Məqalələr

Beynəlxalq münasibətlər sistemində müstəqil və çoxşaxəli xarici siyasət yürüdən ölkə kimi Azərbaycanın hərtərəfli inkişafı İlham Əliyevin on beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsidir Türk Dövlətləri Birliyi beynəlxalq hüququn subyekti kimi: ideya və reallıq “Kritik infrastruktur” nədir və təhdidlərdən necə qorunur: dünya təcrübəsi və Azərbaycanda tətbiqinin zəruriliyi Ermənilərin "soyqırım" iddiaları və onun beynəlxalq siyasətdə yeri Армянский фактор в разведывательной деятельности великих держав на Кавказе в 1801 – 1828 гг. Ermənilərin Tbilisi şəhərinə iddiaları Gürcüstanın bələdiyyə sistemində ermənilərin separatçı fəaliyyəti Политологическое образование в Азербайджанской Республике: специфика, современное состояние и стратегия развития Информационная политика в Азербайджане в условиях политико-экономических трансформаций Azərbaycanın ali təhsil sistemi yeni dəyişikliklər mərhələsində Azərbaycanın dövlət idarəçiliyi sistemində keyfiyyət menecmentinin müasir vəziyyəti Cənubi Qafqazda miqrasiya prosesləri Dövlət-özəl əməkdaşlığı bugünkü iqtisadi anlamda Qlobal iqtisadi normallaşma: yüksələn iqtisadiyyatlı ölkələr üçün dayanıqlı inkişaf çağırışları Военное дело и военное искусство в Азербайджане в древний период Учреждения для иностранных военнопленных и интернированных граждан в Азербайджанской ССР в 1944 – 1950 гг. (численность, дислокация, смертность контингента) Ukrayna azərbaycanşünaslığının banisi A.Krımski Качественные параметры партийных кадров в Азербайджанской ССР в 1920-1930-е гг. Политические отношения между Азербайджанским государством Сефевидов и государством Великих Моголов (1526-1576 гг.) Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsilin milliləşdirilməsi və dövlət dilinin tətbiqi Tam siyahı

Azərbaycanın ali təhsil sistemi yeni dəyişikliklər mərhələsində

Müəllif: Strateji Tehlil Jurnali

baxılıb: 49

Yan 5, 2019 - 12:44

Cəsarət VALEHOV

filologiya üzrə fəlsəfə doktoru, dosent 

vcasarat@ yahoo.com

Azərbaycanın ali təhsil sistemi yeni dəyişikliklər mərhələsində

 

Açar sözlər: ali təhsil sistemi, Azərbaycan, yeni mərhələ, XXI əsrdə təhsil paradiqmaları, qlobal tendensiyalar, çağırışlar

Key words: higher education system, Azerbaijan, new stage, education paradigms in XXI century, global trends, challenges

Ключевые слова: система высшего образования, Азербайджан, новая стадия, парадигмы  образования в ХХI веке, глобальные тренды, вызовы

Giriş
 
XXI əsrdə artıq baş verən və baş verəcək metadəyişikliklər yeni dünya və yeni insanı formalaşdırmaq hədəfi ilə həm indiyədək mövcud olmayan fürsətlər, həm də texnoloji inkişafın hüdudsuz inkişaf sürəti ilə qeyri-müəyyənliklər vəd edir. XX əsrdən XXI əsrə ötürülən dəyərlər arasında, xüsusən təhsil baxımından - qloballaşma, çox dil bilmə, ömür boyu təhsil, öyrətmə yerinə öyrənmə və ya öyrənən mərkəzli təhsil üzərində diqqətlə düşünülməsi vacib olan yanaşmalardır. Bunlara əlavə olaraq, əslində yeni olmayan, lakin dəyişən şərtlər səbəbindən gələcəkdə də sosiuma təsir edəcək 3 əsas anlayışın - iqtisadiyyat, əhali və demokratiya faktorunun da çağdaş əsrin xüsusiyyətləri baxımından yenidən dərk olunması vacibdir. 
 
1. Azərbaycanın ali təhsil sistemi: imkanlar, problemlər və gözləntilər
 
Dördüncü sənaye inqilabı təkcə iqtisadiyyatı deyil, həmçinin təhsilin təbiətini, bütövlükdə əmək bazarını və cəmiyyəti də dəyişir. Gələcəyin ən böyük dəyişikliklərindən birinin həm də demoqrafik xəritə ilə bağlı olacağı proqnozlaşdırılır. Belə ki, növbəti onilliklərdə Yer kürəsində insanların, xüsusən də yaşlıların sayı artacaq. Hazırda Yer kürəsində 7,6 milyard insan yaşayır. BMT-nin hesablamalarına görə, 2030-cu ildə bu sayın 8,6 milyarda, 2100-cü ildə isə 11,2 milyarda çatması proqnozlaşdırılır. Burada əsas məsələ təbii artım deyil, daha çox orta ömür müddətinin uzunluğu ilə bağlıdır. Belə ki, 2100-cü ildə orta ömür müddətinin indikindən 12 yaş çox, təxminən 83 yaş olması proqnozlaşdırılır. Uzunömürlülüyün artması həm də əmək bazarında daha yaşlı qismə aid insanların çalışması üçün yeni çağırışlar ortaya qoyur. Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, əgər 2017-ci ildə hər 10 nəfər əməkqabiliyyətli əhaliyə 65 yaşdan yuxarı 3,5 nəfər düşürdüsə, 2030-cu ildə bunun 10/5 nisbətində olacağı proqnozlaşdırılır [6].
Müasir texnogen cəmiyyətlərdə təhsilin qarşısında duran çağırışlara baxışda bir çox hallarda fikirlər haçalanır. Bir sıra təhsilşünaslar müasir təhsilin əsas məqsədinin insanın istehlakçı informasiya mədəniyyətinin bir elementinə çevrilməsində əsas vəsilə hesab edirlərsə [5], digər müəlliflər təhsili insanın həm peşəkar bacarıqlarının, həm də şəxsi insani keyfiyyətlərinin, ümumi mədəni bilik və səriştələrinin formalaşmasında mühüm şərt hesab edirlər [7]. Məsələn, məşhur tədqiqatçı M.Nissbaum qeyd edir: “Əgər müvafiq tendensiya dəyişməzsə, ölkələrin fantasitk qazanc həvəsi daha çox faydalı və ağıllı maşın istehsalına səfərbər edəcək, nəinki düşünə bilən, təhlil, tənqid edə bilən dəyərli vətəndaşların qayğısına qalacaqlar. Bu səbəbdən də dünyanın demokratik ölkələrinin gələcəyi bu gün qeyri-müəyyən olaraq qalır” [10].
Beləliklə, nə qədər təhsilin humanitar aspektindən danışsaq da texnogen fazanın dominant təsirlərini qeyd etməmək mümkün deyil. XX əsrdə informasiya və ya şəbəkə cəmiyyəti (D.Bell, O.Toffler, Y.Masuda, M.Kastels), postmodern cəmiyyət (J.Liotar, U.Eko), istehlak cəmiyyəti (P.Draker, P.Xatkins,T.Xusen) mövzusunda müxtəlif konsepsiyaların mövcudluğuna rəğmən əsas yanaşma öyrənmənin təbiəti ilə bağlıdır. Yuval Noah Hararinin "XXI əsr üçün 21 dərs" adlı tədqiqatında qeyd etdiyi kimi: “Bu gün doğulmuş körpə 2050-ci ildə 30+ yaşında olacaq. Əgər hər şey yaxşı olsa, 2100-cü ildə də buralarda olacaq, hətta o, XXII əsrin aktiv vətəndaşı ola bilər. Biz bu körpəyə nə öyrədək ki, 2050-ci ilin və ya XXII əsrin dünyasında yaşaya bilib tərəqqi etsin?” [2, s.262].
Aşağıdakı cədvəldə qeyd olunan texnoloji inkişafın təhsilin qarşısında müəyyən etdiyi müstəvi əmək bazarının dəyişən şərtlərini, deməli, həm də təhsilin müasir məzmununu ifadə edir.
Təbii ki bütün bunlar bütövlükdə təhsildə dəyişiklikləri vacib edərək [12] "Code.org"un rəhbəri Hadi Partovinin qeyd etdiyi kimi: “Nəyə görə məktəblər keçmişin deyil, gələcəyin kurikulumlarını öyrətməlidir?" hipotetik sualını daha aktual edir və məsələni fəlsəfi diskurs səviyyəsinə qaldırır. Burada qeyd olunduğu kimi, müasir təhsil fəlsəfəsi 1918-ci ildə tətbiq olunan kurikulumları, 100 il sonraya - 2018-ci ilə daşımamalıdır. Son illərdə Azərbaycanda aparılan təhsil islahatlarının başlıca missiyası təhsilin koqnitiv funksiyasının yeni dünya nizamına uyğunlaşdırılaraq cəmiyyətin “dəyişiklik motoru” rolunu oynaya bilməsi və texnoloji cəhətdən inkişaf etmiş sivilizasiyanın təhdidlərini özünəməxsus şəkildə yaradıcı “filtr”dən keçirə bilməsidir. Bu konsept Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının əsas qayəsini və ondan irəli gələn fəaliyyət istiqamətlərini təşkil edir [1].
Dünyanın məşhur "Mc Kinsey" təşkilatının hesablamalarına görə, 2030-cu ildə texnologiyanın inkişafına görə 75 milyondan 375 milyonadək və ya dünyada mövcud olan 3-14% işçi qüvvəsi ya işsiz qalacaq, ya da ixtisaslarını dəyişmək zərurəti ilə üzləşəcəklər. Burada ilk növbədə ixtisasartırma və ya ixtisasdəyişmə (reskilling) vərdişlərindən söhbət gedir [6]. Analitiklərin hesablamalarına görə, insanlar daha çox texnoloji vərdişlərə (55%) zərurət hiss edəcəklər. Bütün bunlardan daha vacib isə sosial və emosional vərdişlər rol oynayacaq. Bunu Dünya İqtisadi Forumunun təhlillərindən də görmək olar [8].
Bu gün texnoloji vərdişlərin daha yüksək səviyyədə mənimsənilməsi bir çox təhsil proqramlarının əsas hədəfi sayılsa da, sosial və emosional vərdişlərin öyrənilməsi aspekti əksər hallarda ənənəvi kurikulumların təsir dairəsində olmur. Sosial-emosional vərdişlər insanın psixoloji fakturasında özünəməxsus meyarlarla işləməyi tələb etdiyindən fərdi öyrənməni ön plana çıxarır. Bununla bağlı "Knowmad" konseptinin müəllifi Con Moravek qeyd edir: “Yeni realliq bundan ibarətdir ki, adaptə olunmuş, fərdiləşdirilmiş təhsil modeli olmadan modern təhsil düşüncəsini təsəvvür etmək mümkün deyil” [9].
Təhsildə artıq baş verən bu və ya digər paradiqmatik dəyişikliklər yeni koqnitiv sosiumun formalaşması üçün fəlsəfi əsas sayılmalıdır. Burada həm də vacib olan odur ki, təhsil sisteminin yetişdirdiyi məzunların əmək bazarında rəqabətliliyinə və peşəkarlığına mütləq beynəlxalq kontekstdə baxılmalıdır.
Hipotetik olaraq bunun üçün 3 əsas meyara diqqət yetirilməlidir:
Birincisi, ali təhsilin kütləviləşməsi, daha əlçatan olması, məktəb məzunlarının faiz nisbəti və mütləq rəqəmlərlə bəşəriyyətin tarixində olmayan sayda ali təhsilə yiyələnməsi.
İkincisi, ən uğurlu universitetlərin innovasiya və iqtisadi artım mərkəzlərinə transformasiyası. İstər birinci, istərsə də ikinci amil bilik iqtisadiyyatının mövcudluğundan irəli gəlir. İstənilən iş yerini tutmaq üçün əmək bazarına daha bilikli insanlar dəvət olunur və insanlar bunu anlayaraq ali təhsilə üz tuturlar. Beləliklə, ali təhsilin əlçatan olmasının əsas səbəblərindən biri də budur. Yenə də bilik iqtisadiyyatını ənənəvi iqtisadiyyat, yaxud sənaye iqtisadiyyatı ilə müqayisə etdikdə getdikcə daha çox biliyin, onun üzərində qurulan qeyri-maddi məhsulların çəkisi və burada universitetlərin təbii rəqabətdə daha üstün vəziyyəti aydın görünür. Belə ki, həm elm, həm də təhsil prosesinə görə bu, universitetlərdə startap, texnoloji parklar, müxtəlif ixtisaslar üzrə təhsil alan tələbə, müəllim və iş adamlarından ibarət komandalarla layihələrin idarə olunması modellərini təsbit edir. Məsələn, Kaliforniya modelinin dublikasiyası cəhdləri və s.
Nəhayət, üçüncü böyük meyar  tanınmış, nüfuzlu brendə malik ali təhsil müəssisələrinin öz ölkələrinin coğrafi hüdudlarından kənara çıxıb, digər ölkələrdə fəaliyyətini genişləndirməsidir. Bu, müxtəlif formalarda baş tutur, məsələn, distant təhsil proqramları, universitet filiallarının açılması, birgə universitetlərin yaradılması və s.
Burada akademik mobilliyi, tələbə və müəllimlərin nəticələrini müşahidə edə bilərik. Bu baxımdan biz üçüncü blokun bəzi problemlərini Azərbaycan təhsil sistemində müşahidə edirik. Belə ki, milli ali təhsil sisteminin uzun müddətdə rəqabət qabiliyyətliliyinin qorunub saxlanılması yalnız birinci meyar kimi qeyd etdiyimiz kütləvi ali təhsilin təqdim edilməsi ilə məhdudlaşmamalıdır. Bunun üçün ilk növbədə biliyə, innovasiyaya əsaslanan milli ali təhsil müəssisələrinin mövcudluğu zəruridir. Əks təqdirdə, məsələn, Moskva Dövlət Universiteti və Oksford Universitetinin məzunu olmaq 20 il bundan əvvəlkindən daha asan olacaq. Belə ki, ali təhsildə gedən transformasiyalar bunu deməyə əsas verir ki, getdikcə müxtəlif platformalarda aparıcı ali təhsil müəssisələrinin bilikli, zəkalı tələbəyə əlçatanlığı daha da yaxın olacaqdır. 
Məlumdur ki, hər bir fərd seçimini edərkən ilk növbədə öz peşəkar inkişafını, gələcək həyatını, karyera uğurunu ön plana çəkir. Biz gözləsək ki, hər bir təhsil alan seçim edərkən bu məsələyə ümummilli maraqlar prizmasından baxacaq yanlış olar. Bunun üçün də ölkəmizin universitetləri strateji məqsədlərini müəyyən edərkən böyük mənzərəni görməli, strateji fəaliyyətlərini, verdiyi qərarları bu şərtlərə, reallığa uyğun olaraq həyata keçirməlidirlər. Son illərədə ali təhsil sistemində həyata keçirilən siyasət ali təhsil müəssisələrimizin güclü rəqabətlilik fonunda və müasir idarəetmə prinsiplərinə əsaslanan fəaliyyəti həyata keçirən qurumlar kimi daha cəlbedici maqnitlərə çevrilməsinə  imkan yaratmalıdır. Bu, təbii olaraq ali təhsil müəssisəsinin fəaliyyətini mümkün və zəruri edən çərçivənin keyfiyyətindən asılıdır. 
Bu məqamda bir neçə misal gətirmək yerinə düşərdi. Birinci qeyd etdiyimiz aspekti, yəni təhsilin əlçatanlılığını götürək. Statistikaya baxsaq görərik ki, son 5 il ərzində Azərbaycandan kənarda təhsil alan və ölkə daxilində həmin ixtisasların tanınması üçün müraciət edən insanların sayı hər il təxminən iki dəfə və ondan daha çox artır. Bu qəbildən təhsil alan məzunların universitet seçiminə nəzər yetirəndə görürük ki, təxminən 15 % daha keyfiyyətli ali təhsil müəssisələrindən, digər 85 %-i isə zəif və ya orta universitetlərdən məzun olurlar. İkinci tip universitetləri bitirən təxminən 80-85 % məzun bizim ölkəmizdə qəbul imtahanının səviyyəsinə cavab verə bilməyən tələbələrdir. Əslində bu, bir reallıqdır. 
Digər tərəfdən biz "Ali təhsil sistemimizə daxil olmaq üçün hansı tələbləri irəli sürürük?" sualını verdikdə, deyə bilərik ki, son 5 ildə, müşahidə etdiyimiz dövrdə sistem iki əsas meyarla xarakterizə edilə bilər. Birincisi ondan ibarətdir ki, biz hələ də əzbərlənməyə əsaslanan imtahanların olduğunu görürük. Beləliklə, qiymətləndirmənin məzmunu istər-istərməz təhsil alanın öyrəndiyi məzmunu müəyyənləşdirir. Biz nəyi soruşuruq, təhsil alan da ona hazırlaşır. İkinci müşahidə etdiyimiz məqam ondan ibarətdir ki, sistem qeyri-çevikdir. Qeyr-çevik dedikdə biz yaradıcı ixtisası seçən rəssam, müğənni və riyaziyyatçıya da ali təhsilə çıxış üçün cəmi bir yol təklif edirik. Əgər universitetə qəbul üçün müğənninin riyaziyyat barədə minimal anlayış səviyyəsi yoxdursa, biz son bir neçə ilə qədər onun ali təhsil sisteminə girişini məhdudlaşdırırdıq. 
Universitet konteksti üçün digər bir əhəmiyyətli misal Azərbaycanın ümumtəhsil sistemində təhsil almayan, lakin vətəndaş olaraq ölkə ali təhsil sistemində təhsilini davam etdirmək istəyən insanlarla bağlıdır. Burada vacib məqam təhsilin əlçatanlığı prinsipidir. Belə ki, dünyada elmi ədəbiyyatın 56 %-nin ingilis dilində olduğu müasir dövrdə bəzi ixtisasların ingiliscə tədrisi zərurətə çevrilir. Biz ingilis dilini peşəkar səviyyədə, yaxud tədris dili kimi bilən təhsil alanlara hətta imkan belə yaratmırdıq ki, onlar SAT, TOEFL, İELTS imtahanı ilə ali təhsil sisteminə çıxış əldə etsinlər. Təqdirəlayiq hal bundan ibarətdir ki, 2018-ci ilin yayında "Təhsil haqqında" Qanuna edilən dəyişiklik bu imkanı yaradacaq [3].
Azərbaycan qanunvericiliyində ilk dəfə olaraq tədqiqat universitetinin tətbiqi mühüm akademik əhəmiyyət kəsb edir. Biz tədqiqat universiteti statusunu hansı universitetlərə veririk, bunlar nə ilə fərqlənir? Həqiqət bundan ibarətdir ki, artıq 3 ildən çoxdur ki, universitetlərdə fəaliyyət göstərən bütün müəllimlər, o cümlədən tələbələr üçün dünya elm şəbəkəsinə çıxışı təmin edən “Web of science” elmi bazasından istifadə imkanları təmin olunub. Bu, sadəcə olaraq başlanğıcdır. Universitetin daxili strukturu, idarəetmə forması, təşkilati-hüquqi forması, onun tərkibində Himayəçilər Şurası, audit, büdcə komitəsinin formalaşması və s. bizim ali təhsil sistemində analoqu olmayan hallardır. Lakin aparıcı və yaxud regionumuzda fəaliyyət göstərən uğurlu universitetlərə baxdıqda sınaqdan keçmiş, müasir idarəetmə formasını özündə cəmləşdirən müstəvi seçilməlidir. Təbii ki, hər bir ali təhsil müəssisəsinin uğurlu fəaliyyəti üçün əsas amillər mühit, idarəetmə və insan kapitalının keyfiyyətidir. Azərbaycan universitetlərində qeyd olunan parametrləri təhlil etmək üçün bir sıra məsələlərin üzərində daha detallı durmaq məqsədəuyğun olardı. Bunlara ali təhsilin beynəlmiləlləşməsi, mobillik, inklüzivlik, ömür boyu təhsil, fənlərarası əməkdaşlıq, elm, təhsil və innovasiya arasında sinerji və məzunların iş tapma imkanlarını aid etmək olar.
Bildiyimiz kimi, 1999-cu ildə 29 Avropa ölkəsini təmsil edən təhsil nazirləri tərəfindən imzalanan Bolonya bəyannaməsi ilə Avropa Ali Təhsil Məkanının (European Higher Education Area – EHEA) əsası qoyulmuşdur. Bolonya prosesi hazırda Azərbaycan da daxil olmaqla 48 Avropa ölkəsini, 4000 ali təhsil müəssisəsini və 37 milyon tələbəni əhatə edir [11; 2].
Yəni dünyada təhsilin müddəti ilə yanaşı, müxtəlif yaşlarda bu prosesə qoşulanların da miqyası genişlənir. “Bolonya Prosesi İcra Hesabatı - 2018” sənədində qeyd olunur ki, 2009/2010-cu tədris ili ilə müqayisədə 2014/2015-ci tədris ilində Azərbaycanda tələbələrin sayı 13% artıb. Lakin 18-34 yaşlı insanların ali təhsilə cəlb olunması göstəricisi 2008/2009-cu tədris ilindəki 5.5%-dən 2014/2015-ci tədris ilində 5.1%-ə enib. Avropa ali təhsil məkanı ilə müqayisədə Azərbaycanda magistratura səviyyəsində təhsil alan tələbələrin ümumi tələbə sayında xüsusi çəkisi 10%-dən aşağıdır. Bu göstərici bir sıra ölkələrdə 30%-dən yuxarıdır. Belə ki, 2014/2015-ci tədris ilində Azəbaycanda tələbələrin 70.4%-i bakalavriat səviyyəsində, 9.2%-i magistratura səviyyəsində, 1.4%-i doktorantura səviyyəsində və 19.0%-i orta ixtisas təhsili pilləsində təhsil alıb [11].
Azərbaycanda ali təhsilli insanların xüsusi çəkisi 25-34 yaşlılar üzrə 25.95% və 55-64 yaşlılar üzrə 33.2% olduğu halda, Avropa Ali Təhsil Məkanı üzrə orta göstərici müvafiq olaraq 40.9% və 23.4% təşkil edir. Məsələyə Azərbaycanda əməyin gələcəyi konsepsiyasından baxsaq aşağıda qeyd olunan prioritetlər vacib görünür.
Buradan görünən odur ki, əmək bazarının mövcud tələbləri təhsil sisteminin inkişaf edən iqtisadiyyatın, işəgötürənlərin tələbatına uyğunlaşdırılmasını əsas prioritet hesab edir. Məsələyə proqnostik yanaşsaq görərik ki, əgər 2018-ci ildə ölkədə 0-19 yaşlı gənclər ümumi əhalinin 30%-ə yaxınını təşkil edirdisə, 2050-ci ildə bu nisbət 22,4 % olacaq. Yaxud da 20-64 yaş aralığındakı nisbətin 64,2 %-dən 55,9 %-ə enməsi gözlənilir. Eləcə də 65 yaşdan yuxarı yaşlı əhalinin nisbətinin yaxın 25 ildə 6,2 %-dən 21 %-dək yüksəlməsi gözlənilir. Bütün bunlar yaxın gələcəkdə yeni təhsil platformalarının tətbiqini gözdən keçirməyi tələb edir.
 
Nəticə 
 
Avropa Ali Təhsil Məkanına inteqrasiya ilə bağlı əsas çağırışları nəzərə alaraq aşağıdakıların Azərbaycanın ali təhsil müəssisələrinin fəaliyyətində təsbit olunması tövsiyə edilir:
- Tələbələrin və akademik heyətin mobilliyinin (ölkədaxili və ölkəxarici) asanlaşdırılması və mobilliyin təşviq edilməsi;
- Məzunların işlə təmin olunması ilə bağlı tədbirlərin səmərəliliyinin artırılması;
- ATM-lərin beynəlmiləlləşməsi strategiyasının hazırlanması;
Bütün bunlar qlobal təhsil viziyonunun tərkib hissəsi olmaqla Azərbaycanın ali təhsil sferasında çərçivənin müəyyənləşdirilməsində mühüm addımlar olmaqla transformasiya prosesində sistemyaradıcı funksiya rolunu oynayır. Belə ki, universitet strateji seçimlər üçün ümumi çərçivəni müəyyənləşdirən missiya və gələcəyə baxış platformasına malik olmalı, tədris prosesində qlobal əmək bazarının tələbləri nəzərə alınmalı, beynəlxalq mobillik, müəllim-professor heyətinin kompetensiyalarının yaxşılaşdırılması əsas prinsiplərdən olmaqla çağdaş təhsil fəlsəfəsinin nüvəsini təşkil etməlidir.
 
İstifadə edilmiş ədəbiyyat:
Azərbaycan dilində:
1. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı. /Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmişdir. - http://edu.gov.az/upload/file/tehsilin_inkisafi_uzre_dovlet_strategiyasi_fealiyyet_plani.pdf 
2. “Bolonya Prosesi İcra Hesabatı - 2018” sənədi.
3. “Təhsil haqqında” Qanuna dəyişikliklər qəbul olunub. /06.07.2018/ - https://edu.gov.az/az/page/9/15201
4. Yuval Noah Harari. XXI əsr üçün 21 dərs. Bakı: Qanun, 2016, 360 s.
 
Rus dilində:
5. Бегалинова К.К., Ашилова М.С., Бегалинов А.С. Эволюция системы образования: Куда ведет прогресс? // Философия oбразования, 2018, №74, вып.1, с.18-24.
6. Технологии развития человека; образование, работа, жизнь. // Ведомости Talenttech,  № 10(30)10.09.2018, стр 2-4. - https://cdn.vdmsti.ru/application/2018/71/1y5ys/original-2ix.pdf
7. Цыцарев А.А. О некоторых вызовах и перспективах образования в современном техногенном обществе.  // Философия oбразования, 2018, №74, вып.1, с.63-70
 
İngilis dilində:
8. Children in Singapore will no longer be ranked by exam results. Here's why. /11.10.2018/ - https://www.weforum.org/agenda/2018/10/singapore-has-abolished-school-exam-rankings-here-s-why
9. Knowmad Society: The future belongs to nerds, geeks, makers, dreamers, and knowmads. -  https://www2.educationfutures.com/knowmad
10. Nissbaum M. Not. For Profit: Why democrasy needs the Humanities. Princeton university press, 2010, 158 p.
11. The European Higher Education Area in 2018, Bologna process Implementation report. Luxembourg: Publications office of the Euoropean Union, 2018. 
12. Why schools should teach the curriculum of the future, not the past. /17.09.2018/ -https://www.weforum.org/agenda/2018/09/why-schools-should-teach-the-curriculum-of-the-future-not-the-past/
 
Casaret Valehov
Azerbaijan`s higher education system at the stage of new changes
 
Metachanges that are and will be happening in the 21st century promise both never-existing opportunities for the formation of the modern world and a new human being, as well as uncertainties with the boundless speed of technological progress. Among the values, which were passed from the 20th to the 21st century it is important to concentrate – from the educational point of view – on globalization, multi-language and multi-cultural aspects, eternal education, learning instead of teaching and learner-centered education. In addition, it is important to re-consider the factor of the three main notions – economy, population and democracy – in terms of the changing characteristics of the modern industrial society because of the old, but changing conditions. In the aforementioned education, future-concentrated requirements are values that can be measured in the context of the new education paradigm and global educational tendencies. 
 
Джасарет Валехов
Азербайджанская система высшего образования на стадии новых изменений 
 
Метаизменения, уже  существующие и которые еще будут появляться  в XXI веке, с целью формирования нового мира и нового человека, обещают как беспрецедентные возможности, так и неопределенности со скоростью технологического развития. 
Среди ценностей, переданных из XX столетия в XXI, в особенности с точки зрения образования - глобализация, многоязычность и мультикультурализм, непрерывное образование, дистанционное образование, многоканальное образование, саморазвитие на смену обучения или детальное рассмотрение обучающего центра образования - являются очень важными подходами.  
В дополнение к этому, пусть и не по причине  новых, но в силу видоизменяющихся условий, существует три понятия, способных в будущем повлиять на социум, среди которых  - экономика, население и демократический фактор, которые также с точки зрения  современной эпохи следует заново переосмыслить. 
По сути,  в рамках целей на будущее, парадигмы нового образования и глобальные тренды являются основными вызовами современной стадии. 
 
Məqalə redaksiyaya daxil olmuşdur:  10.11.2018
Təkrar işləməyə göndərilmişdir:  24.11.2018
Çapa qəbul edilmişdir:  02.12.2018
© 2011-2019. Müəlliflik hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qorunur. Bütün hüquqlar "Strateji təhlil" jurnalına aiddir. Məlumatlardan istifadə edərkən stj.sam.az saytına istinad zəruridir.