Məqalələr

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun tariximizdə yeri Ümummilli lider Heydər Əliyev- milli intibahın banisi, müstəqil dövlətçiliyin memarı Azərbaycan Cümhuriyyətinin müqəddəratında Böyük Britaniya amili Bir əsrlik dövlətçilik tarixinə siyasi liderlik fenomeni işığında baxış: Ümummilli lider Heydər Əliyev - 95 К вопросу о создании Армянского государства и определения его границ на переговорах в Батуми и Стамбуле в1918 г. Azərbaycan Xalq Cümhuriyyətinin parlament sənədləri Zəngəzur, Qarabağ və Naxçıvanda 1918-1920-ci illərdə erməni vəhşiliklərini öyrənmək üçün mənbə kimi Геноцид тюрко-мусульманского населения Азербайджана по документам Британских дипломатов XX əsrdə erməni rəsmi dairələrinin kürdlərə qarşı həyata keçirdiyi deportasiya, repressiya və terror aktları haqqında (etnosiyasi analiz) Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Osmanlı dövlətinin siyasəti (iyun-oktyabr 1918-ci il) Нахчыван на переднем крае борьбы с армянской агрессией в период Азербайджанской Демократической Республики Sərhədyanı mübahisə 1918-1920-ci illərdə Azərbaycan-Gürcüstan münasibətlərində əlverişsiz amil kimi Особая Комиссия и ее “особые” сотрудники Равноправие и гендер: путь, пройденный от Азербайджанской Демократической Республики до Первого вице-президента Экономическая политика Азербайджанской Демократической Республики: поиски оптимальной модели Вопрос об экономических отношениях между Азербайджанской Республикой и РСФСР на страницах журнала “Нефтяное дело” 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin aqrar siyasəti Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti Военно-политические аспекты деятельности Азербайджанского правительства в 1918-1920 гг. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu Mirzə Bala Məmmədzadənin ideoloji görüşləri Tam siyahı

Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti

Müəllif: Strateji Tehlil Jurnali

baxılıb: 188

Avq 20, 2018 - 10:38

Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti

Səadət MƏMMƏDOVA

AMEA Elm Tarixi İnstitutunun aparıcı elmi işçisi, sosiologiya üzrə fəlsəfə doktoru

saadet.baki@yahoo.com

Açar sözlər: Azərbaycan Xalq Cümhuriyyəti, Xalq Maarifi Nazirliyi, təhsil sistemi, təhsil siyasəti, kadr hazırlığı, məktəb idarəçiliyi, universitetin açılması, müəllim və tələbələrin sosial müdafiəsi 

Key words: Azerbaijan Democratic Republic, Ministry of Public Education, education system, education policy, training, school management, university opening, social protection of teachers and students

Ключевые слова: Азербайджанская Демократическая Республика, Министерство народного образования, система образования, политика образования, подготовка кадров, управление школ, открытие университета, социальная защита учителей и студентов

 

Giriş
 
1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurasında Həsən bəy Ağayevin sədrliyi və Mustafa Mahmudov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət bəy Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Əli Əsgər Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov,  Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlikaslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtın-ski, Firidun bəy Köçərli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad bəy Məlikyeqanov və Hacı Molla Səlim Axundzadənin iştirakı ilə Azərbaycanın müstəqilliyi haqqında sənəd imzalandı [9, s.4-6]. Müsəlman Şərqində ilk parlamentli respublika olan Xalq Cümhuriyyəti yarandı. 
Azərbaycanın dövlətçilik tarixinin şərəfli səhifələrindən olan bu dövrün dərindən araşdırılması, xalqın milli dövlətçilik ruhunun yüksəldilməsi, azadlıq və müstəqillik uğrunda aparılan mübarizə tarixi və bu yolda hər cür məhrumiyyətlərə qatlaşan şəxsiyyətlərin unudulmaması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2017-ci il mayın 16-da “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" sərəncam imzalanmışdır. Sərəncamda qeyd edilir: “2018-ci il may ayının 28-də Müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. ...Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü”.
Modern dövlətçilik ənənələrini özündə ehtiva edən Xalq Cümhuriyyətinin yarandığı tarixi şəraiti - I Dünya müharibəsi, Çar Rusiyasında baş verən hakimiyyət çevrilişi, dünya iqtisadi böhranı, o cümlədən Qafqaz ölkələrində cərəyan edən siyasi münaqişələri nəzərə alaraq qeyd etmək olar ki, AXC olduqca gərgin siyasi proseslərin baş verdiyi bir dövrdə yaranmış və fəaliyyət göstərmişdir. Tarixi şəraitin gərginliyi yeni bərqərar olmuş dövlətin özünü qoruyub saxlaması və fəaliyyət göstərməsi üçün olduqca böyük çətinliklər yaradırdı. 23 ay müddətində mövcud olmuş dövlətin idarəetmə fəaliyyəti ilə bağlı arxiv sənədlərini nəzərdən keçirdikdə qısa zaman çərçivəsində və olduqca mürəkkəb bir tarixi şəraitdə görülən işlərin miqyası heyrət doğurur.
Xalq Cümhuriyyətinin geniş və əhatəli fəaliyyət istiqamətlərindən biri də təhsil siyasəti ilə bağlı olmuşdur. Bu gün Azərbaycanın dövlətçilik tarixində I respublika olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin həyata keçirdiyi təhsil siyasətinin araşdırılması ölkəmizdə təhsilin inkişafı tarixinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. 
 
1. XX əsrin əvvəllərində Azərbaycanda təhsil sistemi və AXC-nin təhsil siyasəti
 
1917-ci ilə qədər Qafqaz məktəbləri Qafqaz Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərmişdir. Rusiyada dövlət çevrilişindən sonra Bakı Sovetinin qərarı ilə Xalq Maarifi Komissarlığı  təşkil edilmişdi. Azərbaycanda sovet hakimiyyəti süqut etdikdən sonra [1, s.1, 3], Xalq Cümhuriyyətinin 1918-ci il 28 may tarixli “Azərbaycan Respublikasının ilk Nazirlər Şurasının tərkibinin təsdiq edilməsi haqqında” sənədi əsasında birinci müvəqqəti hökumətin tərkibi, o cümlədən ilk  nazirliklər, həmçinin Maliyyə və Xalq Maarifi Nazirliyi təsis edilmiş və yerli tədris müəssisələri bu orqana tabe edilmişdi [7, s.9]. Xalq Maarifi Nazirliyi 1918-ci il iyunun 30-da  yaradılmışdı [1, s.1, 3]. 
AXC-nin xalq maarifi naziri Nəsib bəy Yusifbəyli, maarif nazirinin müavini Həmid bəy Şahtaxtınski, Xalq təhsili şöbəsinin müdiri isə Ə.Əmirov olmuşdur [20]. 
AXC-nin maarif nazirinin müavini olmuş Həmid ağa Şahtaxtınskinin müraciəti əks olunan AXC-nin Xalq Maarifi Nazirliyinin 31 dekabr 1918-ci il 3980 saylı Bakı, Gəncə və Zaqatala quberniyalarının qubernatorlarına göndərdiyi sənəd Xalq Cümhuriyyətinin təhsil siyasətinin əsas istiqamətlərini özündə əks etdirir. Bu sənəddə qeyd olunurdu: “1917-ci il çevrilişinə qədər Rusiya hökuməti öz siyasi baxışlarından çıxış edərək xalqın maariflənməsinə çox az qayğı göstərirdi. Ölkədə məktəblərin vəziyyəti arzu edilən səviyyədə deyildi. Xalq məktəbi dövlət təşkilatında sağalmaz yara, qarşısıalınmaz bəla kimi qəbul edilirdi. Hökumət bütün vasitələrlə məktəbləri çox böyük məhdudiyyətlərə məruz qoyurdu..., xalq müəllimləri hökumət tərəfindən hər cür təhqirlərə və təqiblərə məruz qalırdılar...  
Bu səbəblərdən bu gün Azərbaycanda məktəblərə böyük ehtiyac hiss edilir... və Nazirlik bütün səyləri ilə qısa zamanda yeni məktəblər, müəllim kursları və s. açmaqla ölkədə maarifi lazımi səviyyəyə qaldırmaq istəyir, belə ki, müasir dövrdə yalnız maariflənmiş xalq müstəqil mövcud olmaq imkanına ...malikdir”. Burada həmçinin qeyd edilirdi ki, xalqda təhsilə maraq və vətənə məhəbbət oyatmaq lazımdır, “yalnız bu halda biz digər xalqlar arasında müstəqil yaşamaq imkanları əldə edə bilərik”. Bu yolda xalq müəllimlərinin rolu yüksək qiymətləndirilərək bildirilirdi ki, “bizim həyatını yenicə başlamış vətənimizin hər bir vətəndaşı ...öz qüvvəsini xalq arasında maarifin genişlənməsinə həsr etməlidir” [21, s.116-117].
AXC hökumətinin milli dövlətin yaradılması istiqamətində atdığı ilk addım Azərbaycan dilinin dövlət dili elan edilməsi oldu. 1918-ci il iyunun 27-də Azərbaycan dilinin dövlət dili olması haqqında sərəncam imzalandı.  Bu zaman “Azərbaycan dili” ifadəsi əvəzinə “türk dili” ifadəsi istifadə edilirdi. Sərəncamda bütün məhkəmə, inzibati və digər vəzifələrin türk dilini təmiz bilən kadrlarla təmin ediləcəyi vaxta qədər  müvəqqəti olaraq rus dilindən istifadə edilməsi də qeyd edilirdi [10, s.13].  
AXC-nin milli təhsil siyasəti bilavasitə ölkədə milli kadrların hazırlanmasına yönəlmişdi. Bununla bağlı AXC Xalq Maarifi Nazirliyinin 28 avqust 1918-ci il tarixli qərarında göstərilirdi:
1.Bütün ibtidai məktəblərdə tədris ana dilində aparılsın. Türk dili məcburi və gücləndirilmiş şəkildə öyrədilsin.
2.Ali ibtidai və orta təhsil müəssisələrində  dərslər türk dilində aparılsın.
3. Digər erməni və rus dillərində aparılan dərslər ləğv edilsin.
4. Həmin tədris müəssisələrinin birinci və ikinci siniflərində dərslər türk dilində aparılsın, türk dilini bilməyən tələbələr üçün dili öyrənmək üçün paralel kurslar təşkil edilsin və onların dərsləri rus dilində aparılsın. 4-cü sinfə qədər dövlət dili gücləndirilmiş şəkildə tədris edilsin. 
5. Beşinci sinifdən başlayaraq sona qədər dərslər rus dilində aparılsın.
6.  Bütün orta məktəblərdə qeyri-müsəlman tələbələr üçün dini dərslərin tədrisinə imkan yaradılsın [21, s.27].
Bu dövrdə Azərbaycanın ayrı-ayrı ərazilərində aşağıdakı tədris müəssisələri fəaliyyət göstərirdi: Bakı quberniyasının xalq məktəbi, Gəncə Müəllimlər Seminariyası, Nuxa-Ərəş rayonunun xalq məktəbi, Naxçıvan dairəsinin xalq məktəbi, Yelizavetpol dairəsinin xalq məktəbi, Bakı və Quba dairəsinin xalq məktəbi, Zaqatala quberniyasının xalq məktəbi, Şuşa və Cavanşir dairəsinin xalq məktəbi, Cəbrayıl və Zəngəzur dairəsinin xalq məktəbi, Zaqatalada ilkin ali xalq məktəbi, Qazaxda ilkin ali xalq məktəbi, Nuxada ilkin ali xalq məktəbi, Lənkəran dairəsində xalq məktəbi, Bakı və Gəncədə hökumət məktəbləri, Qazax Müəllimlər Seminariyası [20]. 
Bu dövrdə ayrı-ayrı şəhərlərdə, o cümlədən Bakıda 4 kişi və 5 qadın gimnaziyası, həmçinin 1 qadın məktəbi, Bakı qadın Müəllimlər Seminariyası, Bakıda 3 realnı məktəb, Şamaxıda, Salyanda realnı məktəblər, Lənkəranda 1 kişi gimnaziyası, Gəncədə kişi seminariyası, Nuxada kişi seminariyası, Gəncədə Müqəddəs Nina qadın təhsil müəssisəsi, Nuxada Müqəddəs Nina qadın təhsil müəssisəsi, Şuşada realnı məktəb,  Bakı politexnik məktəbi, Bakı kommersiya məktəbi və digər təhsil müəssisələri fəaliyyət göstərirdi və onların əksəriyyəti dövlət xəzinəsi hesabına, yaxud dövlətin yardımı ilə maliyyələşirdi [21].
AXC-nin təhsillə bağlı həyata keçirdiyi əsas islahatlar köhnə məktəblərin bərpa edilməsi və yeni məktəblərin açılmasına yönəlmişdi. 1919-cu ilin oktyabrında Qusarın Xuluq kəndində [11, s.15], aprel ayında isə  Ağdamda [12, s.31] məktəb açılmışdı. Hər bir məktəb üçün ayrılıqda xəzinədən müəllimlərin maddi təminatı ilə bağlı 27350 rubl, tədris üçün 26000 rubl və digər təsərrüfat xərcləri üçün 33433 rubl ayrılmışdı. 
Mövcud məlumatlara əsasən qeyd edə bilərik ki, 1919-cu ilin əvvəllərində Azərbaycan Respublikasında ümumilikdə 23 dövlət orta təhsil məktəbi var idi. Buraya realnı məktəblər, müəllim seminariyaları, politexnik və kommersiya məktəbləri daxil idi. Müəllim seminariyaları istisna olmaqla 1919-1920-ci tədris ilinin birinci yarısında ölkədə 9611 nəfər şagird təhsil alırdı. Bu dövrdə Xalq Maarifi Nazirliyi tərəfindən milli siniflərə müəllim hazırlığı kursları təşkil edilmişdi. Bu kurslar əsasən Bakı, Gəncə və Nuxada həm qadınlar, həm də kişilər üçün, Şuşa, Qazax, Qusar, Salyan və Zaqatalada isə kişilər üçün idi.
1919-cu ildə Xalq Maarifi Nazirliyinin qərarı ilə Bakı, Gəncə və Nuxa şəhərlərindəki Müqəddəs Nina qadın gimnaziyaları "milli qadın gimnaziyaları" adlandırılmışdı [1, s.1, 3]. 
 
2. AXC-nin milli təhsil sisteminin yaradılması siyasətinin əsasları
 
AXC-də ibtidai və orta təhsildə əsas problemlər müəllim çatışmazlığı ilə bağlı idi. İbtidai siniflərdə bir müəllim bir neçə fənni tədris edirdi. Hər bir dərsin ayrı-ayrı müəllimlər tərəfindən tədrisi məqsədəuyğun hesab edilirdi. Bu dövrdə kadr çatışmazlığı ilə əlaqədar müəllimlər həm tədrislə məşğul olur, həm tibb işçisi kimi fəaliyyət göstərir, həm də kənd icmalarında məsləhətçi işlərini yerinə yetirirdilər. Onlar məktəblərdə şagirdlər üçün tibb xidməti də təşkil edirdilər. 
İbtidai məktəblərdə 1 müəllim 50-yə yaxın şagirdə dərs keçirdi. Xalq Maarifi Nazirliyinin 1918-ci ilin dekabr ayında keçirilən iclasının 2 №-li protokoluna əsasən, hər bir dərs həftədə 2 dəfə tədris edilə bilərdi [20, s.4]. Digər fənlərin tədrisi ilə yanaşı məktəblərdə bədən tərbiyəsi və nəğmə dərslərinin keçirilməsi məcburi hesab edilirdi. Məktəblərdə həmçinin əmək dərsləri, tikiş və digər əl işlərinin öyrədilməsinə xüsusi diqqət yetirilirdi. 
Orta məktəblərin birinci sinfində aşağıdakı fənlər öyrədilirdi: 1.hüquq, 2.türk dili, 3.qrafik sənət, 4.bədən tərbiyəsi və nəğmə, 5.hüsnüxət [20, s.7-8]. Bakı Kişi Gimnaziyasında dünyəvi elmlər – hüquq, fizika, təbiətşünaslıq, tarix, nəğmə dərsləri, həmçinin pravoslav, islam, lüteran və erməni-qriqorian məzhəblərini nəzərə alan dini dərslər tədris edilirdi. Burada ayrıca olaraq “elm və dillər” müəllimi ştatı var idi və onlar əsasən 1-ci sinifdən 8-ci sinfə qədər məktəblilərə rus dili, hesab, coğrafiya, yazı, rəsm, milli əlifba fənləri üzrə dərs deyirdilər.  Məktəblərdə xüsusi olaraq hər sinifdə müəllimlə yanaşı tərbiyəçi də olurdu [22, s.7-12].
Bu dövrdə məktəblərdə tədrisin yeni proqram və dərsliklər əsasında həyata keçirilməsi Xalq Maarifi Nazirliyi tərəfindən günün zəruri tələbi kimi qaldırılmışdı. Lakin ilkin dövrlərdə bunun həyata keçirilməsi zamanı bir qədər çətinliklərlə üzləşildi. Belə ki, milli ruhlu proqram və dərs vəsaitlərinin hazırlanması ilə bağlı maddi və texniki imkanlar məhdud idi [2].
Xalq Maarifi Nazirliyinin iclaslarında qaldırılan digər əsas məsələlərdən biri də ibtidai siniflərdə tədrisin ümumi proqram üzrə aparılması ilə bağlı olmuşdur [20, s.33-34].
Məktəblərin tədris proqramları ilə təmin edilməsi məqsədilə 1919-cu ildə D.B.Rəfibəyovun sədrliyi ilə komissiya təşkil edildi. Birinci komissiyaya ümumi tarix və coğrafiya, türk tarixi və coğrafiyası üzrə proqramlar hazırlamaq həvalə edildi. Komissiyanın üzvləri H.Sadıqbəy, M.A.Şahtaxtınski, L.A.Zimin, İ.A.Belyayev, E.K.Akimov, E.A.Poxomov, Daşkeyev və başqaları idi. İkinci komissiya türk dili və ədəbiyyatı üzrə proqram hazırlamalı idi. Bu komissiyaya sədr M.B.Mahmudbəyov, üzvlər isə R.Əfəndiyev, M.A.Şahtaxtınski, D.Axundzadə, M.Əfəndi, H.Ə.Yaqubzadə, A.Talıbzadə və H.Cavid seçildilər. Üçüncü komissiya riyaziyyat üzrə proqram hazırlamalı idi. Bu komissiyanın sədri S.B.Acalov, üzvləri isə M.B.Hacıbəyov, Zeynalov və Sübhanverdixanov idi. Dördüncü komissiya təbiətşünaslıq fənni üzrə proqram hazırlamalı idi. Komissiyanın sədri M.Maqomayeva, üzvləri isə S.H.Yaqubova, C.Cəbrayılbəyov, S.Axundova təyin edilmişdilər. Beşinci komissiya Şeyxülislamın rəhbərliyi ilə ilahiyyat üzrə proqram hazırlamalı idi və onun üzvləri müftilər A.Talıbzadə və R.Əfəndiyev idi. Birinci və ikinci komissiya həm orta, həm də ali məktəblər üçün proqramlar tərtib etməli idi [8, s.109].
Xalq Maarifi Nazirliyinin 1918-ci il 22 dekabr tarixində keçirilən iclasının 9 №-li protokolunda əlifba məsələləri də qoyulmuşdu [20]. 1918-1919-cu illərdə Xalq təhsili şöbəsi təhsil müəssisələrində Azərbaycan (türk) dilinin tədrisi, dərsliklərin hazırlanması istiqamətində yazışmalar aparırdı [2]. S.M.Qəniyevə və A.B.Əfəndiyevə türk dilinin özəlliklərini nəzərə alan əlifba nümunələrinin hazırlanması həvalə olunmuşdu [20, s.14]. 
Bu dövrdə birsinifli ibtidai məktəblərdə Mahbudbəyovun “Türk əlifbası”, Çernyayevskinin “Ana sözü”, Qafur Rəşidin “Hesab”  dərslikləri, ikisinifli ibtidai məktəblərdə isə Bakı tədris müəssisələrinin müəllimlərinin dərslikləri, riyaziyyatdan Qabulovun “Rəhbər-hesab”, Həmid bəy Usubbəyovun “Hesab elmi” dərslikləri, 3-cü siniflərdə Rəşid bəy Əfəndiyevin “Bəsirətül-Ətbəl”, 4-cü və 5-ci siniflərdə Abdulla Şaiqin “Gülzar” və Ağayevin tərtib etdiyi müntəxəbat, Qafur Rəşadın türk dili ilə bağlı “Rəhbər-sərf” və Axund Yusif Talıbzadənin “Sərfi-türk” kitabları, Saleh Zəkinin “Təbiətşünaslıq” dərsliyi, ilkin ali məktəblərdə həndəsədən “Elm-İndus” dərsliyi, coğrafiyadan Həsən Fəridin coğrafi atlası və s.-nin istifadə edilməsi nəzərdə tutulurdu [20, s.33-34].
Xalq Maarifi Nazirliyi türk dilində dərsliklərin hazırlanması məqsədilə 20 milyonluq fonddan 150 min rublun ayrılması haqqında sərəncam vermişdi [13, s.357].
Zəruri dərsliklərin hazırlanması məqsədilə dövlət 18 sentyabr 1918-ci il tarixdə Xalq Maarifi Nazirliyinə bütün dövlət və ictimai nəşriyyatları öz idarəçiliyinə almaq və şəhərdə olan kağız ehtiyatlarını rekvizit etmək səlahiyyətləri vermişdi. Bununla yanaşı, Nazirlər Şurası türk dilində dərsliklərin çap olunması üçün kağız almaq məqsədilə 500 rubl ayırmışdı. Bakı “Kitab” kooperativi tədris müəssisələrinin dərsliklər və vəsaitlərlə təmin edilməsinə yardım edirdi. Eyni zamanda xalq məktəbi kitabxanaları üçün Türkiyədən 1 milyon rubl məbləğində müxtəlif fənlər üzrə kitablar alınmışdı [14, s.36].
Xalq Maarifi Nazirliyinin 1918-ci ilin dekabr ayında keçirilən iclasının 5 №-li protokolunda müsəlman məktəblərində dərs demək üçün müəllim hazırlığının həyata keçirilməsi əsas məsələ kimi qoyulmuşdu və bu məqsədlə birillik hazırlıq kurslarının təşkili qərara alınmışdı [20, s.9]. 
1919-cu il iyulun 1-də Qazax, Nuxa, Şuşa, Quba, Zaqatala, Salyan, Bakı və Gəncədə həm kişi, həm də qadınlar üçün iki aylıq pedaqoji kursların açılması haqqında qanun imzalanmış və qanuna əsasən bu məqsədlə dövlət xəzinəsində 2.390.000 rubl ayrılmışdı [15, s.15].
Xalq Maarifi Nazirliyinin 1918-ci ilin dekabr ayında keçirilən iclasının 7 №-li protokolunda kəndlərdə sakinlər üçün oxu dərnəklərinin təşkil edilməsi əsas məsələ kimi qaldırılmışdı. Bu dərnəklərdə türk və digər dillərdən tərcümə edilmiş əsərlərin təbliği və əhalinin maarifləndirilməsi nəzərdə tutulurdu.
Eyni zamanda Xalq Maarifi Nazirliyinin iclaslarında məktəblilər üçün kitabxanaların yaradılması və türk dilində jurnalların nəşri məsələləri də müzakirə edilirdi [20, s.13, protokol N 8]. 
AXC-nin xalq maarifi ilə bağlı nəzərəçarpan tədbirlərindən biri də hər bir məktəbdə məktəb muzeylərinin yaradılması ilə bağlı idi. Bu muzeylərin yaradılmasında əsas məqsəd məktəblərin fəaliyyət tarixi ilə yanaşı, yerli etnoqrafiyanın, fauna və floranın şagirdlərə öyrədilməsi idi. Lənkəranda yaradılmış məktəb muzeyinin “Müşahidələr” jurnalında yerli təbiət, iqlim, temperatur və s. məsələlərlə bağlı məlumatlar öz əksini tapmışdı. Bu da şagirdlərdə yaşadıqları ərazi haqqında ətraflı məlumatlara malik olmaq, vətənpərvərlik hissi oyatmaq üçün zəruri tədbir idi. Xalq Maarifi Nazirliyinin əsas məqsədlərindən biri də Bakı və Yelizavetpolda pedaqoji muzeylər mərkəzinin yaradılması idi. Bu muzeylərdə ölkədə nəşr edilən bütün tədris vəsaitlərinin nümunələri toplanmalı, pedaqoji təlimin əsasları müəyyənləşdirilməli, nümunəvi məktəblərin tədris üsulları təbliğ olunmalı idi [20, s.30].
Pilləli tədris sisteminin yaradılmasını nəzərdə tutan Xalq Maarifi Nazirliyi məktəbəqədər müəssisələrin, uşaq bağçalarının yaradılmasında maraqlı olsa da, maddi imkansızlıqla bağlı bunun ilk dövrlərdə şəxsi vəsaitlər hesabına yaradılmasını təklif edir, dövlət bağçalarının açılması hələ ki mümkünsüz hesab edilirdi [20].
Bununla belə, 1919-cu il sentyabrın 1-də Azərbaycan birinci milli qadın gimnaziyasının nəzdində uşaq bağçasının açılması və 1 sentyabr 1919-cu ildən – 31 dekabr 1919-cu il tarixinədək  bağçanın saxlanılması üçün dövlət xəzinəsindən 30.939 rubl 33 qəpik ayrılması qərara alınmışdı [16, s.17].
 
3. Xalq Maarifi Nazirliyinin ali təhsilli kadrların hazırlanması istiqamətindəki fəaliyyəti
 
AXC hökuməti 1919-cu ildə Bakı Dövlət Universitetini (BDU) yaratmaqla ölkədə ali təhsilli milli kadrların formalaşdırılması istiqamətində əhəmiyyətli addım atmış oldu. Universitetin yaradılması ilə bağlı 1919-cu il avqustun 21-də hökumətin 67-ci iclası keçirilmişdi. İclasda "Musavat", "Əhrar", "Sosialist", "İttihad" və "Hümmət" partiyalarının nümayəndələri iştirak etmişdi. Lakin bu partiyaların heç də hamısı universitetin açılmasının tərəfdarı kimi çıxış etməmişdi. AXC parlamentinin katibi Mehdi bəy Hacınski BDU-nun yaradılması ilə bağlı çıxışında mövcud vəziyyəti belə izah edirdi: “Hörmətli deputatlar! Bakıda Azərbaycan dövlət universitetinin açılması ilə bağlı böyük səs-küy qopmuşdur. Bunun lehində və əleyhində olanlar da çoxdur ...Əvvəlcə məsələ bu idi ki, universitet Azərbaycanda olsun, ya olmasın. Bu barədə iki cərəyan var idi, birisi lehinə, digəri isə əleyhinə deyil, lakin vaxtın uyğun olmadığını göstərib hələlik universitetin açılmaması tərəfdarı idi. ...Bakıda universitetin olması mümkündür, ya yox? Hökumət bəyannaməsində deyir ki, mümkündür. Çünki professorlar gəlmək istəyirlər, ölkəmizdə ticarət məktəbi, biri də universitetlərə qəbul olmaq üçün hazırlıq məktəbi var, qaldı tibb şöbəsi üçün alət mümkündürmü? O da mümkündür” [4, s.7].
Məhəmməd Əmin Rəsulzadə isə universitetin yaradılmasına qarşı olanlara öz etirazını və universitetin açılmasının zəruriliyini belə əsaslandırmışdı: “Hər şeydən əvvəl biz hamımız bunu etiraf edirik ki, Azərbaycanda elmlərə, biliklərə bələd olan mütəxəssislər və bütün ölkənin maariflənməsini yüksəltmək üçün universitet binası lazımdır. Deyirlər ki, əsas etibarilə universitet açılması əleyhinə deyilik. Lakin doğrudan isə əleyhinədirlər. Məsələ aydındır. İndi görək bu universitetin təsis edilməsi lazımdır, lazım deyildir. Bununla bağlı müzakirə lazımdır. Bilirsiniz ki, ölkələrdə, xüsusilə də bizim ölkəmizdə universitetə ehtiyac o nöqteyi-nəzərdən vardır ki, bizdə ixtisaslı, mütəxəssis alimlər yoxdur. Bu cür adamların yoxluğu hər cəhətdən təsirini göstərir. Ona görə bir an əvvəl alim, mütəxəssis, təcrübəli adamları yetişdirmək hökumət və dövlətin vəzifəsidir” [4, s.8].
Beləliklə, heç bir maneəyə baxmayaraq AXC hökuməti BDU-nun təsis edilməsi haqqında 1 sentyabr 1919-cu il tarixdə qanun imzaladı. İlk dövrlərdə universitetdə dörd fakültənin – şərq şöbəsi olan tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibbin açılması qərara alınmışdı. Birinci olaraq tibb və tarix-filologiya fakültələrinin, sonra digərlərinin fəaliyyətə başlaması zəruri hesab edilirdi. Bütün fakültələrdə mütləq türk dilinin tədrisi nəzərdə tutulmuşdu. BDU həm də elmin inkişafı mərkəzi kimi nəzərdə tutulmuşdu. Belə ki, xaricdən dəvət edilən rektor, dekan, professor və müəllim heyəti yerli kadrlar hazırlamalı idilər. Tibb fakültəsinin xəstəxanalarla əlaqələrinin yaradılması nəzərdə tutulurdu ki, bu da birbaşa nəzəriyyə ilə praktikanın qarşılıqlı fəaliyyətinə və elmin inkişafına yönəlmişdi. BDU-nun təşkilati məsələlərinin həll edilməsi məqsədilə dövlət xəzinəsindən 5 milyon rubl, universitetin şəxsi heyəti, tədris hissəsi və təsərrüfat xərcləri üçün isə 1085750 rubl vəsaitin ayrılması nəzərdə tutulmuşdu. Qanunda bahalaşma dövründə universitet işçilərinin əmək haqqlarının müvafiq səviyyədə artırılması, həmçinin vəzifəli şəxslərin evlə təmin edilməsi, yaxud evpulu verilməsi məsələləri də qoyulmuşdu. İlk dəfə olaraq həm qadınların, həm də kişilərin birgə universitet təhsili alması hüquqlarının olduğu vurğulanırdı. Eyni zamanda qadınların da universitetdə dərs deməsinə şərait yaradıldığı göstərilirdi [17, s.55-56].   
AXC hökumətinin ali təhsilli kadrların hazırlanması istiqamətində təqdirəlayiq fəaliyyət istiqamətlərindən biri də azərbaycanlı gənclərin dövlət hesabına xaricdə təhsil almağa göndərilməsi ilə bağlı olmuşdur. Qeyd etmək lazımdır ki, həm ölkədə, həm də ölkədən kənarda təhsil alanlar sırasına kasıb ailələrdən olan istedadlı gənclərin cəlb olunmasına, onların təqaüd, yaşayış yeri, dərs vəsaitləri, geyim və qida ilə təmin edilməsinə xüsusi diqqət yetirilirdi və əsasən kasıb ailələrdən olan gənclərin təhsilinin dövlət xəzinəsi hesabına ödənilməsinə çalışırdılar.  
Xaricdə təhsil almaq üçün göndəriləcək abituriyent və tələbələri seçmək üçün yaradılmış komissiya onların ümumi ballarına xüsusi diqqət yetirirdi. Onu da qeyd edək ki, seçilən gənclər əsasən rusdilli şəhər gimnaziyalarının məzunları idilər. İlk ildə hökumət 100 nəfər gəncin xaricə oxumaq üçün göndərilməsini məqsədəuyğun hesab etmişdi. 1919-cu ilin yayında hökumət 100 nəfər tələbənin xaricdə təhsil alması məqsədilə ümumilikdə 4.100.000 rubl və onların hər birinə illik 36,5 min rubl ayrılması haqqında qərar vermişdi [5]. Bu əsasda hər bir tələbə üçün hər ay 3 min rubl, yaxud 300 frank ayrılması nəzərdə tutulmuşdu. Lakin sonradan tələbələrin yaşayışının çətinləşməsi ilə əlaqədar dövlət hər bir tələbəyə aylıq 400 frank təqaüd ayırmışdı [18]. 
Xaricdə təhsil alan tələbələr təhsillərini başa vurduqdan sonra ən azı dörd il dövlət qulluğunda çalışmalı idilər. Tələbələrdən 8 nəfəri təbiətşünaslıq, 7 nəfəri dağ-mədən, 8 nəfəri tibb, 11 nəfəri mexanika, 3 nəfəri kimya, 8 nəfəri elektrotexnika, 4 nəfəri inşaat, 6 nəfəri məlumat vasitələri, 10 nəfəri kənd təsərrüfatı, 4 nəfəri gəmi quruculuğu, 2 nəfəri aviasiya, 3 nəfəri aqronomluq, 5 nəfəri iqtisadiyyat, 5 nəfəri tarix və filologiya, 7 nəfəri fəlsəfə, 6 nəfəri hüquq, 3 nəfəri politologiya ixtisasları üzrə təhsil almaq üçün göndərilmişdilər [8, s.178].
1919-1920-ci tədris ili üçün dövlət hesabına xaricə təhsil almağa göndərilən tələbələrdən 13 nəfəri İngiltərəyə (bunlardan 3 nəfər öz hesabına), 23 nəfəri İtaliyaya, 44 nəfəri Fransaya, 9 nəfəri Türkiyəyə ezam olunmuşdular.
Dövlət xaricə oxumaq üçün yola salınmış tələbələrin qeyd edilən ölkələrdə yerləşdirilməsi, göndərildikləri universitetlər ilə bağlı həmin dövlətlərin aidiyyəti orqanları ilə yazışmalar aparmış, tələbələr haqqında müfəssəl məlumat alaraq, onlara aylıq təqaüd verilməsini təmin etmişdi [23, s.5]. 
 “Azərbaycan” qəzetinin 24 dekabr 1919-cu il tarixli sayında BDU-nun xəbərləri kimi bir qrup tələbənin Türkiyə, İngiltərə, Fransa və Rusiyaya təhsil almaq üçün göndərilməsi və bununla bağlı keçirilən tədbirlər haqqında məlumat yayımlanmışdı [6]. 
  
4. AXC-nin təhsil işçilərinin sosial müdafiəsi siyasəti
 
Xalq Maarifi Nazirliyinin 1918-ci ilin dekabr ayında keçirilən iclasının 3 №-li protokoluna əsasən, ölkənin ağır iqtisadi vəziyyətdə olması, inflyasiyanın genişlənməsinə baxmayaraq, müəllimlərin və məktəblərin maddi təminatı ilə bağlı xəzinədən ayrılan vəsaitin 1:14 nisbətində artırılması qərara alınmışdı. Bu isə məktəblərin bağlanmasının qarşısının alınması və müəllimlərin tədrisdən uzaqlaşmaması məqsədini daşıyırdı [20, s.6]. Xalq Maarifi Nazirliyinin iclaslarında müəllimlərin və şagirdlərin sosial müdafiəsi əsas məsələlərdən biri kimi daima müzakirə edilirdi. Nazirliyin 1918-ci ilin dekabrında keçirilən iclasının 2 №-li protokolunda qoyulan əsas məsələlər sırasında müəllimlərin əmək haqqının vaxtında ödənilməsi, onların dövlət xəzinəsi hesabına məzuniyyətlərinin təmin edilməsi, şagirdlərə ilkin tibbi yardım göstərilməsi üçün nəzərdə tutulan tibbi vasitələrə (500 rubl) və dərslik vəsaitlərinə pul ayrılması, hökumət məktəblərinə subsidiyaların ayrılması, pensiya ödəmələri ilə bağlı məsələlər yer almışdı [20].
24 iyul 1918 – 25 dekabr 1919-cu il tarixlərində Xalq Maarifi Nazirliyinin işçilərinin, o cümlədən müəllimlərin və təhsil alanların ərzaq məhsulları ilə təmin edilməsi haqqında tövsiyələr verilmişdi [3]. Bundan başqa, kasıb uşaqların təhsil ala bilməsi üçün onlara minimal səviyyədə yardım edilməsi, eyni zamanda zərər çəkmiş işçilərə köməklik göstərilməsi ilə bağlı müvafiq sərəncam imzalanmışdı [19, s.10].
Müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə hökumət onların əmək haqqını bir neçə dəfə artırmış, onlara pul və ərzaq yardımları edilmişdi. Hökumət müəllimlərin müalicəsi üçün də pul yardımı edirdi.  Məktəblərin maddi təminatı zamanı milli ayrı-seçkiliyə yol verilmir, rus, erməni, yəhudi və alman məktəblərinə də eyni həcmdə subsidiyalar ayrılırdı [8, s.100-101].
 
Nəticə
 
XIX əsrin sonlarından etibarən Çar Rusiyasının müstəmləkələrdə həyata keçirdiyi təhsil siyasəti və bu sahədə aparılan islahatlar müsəlman xalqlarının, o cümlədən azərbaycanlıların gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmiş oldu. Rusiya imperiyasının yerli xalqları assimilyasiya etməyə yönəlmiş təhsil siyasəti müstəmləkə ərazilərində rusdilli məktəblər şəbəkəsinin yaradılması və Rusiyanın mənafeyinə xidmət edəcək təhsilli insanların yetişdirilməsinə yönəlmişdi. Lakin məhz XIX əsrdə əksəriyyəti rusdilli məktəblərdə təhsil almış ziyalılarımız XX əsrdə müstəqil Azərbaycan dövlətinin yaradılması ideyasını inkişaf etdirənlər və reallaşdıranlar oldular. 
XX əsrin əvvəllərində yaranan Xalq Cümhuriyyəti hökuməti azərbaycanlı maarifçilərin uzun illər təbliğ etdikləri fikirləri həyata keçirdilər. Bu baxımdan XX əsri Azərbaycan təhsil sisteminin inkişaf tarixində xüsusi bir dövr kimi səciyyələndirmək olar. AXC-nin milli təhsil sisteminin yaradılması istiqamətində atdığı ən mühüm addımlardan biri Azərbaycan dilinin dövlət dili elan edilməsi, latın qrafikalı ilk əlifbanın yaradılması, anadilli tədrisin dövlət səviyyəsində və qanuni əsaslarda kütləviləşdirilməsi, məktəblərdə Azərbaycan dilinin tədrisinin genişləndirilməsi, ana dilində dərsliklərin nəşr edilməsi oldu. Digər mühüm addımlardan biri milli kadrların hazırlanması ilə bağlı idi. Məktəbləri yerli kadrlarla təmin etmək məqsədilə ölkənin bütün ərazilərində müəllim hazırlayan təhsil müəssisələri və qısamüddətli müəllim kursları açıldı. Hökumət ali təhsilli mütəxəssislərin hazırlanması, elmin və elmi kadrların inkişaf etdirilməsi məqsədilə Bakı şəhərində dövlət universitetinin açılması haqqında qərar verdi. Ali təhsilli kadrların hazırlanması istiqamətində atılan mühüm addımlardan biri də 100 nəfər abituriyent və tələbənin dünyanın müxtəlif ölkələrinin aparıcı universitetlərində təhsil almaq üçün ezam edilməsi oldu. 
Xalq Cümhuriyyətinin məhdud imkanları çərçivəsində təhsil müəssisə-lərində çalışanların və tələbələrin sosial müdafiəsi ilə bağlı həyata keçirdiyi siyasət təhsilin inkişafı sahəsində atılan əsl millətsevər addım idi. Sosial müdafiə ilə bağlı siyasət məktəblərin bağlanmasının, müəllim və tələbələrin tədrisdən uzaqlaşmasının qarşısının alınmasına yönəlmişdi.
Beləliklə, bütün bu qeyd edilənləri nəzərə alaraq, deyə bilərik ki, qısa bir müddətdə fəaliyyət göstərməsinə baxmayaraq AXC digər sahələrdə olduğu kimi təhsil sahəsində də böyük işlər görmüş, yeniliklərin təşəbbüsçüsü olmuş, milli şüurun inkişafına əsaslı təsir göstərmişdir.
 
İstifadə edilmiş ədəbiyyat:
 
Azərbaycan dilində
1. Azərbaycan Respublikasının Dövlət Arxivi (ARDA). Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Maarif Nazirliyi. Fond № 51, siyahı № 1, 1918-1920-ci illər, s.1, 3
2. ARDA. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Maarif Nazirliyi. Fond № 51, siyahı № 3, saxlanma vahidi 71
3. ARDA. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Maarif Nazirliyi. Fond № 51, siyahı № 2, saxlanma vahidi 186
4. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (II kitab, Stenoqrafik hesabatlar). Bakı: Azərbaycan, 1998,  992 s.
5. “Azərbaycan” qəzeti, 24 mart 1920-ci il. Xəbərlər bölməsi, s.3 
6. “Azərbaycan” qəzeti, 18 dekabr 1919-cu il. Xəbərlər bölməsi, s.5
 
Rus dilində
7. Азербайджанская Демократическая Республика (1918 1920 гг.). Законодательные акты (Сборник документов). Баку: Азербайджан, 1998, 560 с.
8. Назарли А.Э. Народное образование в Азербайджанской Республике (1918-1920 гг.). Баку: Нурлан, 2008, 224 с.
9. Главное архивное управление при кабинете министров Азербайджанской Республики. Постановление о провозглашении государственной независимости Азербайджана / Собрание узаконений и распоряжений правительства Азербайджанской Республики,  1919,  № 1, cт. 1, c. 4-6.
10. Главное архивное управление при кабинете министров Азербайджанской Республики. Постановление о признании тюркского языка государственным и временном допущении в правительственных учреждениях употребления русского языка. Архив, д. 100, оп. 2, д. 7, л. 9. / Собрание узаконений, cт. 28, c. 13. 
11. Главное архивное управление при кабинете министров Азербайджанской Республики. Закон об открытии Хулугского высшего начального училища. Закон об открытии в селении Хулуг Кусарского участка Кубинского уезда высшего начального училища. Вестник правительства Азербайджанской Республики. 21 апреля 1920, № 27. Архив, ф. 895, оп. 3, д. 154
12. Главное архивное управление при кабинете министров Азербайджанской Республики. Закон об открытии Агдамского высшего начального училища. Закон об открытии в селении Агдам Шушинского уезда высшего начального училища. Вестник правительства Азербайджанской Республики. 21 апреля 1920, № 27. Архив, ф. 895, оп. 3, д. 327
13. Главное архивное управление при кабинете министров Азербайджанской Республики. Постановление об отпуске средств на содержание комиссий по составлению учебников на тюркском языке. Азербайджан. 27 июня 1919, № 132. Архив, ф. 84, oп. 1, д. 23, т. 1
14. Главное архивное управление при кабинете министров Азербайджанской Республики. Закон об отпуске 1 млн. руб. на приобретение для библиотек народных училищ книг на тюркском языке. Архив, ф. 895, оп. 3,  д. 104
15. Главное архивное управление при кабинете министров Азербайджанской Республики. Закон об открытии кратковременных педагогических курсов. Архив, ф. 895, оп. 3, д. 78
16. Главное архивное управление при кабинете министров Азербайджанской Республики. Закон об учреждении с 1 сентября 1919 г. при Азербайджанской первой национальной женской гимназии в г. Баку детского сада. Вестник правительства Азербайджанской Республики. 13 марта 1920, № 19. Архив, ф. 895, оп. 3, д. 135
17. Главное архивное управление при кабинете министров Азербайджанской Республики. Закон об учреждении в городе Баку государственного университета. "Азербайджан,"  1919, 6 сентября, № 189. Архив, ф. 895, оп. 3, д. 73
18. Главное архивное управление при кабинете министров Азербайджанской Республики. Сообщение о постановлении Совета Министров о выделении средств для  обучения студентов за границей. "Азербайджан", 1919,  5 августа, № 164.
19. Главное архивное управление при кабинете министров Азербайджанской Республики.  Постановление о выдаче пособий учащимся из бедных семей. "Азербайджан",  1919, 20 февраля, № 38. Архив, ф. 51, оп. 2, д. 4, л. 10.
20. Центральный Государственный Архив новейшей истории Азербайджанской Республики. Министерство просвещения Азербайджанской Демократической Республики. Протоколы заседаний съезда директоров учительских семинарий, инспекторов народных училищ и высших начальных школ. Начато 23 декабря 1917 – окончено 13 декабря 1918. Фонд 51, опис. 1, дело 1.
21. Центральный Государственный Архив новейшей истории Азербайджанской Республики. Министерство просвещения Азербайджанской Демократической Республики. Циркуляры и переписка. Выписки из журнала постановлений.  Фонд 51, опис. 1, дело 8.
22. Центральный Государственный Архив новейшей истории Азербайджанской Республики. Министерство просвещения Азербайджанской Демократической Республики. Сметы расходов по 1-ой Бакинской мужской гимназии. Переписка по финансовым вопросам. 1918-1919. Фонд 51, опис. 2, д.2
23. Центральный Государственный Архив новейшей истории Азербайджанской Республики. Министерство просвещения Азербайджанской Демократической Республики. Об отправке 1919 - 1920 учебном году абитуриентов и студентов за границу, на казенный счет, для завершения высшего образования. Фонд  51, опис. 3, д.40, с.9-10
 
Saadat Mammadova
Educational policy of the Azerbaijan Democratic Republic 
 
The Azerbaijan Democratic Republic created at the beginning of the 20th century in the field of education pursued and has realized the ideas propagandized by the Azerbaijani educators for many years. From this point of view, the 20th century can be characterized as the special period in the history of the Azerbaijani education system. Declaration of Azerbaijani state language, creation of the first alphabet of Latin graphics, nationalization of an education system, expansion of teaching Azerbaijani at schools and the publication of textbooks in the native language was one of the most important steps taken by ADR for creation of a national education system. Preparation of pedagogical shots was one of other important steps. The government has decided to open in Baku the state university. Departure about 100 entrants and students for training at leading universities of the different countries of the world was one of the important steps taken for training of highly qualified personnel.
The policy pursued in the context of limited opportunities of the Azerbaijan Democratic Republic for social protection of employees of educational institutions and students became an original step in development of education. 
 
Саадат Маммедова
Oбразовательная политика Азербайджанской Демократической Республики
 
Азербайджанская Демократическая Республика, созданная в начале 20-го века, в области образования преследовала и реализовала идеи, пропагандируемые азербайджанскими просветителями на протяжении многих лет. С этой точки зрения, 20-й век можно охарактеризовать как особый период в истории азербайджанской системы образования. Одним из наиболее важных шагов, предпринятых АДР для создания национальной системы образования, было провозглашение азербайджанского языка государственным, создание первого алфавита латинской графики, национализация системы образования, расширение преподавания азербайджанского языка в школах и публикация учебников на родном языке. Одним из других важных шагов была подготовка педагогических кадров. Правительство решило открыть в Баку государственный университет. Одним из важных шагов, предпринятых для подготовки высококвалифицированных кадров, было отправление около 100 абитуриентов и студентов для обучения в ведущих университетах разных стран мира.
Политика, проводимая в контексте ограниченных возможностей АДР по социальной защите работников учебных заведений и студентов, стала подлинным шагом в развитии образования.
 
Məqalə redaksiyaya daxil olmuşdur:  02.04.2018
Təkrar işləməyə göndərilmişdir:  16.04.2018
Çapa qəbul edilmişdir:  05.05.2018
© 2011-2018. Müəlliflik hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qorunur. Bütün hüquqlar "Strateji təhlil" jurnalına aiddir. Məlumatlardan istifadə edərkən stj.sam.az saytına istinad zəruridir.