Məqalələr

Beynəlxalq münasibətlər sistemində müstəqil və çoxşaxəli xarici siyasət yürüdən ölkə kimi Azərbaycanın hərtərəfli inkişafı İlham Əliyevin on beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsidir Türk Dövlətləri Birliyi beynəlxalq hüququn subyekti kimi: ideya və reallıq “Kritik infrastruktur” nədir və təhdidlərdən necə qorunur: dünya təcrübəsi və Azərbaycanda tətbiqinin zəruriliyi Ermənilərin "soyqırım" iddiaları və onun beynəlxalq siyasətdə yeri Армянский фактор в разведывательной деятельности великих держав на Кавказе в 1801 – 1828 гг. Ermənilərin Tbilisi şəhərinə iddiaları Gürcüstanın bələdiyyə sistemində ermənilərin separatçı fəaliyyəti Политологическое образование в Азербайджанской Республике: специфика, современное состояние и стратегия развития Информационная политика в Азербайджане в условиях политико-экономических трансформаций Azərbaycanın ali təhsil sistemi yeni dəyişikliklər mərhələsində Azərbaycanın dövlət idarəçiliyi sistemində keyfiyyət menecmentinin müasir vəziyyəti Cənubi Qafqazda miqrasiya prosesləri Dövlət-özəl əməkdaşlığı bugünkü iqtisadi anlamda Qlobal iqtisadi normallaşma: yüksələn iqtisadiyyatlı ölkələr üçün dayanıqlı inkişaf çağırışları Военное дело и военное искусство в Азербайджане в древний период Учреждения для иностранных военнопленных и интернированных граждан в Азербайджанской ССР в 1944 – 1950 гг. (численность, дислокация, смертность контингента) Ukrayna azərbaycanşünaslığının banisi A.Krımski Качественные параметры партийных кадров в Азербайджанской ССР в 1920-1930-е гг. Политические отношения между Азербайджанским государством Сефевидов и государством Великих Моголов (1526-1576 гг.) Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsilin milliləşdirilməsi və dövlət dilinin tətbiqi Tam siyahı

Cənubi Qafqazda miqrasiya prosesləri

Müəllif: Strateji Tehlil Jurnali

baxılıb: 47

Yan 5, 2019 - 12:44

Şahmar HACIYEV

Azərbaycan Respublikasının Prezidenti yanında 
Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi

Shahmar.Hajiyev@sam.gov.az 

 

Cənubi Qafqazda miqrasiya prosesləri

Açar sözlər: Cənubi Qafqaz, Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya Federasiyası, miqrasiya prosesi, daxili miqrasiya, məcburi miqrasiya, daimi və müvəqqəti miqrasiya, əmək miqrasiyası, pul köçürmələri

Key words: The South Caucasus, Azerbaijan, Georgia, Armenia, Russian Federation, migration process, internal migration, forced migration, permanent and temporary migration, labour migration, remittances

Ключевые слова: Южный Кавказ, Азербайджан, Грузия, Армения, Российская Федерация, миграционные процессы, внутренняя миграция, вынужденная миграция, постоянная и временная миграция, трудовая миграция, денежные переводы

 

Giriş

Miqrasiya prosesləri - ayrı-ayrı fərdlərin və ümumən xalqların bir məkandan digərinə köçü bəşəriyyət tarixinin bütün dövrləri üçün xarakterik olmuşdur.  Son onilliklərdə isə qlobal dəyişikliklər fonunda miqrasiya axınının daha da genişlənməsi müşahidə olunur. Qanuni və qanunsuz, beynəlxalq və ölkədaxili, könüllü və məcburi, daimi və müvəqqəti, qaçqın və sığınacaq axtaranlar, ailə birliyi və “beyin axını” kriteriyaları ilə təsnifatlaşdırılan miqrasiyanın coğrafiyası, həcmi ilbəil genişlənir. Miqrasiyanın yeni tipləri - yüksək təsnifatlı kadrların miqrasiyası və çox vaxt qanunsuz miqrasiyaya əsas verən ixtisassız şəxslərin miqrasiyası formalaşır. Məcburi miqrasiya tendensiyası artır, miqrasiya dünyada sosial dəyişikliklərin bir faktoru kimi diqqət çəkməyə başlayır. Bu proses müasir beynəlxalq münasibətlər sistemində ən aktual problemlərdən birinə çevrilir. Ona görə də miqrasiya proseslərinin tənzimlənməsi müasir idarəetmə formalarının tətbiqinin zəruriliyini aktuallaşdırır.  Hər bir miqrant, adətən, ləyaqətli həyat, təminatlı, rahat iş və bütün bunları onun üçün təmin edə biləcək inkişaf mühiti axtarışındadır.
Sovet İttifaqının süqutundan sonra bütün postsovet məkanında olduğu kimi, Cənubi Qafqazda da kütləvi miqrasiya meyilləri müşahidə edilirdi. Dinamik xarakter alan bu meyil  əsas etibarilə XX əsrin 90-cı illərində baş vermiş total xaos - sosial-iqtisadi və maliyyə proseslərinin ağır nəticələri ilə izah olunsa da, onun real səbəbləri ötən əsrin 80-ci illərinin ortalarında və sonlarında yaranmış dərin iqtisadi böhrandan, xalq təsərrüfatının çöküşündən, ərazi iddiaları və etnik zəmində baş vermiş münaqişələrdən qaynaqlanır.dı Əlbəttə, həmin illərə təsadüf edən miqrasiya prosesləri daxili xarakter daşımışdır. Münaqişələrin və iqtisadi böhranın humanitar fəlakət səviyyəsinə çatdığı regionlarda  (Cənubi Qafqaz, Mərkəzi Asiya və s.) yaşayan əhali qrupları keçmiş SSRİ-nin bir bölgəsindən daha əlverişli digər ərazilərə köç etmişdir. Qeyd edək ki, SSRİ rəhbərliyi həmin dövrlərdə daxili miqrasiyanı böhrandan çıxış yollarından biri kimi dəyərləndirmişdir. Bütövlükdə humanitar fəlakət zonalarında yaşayan əhalinin, o cümlədən etnik və ya dini qrupların xarici ölkələrə miqrasiyası postsovet respublikalarının dövlət müstəqilliyi əldə etməsindən sonra kütləvi xarakter almağa başlamışdır. Bu baxımdan, Azərbaycan Respublikasının da yerləşdiyi Cənubi Qafqaz regionu həm humanitar fəlakət, həm də dünyanın güc mərkəzlərinin geosiyasi və geoiqtisadi maraqlarının ödənilməsi baxımından həssas və mürəkkəb bölgə olmuşdur.
 
1. Azərbaycanda miqrasiya prosesi və onun dövlət tərəfindən tənzimlənməsi mexanizmləri
 
Son illər mühüm sosial-iqtisadi nailiyyətləri ilə dünya ölkələrinin marağını və diqqətini özünə yönəltməyi bacarmış Azərbaycan bu baxımdan miqrantları da çox cəlb edir. Qeyd edək ki, Davos Dünya İqtisadi Forumunun 2017-ci il üzrə hesabatında Azərbaycan iqtisadi rəqabətqabiliyyətliliyinə görə 140 ölkə arasında iki pillə irəliləyərək 35-ci yerə yüksəlmiş və MDB məkanında liderliyini qorumuşdur [19]. Eyni zamanda, Dünya Bankı tərəfindən hazırlanan “Doing Business - 2018” hesabatında Azərbaycan 8 pillə irəliləyərək 190 ölkə arasında 57-ci yerə yüksəlmiş, Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı üç ölkədən biri kimi müəyyənləşmişdir [12].
Qeyd edək ki, 1990-cı ildən ümumilikdə ölkəni təxminən 440.000 insan tərk etmişdir, lakin bu proses 2001-ci ildən sonrakı iqtisadi artım nəticəsində stabilləşmişdir. 
Göründüyü kimi, Azərbaycanda əhali sürətlə artmış və 2001-ci ildən başlayan iqtisadi inkişaf bu prosesi daha da sürətləndirmişdir. Məsələn, Azərbaycan əhalisi 1995-ci ildə 7.685.000 nəfər, 2018-ci ildə isə 9.898.1 nəfər olmuşdur [6].
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2017-ci ildə Azərbaycandan xaricə köçmüş miqrantların sayı 1901 nəfər olmuşdur [7]. Daimi yaşayış üçün azərbaycanlıların köçdükləri əsas ölkə Rusiya Federasiyasıdır. Rusiyadan başqa azərbaycanlılar əsasən Ukrayna, Qazaxıstan, Türkiyə və Almaniyaya üz tutmuşlar.
2002-2010-cu illər ərzində baş vermiş iqtisadi dirçəliş ÜDM-in artmasına da təkan vermişdir. Bu da öz növbəsində ölkəni xaricdə işləyən azərbaycanlılar və xarici miqrantlar üçün maraqlı ölkəyə çevirmişdir. Hazırda Azərbaycana dünyanın ən müxtəlif ölkələrindən miqrantlar üz tutur. Lakin faiz etibarilə üstünlük Türkiyə, Rusiya və Gürcüstan vətəndaşlarına aiddir. Belə ki, ölkəmizə gələn miqrantların təxminən 47 faizi Rusiya Federasiyasının, 15 faizi Gürcüstanın, 11 faizi Türkiyənin, yerdə qalanı isə bütün qitələri əhatə etməklə ayrı-ayrı ölkələrin payına düşür [7].
Azərbaycan Respublikasının əmək bazarında əcnəbi işçi qüvvəsinin iştirakının tənzimlənməsi və nəzarət işinin gücləndirilməsi məqsədi ilə bu sahədə olan mövcud qanunvericilik aktlarına bir sıra əlavə və dəyişikliklər edilmişdir. Daxili əmək bazarı və işçi qüvvəsinə tələbat nəzərə alınmaqla iqtisadi fəaliyyət sahələri üzrə əmək miqrasiyası kvotalarının müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 4 iyun tarixli qərarına əsasən “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Azərbaycanda işləmə izninə malik olan miqrantlar əsasən tikinti, neft-qaz, yəni enerji sektoru və emal sənayesi, iri istehsalat layihələri, yaşayışın təşkili və ictimai iaşə, təhsil, topdan və pərakəndə ticarət, kənd təssərüfatı, turizm, avtomobillərin təmiri sahələrində çalışırlar [3].
Regionun lider ölkəsi olan, bir sıra qlobal enerji-komminikasiya layihələrinin təşəbbüskarı və əsas icraçısı kimi çıxış edən, əlverişli biznes mühitinə və çox böyük inkişaf potensialına malik Azərbaycanda yaşamaq, işləmək, təhsil almaq, vətəndaşlıq hüququ qazanmaq istəyi ilə buraya üz tutanların sayı ildən-ilə artmaqdadır. Bu reallığı nəzərə alaraq hələ 11 il əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart 2007-ci il tarixli Fərmanı ilə miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsini həyata keçirən qurum - Dövlət Miqrasiya Xidməti yaradılmışdır [2].
Ötən dövr ərzində ölkəmizdə miqrasiya idarəetmə mexanizmi təkmilləşdirilmiş, respublikaya gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınmaları və onların ölkə ərazisində qanuni əsaslarla yaşamalarının təmin olunması üçün müvafiq icazələrin verilməsi prosedurları sadələşdirilmiş, nəticədə bu sahədə şəffaflıq tam təmin edilmişdir.
Prezident İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası yaxın perspektivlər üçün dövlətimizin inkişaf hədəflərini və prioritetlərini müəyyən edən rəsmi dövlət sənədi kimi özündə miqrasiya problemi ilə bağlı məsələləri də əks etdirir. 11 bölmədən ibarət Konsepsiyada dövlətin milli təhlükəsizliyinin prioritet istiqaməti kimi miqrasiya ilə bağlı müddəalara mühüm yer ayrılmışdır. Ona görə ki, geniş imkanlarla yanaşı, özü ilə böyük riskləri də gətirən qloballaşma beynəlxalq miqyasda istehsalın, ticarətin, kapital axınının və əmək miqrasiyasının sərbəstləşməsi tendensiyalarını kəskin artırmışdır. Bu baxımdan konsepsiyada problemin mahiyyətini açmağa və qarşıya qoyulan məqsədə çatmağa nail olmaq üçün düzgün olaraq müəyyən edilmişdir ki, əhali və onun strukturu ilə bağlı kəmiyyət və keyfiyyət göstəriciləri milli gücün əsas elementləridir və təbii olaraq, Azərbaycan xalqının genofondunun qorunması, miqrasiya və demoqrafiya kimi məsələlər milli təhlükəsizlik baxımından olduqca mühümdür. Konsepsiyanın əhatə etdiyi dövrdə ölkə əhalisinin hər il orta hesabla 1,1 faiz artaraq, 2020-ci ildə təxminən 10,2 milyon nəfərə çatacağı gözlənilir. Konsepsiyada nəzərdə tutulmuş məqsədlərə çatmaq üçün qanunvericilik bazasının mütəmadi olaraq təkmilləşdirilməsi və müvafiq institusional potensialın gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu mütərəqqi sənəddə xaricdən işçi qüvvəsinin ölkəyə qanunsuz axınının qarşısının alınması, xarici ölkələrdə çalışan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı müvafiq işlərin görülməsi də prioritet kimi müəyyənləşdirilmişdir [1]. 
2018-ci ilin birinci yarısında Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə sənədinin itirilməsi ilə bağlı 115, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlərin görülməməsi ilə bağlı 156 hal qeydə alınmışdır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə işəgötürən arasında bağlanmış əmək müqaviləsi vaxtından əvvəl pozulduqda, bu barədə 5 iş günü müddətində işəgötürən tərəfindən müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsi ilə bağlı halların sayı 4, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar və ya işlədiyi hüquqi şəxsin adı dəyişdikdə və ya iş icazəsi itirildikdə, 5 iş günü müddətində işəgötürən tərəfindən müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsi və belə icazənin yenidən rəsmiləşdirilməməsi və ya ləğv edilməsi üçün ərizənin təqdim edilməməsi ilə bağlı halların sayı 23 olmuşdur [8].
Qeyd edək ki, ölkəmizdə daxili miqrasiyanın əsas mənbəyini Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaşayış yerlərindən məhrum olmuş qaçqın və məcburi köçkünlər təşkil edir. Belə ki, Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazilərdə yaşamış 250 min azərbaycanlı öz doğma yurdlarından zorla qovularaq Azərbaycanda məskunlaşmışlar. Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin 1988-ci ildən başlayaraq ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunmuş, Dağlıq Qarabağdan 60 min, digər ətraf rayonlardan isə 600 mindən çox azərbaycanlı öz daimi yaşayış yerlərindən məhrum olmuşlar [4].
Miqrasiyanın mövcud olduğu ölkələrdə, təbii ki, pul köçürmələrinə diqqət yetirmək vacibdir. Məsələn, miqrantların Azərbaycana pul köçürmələrinin miqdarı 2017-cı ildə1.133 milyard ABŞ dolları təşkil etmişdir [22]. Qeyd olunmalıdır ki, Gürcüstandan, xüsusilə də Ermənistandan fərqli olaraq Azərbaycanda pul köçürmələri ÜDM-in çox az hissəsinə bərabərdir. 
Pul köçürmələri əsasən Rusiya Federasiyasından həyata keçirilir. Məsələn, Rusiya Mərkəzi Bankının məlumatına əsasən, 2012-ci ildə bu ölkədən Azərbaycana 1.139 milyard ABŞ dolları köçürülmüşdür. Köçürmələr  banklar və poçt ofislərinin pul köçürmə sistemləri vasitəsi ilə həyata keçirilmişdir. Rusiyadan başqa BƏƏ və Türkiyədən də köçürmələr daxil olmuşdur. Bu kontekstdə Avropanın payı isə çox azdır. 
Pul köçürmələrinin azalması əsasən Rusiyada baş vermiş iqtisadi böhranla bağlı olmuşdur. Bu amil həmçinin Azərbaycandan olan miqrantların MDB və Türkiyədə gəlirlərinin azalmasına səbəb olmuşdur. Ümumiyyətlə, pul köçürmələri Azərbaycanda ÜDM-in artımına və ya investisiyaların qoyuluşuna təsir etmir. Bu köçürmələr insanlar tərəfindən ev təsərrüfatı, təhsil və səhiyyə kimi istiqamətlərdə xərclənir.  
 
2. Gürcüstandakı miqrasiya proseslərinin ölkənin mövcud vəziyyətinə və inkişafına təsiri
 
Cənubi Qafqaz ölkələrindən biri kimi Gürcüstanda müşahidə edilən son miqrasiya trendləri də böyük maraq doğurur. SSRİ-nin süqutundan sonra Gürcüstan müstəqillik və demokratik inkişaf yolunda bir sıra ciddi çətinliklərdən keçmiş, Abxaziya, Cənibi Osetiya bölgələrində lokal münaqişələrlə üz-üzə qalmış, ağır sosial-iqtisadi böhran dövrünü yaşamışdır. Bütün bunlar isə, təbii ki, ölkədə miqrasiya proseslərinə ciddi təsir göstərmişdir. 
Miqrasiya Gürcüstan tarixində həmişə mühüm rol oynamışdır. Aparılan müharibələr, ölkənin yerləşdiyi geosiyasi mövqe, əhali tərkibinin etnik baxımdan rəngarəngliyi burada könüllü, yaxud inzibati qaydada miqrasiyaları gücləndirmişdir.
Gürcüstanın nisbətən yaxın tarixindəki miqrasiya proseslərini, adətən, aşağıdakı dövrlərə bölürlər: 1) 1950-ci ildən əvvəlki dövrdə aparılan zorakı deportasiyalar; 2) 1950-1990-cı illərdə Gürcüstan əhalisinin müxtəlif əsaslarla keçmiş SSRİ-nin ayrı-ayrı regionlarına köçürülməsi; 3) Ötən əsrin 90-cı illərində baş verən kütləvi miqrasiyalar [16]. Bu sonuncu miqrasiya prosesləri Gürcüstandakı sosial-iqtisadi çətinliklərdən və ölkədə baş verən hərbi münaqişələrdən irəli gəlirdi. Proses əsasən Rusiyanın müxtəlif bölgələrinə istiqamətlənmişdi. Lakin 2000-ci ildə Rusiyanın Gürcüstan vətəndaşlarına qarşı viza rejiminin tətbiqinə başlaması miqrasiya prosesinin istiqamətini Rusiyadan Ukraynaya, ABŞ-a və Avropa ölkələrinə yönəltdi. 2004-cü ildə Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin rəhbərliyi ilə ölkədə “qızılgül inqilabı”nın qələbəsindən sonra burada miqrasiya prosesləri həm motiv, həm də istiqamətlər baxımından daha rəngarəng xarakter almağa başlamışdır. 
Qonşu ölkədə əhalinin siyahıyaalınması prosesi sonuncu dəfə 2014-cü ildə həyata keçirilmişdir. Siyahıyaalmanın nəticələrinə görə, 1 yanvar 2015-ci il tarixinə Gürcüstanda əhalinin sayı 3.713.700 nəfər olmuşdur. Beləliklə, 2002-ci ildə aparılmış analoji siyahıyaalmanın nəticələri ilə müqayisədə məlum olur ki, burada əhalinin sayı 657.731 nəfər azalıb. «Geostat»ın məlumatlarına əsasən, 2016-cı il yanvarın 1-də Gürcüstanda əhalinin sayı 3.720.400, 2017-ci ilin eyni günündə isə 3.718.200 olub. Bundan başqa, statistika göstərir ki, Gürcüstanda yaşı 65 və daha yuxarı olan insanların sayı 1,6% artıb və onlar ölkə əhalisinin 14.3%-ni təşkil edirlər. Əhalinin getdikcə qocalmasına səbəb olan əsas amillərdən biri kimi isə məhz miqrasiya göstərilir [16]. 
2014-cü ildə aparılmış siyahıyaalmanın nəticələrinin 12 il əvvəlki analoji nəticələrlə müqayisəsi 2002-ci ildən bəri Gürcüstan əhalisinin etnik tərkibindəki dəyişiklikləri də əks etdirir. Xüsusilə ölkədəki əsas etnik qrupların sayında və ümumi əhalinin tərkibindəki payında ciddi azalmalar müşahidə edilir. Belə ki, 2002-2014-cü illər ərzində Gürcüstanda yaşayan azərbaycanlıların sayı 285.000-dən 233.000-ə, ermənilərin sayı 249.000-dən 168.000-ə, rusların sayı 68.000-dən 26.000-ə, osetinlərin sayı 38.000-dən 14.000-ə düşüb [15]. 
Gürcüstandakı daxili və xarici miqrasiya prosesləri yerlərdə və şəhərlərdə yaşayan əhali arasındakı nisbəti də dəyişir. Belə ki, şəhərlərdə yaşayan əhalinin sayı son illər 5% artmışdır. Əhalinin azalması prosesi həm mərkəzdə, həm də əyalətlərdə müşahidə olunsa da, kənd yerlərində bu proses şəhərlə müqayisədə 3 dəfə çoxdur. Bu da bir sıra kəndlərin tamamilə boşalması təhlükəsini yaradır. 
“Geostat”ın məlumatları son illər (2014-2016) Gürcüstandan miqrant axınının xüsusilə genişləndiyini əks etdirir. 2014-cü ildə ölkə sərhədlərindən kənarlara üz tutan miqrantların sayı 88.704 nəfər olmuşdur. Onların 69.855 nəfəri bilavasitə Gürcüstan vətəndaşlarıdır. 2015-ci ildə Gürcüstanı 95.965 miqrant tərk etmişdir. Onların da əsas hissəsi - 67.452 nəfəri sırf Gürcüstan vətəndaşlarından ibarətdir. 2016-cı il ərzində isə ölkədən miqrant axını bir qədər də genişlənərək 98.288 nəfərə çatmışdır. Lakin onların sırasında Gürcüstan vətəndaşlarının sayı artmayıb, əksinə cüzi azalaraq 64.705-ə düşmüşdür. Bu insanların ölkəni tərk etməsi Gürcüstanın həm iqtisadi, həm də demoqrafik vəziyyətinə mənfi təsir göstərir.
2010-2016-cı illərdə Gürcüstanda Şengen vizasının alınmasında təxminən iki dəfə artım müşahidə edilmişdir. Belə ki, 2015-ci ildə 87.000 belə viza qeydiyyata alınmışdır. 2016-cı ildə onların sayı 92.000-i ötmüşdür. Onların çoxu təkgirişli vizalar olmuşdur. 2015-ci ildəçoxgirişli vizaların sayı ümumi kəmiyyətin 25.8%-ni təşkil etmişdir. 2016-cı ildə bu göstərici 32.6%-ə çatmışdır. 
2014-cü illə müqayisədə 2016-cı ildə Gürcüstan vətəndaşlarına Niderland, Yunanıstan, Latviya kimi ölkələrə getmək üçün vizaların verilməsi halları artmışdır. Niderlanda vizaların verilməsi xüsusilə ən yüksək hədd - 21%, Yunanıstana 5.9%, Polşaya 5.6%, Latviyaya 5.6%, Almaniyaya 3.4% təşkil etmişdir [13]. 
Həmçinin xüsusi qeyd olunmalıdır ki, Gürcüstanın 28 mart 2017-ci il tarixində Avropa İttifaqı ilə vizasız gediş-gəlişə dair əldə etdiyi razılaşma da miqrasiya proseslərinin genişlənməsinə mühüm təsir göstərmişdir. Qeyd edək ki, bu razılaşma Gürcüstan vətəndaşlarına Şengen ölkələrinə sadəcə biometrik pasportla gedərək 90 gündən 180 günə qədər yaşamaq izni verir. Gürcüstan vətəndaşlarının vizasız səfər edə biləcəkləri ölkələr sırasına Avropa İttifaqına üzv 22 ölkə və İttifaq üzvlüyünə namizəd Bolqarıstan, Kipr, Rumınya və Xorvatiya aiddir. Bu da öz növbəsində gürcü vətəndaşlarının Avropa ölkələrinə gedişini artırmişdır.
“Eurostat”ın açıqlamalarına görə, 2015-ci ildə ümumən 71.223 Gürcüstan vətəndaşı Avropa İttifaqı ölkələrində yaşamaq hüququ almışdır. 2016-cı ildə bu rəqəm 74.416-ə çatmışdır. Bu da Gürcüstan vətəndaşlarının xaricdə yaşayış izni alması hallarının 2010-cu ildən bəri artdığını göstərir. Çünki 2010-cu ildə bu rəqəm 53.020 idi [13].
Gürcüstandan ən böyük miqrant qrupu isə Rusiyada yaşayır. Rusiya Federal Miqrasiya Xidmətinin açıqlamasına görə, 2016-cı ildə burada qeydiyyatdan keçmiş 49.983 Gürcüstan vətəndaşı yaşayır. 2015-ci ildə bu rəqəm 43.762 nəfər təşkil etmişdir. Rusiya Federal Statistika Xidmətinin məlumatları isə Rusiya və Gürcüstan arasında miqrasiya dinamikasının1997-ci ildən bəri xeyli dəyişkən xarakter daşıdığını göstərir. 2000-ci ildə Rusiya tərəfindən Gürcüstan vətəndaşlarına qarşı viza rejiminin tətbiqindən sonra bu ölkədən Rusiyaya miqrasiya stabil olmuş, ildə təxminən 20.000-25.000 nəfər arasında dəyişmişdir. 2001-ci ildən etibarən isə Rusiyaya miqrant axını yarıya qədər azalmağa başlayaraq, 2004-cü ildə özünün ən aşağı səviyyəsinə (4.886) gəlib çatmışdır [11]. 
2004-cü ildən Rusiya istiqamətinə miqrasiya yenidən artmağa başlamış, 2007-ci ildə 10.000 nəfərə yüksəlmişdir.  2007-ci ildən etibarən  Gürcüstandan Rusiyaya miqrasiya tendlərində azalma, hətta bir çox insanların geri qayıtması müşahidə edilmişdir. 2016-cı ilin məlumatına görə, həmin ilin yanvar-noyabr aylarında 5.890 Gürcüstan vətəndaşı Rusiyaya miqrasiya etmiş, 3.825 Gürcüstan vətəndaşı isə Rusiyadan Gürcüstana qayıtmışdır. 
Rusiyadan sonra Gürcüstan əhalisinin miqrasiya üçün xüsusi maraq göstərdiyi əsas ölkələrdən biri də ABŞ-dır. ABŞ-ın müvafiq dövlət orqanlarının məlumatlarına görə, 2000-2015-ci illərdə 20.375 Gürcüstan vətəndaşı bu ölkədə daimi yaşayış izni almışdır. 2015-ci ildə isə 1410 Gürcüstan vətəndaşına yerləşmə izni verilmişdir. 734 nəfər bunu ABŞ vətəndaşı ilə ailə quraraq, 431 nəfər “Green Card”lotereyasını udaraq əldə etmişdir [29]. Ümumiyyətlə, 2001-ci ildən 2016-cı ilə qədər ümumən 8.841 Gürcüstan vətəndaşı “Green Card” lotereyası qazanmışdır [30]. Güman etmək olar ki, qaliblərin əksəriyyəti bu ölkədə daimi yaşama statusu əldə etmişdir. 
Rəsmi hesabatlarda öz əksini tapmış göstəricilərdən başqa, Amerikada qeyri-qanuni yaşayan xeyli sayda Gürcüstan vətəndaşı da var ki, onların real sayını təyin etmək mümkün deyildir.  
2014-cü ilə aid məlumatlara görə, Türkiyə Gürcüstan vətəndaşlarının Rusiya və ABŞ-dan sonra miqrasiya etdiyi üçüncü böyük ölkədir. Türkiyə Daxili İşlər Nazirliyinin təqdim etdiyi statistikaya əsasən, 2016-cı ildə 18.511 Gürcüstan vətəndaşına Türkiyədə yerləşmə izni verilmişdir. Onların əksəriyyəti (8.014) işçi vizası ilə çalışır, yaxud qısamüddətli yaşama icazəsinə malikdir (7.478). 2.477 nəfər isə ailə quraraq bu ölkədə yerləşmişdir. Türkiyə Daxili İşlər Nazirliyinin məlumatları onu da göstərir ki, Türkiyəyə tez-tez gedib-gəlmələrinə görə Gürcüstandan sonra ikinci yerdə ancaq Almaniya vətəndaşları gəlir. 2016-cı ildə Gürcüstan vətəndaşları Gürcüstan-Türkiyə sərhədini Türkiyə tərəfdə 2.195.727 dəfə, Gürcüstan tərəfdə isə 2.176.867 dəfə keçmişdir. Bu məlumatın özü də Gürcüstanla Türkiyə arasında miqrasiya proseslərinin dövri xarakter daşıdığını və ikitərəfli tranzit kimi sərhəd miqrasiyası üçün tipikliyini göstərir [27]. 
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK - UNHCR) təqdim etdiyi hesabata görə, başqa ölkələrdə sığınacaq axtaran Gürcüstan vətəndaşlarının statistikası çox dəyişkəndir. Belə ki, xüsusilə Avropa ölkələrində siyasi sığınacaq almaqdan ötrü ən çox müraciət 2009-cu ildə qeydə alınmışdır (15.735). Bu, 2008-ci ilin avqustunda baş vermiş 5 günlük Rusiya-Gürcüstan müharibəsindən sonrakı dövr idi. 2015-ci il ərzində ümumən 11.413 Gürcüstan vətəndaşı başqa ölkələrdən sığınacaq almaq üçün xahiş etmiş, 2016-cı ildə bu rəqəm 11.197-yə çatmışdır. Göründüyü kimi, bu rəqəm əvvəlki üç illə müqayisədə cüzi azalmışdır. Bundan başqa, Gürcüstan vətəndaşlarının sığınacaq üçün müraciətlərinin tanınması da son illərdə 6%-dən 3%-ə düşmüşdür. 
2016-cı ildə Gürcüstandan sığınacaq üçün ən çox Almaniyaya müraciət edilmişdir (3.448). BMT QAK-ın hesabatına görə, Gürcüstan vətəndaşları tərəfindən Almaniyaya və ABŞ-a sığınacaq üçün müraciətlərin sayı son 5 ildə (2012-2016) artmışdır. “Eurostat”ın məlumatları isə göstərir ki, 2016-cı ildə Almaniya Gürcüstan vətəndaşları tərəfindən sığınacaq üçün müraciətləri ən çox qəbul edən ölkə olmuşdur. Hər iki mənbənin məlumatına əsasən, 2012-ci ildən bəri Gürcüstan vətəndaşları tərəfindən sığınacaq xahişi ilə bağlı müraciət tendensiyası artmışdır.
BMT QAK-ın yaydığı statistik məlumatlar da son illər Gürcüstan vətəndaşları tərəfindən xarici ölkələrdə qaçqın statusunun alınması hallarının artdığını göstərir. 2016-cı ildə Gürcüstan qaçqınları ən çox Fransa, Avstriya, Almaniya və ABŞ-da qeydiyyata alınmışdır. Son illərdə Gürcüstandan olan qaçqınların üz tutduqları ölkələr sırasına yeniləri də əlavə olunmuşdur. Bunlar Gürcüstan qaçqınlarının yaşama izni alma şanslarının çox az olduğu Belçika, İslandiya, Fransa, Avstriya, Bolqarıstan, İsrail və Niderlanddır [28]. 
“Eurostat”ın məlumatlarına əsasən, 2016-cı ildə Polşa, Yunanıstan və Fransa Gürcüstan vətəndaşlarının qaçqın kimi daxil olduqları əsas ölkələrdən olmuşdur. Son beş il ərzində (2012-2016) Polşaya Gürcüstan vətəndaşları tərəfindən qaçqın kimi daxilolmalar əhəmiyyətli şəkildə aşağı düşmüşdür. Lakin bunun müqabilində Fransa və İslandiyaya girişlər artmışdır.
Beynəlxalq hesabatlar Gürcüstan vətəndaşlarının xarici ölkələrin sərhədlərini qaçaq yolla keçməsi hallarını da əks etdirir. 2016-cı ildə əvvəlki dövrlərlə müqayisədə Gürcüstan vətəndaşlarının başqa ölkələrdə qeyri-qanuni yaşaması hallarının sayında azalma müşahidə edilmişdir. Şengen ölkələrində qeyri-qanuni yaşayan Gürcüstan vətəndaşlarının əsas hissəsi 18-34 yaş arasında olan və kişi cinsinə mənsub şəxslərdən ibarətdir. Bu da müxtəlif ölkələrdə qanunsuz yerləşən Gürcüstan vətəndaşlarının əsas məqsədinin xarici ölkələrdə iş tapıb çalışmaqdan ibarət olduğunu göstərir. “FRONTEX EaP-RAN-2017” illik hesabatı 2015-ci illə müqayisədə xarici ölkələrdə qeyri-qanuni yaşama hallarının cüzi azaldığını göstərir. Bu rəqəm 2015-ci ildəki 2610 haldan 2016-cı ildə 2496-ya düşmüşdür [14].
Gürcüstanın özündə isə 2015-ci ildə 92,557 immiqrant olub. "Geostat"ın məlumatlarına görə, onların yarıdan çoxu daxili miqrasiyaya aiddir. Belə ki, bu göstəricinin 55%-ni Gürcüstanın öz vətəndaşları təşkil etmişdir. 2016-cı ildə immiqrantların sayında cüzi azalma baş vermişdir. Onların sayı 90.228-ə düşmüşdür. Bu rəqəmin də 51%-i Gürcüstanın öz vətəndaşlarına aiddir. Araşdırmalar göstərir ki, Gürcüstandakı immiqrantların çoxu qonşu ölkələrdən – Rusiya, Türkəyə, Ermənistan, Azərbaycan və Ukraynadan olan insanlardır. 2016-cı ildə 2014-cü illə müqayisədə bu ölkədə Türkiyə, Ermənistan, Azərbaycan, Ukrayna, İran, Çin və Hindistandan olan immiqrantların sayı artmışdır. Tendensiya son illər Gürcüstandakı immiqrant kişilərin sayının qadınların sayını üstələdiyini göstərir. 
İmmiqrantların vətəndaşlıq üzrə təsnifi göstərir ki, 184.629 immiqrantın 91%-i (167.506) ancaq Gürcüstan, 6%-i (11.751) xarici ölkə vətəndaşıdır, 3%-i (4.897) isə ikili vətəndaşlığa malikdir. İmmiqrantların 1%-i ölkə mənsubiyyətini və vətəndaşlığını göstərməmişdir.  
2012-2016-cı illərdə Gürcüstanın müvafiq dövlət orqanı 70.000 rezidentin bu ölkədə yaşamasına icazə vermişdir. 94 ölkədən olan vətəndaşlar Gürcüstan ərazisində bir illik müddətə yaşayış icazəsi almışlar. Əvvəllər Gürcüstanda yaşamaq üçün maksimum icazə müddəti 90 gün idi. Göstəricilər 2012-2014 və 2016-cı illərdə rezidentlərə icazələrin verilməsi hallarının çoxaldığını göstərir. 2015-2016-cı illərdə ən çox icazə Azərbaycan, Rusiya, Türkiyə, Ermənistan, Ukrayna, Hindistan, Çin və İran vətəndaşlarına verilmişdir. 2015-2016-cı illərdə uzunmüddətli icazələrin verildiyi immiqrantlar sırasında Türkiyə, Hindistan, Çin, Ukrayna və İran vətəndaşları üstünlük təşkil etmişdir. Qısamüddətli icazələr isə Azərbaycan, Rusiya, Ermənistan, Ukrayna və Türkiyə vətəndaşlarına verilmişdir. Bu icazələrin əksəriyyəti təhsillə bağlı olmuşdur. Ümumiyyətlə, hazırda Gürcüstandakı yeni və əhəmiyyətli immiqrant qruplarından biri məhz təhsil immiqrantlarıdır. Onlar bu ölkəyə müxtəlif ixtisaslar üzrə təhsil almaqdan ötrü gəlirlər. 2006-2016-cı illər ərzində Gürcüstanın ali məktəblərində xarici tələbələrin sayı artmışdır [18].
Onu da qeyd edək  ki, ölkəni tərk edən miqrantların müxtəlif qiymətləndirmələri mövcuddur. Belə ki, ölkəni tərk edənlərin gender qruplarına diqqət yetirsək, qeyd etmək olar ki, qadınlar 55%  üstünlük təşkil edirlər. Lakin ölkələrdən asılı olaraq bu dinamika dəyişir. 
Miqrasiyanın Gürcüstana mənfi təsirlərindən biri də əhalinin yaşlanmasıdır. Statistika məlumatları da göstərir ki yaşlı əhalinin sayı artaraq ümumi əhalinin təxminən 15%-i nisbətinə çatmışdır. Bu da öz növbəsində əhalinin demoqrafiyası üçün ciddi təhlükədir.
Ölkəni tərk edənlərin yaş qruplarına nəzər yetirsək görərik ki, bu ölkə ciddi demoqrafik problemlərlə üzləşir. Demək olar ki, Gürcüstanda emiqrantların 75%-i 20-54 yaş qruplarına aiddir. Onların çoxu aktiv əmək qabiliyyətli və reproduktiv yaşda olan insanlardır. Ümumiyyətlə, miqrasiyanı bu ölkədə stimullaşdıran əsas amillər işsizlik və yaxşı həyat səviyyəsi üçün lazımi qədər pulun qazanılmaması faktorudur. 
Qeyd olunduğu kimi, Gürcüstanda əsas problemlərdən biri işsizlikdir. Bu kontekstdə onu da əlavə edək ki, gənclərin işsizliyi ölkədə əsas problemə çevrilmişdir. Dünya Bankının hesablamalarına görə, 2017-ci ildə bu ölkədə ümumi işsizlik səviyyəsi 11.602 faiz təşkil edirdisə, 15-24 yaş qrupları arasında işsizlik göstəricisi isə 28.776 faiz olmuşdur.
Gürcüstanda da miqrantların pul köçürmələri ölkə iqtisadiyyatına dinamiklik gətirir. Pul köçürmələrinin əsas hissəsi isə Rusiya Federasiyasının payına düşür.
Gürcüstan Milli Bankının 2018-cı ilin iyun ayına olan məlumatına əsasən, Rusiya (39.2 milyon dollar), İtaliya (15.6 milyon dollar), ABŞ (14.2 milyon dollar), Yunanıstan (13.9 milyon dollar) və İsrail (13.3 milyon dollar) Gürcüstana əsas pul köçürülən ölkələr olmuşdur [17].
Qeyd edək ki, Gürcüstan iqtisadiyyatı pul köçürmələrindən çox asılı deyil. Belə ki, 2017-ci ildə pul köçürmələrinin miqdarı 1.794 milyard ABŞ dolları təşkil etmişdisə, ölkənin bu dövr ərzində ÜDM-i 15.159 milyard ABŞ dolları olmuşdur. Bu da ÜDM-in təxminən 11%-i deməkdir [23]. Bundan başqa, Gürcüstanda xarici birbaşa investisiyanın həcmi pul köçürmələrindən böyükdür. Məsələn, bu göstərici 2017-ci ildə 1.802 milyard ABŞ dolları olmuşdur [23]. Qisaca desək, pul köçürmələri Gürcüstan iqtisadiyyatına təkan verir, bəzi iqtisadi sektorları inkişaf etdirir və ailələrin sosial rifahını yaxşılaşdırır. Pul köçürmələri əsasən gürcülər tərəfindən ev, səhiyyə və təhsil üçün xərclənir, lakin biznes məqsədi üçün elə də istifadə olunmur. 
 
3. Ermənistanda miqrasiyaya səbəb olan amillər
 
Cənubi Qafqazın ziddiyyətli və qeyri-sabit dövləti olan Ermənistanda əhalinin işsizlik, sosial-iqtisadi çətinliklər üzündən 90-cı illərin əvvəllərində Rusiya Federasiyasına, Ukraynaya, daha sonra isə Avropa dövlətlərinə miqrasiyası bu gün də qaçılmaz və davamlı olaraq qalmaqladır. Miqrasiya prosesi digər mənfi nəticələrlə yanaşı, Ermənistanda əhalinin artım sürətinə də neqativ təsir göstərir. 
Göründüyü kimi, 2005-ci ildən etibarən Ermənistanda əhalinin sayı sürətlə azalmağa başlamışdır. Bu hal qlobal maliyyə böhranının baş verdiyi dövrdə daha kəskin xarakter almışdır. Xatırladaq ki, bu ölkədə humanitar fəlakət həddinə çatan miqrasiya prosesi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlandığı dövrdən indiyədək özünün artım tempi, dayanıqlığı və kütləviliyi ilə seçilmişdir. İqtisadi-maliyyə böhranının ağır nəticələri, sosial-siyasi qarşıdurmalar, Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərində hərbi qulluqçular arasında itkilər, total korrupsiya, əhalinin yaşayış səviyyəsinin aşağı düşməsi, pul gəlirlərinin kəskin şəkildə azalması, bütövlükdə vətəndaşların öz təhlükəsizliyinə, gələcəyinə ümidsizliyi onları miqrant olmağa sövq etməkdədir. 
Miqrasiya trendi Ermənistanın sosial, iqtisadi və siyasi reallığı ilə əlaqəli sistemli bir hadisəyə çevrilmişdir. Rəsmi göstəricilərə əsasən, 2017-ci ildə ölkə vətəndaşlarının hər üç nəfərdən biri yoxsulluq səviyyəsində yaşayır. İmkansız əhali kütləsi ölkənin ümumi demoqrafik göstəricilərinin 29.4%-ni təşkil edir. Həmin kütlənin 1.8 %-i əhalinin "çox yoxsul",  8 faizi isə "olduqca yoxsul" sosial qrupları kimi təsnif olunmuşdur. Bütövlükdə, Ermənistan vətəndaşlarının təxminən 800.000 nəfəri yoxsulluq həddində yaşayır [5].
Təhlillərə əsasən, Ermənistandan köç edənlərin 47%-i işçi miqrant, 53%-i isə daimi miqrantlardır. Onu da xüsusi qeyd etmək lazımdır ki, Ermənistanın "iqtisadi yüksəliş", "sosial-siyasi sabitlik" haqqında deklarativ bəyanatlarına baxmayaraq, 2013-cü ildən etibarən, erməni əhalisinin miqrasiya səbəbi yenə də iqtisadi xaos və sosial şəraitsizlik olmuşdur. Xarici dövlətlərdə məskunlaşmış miqrantlar Ermənistandakı ailə üzvləri və yaxınlarına maliyyə dəstəyi vermək üçün qazanclarının bir hissəsini onlara yönəldirlər. Pul köçürmələrinin əsas kütləsi isə Rusiya Federasiyasının payına düşür. Hazırda Ermənistan dünyanın 15 ən böyük pul köçürmələri alıcılarından biri hesab olunur və miqrantların maliyyə yardımları Ermənistan iqtisadiyyatında əhəmiyyətli rol oynamaqdadır. Rəsmi Yerevan isə həmin maliyyə axınını "dövlətin sosial siyasət sahəsində həyata keçirdiyi tədbirlərin uğurlu nəticələri" kimi təqdim edir.
Miqrantların Ermənistana pul köçürmələrinin orta artım tempinin təhlili göstərir ki, son illərdə bu göstərici ÜDM-in təxminən 16%-ni təşkil etmiş, Ermənistan üçün xarici valyuta mənbəyi olmuşdur. Bu göstərici ümumi ixracdan 38%, xarici birbaşa investisiyadan 2 dəfə,  bank daxılolmalarından isə 8 dəfə çoxdur. Demək olar ki, pul köçürmələri idxalın 40%-ni maliyyələşdirməkdədir. Banklar vasitəsilə köçürülən əsas pul kütləsinin (1.064,9 mlrd. ABŞ dolları) mənbəyi isə Rusiya Federasiyasıdır [9]. Aşağıdakı sxemdən də göründüyü kimi, pul köçürmələri 2015-ci ildən başlayaraq azalmışdır. 2017-ci ildə isə pul köçürmələri cəmi 1.539 milyard ABŞ dolları təşkil etmişdir [21].
Hazırda Ermənistandakı miqrasiya trendinin öz xüsusiyyətləri vardır. Onlardan biri Ermənistan vətəndaşlığından imtina etmək şərti ilə daimi köç amilidir. Bu qrupa daxil olanlar daha yaxşı həyat səviyyəsinə nail olmaq məqsədi ilə inkişaf etmiş dövlətlərə üz tuturlar. Məsələn, 2016-cı ildə 3863 nəfər, 2017-ci ildə 3823 nəfər Ermənistan Respublikası vətəndaşlığından birdəfəlik çıxmaq barədə qərar vermişdir. Son beş ildə isə bu göstərici 15 min nəfərə çatmışdır [20]. Bundan başqa, ABŞ-ın "Green Card" proqramına qoşulmaq üçün hər il təqribən 50 min nəfər Ermənistan vətəndaşı müraciət edir və onların 2500 nəfəri həmin proqram vasitəsilə ABŞ-da məskunlaşır. Bu rəqəmlər ölkədə doğum səviyyəsinin aşağı düşməsi və əhalinin orta illik artım göstəricilərinin azalması fonunda ciddi problemlər yaradır. Hətta 2016-cı ildə ölkədə aparılmış sorğunun nəticələri göstərdi ki, miqrasiya prosesində daimi köç amili 53% təşkil etməklə müvəqqəti miqrasiyanı üstələyir [20]. Bundan əlavə, Ermənistanda əhalinin yaşlı hissəsinin sayı da xeyli artmaqdadır. 
Ölkəni tərk edən miqrantlara dair müxtəlif dəyərləndirmələr mövcuddur. Onların yaş qruplarına əsasən, Ermənistan ciddi demoqrafik problemlərin astanasındadır. Demək olar ki, daimi miqrasiya nəticəsində ölkədə əhalinin 19-29 və 39-49 yaş qrupları üzrə 42% nisbətində kəsir yaranmışdır.  
Miqrantların təxminən 75%-i əmək qabiliyyətlidir. Sosioloji sorğulara əsasən, Ermənistan vətəndaşlarının ölkəni tərk etməsinin səbəbləri aşağıdakılardır:
daimi iş yerlərinin olmaması;
ixtisasa uyğun işin olmaması;
normal yaşayış səviyyəsi üçün minimum vəsaitin qazanılmaması;
ağır sosial vəziyyət;
geosiyasi vəziyyət – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi;
Ermənistanın inkişaf perspektivinin olmaması;
kiçik və orta biznesin qurulmasına maneələr və s. 
Mövcud gəlir bərabərsizliyi və yoxsulluğun artması Ermənistan əhalisinin böyük hissəsini əhatə edir və problem getdikcə kəskinləşməkdədir. Dünya Bankının statistikasına əsasən, 2017-ci ildə Ermənistanda işsizlik səviyyəsi ümumi işçi qüvvəsinin 18%-dən çoxunu əhatə etmişdir.
Ermənistandan Rusiyaya və Ukraynaya miqrant axını daha bir xususiyyəti ilə də seçilir. Belə ki, bu ölkələrə işçi miqrasiyasının təxminən 50%-ni müvəqqəti miqrantlar təşkil edir. Onların miqrasiya səbəbi bu dövlətlərin ərazisində müvəqqəti iş yeri tapmaqla Ermənistandakı ailələrinə maddi yardım göstərməkdir. Lakin həm Rusiyanın, həm də Ukraynanın miqrasiyaya dair yerli  qanunlarının getdikcə sərtləşməsi nəticəsində yaşayış üçün sənədlərin toplanması prosesi mürəkkəbləşmiş, onları deportasiya təhlükəsi ilə üzləşdirmişdir. Avropaya və ABŞ-a köç edən insanlar isə, ümumiyyətlə, bu ölkələrdə həmişəlik qalmağa ümid edir, imkan düşdüyü təqdirdə  ailələrini də buraya gətirməyə çalışırlar. Vurğulamaq lazımdır ki, erməni əmək miqrantları xarici ölkələrdə qazandıqları pulları Ermənistanda sərmayə şəkildə yatırmırlar. Bunun səbəbi də ölkədəki iqtisadi vəziyyət, total korrupsiya, hakimiyyətə etimadın olmamasıdır.
Qeyd olunduğu kimi, miqrant axını trendini müəyyən edən ikinci səbəb müvəqqəti miqrasiyadır. Bu kateqoriyaya daxil olan əmək miqrantları mövsümi iş üçün əsasən yaz-payız aylarında ölkəni tərk edirlər. Əmək miqrantlarının əsas istiqaməti isə Rusiya Federasiyasıdır. Bu ölkədəki Ermənistan mənşəli əmək miqrantlarının sayı  2017-ci ildə təxminən 508 min nəfərdən çox olmuşdur [10]. Bununla yanaşı, Ermənistana qayıdan mövsümi miqrantlar ölkədəki əmək bazarına da təsir edirlər. Aparılan sorğular nəticəsində müəyyən olunmuşdur ki, buna səbəb yerlərdə miqrasiya ilə bağlı qanunların sərtləşməsi və son dövrlərdə  əmək haqqının aşağı olmasıdır. 
Xalis miqrasiya immiqrasiya ilə emiqrasiya arasında olan dövri fərqdir. Yuxarıda göstərilən sxemdən də göründüyü kimi, Ermənistanda xalis miqrasiya mənfi olmuşdur. Məsələn, 2017-ci ildə bu göstərici 24.989 nəfər təşkil etmişdir.
Bundan başqa, Ermənistanda doğum göstəricisinin aşağı olması bu ölkənin acınacaqlı demoqrafik vəziyyətə düşməsini daha da stimullaşdırır. Məsələn, Dünya Bankının məlumatına görə, əgər müstəqillikdən sonra 1991-ci ildə Ermənistanda əhalinin hər 1000 nəfərinə düşən doğum səviyyəsi 20,764 olmuşdusa, bu göstərici 2016-cı ildə 13,456 təşkil etmişdir [21]. Bu da təxminən 35% azalma deməkdir. Qeyd etmək lazımdır ki, doğumun ümumi əmsalı - bütün əhaliyə nisbətən uşaq doğumunun intensivliyini müəyyən edən göstəricidir və təqvim ilində diri doğulanların sayının əhalinin orta illik sayına nisbətidir. Əhalinin hər 1000 nəfərinə hesablanır.
Miqrantlara Ermənistana qayıtmaq üçün yardım göstərən bir neçə qeyri-hökumət təşkilatı var. Məsələn, Çexiyada fəaliyyət göstərən “People in need” təşkilatının dəstəyi ilə Rusiya, Çexiya, Ukrayna, Belçika kimi dövlətlərdən Ermənistana insanlar qayıtmışlar. Həmin təşkilat Ermənistan Dövlət Əmək Xidməti ilə bu istiqamətdə çalışır, müxtəlif kurslar və hazırlıqlar təşkil edir.  
“Caritas Armenia” təşkilatı isə bu istiqamətdə Avropa İttifaqı ilə bir sıra layihələr, məsələn, 2006-cı ildə Aİ və Belçika dövləti tərəfindən maliyyələşdirilən "Könüllü qayıdışdan sonra sabit reinteqrasiya" layihəsini həyat keçirmişdir. Bu təşkilat Avropanın bir çox dövlətlərində aktiv fəaliyyət göstərir. Onun tərəfdaşları kimi "Caritas Avstriya", "Caritas Almaniya", "Caritas Niderland" kimi qurumları göstərmək olar. 
 
Nəticə
 
Cənubi Qafqazın üç ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistan Sovet İttifaqının süqutundan sonra miqrasiya prosesi ilə üzləşmişdir. Bu ölkələrdə əsas miqrasiya prosesi 1990-cı ildən başlamışdır. Dağlıq Qarabağ və Cənubi Abxaziya/Osetiya münaqişələri ilə bu proses daha da sürətlənmişdir. Bu proseslər nəticəsində əsasən də Azərbaycan məcburi daxili miqrasiyaya məruz qalan ölkəyə çevrilmişdir. Belə ki, ölkəmizdə daxili miqrasiyanın əsas mənbəyini Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaşayış yerlərindən məhrum olmuş qaçqın və məcburi köçkünlər təşkil edir. Bu kateqoriyadan olan miqrantların sosial şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün Azərbaycan hökuməti müxtəlif proqramlar həyata keçirir. 
Hər üç ölkədə miqrasiya proseslərinin təhlili bu nəticəyə gəlməyə əsas verir ki, Ermənistan və Gürcüstanda bu proses ildən-ilə artır və xalis miqrasiya göstəricisi isə mənfidir. Azərbaycan da isə 2003-cü ildən başlayaraq  iqtisadi artım nəticəsində miqrasiya prosesi səngimişdir
Bu üç ölkənin miqrasiya axınlarının oxşar cəhəti odur ki, bu ölkələrdən olan miqrantlar əsasən Rusiya Federasiyasına üz tuturlar. Digər əsas amil miqrantların pul köçürmələri ilə bağlıdır. Belə ki, pul köçürmələri əsasən Rusiya Federasiyasından həyata keçirilir. Ermənistana pul köçürmələrinin orta artım tempinin təhlili göstərir ki,  son illərdə bu göstərici ÜDM-in təxminən 16%-ni təşkil etmiş və bu, Ermənistan üçün xarici valyuta mənbəyi olmuşdur. 
Gürcüstan iqtisadiyyatı pul köçürmələrindən Ermənistan qədər asılı deyil. Gürcüstanda xarici birbaşa investisiyanın həcmi pul köçürmələrindən böyükdür. Qısaca desək, pul köçürmələri Gürcüstan iqtisadiyyatına təkan verir, bəzi iqtisadi sektorları inkişaf etdirir və ailələrin sosial rifahını yaxşılaşdırır. Azərbaycanda isə pul köçürmələri ölkədə ÜDM-in artımına və ya investisiyaların qoyuluşuna təsir etmir. Bu köçürmələr insanlar tərəfindən ev təsərrüfatı, təhsil və səhiyyə kimi istiqamətlərdə xərclənir.  
Sonda qeyd etmək lazımdır ki, Ermənistanda və Gürcüstanda işsizlik ən böyük problemlərdən biri hesab edilir və bu da ilk növbədə miqrasiya prosesini stimullaşdırır. Belə görünür ki, bu problem növbəti illərdə də bu ölkələrin miqrasiya prosesinə təsir göstərəcəkdir. Qarşıdakı illər ərzində Ermənistandan əmək miqrantlarının sayının atması  proqnozlaşdırılır. Bu fonda Ermənistan hakimiyyəti kütləvi miqrasiya prosesi qarşısında acizdir və heç bir effektiv siyasət apara bilməyəcəkdir.
 
İstifadə edilmiş ədəbiyyat:
Azərbaycan dilində:
1. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası. / Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir/. - https://president.az/files/future_az.pdf
2. “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında” Azərba
© 2011-2019. Müəlliflik hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qorunur. Bütün hüquqlar "Strateji təhlil" jurnalına aiddir. Məlumatlardan istifadə edərkən stj.sam.az saytına istinad zəruridir.