Məqalələr

Multikultural dəyərlərin formalaşmasında “özgə” anlayışı Проблемы мультикультурализма, современные подходы и опыт Азербайджана Политика Великобритании накануне и в ходе второй русско-иранской войны (1826-1828) Terrorizmin mahiyyəti və Avropada miqrasiya problemi: reallıqla həyata keçirilən tədbirlər arasındakı ziddiyyət Проблема региональной безопасности на Южном Кавказе в современных условиях Стратегическое партнерство в мировой политике Beynəlxalq münaqişələrin qarşısının alınmasında "Azərbaycan multikulturalizmi" modelinin əhəmiyyəti və imkanları Azərbaycan Respublikasının Almaniya Federativ Respublikası ilə elm və təhsil sahəsində əməkdaşlığı Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli və dayanıqlı inkişafında strateji yol xəritələrinin rolu Müasir şəraitdə qeyri-qanuni beynəlxalq miqrasiya və onunla mübarizə GUAM-ın beynəlxalq hüquq subyektliyi Dövlət informasiya siyasəti: klassik yanaşmalar, müasir konseptlər Информационная безопасность в системе глобального информационного пространства Milli mənəvi dəyərlərin qorunmasında Heydər Əliyevin rolu: medianın dəstəyi və qiymətləndirməsi prizmasında О некоторых аспектах национальной политики Российской империи в Северном Азербайджане XIX əsrdə Azərbaycanda fəlsəfi fikrin inkişafına təsir edən ictimai-siyasi və mədəni amillər Структура и руководство Центрального Комитета Компартии Азербайджанской ССР в 20-30-е гг. ХХ века Езиды в Армении Səlcuq yürüşləri dövründə Şəki çarlığı Tam siyahı

Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli və dayanıqlı inkişafında strateji yol xəritələrinin rolu

Müəllif: Strateji Tehlil Jurnali

baxılıb: 815

Dek 21, 2017 - 3:12

Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli və dayanıqlı inkişafında
strateji yol xəritələrinin rolu

 

Ramil HÜSEYN

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri, 
iqtisad üzrə fəlsəfə doktoru, dosent

ramil.huseyn@ereforms.org

 

 

Açar sözlər: strateji yol xəritəsi, strateji idarəetmə, rəqabət qabiliyyəti, dayanıqlı inkişaf, qeyri-neft sektoru, iqtisadi islahat

Key words:  strategic roadmap, strategic management, competitiveness, sustainable development, non-oil sector, economic reform

Ключевые слова: стратегическая дорожная карта, стратегический менеджмент, конкурентоспособность, устойчивое развитие, ненефтяной сектор, экономическая реформа

 

Giriş
 
2014-cü ilin sonlarından etibarən dünya bazarlarında neftin qiymətinin ucuzlaşmasının mənfi təsirləri bir müddət sonra Azərbaycan iqtisadiyyatında müşahidə edilməyə başlamışdır. Belə ki, Azərbaycanın xarici valyuta gəlirlərinin azalması müşahidə olunmuş, ABŞ dollarının məzənnəsi milli valyutaya qarşı iki dəfəyə yaxın bahalaşmış, maliyyə sabitliyinin təmini üzrə bir sıra risklər formalaşmış, dövlət borcunun ödənilməsi üzrə fiskal yük artmışdır.
Bu da son 10 il ərzində reallaşdırılmış iqtisadi artım modelinin maliyyələşdirilməsi imkanlarını məhdudlaşdırmışdır. Neft gəlirlərinin azalması da öz növbəsində yeni iqtisadi artım yanaşmasına transformasiya zərurətini daha da gücləndirmişdir [1]. 
Dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın təsirini minimuma endirmək məqsədilə ölkəmizdə elmi cəhətdən əsaslandırılmış sistemli iqtisadi islahatlar həyata keçirilməyə başlanılmışdır. Ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli Sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edilmişdir. Bu sərəncama uyğun olaraq, milli iqtisadiyyat və 11 sektor üzrə strateji yol xəritələri hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 06 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Məhz bu məqalədə də strateji yol xəritələrinin ölkə iqtisadiyyatının rəqabətqabiliyyətli və dayanıqlı inkişafının təmin edilməsindəki təsiri qiymətləndirilir. Həmçinin strateji idarəetmə mexanizminin təkmilləşdirilməsində yol xəritələrinin rolu ilə bağlı müvafiq təkliflər də verirlir.
 
1. Azərbaycandakı iqtisadi islahatların əsas istiqamətləri
 
Son 2 ildə Azərbaycanda iqtisadi aktivliyin bərpa edilməsi məqsədilə iqtisadi siyasətin daha da təkmilləşdirilməsi, institusional islahatların sürətləndirilməsi istiqamətində fəaliyyət dərinləşdirilmişdir. İqtisadiyyatın inkişafı, investisiya və biznes mühitinin yaxşılaşdırılması, sahibkarlar üçün əlverişli imkanların yaradılması və dövlət dəstəyinin gücləndirilməsi, qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi istiqamətində bir sıra mühüm tədbirlər reallaşdırılmışdır. 
Nəticədə biznes mühitinin yaxşılaşdırılması, lisenziya tələb olunan fəaliyyət növlərinin sayının 59-dan 37-yə, sahibkarlıq fəaliyyəti növlərinə verilən icazələrin sayının isə təqribən 4 dəfə azaldılaraq 330-dan 87-ə endirilməsi ilə bağlı mühüm qərarlar qəbul olunmuşdur [9]. 
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, 01 noyabr 2015-ci il tarixindən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılmışdır. 2017-ci ilin oktyabr ayında isə yoxlamaların dayandırılması ilə bağlı müddət 2021-ci ilə kimi uzadılmışdır. 
Azərbaycan Respublikasının Prezidentinin 21 may 2016-cı il tarixli Fərmanına uyğun olaraq Dövlət Gömrük Komitəsi tərəfindən “Yaşıl dəhliz” və digər buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastruktur yaradılmışdır. İxracatçılar 2016-cı il 1 avqust tarixindən etibarən “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə etmək imkanı qazanmışlar. Ölkədə vergi sahəsində islahatlar aparılmışdır. Həmçinin 2017-ci ilin yanvar ayında "Dövlət satınalmaları haqqında" Qanuna edilmiş dəyişikliyə əsasən, yerli şirkətlərə 20 faizlik güzəşt tətbiq edilmişdir. 
Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2016-cı il tarixli “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı investisiya fəaliyyətinin genişləndirilməsi sahəsində mühüm əhəmiyyətə malikdir.  2016-cı ilin aprel ayının 20-də Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" təsdiq edilmişdir. İnvestisiya təşviqi sənədini almış sahibkarlar mənfəət və gəlirin 50 faizinin vergisindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə idxalda ƏDV-dən və idxal rüsumlarından 7 il müddətinə azad edilmişdir. 
Eyni zamanda Prezidentin 1 mart 2016-cı il tarixli “Qeyri-neft ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı qeyri-neft sektorunun inkişafına və ölkənin iqtisadi potensialının gücləndirilməsinə xidmət edir. Qeyd edilənlərlə yanaşı, Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması, «Tax free» sisteminin tətbiqi, bəzi məhsulların idxal rüsumlarının artırılması, idxal edilən xammallarda isə rüsumların azaldılması da mühüm islahat tədbirlərindəndir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2017-ci il tarixli 134 saylı qərarı ilə “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişikliklərə əsasən isə ixrac prosesi daha da sadələşdirilmişdir [12]. 
Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli Sərəncamı ilə sahibkarlıq sahəsində son illər ərzində nail olunmuş sürətli inkişafın davamlılığının təmin edilməsi və rəqabət qabiliyyətinin möhkəmləndirilməsi, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması məqsədi ilə Komissiya və Komissiyanın Katibliyinin yaradılması, ölkədə makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi məqsədilə Maliyyə Sabitliyi Şurasının, Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılmasının da əhəmiyyəti böyükdür.
 Ölkədə aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqsədi ilə 2016-cı ilin aprel ayında İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin yaradılması da xüsusi olaraq qeyd edilməlidir.
Yuxarıda göstərilənlərlə yanaşı, turizmin inkişafı, Mənzil İnşaatı Dövlət Agentliyi, ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət ehtiyacları üçün satınalınması, dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi və bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi, metallurgiya kompleksində sağlamlaşdırma, korporativ idarəetmə standartlarının tətbiqi və s. sahələrdə də islahatlar aparılmışdır. 
Mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, dövlət mülkiyyətində olan və paylarının nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balansına götürülmüş əmlakın daha səmərəli idarə olunması məqsədi ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi üçün “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” ASC-nin yaradılması da islahatların tərkib hissəsidir. Artıq sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi və hesablanmış faizlərə görə subsidiya verilməsi istiqamətində ciddi işlər görülmüşdür.
İslahatların davamı olaraq Qida Təhlükəsizliyi Agentliyi yaradılmışdır. Aqrar sahənin inkişafını sürətləndirmək üçün “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”, "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” və "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” qəbul olunmuşdur. Artıq ölkədə iqtisadi strateji planların, dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin hazırlanması zamanı strateji yol xəritələrinin müddəaları rəhbər tutulur.
 
2. Strateji yol xəritələri Azərbaycan iqtisadiyyatına nə vəd edir? 
 
Strateji yol xəritələri Azərbaycanda davamlı iqtisadi islahat prosesinin bir tərkib hissəsi kimi dizayn olunmuş və ona görə də öncədən başlanan işlər də yol xəritələri çərçivəsində davam etdirilir. Starteji Yol Xəritəsinin 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış sosial rifah halının yaxşılaşdırılmasını və insan inkişafı indeksinin ən yüksək həddə çatdırılmasını təmin edən və yüksək texnoloji inkişafa və iqtisadiyyatın optimal strukturuna əsaslanan güclü rəqabətqabiliyyətli və inklüziv iqtisadiyyat qurmağı nəzərdə tutur.
Yəni Starteji Yol Xəritəsi 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışın əsas sütunlarını güclü orta təbəqə, rəqabət üstünlüyü olan sahələrdə dərin ixtisaslaşma, dünya iqtisadiyyatı ilə effektiv inteqrasiya, milli iqtisadi təhlükəsizliyin təmin edilməsi və inkişaf etmiş infrastruktur təşkil edəcəkdir [1].
Həmçinin Strateji Yol Xəritəsi 2025-ci ilə qədər ÜDM-də 3 faizdən çox orta illik real artım və əlavə olaraq da 450 mindən çox yeni iş yerinin yaradılmasını nəzərdə tutur. Buna nail olmaq üçün isə ticari mal və xidmətlər sektorunda, məsələn, istehsal və ya turizm sektorlarında 2025-ci ilə qədər 150 min əlavə iş yerinin yaradılacağı proqnozlaşdırılır. Həmçinin ölkənin regionları üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda 20 min yeni iş yeri açılacaqdır [2]. Ağır sənaye və maşınqayırma sahəsində 7700 daimi yeni iş yeri yaradılacaq, yeni dəmir filizi çıxarma və polad emalı zavodu tikiləcək [4]. Kiçik və orta sahibkarlığın ÜDM-də payının 15 faizə, məşğulluqda 20 faizə,  qeyri-neft ixracında 10 faizə çatdırılması proqnozlaşdırılır [3].
2025-ci ildən sonrakı dövr üçün Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdiyi 20 turizm məkanından birinə çevirmək istiqamətində iş aparılacaq [5].
2020-ci ilədək nəzərdə tutulmuş prioritetlərin yerinə yetirilməsi üçün iqtisadiyyata təxminən 27 milyard manat investisiya qoyuluşunun tələb ediləcəyi proqnozlaşdırılır [1].
Qeyd edək ki, ölkədə həyata keçirilən iqtsadi islahatların və strateji yol xəritələrin icrasının müsbət nəticələri də görünməkdədir. Artıq Dünya İqtisadi Forumunun "2017-2018 - Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan iki pillə irəliləyərək 137 ölkə arasında 35-ci yerdə qərarlaşmışdır [10]. Eyni zamanda, Dünya Bankı tərəfindən hazırlanan “Doing Business -  2018” hesabatında Azərbaycan daha 8 pillə irəliləyərək 190 ölkə arasında 65-ci pillədən 57-ci yerə yüksəlməyə nail olmuşdur [11]. Azərbaycan bu hesabat üzrə 8 pillə irəliləməklə yanaşı, Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri kimi müəyyənləşdirilmişdir.
Ümumi şəkildə qeyd etsək, "Doing Business - 2018" hesabatında Azərbaycanın mövqeyi 10 indikatordan altı indikator üzrə gücləndirilmişdir. “Qlobal rəqabətlilik” hesabatı üzrə də oxşar tendensiya müşahidə olunmaqdadır. Belə ki, builki hesabat üzrə Azərbaycan 12 indikator göstəricisindən 9-u üzrə öz mövqeyini daha da yaxşılaşdıra bilmişdir. Bunlar arasında xüsusi olaraq vurğulanmalı məsələlərdən biri hesabat çərçivəsində təqdim edilmiş qlobal çağırışlardan biri olaraq dünya ölkələrində institusional struktur islahatlarının həyata keçirilməsi zamanı müşahidə olunan çətinliklərdir. Bu göstərici üzrə Azərbaycanın mövqeyi 15 pillə irəliləmiş və ölkəmiz 33-cü  yerdə qərarlaşmışdır. 
Ümumiyyətlə isə yuxarıdakıları nəzərə alaraq, qeyd edə bilərik ki, ölkəmizdə iqtisadi islahatlar dönməz və sistemli xarakter almışdır. Bunun nəticəsi olaraq qarşıdakı illərdə iqtisadi islahatların qeyri-neft sektoruna və qeyri-neft ixracının artmasına böyük təsiri olacaqdır.
 
3. İqtisadi islahatların qeyri-neft sektoruna və qeyri-neft ixracının artmasına təsiri
 
Azərbaycanda həyata keçirilən iqtisadi islahatların ilkin nəticəsi olaraq, 2017-ci ilin 9 ayı ərzində qeyri-neft sektorunda 2,5 faiz artım baş vermişdir. Xüsusən də qeyri-neft sektorunun sənaye hissəsi 9 ayda 3,1 faiz, kənd təsərrüfatı 2,8 faiz artmışdır [7]. Qeyri-neft sektoru üzrə ixrac isə 2017-ci ilin 9 ayı ərzində 1 milyard 69 milyon ABŞ dolları həcmində olmuş və bu ixrac əməliyyatlarında 1582 subyekt iştirak etmişdir [13]. Bu da 2016-cı ilin yanvar-sentyabr aylarına nisbətən faktiki qiymətlərlə 26,9 faiz, real ifadədə isə 24,4 faiz çoxdur [8]. Ümumilikdə isə xarici ticarət dövriyyəmiz 7 faiz artmışdır.
Məlumat üçün bildirək ki, strateji yol xəritələrində qeyri-neft ixracının artmasına böyük töhfə verən tədbirlər əksini tapmışdır. Bu sənəddə vurğulanır ki, qeyri-neft sektoru üzrə ixracın 2015-ci ildəki adambaşına 170 ABŞ dollarından 2025-ci ildə ən azı 450 ABŞ dollarına qaldırılması istiqamətində iş aparılacaqdır. Yol xəritəsində göstərilirdi ki, Azərbaycanın əhatəsində toplam ÜDM 3 trln. dollara və əhalisi 300 mln. nəfərə çatan üç böyük bazar var - Rusiya, Türkiyə, İran. Radiusu bir az da genişləndirsək, daha böyük bazara - Çin, Avropa İttifaqı və Körfəz ölkələrinə çıxa bilərik. Bu bazarın ümumi həcmi artıq 30 trln. dollardır [1]. Bu bazarlara çıxmaq istiqamətində kompleks iş aparılır və  “Made in Azerbaijan” brendinin təbliği gücləndirilir. Bu baxımdan Prezidentin 2016-cı il 21 sentyabr tarixli "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" Sərəncamına uyğun olaraq  Azərbaycan Respublikasında istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən Azexport.az internet portalının yaradılması müsbət haldır. Bu portal yerli və xarici alıcılara onlayn ödəniş imkanları verir və logistika şirkətləri də Azexport.az-a inteqrasiya edilib. Yəni sahibkarlar istehsal etdikləri məhsulları portalın imkanlarından istifadə etməklə daxili və xarici bazarda sata bilərlər.
Eyni zamanda Azexport.az portalı Alibaba.com, All.biz və dünyanın digər tanınmış onlayın ticarət platformalarına da inteqrasiya olunmuşdur. Azexport.az portalının yaratdığı unikal imkan nəticəsində isə yerli sahibkarlar heç bir vəsait ödəmədən Alibaba.com, All.biz, Amazon.com kimi portalların da imkanlarından istifadə edərək məhsullarını dünyanın bütün guşələrindəki müştərilərə təqdim edirlər. Bu isə “Made in Azerbaijan” brendinin təşviqi və sahibkarların ixrac potensialının artırılması baxımından ən əhəmiyyətli dövlət dəstəyi mexanizmlərindən biridir. Bu dəstək nəticəsində 2017-ci ilin 9 ayı ərzində Azərbaycan mallarına 355 milyon ABŞ dolları dəyərində ixrac sifarişinin daxil olması da nəticələrin müsbət olduğunun göstəricisidir [14]. Azexport.az portalı həm də ölkəmizdə rəqəmsal marketinqin inkişafına töhfə verir. Belə ki, 2017-ci ilin 9 ayı ərzində Azexport.az portalı vasitəsi ilə “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullara 450 mindən çox baxış olmuşdur. Qeyd edək ki, “Made in Azerbaijan” brendinin az xərclə daha çox təbliğ edilməsi baxımından bu portal uğurlu seçimdir. Belə ki, müqayisə üçün qeyd edək ki, hətta ən tanınmış sərgilərə belə qatılmaqla bu kimi nəticəyə nail olmaq çətindir. 2017-ci ildə  Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Gulfood 2017” sərgisini cəmi 95 min nəfərin, Almaniyanın Düsseldorf şəhərində keçirilən “Prowein” sərgisini isə 59 min nəfərin ziyarət etdiyi bildirilir.  Bu halda, ümumi ziyarətçilərin müəyyən bir hissəsi konkret bir ölkənin stendinə baxır. Belə sərgilərdə iştirak etmək bütün şirkətlər üçün də əlçatan deyil. Çünki bu, kifayət qədər vəsait və aylarla hazırlıq tələb edir.
Həmçinin  Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 fevral tarixli Fərmanına uyğun olaraq “Bir pəncərə”  İxraca Dəstək Mərkəzi yaradılmışdır. Mərkəz ixracla bağlı icazələrin alanması zamanı yarana biləcək hər hansı bir problemi aradan qaldırmağa, dövlət qurumları tərəfindən icazələrin verilməsi prosesində tələb olunan sənədləşmə ilə bağlı təkrarçılığı aradan qaldırmağa, məmurların ixracatçıların sənədləşmə prosesinə sərf etdikləri əməklərinə və vaxtlarına qənaət etməyə, xidmətin keyfiyyətini yüksəltməyə, ixracatçıların fasiləsiz informasiya tələbatını ödəməyə xidmət edəcəkdir.
 “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində “bir pəncərə” prinsipi əsasında ixracla bağlı bütün sertifikatların və şəhadətnamələrin verilməsi təmin edilmişdir. Eyni zamanda sahibkarlar bu xidmətlərdən onlayn şəkildə də yaralana bilərlər. 
Hazırda qeyri-neft ixtacının şaxələndirilməsi də qarşıda duran ən mühüm məsələlərdən biridir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2017-ci ilin 9 ayı ərzində qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında Rusiya liderliyi qorumuşdur. 2017-ci ilin 9 ayı ərzində bu ölkəyə 366 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac olunmuşdur. Növbəti yerləri isə Türkiyə (223 milyon ABŞ dolları), Gürcüstan (99 milyon ABŞ dolları), İsveçrə (98 milyon ABŞ dolları) və Türkmənistan (44 milyon ABŞ dolları) bölüşür. 2017-ci ilin 9 ayı ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında pomidor (tomat) birinciliyini qorumuşdur (128.8 milyon ABŞ dolları). Bu siyahıda ikinci yeri qızıl (81.4 milyon ABŞ dolları), üçüncü yeri isə qabığı təmizlənmiş meşə fındığı (62 milyon ABŞ dolları) tutmuşdur. 2017-ci ilin 9 ayı ərzində meyvə-tərəvəz ixracı 307 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 87 milyon, plastmas və ondan hazırlanan məmulatların ixracı 78 milyon, qara metal və ondan hazırlanan məmulatların ixracı 61 milyon, kimya sənayesi məhsullarının ixracı 58 milyon ABŞ dolları təşkil etmişdir.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 9 ayı ərzində pambıq lifinin ixracı 8.5 dəfə, elektrik enerjisinin ixracı 2.8 dəfə, çayın ixracı 62 faiz, meyvə-tərəvəzin ixracı 41 faiz, spirtli və spirtsiz içkilərin ixracı 28 faiz, kimya sənayesi məhsullarının ixracı 25 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 22 faiz, bitki və heyvan mənşəli piylərin və yağların ixracı 17 faiz, plastmas və ondan hazırlanan məmulatların ixracı 10 faiz artmışdır [13].
Ümumiyyətlə, qeyri-neft sektorunun inkişafı və ixracın artımı, Azərbaycanın mövqeyinin dünyanın ən mötəbər reytinqlərində yaxşılaşması onu göstərir ki, strateji yol xəritəsinin icrası öz müsbət nəticələrini verir. Eyni zamanda, strateji yol xəritələrinin icrası, monitorinq və qiymətləndirmə mexanizminin qurulması, nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə icrası üçün bütün resursların mobilizasiya edilməsi ölkədə strateji idarəetmənin tətbiqinin göstəricisidir. 
 
4. Strateji yol xəritələri strateji idarəetməni gücləndirəcək
 
İqtisadi inkişafın hazırkı mərhələsində dayanıqlı inkişafın təmin edilməsi strateji idarəetmənin uğurlu tətbiqindən birbaşa asılıdır.  Strateji yol xəritələrinin uğuru həm də ölkədə strateji idarəetmənin güclənməsi ilə birbaşa bağlıdır. Strateji menecment idarəetmə sistemi ətrafında baş verən dəyişikliklərə uyğunlaşma, inkisafin proqnozlaşdırılması və planlaşdırılması, fəaliyyətə nəzarət edilməsi prosesidir. Onun əsas ağırlıq mərkəzində gözlənilən uğur və gəlirlərin qabaqcadan hesablanması deyil, mühitin özündə baş verən dəyişikliklərə çevik reaksiya vermək qabiliyyəti, həmin dəyişikliklərin dəyərləndirilməsi və fəaliyyət proqramında öz əksini tapması durur. 
Strateji menecmenti dəqiq başa düşmək üçün məsələyə differensial yanaşmaq lazım gəlir. Bu baxımdan bizim də strateji menecmentin tarixi inkişaf aspektlərinə diqqət yetirməyimiz məqsədəuyğun olardı.
Bildiyimiz kimi, iqtisadi münasibətlər sistemi müəyyən daxili tarazlıq elementlərinə malikdir. Bu elementlər – rıçaqlar iqtisadi təlatümlər zamanı qoruyucu funksiya yerinə yetirir. Əgər uzunmüddətli planlaşdırma – bunu biz strateji planlaşdırma da adlandıra bilərik - yoxdursa, onda bu o deməkdir ki, cari rentaya yönəldilmiş siyasət nə vaxtsa iqtisadi kollapsla nəticələnəcəkdir.
Ötən əsrin 70-ci illərinin sonu, 80-ci illərinin əvvəllərində gələcəyin heç də asanlıqla proqnozlaşdırıla bilmədiyi bir zamanda, təbii ki, yeni yanaşmalar, metodlar və idarəetmə üsullarına ehtiyac yaranmışdı. Ona görə də strateji planlaşdırma anlayışının həmin zaman kəsiyində meydana gəlməsində təəccüblü bir şey yoxdur [6]. Artıq gələcək keçmişin bir az modernləşmiş inikasından ibarət deyil və sahibkarlığın inkişafı yolunda hər cür gözlənilməzliklərin meydana gəlməsi mümkündür. Artan diversifikasiya, bir-birindən fərqlənən inkişaf proqramları, zamanın ritmindən asılı olaraq çevik qərarların qəbul edilməsi strateji planlaşdırmanın əsas determinantları sayılır. 
Strateji planlaşdırmanın əsas məqsədi uzun gələcək üçün nəzərdə tutulmuş strateji fəaliyyət planının hazırlanması və həyata keçirilməsindən ibarətdir. Strateji planlaşdırmanın əsas mahiyyəti nəticəyə yönəlmiş addımlar seriyasını özündə birləşdirməsidir. Strateji planlaşdırmanın uzunmüddətli planaalmaya nisbətən ictimai üstünlüklərinə baxmayaraq, bu yeni planlaşdırma sistemində də xeyli çatışmazlıqlar mövcudur. Bunun asağıdakı bir sıra səbəbləri vardır:
- strateji planlaşdırma bir çox hallarda formal xarakter daşıyır, onun nəticələri bir qayda olaraq makulaturadan başqa bir şeyə yaramır;
- strateji planlaşdırma bir qayda olaraq “yuxarılar”ın qərargah oyununa çevrilmişdir, əksər hallarda “asağılar”ın ondan xəbəri olmur;
- bəzən kənar təsirlər strateji planlaşdırmanın proqnozlarını heçə endirir və s.
Bütün bu çatışmazlıqların nəticəsi olaraq 90-cı illərin əvvəllərində strateji planlaşdırma daha yeni və əhatəli bir konseptual yanaşma ilə - strateji menecmentlə əvəzlənməyə başlandı. Strateji menecmenti strateji planlaşdırmadan fərqləndirən əsas əlamətlər onun bir sıra yeni elementlərə malik olmasıdır. Bu elementləri asağıdakı kimi sıralamaq olar:
- yeni strateji düşüncə tərzi formalaşır;
- strateji inkişaf üçün cavabdeh olan “yuxarılar” nəzərdə tutulan planları “aşağılar”la bölüşür;
- dəyişikliklər üçün nəzərdə tutulan təşkilati qabiliyyətlər inkişaf etdirilir;
- sahibkarlıq mədəniyyəti gələcək planların qarantı rolunu oynayır;
- sahibkarlıq mühiti elə bir kontekst əldə edir ki, planlaşdırılmayan strategiyalar da üzə çıxır;
- dəyişikliklərin sistemli menecmenti transformasiya prosesini şərtləndirir;
- sahibkarlığın gələcək təsvirini vermək imkanı yaranır;
- strateji inkişafa nəzarətin instrumental imkanları genişləndirilir.
Yeri gəlmişkən qeyd edək ki, starteji yol xəritələrinin hazırlanması prosesinin özü də strateji menecmentin tələblərinə uyğun həyata keçirilmişdir. Belə ki, Bakıda və bölgələrdə  bütün maraqlı tərəflərin iştirakı və açıq ictimai müzakirələr aparılmaqla, həmçinin inklüzivlik təmin edilməklə qəbul olunmuşdur. Strateji Yol Xəritəsinin yazılmasında 400 nəfərə yaxın xarici və yerli ekspert birbaşa iştirak etmişdir. Bununla yanaşı, sənədin yazılması üçün 4 min nəfərlə 150-yə yaxın görüş keçirilmişdir. Yəni strateji yol xəritələrinin yazılması zamanı strateji inkişaf üçün cavabdeh olan “yuxarılar” nəzərdə tutulan planları “aşağılar”la tam bölüşmüşlər.
Yekun olaraq deyə bilərik ki, strateji menecment sadəcə planlaşdırma, icra və nəzarət prosesi deyil, həmçinin ağıl və davranışın vəhdətidir.  Strateji menecment sizdən gələcəyi düşünən, daha fəal, qabaqlayıcı, hara getdiyini və ora necə getməyi dəqiq bilən biri olmağı tələb edir. Onun üçün də strateji yol xəritələrinin strateji idarəetmə fəlsəfəsinə əsaslanaraq hazırlanması doğru qərardır.
 
Nəticə
 
Azərbaycanın mövqeyinin dünyanın ən mötəbər reytinqlərində irəliləməsi, qeyri-neft sektorunun inkişafı, qeyri-neft ixracının artımı onu göstərir ki, Strateji Yol Xəritəsinin icrası öz müsbət nəticələrini verir. Faktiki olaraq dünyanın iki ən nüfuzlu iqtisadi yönümlü hesabatında Azərbaycanın irəliləməsi ölkəmizdə aparılan iqtisadi islahatlara verilən qiymətdir. Eyni zamanda strateji yol xəritələrinin icrası, monitorinq və qiymətləndirmə mexanizminin qurulması, nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə icrası üçün bütün resursların mobilizasiya edilməsi ölkədə strateji idarəetmənin güclənməsinin göstəricisidir. Bu həm də iqtisadi islahatların dönməz və sistemli xarakter almasının təsdiqidir. Artıq demək olar ki,  strateji yol xəritələrinin icrası nəticəsində iqtisadiyyatın strukturunda qeyri-ticari bölməyə nisbətən ticari bölmənin, hasilata nisbətən emalın, dövlət sahibkarlığına nisbətən özəl sahibkarlığın, aşağı texnologiya tutumlu sektorlara nisbətən yüksək texnologiyalara əsaslanan sektorların daha üstün artımına nail olunması istiqamətində uğurlar əldə olunacaqdır. 2017-ci ildə qeyri-neft ixracının artımı onu göstərir ki, strateji yol xəritələrinin qeyri-neft ixracını 2025-ci ildə ən azı adambaşına 450 ABŞ dollarına qaldırılması hədəfi reallaşacaqdır. Çünki strateji idarəetmə uzunmüddətli inkişaf istiqamətlərini müəyyən eməyə tam imkan verir. Strateji idarəetmə fəlsəfəsinə əsaslanaraq hazırlanan strateji yol xəritələri ölkədəki iqtisadi islahatların hansı istiqamətdə getdiyini və hədəflərə necə nail olunacağını dəqiq proqnozlaşdırmışdır. 
Yekunda qeyd edə bilərik ki, strateji yol xəritələrində əksini tapan tədbirlərin icrası Azərbaycanda iqtisadiyyatın rəqabətqabiliyyətli və dayanıqlı inkişafına, ölkəyə investisiya axınına, qeyri-neft ixracının genişlənməsinə, yeni iş yerlərinin yaradılmasına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına müsbət təsir edəcəkdir. 
 
İstifadə edilmiş ədəbiyyat:
 
1. Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi. 
    /Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir/ - http://president.az/articles/21993
2. Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi. /Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir/- http://www.president.az/articles/22110
 3. Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi. /Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir/- http://president.az/articles/22197
4. Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi. /Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir/ - http://www.president.az/articles/22139 
 5. Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi. /Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir/ - http://www.president.az/articles/22134 
6. Hüseyn R.Z. Aqrar sahədə strateji menecmentin əhəmiyyəti. // Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun Elmi əsərləri. № 2, Bakı, 2016, s.19-24.
 
İnternet mənbələri:
 
7. http://president.az/articles/25478
8. www.stat.gov.az
9. www.economy.gov.az
10. http://reports.weforum.org/global-competitiveness-index-2017-2018/competitiveness-rankings/
11. http://www.doingbusiness.org/rankings
12. www.e-qanun.az
13. http://customs.gov.az/az/faydali/gomruk-statistikasi/
14. www.azexport.az
 
Ramil Huseyn
The role of strategic road maps in the competitive and sustainable 
development of the Azerbaijani economy
 
Azerbaijani economy has entered a qualitatively new stage since 2015. According to strategic challenge of the new era, the government of Azerbaijan has made the strategic decisions towards the regenerating the structure of the national economy and ensuring the transition to productivity-based improvement model. These decisions aim at  achieving the higher growth rate of commercial sector compared to the non-commercial sector, manufacturing compared to mineral production, private entrepreneurship compared to governmental entrepreneurship, high-tech sector compared to low tech-sectors  and ensuring the sustainable development in the structure of economy. In the article the economic reforms implemented in our republic and effects of accepted strategic road maps on the competitive and sustainable development of the Azerbaijani economy is analyzed. The author gives relevant suggestions related to the role of strategic roadmaps in improving the strategic management mechanism in the country.
 
Рамил Гусейн
Роль стратегических дорожных карт в конкурентоспособном 
и устойчивом развитии экономики Азербайджана
 
Экономика Азербайджана с 2015 года по качеству перешла на новый этап. Согласно стратегическому вызову новой эры, правительство Азербайджана приняло стратегические решения по восстановлению структуры национальной экономики и обеспечению перехода к модели улучшения производительности. Эти решения  направлены на достижение более высоких темпов роста и обеспечение устойчивого развития в структуре экономики  коммерческого сектора по сравнению с некоммерческим сектором,  производство по сравнению с добычей полезных ископаемых, частное предпринимательство по сравнению с государственным предпринимательством,  высокотехнологичные сектора по сравнению с секторами с низким уровнем развития. В статье анализируются экономические реформы, осуществляемые в нашей республике, и влияние принятых стратегических дорожных карт на конкурентоспособность и устойчивое развитие экономики Азербайджана. Автор дает соответствующие предложения, касающиеся роли стратегических дорожных карт в улучшении механизма стратегического управления в стране.
 
 
Məqalə redaksiyaya daxil olmuşdur:  14.11.2017
Təkrar işləməyə göndərilmişdir:  30.11.2017
Çapa qəbul edilmişdir:  04.12.2017

 

 

© 2011-2018. Müəlliflik hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qorunur. Bütün hüquqlar "Strateji təhlil" jurnalına aiddir. Məlumatlardan istifadə edərkən stj.sam.az saytına istinad zəruridir.