığını bildirmişdir: “Mən Sizin rəhbərliyinizlə ölkənizdə sözün həqiqi mənasında həyata keçirilən uğurlu işlərdən heyranlığımı ifadə edirəm və Sizə təbriklərimi çatdırıram. Azərbaycanda miqrasiya xidməti işləri çox yüksək səviyyədə aparılır və sözsüz ki, cənab Prezident, Sizin dəstəyiniz olmadan bu sahədə uğurlar əldə etmək mümkün olmazdı. Fikrimcə, miqrasiya sahəsində ölkənizdə həyata keçirilən işlər, ümumilikdə, miqrasiya idarəetməsi üçün çox yaxşı nümunə ola bilər” [1]. 
Onu da qeyd edək ki, bu yaxınlarda ABŞ-ın "Boston Globe" qəzetində "İmmiqrantlar üçün ən yaxşı ölkələr siyahısında ABŞ yalnız 7-ci yerdədir" başlıqlı məqalə dərc edilmişdir. Ermənistanın yer ala bilmədiyi bu siyahıda Azərbaycan immiqrantlar üçün ən yaxşı ölkələrdən biri hesab edilmişdir.  
 
Nəticə
 
Nəhayət, ortaya haqlı "Nə etməli?" sualı çıxır. Bu zaman yenə də keçmiş təcrübələrə istinad etmək ehtyacı yaranır. Biz belə bir faktı dilə gətirməli oluruq ki, Böyük Avropanı yaradan torpaqlar və dənizlər vasitəsilə fərdlərin və xalqların daimi hərəkəti olmasaydı, köhnə qitədə həyat indi çox fərqli olardı. Avropa dəyərlərinin formalaşmasında, müxtəlif mədəniyyətlərin, inanc və ənənələrin yaranmasında və mühafizəsində miqrantların və ya onların övladları olan alimlərin, siyasətçilərin, tanınmış mütəfəkkirlərin xidmətləri danılmazdır. Statistika, tədqiqat və yerlərdə müşahidə qaçqınların sosial-iqtisadi və mədəni inteqrasiyasını alqışlayan ölkələrin ən uğurlu olduğunu aydın göstərir. İxtisaslı kadrların axını Avropanın əmək bazarının möhkəmləndirilməsinə öz töhfəsini verir.  Siyasi, sosial və mədəni sahələr yeni təkan alır. Ona görə də, miqrantlara qarşı qapını bağlamazdan, onlara qarşı qeyri-insani davranışları, ən sərt polis tədbirlərini gündəmə gətirməzdən əvvəl bir daha yenidən düşünməli, bu prosesi ən insani üsullarla və hamıya fayda gətirəcək metod və vasitələrlə həll etməyin yolunu axtarmalıyıq. Hamımız bizi birləşdirən, təhlükəsizlik və sülh şəraitində yaşamağımızı təmin edən dəyərlərin nədən ibarət olduğunu unutmamalıyıq. 60 ildir bizi yaşadan və qoruyan formula sahib çıxmaq hamımızın mənəvi borcumuzdur. Ona görə də, multikulturalizm dəyərlərini, mədəniyyətlər arasında dialoq və xoşgörünü qorumaq bu gün həyati əhəmiyyət kəsb edən məsələdir. Ən azından Azərbaycanın ortaya qoyduğu nümunə bu əminliyi yaradır ki, multikulturalizm, tolerantlıq, fərqli dinlərə və millətlərə qarşı xoş münasibət cəmiyyətlərdə bütün problemlərin açarıdır. Diskriminasiyanın olmadığı, xalqlara və dövlətlərə münasibətdə çoxstandartlılığın təmin edilmədiyi bir şəraitdə bu gün həlli mümkün görünməyən bir sıra problemləri həll etmək daha asan olacaq. Nəhayət, miqrasiya bir dövlətin, xalqın, toplumun, dini dünyagörüşünün problemi olaraq qəbul oluna bilməz. Sadalananlardan da aydın olduğu kimi, bu, hamını təhdid etdiyi üçün problemin həllinin birinci yolu da birgə əməkdaşlıqdır. Dərk etməliyik ki, gün keçdikcə daha da təhlükəli nəticələr doğuran miqrasiya və miqrant böhranını aradan qaldırmadan ümumqitə təhlükəsizliyindən danışmaq yersiz olacaq.
 
 
İstifadə edilmiş ədəbiyyat:
 
Azərbaycan dilində:
 
1. Prezident İlham Əliyev Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunu qəbul edib. /02.09.2015/ - http://az.president.az/articles/16034
2. Milli Məclisdə AŞPA-nın Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinin iclası keçirilib. /15.03.2017/ - https://azertag.az/xeber/1043436
3. Nəbiyev F.  Avropanın miqrant problemi qarşısında acizliyi fonunda miqrasiya sahəsində idarəetmənin mütərəqqi Azərbaycan modeli. - https://migration.gov.az/post.php?pageid=5389
 
İngilis dilində:
 
4. Europeans Fear Wave of Refugees Will Mean More Terrorism, Fewer Jobs. - 
http://www.pewglobal.org/2016/07/11/europeans-fear-wave-of-refugees-will-mean-more-terrorism-fewer-jobs/
5. Fligstein, N., A. Polyakova ve W. Sandholtz. European Integration, Nationalism and European Identity. //  Journal of Common Market Studies, 2012, 50(s1).
6. Givens T. E. Immigrant Integration in Europe: Empirical Research // In: Annual Review of Political Science. 2007, № 10(1).
7. Hackett C. 5 facts about the Muslim population in Europe. - http://www.pewresearch.org/fact-tank/2015/01/15/5-facts-about-the-muslim-population-in-europe/ 
8. Hansen R. (2012). The Centrality of Employment in Immigrant Integration in Europe. MPI. http://www.migrationpolicy.org/ research/TCM-employment-immigrant-integration-europe
9. International Migration Report 2015: Highlights Key Facts. - http://www.un.org/en/development/desa/population/migration/publications/migrationreport/docs/MigrationReport2015_Highlights.pdf
10. Mewes, J. ve S. Mau. Globalization, Socio-economic Status and Welfare chauvinism: European Perspectives on Attitudes Toward the Exclusion of Immigrants.  // International Journal of Comparative Sociology, 2013, 54(3), pp.228-245
11. The Future of the Global Muslim Population. /27.01.2011/ - http://www.pewforum.org/2011/01/27/future-of-the-global-muslim-population-regional-europe/?utm_expid=53098246-2.Lly4CFSVQG2lphsg-KopIg.0&utm_referrer=https%3A%2F%2Fwww.google.az%2F
12. United Nations Department of Economic and Social Affairs (2015). Trends in International Migration. Washington: United Nations. - www.un.org/en/development/desa/population/migration/index.shtml
13. UNODC: The Globalization of Crime: A Transnational Organized Crime Threat Assessment. 2010. - http://www.unodc.org/documents/data-and-analysis/tocta/TOCTA_Report_2010_low_res.pdf
14. 10 Migration Trends to Look Out For In 2016. /18.12.2015/ - https://www.weforum.org/agenda/2015/12/10-migration-trends-to-look-out-for-in-2016/
 
 
Sahibe Gafarova
The problem of migration in Europe: the contradiction between reality 
and measures taken
 
The article deals with the problem of migrants and refugees in the Western world.
The current situation in Europe, with a harsh  increase in the number of illegal migrants, the UN assessed as "the world's largest refugee crisis after the World War II".
Most of those who are on the continent are now forced to leave their homes because of a stiff  deterioration of the situation, due to conflicts, wars and terrorism. Global migration processes also affect the nature of the national political relations of the host countries of refugees.
Evidence of this is the increased discrimination in the ethnic and racial relations in some countries recently. The current migration policy of European countries has led not to integration, but to discrimination of society.
Migratory flows violate the territorial integrity of the state, cause the fragility of its borders and create "gray zones".
The article concludes that the global crisis of migration can not be solved separately, the only way to solve the problem is joint cooperation of global community.
 
Сахибе Гафарова
Проблема миграции в Европе: противоречие между реальностью  
и  принимаемыми  мерами
 
В статье рассматривается проблема мигрантов и беженцев в Западном мире.
Нынешнюю ситуацию с резким ростом числа нелегальных мигрантов в Европе ООН оценил  как «крупнейший в мире кризис беженцев после Второй мировой войны».
Большинство из тех, кто находится на континенте, теперь вынуждены покидать свои дома из-за резкого ухудшения ситуации, в связи с конфликтами, войнами и терроризмом. Глобальные миграционные процессы также влияют на сущность национальных-политических отношений   государств, принимаюших беженцев.
Свидетельством тому является усиление дискриминации в этническом  и расовом отношении в некоторых странах за последнее время. Нынешняя миграционная политика европейских стран привела не к интеграции, а к дискриминации  общества.
Миграционные потоки нарушают территориальную целостность государства, обусловливают хрупкость его границ и создание «серых зон».
В статье делается вывод о том, что глобальный кризис миграции не может быть решен отдельно. Единственным способом решения проблемы является совместное сотрудничество всего глобального сообщества.
 
 
Məqalə redaksiyaya daxil olmuşdur:  22.11.2017
Çapa qəbul edilmişdir:  01.12.2017
© 2011-2018. Müəlliflik hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qorunur. Bütün hüquqlar "Strateji təhlil" jurnalına aiddir. Məlumatlardan istifadə edərkən stj.sam.az saytına istinad zəruridir.