Məqalələr

Multikultural dəyərlərin formalaşmasında “özgə” anlayışı Проблемы мультикультурализма, современные подходы и опыт Азербайджана Политика Великобритании накануне и в ходе второй русско-иранской войны (1826-1828) Terrorizmin mahiyyəti və Avropada miqrasiya problemi: reallıqla həyata keçirilən tədbirlər arasındakı ziddiyyət Проблема региональной безопасности на Южном Кавказе в современных условиях Стратегическое партнерство в мировой политике Beynəlxalq münaqişələrin qarşısının alınmasında "Azərbaycan multikulturalizmi" modelinin əhəmiyyəti və imkanları Azərbaycan Respublikasının Almaniya Federativ Respublikası ilə elm və təhsil sahəsində əməkdaşlığı Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli və dayanıqlı inkişafında strateji yol xəritələrinin rolu Müasir şəraitdə qeyri-qanuni beynəlxalq miqrasiya və onunla mübarizə GUAM-ın beynəlxalq hüquq subyektliyi Dövlət informasiya siyasəti: klassik yanaşmalar, müasir konseptlər Информационная безопасность в системе глобального информационного пространства Milli mənəvi dəyərlərin qorunmasında Heydər Əliyevin rolu: medianın dəstəyi və qiymətləndirməsi prizmasında О некоторых аспектах национальной политики Российской империи в Северном Азербайджане XIX əsrdə Azərbaycanda fəlsəfi fikrin inkişafına təsir edən ictimai-siyasi və mədəni amillər Структура и руководство Центрального Комитета Компартии Азербайджанской ССР в 20-30-е гг. ХХ века Езиды в Армении Səlcuq yürüşləri dövründə Şəki çarlığı Tam siyahı

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikası ilə elm və təhsil sahəsində əməkdaşlığı

Müəllif: Strateji Tehlil Jurnali

baxılıb: 434

Dek 21, 2017 - 3:13

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikası ilə
elm və təhsil  sahəsində əməkdaşlığı

 

Sona MƏHƏRRƏMOVA

Sumqayıt Dövlət Universitetinin “Azərbaycan və Şərqi Avropa
xalqları tarixi” kafedrasının baş müəllimi, 
tarix üzrə fəlsəfə doktoru
 

maharramova_s@ gmail.com

 

Açar sözlər: təhsil, elm, texnologiya, təqaüd, akademik mübadilə, Azərbaycan Respublikası, Almaniya Federativ Respublikası

Key words: education, science, technology, scholarship, academic exchange, Republic of Azerbaijan, Federal Republic of Germany

Ключевые слова: образование, наука, технология, стипендия, академический обмен, Азербайджанская Республика, Федеративная  Республика Германия

 

 

Giriş
 
Elm və təhsilin inkişaf etdirilməsi, inkişaf etmiş ölkələrin bu sahədəki nailiyyətlərindən və təcrübəsindən istifadə olunması müstəqil Azərbaycanın təhsil sahəsində həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsini təşkil edir. Yüksək səviyyəli təhsilin dövlət quruculuğu üçün əhəmiyyətinə toxunan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etmişdir: “Mən əminəm ki, yüksək təhsil səviyyəsi olmasa, peşəkarlıq olmasa, gənclər ən mütərəqqi texnologiyalara yiyələnməsələr, həqiqətən inkişaf etmiş dövlət qurmaq mümkün deyildir” [14, s.44-45]. Azərbaycanın ildən-ilə artan gəlirlərinin, xüsusilə neft gəlirlərinin insan kapitalına çevrilməsi üçün təhsil və elm sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilir. Bu məqsədlə dövlət proqramları qəbul edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bildirdiyi kimi: “Uzunmüddətli perspektivdə bizim uğurlu gələcəyimizi neft və qaz deyil, məhz bu istiqamətlər – təhsil və peşəkarlıq müəyyən edəcəkdir” [6]. 
Bu gün o ölkələr inkişaf edir ki, orada təhsilin səviyyəsi çox yüksək olmaqla yanaşı, elmin bütün sahələri üzrə beyin mərkəzləri, laboratoriyalar fəaliyyət göstərir və dünyanın hər tərəfindən istedadlı elm adamlaını bu mərkəzlərdə cəmləyirlər. Yəni müasir dövlətin bu sahədə vəzifəsi innovasiyalı təfəkkürə malik və cəmiyyətin dövlətin daha intensiv və dinamik transformasiyasına kömək edəcək kadrlar yetişdirməkdir. 
Məqalədə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra elm və təhsil sahəsində Almaniya Federativ Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıqdan bəhs edilir. Qeyd edilən əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr və ayrılan maliyyə vəsaitləri, qrantlar, eləcə də  mübadilə edilmiş tələbə, müəllim heyətinin statistikası verilmişdir. İki ölkənin elm və təhsil sahəsində yüksək nümayəndə heyətlərinin qarşılıqlı səfər və görüşləri məqalədə öz əksini tapmışdir.
 
1. Azərbaycan və Almaniya arasında elm və təhsil sahəsində əlaqələr
 
Azərbaycan ilə Almaniya arasında elm və təhsil sahəsində əlaqələr XX əsrin əvvəllərindən mövcud olmuşdur. Məlumdur ki, Bakı Dövlət Universiteti fəaliyyətə başlayanda burada 6 alman müəllimi çalışırdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə xaricə təhsil almağa göndərilən 100 tələbədən 50-si Almaniyanın payına düşmüşdür [1, s.9-10]. Sovet hakimiyyəti dövründə də Almaniya Demokratik Respublikası ilə bu sahədə bəzi əlaqələr mövcud olmuşdur. 1930-cu illərin əvvəllərində Azərbaycanda Botanika İnstitutunun açılması və Nəbatat Bağının salınmasında görkəmli alman botaniki A.Qorazbernin böyük rolu olmuşdur. O,  “Qafqaz florası” adlı əsərini yazmışdı [11, s.4-5]. Almaniyadan Azərbaycana tələbə mübadiləsi və tələbələrin qarşılıqlı inşaat dəstələrində iştirakı elmi əlaqələrin yaranmasına səbəb olmuşdur. Bu sahədə iki ölkə arasında tarixi əlaqələr bu gün də davam etdirilir. 
Təhsil sahəsində Azərbaycan ilə Almaniya arasında əlaqələrdə ən böyük proqram TEMPUS layihəsidir. TEMPUS proqramı Avropa İttifaqının (Aİ) ayırdığı qrantlar hesabına həyata keçirilən layihədir. Proqramın əsas tərəfdaşı Köln Tətbiqi Elmlər Universitetidir. Maliyyələşdirmənin də 30 %-ni AFR hökuməti ödəyir. Azərbaycan TEMPUS proqramına 1993-cü ildən Azərbaycan Texniki Universitetinin elektrotexnika fakültəsində buraxılışların şərti olaraq Qərbi Avropa təhsil sisteminə (bakalavr, magistr) keçirilməsi ilə qoşulmuşdur. Bu layihəyə qoşulmaqda əsas məqsəd tədrisin keyfiyyətinin Aİ standartlarına uyğunlaşdırılması, Qərb ali məktəbləri ilə əməkdaşlıq və Aİ-dən maliyyə yardımı almaqla maddi-texniki bazanı müasirləşdirərək gələcəkdə Azərbaycan müəssisələrinin ixtisaslaşmasına Qərb ölçülərini tətbiq etmək olmuşdur [17, s.27-28].
TEMPUS proqramı çərçivəsində tərəfdaş universitetlərlə birlikdə çoxtərəfli layihələr həyata keçirilmişdir. Prezident İlham Əliyevin AFR-ə 2004-cü ildə səfəri zamanı Azərbaycan Cəmiyyətlərinin sədrləri ilə görüşündə Köln Universitetinin professoru Rza Talibi Dəryani bildirmişdir ki, 1992-ci ildən Köln və Azərbaycan universitetləri arasında əlaqələndiricidir. Köln Universiteti Aİ-dən aldığı qrant layihəsi çərçivəsində 2001-2003-cü illər ərzində Azərbaycandan 38, 2003-cü ildən 2005-ci ilə qədər isə Bakı, Sumqayıt və Mingəçevirdə yerləşən 4 universitetdən 117 dosent Almaniyaya gələrək Avropa standartlarını, tədris planlarını öyrənmiş, təcrübə keçmişlər. Almaniyanın 17 alimi isə Bakıya göndərilmiş və onlar seminarlar təşkil etmiş, mühazirələr oxumuşlar. Avropa standartlarına uyğun Bakıda 9, Sumqayıtda 4, Mingəçevirdə isə 2 laboratoriya yaradılmış, onlara müasir cihazlar quraşdırılmış və əməkdaşlıq çərçivəsində 245 tələbə Avropa standartları səviyyəsində tədris planlarını öyrənmişlər. Köln Tətbiqi Elmlər Universiteti ilə Azərbaycan Texniki Universiteti TEMPUS proqramı çərçivəsində 16 layihənin həyata keçirilməsində iştirak etmişlər. Bu proqram çərçivəsində Köln Tətbiqi Elmlər Universiteti Azərbaycan Neft Akademiyası, Odlar Yurdu, Qərb Universiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Politexnik İnstitutu və s. təhsil ocaqları ilə əlaqələr qurmuş və birgə layihələr həyata keçirilmişdir. Məqsəd təhsilin Avropa standartlarına uyğunlaşdırılmasına kömək etməkdir [5].
Qeyd dək ki, bu gün də azərbaycanlıların təhsil almaq üçün üz tutduqları ölkələrin ilk sırasında Almaniya durur. Almaniya hər il bu ölkədə təhsil almaq istəyən azərbaycanlı tələbələrə və təcrübə keçmək üçün müraciət edən alimlərə təqaüdlər ayırır. Bu mənada AFR-in Azərbaycandakı səfirliyi və Almaniyanın Tbilisi şəhərində açdığı V.Höte adına Xarici Dillər İnstitutunun təşəbbüsü ilə Bakı şəhərində işləyən alman dili müəllimlərinin pedaqoji-metodiki hazırlığını zənginləşdirmək üçün seminarlar keçirilir [7].
Bakıda Azərbaycan-Alman Dili Müəllimlər Birliyi 1999-cu ildən fəaliyyət göstərir. Bu birlik Dünya Alman Dili Müəllimlər Birliyinin üzvüdür [ 2]. 
Azərbaycan Respublikası ilə AFR arasında elm və təhsil sahəsində əlaqələrin intensiv xarakter almasında Azərbaycan Respublikasının sabiq təhsil naziri M.Mərdanovun 2003-cü ildə Almaniyaya rəsmi səfəri böyük rol oynamışdır. Almaniya Federal Təhsil Nazirliyi və Akademik Mübadilə Xidmətinin (DAAD) dəvəti ilə 2003-cü il mayın 16-da baş tutan bu səfərdə məqsəd iki ölkə arasında təhsil və elm sahəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, yeni əlaqələrin qurulması olmuşdur. Nümayəndə heyəti Almaniyanın Bonn, Köln, Düsseldorf, Zigen və Halle şəhərlərinin universitetlərində, ümumtəhsil və peşə məktəblərində olmuş, Almaniyanın təhsil sistemi ilə yaxından tanış olmuşdur [4]. 
Azərbaycanın təhsil nazirinin Almaniyaya 2007-ci ilin 9-17 oktyabr tarixləri arasında baş tutan səfəri də əhəmiyyətli sayılmalıdır. Köln Tətbiqi Elmlər Universitetində təşkil olunmuş “Almaniya-Azərbaycan Ali Məktəb Günü”ndə  iştirak etmək üçün Almaniyaya səfər edən təhsil naziri M.Mərdanov oktyabrın 17-dək Almaniyada olmuş, “Azərbaycanda Boloniya prosesi” mövzusunda məruzə ilə çıxış etmiş, Almaniyanın ali məktəblərindəki tədris prosesi ilə yaxından tanış olmuşdur [4].
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın Almaniyadakı səfirliyinin rəsmi internet saytında qeyd edilmişdir ki, Alman Akademik Mübadilə Xidməti hər il təhsil almaq istəyən və müsabiqədən keçən azərbaycanlılara 470 min avro təqaüd ayırır [18]. 1998-ci ildən 2010-cu ilə qədər 800-dən çox azərbaycanlı DAAD təqaüdlərindən bəhrələnmişdir [3].
2008-ci ilin yazından başlayaraq Bundestaqın Beynəlxalq parlament təqaüd proqramı (İPS)  çərçivəsində hər il 5 azərbaycanlı gənc Almaniya Bundestaqında çoxaylıq staj keçir. Bütün xərcləri (yol, Almaniyada yaşama, tibbi sığorta və 450 avro məbləğində təqaüd) Bundestaq öz üzərinə götürmüşdür [9]. 
Azərbaycanla Almaniya arasında elmi əlaqələr də geniş səciyyə daşıyır. Elmi əlaqələrin inkişafında elmi konfransların, simpoziumların keçirilməsinin böyük əhəmiyyəti vardır. 1998-ci il oktyabrın əvvəllərində Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bir qrup alimi Almaniyanın Qessen əyalətinin Visbaden şəhərində “Qeyri-səlis sistemlərin tətbiqi və soft kompyuting (çevik hesablama)” üzrə 3-cü beynəlxalq konfransda iştirak etmişdir [15].
2000-ci ilin aprel ayının 17-də Azərbaycanda "Almaniya günləri" çərçivəsində “Kapelhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində “Almanlar Azərbaycanda” mövzusunda mühazirə oxunmuşdur [10].
Göttingen şəhərində yerləşən MDB dövlətlərində yaşayan almanların tarixini öyrənən Araşdırma İnstitutu Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnistitutu, 24-25 sentyabr 2001-ci il tarixlərində isə Bakıda Qərb Universiteti, Almaniyaşünaslıq və Şərqi Avropa Tədqiqatları İnstitutu (Göttingen), Avropada Almaniya Mədəniyyət Mərkəzi və Almaniyanın ölkəmizdəki səfirliyi ilə birlikdə “Almanlar Cənubi Qafqazın şəhər həyatında 1918-1920-ci illərə qədər” mövzusunda ikigünlük beynəlxalq elmi praktik konfrans keçirmişdir [4].
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Almaniyanın Mixael Zukkov adına Təbiəti Mühafizə Fondunun birgə təşkilatçılığı ilə 2002-ci ildə “Azərbaycanın milli-mədəni və təbii irsinin qorunub saxlanılması - Milli parklar proqramı” mövzusunda birgə beynəlxalq konfrans keçirilmişdir [12, s.7-8]. Milli parklar proqramının həyata keçirilməsi Azərbaycanın təbii irsinin qorunub saxlanılmasına xidmət edir.
27-28 mart 2008-ci il tarixlərində Berlin-Brandenburq Elmlər Akademiyasında Almaniyada “Azərbaycan ili” çərçivəsində “Azərbaycan dinamik inkişafda” mövzusunda simpozium, 24 iyun 2008-ci il tarixində Berlində Almaniya Federal İqtisadiyyat Nazirliyi, Azərbaycanın Almaniyadakı səfirliyi, Alman-Azərbaycan Forumu və Alman İqtisadiyyatının Şərq Komissiyasının birgə təşkilatçılığı ilə “Almaniya və Avropa İttifaqının enerji təminatında Azərbaycanın rolu” mövzusunda enerji simpoziumu keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının sabiq sənaye və energetika naziri N.Əliyev və Almaniyanın federal iqtisadiyyat və texnologiyalar naziri M.Qlos iştirak etmişdilər [4].
16 yanvar 2009-cu ildə Konrad Adenauer Fondunda Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycanın Berlindəki səfirliyi və Almaniyada fəaliyyət gostərən “Azərbaycan Evi” cəmiyyətinin birgə təşkilatçılığı ilə “Almaniya ilə Azərbaycan arasında akademik mubadilə: hazırkı vəziyyət və perspektivlər” adlı konfrans keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının sabiq təhsil naziri M.Mərdanov, gənclər və idman naziri A.Rəhimov, Milli Məclisin deputatları  - R.Rzayev və Ə.Abdullayev iştirak etmişlər. 25-29 oktyabr 2009-cu ildə isə Azərbaycan Respublikasının sabiq təhsil naziri M.Mərdanovun başçılıq etdiyi nümayəndə heyəti Almaniyada səfərdə olmuşdur. Səfər çərçivəsində nümayəndə heyəti Bonn Universitetində “Azərbaycan iqtisadiyyatında keçid mərhələsi və təhsilin beynəlmiləlləşdirilməsi (Boloniya prosesi)” mövzusunda keçirilmiş simpoziumda iştirak etmişdir [4]. 
29 noyabr-3 dekabr 2010-cu il tarixlərində Almaniyanın Humboldt Universitetində “Azərbaycan tarixi” kafedrasının açılması münasibəti ilə Berlində “Azərbaycan elm və mədəniyyət həftəsi” keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası böyük nümayəndə heyəti ilə təmsil olunmuşdur. Mərasimdə Humboldt Universitetinin rektoru Yan-Hendrik Olberts, Azərbaycanın AFR-dəki səfiri P.Şahbazov, sabiq təhsil naziri M.Mərdanov, AFR-in federal təhsil və elmi tədqiqatlar naziri professor Annete Savan, Humboldt Universitetində yeni açılan “Azərbaycan tarixi” kafedrasının rəhbəri professor Eva Mariya Aux çıxış etmiş, iki ölkə arasında əlaqələrin möhkəmlənməsində bu cür tədbirlərin əhəmiyyətini vurğulamışlar [16]. Tədbirlərdə iştirak edən Azərbaycan Respublikasının gənclər və idman naziri A.Rəhimov Almaniyanın Federal Daxili İşlər Nazirliyində (Almaniyada İdman Nazirliyi olmadığından bu işləri Federal Daxili İşlər Nazirliyi icra edir) dövlət katibi (nazir müavini) Dr. Bergner ilə görüşmüş və iki ölkə arasında gənclər və idman siyasəti ilə bağlı fikir mübadiləsi aparılmışdır.
 
Nəticə
 
Bu gün universitetlərinə dünyanın bütün ölkələrindən böyük  axın olan Almaniya ali məktəblərində təhsil alan azərbaycanlıların sayı son illər durmadan artmaqdadır. Azərbaycanla Almaniya arasında inkişaf edən təhsil əlaqələrinin nəticəsidir ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 120-yə yaxın azərbaycanlı Almaniyanın ən nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanmış, artıq onların bir çoxu ali təhsillərini başa vuraraq yüksək ixtisaslı mütəxəssis kimi Azərbaycanda çalışmaqda, ölkə həyatının ayrı-ayrı sahələrinin inkişafına layiqli töhfələr verməkdədir  [13].
XXI əsr dünya informasiya texnologiyaları ilə sıx bağlı olan yeni kəşflər və təşəbbüslər erasıdır, bu isə geriliyi postmodern, biliyə əsaslanan cəmiyyətlə, başqa sözlə desək, yeni elmi texniki tərəqqi və informasiya cəmiyyəti ilə əvəzləyir. Bu gün Almaniya innovasiyalı elmin inkişafında öncül ölkələrdəndir. Almaniyada biotexnologiya, nanotexnologiya, biometrik və kosmos texnologiyaları, xüsusilə təbiətə həssas texnologiyaların inkişafı və istifadəsi yüksək səviyyədədir. Hətta Almaniya nanotexnologiya, gen texnologiyası, biotexnologiya üzrə dünya liderlərindən, informasiya-telekommunikasiya, kimya elmi sahəsində isə dünya nəhənglərindəndir. 
Müstəqil dövlət olan Azərbaycan Respublikası isə bu texnologiyaların əxz olunması və istehsala tətbiqi üçün daxili potensiala malik ölkədir. Bu da öz növbəsində dünyanın elm və təhsil mərkəzlərindən hesab edilən Almaniyanın imkanlarından gələcəkdə Azərbaycanın daha da səmərəli istifadə edə bilməsi üçün əlverişli şərait yaradır. 
Ümumiyyətlə, iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlıq əlaqələri qloballaşan dünyada iqtisadi, mədəni inteqrasiyaya, sivilizasiyalararası dialoqa töhfə verməklə Azərbaycan və alman xalqlarının mənafeyinə xidmət etməkdədir.
 
İstifadə edilmiş ədəbiyyat:
 
1. Abdullayev Ç.Ə. Almaniya-Azərbaycan əlaqələri. Bakı: Azərbaycan Milli Ensklopediyası, 2000, 156 s.    
2. Abdullayeva T. AADMB: Məqsəd alman dilinin Azərbaycanda yayılmasıdır // "Leyli" Alman-Azərbaycan Cəmiyyətinin jurnalı, № 5, 2001-2002, s. 10-11   
3. Almaniyada keçirilən elm və mədəniyyət həftəsi başa çatıb. // “Azərbaycan müəllimi” qəzeti, Bakı, 10 dekabr 2010-cu il, s.6. - http://anl.az/down/meqale/az_muellimi/2010/dekabr/145768.htm 
4. Azərbaycan-Almaniya ikitərəfli münasibətləri. İkitərəfli münasibətlərə dair arayış. - www.mfa.gov.az/images/stories/Countries/Almaniya/01.pdf
5. Azərbaycan – Almaniya münasibətləri daha sürətlə inkişaf edəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri. Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyada fəaliyyət göstərən Azərbaycan Cəmiyyətlərinin sədrləri ilə görüşü. AzərTAc. // “Azərbaycan” qəzeti, Bakı,  18 fevral  2007-ci il
6. Azərbaycan–Almaniya münasibətləri daha sürətlə inkişaf edəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri. Berlində Azərbaycan-Almaniya biznes formunda Prezident İlham Əliyevin nitqi. AzərTAc. // Azərbaycan” qəzeti, Bakı, 21 fevral    2007-ci il
7. Azərbaycan Cənubi Qafqazda Almaniyanın çox böyük əhəmiyyət verdiyi ölkədir. AzərTAc.// “Azərbaycan” qəzeti, Bakı, 24 iyul 2003-cü il
8. Azərbaycan Prezidenti İlham Əliyevə dünyada çox böyük nüfuza malik Mixael Zukkov Fondunun ali mükafatı təqdim olunmuşdur. AzərTAc.// “Azərbaycan” qəzeti, Bakı, 16 noyabr 2006-cı il
9. Bakıda Almaniya günləri. // “Azərbaycan” qəzeti, Bakı, 18 aprel 2000-ci il
10. AR XIN-in TAİ. f.28, siy.19, 2007, vv.57. Bundestaqın Beynəlxalq Parlament Təqaüdü proqramında Azərbaycanın iştirakına dair. 07.03.2007  
11. Əlizadə R. Almaniyalı qonaqların Azərbaycana səfərləri // "Leyli" Alman-Azərbaycan Cəmiyyətinin jurnalı, № 5, 2001-2002, s. 4-5  
12. Əlizadə R. M. Zukkov Fondu Azərbaycanda Milli parklar proqramını həyata keçirir // "Leyli" Alman-Azərbaycan Cəmiyyətinin jurnalı, № 5, 2001-2002, s.7-8  
13. Heydərova L. Almaniyada təhsil sistemi. // "Azərbaycan müəllimi" qəzeti, 11 fevral 2011-ci il
14. Mehdiyev R. Modernləşmə xətti yenə də gündəlikdədir. Bakı: Şərq-Qərb, 2008, 224 s.      
15. Salmanlı R. Azərbaycanı Almaniyada tanıdanlar. // “Azərbaycan” qəzeti, Bakı, 1 noyabr 1998-ci il 
16. Seyidov V. Berlində azərbaycan elm və mədəniyyət həftəsi açılmışdır. // “Azərbaycan” qəzeti, Bakı,  1 dekabr 2010-cu il
17. Infobroschuere zur Einrichtung von neuen Master Studiengängen für Umwelttechnik an der AzTU - Baku und SUS –Sumgait. TEMPUS- Multiplikatorprojekt Modernes Ingenieurstudium an Hochschulen in Azerbaidschan MP_JEP- 23264- 2002 (AZB) Finanziert durch die Europäische Union für höhere Bildungs-Kooperationsproqramm. Baku Dezember 2005, 145 p. 
18. www.azembassy.de - Azərbaycanın AFR-dəki səfirliyinin rəsmi internet ünvanı   
 
 
Sona Maharramova
Relations between the Republic of Azerbaijan and the Federal Republic 
of Germany in the field of science and education
 
The article deals with bilateral and multilateral relations between the Republic of Azerbaijan, after gaining its independence and the Federal Republic of Germany in the field of science and education. Within the framework of these relations, statistics of implemented projects, allocation of funds, grants, as well as student and faculty exchange are given. The article also reflects mutual visits and meetings of the delegations of two countries in the field of science and education.
 
 
Сона Магеррамова
Взаимоотношения между Азербайджанской Республикой и 
Федеративной Республикой Германия в области науки и образования
 
В статье говорится о двусторонних и многосторонних отношениях между Азербайджанской Республикой, после обретения ею независимости, и Федеративной Республикой Германия в области науки и образования. В рамках этих отношений дана статистика реализованных проектов, выделения средств, грантов, а также обмена студенческого и преподавательского состава. В статье также отражены взаимные визиты и встречи делегаций государств двух стран в области науки и образования.
 
 
Məqalə redaksiyaya daxil olmuşdur:  09.10.2017
Təkrar işləməyə göndərilmişdir: 25.10.2017
Çapa qəbul edilmişdir:  14.11.2017
© 2011-2018. Müəlliflik hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qorunur. Bütün hüquqlar "Strateji təhlil" jurnalına aiddir. Məlumatlardan istifadə edərkən stj.sam.az saytına istinad zəruridir.