Məqalələr

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun tariximizdə yeri Ümummilli lider Heydər Əliyev- milli intibahın banisi, müstəqil dövlətçiliyin memarı Azərbaycan Cümhuriyyətinin müqəddəratında Böyük Britaniya amili Bir əsrlik dövlətçilik tarixinə siyasi liderlik fenomeni işığında baxış: Ümummilli lider Heydər Əliyev - 95 К вопросу о создании Армянского государства и определения его границ на переговорах в Батуми и Стамбуле в1918 г. Azərbaycan Xalq Cümhuriyyətinin parlament sənədləri Zəngəzur, Qarabağ və Naxçıvanda 1918-1920-ci illərdə erməni vəhşiliklərini öyrənmək üçün mənbə kimi Геноцид тюрко-мусульманского населения Азербайджана по документам Британских дипломатов XX əsrdə erməni rəsmi dairələrinin kürdlərə qarşı həyata keçirdiyi deportasiya, repressiya və terror aktları haqqında (etnosiyasi analiz) Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Osmanlı dövlətinin siyasəti (iyun-oktyabr 1918-ci il) Нахчыван на переднем крае борьбы с армянской агрессией в период Азербайджанской Демократической Республики Sərhədyanı mübahisə 1918-1920-ci illərdə Azərbaycan-Gürcüstan münasibətlərində əlverişsiz amil kimi Особая Комиссия и ее “особые” сотрудники Равноправие и гендер: путь, пройденный от Азербайджанской Демократической Республики до Первого вице-президента Экономическая политика Азербайджанской Демократической Республики: поиски оптимальной модели Вопрос об экономических отношениях между Азербайджанской Республикой и РСФСР на страницах журнала “Нефтяное дело” 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin aqrar siyasəti Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti Военно-политические аспекты деятельности Азербайджанского правительства в 1918-1920 гг. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu Mirzə Bala Məmmədzadənin ideoloji görüşləri Tam siyahı

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun tariximizdə yeri

Müəllif: Strateji Tehlil Jurnali

baxılıb: 220

Avq 20, 2018 - 10:39

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun tariximizdə yeri

Anar İSGƏNDƏROV

Bakı Dövlət Universitetinin kafedra müdiri,
tarix üzrə elmlər doktoru, professor

tarixmenbe@mail.ru

 

Açar sözlər: Azərbaycan Xalq Cümhuriyyəti, Qafqaz müsəlmanlarının qurultayı, Ümumrusiya Müəssislər Məclisi, Azərbaycanın dövlət müstəqilliyi

Key words: Azerbaijan Democratic Republic, Congress of Caucasus Muslims, All-Russian Assembly of Delegators, Azerbaijan’s State Independence

Ключевые слова: Азербайджанская Демократическая Республика, Конгресс мусульман Кавказа, Всероссийская Ассамблея Делегатов, государственная независимость Азербайджана

 

Giriş

 
1917-ci ilin Fevral inqilabından az sonra martın 3-də Rusiya Dövlət Dumasının Cənubi Qafqazdan olan deputatlarının təşəbbüsü ilə Tiflisdə Zaqafqaziyanın İdarəsi üzrə Xüsusi Komitə yaradıldı [1, v.791]. Bu komitə regionun əsas millətlərini Dövlət Dumasında təmsil edən deputatlardan ibarət idi. Komitəyə V.Xarlamov sədr, M.Papacanov, M.Cəfərov, K.Abaşidze və P.Pereverzev üzv təyin edildilər. Müvəqqəti hökumətin qərar və təlimatlarına uyğun olaraq, komitəyə Cənubi Qafqazda geniş hüquq və səlahiyyətlər verildi. Yəni Zaqafqaziyanın İdarəsi üzrə Xüsusi Komitə müvəqqəti hökumətin idarə orqanı funksiyasını yerinə yetirməyə başladı. Xüsusi Zaqafqaziya Komitəsində Cənubi Qafqaz xalqları bərabər təmsil olunmadığı və aqrar məsələdə ardıcıl mövqe tutmadığına görə əhali ona etimad göstərmədiyi üçün o, güclü dövlət orqanı funksiyasını yerinə yetirə bilmədi.
1917-ci il martın əvvəllərində Bakıda müvəqqəti hökumətin ali hakimiyyət orqanı kimi İctimai Təşkilatların İcraiyyə Komitəsi yaradıldı [7, v.20]. Buraya həm fəhlə deputatları sovetlərinin, həm də şəhər dumasının və ictimai təşkilatların nümayəndələri daxil oldu. İcraiyyə Komitəsinə azərbaycanlı əhalinin təmsilçiləri M.H.Hacınski və M.Ə.Rəsulzadə daxil oldular.
Rusiyanın başqa sənaye mərkəzlərində olduğu kimi, Bakıda da fəhlə və əsgər deputatları sovetinin yaradılmasına başlandı. 1917-ci il martın 7-də 52 deputatdan ibarət Bakı Deputatları Soveti formalaşdı. Sovetin tərkibi qeyri-azərbaycanlılardan ibarət idi. Bakı Sovetinə qiyabi olaraq S.Şaumyan sədr seçildi. Cənubi Qafqazın başqa şəhərlərindən fərqli olaraq Bakıda sovet nisbətən güclü idi.
Müvəqqəti hökumətin milli proqramını Rusiyanın bölünməzliyi prinsipi təşkil edirdi. Daha nüfuzlu partiyalar olan kadet, eser və menşeviklər milli məsələnin həllini gələcəkdə çağırılacaq Müəssislər Məclisinə həvalə edir, burada milli-mədəni muxtariyyət prinsiplərini müdafiə edəcəklərini bəyan edirdilər.
Fevral inqilabından sonra açıq fəaliyyətə keçmiş "Müsavat" partiyası Azərbaycanda siyasi qüvvələr arasında daha çox diqqəti cəlb edirdi.  "Müsavat" partiyası federativ Rusiyanın tərkibində Azərbaycana milli-ərazi muxtariyyəti və 20 yaşına çatmış azərbaycanlı vətəndaşlara seçki hüququ verilməsi ideyasını irəli sürürdü [7, v.18]. Gəncədə N.Yusifbəylinin başçılıq etdiyi Türk Ədəmi-Mərkəziyyət Partiyası, Əlimərdan bəy Topçubaşovun və Fətəli xan Xoyskinin başçılıq etdikləri Müstəqil Demokratik Qrup, RSDFP-nin yerli təşkilatı – "Hümmət", Gəncədəki İttihadi-İslam Partiyası ilə Bakıdakı Rusiya Müsəlman Partiyasının üzvlərindən yaranmış İttihad Partiyası fəaliyyətlərini genişləndirdilər. N.Yusifbəylinin rəhbərlik etdiyi partiya Rusiya dövlətinin muxtar ərazilərin federasiyasına çevrilməsi ideyası ilə çıxış edirdi. İttihadi-İslam Partiyasının əməli fəaliyyətinin və nəzəri baxışlarının bünövrəsi islama əsaslanan ittihad – birlik idi. İslamı yalnız din deyil, siyasi, iqtisadi, hüquqi, mənəvi norma kimi qiymətləndirən ittihadçılar onu müsəlman həyatının özülü, əsas strukturu hesab edir, inkişaf yolunu isə məhz islam normalarını təkmilləşdirmək vasitəsilə həyata keçirməkdə görürdülər. 
Milli qüvvələrin Azərbaycanın gələcəyinə münasibəti 15-20 aprel 1917-ci il tarixlərində Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında açıqlandı [8, v.25-26]. Qurultay Qafqaz müsəlmanlarının müvəqqəti hökumətə, habelə müharibəyə və Rusiyanın digər xalqlarına münasibəti məsələlərini müzakirə etdi. Qafqaz müsəlmanlarının qurultayı Rusiya müsəlmanlarının siyasi həyatında mühüm rol oynadı, siyasi hadisələrin həmin mərhələsində onların mənafelərini ifadə edərək, Rusiya müsəlmanları üçün milli hərəkatın gücləndirilməsi yollarını, demokratik respublika prinsiplərinə söykənən dövlət quruluşu seçimini müəyyənləşdirdi. “Müsavat” və Türk Ədəmi-Mərkəziyyət partiyaları Rusiyanın demokratik federativ respublikaya çevrilməsi və Azərbaycana geniş ərazi – milli muxtariyyətin verilməsi haqqında qərar layihəsi ilə çıxış etdilər. Lakin islamçılar (ittihadçılar), sosialistlər, bolşeviklər və menşeviklər Rusiyanın ərazi bütövlüyünün qorunmasına tərəfdar çıxdılar.
Həmin il mayın 1-11-də Ümumrusiya müsəlmanlarının Moskvada keçirilən qurultayında “Rusiya daxilində millətlərə ərazi-milli muxtariyyət verilməsi” şüarı demokratik qüvvələr tərəfindən müdafiə olundu. Qurultayın müzakirə etdiyi ən mühüm məsələlərdən biri Rusiyanın gələcək dövlət idarə üsulu haqqında idi [7, v.18].
1917-ci ilin oktyabrında Bakıda Türk Ədəmi-Mərkəziyyət Partiyası ilə “Müsavat”ın birləşməsi prosesi başa çatdı. “Müsavat”ın proqramında demokratik, federativ Rusiya tərkibində Azərbaycana geniş ərazi-milli muxtariyyət tələbi öz əksini tapmışdı.
1917-ci ilin payızına doğru siyasi nüfuza malik milli-demokratik qüvvələr milli dövlət tələbi ilə çıxış edərək, digər qeyri-rus xalqları ilə bir sırada öz ümidlərini Müəssislər Məclisinə bağlamışdılar.
Bolşeviklərin həyata keçirdiyi 1917-ci ilin oktyabr çevrilişi xalqların milli müstəqilliyə olan ümidlərini daha da artırdı. Bu ümidlər xeyli dərəcədə bolşeviklərin hakimiyyətə gəldikləri ilk günlərdən başlayaraq elan etdikləri mühüm sənədlərlə bağlı idi. Bolşeviklərin qəbul etdikləri “Sülh haqqında dekret”, “Rusiya xalqlarının hüquq bəyannaməsi”, “Rusiya və Şərqin bütün müsəlman zəhmətkeşlərinə” müraciətnaməsi ilk addım kimi keçmiş imperiyaya daxil olan xalqların azad surətdə ayrılıb öz müstəqil dövlətlərini yaratması üçün hüquqi təminat verirdi. Lakin az sonra məlum oldu ki, bu sənədlər reallıqdan uzaq olub daha çox təbliğat xarakteri daşıyır.
Bakı Sovetinin İcraiyyə Komitəsi S.Şaumyanın planına uyğun olaraq, milli partiyaların cəmiyyətdə artan nüfuzunun qarşısını almaq, onların seçkilərdə iştirakını zəiflətmək məqsədilə seçkilərin keçirilməsi vaxtı haqqında axırıncı günə qədər heç bir məlumat vermədi. Bütün bu maneələrə baxmayaraq, oktyabrın 22-də Bakı Sovetinə keçirilən seçkilərdə “Müsavat” eserləri, menşevikləri, bolşevikləri və daşnakları geridə qoyaraq böyük üstünlüklə qələbə əldə etdi. Bu seçkilərdən sonra “Müsavat” partiyası Azərbaycanda hakimiyyət strukturlarının formalaşdırılması prosesinə ciddi təsir göstərməyə başladı.
 
1. Zaqafqaziya Komissarlığı
 
1917-ci il noyabrın 11-də Tiflisdə Cənubi Qafqazın əsas siyasi qüvvələrini təmsil edən gürcü menşevikləri, “Müsavat”, “Daşnaksütyun” və sağ eserlər Rusiyadakı bolşevik hökumətini tanımaqdan imtina etdilər. Yığıncaqda qərara alındı ki, Ümumrusiya Müəssislər Məclisi tərəfindən hakimiyyət məsələsi həll edilənə qədər regionu idarə etmək  üçün “Müstəqil Zaqafqaziya hökuməti” (Zaqafqaziya Komissarlığı) yaradılsın [1, v.791]. Noya-brın 15-də Tiflisdə yeni hökumətin tərkibi elan edildi. Ona gürcü menşeviki E.P.Gegeçkori sədrlik edirdi. Hökumətin tərkibinə Azərbaycandan F.X.Xoyski, M.Y.Cəfərov, X.Məlikaslanov daxil idilər. Noyabrın 26-da Müəssislər Məclisinə seçkilər keçirildi. Bu seçkilərdə gürcü menşevikləri 11 yer, müsavatçılar 10 yer, daşnaklar 9 yer, müsəlman sosialist bloku 2 yer, bolşeviklər, ittihadçılar və eserlər hərəyə 1 yer əldə etdilər. Seçkilərin gedişində aydın oldu ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti “Müsavat”ın irəli sürdüyü ərazi muxtariyyəti ideyasını müdafiə edir.
Zaqafqaziya Komissarlığının yaranması ilə Osmanlı  və Rusiya qoşunları arasında gedən müharibədə anlaşılmaz bir vəziyyət əmələ gəldi. Çünki Komissarlığın özünü müdafiə edə bilən ordusu yox idi. Digər tərəfdən, Zaqafqaziya Komissarlığı fraksiyalarının Osmanlı dövlətinə münasibəti də birmənalı deyildi: müsəlman fraksiyası osmanlılara qarşı vuruşmağın əleyhinə idi, gürcülər türklərlə sazişə girməyi məqbul sayırdılar, ermənilər isə bu barədə qəti qərara gələ bilmirdilər. Qafqazda hərbi əməliyyatların dayandırılmasında maraqlı olan və bu məqsədlə vasitəçilər axtaran Rusiya üçün əlverişli fürsət yaranmışdı; nəhayət, 1917-ci il dekabrın 5-də Ərzincanda Zaqafqaziya Komissarlığı ilə Osmanlı dövləti arasında barışıq imzalandı.
Dekabrın 19-da Zaqafqaziya Komissarlığı Qafqazdakı rus ordusunun tərxis olunması və bu əsasda milli qoşun hissələrinin təşkil edilməsi haqqında sərəncam imzaladı. İlk addım kimi üç piyada diviziyasından, atlı briqadadan və ərazi polklarından ibarət olan erməni ordusu yaradıldı. Erməni və gürcü milli ordu hissələrinin yaradılması bir qədər asan idi, çünki Qafqaz cəbhəsində rus ordusunun tərkibində kifayət qədər erməni və gürcü könüllü hərbi dəstələri fəaliyyət göstərirdi. Zaqafqaziya cəbhəsində tərxis olunmuş əsgərlərin əksəriyyəti erməni idi. mOnlar nəinki silah satır, hətta özləri də bu orduya yazılırdılar. Digər tərəfdən, çar ordusunda qulluq edən silahlı erməni partizanları müsəlmanlara qarşı təbliğat aparmaqla məşğul idilər. Erməni Milli Şurası kifayət qədər var-dövlətə malik olduğu üçün Qafqaz cəbhəsindən tərxis olunmuş rus əsgərlərindən çoxlu miqdarda silah ala bildi.
 
2. Milli Ordunun hazırlanması
 
Azərbaycanlılardan ibarət ordu hissələrinin yaradılması isə ciddi çətinliklərlə üzləşdi. Ordu yaradılması ilə bağlı Müsəlman Milli Şurasının vəziyyəti ermənilər və gürcülərlə müqayisədə o qədər də yaxşı deyildi.Əvvəla, Qafqaz ordusunda azərbaycanlı əhali xidmət etmirdi. Köhnə rus ordusunda ayrıca müsəlman hissəsi yox idi. Rus ordusunun tərkibində müsəlman əsgərləri olmadığından milli ordunun yaradılması mümkün deyildi. Ən nəhayət, müsəlman əhalisi qorxurdu ki, rus dövləti onlardan türkdilli olduqları üçün şübhələnə bilər. Ona görə də Müsəlman Milli Şurası çox ehtiyatla hərəkət etməyə məcbur idi. Azərbaycanın ordu ilə bağlı problemlərini qabaqcadan görə bilən siyasi xadimlər fevral inqilabından sonra Rusiyanın müvəqqəti hökumətinə müraciət edərək milli ordunun yaradılmasına icazə istəmişdilər. Lakin bu müraciətə cavab verilməmişdi. Zaqafqaziya Komissarlığının qərarından sonra Müsəlman Milli Şurasının təşəbbüsü ilə Gəncədə, Bakıda, Lənkəranda və Tiflisdə müsəlman hərbçilərinin yığıncaqları keçirildi. Milli hissələrin yaradılması üçün radikal addımların atılması, məsələn, 1918-ci il yanvarın əvvəllərində Şamxor stansiyasında rus əsgərlərinin tərk-silah edilməsi bir tərəfdən Bakı Soveti ninrəhbərliyi, digər tərəfdən isə Erməni Milli Şurası və gürcülərin müəyyən dairələri tərəfindən böyük hiddət və narazılıqla qarşılandı. Halbuki, bunun üçün heç bir əsas yox idi: cəbhədən qayıdan rus əsgərlərinin tərk-silah edilməsi haqqında qərarı Zaqafqaziya Komissarlığı qəbul etmişdi. Məlum olduğu kimi, Zaqafqaziya Komissarlığının cəbhədə əldə edilən silahların Cənubi Qafqaz hüdudlarından kənara çıxarılmaması haqqında qərarı müsəlman, erməni və gürcü milli şuraları tərəfindən rəğbətlə qarşılanmışdı. Zaqafqaziya Komissarlığı Qafqaz cəbhəsinin Baş Ştabından tələb etdi ki, ordunun bütün əmlakı və silahı yenicə yaradılmaqda olan milli şuralara təhvil verilsin. Zaqafqaziya Komissarlığının gürcü rəhbərliyi ordu hissələrinin Tiflis şəhərinə daxil olmasına icazə vermədi və onların Gəncə istiqamətindən Bakıya, oradan isə Şimali Qafqaz yolu ilə Rusiyaya keçməsini təklif etdi. Zaqafqaziya Komissarlığı nəzərdə tuturdu ki, rus ordusunun Azərbaycandan keçən hissəsi silahlarını Şamxor və Dəllər stansiyasında könüllü surətdə Gəncədən gələn Müsəlman Milli Şurasının üzvlərinə təhvil verməlidir. İlk vaxtlar tərk-silah öz qaydası ilə gedirdi. Tərk-silah olunmuş əsgərlərə Bakıya getmək üçün şərait yaradıldı. Bu işə doktor Rəfibəyov və Səfikürdski rəhbərlik edirdi. Lakin yanvarın 9-dan sonra eşelonlar tərk-silahdan imtina etdilər. Tiflisdən eşelonları müşayiət edən gürcü Abxazava və müsəlman korpusunun komandiri Maqalovla əsgərlər arasında toqquşma başlandı. İdarə olunmayan əsgərlər eşelonlardan artilleriya atəşi ilə yüzlərlə Azərbaycan kəndini yandırdılar və əhalisini məhv etdilər [3, v.8-10].
 
3. Türk-müsəlman əhalisinə qarşı soyqırım
 
1917-ci ilin dekabrında Osmanlı dövləti ilə Zaqafqaziya Komissarlığı arasında bağlanmış Ərzincan barışığına uyğun olaraq, Qafqaz cəbhəsindən çıxarılmış rus ordusunu əvəz edən erməni ordu birləşmələri cəzasızlıq şəraitindən istifadə edərək, yerli müsəlman əhalisinə qarşı vəhşiliklər törətdilər. Nəticədə 1918-ci ilin martına qədər İrəvan quberniyasında azərbaycanlı əhalinin yaşadığı 199 kənd darmadağın edildi. Bu ərazidə yaşayan 135 min nəfər əhalinin bir qismi ermənilər tərəfindən öldürüldü, bir qismi isə Osmanlı ordusunun nəzarəti altında olan torpaqlara pənah apardı. İrəvan quberniyasında bir il ərzində ermənilər 100 mindən çox türk-müsəlmanı məhv etmişdilər. Xüsusilə, Azərbaycan muxtariyyətinə qarşı fəal mübarizə aparan S.Şaumyan Rusiya Xalq Komissarları tərəfindən Qafqaza fövqəladə komissar təyin edildikdən sonra bölgədə vəziyyət daha da ağırlaşdı. “Müsavat”ın gündən-günə artan nüfuzundan ehtiyat edən Şaumyanın başçılıq etdiyi bolşeviklər və daşnak qüvvələri martın axırlarında (29 mart – 2 aprel 1918-ci il) Bakıda yerli azərbaycanlı əhaliyə qarşı soyqırımı törətdilər; 12 mindən çox dinc əhali qətlə yetirildi, şəhər duması, milli şuralar (Erməni Milli Şurasından başqa) ləğv edildi. Bakının şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə oludu, xalqın bir çox ziyarətgahları və tarixi abidələri dağıdılıb yerlə-yeksan edildi [7, v.18]. Daşnak-bolşevik birləşmələri uzaqvuran toplarla Təzəpir məscidini zədələmiş və dünya memarlığının incilərindən sayılan “İsmailiyyə” binasına od vurub yandırmışdılar. Şamaxı qəzasının 53 müsəlman kəndində ermənilər 8027 azərbaycanlını qətlə yetirmişdilər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdur. Bu kəndlərə dəyən ziyan o dövrün qiymətləri ilə 339,5 milyon manat olmuşdur. Şamaxı şəhərinin əhalisinin böyük bir hissəsi – 8 min nəfəri öldürülmüş, azərbaycanlı əhaliyə dəyən ziyan isə bir milyard manatdan çox olmuşdur [4, v.85, 87, 100]. Quba qəzasının 162 kəndi dağıdılmış, 16 mindən artıq türk-müsəlmanın həyatına son qoyulmuş, 32 kənd isə yer üzündən silinmişdir [7, v.46].
Azərbaycanın şərqində Sovet Rusiyasının yerli hökumətini qurmağa müvəffəq olan Şaumyan bütün Cənubi Qafqazı sovetləşdirmək adı altında sərsəm “Böyük Ermənistan” ideyasını reallaşdırmağa çalışırdı.
 
4. Zaqafqaziya Seyminin təşkili
 
Hələ 1918-ci ilin əvvəllərində regionda heç bir nüfuzu və gücü olmayan Zaqafqaziya Komissarlığı özünü buraxmaq məcburiyyətində qaldı. 1918-ci il fevralın 22-də Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş deputatların yığıncağında Zaqafqaziya Seyminin yaradılması və hakimiyyətin bu orqana verilməsi haqqında qərar qəbul edildi. 1918-ci il fevralın 23-də üç əsas partiya (“Müsavat”, menşevik, “Daşnaksütyun”) fraksiyalarının nümayəndələrindən ibarət olan Zaqafqaziya Seymi öz işinə başladı [5]. Seymdə Azərbaycanı 30 nəfər müsavatçı və onlara qoşulmuş bitərəf demokratlar, 7 nəfər Müsəlman Sosialist Blokunun üzvü, 3 nəfər ittihadçı və 4 nəfər menşevik-hümmətçi təmsil edirdi. Zaqafqaziya Seymində Azərbaycanın siyasi partiyalarının 44 nümayəndəsi var idi. Onlardan hümmətçi-menşeviklər gürcü fraksiyasına daxil olmuş, qalanları isə müsəlman fraksiyasında birləşmişdilər. Müsəlman fraksiyası gürcü və erməni fraksiyalarından fərqli olaraq, çox dağınıq şəkildə fəaliyyət göstərirdi. Daşnak-bolşevik birləşmələrinin türk-müsəlman əhalisinə qarşı törətdikləri qırğınlar Zaqafqaziya Seymindəki Azərbaycan nümayəndələrini qəti addım atmağa məcbur edirdi. Seymdəki azərbaycanlıların Şaumyan başda olmaqla Bakıdakı quruma və müharibəyə münasibətdə mövqeyi erməni və gürcülərdən fərqlənirdi: başlıcası isə bu idi ki, osmanlıların Qafqazdakı siyasəti azərbaycanlıları tamamilə təmin edirdi. Aprelin 7-də Seymin müsəlman fraksiyasının (“Hümmət”dən başqa) fövqəladə iclasında Azərbaycanda yaranmış dramatik vəziyyət ətraflı müzakirə olundu. Çıxış edənlər əsasən menşeviklərdən ibarət olan Tiflis hökumətinin Bakı bolşevikləri ilə əlbir olub, Bakı istiqamətinə göndərilən azsaylı qüvvəni lazımi silah və sursatla təmin etmədiyini, V.Leninlə gizli danışıqlar apardığını və müsəlman qırğınlarının artdığını narahatlıqla qeyd edərək qəti tədbirlər görməyin vaxtının çatdığını qeyd edirdilər. Qərara alındı ki, başqa fraksiyaların nümayəndələri ilə Zaqafqaziya Komissarlığının birgə iclası çağırılsın və müsəlman nazirlərinin istefası bildirilsin. Qafqazın müstəqilliyinin elan edilməsi məsələsində müsəlman fraksiyasının qəti fikri Seymdə təmsil olunmuş bütün partiyaların nəzərinə çatdırılsın. Seymdəki çıxışında müsəlman sosialist blokunun lideri Səfikürdski deyirdi: “Əgər Şamxor hadisələrindən sonra Zaqafqaziya hökuməti Bakı üzərinə hücuma keçsəydi, mart qırğını baş verməzdi. Biz Zaqafqaziya hökumətindən xahiş edirik: bizim müdafiə olunmağımıza və Şaumyan başda olmaqla bolşevizmin ləğv edilməsinə kömək etsin. Əgər Zaqafqaziya hökuməti mövcuddursa, biz ondan tələb edirik ki, haqq işimizi müdafiə etsin. Əgər hökumət bu faciə ilə bağlı qəti tədbir görməzsə, biz özümüz onları məhv edəcəyik. Bizim tariximizdə çoxlu qanlar tökülüb, onların çoxu qanla yazılıb, biz bunu da tarixə qanla yazacağıq”. Həmin iclasda M.Ə.Rəsulzadə nitqinə hökuməti ittiham edən çıxışla başladı: “Əgər Zaqafqaziya hökuməti və Zaqafqaziya Seymi bu andan etibarən müsəlman sosialist blokunun tələbini təmin etməsə, bizim burada sakit oturub bir yerdə işləməyimiz yolverilməzdir”. Azərbaycan nümayəndələrinin ultimativ tələbləri Seymdə çaxnaşma saldı.
Məlum olduğu kimi, 1917-ci ilin axırlarında Almaniya və onun müttəfiqləri Rusiyanı döyüşən cəbhələrdən geri çəkilməyə və öz torpaqlarının bir hissəsindən imtina etməyə məcbur etdilər. 1918-ci il martın 3-də Brest-Litovskda Sovet Rusiyası ilə Almaniya arasında bağlanmış müqaviləyə görə, Qərbi Ukrayna və Qərbi Belorusiya torpaqları Almaniyaya, rusların Qafqaz cəbhəsində işğal etdikləri Qars, Ərdahan, Batum isə Osmanlı dövlətinə keçirdi. Əslində, Rusiya bu müqaviləni bağlamaqla vaxtilə S.Şaumyana Osmanlı ərazisində “Türkiyə Ermənistanı” yaratmaq haqqında vermiş olduğu 1918-ci il 11 yanvar tarixli 13 saylı dekretdən imtina etməyə məcbur oldu. Digər tərəfdən, həmin günlərdə Osmanlı nümayəndə heyətinin başçısı Seymdən Brest-Litovsk barışığının tanınmasını, həm də Türkiyə ilə müzakirələr aparmaq üçün Rusiyadan ayrılaraq özünü müstəqil dövlət elan etməsini tələb etdi. Aprelin 10-da Zaqafqaziya nümayəndə heyəti Brest müqaviləsinin şərtlərini qəbul etməyə və bu əsasda danışıqları davam etdirməyə hazır olduğunu bildirdi. Lakin Seymdə bu məsələ kəskin mübahisələrə səbəb oldu. Gürcü deputatları Osmanlı dövləti ilə müharibəni davam etdirmək üçün bütün qüvvələri səfərbərliyə almağı və kömək üçün Rusiyaya müraciət etməyi təkid edirdilər. Erməni fraksiyası müharibəni axıra qədər davam etdirmək və Osmanlı dövlətini məğlub etmək üçün hər cür vasitələrə əl atmaq təklifini irəli sürürdü. Erməni fraksiyası Seym qüvvələrinin geri çəkilməsinin bütün günahını Azərbaycan nümayəndələrində görürdü. Gürcü və erməni nümayəndələri Trabzon danışıqlarını yarımçıq kəsərək ölkəni müharibə vəziyyətində elan etdilər. Erməni-gürcü qüvvələri Osmanlı ordusunun qarşısını almağa qadir deyildi. Aprelin 15-də osmanlılar Batum şəhərini tutaraq Poti istiqamətində şimala doğru irəliləməyə başladılar. Belə bir şəraitdə Seymdəki erməni-gürcü çoxluğunun Qafqazın müstəqilliyini elan etmək və Brest-Litovsk sülhünü tam şəkildə qəbul etməkdən başqa çarəsi qalmadı. Aprelin 22-də müstəqil Zaqafqaziya Federativ Demokratik Respublikasının yaradıldığı elan edildi [6, v.20].
Cənubi Qafqazın müstəqilliyinin elan olunması Azərbaycanın vəziyyətində müsbət dəyişiklik yaratmadı. Azərbaycanın şərqində bolşevik qurumu, qərbində isə erməni hərbi birləşmələri yerli əhalini qırmaqla məşğul idilər. Buna görə də Azərbaycan nümayəndə heyəti Batum sülh konfransına böyük ümidlə baxırdı. Çünki Azərbaycan nümayəndə heyəti başa düşürdü ki, yalnız Osmanlı qüvvələrinin köməyi ilə Bakını bolşevik qüvvələrindən azad etmək, erməni daşnakların Azərbaycan əhalisinə qarşı qırğınlarını dayandırmaq mümkündür. Konfransa yola düşməzdən əvvəl müsəlman fraksiyasının üzvü Nəsib bəy Yusifbəylinin söylədiyi nitq Azərbaycanın düşdüyü çətin şəraitə verdiyi obyektiv qiymət idi. Nəsib bəy deyirdi: “Bizim bu gücsüz halımızda xarici köməyə müraciət etməkdən başqa çarəmiz yoxdur. Müstəqilliyimizin ən qəti müdafiəçisi olmağıma baxmayaraq, indiki halda biz sevinməliyik ki, buraya gələcək qüvvə bizə dost və qardaş Türkiyədir. Ola bilsin, bu, qonşularımızın xoşuna gəlməsin, amma başqa çıxış yolumuz yoxdur… Xətir üçün xəstə düşə bilmərik. Bununla belə, heç vaxt azad Azərbaycanın müstəqil yaşaması fikrini yaddan çıxarmağa haqqımız yoxdur”.
Cənubi Qafqaz əhalisinin üç əsas xalqı arasındakı daxili ziddiyyətlər onların müstəqil vahid dövlətdə birləşmək imkanını aradan qaldırdı. Doğrudur, bu arada daşnak partiyasının Seymdəki deputatları müsəlman fraksiyasına rəsmən siyasi alver variantı təklif etdilər: onlar “Bakıda gələcək hökumətin sırf müsəlman deyil, beynəlmiləl xarakterdə olması və erməni hissələrinin Bakıda qalması” müqabilində Bakı Sovetini buraxmağı öz öhdələrinə götürürdülər. Lakin Seymin müsəlman nümayəndələri bu həyasız şərtləri qətiyyətlə rədd edib, Bakı şəhərində hakimiyyətin bölünməzliyini bəyan etdilər.
1918-ci il mayın 11-də Batumda Zaqafqaziya və Osmanlı dövləti arasında danışıqlar davam etdirildi. Danışıqlarda Azərbaycanı M.Ə.Rəsulzadə və M.H.Hacınski təmsil edirdi. Konfransın gedişində Almaniya nümayəndələri gürcülərlə gizli görüşlər keçirərək, onlara hərbi və iqtisadi yardım göstərəcəyini vəd etmişdi. Belə ki, konfransın gedişi dövründə 3 min nəfərlik alman qoşunu Gürcüstanın Poti limanına çıxarıldı.  Eyni vaxtda hücumu müvəffəqiyyətlə davam etdirən Osmanlı qoşunları mayın 17-də Gümrünü ələ keçirdilər.
Almaniyadan böyük dəstək alan Seymin gürcü fraksiyası Gürcüstanın Zaqafqaziya Federativ Respublikası tərkibindən çıxmasını və öz müstəqilliyini elan etməsini qərara aldı. Bununla əlaqədar olaraq, 1918-ci il mayın 25-də Zaqafqaziya Seyminin müsəlman fraksiyasının iclası keçirildi. İclasda Cənubi Qafqazda siyasi vəziyyətin dəyişməsi ilə əlaqədar rəsmi bəyanatda deyilirdi ki, Seymin gürcü fraksiyası Batumda gizli danışıqlar aparır və Gürcüstanın müstəqilliyini elan etməyə hazırlaşır. Mayın 25-də F.X.Xoyskinin sədrliyi ilə Seymin müsəlman fraksiyasının axşam iclası keçirildi. Seymin sədri və gürcü fraksiyasının üzvləri iclasa gələrək elan etdilər ki, Seymin sabahkı iclasında Zaqafqaziya Respublikasının ləğv olunması faktını təsdiq edəcəklər.
Azərbaycanda yaranmış çətin vəziyyət milli-demokratik qüvvələri Seymdə azlıqda qalıb hadisələrin gedişini seyr etməkdənsə, qəti addımlar atmağa vadar etdi. Azərbaycan özünün din və dil qardaşı olan Osmanlı Türkiyəsinin yardımına ümid bəsləyirdi. Osmanlı dövlətinin hərbi naziri Ənvər paşanın 29 yaşlı qardaşı Nuru paşanı 300 nəfər təlimatçı ilə Azərbaycana köməyə göndərməsi bu yardımın bünövrəsini qoydu [6, v.31-33].
 
5. Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması
 
Mayın 26-da Zaqafqaziya Seyminin sonuncu iclası keçirildi. Gürcü nümayəndələri Seymdən çıxıb, Gürcüstanın müstəqilliyini elan etdilər. Gürcü fraksiyası Zaqafqaziya Respublikasının dağılmasının bütün günahını müsəlman fraksiyasının üzərinə yıxdı. Guya müsəlman fraksiyası türkpərəst mövqe tutduğu üçün gürcülər onlarla bir Seymdə fəaliyyət göstərə bilməzlər. Zaqafqaziya Seyminin üzvü Şəfi bəy Rüstəmbəyov gürcü fraksiyasının gətirdiyi bu arqumentləri qətiyyətlə rədd edərək qeyd edirdi: “Hesab edirik ki, Zaqafqaziyanın birgə siyasi mövcudluğunun indiki mürəkkəb və məsuliyyətli anında ayrılmaq üçün tutarlı və obyektiv əsaslar yoxdur və burada gürcü nümayəndələri tərəfindən irəli sürülən amillər az inandırıcıdır”.  Mayın 27-də isə Seymin müsəlman fraksiyası yaranmış vəziyyətin ciddiliyini nəzərə alaraq fövqəladə iclas çağırdı. Uzun müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq qərara alındı [6, v.8-12]. “Müsavat” partiyasının təklifi ilə M.Ə. Rəsulzadə qiyabi olaraq (bu vaxt o, Batum konfransında iştirak edirdi) Milli Şuranın sədri, H.Ağayev və M.Seyidov isə sədrin müavinləri seçildilər. Müxtəlif sahələrdə işlərə rəhbərlik etmək üçün Milli Şuranın 9 nəfərdən ibarət icraiyyə orqanı yaradıldı. Fətəli xan Xoyski İcraiyyə Komitəsinin sədri seçildi.     
1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası Azərbaycanın dövlət müstəqilliyi haqqında “İstiqlal bəyannaməsi”ni qəbul etdi [6, v.18, 22, 26]. Milli Şuranın 24 səslə (iki nəfər – Sultan Məcid Qənizadə və Cəfər bəy Axundov bitərəf qaldı) qəbul etdiyi qərar və altı bənddən ibarət “İstiqlal bəyannaməsi”, yaxud “Misaği-milli” (əqdnamə) Azərbaycan millətinin varlığını bütün dünyaya bəyan etdi. Beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ilk Konstitusiya aktı – “İstiqlal bəyannaməsi”nin qəbulu ilə Azərbaycan dövlətçiliyi Xalq Cümhuriyyəti formasında elan olundu. Bu hüquqi və siyasi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan edilmiş, onun hakimiyyətinin şamil olunduğu ərazinin hüdudları müəyyənləşdirilmiş, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdır. “İstiqlal bəyannaməsi”ndə demokratik dövlətə məxsus atributların – hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqlarının təmsil edilməsi, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün şərait yaradılması, ən nəhayət, hakimiyyətin bölünməsi kimi prinsiplərin dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi. “İstiqlal bəyannaməsi” Azərbaycan millətinin millət-mədəniyyət statusundan tamamilə başqa siyasi-hüquqi və mənəvi-psixoloji statusa – millət-dövlət statusuna qədəm qoyduğunu göstərdi. Mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqrafla məlumat verildi. 
“İstiqlal bəyannaməsi”ni qəbul edən Milli Şura Azərbaycan hökumətini təşkil etməyi bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. İlk hökuməti “Müsavat”, Müsəlman Sosialist Bloku, “Hümmət”, “İttihad” və bitərəflərdən ibarət 9 nazir təmsil edirdi.
Cənubi Qafqazın özünü müstəqil elan etmiş üç dövləti – Azərbaycan, Gürcüstan və Ermənistanın nümayəndələri Batumda Osmanlı dövləti ilə danışıqlar apararaq iyunun 4-də ayrı-ayrılıqda müqavilə imzaladılar. Müqaviləni Azərbaycan tərəfindən Milli Şuranın sədri M.Ə.Rəsulzadə və xarici işlər naziri M.H.Hacınski imzaladılar. Müqavilənin şərtləri Ermənistan və Gürcüstan üçün çox ağır idi, Azərbaycanla Osmanlı dövləti arasında isə “daimi sülh və dostluq münasibətləri”ni bərqərar edirdi. Yeni yaranmış Azərbaycan hökumətinin xahişinə cavab olaraq, Osmanlı hökumətinin hərbi naziri Ənvər paşa ilk yardım kimi  Azərbaycana 2 milyon türk lirəsi həcmində kredit ayırmışdı, Azərbaycanda olan türk ordusunun ehtiyaclarına hər ay 50 min lirə xərclənirdi. Bununla yanaşı, Ənvər paşa İstanbulda M.Ə.Rəsulzadə ilə görüşündə Azərbaycan milli ordusunun təşkil edilməsinin vacibliyini xüsusi qeyd etmişdi.
1918-ci il iyulun 16-da Azərbaycan Milli Şurasının və hökumətin Gəncəyə köçməsi ilə əlaqədar milli qüvvələr arasında mübarizə kəskinləşdi. Milli Şuradan kənarda qalan burjua-mülkədar dairələrinin məhdud dünyagörüşlü mürtəce hissəsi Türkiyənin Azərbaycanda olan ordusunun başçısı Nuru paşanın vasitəsilə Milli Şuranı hakimiyyətdən uzaqlaşdırmağa cəhd etdilər. Azərbaycanın Türkiyəyə ilhaq edilməsinin tərəfdarı olan bu dairələr Milli Şuraya qarşı fəal kampaniya aparırdı. Gəncədə yerləşən Qafqaz İslam Ordusu komandanlığı ilə milli qüvvələr arasında münasibətlər gərgin bir şəkil aldı. Nuru paşanın müstəqilliyini elan etmiş dövlətin daxili işlərinə qarışaraq F.X.Xoyskinin başçılıq etdiyi hökumətə etimadsızlıq göstərməsi siyasi böhranla nəticələndi. Mövcud siyasi böhranı aradan qaldırmaq üçün Azərbaycandakı türk qoşunları rəhbərliyi ilə Azərbaycan Milli Şurası  arasında güzəştli bir qərar qəbul olundu: Milli Şura buraxılır, ali qanunverici və icraedici hakimiyyət Fətəli Xan Xoyski kabinetinin əlində cəmləşir [14, s.86]. İyun böhranı nəticəsində fəaliyyətini müvəqqəti olaraq dayandıran Milli Şura öz tarixi missiyasını – Azərbaycanın dövlət müstəqilliyini çox çətin və mürəkkəb bir mərhələdə qoruyub saxlamaq vəzifəsini yerinə yetirdi. İyunun 17-də axşam Gəncədə F.X.Xoyskinin rəhbərlik etdiyi ikinci hökumət təşkil edildi. İyunun 19-da Azərbaycanda yaranmış gərgin vəziyyəti nəzərə alaraq, hökumət bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. İyunun 26-da Azərbaycan Milli Ordusunun yaradılması haqqında fərman verdi [9, I c., s. 144]. Almanların Bakı neftinə xüsusi maraqları olduğundan Bakının tutulmasına mane olmaq məqsədilə onlar osmanlıların beşinci diviziyasının Gürcüstan dəmir yolu ilə Gəncəyə gəlməsini qadağan etdilər. Ona görə də Qafqaz diviziyası Mürsəl paşanın rəhbərliyi ilə Gümrü-Dilican-Ağstafa yolunu döyüşlə keçməyə məcbur oldu. Azərbaycan əhalisi Osmanlı qoşunlarını böyük sevinclə qarşılayır və onların gəlişini bayram edirdilər. 
Osmanlıların beşinci piyada diviziyası və general Ə.Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu əsasında Qafqaz İslam Ordusu təşkil edildi. Nuru paşanın rəhbərlik etdiyi bu orduya türklərdən və azərbaycanlılardan ibarət 15 min əsgər və zabit daxil idi.
Qafqaz İslam Ordusu vasitəsilə Azərbaycan hökuməti öz hakimiyyətini tezliklə yerlərdə yaya bildi, ucqarlarda dövlət orqanları yaratmağa başladı. Bakı Xalq Komissarları Sovetinin liderləri Azərbaycan Xalq Cümhuriyyətini (AXC) bələkdə ikən boğmaq üçün yollar arayırdılar. Hələ Gəncə üzərinə yürüşə başlamazdan əvvəl Leninin tapşırığı ilə Şaumyan türk qoşunlarının Azərbaycana yolunu bağlamaq üçün Gürcüstan hökumətinin başçısı Jordaniyaya müraciət etdi. Şaumyan Jordaniyaya vəd edirdi ki, əgər Gürcüstan türk qoşunlarını öz ərazisindən Azərbaycana buraxmasa, Sovet Rusiyası onun müstəqilliyini tanıyacaqdır.
 
6. Bakı Sovetinin Gəncə istiqamətində yürüşü
 
Azərbaycanın şərqində kommunist diktaturası yaradan Şaumyan Bakı Sovetinin ixtiyarında olan 18 min döyüşçü ilə Cənubi Qafqazdakı milli hərəkatı boğmaq üçün qəti hücuma başladı. Tamamilə erməni daşnak qüvvələrindən təşkil olunmuş ordu müsəlman əhalisinə qarşı hər cür amansızlığa yol verirdi.
İyunun 10-da Bakı Sovetinin Gəncə istiqamətində yürüşləri başlandı. İyunun 12-də Kürdəmiri işğal edən Bakı Soveti qüvvələri Göyçaya yaxınlaşdılar. İki həftədən çox davam edən qanlı döyüşlər Türkiyədən göndərilən əlavə qüvvələrin və Azərbaycan könüllüləri hesabına Qafqaz İslam Ordusunun qələbəsi ilə nəticələndi. Qafqaz İslam Ordusunun Göyçay ətrafındakı qələbəsi Azərbaycanın şərq hissəsini, o cümlədən Bakını bolşevik-daşnak işğalından azad etmək uğrunda apardığı şərəfli mücadilədə dönüş nöqtəsi oldu. Bu döyüşlərdə Bakı Soveti qoşunlarına elə ağır zərbələr vuruldu ki, onlar bir daha özlərinə gələ bilmədilər. Qafqaz İslam Ordusu bolşevik-daşnak birləşmələrini darmadağın edərək Bakı istiqamətində azadlıq yürüşünə başladı. İyulun 20-də bu istiqamətdə mühüm strateji məntəqə olan Şamaxı şəhəri azad edildi. İyulun sonunda S.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti istefa verməyə məcbur oldu. 1918-ci il avqustun 1-də Bakıda eser, menşevik və daşnaklardan ibarət “Sentrokaspi” diktaturası adlanan mürtəce bir qurum yaradıldı. İngilislərin Bakıya çağırılması da “Sentrokaspi” diktaturasını xilas edə bilmədi. Qafqaz İslam Ordusu sentyabrın 15-də Bakı üzərinə həlledici hücuma başladı. Şəhər böyük müqavimət hesabına alındı və Azərbaycan hökuməti  sentyabrın 17-də Bakı şəhərinə köçdü [11, s.106]. 1918-ci il mayın 28-dən sonrakı dövrdə Azərbaycanın həyatında ikinci mühüm hadisə baş verdi: Bakı azad edildi və Azərbaycan hökuməti tam heyətdə əsl paytaxtda qərarlaşdı. Azərbaycan torpaqlarının azad olunmasında Qafqaz İslam Ordusu 4 min əsgər və zabit şəhid verdi [20, s. 414].    
Azərbaycanda siyasi hadisələrin inkişafı daxili proseslərdən daha çox dünyanı lərzəyə gətirən Birinci Dünya müharibəsinin gedişindən və nəticələrindən asılı idi. İki hərbi qruplaşma arasında gedən imperialist müharibəsində Azərbaycan öz mənafeyi baxımından Osmanlı dövlətinin qalib gəlməsini arzulayırdı. Lakin hadisələr başqa cür cərəyan edirdi. Türkiyə ilə Antanta dövlətləri arasında 1918-ci il 30 oktyabr tarixli Mudros müqaviləsinə görə məğlub sayılan Osmanlı qüvvələri Bakını tərk etməli, Antanta qüvvələri tərəfindən Bakının tutulmasına mane olmamalı, Zaqafqaziya dəmir yolu üzərindəki nəzarət hüququnu Antantaya güzəştə getməli idi. İranın Ənzəli limanında yerləşən ingilis hərbi hissələri müttəfiqlər adından Bakını tutmalı idi. Ənzəliyə danışıqlar aparmaq üçün gələn Azərbaycan nümayəndə heyəti ingilis hərbi hissələrinin komandanı general Tomsona Azərbaycan ərazisinə daxil olmazdan əvvəl AXC-ni tanımaq haqqında bəyanat verilməsini təklif etdi. Lakin general Tomson bu təklifi rədd etdi və bildirdi ki, “Azərbaycan Respublikası türklərin intriqası nəticəsində yaranmışdır və xalq arasında heç bir dayağa malik deyildir. Bir halda ki, siz bunun əksini iddia edirsiniz, o halda hər şeyi yerində yoxlayıb, buna münasib də qərar verərik. Müttəfiqlər dağıtmaq üçün yox, qurmaq üçün gəliblər”. V.Tomson bəyanat verərək elan etdi ki, noyabrın 17-si səhər saat 10-a qədər Bakı şəhəri Azərbaycan və türk ordularından təmizlənməlidir: Bakı və onun neft mədənləri ingilislərin nəzarəti altına keçəcəkdir, ölkənin qalan hissəsi isə Azərbaycan hökumətinin və ordusunun nəzarəti altında olacaqdır. Azərbaycan rəsmi şəkildə tanınmır, lakin İngiltərə, Fransa və ABŞ nümayəndələri onun hökuməti ilə de-fakto əlaqə yaradacaqlar, bütün idarə və təşkilatlar bəzi dəyişikliklərlə fəaliyyət göstərəcəklər. General Tomson Bakının general-qubernatoru olacaq, ingilislər şəhər polisinə rəhbərlik edəcək, şəhər duması yenidən azad fəaliyyətə başlayacaq, Azərbaycan Paris Sülh Konfransında milli müqəddaratını təyinetmə prinsipi əsasında iştirak edəcək, L.Biçeraxov və onun dəstələri Britaniya ordusu ilə birlikdə Bakıya daxil olacaq və nəhayət, silahlı erməni dəstələri şəhərə buraxılmayacaqlar.
Azərbaycan nümayəndə heyətinin Ənzəli danışıqları əhəmiyyətsiz olmadı. Ən əsası ona görə ki, Azərbaycanın Paris Sülh Konfransında iştirak edəcəyi, Bakıya erməni hissələrinin daxil olmayacağı barədə general Tomson öz üzərinə öhdəliklər götürürdü.
Noyabrın 17-də Tomsonun hərbi dəstələrinin Bakıya gəlişini şəhər əhalisi eyni cür qarşılamadı. Rus və erməni milli şuralarının tərəfdarları sevinc içərisində idilər. Biçeraxov təyyarələrdən “Rusiya vətəndaşlarına” adlı intibahnamələr səpir, xristian əhalisini Bakının “Ana vətənə qovuşması” münasibəti ilə təbrik edirdi. General Tomsonun da iki gün sonra yaydığı bəyannamə eyni ruhda idi. General Biçeraxov daha irəli gedərək qurama “Qafqaz-Xəzər” hökuməti yaratdı, Bakıda çevriliş təşkil etmək üçün geniş fəaliyyətə başladı. Bakıdakı erməni və rus milli şuraları A.Biçeraxovun gəlişi ilə bağlı belə bir şayiə yayırdılar ki, guya Azərbaycan deyilən dövlət yoxdur, yalnız Rusiya vardır. Azərbaycan hakimiyyəti devrilməli və o, Biçeraxovun başçılıq etdiyi Xəzəryanı hökumətlə əvəz edilməlidir. Milli Şura hazırkı fövqəladə şəraitdə Müəssislər Məclisinin çağırılmasının qeyri-mümkünlüyü ilə əlaqədar özünü parlamentə çevirməyi qərara aldı. Qanunların hazırlanması üzərində işləyən müvafiq komissiyanın Azərbaycan parlamentinin yaradılması haqqında qanun layihəsi Milli Şura tərəfindən 1918-ci il noyabrın 20-də qəbul edildi. 
 
7. Parlamentin təşkili
 
Noyabrın 16-da Milli Şura beş aylıq fasilədən sonra yenidən fəaliyyətə başladı. Azərbaycan hökuməti təhrikçi hücumlara baxmayaraq, dövlət quruculuğu işini davam etdirir, parlamentin açılışına hazırlaşırdı. Parlament açılanadək onun funksiyasını Milli Şura yerinə yetirirdi. Parlamentin əsas özəyini keçmiş Milli Şuranın 44 üzvü təşkil edirdi. Daha 36 deputat isə keçmiş milli komitələrin xətti ilə şəhər və qəzalarda seçilmişdi. Azərbaycan parlamenti 120 deputatdan ibarət olmalı, milli tərkibə uyğun olaraq 80 yer azərbaycanlılara, 21 yer ermənilərə, 10 yer ruslara verilməli idi [19, s.146]. Yəhudi, alman, gürcü və polyak icmasının hərəsi üçün 1 yer, Həmkarlar İttifaqı Şurası və Neft Sənayeçiləri İttifaqı üçün 3 yer nəzərdə tutulmuşdu. Respublika ərazisində yaşayan bütün xalqların və hər iki cinsdən olan vətəndaşların seçki hüququ təsbit edildi. Azərbaycan bütün Şərqdə qadınlara seçki hüququ verən ilk dövlət oldu.
1918-ci il dekabrın 7-də Azərbaycan parlamenti təntənəli iclasla açıldı. F.X.Xoyski hakimiyyəti parlamentə təhvil verdi. Ciddi müzakirələrdən sonra Türkiyədə danışıqlar aparan Ə.M.Topçubaşov parlamentin sədri, H.Ağayev sədrin birinci müavini, R.Vəkilov isə katib seçildilər. Parlamentin qarşısında duran mühüm vəzifələrdən biri yeni hökuməti təşkil etmək idi. Hökumətin təşkili yenidən F.X.Xoyskiyə tapşırıldı. Dekabrın 26-da hökumətin tərkibi elan edildi. Koalisyon hökumətin tərkibində 3 nəfər rus var idi, ermənilər isə onlara təklif olunan 2 nazir kürsüsündən imtina etdilər [15, s.86].
Yeni hökumətin təşkilindən iki gün sonra dekabrın 28-də müttəfiqlərin Bakıdakı nümayəndəsi general V.Tomson elan etdi ki, F.X.Xoyskinin başçılığı ilə yaradılmış Azərbaycan hökumətini yeganə qanuni hakimiyyət orqanı hesab edir. General V.Tomsonun rus Milli Şurasına Azərbaycan hökumətini tanımaq təklifi bu qurum tərəfindən qəbul edilmədi.      
Biçeraxovun dəstəsinin dövlət çevrilişi cəhdinin üstü açıldıqdan sonra Azərbaycan hökumətinin tələbi ilə general V.Tomson “Qafqaz-Xəzər” hökumətini qanundan kənar elan edib, 48 saat müddətində Bakıdan uzaqlaşdırdı, daha sonra isə erməni hərbi hissələri tərk-silah edilib buraxıldı.
Beləliklə, 1918-ci ilin dekabrından etibarən ingilis komandanlığı Bakıda qoyulan məhdudiyyətləri tədricən azaltmağa başladı: Azərbaycan polisi, su nəqliyyatı və neft sənayesi, maliyyə idarələri, mətbuat üzərində nəzarət ləğv olundu. 1919-cu ilin aprelində Bakıda ingilis general-qubernatorluğunun ləğvi ilə əlaqədar Gəncədə təşkil olunmuş ilk Azərbaycan alayı paytaxta daxil oldu və xalq onu təntənə ilə qarşıladı.
 
8. Milli hökumətin xarici siyasəti
 
1919-cu ilin aprelindən başlayaraq ingilislər Paris Sülh Konfransının şərtlərinə uyğun olaraq Qafqazı tərk etməyə başladılar və bu proses avqustun ortalarında başa çatdı. Azərbaycan hökuməti ingilis müdaxiləsi qarşısında nəinki öz varlığını qoruya bildi, həm də ingilis komandanlığını şəhərin idarəçiliyindən uzaqlaşdırmağa nail oldu. Lakin ingilislərin Bakını tərk etməsi, bir tərəfdən, Azərbaycanın müstəqilliyini möhkəmləndirdisə, digər tərəfdən, Sovet Rusiyasının keçmiş imperiyanı əvvəlki sərhədlər çərçivəsində bərpa etmək istəyini sürətləndirdi. Qafqazda yaranmış müstəqil dövlətlər arasında mövcud olan ziddiyyətlər, ilk növbədə ərazi-sərhəd məsələlərindəki ziddiyyətlər xarici təhlükəni reallaşdırırdı.
1919-cu il aprelin 25-də Tiflisdə Azərbaycan, Dağıstan, Gürcüstan və Ermənistan nümayəndələrinin iştirakı ilə Qafqaz konfransı işə başladı. Kon-fransda siyasi, iqtisadi və maliyyə məsələləri, eləcə də sərhəd problemləri müzakirə olundu. Konfransın gedişində bu ölkələr arasında ərazi-sərhəd məsələləri ilə bağlı kəskin ziddiyyətlərin mövcud olması məlum oldu. Keçmiş çar generalı Denikinin könüllü ordusunun Dağıstana hücumu ilə kon-frans öz işini dayandırmağa məcbur oldu.
“Vahid və bölünməz Rusiya” sərhədlərini bərpa etmək iddiasında olan Denikin 1919-cu ilin yazında Dağıstan Dağlılar Respublikasına soxularaq Dərbəndi işğal etdi. Çar generalının Azərbaycana təcavüzkar niyyətdə olduğu aşkara çıxdı. Parlamentin fövqəladə iclasında qəbul olunmuş qərara əsasən sərhədlərin təhlükəsizliyini təmin etmək məqsədilə Dövlət Müdafiə Komitəsi yaradıldı və bütün hakimiyyət onun ixtiyarına keçdi.
Denikin təhlükəsi Gürcüstanı da ciddi narahat etdiyindən iyunun 16-da Gürcüstanla Azərbaycan arasında hərbi müdafiə paktı imzalandı [19, s.249]27. Bu pakta görə, Azərbaycan və Gürcüstanın istiqlaliyyətinə və ərazi bütövlüyünə hər hansı dövlət tərəfindən təcavüz olunduğu təqdirdə onlar bir-birinə hərbi yardım göstərməli idilər. Üç il müddətinə bağlanan hərbi pakta Ermənistan iki həftə ərzində qoşula bilərdi. Lakin Ermənistan Denikinlə gizli müqavilə imzalamağı daha üstün tutdu. Hərbi pakta görə, Azərbaycan Gürcüstandan 12 kiçik top, 12 dağ topu, 24 pulemyot, 3 min beşaçılan tüfəng, 211 qılınc, 795 nizə və s. hərbi ləvazimat aldı.
Birinci Dünya müharibəsi 1918-ci ilin noyabrında başa çatsa da, onun nəticələrini reallaşdırmaq uzun bir vaxt tələb edirdi. Qalib dövlətlər müharibədən sonrakı dünyanın vacib məsələlərini həll etmək üçün Parisdə beynəlxalq sülh konfransının çağırılmasına qərar verdilər.
Azərbaycan parlamenti Paris Sülh Konfransında iştirak etmək üçün tam səlahiyyətli və geniş hüquqlara malik nümayəndə heyəti göndərmək haqqında qərar qəbul etdi. Nümayəndə heyətinə rəhbərlik parlamentin sədri Ə.M.Topçubaşova tapşırıldı. Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirak etməkdə əsas məqsədi dünya dövlətləri tərəfindən AXC-nin tanınmasına nail olmaq idi. Konfransda iştirak etmək üçün 1919-cu ilin yanvarından icazə gözləyən Azərbaycan nümayəndə heyəti üç aylıq gərgin diplomatik-siyasi mübarizədən sonra ingilislərin köməyi ilə mayın əvvəllərində Parisə gedib çıxa bildi. Mayın 28-də Azərbaycan nümayəndə heyətini ABŞ prezidenti V.Vilson qəbul etdi. Vilsona təqdim edilmiş memorandumda Azərbaycan Respublikasının yaranma tarixi, onun bir ildə azadlıq yolunda verdiyi qurbanlardan bəhs olunurdu. Memorandumda göstərilirdi ki, bu mübarizədə Azərbaycanın iki şəhəri və 500 kəndi dağıdılmış, 150 min nəfərə qədər sakini qurban getmişdir. Təkcə İrəvan quberniyasında qısa bir müddət ərzində 200 müsəlman kəndi yandırılmış və 200 min nəfər müsəlman evsiz-eşiksiz qalmışdır. ABŞ prezidentindən Azərbaycan istiqlaliyyətinin tanınması, Vilson prinsiplərinin (1. Hər bir millət xarakterindəki intellektual və mənəvi-dini xüsusiyyətlərinə görə seçilməlidir; 2. Hər bir millət öz taleyini müəyyən etməyə qadir olduğunu göstərməlidir; 3. O, öz xərclərini ödəmək üçün iqtisadi, təbii və maliyyə vasitələrinə malik olmalıdır; 4. O, özünü xarici təcavüzdən qoruya bilməlidir; 5. O, tabe olduğu ölkənin hökumətinin zülmündən əziyyət çəkmiş olmalıdır) Azərbaycana aid edilməsi, Azərbaycanın Millətlər Cəmiyyətinə qəbul edilməsi, ABŞ-ın Azərbaycana hərbi sahədə yardım göstərməsi, ABŞ-la Azərbaycan arasında diplomatik və iqtisadi əlaqələrin bərqərar edilməsi məsələlərində Azərbaycan nümayəndə heyətinə kömək göstərilməsi xahiş olunurdu. Lakin ermənipərəst V.Vilson Azərbaycan nümayəndə heyətini soyuq qarşıladı, nümayəndə heyətinə konfederasiya ideyasını müdafiə etməyi, Millətlər Cəmiyyətinin mandatı ilə böyük dövlətlərdən birinin bu konfederasiya üzərində qəyyumluğunu  qəbul etməyi məsləhət gördü. Konfederasiya məsələsinə Azərbaycan və qismən də gürcü nümayəndə heyəti müsbət yanaşırdı. Bu işin reallaşmasına əngəl olan isə erməni nümayəndə heyətinin pozuculuq fəaliyyəti idi. Ermənilər Paris Sülh Konfransı rəhbərliyindən tələb edirdilər ki, Birinci Dünya müharibəsinin Antantanın xeyrinə qələbə ilə başa çatmasında onların böyük xidmətlərini nəzərə alaraq, qalib dövlətlər “Böyük Ermənistan”ın yaradılmasında ermənilərə yardımçı olmalıdırlar. Guya Qafqazda rus ordusunun tərkibində 180 min, Avropada isə 15 min erməni könüllüsü müttəfiqlərin “müqəddəs işi” uğrunda mübarizə aparmışdır. Ermənilər Türkiyənin 7 şərq vilayəti, İrəvan quberniyası, Tiflis və Yelizavetpol (Gəncə) quberniyalarının cənubunu və Qars torpaqlarından ibarət böyük bir ərazini tələb edirdilər. Bundan əlavə, ermənilər 19 milyard frank həcmində müharibə təzminatı almaq istədiklərini də gizlətmirdilər. Yeri gəlmişkən, ermənilərin bu əsassız iddialarını Paris, London, xüsusilə də Vaşinqton qızğın müdafiə edirdi.
Erməni millətçilərinin “Dənizdən-dənizə Böyük Ermənistan” planına Qərbi Azərbaycan və Naxçıvan torpaqları da daxil idi. 1918-ci ilin yazında təkcə Sisiyan mahalında 50 min müsəlman ev-eşiyindən qovulmuş, 115 kənd dağıdılmış və yandırılmış, 10038 nəfər öldürülmüş və yaralanmışdı. Onlardan 7729 nəfəri (3257 kişi, 2276 qadın və 2196 uşaq) məhv edilmiş, 2309 nəfəri isə (1060 kişi, 764 qadın və 485 uşaq) şikəst edilmiş, qəzanın azərbaycanlı əhalisinə üst-üstə bir milyard manat maddi ziyan dəymişdi [17, s.196]. 
1918-ci ilin yazında Andranik 800 nəfərlik quldur dəstəsi ilə Naxçıvan bölgəsinə hücuma keçdi. Yerli əhaliyə kömək məqsədilə həmin il avqustun 7-də türk paşası Kazım Qarabəkir Naxçıvana daxil oldu. Bununla da erməni-daşnak qüvvələrinin Naxçıvan torpaqlarındakı özbaşınalığına son qoyuldu. Mudros barışığından sonra Osmanlı  qüvvələri noyabrın 11-də Naxçıvanı tərk etməyə məcbur oldu. Yerli əhali erməni təcavüzündən qorunmaq üçün 1918-ci ilin noyabrında Araz-Türk Respublikasının yaradıldığını elan etdi. 1919-cu ilin martına kimi fəaliyyət göstərən Araz-Türk Respublikası Naxçıvan bölgəsinin ermənilərin işğalı altına keçməsinə imkan vermədi. 
Azərbaycan hökuməti də Naxçıvanın müdafiəsi üçün ciddi tədbirlər görürdü. 1919-cu il fevralın 28-də AXC hökumətinin qərarı ilə Naxçıvan general-qubernatorluğu yaradıldı. Bəhram xan Naxçıvanın general-qubernatoru təyin edildi. 
Ermənilərin Naxçıvan torpaqlarına yiyələnmək cəhdləri 1919-cu ilin yazında daha da gücləndi. Bölgədəki ingilis komandanlığının razılığı ilə 1919-cu ilin mart-iyul aylarında Naxçıvan bölgəsində erməni idarəçiliyi yaradıldı. Naxçıvan əhalisi bu qərara qəti etirazını bildirdi. İyulun 25-də Naxçıvan əhalisi erməni qoşunlarını əzərək onları qaçmağa məcbur etdi. Beləliklə, Naxçıvan bölgəsində “erməni idarəçiliyi” ləğv edildi.  
Paris Sülh Konfransında iştirak edən İran nümayəndə heyəti isə təqdim etdiyi memorandumda Bakı, Dərbənd, Şəki, Şamaxı, Gəncə, Qarabağ, Naxçıvan və İrəvanın ona verilməsini tələb edirdi. Müharibədə heç bir rolu olmayan İranın bu qəribə iddialarına konfrans heç bir reaksiya vermədi, üstəlik 1919-cu il 9 avqust tarixli ingilis-İran müqaviləsindən sonra onun nümayəndələri konfransdan uzaqlaşdırıldı. 1920-ci il martın 21-də İran Azərbaycan dövlətini müstəqil dövlət kimi tanıyaraq onunla dostluq haqqında müqavilə imzaladı.   
Nəhayət, 1920-ci il yanvarın 11-də Parisdə Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycanın istiqlaliyyətinin de-fakto tanınması haqqında yekdilliklə qərar qəbul etdi. Yanvarın 14-də bu xəbər Azərbaycana çatdırıldı və parlament onu təntənəli şəkildə qeyd etdi. Millət vəkilləri və parlamentin iclasında iştirak edən xarici ölkələrin diplomatik nümayəndələri istiqlal yolunda qurban getmiş Vətən oğullarının və Osmanlı əsgərlərinin xatirəsini yad etdilər. Bu hadisə münasibətilə ümumi amnistiya elan edildi [18, s.94].
Yanvarın 19-da Azərbaycanın və Gürcüstanın rəsmi nümayəndələri Paris Sülh Konfransı Ali Şurasının iclasına dəvət edildilər. Antanta Cənubi Qafqazın yeni dövlətlərini tanımaqla onları xarici təcavüzdən qorumaq üçün öz üzərinə öhdəliklər götürdü. Azərbaycan tərəfi ABŞ və Avropa dövlətlərindən alınması nəzərdə tutulan 100 parovoz, 2 min ədəd çən, 500 bağlı vaqon müqabilində 200 milyon pud ağ neft, eləcə də pambıq, yun, ipək, gön-dəri məhsulları göndərməyi öhdəsinə götürdü.
 
© 2011-2018. Müəlliflik hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qorunur. Bütün hüquqlar "Strateji təhlil" jurnalına aiddir. Məlumatlardan istifadə edərkən stj.sam.az saytına istinad zəruridir.