Məqalələr

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun tariximizdə yeri Ümummilli lider Heydər Əliyev- milli intibahın banisi, müstəqil dövlətçiliyin memarı Azərbaycan Cümhuriyyətinin müqəddəratında Böyük Britaniya amili Bir əsrlik dövlətçilik tarixinə siyasi liderlik fenomeni işığında baxış: Ümummilli lider Heydər Əliyev - 95 К вопросу о создании Армянского государства и определения его границ на переговорах в Батуми и Стамбуле в1918 г. Azərbaycan Xalq Cümhuriyyətinin parlament sənədləri Zəngəzur, Qarabağ və Naxçıvanda 1918-1920-ci illərdə erməni vəhşiliklərini öyrənmək üçün mənbə kimi Геноцид тюрко-мусульманского населения Азербайджана по документам Британских дипломатов XX əsrdə erməni rəsmi dairələrinin kürdlərə qarşı həyata keçirdiyi deportasiya, repressiya və terror aktları haqqında (etnosiyasi analiz) Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Osmanlı dövlətinin siyasəti (iyun-oktyabr 1918-ci il) Нахчыван на переднем крае борьбы с армянской агрессией в период Азербайджанской Демократической Республики Sərhədyanı mübahisə 1918-1920-ci illərdə Azərbaycan-Gürcüstan münasibətlərində əlverişsiz amil kimi Особая Комиссия и ее “особые” сотрудники Равноправие и гендер: путь, пройденный от Азербайджанской Демократической Республики до Первого вице-президента Экономическая политика Азербайджанской Демократической Республики: поиски оптимальной модели Вопрос об экономических отношениях между Азербайджанской Республикой и РСФСР на страницах журнала “Нефтяное дело” 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin aqrar siyasəti Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti Военно-политические аспекты деятельности Азербайджанского правительства в 1918-1920 гг. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu Mirzə Bala Məmmədzadənin ideoloji görüşləri Tam siyahı

Bir əsrlik dövlətçilik tarixinə siyasi liderlik fenomeni işığında baxış: Ümummilli lider Heydər Əliyev - 95

Müəllif: Strateji Tehlil Jurnali

baxılıb: 168

Avq 20, 2018 - 10:39

Bir əsrlik dövlətçilik tarixinə siyasi liderlik fenomeni işığında baxış: 
Ümummilli lider Heydər Əliyev - 95

 

Tahirə ALLAHYAROVA 

Azərbaycan Respublikasının Prezidenti yanında

Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri, professor

tahira.allahyarova@sam.gov.az

 

Açar sözlər: dövlətçilik tarixi, Ümummilli lider Heydər Əliyev, siyasi lider fenomeni, Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi

Key words:  history of statehood, National Leader Heydar Aliyev, phenomenon of political leadership, 100th Anniversary of the Democratic Republic of Azerbaijan

Ключевые слова: история государственности, Национальный лидер Гейдар Алиев, феномен политического лидерства, 100-летие Азербайджанской Демократической Республики

 

Giriş
 
“Şəxsiyyətlərin tarixdəki rolu haqqında müxtəlif dövrlərdə elmi əsərlər, kitablar, bədii əsərlər yaradılmışdır.
Heydər Əliyevin timsalında biz əyani şəkildə görürük ki, şəxsiyyətlərin tarixdəki rolu bəzi hallarda əvəzolunmaz olur” [2].
 
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti 
 
Tarixən olduğu kimi, hazırda - XXI əsrin əvvəllərində də milli inkişaf hər dövlətin nail ola bilmədiyi çətin nemət olub, konkret dövlətlərin siyasi liderlərindən bilavasitə asılı olan məsələdir. Bu gün dünya birliyi, istər kiçik olsun, istərsə də böyük, müxtəlif dövlətlərin siyasi liderlərinin lokal və qlobal miqyasda inkişaf və sabitliyin deyil, gərginliyin yaranmasının səbəbkarına çevrilməsinə, milyonlarla insanları fəlakət və münaqişələrə düçar etməsinə şahidlik edir. Siyasi xəritədə mövcud olan zəif dövlətlərin özünü idarə edə bilməməsi də başlıca olaraq lider amilinə bağlı olmaqla yanaşı, dünyanın sabitliyinə ən böyük təhlükə mənbəyi kimi çıxış edir. Bu, onu göstərir ki, dünyada mövcud olan bütün ölkələrin siyasi rəhbərliyinin olması heç də onların hamısının liderlik keyfiyyətlərinə malik olması anlamına gəlmir.
Hazırda qlobal böhranın dərinləşməsi “tarix, lider və dövlətçilik münasibətləri” kimi fundamental məsələni yenidən gündəmə gətirməyi, lider şəxsiyyəti, onun xüsusiyyətləri, öz ölkəsi və dünya siyasətində tutduğu yeri və rolu probleminə dönə-dönə müraciət etməyi zəruri edir. Dövlətlər yaranandan bəri onların keçdiyi yol inkişaf, çiçəklənmə, durğunluq və tənəzzül kimi mürəkkəb fazalardan keçir. Bu proseslərdə ümumilik təşkil edən bir fundamental amil - “dövlətçilik və siyasi lider” amili mövcuddur.
Son bir əsrlik dövlətçilik tariximizə, 2018-ci ildə qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə siyasi liderlik  fenomeni aspektində nəzər salınması bu baxımdan taleyüklü əhəmiyyətə malikdir. Hər bir dövlət özünəməxsus xüsusiyyətlərə malik olduğu üçün onun tarixində lider şəxsiyyətlərin rolunun ayrıca təhlil edilməsi bu sahədə elmi tədqiqatlara yeni bir çalar gətirir.
Qeyd edilənlərin Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilinə təsadüf etməsi müasir dövlətçilik tariximizdə təqvimin bu iki ən əlamətdar hadisəsinin dərin elmi təhlilini gündəmə gətirmişdir. Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli və "2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında" sərəncamları əsasında həyata keçirilən çoxsaylı tədbirlər dövlətçilik qarşısında əvəzsiz xidmətləri olan tarixi şəxsiyyətlərimizin milli yaddaşımızda bir daha möhkəm həkk olunmasına təkan vermişdir. 2018-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik və müasir Azərbaycan dövlətçiliyinin və müstəqilliyimizin memarı olan Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyləri qeyd edildi. 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti may ayında yaranmış, Ulu öndər Heydər Əliyev 1923-cü ilin may ayında dünyaya göz açmışdır. Bu iki tarixi hadisənin eyni ilə və eyni aya təsadüf etməsi, tarix və rəqəmlər arasında aparılan paralellər dərin simvolik məna daşımaqla, yaddaşlara həkk olundu.
Son bir əsrdə müasir Azərbaycanın dövlətçilik tarixi və siyasi lider şəxsiyyəti amili bir daha xalqımızın, ən müxtəlif peşə sahiblərinin, elmi müzakirələrin diqqət mərkəzinə gəldi. 
 
1. Siyasi liderlik fenomeninə dair baxışlar: tarixi və siyasi paralellərin izi ilə
 
Lider-şəxsiyyət fenomeninə marağın tarixi qədim dövrlərə gedib çıxsa da, maraqlı olan bir məqam da odur ki, politologiyada müasir siyasi liderlik nəzəriyyəsinin bir əsrə yaxın yaşı var. Siyasi liderlik konsepsiyaları XIX əsrin sonları XX əsrin əvvəllərində yaranmışdır. Məhz həmin dövrdə tarixin və dünyanın axarını dəyişməyə, milyonların qəlbində əbədi yaşamağa qadir olan şəxsiyyətləri dərk etmək üçün liderlik nəzəriyyələri ortaya çıxır.
M.Veberin, R.Mixelsin, K.Levinin və başqalarının əsərlərində siyasi liderlik problemi politologiyanın müstəqil bölməsi kimi tədqiq edilməyə başlanır. Liderlik xüsusiyyətlərinin müəyyən edilməsi üçün cildlərlə əsərlər yazılır və çoxsaylı elmlər tərəfindən öyrənilir. Sovet ictimaiyyətşünaslığında bir neçə onillik ərzində (60-cı illərin sonuna qədər) liderlik problemi praktiki olaraq təhlil predmeti olmamışdır.
Tədqiqatçıların ümumi qənaətinə görə, liderliyin 350-ə yaxın tərifi var və onların biri bu cür səslənir: “Liderlik Yer üzündə ən aşkar görünən, lakin dərk edilməsi ən çətin olan fenomendir” [6, s.44-46]. Liderliyi müəyyən etmək üçün bir çox təsnifatlar ortaya çıxmışdır. Hal-hazırda siyasi liderliyin tədqiqində bir neçə  istiqamət fərqlənir:
1) siyasi liderliyin mahiyyətinin cəmiyyətin təşkilinin xarakteri ilə əlaqədar aşkarlanması; 2) liderliyin siyasi hakimiyyət-cəmiyyət qarşılıqlı münasibətləri kontekstində öyrənilməsi; 3) siyasi liderliyin inkişafının siyasi-psixoloji aspektlərinin  təhlili; 4) liderlərin sosial-mədəni keyfiyyətlərinin öyrənilməsi [5, s.55].
Bütövlükdə siyasi xadimlərin liderlik xüsusiyyətlərinin öyrənilməsində üç metodoloji yanaşma ayırd edilir: real və konkret siyasi lider şəxsiyyətlərin psixoloji xüsusiyyətlərinin tədqiqi; siyasi lider şəxsiyyətlərin ümumi modellərinin yaradılmasına cəhd edilməsi; müxtəlif səviyyəli siyasi lider şəxsiyyətlərin tipologiyasının formalaşdırılması [15, s.62].
Əksər hallarda siyasət sadəcə və yalnız lider şəxsiyyətinə bağlı olan məsələ kimi qəbul edilir. Bəzi tədqiqatlarda tarixdə  və siyasətdə  şəxsiyyətin rolu liderlərin şəxsi keyfiyyətləri, onların siyasi istedadı, qabiliyyəti, dünyagörüşü, nüfuzu və s. ilə əsaslandırılır. Digər yanaşma siyasətdə şəxsiyyətin rolunu arxa plana keçirir. Qeyd edilir ki, tarixi əhəmiyyətli və genişmiqyaslı siyasi proseslər gedişində fərdi xüsusiyyətlər həlledici ola bilməz. Buna görə də şəxsiyyət-tarix münasibətlərində fərdi - xüsusi olan deyil, ümumi-kütləvi olan qanunauyğunluqların tədqiqi daha önəmlidir. Məsələn, məlum olduğu kimi, marksizm ənənəsinə mənsub olan nəzəriyyəçilər iqtisadi determinantları siyasi proseslər üzərində üstünlüyə malik olan həlledici amil hesab edirdilər [12, s.51].
 Bir qisim araşdırmalarda siyasi lider şəxsiyyətinin dövlətçilik tarixində rolunun dərk edilməsi üçün tədqiqatların müxtəlif metodları kompleks-sintezdə tətbiq edilir. Məsələn, "keys-stadiz" (case studies), yaxud ayrı-ayrı real tarixi hadisələrin elmi əsaslarla öyrənilməsi praktikası mövcuddur. Burada liderin nüfuzu və gücünün cəmiyyətdəki dəyişikliklərə təsiri ilə bağlılığı vurğulanır. Lider tərəfindən onun şəxsi təşəbbüsü ilə başlanan dəyişikliklər - mütərəqqi, mürtəce və ya qarışıq tipli -  xarakteri ilə müəyyən edilir. Alınan əsas qənaət belədir ki, liderlik  keyfiyyətləri şəraitdən asılıdır. Hər bir konkret şərait konkret lider tipini tələb edir. Bir şəraitdə problemin həllini təmin edən keyfiyyət başqa şəraitdə həlledici olmaya, hətta  böyük maneəyə çevrilə bilər. Ortaya çıxan yeni problemlər onların həllinə yeni yanaşmaları, deməli, müvafiq olaraq da  yeni  liderlik  üslubu və metodlarını  tələb edir. Beləliklə, liderlik situativ fenomendir. Sosial mühitdən, konkret şəraitdən asılı olaraq, lider rolunu müxtəlif insanlar oynaya bilərlər [10, s.28].
Bəzi tədqiqatlarda isə bir çox lider şəxsiyyətlərin psixobioqrafik fenomen kimi təhlili diqqət mərkəzində durur. Onların arasında E.Eriksonun Martin Lüter, E.Ruzvelt və A.Hitler haqqında, A.Corcun Vudro Vilson haqqında, E.Volfenşteynin  Qandi, Lenin və Trotski haqqında əsərlərini qeyd etmək olar [7, 11, 12, 13, 14, 16].
Liderliyin tədqiqinə digər bir maraqlı yanaşma fransız politoloqu Jan Blondelin əsərlərində rast gəlinir [8, 9]. O, liderliyin müqayisəli öyrənilməsinin əsasında iki meyarı nəzərə almağı vacib hesab edir. Lider şəxsiyyətin öyrənilməsinə əhəmiyyətli töhfə kimi yeni “konstituentlər nəzəriyyəsi” diqqəti cəlb edir. Belə ki, liderin davamçılarının həlledici rola malik olduğunu önə çəkən “konstituentlər nəzəriyyəsi” çərçivəsində liderin davamçılarının onun siyasətini, cəmiyyətin  gözləntilərini reallaşdırması əsasında qazandığı yüksək nüfuz və status  əsas hesab edilir. Kütlələrin şüurunda liderin qavranılmasının  xüsusiyyətlərinə diqqət yönəldilir. İctimai şüurda "ideal" və real lider haqqında təsəvvürlərin üst-üstə düşməsi liderə etimad və dəstək münasibətini müəyyən edir. Beləliklə, liderin fəaliyyətinin və azadlığının dərəcəsi, onun  istiqaməti, rəhbərlik metodları həmin ictimai rəydə mövcud olan təsəvvür və normalarla müəyyən edilir [9, s.74].
Ümumilikdə isə çoxsaylı yanaşmaların metodoloji sintezi tətbiq edilsə belə, “liderliyin hər bir nəzəriyyəsi  özünəməxsusdur. Məsələn, situasion nəzəriyyə (Situational Leadership (SLI) Theory; Blanchard., 1993) lider və şərait amilini önə çəkir.  Liderliyin yol-məqsəd (Path-Goal Theory; Martin  Evans  (1970)) nəzəriyyəsi liderin cəmiyyətin davranış və ehtiyaclarını təmin etmək üçün müəyyən etdiyi məqsədləri ön sıraya çıxarır. Lider-davamçı-“konstituentlər nəzəriyyəsi” isə (Leader-Member  (LMX)  Theory; Dansereau  et  al.,  (1975)) liderin davamçılarının gözləntilərinə   və  etimada əsaslanan münasibətlərin   qurulmasına yönəlmişdir” [10, s.56].
Lider fenomeninin tədqiqi ilə bağlı bütöv bir tarixi şəxsiyyətlər qalereyasının, praktiki olaraq bütün məşhur dünya siyasətçilərinin siyasi portretlərinin  mövcud olduğunu demək olar. Onların arasında Azərbaycan xalqının Ümummilli Lideri, dünya siyasətinin dahisi Heydər Əliyev də öz layiqli və qürurlu yerini tutmuşdur.
 
2. Dahi strateq, dünya miqyaslı siyasətçi, fenomen şəxsiyyət 
 
“Müstəqilliyi əldə etmək çətindir.
Onu qoruyub saxlamaq isə qat-qat çətindir”.   
 
Heydər ƏLİYEV
Azərbaycan xalqının Ümummilli Lideri
 
Dünyada mövcud olan bütün dövlətlərin, xalqların heç də hamısının milli lider səviyyəsinə yüksələn şəxsiyyətləri yoxdur. Çünki bu, hər hansı vəzifə, yaxud ad olmayıb, tarixi missiyadır, şəxsiyyət, xalq və dövlətçiliyin qovuşan taleyidir.
Azərbaycan xalqının tarixi müstəsna xidmətləri olan mütəfəkkir şəxsiyyətlərlə zəngindir. Bununla belə, həmin tarixi şəxsiyyətlər arasında Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış yeganə dövlət xadimi, dünya miqyaslı siyasətçi, tərcümeyi-halı müstəqil dövlətçilik tarixinə çevrilən ən böyük azərbaycanlı Heydər Əliyevin müstəsna yeri və rolu vardır. 
1918-ci il mayın 28-də Azərbaycan xalqına öz istiqlaliyyətini bəyan etmək kimi tarixi imkan nəsib olmuşdu. Yaşadıqları dövrün qabaqcıl ideya, təhsil və düşüncələrinə sahib olmuş demokratik maarifçilər, respublika ideyalarının öncül nümayəndələri üzərlərinə düşən tarixi məsuliyyəti dərk etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına nail olmuşlar.
Şərqdə, müsəlman və türk dünyasında ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin çoxəsrlik tarixinin, Rusiya imperiyasının süqutu ilə daha da genişlənən milli azadlıq mübarizəsinin məntiqi yekunu kimi tarix səhnəsində yer aldı. Müəyyən obyektiv və subyektiv səbəblər üzündən demokratik respublika müstəqilliyi qoruyub saxlaya bilməmiş, cəmi 23 aydan sonra süqut etmişdir.
Cümhuriyyətin süqutunun səbəbləri sırasında siyasi lider fenomeninin rolu problemi, hesab edirik ki, hələlik ayrıca təhlil edilməmişdir. Cümhuriyyətin 100 illik tarixinin başlıca dərsləri baxımından, dövlətçiliyin gələcəyində bu acı səhifələrin təkrar yaşanmaması üçün buna ehtiyac var.
Misilsiz əhəmiyyətli olduğu qədər də milli dövlətçilik maraqlarına xidmət edən bu şanlı tarixin çox qısa müddətdə süqut etməsinin çoxsaylı səbəbləri sırasında siyasi lider fenomeninin, daha doğrusu, bəhs edilən zaman və şəraitdə bu amilin olmaması öz acı nəticələrini göstərmişdir. 
Bu fikrə əsas kimi - eyni  əsrin əvvəllərində Cümhuriyyətin süqutunu şərtləndirən  mürəkkəb tarixi çağırış, siyasi böhran və problemlərin, həmin əsrin sonlarında  yenidən müstəqilliyini bərpa edən Azərbaycanda siyasi səhnədə ortaya çıxması, 90-cı illərdə hakimiyyətdə olan siyasi iqtidarın  həmin böhrandan çıxış yolunu tapa bilməməsi, dövlət suverenliyinin taleyinin yenidən sual altında qalması, nəhayət, Heydər Əliyevin öz siyasi dühası ilə bu fövqəladə dərəcədə ağır və təhlükəli vəziyyətdən dövlətimizi xilas etməyə, müstəqilliyi dönməz etməyə qadir olması kimi gerçək tarixi reallığı  göstərə bilərik.
Prezident İlham Əliyev Birinci Cənubi Qafqaz Forumunun rəsmi açılış mərasimində çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin böyük tarixi əhəmiyyətini vurğulayaraq, həmin vəziyyəti bu cür ifadə etmişdi: “XX əsrin əvvəlində dövlətçiliyimizin qısa müstəqillik tarixi olub. Müsəlman aləmində ilk demokratik respublika məhz Azərbaycanda yaradılıb və 1918-ci ildən 1920-ci ilə qədər mövcud olub. Bu kiçik bir dövrdə bir çox islahatlar həyata keçirilib. Bunlar müasir, müstəqil Azərbaycanın inkişafı üçün zəmin yaratdı. Sovet İttifaqının dağılmasından sonra bizə dövləti yaratmaq üçün ikinci şans nəsib oldu. Həmin vaxt bizim bu şansı itirməyə artıq haqqımız yox idi.” [1].
Bir daha vurğulamaq istərdik ki, XX əsrin sonlarında Azərbaycan xalqına ikinci dəfə nəsib olan müstəqillik imkanı    gerçəkliyə çevrilməsəydi, tarixi fürsətin başqa zaman və məkanda nə vaxt reallaşacağı qeyri-müəyyən olaraq qalacaqdı. 
Həmin imkanı, möhtəşəm tarixi missiyanı, əsrlər boyu gerçəkləşməyən müstəqil dövlətçilik arzusunu dünya miqyaslı siyasi lider, Ulu öndər Heydər  Əliyev  reallaşdıra  bildi. Heydər  Əliyev  Azərbaycan xalqının minilliklərdən gələn müstəqil dövlətçilik, milli birlik və suverenlik amalını reallığa çevirdi, milli quruculuğun, demokratik-hüquqi sistemin siyasi, idarəçilik və güc strukturlarını yaratdı, polietnik və çoxkonfessiyalı   birlik   kimi Azərbaycan xalqının mənəvi-ideoloji, mədəni təməllərini müəyyən etdi. O, əsrin əvvəllərində Cümhuriyyətin süqutunu şərtləndirən, xarici və daxili mənbələrdən qaynaqlanan problemləri fədakarlıqla həll edərək Azərbaycanın dövlət müstəqilliyini bərqərar etdi, onu əbədi, dönməz və sarsılmaz ənənəyə çevirməyə qadir oldu.  Xalqımızın qarşısında misilsiz xidmətləri onu dövlətçilik tariximizdə ilk hadisə və siyasi liderliyin zirvəsi olan Ümummilli Lider səviyyəsinə yüksəltmişdir. Postsovet məkanında belə ölkələr və Milli Lider zirvəsində layiqli yer tutan siyasi liderlər demək olar ki, yox dərəcəsindədir.
 
3. Müstəqil Azərbaycan dövlətçiliyini yaradan və yaşadan siyasi 
lider fenomeninin xüsusiyyətləri
 
 Siyasi lider fenomeninin hansı keyfiyyətləri bugünkü Azərbaycan dövlətçiliyinin yaranması ilə yanaşı, onun həm də qorunub saxlanılmasının, möhkəmləndirilməsinin və  dönməzliyinin qarantı olmuşdur? 
Məlum olduğu kimi, siyasi lider  şəxsiyyətinin dünyaya tanınmasını sübut edən ən mühüm məsələlərdən biri böhran və xaos adlanan mərhələlərdən xalqı və dövləti inkişaf yoluna çıxarmağa qadir olan fəaliyyətdir. Liderliyin xaosa qalib gələn forması “strateji liderlik” kim də adlanır. Başqa sözlə deyilsə, dünyada demək olar ki, bütün tanınmış siyasi liderlər məhz xaosun yaşanıldığı məqamlarda tarix səhnəsinə gələrək xalqına qurtuluş yolunu göstərmişlər. Yuxarıda adı çəkilən “situasion nəzəriyyə” də əsasən bu qənatdədir. “Strateji liderlik: xaosun ortasında   lider olmaq?” adlı tədqiqatda qeyd edilir: “Xaos dövrünün, strateji liderliyin xüsusiyyəti odur ki, burada onun nəyi bildiyi deyil, nəyə qadir olduğu sınaqdan çıxır” [17].  
Vaxtilə Aristotel də yazırdı ki, "siyasi liderliyin ilkin şərti dövlətin gələcəyini öncədən görmək və gördüyünü həyata keçirə bilməkdir". Liderliyə dair nəzəriyyələrdə bu həm də “strateji zəka” adlanır. Heydər Əliyev öz zəkası ilə həm bu günümüzu görmək, həm də gələcəyə nüfuz etmək qabiliyyətinə malik şəxsiyyət idi və bu uzaqgörənlik keyfiyyətləri onun fəaliyyətində uğurlarını təmin etmişdir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərliyinin otuz dörd ili bir-birindən zaman və ictimai-siyasi quruluş baxımından tamamilə əks olan iki mərhələyə - 1969-1982;1993-2003-cü illərə təsadüf edir. Hər iki mərhələdə Heydər Əliyevin strateji liderlik missiyasının ana xətti, ümdə vəzifəsi müstəqil, demokratik, hüquqi və güclü Azərbaycan dövlətinin yaradılması olmuşdur. O, Azərbaycanin müstəqil dövlətçilik məsələsinə gəldikdə, nəinki on illəri, hətta yüz illər sonranı düşünmək kimi siyasi fəhmə malik olmuşdur.
Heydər Əliyev əvəzsiz siyasi rəhbərlik və idarəçilik təcrübəsinə malik olan böyük dövlət xadimi idi. O, dünyada ərazisinə görə ikinci, əhalisi isə 300 milyon olan SSRİ dövlətinin ali rəhbərliyində təmsil olunmuşdu.
Heydər Əliyevin hərbi sərkərdəlik keyfiyyətləri müstəqilliyin təmin edilməsində həlledici rol oynamışdır. Onun bu cəhətini kommunist ideologiyasının şəriksiz hökm sürdüyü sovet dövründə gələcək suveren Azərbaycanın hərbi quruculuğunun və peşəkar hərbçi kadrların hazırlanmasının təməllərini min bir çətinliklə qoyması, bu yöndə mövcud olan istənilən kiçik imkanı tarixi fürsətə çevirməsi aşkar sübut edir. Bu, həm də onun onillərlə dövlətin onurğa sütunu sayılan güc strukturlarında misilsiz təcrübəyə malik olması ilə bağlı idi.  Müstəqilliyin bərpa edildiyi ilk vaxtlarda Azərbaycanda cəmi bir ildə üç dövlət çevrilişi cəhdi olmuşdu. Postsovet ölkələrinin heç birində bu vəziyyət olmamışdır. Cümhuriyyətin taleyi təkrarlanmaq üzrə olduğu, ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün düşdüyü, ölkəni separatçılıq meyilləri bürüdüyü, müstəqil Azərbaycanı siyasi hakimiyyət böhranının vətəndaş müharibəsinə gətirib çıxardığı xaos vəziyyətindən Heydər Əliyev liderlik fenomeni ilə yanaşı, şəksiz olaraq hərbi sərkərdəlik istedadı ilə çıxara bilmişdir
Heydər Əliyev dünya miqyaslı siyasi xadim kimi etiraf olunmuşdur. Bu, yalnız bu gün də davam edən qalibiyyətli xarici siyasət kursu ilə deyil, beynəlxalq miqyasda etiraf edilən siyasətçi nüfuzunda  özünü göstərmişdir.
Heydər Əliyevin siyasi liderlik fenomenində milli liderlik xüsusiyyətləri  ayrıca təhlil mövzusudur. Qeyd edildiyi kimi, Heydər Əliyevin strateji liderlik missiyasının ana xəttini, ümdə vəzifəsini güclü və müstəqil Azərbaycan dövlətinin  yaradılması təşkil etmişdir. Məhz buna görə idi ki, dahi lider bütün həyatı boyu zamanın tələblərini və obyektiv inkişaf tendensiyalarını, milli maraqlara xidmət missiyasına yönəltmək hünəri ilə seçilir. Siyasi liderlikdən milli liderliyə ucalmaq məhz bunun sayəsində mümkün olmuşdur.
Ümummilli Liderin həyata keçirdiyi mənəvi-ideoloji missiya - xalqımızın milli özünüdərki, milli kimliyin və milli mənlik şüurunun müəyyən edilməsi və qorunması,  tarixi-mədəni yaddaşın bərpası -ütün bunları milli birliyin qarantına çevirən siyasətində əksini tapmışdır. Dahi Öndərin xaosdan inkişafa gətirən asayiş və sabitlik düsturunun mahiyyəti, ən yığcam şəkildə müstəqil dövlətçilik, milli maraqlar və xalqın firavanlığı naminə fədakar xidmət  kimi ifadə edilə bilər. Arximedlə bağlı məşhur deyimə nəzərən, Heydər Əliyevə xaos və fəlakət tarixini müstəqillk, sabitlik və inkişaf tarixinə çevirməyə imkan verən “istinad nöqtəsi” - xalqın etimadı, dəstəyi və  məhəbbəti olmuşdur.
 Qeyri-adi təsir və nüfuz gücünə malik olmaqla, insanların inam və etibarını, fenomenal uğurlar qazanması baxımından aşağıdakı lider obrazları mövcuddur: xarizmatik lider, lider-ideoloq, lider-strateq, lider-praqmatik və s. Qeyd edilən bütün keyfiyyətlərin Heydər Əliyevin simasında cəmlənməsi onun  liderlik üslubunun daha bir keyfiyyətini - “qalibiyyət lideri” olmasını-həyata keçirdiyi siyasətin ancaq qələbəyə hədəflənməsini şərtləndirmişdir.  Dövlətçilik ənənəsində tarixi vəhdət və varisliyin təmin edilməsi isə ən böyük qalibiyyət kimi tarixə yazılmışdır.
 
Nəticə
 
Dövlət müstəqilliyi uğrunda yüzillik mübarizə tarixinin dərsləri, XX  və XXI əsrlərin əvvəllərində Azərbaycan dövlətçiliyinin mövcud olduğu şəraitlərin siyasi lider fenomeni aspektində paralellər aparılması mühüm qənaətə gəlməyə imkan verir. XX əsrdə Azərbaycan dövlətçiliyi tarixində yalnız Heydər Əliyev siyasi liderlik keyfiyyətlərinə malik olmuş, xalqımız ən yeni tarixə dünyada milli liderləri olan azsaylı dövlətlərdən biri kimi qədəm qoymuşdur.
Hər birimiz üçün qürur mənbəyi olan, əsası XIX yüzilliyin maarifçiləri tərəfindən qoyulan milli özünüdərk ideyalarını "İstiqlal bəyənnaməsi" ilə gerçəkləşdirən Azərbaycan Xalq Cümhuriyyəti  tarixinin hər bir səhifəsi şanlı tariximizdir. Cümhuriyyətin yaradıldığı tarixi şərait olduqca çətin və məşəqqətli olmuşdur. Azərbaycan kimi fövqəlmürəkkəb geosiyasi regionda dövlətçiliyi xaos girdabından sabitliyə və inkişaf yoluna çıxara bilən  siyasi lider fenomeninin olmaması acınacaqlı nəticələrini vermişdir.
Qeyd edildiyi kimi, Ümummilli lider Heydər Əliyevin siyasi uğur formulunun təməlini müstəqil dövlətçilik, milli maraqlar və xalqın firavanlığı naminə fədakar xidmət - strateji liderlik məharəti təşkil etmişdir. Heydər Əliyevin fəaliyyətində müstəqillik mərhələsini inkişaf tarixinə çevirməyə imkan verən “istinad nöqtəsi”, Arximedlə bağlı məşhur deyimə nəzərən,  qədirbilən xalqın etimadı və  məhəbbəti olmuşdur.
Heydər Əliyevin liderlik irsi tarix və zaman adlı ən ciddi sınaqlarda təsdiq olunmuş misilsiz nəzəriyyə və təcrübədir. XX əsrə qədər xalqımızın dövlətçilik tarixində davamlı olaraq fasilələr baş vermiş, bütövlük və kəsilməzlik ənənəsi olmamışdır. Heydər Əliyevin sayəsində suveren Azərbaycan XXI yüzilliyə, həm də yeni minilliyə müstəqil dövlət kimi qədəm qoymuşdur.  
Ümummilli Liderin siyasi liderlik fenomeni  və lider-xalq birliyi  bu günə qədər davam edən qələbələr silsiləsinin təməlini təşkil edərək, müasir dövrün yeni lideri - Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
 
 
İstifadə edilmiş ədəbiyyat:
 
Azərbaycan dilində
 
1. İlham Əliyev Birinci Cənubi Qafqaz Forumunun rəsmi açılış mərasimində iştirak etmişdir. /07.05.2013/ -  www.president.az/articles/8018/print
2. İlham Əliyev Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişdir. /10.05.2013/  - https://www.president.az/articles/8059/print
3. Mehdiyev R. Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan Ümummilli lider Heydər Əliyevin qadir siyasətidir. / “Azərbaycan” qəzeti, 13 iyun 2013-cü il. - http://www.azerbaijan-news.az/index.php?mod=3&id=25019
4. Məmmədzadə İ. Mükəmməl milli dövlətçilik konsepsiyasının banisi. / "Xalq qəzeti",  5 may 2010-cu il, s. 3. - http://anl.az/down/meqale/xalqqazeti/2010/may/118071.htm
 
İngilis dilində
 
5. Alcantara M, Blondel J. and Thiebault J.L. (eds), Presidents and democracy in Latin America, New York; London: Routledge, 2018,  371 p.
6. Bennis W.  The artform of leadership. Training and Development Journal, 1982, 166 p.
7. Bennister M, Worthy B. and Hart P. (eds), The leadership capital index, Oxford; New York : Oxford University Press, 2017,  350.p.
8. Blondel J. Political Leadership.London, Sage, 1987, 347 p.
9. Blondel J. World Leaders. Heads of Government in the Postwar Period. London. Sage, 1980, 409 p.
10. Cote R.A Comparison of Leadership Theories in an Organizational Environment //International Journal of Business Administration Vol. 8, No. 5, 2017,  235 p.
11. Erikson E.Young Man Luther: A Study in Psychoanalysis and History. 1958, 288p.
12. Erikson E.Gandhi's Truth: On the Origins of Militant Nonviolence. New York: W. W. Norton, 1969
13. Erikson J.M. Nothing to Fear: Notes on the Life of Eleanor Roosevelt. // Daedalus.Vol. 93, No. 2, The Woman in America, 1964, pp. 781-801
14. George A.L.,George J.L. Woodrow Wilson and Colonel House: A Personality Study. Dover Publications; New Impression edition, 1964, 361 p. 
15. Greenstein F., Anderson D. Presidents and the Dissolution of the Union: Leadership Style from Polk to Lincoln. Princeton University Press, 2015, 200 p.
16. Herbert S.Parmet. Richard M. Nixon: An American Enigma (Library of American Biography Series). Pearson, 2007, 192 p.  
17. Strategic Crisis Leadership: Being an Effective Leader in The Midst of Chaos? - 
www.securityexpo.com.au/industry-news/strategic-crisis-leadership-being-an-effective-leader-in-the-midst-of-chaos//
 
Tahira Allahyarova
A glance at the age-old history of statehood in the light of the 
phenomenon of a political leadership: National leader 
Heydar Aliyev-95
 
The article analyzes the phenomenon of political leadership in the aspect of  the 100-year history of the Democratic Republic of Azerbaijan and the national leader Heydar Aliyev's strategic leadership heritage.
As a result of the study of the 100-year history of statehood and the phenomenon of political leader, the author concludes that the political leader's role in the problems facing Azerbaijan in the last century is undoubtedly crucial.
The article analyzes the reasons for the collapse of the democratic republic created at the beginning of the 20th century, and the reasons for the disintegration of the then political power in the 1990s, compared to the political leadership qualities of Heydar Aliyev, which raised him to the national leadership level, as well as its distinctive features. 
 
Таира Аллахьярова
Взгляд на вековую историю государственности в свете феномена
политического лидерства: Национальный лидер Гейдар Алиев - 95
 
В статье анализируется феномен политического лидерства в аспекте 100-летней истории Азербайджанской Демократической Республики и наследия национального лидера Гейдара Алиева.
В результате изучения 100-летней истории государственности и феномена политического лидера автор приходит к выводу, что роль политического лидера в проблемах, стоящих перед Азербайджаном в прошлом веке, несомненно, имеет решающее значение.
В статье анализируются причины краха демократической республики, созданной в начале XX века, а также причины распада политической власти в первые годы независимости (начало 90-х), делаются выводы относительно феномена политического лидерства Гейдара Алиева, которые подняли его до уровня национального лидера, а также его отличительные черты.
 
 
Məqalə redaksiyaya daxil olmuşdur:  09.05.2018
Çapa qəbul edilmişdir:  15.05.2018
© 2011-2018. Müəlliflik hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qorunur. Bütün hüquqlar "Strateji təhlil" jurnalına aiddir. Məlumatlardan istifadə edərkən stj.sam.az saytına istinad zəruridir.