Məqalələr

Beynəlxalq münasibətlər sistemində müstəqil və çoxşaxəli xarici siyasət yürüdən ölkə kimi Azərbaycanın hərtərəfli inkişafı İlham Əliyevin on beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsidir Türk Dövlətləri Birliyi beynəlxalq hüququn subyekti kimi: ideya və reallıq “Kritik infrastruktur” nədir və təhdidlərdən necə qorunur: dünya təcrübəsi və Azərbaycanda tətbiqinin zəruriliyi Ermənilərin "soyqırım" iddiaları və onun beynəlxalq siyasətdə yeri Армянский фактор в разведывательной деятельности великих держав на Кавказе в 1801 – 1828 гг. Ermənilərin Tbilisi şəhərinə iddiaları Gürcüstanın bələdiyyə sistemində ermənilərin separatçı fəaliyyəti Политологическое образование в Азербайджанской Республике: специфика, современное состояние и стратегия развития Информационная политика в Азербайджане в условиях политико-экономических трансформаций Azərbaycanın ali təhsil sistemi yeni dəyişikliklər mərhələsində Azərbaycanın dövlət idarəçiliyi sistemində keyfiyyət menecmentinin müasir vəziyyəti Cənubi Qafqazda miqrasiya prosesləri Dövlət-özəl əməkdaşlığı bugünkü iqtisadi anlamda Qlobal iqtisadi normallaşma: yüksələn iqtisadiyyatlı ölkələr üçün dayanıqlı inkişaf çağırışları Военное дело и военное искусство в Азербайджане в древний период Учреждения для иностранных военнопленных и интернированных граждан в Азербайджанской ССР в 1944 – 1950 гг. (численность, дислокация, смертность контингента) Ukrayna azərbaycanşünaslığının banisi A.Krımski Качественные параметры партийных кадров в Азербайджанской ССР в 1920-1930-е гг. Политические отношения между Азербайджанским государством Сефевидов и государством Великих Моголов (1526-1576 гг.) Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsilin milliləşdirilməsi və dövlət dilinin tətbiqi Tam siyahı

Beynəlxalq münasibətlər sistemində müstəqil və çoxşaxəli xarici siyasət yürüdən ölkə kimi Azərbaycanın hərtərəfli inkişafı İlham Əliyevin on beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsidir

Müəllif: Strateji Tehlil Jurnali

baxılıb: 52

Yan 5, 2019 - 12:45

 

 

Sevinc   FƏTƏLİYEVA

Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru 

sevinjfataliyeva@gmail.com

Beynəlxalq münasibətlər sistemində müstəqil və çoxşaxəli xarici siyasət yürüdən ölkə kimi Azərbaycanın hərtərəfli inkişafı İlham Əliyevin on beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsidir

 

Açar sözlər: Azərbaycan Respublikası, Prezident İlham Əliyev, 15 illik fəaliyyət dövrü, milli lider, siyasi varislik missiyası, dövlət quruculuğu, xarici siyasət, iqtisadi yüksəliş, etibarlı tərəfdaş, insan kapitalı, "Bakı prosesi", geosiyasi mərkəz

Key words: Republic of Azerbaijan, President Ilham Aliyev, 15 years of activity, national leader, mission of political succession, state building, foreign policy, economic development, reliable partner, human capital, “Baku Process”, geopolitical center.

Ключевые слова: Азербайджанская Республика, Президент Ильхам Алиев, 15 лет деятельности, национальный лидер, миссия политической преемственности, государственное строительство, внешняя политика, экономический рост, надежный партнер, человеческий капитал, бакинский процесс, геополитический центр 

 

Giriş

Heç şübhəsiz, bir ölkənin daxili və xarici siyasətdəki uğuru məhz həmin ölkənin ali dövlət xadiminin fəaliyyəti ilə sıx bağlıdır. Təcrübə göstərir ki, müstəqilliyini əldə etmiş ölkələr üçün siyasətçinin kimliyi ilə yanaşı, liderlik qabiliyyəti də çox önəmlidir. Siyasətçidə peşəkarlıq və ədalətlilik yüksək liderlik qabiliyyəti ilə birləşəndə millətin və dövlətin əmin əllərdə olduğuna şübhə qalmır [6]. Vaxtilə Aristotel yazırdı ki, siyasi liderliyin ilkin şərti dövlətin gələcəyini öncədən görmək və gördüyünü həyata keçirə bilməkdir. Bu prizmadan baxılarkən, Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurmuş və onun bütün istiqamətlərdə inkişaf strategiyasını müəyyən etmişdir. Bundan başqa, Ulu öndərin dövlətçilik tariximizdəki böyük xidmətlərindən biri də odur ki, Azərbaycan üçün çox dəyanətli, müdrik, sədaqətli, uzaqgörən, qətiyyətli və tam müasir mövqeli lider yetişdirə bilmişdir. Beləliklə, dövlətçiliyimizin memarı Heydər Əliyevin müəyyən etdiyi  milli strategiya yeni dövrdə Prezident İlham Əliyev tərəfindən bacarıqla davam etdirilərək ölkəmizin inamlı gələcəyi təmin olundu. Azərbaycan yeni mərhələdə İlham Əliyevin dövlət başçısı kimi qətiyyətli strateji addımları nəticəsində müstəqil dövlət quruculuğu qarşısında duran çətinlikləri əzmkarlıqla dəf edə bildi, bütün sahələr üzrə islahatlar proqramı hazırlandı və tətbiq olundu, daxili siyasətlə xarici siyasətin dinamik və fasiləsiz bağlantısı təmin olundu, xarici siyasətdə yeni əməkdaşlıq formatları yaradıldı, qlobal layihələrdə aktiv iştirak və milli təhlükəsizliyin təmin olunması istiqamətində ciddi yeniliklər həyata keçirildi [6].
 
1. Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi
ilə xarici siyasət sahəsində ciddi uğurlara imza atıb
 
Bütün maneələrə baxmayaraq, Azərbaycanın müstəqil dövlət kimi var olması və stabil siyasət yürütməsini ölkəmizin ilk və davamlı diplomatik uğuru hesab etmək olar. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan dünya miqyasında çox yüksək nüfuza malik dövlət kimi tanınır. Aparılmış fəal siyasət nəticəsində ölkəmizin dünya dövlətləri ilə əlaqələri gündən-günə genişlənməkdədir. Artıq Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlar yanında 80-dən çox diplomatik nümayəndəliyi öz fəaliyyətini uğurla davam etdirir. Bu da ölkəmizin beynəlxaq nüfuzunun artmasına əlverişli şərait yaradır. 
Regionun aparıcı dövləti olan Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarla hərtərəfli münasibətlərin inkişaf etdirilməsinə xüsusi önəm verir. Son 15 il ərzində İlham Əliyev mötəbər beynəlxalq təşkilatlardan olan Avropa Şurasının Parlament Assambleyasının həmsədri olmuş, aparılmış praqmatik xarici siyasət nəticəsində Azərbaycan 155 ölkənin dəstəyini qazanaraq dünyanın qlobal təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Bu da ölkəmizin milli maraqlarının beynəlxalq arenada layiqincə təmsil edilməsinə tarixi şərait yaratmışdır.
Azərbaycan 27 illik müstəqillik dövründə özünün xarici siyasət prinsiplərinə əsaslanaraq, Ermənistan istisna olmaqla digər qonşu dövlətlərlə dostluq və mehriban qonşuluq münasibətləri qura bilmişdir. Azərbaycan digər ölkələrlə hərbi bloklara, ittifaqlara girməmək, rusiyasayağı, avropasayağı ittifaqlara qoşulmamaq siyasətinə üstünlük vermiş, lakin həm Moskva, həm Brüssel və həm də Vaşinqtonla tərəfdaşlıq  münasibətlərini qoruyub saxlaya bilmişdir.   
Bu ilin aprelin 5-6-da Bakıda "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında Prezident İlham Əliyev çıxış edərək  bildirmişdir ki, ölkələr, iştirakçı təşkilatlar oxşar çağırışlar və problemlərlə üzləşərlərsə, o vaxt onların gücü birgə məsuliyyət daşımalarından asılı olacaq: “Biz bu hərəkatın üzvü olaraq öz ölkəmizdə sərbəst, müstəqil həyat sürmək istəyirik, kənardan bizə yol göstərənlərlə yaşamaq istəmirik” [4]. Dövlət başçısı qeyd etmişdir ki, artıq yarım əsrdir ki, Qoşulmama Hərəkatı humanizm prinsiplərini irəli sürür. Bu prinsiplər Azərbaycanın ideologiyasının əsasında dayanan multikulturalizm və tolerantlıqla harmonik şəkildə uyğun gəlir. Bu ideologiyanın təməlini Ümummilli lider Heydər Əliyev qoymuşdur [4].
Qeyd edək ki, 2019-2022-ci illərdə Azərbaycan 120 ölkəni öz ətrafında birləşdirən bu təşkilata sədrlik edəcəkdir. Növbəti il təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə Bakıda Qoşulmama Hərəkatının XVIII zirvə toplantısı keçiriləcəkdir [8]. Təbii ki, baş tutacaq bu tarixi hadisə Azərbaycanın növbəti diplomatik uğuru kimi qiymətləndirilməlidir.
Bildiyimiz kimi, Ermənistan rəhbərliyi həyata keçirdiyi destruktiv siyasətlə  Azərbaycanın beynəlxalq arenada gündən-günə artan nüfuzuna zərər yetirmək siyasəti yürüdür və Azərbaycan tərəfində  gərginlik  yaratmağa çalışır. Rəsmi İrəvanın Azərbaycan haqqında yalançı və əsassız məlumatları yaymaqda əsas məqsədi öz siyasətlərinə bəraət qazandırmaq, Ermənistanı  saldıqları  geosiyasi  dalandan çıxarmaqdır. Lakin  Prezident  İlham Əliyevin diplomatik səyləri nəticəsində işğalçı Ermənistan küncə sıxışdırılmış vəziyyətdə mövcudluğunu davam etdirməyə çalışır. Dövlət başçısının apardığı uğurlu xarici siyasət nəticəsində bütün beynəlxalq təşkilatların sənədlərində Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi göstərilir. Prezidentimizin hücum diplomatiyasına uyğun olaraq Heydər Əliyev Fondu ilə ölkəmizin xaricdəki diplomatik missiyalarının birlikdə apardığı fəal iş nəticəsində Xocalı soyqırımı dünyanın 9 ölkəsində tanınmış, o cümlədən ABŞ-ın 13 ştatında soyqırıma hüquqi qiymət verilmişdir.
Dünyanın nüfuzlu ekspertləri də etiraf edirlər ki, Azərbaycanın yürütdüyü bu praqmatik siyasətin nəticəsidir ki, Ermənistanın mövqeyi xeyli zəiflədilmişdir. Hətta işğalçı dövlətə bir vaxtlar havadarlıq etmiş ölkələrin regional məsələlərdə məhz Azərbaycan Prezidenti ilə məsləhətləşməyə üstünlük vermələri və paralel olaraq Ermənistanı perspektivi olmayan ölkə hesab etmələri, İrəvanın oyundan kənarda qalmasına və təşvişə düşməsinə səbəb olmuşdur. Ermənistan tərəfindən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıyan qətnamə və qərarlarına məhəl qoyulmasa da, ötən ilin aprel ayında gedən döyüşlərdə verdikləri ağır itki Ermənistana böyük dərs olmuşdur. İndi işğalçı dövlət çox yaxşı dərk edir ki, Azərbaycana qarşı növbəti belə təxribat uğursuzluqla nəticələnəcəkdir və bu, onların sonu ola bilər.
 
2. Azərbaycanın sülhsevərlik missiyası: hərbi qüvvələrimiz beynəlxalq platformalarda fəal iştirak edir
 
Ermənistanın bu gün qorxu içində yaşaması əslində başa düşüləndir. Çünki Azərbaycanın  artıq peşəkar və nizamlı ordusu var. Bu, döyüş meydanında sözünü deyə bilən və Ali Baş Komandanın bütün tapşırıqlarını layiqincə yerinə yetirən ordudur. Beynəlxalq reytinqlərə görə, Azərbaycanın Silahlı Qüvvələri hazırda dünyada ən güclü 50 ordu sırasında yer tutur. Heç təsadüfi deyil ki, bir çox beynəlxalq ekspertlərin və beyin mərkəzlərinin hesabatlarında müasir hərbi texnika, yüksək hərbi peşəkarlıq, hərbi çeviklik və döyüş ruhu amillərinə görə Azərbaycanın regionun ən güclü ordusuna, dünya miqyasında isə qabaqcıl ordulardan birinə malik olması qeyd olunur. Bu da məhz ölkə prezidenti tərəfindən xalq-hakimiyyət birliyi prinsipindən irəli gələrək, xarici siyasət məqsədlərinin yerinə yetirilməsində Azərbaycan ordusundan vacib vasitələrdən biri kimi faydalanmaq üçün ölkəmizdə son 15 il ərzində beynəlxalq hərbi-siyasi əməkdaşlıq, hərbi sənaye və hərbi-təhlükəsizlik istiqamətlərində aparılmış uğurlu siyasət və əməkdaşlığın nəticəsidir. Məhz buna görədir ki, Azərbaycan ordusu beynəlxalq koalisiyalara qoşularaq Əfqanıstan, İraq və digər ölkələrdə beynəlxalq səviyyəli sülhməramlı və terrorizmə qarşı əməliyyatlarda iştirak edir, beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfələrini verir.
Qeyd edək ki, Azərbaycan hərbi qüvvələrinin sülhsevərlik missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hal-hazırda Əfqanıstanda “Qətiyyətli Dəstək” missiyasında 2 hərbi həkim və 6 zabit daxil olmaqla 120 azərbaycanlı hərbçi iştirak edir. Onlar Türkiyə batalyonunun tərkibində fəaliyyət göstərirlər. Bu da Azərbaycan və Türkiyə dostluğunun, qardaşlığının rəmzi və “İki ölkə, bir millət” formulunun bariz ifadəsidir. 
 
3. Azərbaycan beynəlxalq iqtisadi münasibətləri uğurla davam etdirir
 
Xarici siyasətimizin prioritet istiqamətlərindən olan beynəlxalq iqtisadi münasibətlərdə Prezident İlham Əliyev tərəfindən davamlı olaraq müstəqil və stabil siyasət yürüdülməsi nəticəsində xüsusilə enerji resurslarının dünya bazarlarına çıxarılmasına, həm enerji resurslarının nəqli üzrə geostrateji əhəmiyyətə malik dəhliz, həm də Avropa ölkələrinin enerji təminatında etibarlı tərəfdaş kimi Azərbaycanın beynəlxalq aləmdə qəbul edilməsinə şərait yaranmışdır. Bu gün bir çox Avropa rəsmləri Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji resurslarının şaxələndirilməsində Azərbaycanı vacib ölkə hesab edir. Rusiya, Almaniya, Türkiyə, İtaliya və dünyanın digər qabaqcıl ölkələrinin prezident və baş nazirlərinin ölkəmizə rəsmi səfərləri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşərək mühüm regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparması və ikitərəfli sazişlərin imzalanması beynəlxalq aləmdə Azərbaycana və onun Prezidentinə verilən ən yüksək siyasi qiymətdən xəbər verir. Nəhayət, ən vacibi, Azərbaycan Prezidentinin “Böyük 20”lərin tədbirində iştirak etməsi artıq Azərbaycanın dünyanın aparıcı aktorlarından birinə çevrildiyinin göstəricisidir. 
 
4. Azərbaycan - Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən nəqliyyat qovşağına çevrilməkdədir
 
Avropa ilə Asiya arasında yerləşən Azərbaycan Avrasiyada aparıcı nəqliyyat qovşaqlarından birinə çevrilmək istiqamətində öz coğrafi mövqeyindən müdrikcəsinə istifadə edir. Hələ 2012-ci il 29 dekabr tarixində Prezident Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxiş” İnkişaf  Konsepsiyasında  Azərbaycanı regionun ticarət mərkəzinə çevirmək məqsədi ilə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, ölkənin bölgələrində logistika mərkəzlərinin yaradılması nəzərdə tutulmuşdu. Bu sənəddə qeyd ounur: "Bütün bunlar eyni zamanda istehsal və investisiya mərkəzi kimi də ölkənin cəlbediciliyinin artmasına, yeni biznes və məşğulluq imkanlarının yaranmasına yol açacaqdır"  [1].
Artıq bu istiqamətdə xeyli işlər görülmüşdür. Belə ki, yerli və beynəlxalq daşımaların idarə olunması mexanizmi təkmilləşdirilmiş, ölkənin nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyasını genişləndirmək üçün konkret addımlar atılmış, geniş layihələr həyata keçirilmişdir. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi başa çatdırılaraq fəaliyyətə başlamış, bir çox istiqamətlərdə  dəmir yolu xətləri yenidən qurulmuş, modernləşdirilmiş, dəmir yolu şəbəkəsinin diversifikasiyası siyasətinə uyğun olaraq Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiyanı və Avropanı birləşdirəcək yeganə qısa və alternativ bir nəqliyyat  marşurutu olmaqla yanaşı, Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “İqtisadi və siyasi əhəmiyyətinə görə Afrika ilə Asiyanı birləşdirən Süveyş kanalı kimi titanik layihələrlə müqayisə oluna bilər”. Avropa İttifaqı, ABŞ və Mərkəzi Asiya dövlətləri tərəfindən dəstəklənən bu layihənin reallığa çevrilməsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və böyük əməyi sayəsində mümkün olmuşdur. Bu əməyin nəticəsidir ki, Azərbaycan beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevrilmişdir.
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində avtomobil magistrallarının genişləndirilməsi, beynəlxalq əhəmiyyətli yolların yenidən qurulması, ölkənin yol-nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində də xeyli işlər görülmüşdür. 
Ötən  10 il ərzində Azərbaycan strateji və coğrafi imkanlarından effektiv istifadə etmək məqsədilə nəqliyyat infrastrukturuna 25 milyard dollardan çox kapital qoymuşdur. Heç şübhəsiz, bütün bunlar öz növbəsində  biznes və məşğulluq sahəsində yeni imkanların yaranmasına şərait yaradır  və Azərbaycanı investisiya və istehsal ölkəsi kimi diqqət mərkəzinə çevirir, həmçinin Azərbaycan regionun ticarət mərkəzinə çevrilir. 
 
5. Azərbaycan - etibarlı tərəfdaş, dinlərarası və millətlərarası 
münasibətlərin tənzimlənməsində nümunəvi ölkədir
 
Bu il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ölkəmizin dünyada regional və beynəlxalq səviyyədə ticarət əlaqələrinin inkişaf etdirilməsinə zəmin yaratmış, onun qitələr və sivilizasiyalar arasındakı əhəmiyyətini daha da möhkəmləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sənədin siyasi və iqtisadi əhəmiyyətinə toxunaraq Xəzər dənizini "əməkdaşlıq, sülh və dostluq dənizi" adlandırmışdır [3].
Təqdirəlayiq haldır ki, ölkəmizin regional və beynəlxalq əməkdaşlıq məsələlərində bir çox hallarda təşəbbüskar kimi çıxış  etməsi  Prezident İlham Əliyevin reallaşdırdığı vahid xarici siyasət kursunun tərkib hissəsidir. Yəni hər bir təşəbbüs xarici siyasətimizin prioritet vəzifəsinə xidmət etmək məqsədilə irəli sürülür. Dünya miqyasında dinlərarası, millətlərarası münasibətlərin tənzimlənməsində nümunəvi ölkəyə çevrilmiş Azərbaycan multikulturalizmin inkişaf etdirilməsinə və bu istiqamətdə əməkdaşlığın gücləndirilməsinə yönəlmiş çox sayda mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Ölkəmizdə multikulturalizm və islam həmrəyliyi illərinin elan edilməsini, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, Dünya Dini Liderlər Forumunu, dörd dəfə keçirilmiş Mədəniyyətlərarası Dialoq və altı  dəfə keçirilmiş Bakı Beynəlxalq Humanitar forumlarını və digər mühüm tədbirləri bunlara misal olaraq göstərmək olar. İki il ərzində Bakıda həm Avropa, həm İslam oyunlarının keçirilməsi Azərbaycanın millətlərarası, dinlərarası münasibətlərə verdiyi töhfənin növbəti təzahürü olmuşdur. İdman bir tərəfdən ölkə gənclərinin sağlam mənəvi-psixoloji və vətənpərvər ruhda yetişdirilməsi istiqamətində vacib rol oynamaqla yanaşı, həm də Prezident İlham Əliyevin qeyd etdiyi kimi, insanları və xalqları birləşdirən mühüm amildir. Bu səbəbdəndir ki, beynəlxalq ekspertlər Azərbaycanın regionda sabitləşdirici qüvvə olduğunu qeyd edirlər.
 
6. “Bakı Prosesi” Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləri arasında əməkdaşlıq üçün nadir platformadır
 
Ölkəmizdə baş tutmuş mühüm beynəlxalq hadisələrdən biri də İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvü olan Azərbaycan tərəfindən 2008-ci ildə BMT-nin dəstəklədiyi “Bakı Prosesi”nə start verilməsidir. Dünyada əsasən müsəlman ölkələrində silahlı münaqişələrin baş verdiyini və həmin ölkələrdən digər dövlətlərə axın edildiyini, hətta qabaqcıl ölkələrdə müxtəlif dinə və əqidəyə malik insanlara qarşı tolerantlığın azaldığını və nəticədə sosial gərginliyin baş verdiyini nəzərə alsaq, əsas məqsədinin Müsəlman aləmi ilə Avropa arasında dialoqun, tərəfdaşlığın və əməkdaşlığın gücləndirilməsi olan “Bakı Prosesi”nin əhəmiyyətinin miqyasını anlamaq mümkündür. Məhz buna görədir ki, bu il 10 illiyini qeyd etdiyimiz “Bakı Prosesi” bir çox aktual məsələlərin müzakirəsi və əməkdaşlıqların qurulması baxımından beynəlxalq səviyyədə mötəbər platforma olaraq qəbul edilməkdədir. Prezident İlham Əliyev bu haqda demişdir: "Bu il biz “Bakı Prosesi”nin onuncu ildönümünü qeyd edəcəyik. BMT hazırda bu prosesi tam dəstəkləyir. O, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləri arasında əməkdaşlıq üçün nadir bir platformadır. Azərbaycan hər iki təşkilatın üzvüdür və onların mədəniyyət nazirlərinin 2008-ci ildə Bakıda toplantısını keçirmək təşəbbüsü ilə çıxış etmişdir. Bu proses davam edir. Hazırda “Bakı Prosesi” beynəlxalq təşkilatlar və bütövlükdə xalqlar arasında daha yaxşı anlaşma üçün genişmiqyaslı fəaliyyətə əsaslanır" [2]. Əgər Davosda daha çox iqtisadi, Münhendə təhlükəsizlik məsələləri müzakirə olunursa, Qlobal Bakı Forumunda və digər mühüm tədbirlərdə daha çox siyasi, eyni zamanda digər məsələlər müzakirə edilir. 
Bu kontekstdə onu da qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin, maddi və qeyri-maddi irsinin qorunması, dünyada tanıdılması və qəbul edilməsi istiqamətində həyata keçirdiyi ardı kəsilməyən nümunəvi fəaliyyəti bilinən bir həqiqətdir və ölkə mədəniyyətinin inkişafına verilən əvəzedilməz töhfədir. Məhz Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən səmərəli tədbirlər nəticəsində dünyanın bir çox ölkələri Azərbaycanın dahi şairlərini, mütəfəkkirlərini yaxından tanıyır, eləcə də Azərbaycanın incəsənət nümunələri və ornamentləri ilə tanış olurlar. Mehriban xanım Əliyevanın fenomenal fəaliyyətinin nəticəsidir ki,  Azərbaycan YUNESKO ilə sıx əməkdaşlıq əlaqələri qurmuş və bu təşkilat çərçivəsində aktiv fəaliyyət göstərir. Məsələn, bunun bariz bir nümunəsi 2019-cu ilin 30 iyun-10 iyul tarixlərində YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsinə dair qərarın qəbul edilməsidir [9].
 
7. Dövlət başçısının fəaliyyətinin tam mərkəzində insan amili durur 
 
Son 15 ilin ən vacib məqamlarından biri Azərbaycan Respublikasının Prezidenti tərəfindən neft kapitalının insan kapitalına çevrilməsi, qeyri-neft sektorunun genişləndirilməsi və davamlı inkişafın dövlət siyasətinin tərkib hissəsi kimi müəyyən edilməsidir. Torpaqlarının işğala məruz qalmasına və ərazisində 1 milyondan çox qaçqın və köçkünün yaşamasına baxmayaraq,  ölkədə savadlılıq səviyyəsinin 100 faizə yaxın olması və bütün əhalinin ölkənin davamlı inkişafından faydalanması, inklüziv inkişafın təmin edilməsi Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən inkişaf strategiyasının bariz nəticəsidir.
Xarici maliyyə dəstəyi olmadan Azərbaycanda erməni işğalından əziyyət çəkən qaçqın və məcburi köçkünlər üçün təxminən 100 yeni qəsəbə və şəhərcik salınmışdır. Bu günə qədər 250 mindən artıq insanın həyat şəraiti yaxşılaşdırılmış, onlara yeni evlər və mənzillər verilmişdir. Prezidentimizin də qeyd etdiyi kimi, ümumilikdə 2004-cü ildən başlayaraq 3000-dən artıq məktəb, 600-dən çox xəstəxana və tibb mərkəzləri tikilmiş, yaxud təmir edilmişdir. Hər il 5 milyondan artıq insan, yəni ölkə əhalisinin yarısı tamamilə dövlət büdcəsindən maliyyələşən tibbi yoxlamadan faydalanır [5].
Sosial sahədə həyata keçirilən səmərəli siyasətin qanunauyğun nəticəsidir ki, hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Respublikamız insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırmış, BMT-nin İnkişaf Proqramının hesabatında 2010-cu ildən etibarən “yüksək insan inkişafı” ölkələri qrupunda yer almışdır. Bundan başqa, Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin icrasında əldə etdiyi nailiyyətlərinə görə 2015-ci ildə BMT-nin “Cənub-Cənub” mükafatını almışdır [5]. Bu gün ölkəmizdə innovativ dövlət idarəetmə texnologiyalarından istifadə edilməklə  əhalinin ictimai xidmətlərindən asanlıqla və səmərəli şəkildə faydalanması təmin edilməkdədir. Dövlət xidmətlərinin əhəmiyyətli dərəcədə sadələşdirilməsinə, təkmilləşməyə verdiyi töhfəsinə və yaradıcı olmasına görə ictimai münasibətlərin və xidmətlərin müasir modeli olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – “ASAN xidmət” 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidməti mükafatına layiq görülmüşdür [5]. Artıq bir sıra ölkələr ərazilərində analoji qurumun yaradılması məqsədilə “ASAN xidmət”in fəaliyyətinə böyük maraq göstərdiklərini ifadə etmişlər.
 
8. Azərbaycan sərmayə yatırmaq üçün etibarlı tərəfdaş, təmənnasız donor ölkəsinə çevrilmişdir
 
Bildiyimiz kimi, Azərbaycanda davamlı inkişaf iqtisadi tərəqqinin əldə edilməsi və sosial problemlərin həlli nəticəsində mümkün olmuşdur. Qeyd etmək istərdik ki, indiyədək Azərbaycana 250 milyard dollara yaxın xarici və yerli sərmayə qoyulmuşdur. Ölkəmizdə sərmayə iqlimi yaxşılaşdırılmış və xarici sərmayə qanun çərçivəsində yüksək səviyyədə təmin edilmişdir. İlham Əliyevin hakimiyyətdə olduğu 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci bir ölkə olmamışdır. İnkişafda olan ölkələrin arasında Azərbaycan inkişafına görə dünya miqyasında üçüncü yerdədir. Son 15 ildə iqtisadiyyatın həcmi 3 dəfə artmışdır [5]. Bu da dünya miqyasında rekord hesab edilə bilər. Hazırda dünyada maliyyə-iqtisadi tənəzzülün davam etməsinə baxmayaraq, Azərbaycan nadir ölkələrdəndir ki, qlobal böhranın fəsadlarının ölkəyə təsirini nəinki minimum dərəcəyə endirməyi bacarmışdır, hətta iqtisadi həyatın bir çox aspektlərində nümunəvi irəliləyişlərin əldə olunmasını təmin edə bilmişdir. Şübhəsiz, elə növbəti diplomatik nailiyyət də məhz bu uğurlarla əlaqədardır.
Aparılmış sosial-iqtisadi siyasət nəticəsində bir vaxtlar xarici yardımdan asılı olan Azərbaycan artıq donor dövlətinə çevrilmişdir. Bu, ölkəmiz üçün yeni və şərəfli bir dövrdür. Donorluq missiyası ölkəmizin həyatında yeni bir səhifə hesab edilsə də, əslində bu fəaliyyət üçün məqam çoxdan yetişmişdir. Çünki müstəqilliyinin ilk vaxtlarında Ermənistan tərəfindən torpaqlarının işğalı və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin ağır humanitar nəticələrini hələ də unutmayan xalqımız dünyanın müxtəlif bölgələrində baş verən böhranlara və insan sarsıntılarına biganə qala bilməzdi. Bu səbəbdəndir ki, dünyanın müxtəlif regionlarında baş vermiş hadisələr nəticəsində taleyin sınağı ilə üzləşmiş, her şeyini itirmiş və hər kəsdən ümidini kəsmiş milyonlarla insana mənəvi və maddi dəstəyin verilməsi məqsədilə Azərbaycan Prezidentinin tapşırığı ilə 40-dan çox ölkəyə humanitar və inkişaf məqsədli yardımlar göstərilmişdir. Azərbaycan xalqının göstərmiş olduğu bu nəcib humanist yardım beynəlxalq miqyasda alqışlanır. Bu səbəbdən dövlətimizə dünyanın nəhəng donor ölkələrinin üzv olduğu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsində qonaq statusu verilmişdir.
 
9. Yeni təşəbbüslər: Azərbaycan Cənubi Qafqaz subregionunda 
geosiyasi mərkəz rolunu oynayır
 
Cənubi Qafqaz  regionunun lider ölkəsi olan  Azərbaycan  Prezident  İlham Əliyevin rəhbərliyi ilə xarici siyasətdə yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi də çıxış edir.  Bunların arasında xüsusilə ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarını qeyd etmək olar. Bu gün artıq üçtərəfli əməkdaşlıq formatı özünün yüksək səmərəliliyini nümayiş etdirir. Bu çərçivədə Rusiya-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Gürcüstan və Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlıq formatının uğurundan danışmaq mümkündür. Bu formatların mahiyyəti haqqında Prezident İlham Əliyev demişdir: "Bütün bu formatlar sabitliyə və sülhə, habelə iqtisadi inkişafa xidmət edir" [2]. Azərbaycan digər ölkələrlə də siyasi, iqtisadi, sosial, enerji, hərbi və s. sahələrdə ikitərəfli və üçtərəfli əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır.
 
Nəticə 
 
Prezident İlham Əliyevin Azərbaycana 2003-cü ildən başlayan 15 illik rəhbərliyi dövrü özünün strateji və konseptual mahiyyətinə görə fərqlənir. O, siyasi lider kimi möhkəm iradə, qətiyyət və uzaqgörənliklə Azərbaycanda müstəqil dövlət quruculuğunu bütün sahələr üzrə sürətli inkişafa doğru apara bilmişdir. 
Dövlət başçısının fəaliyyətinin tam mərkəzində, heç şübhəsiz, Azərbaycan insanı durur. Həyata keçirilən bütün islahat proqramlarında insan amili birinci sırada dayanır. Bu siyasətin əsas strateji məqsədi Azərbaycan intellektini milli sərvətə çevirməkdir. 
Bu gün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan hər bir qitədən olan ölkələrlə əməkdaşlıq edir, bəziləri ilə hətta strateji tərəfdaşlıq əlaqələri qura bilmişdir. Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlar yanında 80-dən artıq diplomatik nümayəndəliyi öz fəaliyyətini uğurla davam etdirir. Bu da ölkəmizin beynəlxaq nüfuzunun artmasına əlverişli şərait yaradır. 
Cənubi Qafqaz subregionunda geosiyasi mərkəz rolunu oynayan Azərbaycanda daxili siyasətlə xarici siyasətin dinamik və fasiləsiz bağlantısı təmin olunmuş, xarici siyasətdə yeni əməkdaşlıq formatları yaradılmışdır.  Azərbaycan bu gün qlobal layihələrdə aktiv iştirak edir, Şərqi Qərblə, Şimalı Cənubla birləşdirən nəqliyyat qovşağına çevrilmişdir. 
İlham Əliyevin 15 illik prezidentliyi dövründə ordu quruculuğu ilə yanaşı, ölkə iqtisadiyyatının daha da gücləndirilməsi, təhlükəsizliyin təmin olunması, vətəndaş cəmiyyəti quruculuğu, enerji və nəqliyyat sahələrində yeni layihələrin həyata keçirilməsi kimi önəmli sferalarda konkret nailiyyətlər əldə edilmişdir.
Beləliklə, beynəlxalq münasibətlər sistemində müstəqil və çoxvektorlu xarici siyasət yürüdən, konkret təşəbbüslərlə çıxış edən Azərbaycanda hərtərəfli inkişafın dinamik yüksəlişi, xalqımızın təhlükəsiz, xoşbəxt gələcəyinin təmin olunması Prezident İlham Əliyevin on beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsidir.
 
İstifadə edilmiş ədəbiyyat:
 
1. “Azərbaycan 2020: gələcəyə baxiş” İnkişaf  Konsepsiyası. /Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. - 
https://president.az/files/future_az.pdf
2. VI Qlobal Bakı Forumunun açılışında İlham Əliyevin nitqi. /16 mart 2018/ - 
https://president.az/articles/27472  
3. Aktauda Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib. /12.08.2018/ - https://azertag.az/xeber/Aktauda_Xezeryani_dovletlerin_dovlet_baschilarinin_V_Zirve_toplantisi_kechirilib_YENILANIB_VIDEO-1186326 
4. Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev konfransın açılışında iştirak edib. / 05.04.2018 / - https://azertag.az/xeber/Bakida_Qosulmama_Herekatinin_nazirler_konfransinin_achilis_merasimi_kechirilib_Azerbaycan_Prezidenti_Ilham_Aliyev_konfransin_achilisinda_istirak_edib___YENILANIB_3_VIDEO-1149992
5. BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında İlham Əliyevin nitqi. 
/20 sentyabr 2017 / - https://president.az/articles/25289
6. Dövlətçiliyi yeni mərhələyə yüksəldən Lider: 14 il əvvəl başlanan yol. /23.12.2017/ - http://newtimes.az/az/processestrends/5457/
7. İlham Əliyev. İnkişaf - məqsədimizdir. Çoxcildlik. 2003-2018, 1-43-cü cildlər.
8. Qoşulmama Hərəkatının Bakı konfransı: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə. /21.04.2018/ - https://azertag.az/xeber/Qosulmama_Herekatinin_Baki_konfransi_sulh_tehlukesizlik_ve_emekdasliq_namine-115528
9. YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. /09 avqust 2018/ - https://president.az/articles/29645
 
Sevinj Fataliyeva
The all-round development of Azerbaijan as a country of  an independent and multi-vector foreign policy in the system of international relations - is a great triumph of the victory of the fifteen-year period of Ilham Aliyev’s presidency
 
The article provides a scientific and theoretical analysis of President Ilham Aliyev’s 15-years of  presidency which is a new stage in the history of statehood of Azerbaijan. It states that under President Ilham Aliyev, who successfully continues his mission of political succession, Azerbaijan has become one of the leading actors in regional and international politics as the new leader of the new era. In this period Azerbaijan has been an exemplary country as a reliable partner, geopolitical center, initiator and peaceful state, transport hub, and a regulator of inter-religious and interethnic relations. Notable achievements were made in such important spheres as state and civil society building, diversification of the economy, security, implementation of new projects in energy and transport during this period.
 
Севиндж Фаталиева
Всестороннее развитие Азербайджана как страны с независимой и многовекторной внешней политикой в системе международных отношений - является  великим триумфом победы пятнадцатилетнего периода президентства Ильхама Алиева 
 
В статье представлен научно-теоретический анализ 15-летнего президентства Ильхама Алиева, нового этапа в истории нашей государственности. Отмечается, что Президент Ильхам Алиев, будучи новым лидером новой эры, успешно продолжая свою миссию политической преемственности, превратил Азербайджан в ведущего участника  региональной и международной политики.
За это время Азербайджан стал известен как надежный партнер, геополитический центр, миролюбивое государство. Азербайджан, страна,  инициирущая проекты,  превратилась  в транспортный узел. Сегодня  Азербайджан - это государство, являющееся примером регулирования межрелигиозных и международных отношений. В этот период были достигнуты конкретные достижения в таких важных сферах, как национальное строительство  и гражданское общество, диверсификация экономики, безопасность, реализация новых проектов в области энергетики и транспорта.
 
Məqalə redaksiyaya daxil olmuşdur:  20.11.2018
Çapa qəbul edilmişdir:  01.12.2018
© 2011-2019. Müəlliflik hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qorunur. Bütün hüquqlar "Strateji təhlil" jurnalına aiddir. Məlumatlardan istifadə edərkən stj.sam.az saytına istinad zəruridir.