Məqalələr

Beynəlxalq münasibətlər sistemində müstəqil və çoxşaxəli xarici siyasət yürüdən ölkə kimi Azərbaycanın hərtərəfli inkişafı İlham Əliyevin on beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsidir Türk Dövlətləri Birliyi beynəlxalq hüququn subyekti kimi: ideya və reallıq “Kritik infrastruktur” nədir və təhdidlərdən necə qorunur: dünya təcrübəsi və Azərbaycanda tətbiqinin zəruriliyi Ermənilərin "soyqırım" iddiaları və onun beynəlxalq siyasətdə yeri Армянский фактор в разведывательной деятельности великих держав на Кавказе в 1801 – 1828 гг. Ermənilərin Tbilisi şəhərinə iddiaları Gürcüstanın bələdiyyə sistemində ermənilərin separatçı fəaliyyəti Политологическое образование в Азербайджанской Республике: специфика, современное состояние и стратегия развития Информационная политика в Азербайджане в условиях политико-экономических трансформаций Azərbaycanın ali təhsil sistemi yeni dəyişikliklər mərhələsində Azərbaycanın dövlət idarəçiliyi sistemində keyfiyyət menecmentinin müasir vəziyyəti Cənubi Qafqazda miqrasiya prosesləri Dövlət-özəl əməkdaşlığı bugünkü iqtisadi anlamda Qlobal iqtisadi normallaşma: yüksələn iqtisadiyyatlı ölkələr üçün dayanıqlı inkişaf çağırışları Военное дело и военное искусство в Азербайджане в древний период Учреждения для иностранных военнопленных и интернированных граждан в Азербайджанской ССР в 1944 – 1950 гг. (численность, дислокация, смертность контингента) Ukrayna azərbaycanşünaslığının banisi A.Krımski Качественные параметры партийных кадров в Азербайджанской ССР в 1920-1930-е гг. Политические отношения между Азербайджанским государством Сефевидов и государством Великих Моголов (1526-1576 гг.) Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsilin milliləşdirilməsi və dövlət dilinin tətbiqi Tam siyahı

Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsilin milliləşdirilməsi və dövlət dilinin tətbiqi

Müəllif: Strateji Tehlil Jurnali

baxılıb: 62

Yan 5, 2019 - 12:43

Aqşin MƏMMƏDOV

Azərbaycan Respublikasının Prezidenti yanında
Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

aqshin.mammadov@sam.gov.az

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə
təhsilin milliləşdirilməsi və dövlət dilinin tətbiqi

 

Açar sözlər: Azərbaycan Xalq Cümhuriyyəti, təhsil, milliləşdirmə prosesi, kadr çatışmazlığı, dil siyasəti, dil kursları, əlifba islahatları 

Key words: The Azerbaijan Democratic Republic, education, nationalization process, specialist shortage, language policy, language courses, alphabet reform

Ключевые слова: Азербайджанская Демократическая Республика, образование, процесс национализации, нехватка кадров, языковая политика, языковые курсы, aлфавитная реформа

Giriş

 
XX əsrin əvvəllərində çar Rusiyasının siyasi-hüquqi məkanında cərəyan edən proseslər imperiya hökuməti qismində sərt unifikasiyaedici strukturu aradan qaldırdı. Bu isə öz növbəsində keyfiyyətcə yeni sosial-siyasi konfiqurasiyaların, o cümlədən imperiya periferiyasında "millət-dövlətlərin" meydana çıxmasına yol açdı. 1918-ci ildə Müsəlman Şərqində respublika üsuli-idarəsinə söykənən, dini və sosial fərqlərə baxmadan öz müqəddəratını vahid siyasi etnos kimi təyin edən, müasirliyə açıq, liberalizmə sadiq bir dövlət kimi tarix səhnəsinə çıxan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) mövcud olduğu 23 aylıq qısa bir dövrdə dünyəvi dövlət, dünyəvi təhsil və mədəniyyət prinsiplərini ardıcıl olaraq təbliğ və tətbiq etdi. AXC-nin yaranmasının ilk dövrlərindən etibarən dövlət və cəmiyyət həyatının milliləşdirilməsi, türk (Azərbaycan) dilinin dövlət dili səviyyəsində işlədilməsi, təhsil və mədəniyyətin inkişafının dövlət himayəsinə alınması məsələlərinə aid zəruri, kardinal və kifayət qədər hazırlanmış qərarlar qəbul edildi. Məqalədə AXC dövründə təhsil sahəsində aparılmış geniş islahatlara nəzər salınır, bu kontekstdə dövlət dilinin tətbiqi imkanları araşdırılır.
 
1. AXC-nin təhsil sistemini milliləşdirmə siyasəti 
 
1918-ci il avqustun 28-də türk (Azərbaycan) dilində savadlı milli kadrların hazırlanması məqsədilə ölkədəki təhsil müəssisələrinin milliləşdirilməsi haqqında qərar qəbul olundu. AXC-nin təhsil sisteminin milliləşdirilməsi, başqa sözlə desək, təhsilin milli mənafelərə uyğun şəkildə yeni prinsiplər əsasında yenidən qurulması siyasəti bilavasitə dövlət dilinin bir çox sahələrdə olduğu kimi təhsil sistemində də tətbiqi ilə bilavasitə bağlı olmuşdur. AXC hökuməti öz fəaliyyətinin ilk günlərindən maarif sahəsində birinci növbədə həyata keçirilməli olan tədbirləri müəyyən etmişdi. 
AXC-nin maarif nazirinin müavini olmuş Həmid ağa Şahtaxtınskinin müraciəti əks olunan AXC-nin Xalq Maarifi Nazirliyinin 31 dekabr 1918-ci il 3980 saylı Bakı, Gəncə və Zaqatala quberniyalarının qubernatorlarına göndərdiyi sənəd Xalq Cümhuriyyətinin təhsil siyasətinin əsas istiqamətlərini özündə əks etdirir. Bu sənəddə qeyd olunurdu: “1917-ci il çevrilişinə qədər Rusiya hökuməti öz siyasi baxışlarından çıxış edərək xalqın maariflənməsinə çox az qayğı göstərirdi. Ölkədə məktəblərin vəziyyəti arzu edilən səviyyədə deyildi. Xalq məktəbi dövlət təşkilatında sağalmaz yara, qarşısıalınmaz bəla kimi qəbul edilirdi. Hökumət bütün vasitələrlə məktəbləri çox böyük məhdudiyyətlərə məruz qoyurdu..., xalq müəllimləri hökumət tərəfindən hər cür təhqirlərə və təqiblərə məruz qalırdılar...  
Bu səbəblərdən bu gün Azərbaycanda məktəblərə böyük ehtiyac hiss edilir... və Nazirlik bütün səyləri ilə qısa zamanda yeni məktəblər, müəllim kursları və s. açmaqla ölkədə maarifi lazımi səviyyəyə qaldırmaq istəyir, belə ki, müasir dövrdə yalnız maariflənmiş xalq müstəqil mövcud olmaq imkanına ...malikdir”. Sənəddə həmçinin qeyd edilirdi ki, xalqda təhsilə maraq və vətənə məhəbbət oyatmaq lazımdır: “Yalnız bu halda biz digər xalqlar arasında müstəqil yaşamaq imkanları əldə edə bilərik”. Bu yolda xalq müəllimlərinin rolu yüksək qiymətləndirilərək bildirilirdi: “Bizim həyatını yenicə başlamış vətənimizin hər bir vətəndaşı ...öz qüvvəsini xalq arasında maarifin genişlənməsinə həsr etməlidir” [11, v.116-117]. 
AXC Nazirlər Şurasının 28 avqust 1918-ci il tarixli “Birinci və ikinci dərəcə ibtidai məktəblərin, həmçinin orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında” qərarında aşağıdakı məsələlər öz əksini tapmışdı:
1. Bütün birinci dərəcə ibtidai təhsil müəssisələrində təhsil dövlət dili olan türk dilini artırılmış həcmdə məcburi qaydada tədris etməklə, şagirdlərin ana dilində aparılsın. 
2. İkinci dərəcə ibtidai məktəblərdə və orta təhsil müəssisələrində tədris dövlət dili olan türk dilində aparılsın. Lakin ikinci dərəcə ibtidai məktəblərin milliləşdirilmiş siniflərində tədris şagirdlərin ana dilində davam etdirilsin və eyni zamanda 1918-1919-cu illərdə, lazım gələrsə ondan sonrakı tədris ilində də türk dilinin həcmi artırılmış tədrisi də tətbiq edilsin ki, həmin müddət başa çatanda dövlət dilində təhsil almayan şagirdlər bütünlüklə türk dilində tədrisə keçə bilsinlər. 
3. Orta tədris müəssisələri siniflərinin bütünlüklə erməni dilində (milliləşdirilmiş) dərs keçilən paralel şöbələri, habelə həmin tədris müəssisələrinin kiçik və böyük yaşlı uşaqlar üçün olan hazırlıq siniflərinin bütünlüklə rus dilində (milliləşdirilmiş) dərs keçilən paralel şöbələri ləğv edilsin. 
4. Həmin tədris müəssisələrinin birinci, imkan olduqda həmçinin ikinci sinifləri milliləşdirilsin və tədris türk dilində aparılsın; bununla belə, əgər həmin siniflərdə türk dilini bilməyən şagirdlər olsa, onlar üçün paralel şöbələr açılsın və həmin şöbələrdə tədris rus dilində aparılsın. Həm bu siniflərdə, həm də 4-cü sinif daxil olmaqla sonrakı siniflərdə dövlət dili elə həcmdə tədris olunsun ki, iki il sonra bütün şagirdlər türk dilində təhsilə keçə bilsinlər. 
5. Orta tədris müəssisələrinin 5-ci sinfindən etibarən isə şagirdlər həmin tədris müəssisələrinin kursunu bitirənədək tədris rus dilində aparılsın; bununla yanaşı xalq maarif nazirinə bir vəzifə olaraq tapşırılsın ki, orta təhsil müəssisələrinin bütün siniflərində türk dilinin artırılmış həcmdə tədris olunmasına nəzarət etsin [47, s.225-226]. 
Onu da qeyd edək ki, bu dövrdə ayrı-ayrı şəhərlərdə, o cümlədən Bakıda 4 kişi və 5 qadın gimnaziyası, həmçinin 1 qadın məktəbi, Bakı qadın müəllimlər seminariyası, Bakıda 3 realnı məktəb, Şamaxıda, Salyanda realnı məktəblər, Lənkəranda 1 kişi gimnaziyası, Gəncədə kişi seminariyası, Nuxada kişi seminariyası, Gəncədə Müqəddəs Nina qadın təhsil müəssisəsi, Nuxada Müqəddəs Nina qadın təhsil müəssisəsi, Şuşada realnı məktəb,  Bakı politexnik məktəbi, Bakı kommersiya məktəbi və digər təhsil müəssisələri fəaliyyət göstərirdi və onların əksəriyyəti dövlət xəzinəsi hesabına, yaxud dövlətin yardımı ilə maliyyələşirdi [28, s.295]. 
1919-cu ildə Xalq Maarifi Nazirliyinin qərarı ilə Bakı, Gəncə və Nuxa şəhərlərindəki Müqəddəs Nina qadın gimnaziyaları "milli qadın gimnaziyaları" adlandırılmışdı. 
Təhsil siyasətinin tərkib hissəsi olaraq türk (Azərbaycan) dilinin işlədilməsinə ilk növbədə məktəbəqədər tərbiyə müəssisələrində diqqət yetirilirdi. Belə ki, birinci Azərbaycan qadın gimnaziyasının nəzdində 1919-cu il sentyabrın 1-dən ilk türk uşaq bağçası açılmışdı. 1 sentyabr 1919-cu ildən – 31 dekabr 1919-cu il tarixinədək bağçanın saxlanılması üçün dövlət xəzinəsindən 30.939 rubl 33 qəpik ayrılması qərara alınmışdı  [40].
Milliləşdirmə tədbirləri şagirdlərin bir qismini təhsildən kənarda qoyduğu üçün hökumət 1918-ci il noyabrın 13-də öz əvvəlki qərarını dəyişərək müəyyən etdi ki, bir orta tədris müəssisəsinin olduğu şəhərlərdə yuxarı hazırlıq sinfindən başlayaraq, maarif nazirinin göstərişi ilə tədrisin rus dilində olduğu paralel şöbələr açılsın, eyni tipli bir neçə tədris müəssisəsi olduqda isə onların bir hissəsi milliləşdirilsin, digər hissəsində isə tədris bütün siniflərdə rus dilində aparılsın, bununla yanaşı, türk dili hökmən tədris edilsin [9, v.83; 34].
Təhsilin milliləşdirilməsi üzrə qərarları reallaşdırmaq üçün hökumət öz sərəncamları ilə məktəblərdə türk dilinin məcburi tədris edilməsini, onların bir hissəsinin milliləşdirilməsini tələb edirdi [9, v.4344]. 1-ci və 2-ci kişi gimnaziyalarında, Müqəddəs Nina və Mariya qadın təhsil müəssisələrinin nəzdində tamamilə milliləşdirilmiş əlifba, kiçik və böyük hazırlıq sinifləri açılırdı. Bu siniflərdə tədris yalnız türk dilində aparılmalı idi [9, v.82]. 1919-cu ilin sonuna olan məlumat görə, Bakı Politexnik və Kommersiya məktəbləri, 3-cü və 4-cü kişi, 2-ci, 3-cü və 4-cü qadın gimnaziyaları istisna olmaqla, bütün orta tədris müəssisələri milliləşdirilmişdi. Bakıdan başqa digər şəhərlərdə hökumətin 28 avqust və 13 noyabr tarixli qərarları ilə milli siniflərlə yanaşı, tədrisin rus dilində aparıldığı siniflər də saxlanmışdı. Sonuncularda icbari qaydada həftədə 3-4 saat türk dili  keçirilirdi [51, s.86-87].
Lakin əldə edilmiş uğurlara baxmayaraq, milliləşdirmə işinin gerçəkləşdirilməsi yolunda ciddi çətinliklər də qarşıda dururdu. Bunların sırasına müəllim kadrların çatışmazlığından tutmuş türk dilində dərsliklərin qıtlığına qədər çoxlu problemləri daxil etmək olar. Burada həmçinin milliləşdirmə siyasətinin həyata keçirilməsi zamanı yol verilmiş tələskənliyi, səhvləri və rusdilli əhalinin müəyyən hissəsinin, xüsusən Azərbaycan dövlətini, dilini qəbul edə bilməyən və Azərbaycanı Rusiya imperiyasının tərkibində saymaqda davam edən hissəsinin müqavimətini də əlavə etmək lazımdır. Bakı Şəhər Dumasında, ayrı-ayrı ictimai təşkilatlarda güclü mövqeləri olan əhalinin bu qismi müxtəlif bəhanələrlə məktəblərin milliləşdirilməsinə  qarşı çıxır, türk dilinin tətbiqinə mane olurdu [26, s.38]. Məsələn,  Bakı Şəhər İdarəsi 1919-cu ilin fevralında maarif nazirinə bildirmişdi: "Türk dilinin tədrisi üçün zəruri hazırlığı olan şəxslərin olmadığını nəzərə alaraq, Bakı Şəhər Dumasının nəzdində fəaliyyət göstərən Məktəb Komissiyası özünün 19 fevral tarixli iclasında şəhər qeyri-türk ibtidai və ali ibtidai məktəblərində türk dilinin tədrisi haqqında məsələni müzakirə edərək qərara almışdır ki, cari ildə bunun tətbiqi mümkün deyildir" [10, v.22].
Onu da qeyd edək ki, Müqəddəs Nina və Mariya gimnaziyalarının milliləşdirilməsi böyük səs-küyə səbəb oldu. 1919-cu ilin sentyabr ayının əvvəlində milliləşdirmə tədbirləri ilə əlaqədar 1-ci kişi gimnaziyasının, 1-ci realnı məktəbin və Müqəddəs Nina ginmnaziyasının bağlanmış siniflərinin şagirdlərinin valideynlərinin yığıncağı oldu. Burada çıxış edən valideynlər Nazirliyin milliləşdirmə haqqında  qərarını tənqid edərək göstərdilər ki, nəticədə bu tədris müəssisələrində şagird kontingentinin 75%-ni təşkil edən 360-dan çox qeyri-türk şagird təhsildən kənarda qalmışdır. Yığıncaqda qərara alınmışdı ki, tədris müəssisələrində milliləşdirmənin əziyyətsiz keçirilməsi, təhsil sistemində milli (etnik) azlıqların hüquqlarının qorunması haqqında vəsatətlə hökumətə və parlamentə müraciət edilsin [33; 54]. İki gündən sonra həmin yığıncaqda seçilmiş komissiyanın üzvləri maarif naziri Rəşidxan Kaplanov tərəfindən qəbul edildi. Görüşdə nazir qeyd etdi ki, onların tələbatını ödəmək məqsədilə xüsusi təşəbbüsə geniş meydan veriləcəkdir. "Azərbaycan" qəzetinə verdiyi müsahibədə R.Kaplanov demişdi: "...mümkün olan hər şeyi edəcəyik ki, milliləşdirmə mümkün qədər az əziyyətli keçsin və imkan daxilində az mənafelərə toxunsun. Əgər bizim qeybətçilərimiz zəhmət çəkib qonşu respublikalarda nələrin baş verdiyi ilə tanış olsaydılar, asanlıqla öz hücumlarının əsassız olduğuna inanar və görərdilər ki, Azərbaycan hökuməti öz məktəb siyasətində hətta hədsiz liberalizm nümayiş etdirir" [38]. 
Valideyn komitəsinin iradlarına cavab olaraq nazir göstərirdi ki, 2-ci kişi gimnaziyasında böyük hazırlıq sinfinin,  1-ci sinfin və 1-ci realnı məktəbdə 1-ci sinfin bağlanması nəticəsində, iddia edildiyi kimi, 360 nəfər deyil, cəmi 128 nəfər kənarda qala bilərdi. Lakin bu itki də 2-ci realnı məktəbdə üç yeni paralel sinfin açılması ilə ödənmişdir. Müqəddəs Nina gimnaziyasının  milliləşdirilməsi ilə bağlı iddiaları da R.Kaplanov böyük dövlətçilik şovinizminin təzahürürləri kimi rədd etmişdi [38].
Müqəddəs Mariya gimnaziyasının milliləşdirilməsi daha kəskin narazılıq və çəkişmələr doğurdu. Bu hal o zaman üçün səciyyəvi olmaqla yanaşı, AXC hökumətinin milliləşdirmə məsələsində prinsipial mövqelərini əks etdirirdi [26, s.39].
1919-cu ilin sentyabrında Xalq Maarifi Nazirliyi Bakı Şəhər İdarəsinə təklif etmişdi ki, Mariya qadın gimnaziyasının  milliləşdirilməsi ilə bağlı öz mülahizələrini və rəyini bildirsin [33]. 
AXC hökumətinin təhsil sahəsində rastlaşdığı problemlərdən biri də türk dilində dərsliklərin azlığı idi. Nazirlər Şurasının 1919-cu il 20 sentyabr tarixli iclasında türk dilində dərsliklərin hazırlanması üzrə komissiyanın saxlanmasına 152 min rubl pul buraxılması haqqında qərar qəbul edilmişdi [12, v.62].  Bundan başqa, Xalq Maarifi Nazirliyi türk dilində dərsliklərin hazırlanması məqsədilə 20 milyonluq fonddan 150 min rublun ayrılması haqqında sərəncam vermişdi [14, v.357]. Komissiyanın fəaliyyəti nəticəsində 10 dərslik çapa hazırlanmış, onların yeddisi nəşr edilmişdi. Bunlardan 3-cü Bakı ali ibtidai məktəbinin müəllimi Səməd bəy Acalov tərəfindən hazırlanmış "Rəhbəri-cəbr" kitabını, Bakı 1-ci realnı məktəbin müəllimi Qafur Rəşad Mirzəzadənin tərtib etdiyi "Coğrafiya" dərsliyini, xaricə göndərilən tələbələrdən Əbdül Abdullayevin hazırladığı "Hikməti-tərbiyyə" kitabını, A.B.İsrafilbəylinin hazırladığı "Tazə elmül-hesab" kitabını, aşağı siniflər üçün "Yeni məktəb", "Yeni qiraət" və "Uşaq gözlüyü" kitablarını qeyd etmək olar [28; 44; 48].
Türk dilində dərsliklərin nəşri üçün kağız əldə etmək məqsədilə Maarif Nazirliyinin sərəncamına 500 min rubl vəsait ayrılmışdı [12, v.65]. 
Qeyd etdiyimiz kimi, kadr çatışmazlığı problemi ilə AXC hökuməti milliləşdirmə siyasətinin ilk günlərindən etibarən qarşılaşmışdır. Belə ki, milli kadrlar məmur vəzifələrinin yalnız bir qismini tuturdular. Bu səbəbdən hökumət ali təhsilli kadrların hazırlanmasına xüsusi diqqət yetirmiş, azərbaycanlı gənclərin dövlət hesabına xaricdə təhsil almağa göndərilməsini qərara almışdı. Onu da qeyd edək ki, seçilən gənclər əsasən rusdilli şəhər gimnaziyalarının məzunları idilər [28]. İlk ildə hökumət 100 nəfər gəncin xaricə oxumaq üçün göndərilməsini məqsədəuyğun hesab etmişdi. 1919-cu ilin yayında hökumət 100 nəfər tələbənin xaricdə təhsil alması məqsədilə ümumilikdə 4100000 rubl və onların hər birinə illik 36,5 min rubl ayrılması haqqında qərar vermişdi [12, v.65]. Xaricdə təhsil alan tələbələr təhsillərini başa vurduqdan sonra ən azı dörd il dövlət qulluğunda çalışmalı idilər. 1919-1920-ci tədris ili üçün dövlət hesabına xaricə təhsil almağa göndərilən tələbələrdən 13 nəfəri İngiltərəyə (bunlardan 3 nəfər öz hesabına), 23 nəfəri İtaliyaya, 44 nəfəri Fransaya, 9 nəfəri Türkiyəyə ezam olunmuşdu [52, s.178].
Bundan başqa, 1919-cu il iyulun 1-də Qazax, Nuxa, Şuşa, Quba, Zaqatala, Salyan, Bakı və Gəncədə həm kişi, həm də qadınlar üçün iki aylıq pedaqoji kursların açılması haqqında qanun imzalanmış və qanuna əsasən bu məqsədlə dövlət xəzinəsində 2.390.000 rubl ayrılmışdı [17, v.15]. 
Xalq Maarifi Nazirliyinin 1918-ci ilin dekabr ayında keçirilən iclasının 7 №-li protokolunda kəndlərdə sakinlər üçün oxu dərnəklərinin təşkil edilməsi əsas məsələ kimi qaldırılmışdı. Bu dərnəklərdə türk və digər dillərdən tərcümə edilmiş əsərlərin təbliği və əhalinin maarifləndirilməsi nəzərdə tutulurdu.
Eyni zamanda Xalq Maarifi Nazirliyinin iclaslarında məktəblilər üçün kitabxanaların yaradılması və türk dilində jurnalların nəşri məsələləri də müzakirə edilirdi [9, v.13].
AXC yarandığı dövrdə mədəni-maarif müəssisələri də böhran və tənəzzül dövrü keçirirdi. Statistik məlumatlara görə, 1914-cü ildə Azərbaycanda cəmi 25 kitabxana (şəhərlərdə və şəhərtipli qəsəbələrdə 4, kənd yerlərində 21) var idi ki, bunların da kitab fondu 18 min nüsxə təşkil edirdi [21, s.482]. 
Azərbaycan hökumətinin Bakıya köçməsi ərəfəsində bir çox kitabxanalar bağlanmış, onların fəaliyyət dairəsi məhdudlaşmışdı. Mart hadisələri zamanı "İsmailiyyə" binası yanmış və "Nicat" cəmiyyətinin orada yerləşən kitabxanası məhv olmuşdu. Xəzərsahili "Kooperasiya" ittifaqı respublikanın türk əhalisinə xidmət etmək üçün xüsusi kitabxana açmağı qərara almışdı. 1919-cu ilin dekabrında Xəzərsahili "Kooperasiya" ittifaqının türk kitabxana-qiraətxanası açılmışdı [43]. 
Türk (Azərbaycan) dilində kitab toplamaq üçün ittifaq əhaliyə müraciət edərək onlarda olan kitabları satmağı və ya bağışlamağı təklif etmişdi. Ərəb və fars dillərində olan kitablar da alınırdı. Kooperasiyanın səyləri nəticəsində 1200-ə yaxın kitab toplamaq mümkün olmuşdu. 1919-cu ilin martı üçün kitabxananı təşkil etmək müyəssər oldu. Bu, Azərbaycanda türk dilində ilk kitabxana idi [26, s.140].
Qeyd edək ki, AXC parlamenti 1919-cu il sentyabrın 18-də “Xalq məktəblərinin kitabxanaları üçün türk dilində kitablar əldə edilməsi üçün 1 milyon manat ayrılması haqqında” qərar qəbul etmişdi [47, s.103]. 
 
2. AXC dövründə dövlət dilinin tətbiqi məsələsi
 
Müstəqil dövlətin mühüm atributlarından biri olan dövlət dili məsələsi yenicə yaranmış AXC hökumətinin diqqət mərkəzində idi. Cümhuriyyətin elanından bir ay, müvəqqəti paytaxta - Gəncəyə köçəndən on gün sonra 1918-ci il iyunun 27-də milli hökumətin qərarı ilə Azərbaycan dilinə dövlət dili statusu verildi və dövlət orqanlarında kargüzarlığın bu dildə aparılmasına başlandı [15, v.21]. Qeyd edək ki, bu, Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanın ikiyə bölünməsindən sonra ana dilinin dövlət dili kimi işlədilməsinə aid ilk sənəddir. Beləliklə, bu hadisə Azərbaycan dilinin funksional inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Belə ki, dil sahəsində milliləşdirmənin həyata keçirilməsi bu dövrdə milli hökumətin fəaliyyətinin prioritet istiqamətlərindən biri idi: "Dil sahəsində milliləşdirmə siyasətinin əsas mahiyyətini Azərbaycan dilinin müstəmləkəçilik dövründə itirilmiş mövqelərinin bərpası və keçmiş metropoliya dilinin (rus dilinin - A.M.) tədricən cəmiyyətin əsas sahələrindən sıxışdırılıb çıxarılması təşkil edirdi" [22, s.148]. 
Ölkədə birdən-birə Azərbaycan dilinə keçidin yaradacağı problemləri nəzərə alan hökumətin qərarına əsasən, məhkəmə, inzibati idarəçilik və digər vəzifələri icra edənlər türk (Azərbaycan) dilini lazımi səviyyədə öyrənənədək idarə və müəssisələrdə rus dilinin də işlədilməsi məqbul sayılırdı. Cümhuriyyətin daxili işlər naziri Behbud xan Cavanşir o zaman “Azərbaycan” qəzetinə verdiyi müsahibədə məsələyə aydınlıq gətirərək deyirdi: “Azərbaycan müəssisələrində rus dilinin işlədilməsi... hazırkı dövrün zərurətindən irəli gəlir. Əlbəttə, bu, çox davam etməyəcəkdir. Yüksək vəzifədə işləyən və türk dilini bilməyən məmurlar uzun müddət işləyə bilməyəcəklər. İki ildən sonra Azərbaycanın bütün müəssisələri milliləşdiriləcəkdir. Türk dilini bilməyən məmurlar isə vəzifələrini itirməməkdən ötrü bizim dili öyrənməli olacaqlar”. 
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan dilinin dövlət dili elan edilməsinə baxmayaraq, ilk vaxtlar dövlət idarələrində rus dilinin də işlədilməsinə yol verilirdi. Nazirlər Şurasının 1918-ci il 27 iyun tarixli qərarında deyilirdi: "Türk dilini dövlət dili kimi qəbul etməli, bütün məhkəmə, inzibati və başqa vəzifələri bu dildə savadı olan şəxslərə tapşırmaq mümkün olana qədər hökumət idarələrində rus dilinin işlədilməsinə də yol verilsin" [16, v.22]. Lakin rus dilinə edilən bu müvəqqəti güzəşt bir çox məmurlar tərəfindən düzgün başa düşülmürdü. Onların fikrincə, əvvəlki qaydaları və qanunları qeyri-rəsmi şəkildə saxlamaq mümkün idi. Ü.Hacıbəyli bu məsələyə toxunaraq yazırdı: "...rus dili bu günə qədər aramızda hökumət lisanı hökmündə qalıb, Azərbaycan istiqlalının şərəfini azaltmaqla  bərabər Azərbaycan türkləri üçün  də dəxi az müşkülat törətmir" [6]. Başqa bir yazının müəllifi ürək ağrısı ilə  yazırdı ki, gürcü və erməni dövlətləri milliləşdikləri halda, biz bu sahədə heç bir iş görmədik. Hətta Azərbaycan idarələrinə gələn bir kəndli öz dərdini mütərcimsiz qandıra bilmir" [3]. Belə acınacaqlı vəziyyətə baxmayaraq, hökumət tərəfindən milliləşdirməni həyata keçirmək üçün konkret tədbirlər də görülürdü. Maarif Nazirliyi, müfəttişlər və məktəblər arasında hər cür yazışma  yalnız türk dilində aparılmalı idi. Başqa dildə yazılmış sənədlər isə cavabsız qoyulurdu [35].  
Azərbaycan dilinin sözün əsl mənasında dövlət dili kimi işlənməsi təcrübəsi geniş şəkildə ilk Azərbaycan parlamentinin dilində əksini tapmışdır. Başqa sözlə, “Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndən az sonra türk (Azərbaycan) dilinin dövlət dili olması haqqında qərarın de-fakto olaraq necə həyata keçməsi prosesini göstərən ən mötəbər (və ali!) mənbə Azərbaycan Məclisi-Məbusanının (parlamentin - A.M.) iclaslarıdır... Ümumiyyətlə, Azərbaycan Məclisi-Məbusanı Azərbaycan dilini yalnız de-yure deyil, de-fakto da dövlət dili səviyyəsinə yüksəldə bilmişdir” [23]. 
Məclisi-Məbusanda dillərin işlənməsi məsələsi, təbii olaraq, qanunverici hakimiyyətin - parlamentin üzvlərinin öhdəsinə buraxılmışdı. Dövlətin bu ali orqanında yazılı dillə şifahi nitq arasında ciddi fərq olmuşdur. Bəzi istisnalar nəzərə alınmazsa, sənədlərin, təkliflərin dili ümumi, bəlkə də, məcburi bir prinsipə əsaslanmış, şifahi nitqində isə bir qayda olaraq sərbəstliyə imkan verilmişdir. İclasların gedişində bəzi gərginliklər nəzərə alınmazsa, dil etiketi yetərincə gözlənilmişdir [31].
Qeyri-müsəlman (qeyri-türk) parlament nümayəndələri çıxışların rus dilində olmasını təklif etdikdə, parlamentin iclaslarından birində bu məsələ ayrıca müzakirə olunmuş və bu barədə qərar qəbul edilmişdi. Qərara əsasən, parlamentin rəsmi dili Azərbaycan türkcəsi elan olunmuş, digər millətlərin nümayəndələrinin rus dilində çıxış etmələri məqbul hesab edilmişdi. Bununla belə, rəsmi sənədlərin hamısı dövlət dilində tərtib edilirdi [7]. Parlamentin sədr müavini Həsən bəy Ağayev dövlət dilində olmayan sənədlərin üzərində "Ərizə türkcə lisanda olmadığı üçün əncamsız qalır" dərkənarını qoyurdu [29, s.81]. 
AXC parlamentində universitetin açılması məsələsi müzakirə edilən günlərdə Ü.Hacıbəyli “Azərbaycan” qəzetində (21 sentyabr 1919-cu il) “Milliləşmək” məqaləsində yazırdı: “Dövri-istibdaddan qalmış və bu gün  Azərbaycan istiqlaliyyətinə yaraşmayan bir para işləri “likvidasiya” etmək, yəni aradan götürmək yolunda hökumətimiz ciddiyyətlə işləməkdədir. Bu... işlərin biri də rus dilidir ki, bu günə qədər aramızda hökumət lisanı hökmündə qalıb, Azərbaycan istiqlalının şərəfini azaltmaqla bərabər, Azərbaycan türkləri üçün dəxi az müşkülat törətmiyor... 
Azərbaycan türk dili ümumqafqazda yaşayan müxtəlif lisanlı millətlər arasında ümumi bir dil olmaq kibi böylə bir beynəlmiləl əhəmiyyəti haiz olduğu halda, yəni bir erməninin  bir dağıstanlı, bir malakanın bir gürcü ilə  qonuşub danışmaq üçün türk dilinə müraciət etməyə məcbur olduqları bir halda, bu dilə malik olan türklərin rus dilinə  möhtac qalması nə qədər qərib və nə qədər gülünc bir haldır.
...Bu qeyri-təbii hal, əlbəttə, rus istibdadının bərəkətindəndi ki,  ruslaşdırmaq politikası sayəsində Azərbaycan türkləri öylə bir şərait içində yaşıyorlardı ki, həmişə  rus dilinə möhtac qalırdılar... Türk dilinə  dara olanlar bunu həyata tətbiq etmək və bundan məişət və güzaranları üçün bir faidə almaq imkanından məhrum edilmişlərdi. Rus istibdadı hər bir “bənd-bərə”ni kəsib dilimizə heç bir yerdə yol vermiyordu” [2, I c., s.430-432; 4].
Xalqın dilinin dövlət dili səviyyəsinə  yüksəlməsinin, Məclisdə milli problemlərin məhz millətin öz dilində müzakirəsinin  nə qədər önəmli olmasını parlament qəzeti “Azərbaycan” dəfələrlə vurğulamışdır. Əhməd Həmdi qəzetin 9 dekabr 1919-cu il nömrəsində Məclisin bir illik fəaliyyətini dəyərləndirərkən ən mühüm uğurlardan birini də göstərir: bu, ondan ibarətdir ki, keçən bir ildə Azərbaycan parlamenti “lisani-milli ilə hər təsirini, hər fikrini söyləmiş, millətin həyəcan və hissiyyati-ümumiyyəsini bir mərkəzə toplayaraq tərcüman olmuş idi” [2, I c., s.134-138].
Qeyd edək ki, Azərbaycan hökumətinin təşəbbüsü ilə 1919-cu ilin sen-tyabrından yaşlı əhali üçün türk (Azərbaycan) dili kursları təşkil edilməyə başlandı. Kursların təşkili ilə əlaqədar hökumətin qəbul etdiyi qərarda deyilirdi: "...dövlət idarələrinin qulluqçularının əksəriyyətinin türk dilini və yazısını bilməməsi ucundan bu vaxta qədər milliləşmə tam həcmdə həyata keçirilə bilməmişdir. Respublikada tam milliləşmənin müvəffəqiyyətlə keçirilməsi məqsədilə pulsuz ümumtəhsil axşam kurslarının açılması zəruridir" [2, I c., s.134-138; 53]. Kursların açılması 1919-cu il üçün hökumətin smetası ilə nəzərdə tutulmuşdu. Müdavimlərin hazırlığından asılı olaraq kurslar üç və ya iki şöbədən ibarət olaraq açılırdı. Birinci şöbə türk dilini və yazını bilməyənlər, lakin bunları öyrənməyi arzu edənlər üçün, ikinci şöbə danışıq dili ilə tanış olan, lakin savadı olmayan və türk yazısını, türk tarixini və türk ədəbiyyatını öyrənmək istəyənlər üçün, üçüncü şöbə isə türk dili üzrə öz savadını dərinləşdirmək istəyənlər, əsasən rus məktəblərində təhsil almış və türk dilini, tarixini, ədəbiyyatını və elmi terminologiyasını öyrənmək istəyən pedaqoqlar üçün nəzərdə tutulmuşdu. Kursların davamiyyət müddəti hər biri üç ay olmaqla iki semestrdən ibarət idi. Birinci realnı məktəbin binasında yerləşən bu kurslara ümumi rəhbərlik Bakı Müəllimlər Seminariyasının direktoru Rəşid bəy Əfəndiyevə tapşırılmışdı [35; 49].
Azərbaycan hökuməti türk dili kurslarına dövlət əhəmiyyətli bir məsələ kimi baxır və böyük diqqət verirdi. Məsələn, 1919-cu ilin sentyabrında Maarif Nazirliyi Bakı qubernatoruna müraciət edərək, ondan xahiş etmişdi ki, ona tabe olan müəssisələrin qulluqçuları türk dilini öyrənmək üçün hökumətin təşkil etdiyi yaşlılar üçün xüsusi kurslara daxil olsunlar. Nazirlik bunu hökumət idarələrinin milliləşdirilməsi ilə əlaqələndirərək göstərirdi ki, türk dilini bilməyən qulluqçular öz xidmətlərini davam etdirə bilməyəcəklər [36].  Eyni zamanda Nazirlik Bakı Şəhər İdarəsi Məktəblər şöbəsinin müdiri Ə.C.Orucəliyevə məlumat vermişdi ki, ona tabe olan bütün tədris müəssisələrinin qulluqçuları bu kurslara yazılmalı və onları dinləməlidirlər [50]. 
Kurslar sentyabrın 17-də parlament üzvlərinin iştirakı ilə açıldı. Əksəriyyəti nazirlik məmurlarından, şəhər idarəsinin və digər müəssisələrin qulluqçularından ibarət olan 500-ə yaxın dinləyici məşğələlərə cəlb edilmişdi [37]. Kurslarda müdavimlərin sayı getdikcə artırdı. Bir aydan sonra bu kurslarda hər birində 50 nəfər olmaqla 32 qrup təşkil olunmuşdu. Müdavimlərin ümumi sayı 1600-ə çatırdı. Onların əksəriyyəti birinci şöbəyə daxil edilmişdi [41]. Kursların müdavimləri içərisində əksəriyyəti ruslardan ibarət olan gənclər üstünlük təşkil edirdi. Bu tədbirin uğurla davam etməsini qeyd etməklə yanaşı demək lazımdır ki, onun nəticə verəcəyinə şübhə edən, ona qarşı çıxan şəxslər də var idi. Onların fikrincə, təhsilin sistemsizliyi və türk dilinin çətinliyi bu tədbirin bir fayda verəcəyinə inam yaratmır [55]. Rəsmi hökumət mövqeyini ifadə edən qəzetlərdə dərc edilən məqalələrdə bu tezislər təkzib edilir və göstərilirdi ki, məhz türk dilinin asanlığı və ahəngdarlığı onun Qafqaz xalqları arasında ümumi ünsiyyət dili olmasına gətirib çıxarmışdır [42]. Bu tədbir 1920-ci ildə də davam etdirilmişdi. 1920-ci il martın 15-dən 7-ci ibtidai məktəbin binasında Maarif Nazirliyi tərəfindən yaşlı müsəlmanlar üçün axşam kursları açılmışdı. Kurslara həm savadlı, həm də savadsız azərbaycanlılar qəbul edilirdilər [45]. 
Eyni zamanda fəhlə klubunun xətti ilə türk dili məşğələləri təşkil edilirdi. 1919-cu ilin aprelində verilən məlumata görə, 40 nəfərdən ibarət qrup düzəlmişdi [18, v.1]. Kurslar təkcə Bakıda deyil, həm də respublikanın ayrı-ayrı qəza şəhərlərində təşkil edilirdi. 1919-cu il sentyabrın 30-da Qazaxda yaşlılar üçün pulsuz axşam kursları açılmışdı. Bu kurslara 83 nəfər yazılmışdı. Müdavimlər əsasən xristian dövlət məmurlarından ibarət idi [39]. 
Azərbaycan dilinin dövlət dili kimi tətbiq edildiyi strateji sahələrdən biri də ordu idi. Belə ki, 1918-ci il dekabrın 27-də AXC-nin hərbi naziri Səməd bəy Mehmandarovun 34 nömrəli əmri ilə hərbi qulluqçular arasında salamlaşmanın Azərbaycan dilində və azərbaycanlılar arasındakı salamlaşma ənənələrinə uyğun olaraq aparılması tələb olundu [19, v.42]. Bundan başqa, hərbi nazir orduda xidmət edən, lakin dövlət dilini bilməyən zabitlər qarşısında tələb qoymuşdu ki, bir ay müddətində heç olmasa komanda sözlərinin azərbaycanca qarşılıqlarını öyrənsinlər və əsgərlərə Azərbaycan dilində komanda versinlər. Yəni salamlaşan şəxs “salam” deməli, qarşı tərəf isə “əleyküm salam” deyə cavab verməli idi. Həmin əmrin layihəsində  salamın "salam əleyküm" kimi verilməsi nəzərdə tutulmuşdu. Ancaq Mehmandarov öz əli ilə ifadənin ikinci hissəsinin üzərindən xətt çəkərək onun daha yığcam olmasını  məqsədəuyğun bilmişdi. Əsgəri tərifləyərkən və ya ona təşəkkür bildirərkən “mərhəba” deyilməli, əsgər isə cavabında “çox sağ ol” deməli idi. [Bax: 19, v.42; 32, II cild, s.38]. Bir ay müddətinə bu tələbi yerinə yetirə bilməyən zabitlər dərhal ordudan xaric edilməli idilər. Azərbaycan dilinin öyrədilməsi və əsgərlər arasında savadsızlığın ləğvi üçün ordu daxilində müvafiq kurslar təşkil edildi və həmin kurslarda dərslərin aparılmasına təcrübəli mütəxəssislər cəlb olundu [20, v.113]. Əsgərlərlə ünsiyyətin Azərbaycan dilində aparılması və onlara hərb işinin Azərbaycan dilində öyrədilməsi şəxsi heyəti xidmətə daha sıx şəkildə bağladı və ordu daxilindəki mənəvi-psixoloji vəziyyətin yaxşılaşmasına, habelə döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərdi [32].
Türk (Azərbaycan) dilinin geniş tətbiq olunduğu sahələrdən biri də mətbuat idi. Ümumiyyətlə, AXC-nin zəngin və rəngarəng, orijinal mətbuatı olmuşdur. Respublikanın mətbuat sahəsində siyasəti elan edilmiş,  onun hüquqi normaları parlamentin qəbul etdiyi  "Mətbuat haqqında Nizamnamə"də öz ifadəsini tapmışdı [26, s.148].
1918-1920-ci illərdə Bakıda, Gəncədə və respublikanın digər şəhərlərində onlarla qəzet və jurnal nəşr olunurdu. A.Rüstəmovun hesablamalarına görə, 1919-cu ildə Azərbaycanda 89 adda qəzet və jurnal çıxırdı. Onların 39-u Azərbaycan dilində, 44-ü rus dilində, 6-sı isə başqa dillərdə çap edilirdi [26]. Buraya Azərbaycan hökumətinin rəsmi orqanları, partiyaların, milli şuraların, kooperativ təşkilatların, mədəni-maarif cəmiyyətlərinin, yaradıcı ittifaqların qəzet və jurnalları daxil idi.
Azərbaycan hökumətinin rəsmi orqanı Azərbaycan və rus dillərində əvvəlcə Gəncədə, sonra isə Bakıda dərc edilən "Azərbaycan" qəzeti idi. Qəzetin nəşrinə başlamaq haqqında Nazirlər Şurasının qərarında deyilirdi: "Xalq Maarif Nazirliyinə tapşırılsın ki, türk və rus dillərində mümkün qədər eyni məzmunlu "Azərbaycan" adlı yarımrəsmi orqanın nəşrini təşkil  etsin". Qəzetin nəşrinə ilk vaxtlar 25 min rubl pul ayrılırdı [11, v.20]. İctimai, siyasi, ədəbi, iqtisadi xarakterli bu gündəlik qəzetin türkcəsinin redaktorları Ceyhun və Üzeyir Hacıbəyli qardaşları, ruscasının redaktoru Şəfi bəy Rüstəmbəyli idi. Lakin qəzetin türk və rus variantları bir-birinə məzmunca yaxın olmaqla bərabər, xeyli fərq də var idi.  Tükrcə "Azərbaycan" qəzetində daha çox mədəni-maarif xarakterli materiallar dərc olunur, hökumətin sosial-mədəni siyasətini əks etdirən təhlil səciyyəli  məqalələr daha tez-tez əksini tapırdı. Məsələn, bu qəzetdə əlifba islahatı haqqında müxtəlif mövqelərdən yazılmış 18 məqalə, türkcə dərsliklər haqqında 16, universitet haqqında 15, müəllim qurultayları haqqında 13, türkcənin dövlət dili kimi tətbiqi ilə əlaqədar 9, qadınların ictimai-mədəni həyatda iştirakı haqında 9, xaricə tələbə göndərilməsi haqqında 4 məqalə dərc olunmuşdu [26, s.149].
Azərbaycan və rus dillərində çıxan "Azərbaycan hökumətinin əxbarı" (Вестник Правительства Азербайджанской Республики) qəzeti hökumətin başqa bir yarımrəsmi orqanı idi.
1919-cu ilin martında Azərbaycan Teleqraf Agentliyinin yaradılması haqqında Nazirlər Şurasının qərarı [12, v.20] AXC hökumətinin türk (Azərbaycan) dilinin daha geniş tətbiqi sahəsində atdığı addımlardan biri idi. Bu qərarı 1920-ci ilin martında həyata keçirmək mümkün oldu. 1920-ci ilin apreli üçün "AzərTAc"ın bülletenlərinə yazılma başlandı.
Onu da qeyd edək ki, AXC hökumətinin dövlət dilinin tətbiqi, təkmilləşdirilməsi və inkişafı üçün atdığı mütərəqqi addımlardan biri də M.F.Axundovdan başlayan əlifba islahatlarının uğurla davam etdirilməsi idi. Əlifba islahatı sahəsində ilk praktiki addımlar isə 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyi elan olunduqdan sonra atılmışdır. Belə ki, AXC-nin yüksək intellektual səviyyəsi ilə seçilən və reallıqla hesablaşmağı bacaran dövlət xadimləri, maarif və mədəniyyət işçiləri başa düşürdülər ki, çətin öyrənilən, dövlət idarələrində geniş işlədilməsi mümkün olmayan ərəb qrafikası ilə xalqın tez bir zamanda maariflənməsi işini həyata keçirmək, ümumi mədəni yüksəlişə nail olmaq mümkün deyildir. Latın qrafikalı yeni Azərbaycan əlifbasının tərəfdarları ilə onun əleyhdarları - əski əlifbanın müdafiəçiləri arasında gərgin mübarizə gedirdi [26, s.69].
Əlifba islahatları ilə əlaqədar geniş ictimaiyyətdə, hökumət dairələrində, mətbuat səhifələrində qızğın mübahislər başlanmışdı [27]. Əski əlifba tərəfdarları öz mövqelərini bu dəlillərlə əsaslandırmağa çalışırdılar ki, bizim müqəddəs kitabımız bu əlifba ilə yazılmışdır. Azərbaycan xalqı özünün çoxəsrlik mənəvi sərvətlərini bu əlifba ilə yaratmışdır, yeni əlifbaya keçilməsi bizi öz ədəbiyyatımızdan, zəngin mədəni ənənələrimizdən ayrı salar, biz islam aləmindən, Şərq mədəniyyətindən ayrı düşərik və s. [26, s.69].
Əlifba islahatları məsələsi 1918-ci ilin dekabrında Bakıda keçirilən müəllim seminariyaları direktorlarının, xalq məktəbləri müfəttişlərinin qurultayında da qoyulmuşdu. Qurultay maarif nazirinin müavini Həmid bəy Şahtaxtlının sədrliyi ilə keçirilən iclasında əski türk əlifbası haqqında məsələ qoyaraq, bu əlifbanı bütövlükdə yarıtmaz hesab etmişdi. Buna görə də qurultay əlifba islahatının tərəfdarı olan Abdulla bəy Əfəndiyevə təklif etmişdi ki, bu məsələyə dair layihə hazırlayıb Maarif Nazirliyinə təqdim etsin [13, v.14].
Yaradılmış əlifba komissiyası bir neçə ay gərgin işlədikdən sonra parlamentə bir neçə layihə təqdim etdi. Bu layihələrdən yalnız müəllim Abdulla bəy Əfəndiyevin layihəsi parlament tərəfindən bəyənilmiş və əsas kimi qəbul edilmişdi. Bu barədə məlumatda deyilirdi: "Azərbaycan parlamentinin üzvü Abdulla bəy Əfəndiyev-Azadbəyli özünün tərtib etdiyi latın hərfli türk əlifbasını  Xalq Maarif Nazirliyinə təqdim edərək, xahiş edir ki, ...ətraflı tanış olmaq üçün nazirliyin tabeliyində olan bütün təhsil müəssisələrinə göndərilsin. Əfəndiyevin xahişi nazirlik tərəfindən maarif nazirinin nəzdindəki Şuraya baxılmaq üçün təqdim edilmişdir". Bu layihə gələcək Azərbaycan türk əlifbasının əsası olmalı idi [46].  Lakin siyasi vəziyyətin kəskin şəkildə dəyişməsi, yəni 1920-ci ilin aprel işğalı o zaman milli hökumətə bu layihəni reallaşdırmağa, bu prosesi başa çatdırmağa və bu yolda əməli addımlar atmağa imkan vermədi.
 
Nəticə
 
Cümhuriyyətin 23 aylıq mövcudluğu dövründə AXC hökuməti tərəfindən digər sahələrdə olduğu kimi təhsil, tədris, mədəniyyət, dil, əlifba və s. sahələrdə qəbul edilən qanunvericilik aktları və qərarlar təkcə həmin dövrdə deyil, sonrakı dövrlərdə də öz aktuallığını qoruyub saxlaya bildi. Qeyd edək ki, yalnız Məclisi-Məbusanın fəaliyyət göstərdiyi 17 ay ərzində (7 dekabr 1918 - 27 aprel 1920) parlamentin 145 iclası keçirilmiş, müzakirəyə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul edilmişdi. Əlbəttə, qəbul edilən qərarlarda və onların tətbiqi prosesində  bir sıra çatışmazlıqların müşahidə edilməsi təbii idi. Bu prosesin sistemli şəkildə davam etdirilməsi, mövcud nöqsanların aradan qaldırılması üçün vaxt tələb olunurdu. Təəssüf ki, rus-bolşevik istilası dövlət və millət əhəmiyyətli bu məsələlərin reallaşmasına imkan vermədi. Lakin dövlətçilik tariximizdə və milli düşüncədə bu qısa dövrdə görülmüş böyük işlər və qəbul edilmiş qərarlar öz dərin izlərini buraxdı. Təsadüfi deyil ki, cümhuriyyət dövründə qəbul edilən qərarların əhəmiyyətini biz 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda müzakirə olunan məsələlərdə də görə bildik. Məsələn, 1926-cı ildə Bakıda keçirilən Türkoloji Qurultay zamanı qəbul edilən və bütün türk dünyasında istifadə olunan “Birləşdirilmiş türk əlifbası” adı verilən əlifba məhz A.Əfəndizadənin hazırladığı “Son türk əlifbası” əsasında tərtib edilmişdi [25]. Xalqımız AXC dövründə yarımçıq qalmış işlərin sistemli davamını isə yenidən müstəqillik əldə etdikdən sonra reallaşdıra bildi. 
Beləliklə, 23 ay ərzində görülmüş böyük işlər, keçilən yol, yaradılan tarix, atılan diplomatik addımlar təkcə milli mücadilə yolunun məntiqi yekunu olmayıb, həm də gediləcək yolun müəyyənedici ideoloji istiqaməti, milli hədəflərə doğru başlıca inkişaf strategiyası olmuşdur: "1991-ci ildə Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi-mənəvi varisi olaraq bərpа edilməsi 1918-1920-ci illərdə seçilən yolun doğruluğunun, aparılan diplomatik mübarizənin əhəmiyyətinin başlıca yekunu idi" [24, s.8]. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında" imzaladığı 10 yanvar 2018-ci il tarixli Sərəncamında qeyd olunduğu kimi: "Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb" [1].
 
İstifadə edilmiş ədəbiyyat:
 
Azərbaycan dilində:
1. "2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. / Bakı şəhəri, 10 yanvar 2018-ci il/ - https://az.president.az/articles/26711
2. “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 - aprel 1920). /Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov. Üç cilddə: I cild. Bakı: Qanun, 2015, 656 s.; II cild, Bakı: Qanun, 2016, 560 s.; III cild. Bakı: Qanun, 2017, 552 s. 
3. "Azərbaycan", 1918, 31 yanvar
4. "Azərbaycan", 1919, 21 sentyabr
5. "Azərbaycan", 1919, 9 dekabr
6. "Azərbaycan", 1920, 21 sentyabr
7. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cilddə: I cild. Bakı: Lider, 2004, 440 s.
8. Azərbaycan Respublikasının Mərkəzi Arxiv İdarəsi (AR MAİ),  fond 51, siyahı 1, iş 1, vərəq 13
9. AR MAİ, f. 51, siy. 1, iş 1
10. AR MAİ, f. 51, siy. 1, iş 2
11. AR MAİ, f. 51, siy. 1, iş 8
12. AR MAİ, f. 51, siy. 2, iş 4
13. AR MAİ, f. 51, siy. 2, iş 154
14. AR MAİ, f. 84, siy. 1, iş 23
15. AR MAİ, f.894, siy. 1, iş 25
16. AR MAİ, f. 894, siy. 10, iş 25 
17. AR MAİ, f. 895, siy. 3, iş. 78
18. AR MAİ, f. 2802, siy. 1, iş 446
19. AR MAİ f. 2894, siy. 1, iş 1
20. AR AMİ, f. 2894, siy. 1, iş 39 
21. Azərbaycan SSR-in xalq təsərrüfatı. Statistika külliyyatı. Bakı, 1957, s.482
22. Balayev A. Azərbaycanda etnolinqvistik proseslər. /Azərbaycan Milli Ensiklopediyası. 25 cilddə. “Azərbaycan” cildi. Bakı, 2007, səh.147-150. 
23. Cəfərov N. Milli parlamentin milli dil təəssübkeşliyi. /31.07.2017/ - https://525.az/site/index.php?name=xeber&news_id=83925#gsc.tab=0
24. Həsənli C. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti (1918-1920). Bakı: “GARISMA” MMC, 2009, 576 s. 
25. İbrahimov E.  Azərbaycan Xalq Cümhuriyyəti: dil məsələləri. Bakı: “XAN” nəşriyyatı, 2018 
26. İsayev N. Azərbaycan Demokratik Respublikasının sosial-mədəni siyasəti (1918- 1920-ci illər). Tarix elmləri namizədi elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya. Bakı, 1992, 192 s.
27. Məmmədov A. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün etnik mənzərəsi və dil siyasəti. "SAM-ın şərhləri", Say XXIII, may 2018, 88 səh. 
28. Məmmədova S. Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti. // &quo
© 2011-2019. Müəlliflik hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qorunur. Bütün hüquqlar "Strateji təhlil" jurnalına aiddir. Məlumatlardan istifadə edərkən stj.sam.az saytına istinad zəruridir.