Məqalələr

Beynəlxalq münasibətlər sistemində müstəqil və çoxşaxəli xarici siyasət yürüdən ölkə kimi Azərbaycanın hərtərəfli inkişafı İlham Əliyevin on beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsidir Türk Dövlətləri Birliyi beynəlxalq hüququn subyekti kimi: ideya və reallıq “Kritik infrastruktur” nədir və təhdidlərdən necə qorunur: dünya təcrübəsi və Azərbaycanda tətbiqinin zəruriliyi Ermənilərin "soyqırım" iddiaları və onun beynəlxalq siyasətdə yeri Армянский фактор в разведывательной деятельности великих держав на Кавказе в 1801 – 1828 гг. Ermənilərin Tbilisi şəhərinə iddiaları Gürcüstanın bələdiyyə sistemində ermənilərin separatçı fəaliyyəti Политологическое образование в Азербайджанской Республике: специфика, современное состояние и стратегия развития Информационная политика в Азербайджане в условиях политико-экономических трансформаций Azərbaycanın ali təhsil sistemi yeni dəyişikliklər mərhələsində Azərbaycanın dövlət idarəçiliyi sistemində keyfiyyət menecmentinin müasir vəziyyəti Cənubi Qafqazda miqrasiya prosesləri Dövlət-özəl əməkdaşlığı bugünkü iqtisadi anlamda Qlobal iqtisadi normallaşma: yüksələn iqtisadiyyatlı ölkələr üçün dayanıqlı inkişaf çağırışları Военное дело и военное искусство в Азербайджане в древний период Учреждения для иностранных военнопленных и интернированных граждан в Азербайджанской ССР в 1944 – 1950 гг. (численность, дислокация, смертность контингента) Ukrayna azərbaycanşünaslığının banisi A.Krımski Качественные параметры партийных кадров в Азербайджанской ССР в 1920-1930-е гг. Политические отношения между Азербайджанским государством Сефевидов и государством Великих Моголов (1526-1576 гг.) Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsilin milliləşdirilməsi və dövlət dilinin tətbiqi Tam siyahı

Dövlət-özəl əməkdaşlığı bugünkü iqtisadi anlamda

Müəllif: Strateji Tehlil Jurnali

baxılıb: 39

Yan 5, 2019 - 12:44

Mahir HÜMBƏTOV

Azərbaycan Respublikasının Prezidenti 
yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi

mahir.humbatov@sam.gov.az

 

 

Dövlət-özəl əməkdaşlığı bugünkü iqtisadi anlamda

 

Açar sözlər:  dövlət, özəl, ortaqlıq, əməkdaşlıq, infrastruktur, maliyyələşdirmə, özəlləşdirmə, mülkiyyət, sektor, iqtisadi, idarəetmə

Key words: public, private, partnership, collaboration, infrastructure, financing, privatisation, ownership, sector,economic, management

Kлючевые слова: государство, частный, партнерство, сотрудничество, инфраструктура, финансирование, приватизация, собственность, сектор, экономический, управление

 

Giriş

 
Bu gün Azərbaycan iqtisadiyyatı özünün inkişaf, şaxələnmə və islahat dövrünü yaşamaqdadır. Əsas istiqamətlər və inkişaf yolları artıq müəyyən edilmişdir, lakin ölkənin davamlı inkişafı üçün yeni formalar və metodların kəşf edilməsi üçün axtarışlar davam etməkdədir. Ölkədə çox sayda və meqahəcmdə infrastruktur layihələri həyata keçirilmiş və hələ də keçirilməkdədir. Hətta praktik baxımdan dövlətimizin iştirakı ilə reallaşan bu meqalayihələr ölkəmizin hüdudlarından da kənarlara çıxmışdır. Buna görə də infrastruktur layihələrinin maliyyələşdirilməsində, tikilməsində, idarəedilməsində və saxlanılmasında müxtəlif ölkələrdə fərqli formalarda tətbiq edilən dövlət-özəl əməkdaşlığı modelləri ölkəmizdə də dərindən öyrənilməlidir ki, bu modellərdən istifadə etdikdə zərərli fəsadları olmasın və əksinə onlardan müsbət istiqamətdə faydalanmaq mümkün olsun.      
 
1. Dövlət-özəl əməkdaşlığı/tərəfdaşlığı nədir?
 
Dövlət-özəl əməkdaşlığı termininə bu gün iqtisadi, idarəetmə, hüquq və s. elm sahələrində tez-tez rast gəlinməkdədir. Dövlət-özəl əməkdaşlığı və ya tərəfdaşlığı, bəlkə də, bir çoxları üçün bir xüsusi termin kimi görünmür. Lakin əslində bu, belə deyildir. Təməl prinsipində özəlləşdirmə duran bu termin əslində çox yenidir və hələ incələnməsinə böyük ehtiyac vardır.
Qısaca olaraq müəyyən edilərsə, dövlət-özəl əməkdaşlığı dövlətlə özəl biznes arasında bərabərhüquqlu və qarşılıqlı öhdəlikli bir əlaqədir və ya daha dəqiq desək, bu əlaqənin müqavilə şəklində öz əksini tapmasıdır. Bu əlaqə zamanı dövlət özəl sektora öz maliyyə və intellektual resurslarından istifadə edərək sosial, iqtisadi və idarəetmə cəhətdən mühüm olan dövlət layihələrində iştiraketmə şansı verir. Buna misal olaraq, xəstəxanalar, məktəblər, həbsxanalar, dəmir yolları, metrolar, su təchizatı, limanlar və s. kimi dövlət əhəmiyyətli müxtəlif infrastruktur layihələrinin yaradılması, inkişaf etdirilməsi və ya idarə edilməsi nəzərdə tutulmaqdadır. Əməkdaşlığın əsas məqsədi isə hər iki sektorun da sahib olduğu güclü tərəflərin, bacarıq və biliklərin birgə mənafe naminə istifadə edilməsidir. Məlumdur ki, dövlət sosial cəhətdən mühüm olan infrastruktur layihələrinin sayını artırmaqda, biznes isə mənfəət əldə etməkdə maraqlıdır. Buna görə də "uduş-uduş" vəziyyəti yaradılmalıdır.
Dövlət-özəl əməkdaşlığı/tərəfdaşlığı dövlətin özəl sektorun layihələrinə qoşulmasını deyil, ictimai xarakterli layihələrə dövlət tərəfindən özəl sektorun cəlb edilməsi mexanizmlərini nəzərdə tutur. Son zamanlar hökumətlər infrastruktur layihələrinin ənənəvi maliyyələşdirilməsinə alternativ olaraq bəzən dövlət-özəl əməkdaşlığına üstünlük verirlər. Təbii ki, bunda beynəlxalq maliyyə institutlarının da rolu böyükdür, çünki onlar dövlət-özəl əməkdaşlığını bütün dünyada əsas təbliğ edən qüvvələrdirlər. Bu da sanki bir tərəfdən elə həmin institutlar tərəfindən keçən əsrin 90-cı illərinin əvvəllərində planlı idarəetmə sistemi olmuş Sovetlər Birliyinin süqutundan sonra müstəqil olan dövlətlər üçün özəlləşdirmənin təbliğ edilməsinə bənzəyir ki, bunun da fəsadlarının necə ağır olduğu hamıya bəllidir [4].
Bu tip əməkdaşlıq dövlətin iqtisadiyyatda və iqtisadi fəaliyyətdə rolunun azaldılması üçün də mühüm vasitədir. Təbii ki, bəzən bundan sui-istifadə edilsə də, lakin bunu dövlətin tam zəiflədilməsi kimi başa düşmək lazım deyil, çünki əksər hallarda dövlət strateji cəhətdən mühüm olan infrastruktur layihələrinin sahibi olaraq qalmaqdadır. Təbii ki, nəticə etibarilə bu yükün azaldılması sayəsində dövlətə qarşı müəyyən neqativ addımların da atıla biləcəyi gözardına alınmamalıdır [9]. Amma doğru əməkdaşlıq forması və dəqiq infrastruktur layihəsi seçildiyi təqdirdə bunun baş verməsi ehtimalı sıfıra endirilir. Deməli, dövlət sektoru öz iqtisadi, xüsusilə də maliyyə və idarəetmə yükünün azaldılaraq özəl biznesə verilməsini dövlət-özəl əməkdaşlığı kimi anlamalıdır.
 
2. Nəzəri və tarixi baxış
 
Marksizmin üstün tutulduğu dövrlərdə bir sıra dövlətlər antimarksist iqtisadi təfəkkürünü formalaşdırmağa çalışdılar. Daha sonra Keynsçilikyin təsiri altında həddindən artıq xərcləri öz üzərinə götürən dövlət sektoru bir müddətdən sonra bunun öhdəsindən gələ bilmədi [1]. Eyni zamanda İkinci Dünya müharibəsindən sonra artan infrastruktur problemləri dövlətləri müxtəlif vasitələrə əl atmağa vadar etdi. Bunun nəticəsində də bir sıra dövlətlər infrastruktur layihələrinin maliyyələşdirilməsi və büdcədən xərcləmələrin azaldılması üçün müxtəlif yeni yollar axtarmağa başladılar. Ötən əsrin 70-ci illərindən etibarən dövlət sektorunun bu çətinlikləri daha da artdı və bununla da o zamana qədər dövlət infrastruktur layihələrinin maliyyələşdirilməsində və ya idarəedilməsində iştirak etməmiş özəl sektor dövrəyə daxil oldu. İlk olaraq autsors edilmə forması geniş yayıldı. Daha sonra bu özəlləşdirmə formatında yayğınlaşdı. Amma sonralar bunun ümumilikdə dünyada, xüsusilə də sosializmdən kapitalizmə keçən ölkələrdə ağır fəsadlarını gördükdən sonra dövlətlə özəl sektorun birgə ortaqlıq şəklində müxtəlif fəaliyyət növləri meydana çıxdı ki, bu da nəzəri baxımdan bir çox akademik müzakirələrdə (xüsusilə də marksist və heterodoks yanaşmalarda) elə özəlləşdirmənin bir forması hesab edilir. Əslində, praktik baxımdan özəlləşdirmənin özü dövlət-özəl əməkdaşlığının bir təzahür formasıdır. Dünyanın aparıcı dövlətləri olan ABŞ və Böyük Britaniyanın da Avstriya iqtisad məktəbindən çıxmış hayekçilik iqtisadi baxışlarına əsasən özəlləşdirməyə daha çox üstünlük verməsi, yəni özəl sektorun fəaliyyətinin genişləndirilməsi və hətta dövlət səviyyəli bir sıra layihələrin onlara ötürülməsi digər dünya ölkələrinin də onlardan nümunə götürməsinə gətirib çıxardı. Bəzi hallarda isə əslində bu inkişaf etmiş ölkələrin özləri öz daxili iqtisadiyyatlarında yaranmış profisiti xarici investisiya olaraq digər ölkələrdə ortaya çıxmış müxtəlif layihələrə yatırmaq niyyətini güddülər. Beləliklə də, inkişaf etmiş ölkələr ilk növbədə özəlləşdirmə, daha sonrakı mərhələdə isə onun fəsadlarından çəkinərək xarici özəl sektorun başqa formada digər ölkələrdə (xüsusilə də keçmiş sosialist ölkələrində) təşəkkül tapmasına dəstək verdilər [7]. Bu da məhz dövlət-özəl əməkdaşlığı forması oldu.
 
3. Dövlət-özəl əməkdaşlığının forma və növləri
 
Partnyorların seçdikləri əməkdaşlığın növündən asılı olaraq, konsessiya, lizinq sazişləri, birgə müəssisə, hasilatın pay bölgüsü sazişləri, müxtəlif işlər və xidmətlər üçün müqavilələr və s. kimi əməkdaşlıq növləri həyata keçirilə bilər ki, burada da özəl sektorun layihələrdə iştirakının dərəcəsi müəyyən edilir. Bu da ancaq hər hansı bir təsisatın maliyyələşdirilməsi və tikilməsi deyil, adətən, davamlı olaraq işlədilməsi, saxlanılması və dəstəklənməsi, uzunmüddətli mülkiyyətdə olması və başqa formada olur. 
Tərəflərin hər hansı bir layihədə iştirakının dərəcəsindən asılı olaraq layihə ilə əlaqəli risklərin əksəriyyəti özəl sektora transfer edilməkdədir. Mənfəətin əldə edilməsi məsələsi də limitlidir və əldə edilmiş müqavilədən asılıdır. Lakin istənilən halda dövlət investisiya edilmiş kapital qarşılığında gəlir və dividend əldə edilməsinin zəmanətçisi kimi çıxış edir. Əlbəttə ki, burada həyata keçirilmiş işin keyfiyyətini də unutmamaq lazımdır. 
Müxtəlif ölkələrdə nisbətən fərqli dövlət-özəl əməkdaşlığı prinsiplərinə uyğun olaraq müxtəlif müqavilələrə diqqət yetirilir. Bu növlərin seçilməsi hər hansı bir layihənin miqyasından və hansı sahədə həyata keçirilməsindən asılıdır. Bunun da təqribi ayırım forması aşağıdakı kimidir [10]:
 
Dizayn - Tik (Design-Build)
Dizayn müqavilələrində özəl sektorun təmsilçisi nəzərdə tutulmuş dizayn və infrastruktur layihəsini dövlət sektorunun istəyinə uyğun hazırlamalıdır. Bu modelin ən üstün cəhəti layihənin həyata keçirilməsi üçün kifayət qədər maliyyə vəsaiti və əmək haqqının ayrılmasıdır. Bu müqaviləyə əsasən özəl sektor tikinti və dizayn işləri zamanı bütün riskləri öz üzərinə götürür. 
 
İdarə et - Saxla/ İdarə et (Operation and Management) 
Bu müqavilələrdə özəl sektorun təmsilçisi müqavilə çərçivəsində müəyyən bir dövrdə dövlət obyekti üzərində təmir və texniki baxış/qulluq işləri ilə məşğul olur. Müddət bitdikdən sonra isə həmin obyekti yenidən dövlətə geri verir.  
 
Dizayn - Tik - Maliyyələşdir - İdarə et/ İstismar et (Design-Build-Finance-Operate) 
Bu müqavilələrdə özəl sektorun təmsilçisi infrastruktur layihəsi çərçivəsində dizayn, tikinti, idarəetmə və təhlükəsizlik, həmçinin maliyyələşdirmə işini uzunmüddətli icarə müqaviləsi əsasında öz öhdəliyinə götürür. Bu müddət ərzində layihədən əldə edilən bütün gəlirlər özəl sektora aid olur. Müqavilənin müddəti başa çatdıqdan sonra isə özəl sektor onu yenidən dövlətə geri verir.
 
Tik - Sahib ol - İdarə et / İstismar et (Build-Own-Operate)
Bu müqavilə zamanı özəl sektor təmsilçisi layihə boyu tikintini, maliyyə təminatını, idarəetməni öz üzərinə götürür. Dövlət sektorunun formalaşdırdığı şərait və məhdudiyyətlər müqavilənin əvvəlində bildirilir. 
 
Tik - Sahib ol - İdarə et/ İstismar et - Təhvil ver (Build-Own-Operate-Transfer)
Özəl sektorun təmsilçisi bu müqavilələrdə göstərilmiş zaman çərçivəsində maliyyə təminatı, dizayn, tikinti, əməliyyat və icra işlərini həyata keçirməyi öz öhdəsinə götürür. Bu zaman kəsiyində əldə edilən bütün gəlir özəl sektora verilir. Həmin zaman kəsiyi bitdikdə isə özəl sektor həmin layihəni dövlətə geri qaytarır.
 
Tik - İcarəyə al - İdarə et / İstismar et - Təhvil ver (Build-Lease-Operate-Transfer)
Bu tipli müqavilələr zamanı özəl sektor təmsilçisi sözügedən strukturu/obyekti/malı/yeri müəyyən müddətə dövlətdən icarəyə alır. Həmin özəl sektor təmsilçisi orada dizayn, maliyyə təminatı və tikinti işlərini həyata keçirir. İcarəyə götürən bu özəl sektor təmsilçisi icarə müddətində həmin   strukturu/obyekti/malı/yeri özünün xeyrinə istifadə edir və bütün gəlirləri əldə edir. İcarə dövrü başa çatdıqdan sonra isə özəl sektor təmsilçisi həmin infrastrukturu yenidən dövlətə qaytarır. Bu modelin daha çox İT sahəsində istifadə edilməsi müşahidə edilməkdədir.
 
Maliyyə təminatı (Financeonly)
Bu müqavilələrdə maliyyə şirkəti qismində özəl sektor təmsilçisi maliyyə məsələlərinin həlli və təminatı məqsədi ilə dövlətlə müqavilə imzalayır. Bu məsələləri həll etməklə yanaşı buradan gələn gəliri də müqavilə müddətində özünə götürür.  
Yuxarıdan qeyd edilənlər daha çox istifadə edilən dövlət-özəl əməkdaşlığı növləridir. Lakin bunlardan başqa aşağıdakı növlər də təşəkkül tapmışdır:
Dizayn - Tik - İdarə et / İstismar et - Saxla (Design-Build-Operate-Maintain)
Dizayn - Tik - Maliyyələşdir - İdarə et/ İstismar et - Saxla (Design-Build-Finance-Operate-Maintain)
Dizayn - Tik - Maliyyələşdir - İdarə et/ İstismar et - Saxla - Təhvil ver (Design-Build-Finance-Operate-Maintain-Transfer)
Satın al - Tik - İdarə et/ İstismar et (Buy-Build-Operate)
Dizayn - Tik - Sahib ol - İdarə et/ İstismar et - Təhvil ver (Design-Build-Own-Operate-Transfer).
 
4. Dövlət-özəl əməkdaşlığının faydaları
 
Dövlət-özəl əməkdaşlığı layihələrlə bağlı maliyyə yükünü dövlətin üzərindən götürərək bir və ya daha çox özəl şirkətə ötürür ki, bu zaman maliyyələşdirmə özəl sektor tərəfindən aparılır, dövlət isə əsasən nəzarətçi funksiyasını həyata keçirir. Bu tip tənzimləmələr uzunmüddətli müqavilə ilə nəticələnir. Yəni özəl sektor təmsilçisi istifadəçilərin ödənişləri qarşılığında uzun müddətə dövlət aktivlərini idarə edir və müqavilənin müddəti başa çatdıqdan sonra isə idarəetməni yenidən dövlətə təhvil verir.
Bu tip əməkdaşlıqlarda hər tərəf üçün bəlli faydalar mövcuddur. Bunu etməklə dövlət büdcəyə qənaət edərək daha çox layihələr irəli sürə biləcəkdir. Layihəyə öz maliyyə və ya digər resurslarını sərf etmiş özəl şirkət və ya konsorsium isə məqsədə nail olunmasında səmərəli olmağa çalışacaqdır. Bundan əlavə, o, stabil bir gəlir əldə edəcək, əlavə kapitalın formalaşdırılmasını zəmanət altına alacaq və öz icraçı xüsusiyyətlərini daha da artıracaqdır. Bir sözlə, ölkənin özəl sektoru formalaşacaq və dövlətin üzərinə düşən bir sıra yüklər özəl sektorun üzərinə ötürüləcəkdir.
Nəticə etibarilə bu tip əməkdaşlıq istehlakçılar və ümumiyyətlə, bütün cəmiyyət üçün əlavə dəyər qazandıracaqdır. Bütün bunlar da özəl sektorda keyfiyyətin artımına gətirib çıxaracaqdır. Bugünkü etibarlılıq və müəyyənlik mühiti partnyorları gələcək fəaliyyətləri (xüsusilə də uzunmüddətli əməkdaşlıq)  planlaşdırmağa sövq edəcək və onlar bu yolda öz resurslarını doğru şəkildə ayırmağa çalışacaqlar. Dövlət və biznes sektoru arasında güvən bu tip əməkdaşlıqların mövcudluğu üçün mühüm amildir. Bu amilin mövcudluğu həmin ölkənin beynəlxalq nüfuzunun da yüksək olmasına gətirib çıxarır.    
 
5. Dövlət-özəl əməkdaşlığının fəsadları
 
Dövlət-özəl əməkdaşlığının ən sərt tənqid edildiyi məqamlarından biri dövlətlərin borclanması ilə bağlıdır [2]. Müvafiq maliyyə vəsaiti olmayan dövlətlər öz lazımi infrastrukturlarının inkişafına vəsait yatıra bilmədikdə bunu əsasən birbaşa borclanma ilə edirlər ki, bunu ya beynəlxalq maliyyə institutlarından, ya müxtəlif xarici müstəqil fondlardan, ya da başqa ölkələrdən əldə edirlər. Bütün bunlar üçün də müxtəlif tələblər və qarşı tərəfdən bəzi şərtlər irəli sürülür ki, bu da bəzən dövlətlərin bir sıra maraqlarına zidd olur. Nəticə etibarilə də dövlətlər dövlət-özəl əməkdaşlığı prinsipinə əl atmağa üz tuturlar. Əslində, bu əməkdaşlıqdan doğan bir borclanma prinsipi də vardır ki, sadəcə bu prinsip dövlətlərin borclanma balansında əks edilmir. Buna şərti borclanma deyilir [3]. Bəzən bir sıra dövlətlər bu şərti borclanmaların tələsinə düşərək və ya mahiyyətini doğru anlamayaraq yenə də borc tələsinə yaxalanırlar. 
Dövlət-özəl əməkdaşlığı zamanı əsas məsələlərdən biri də bu əməkdaşlıq üçün ən doğru olan layihələrin seçilməsidir. Bunun üçün bir çox dəyərləndirmələr vardır. Yanlış layihə seçimi həm dövlət, həm də onunla əməkdaşlığa girən özəl sektor təmsilçisi üçün bir sıra fəsadlar yarada bilər.
Diqqət ediləsi məqamlardan biri də hər hansı bir layihə üçün  yuxarıda adı çəkilmiş dövlət-özəl əməkdaşlığı növlərindən daha uyğun olanının seçilməsidir. Bu halda da əgər yanlış bir müqavilə növü seçilərsə, bunun da hər iki tərəf üçün ağır fəsadları ola bilər. 
Hər hansı bir ölkədə qanunun ümdəliyi və aliliyi də dövlət-özəl əməkdaşlığının tətbiq edilməsi üçün əsas tələblərdən biridir. Çünki hüquqi tənzimləmələr işləmədikdə tərəflərin öz öhdəliklərinə tam və dəqiq şəkildə riayət edib etmədiklərinin monitorinq edilməsi və ya tərəflərdən hər hansı birinin qanunu pozması da ağır nəticələrə gətirib çıxara bilər [8].  
 
6. Müxtəlif ölkələrdə dövlət-özəl əməkdaşlığının tətbiqi
 
Dövlət-özəl əməkdaşlığının/tərəfdaşlığının tətbiqinin müxtəlif ölkələrdə özünəməxsus tarixi var. Bu tarix bəzən həmin ölkələrin iqtisadiyyatları, idarəetmə formaları, hətta hüquq sistemləri üzərində formalaşmışdır. Bu əməkdaşlığın tətbiqi formaları ABŞ və ya öndə gedən Avropa ölkələrində daha qədim tarixə malikdir. 
ABŞ-da dövlət-özəl əməkdaşlığı prinsipinə əsasən tətbiq edilmiş ilk layihə Nyu-York su nəqli sisteminin yaradılması olmuşdur. Bunu ABŞ-da ilk dəfə Aleksandr Hamilton təklif etmiş və nəticədə layihənin vəsaitinin bir hissəsi icra hakimiyyəti səlahiyyətlərini həyata keçirən orqan tərəfindən ödənilmişdir. Həmçinin bu şəhərdə qatar sisteminin də çəkilməsində bu əməkdaşlıqdan istifadə edilmişdir. Daha sonra ABŞ-ın Pensilvaniya, Nyu Cersi, Texas, İllinois ştatlarında qaz, su və kanalizasiya sistemlərinin çəkilməsi və ya bərpası bu əməkdaşlıq növünə misal kimi gətirilə bilər. 
Avropada özəl sektorun maliyyəsi ilə həyata keçirilən dövlət layihələrinin illik dəyəri 23 milyard avrodur. Məhz müqaviləli şəkildə dövlət-özəl əməkdaşlığı 1992-ci ildə ilk dəfə Böyük Britaniyada tətbiq edilmişdir. Mahiyyəti isə dövlətin qısa və uzun müddətə bəzi layihələri özəl sektora verməsi və daha sonra isə dövlət sektorunun bundan faydalanmasıdır. Böyük Britaniyada 2000-ci ildən bu yana Partnership UK elektron bazasında 900-dən çox müqavilə mövcuddur ki, onların ümumi dəyəri 66 milyard funt sterlinqdir. Müqavilələr rentgen aparatlarının icarəyə götürülməsindən tutmuş London metrosunun tikilməsi və yenidənqurulmasına kimi müxtəlif formadadır. Ümumiyyətlə, Böyük Britaniyada özəl sektorun mütəşəkkil şəkildə dövlət əhəmiyyətli layihələrdə iştirakı əsasən Marqaret Tetçer dövründə baş tutmuşdur. Onun TINA (ThereIsNoAlternative) prinsipləri özəl sektorun həm idarəetmə, həm də maliyyələşdirmədə dövlət sektorundan daha səmərəli olması və özəl sektora bütün sahələrdə qapıların açılması anlamına gəlmişdir ki, daha sonrakı hökumətlərin də fəaliyyətlərində bu, bir əsas kimi götürülmüşdür. 
Postsovet məkanında vəziyyət nisbətən fərqli olmuşdur. Belə ki, Sovetlər Birliyinin süqutundan sonra müstəqillik qazanan respublikalar dövlət-özəl əməkdaşlığı prinsiplərinin hələ də mahiyyətini tam anlaya bilmirlər. Bunun da əslində real bir səbəbi var. Çünki bu ölkələrdə 70 ildən çox rəsmi olaraq özəl sektor anlayışı olmamışdır. Buna görə də bu əməkdaşlıqdan söhbət açılması belə mümkün deyildi. Hal-hazırda keçmiş Sovetlər Birliyi coğrafi zolağında dövlət-özəl əməkdaşlığı konseptinə xüsusi diqqət Baltikyanı ölkələr istisna olmaqla Rusiya, Belarus, Ukrayna və Qazaxıstanda ayrılmışdır. Bu ölkələrdə tam olaraq dövlət-özəl əməkdaşlığı konsepsiyası işlənmiş və mövcud qanunvericiliyə bir çox dəyişikliklər edilmişdir. Eyni zamanda, bu ölkələrin bəzilərində hətta dövlət-özəl əməkdaşlığı mərkəzləri, birlikləri və ya strukturları yaradılmışdır. Lakin buna baxmayaraq dövlət və özəl sektor arasında hələ də doğru sərhədin bilinməməsi, onlar arasında bir-birinə tam etimadın olmaması, hüquqi normaların yüksək səviyyədə formalaşmaması və s. bu kimi amillər bu əməkdaşlıq növünün tam tətbiqinə bir sıra əngəllər yaratmaqdadır. Hal-hazırda BMT-nın Avropa üzrə İqtisadi Komissiyası dövlət-özəl əməkdaşlığı istiqamətində bir pəncərə sistemi yaratmaq niyyətindədir ki, bununla da bu əməkdaşlığın yeni inkişaf etməyə başlayan ölkələrə kömək etməsi nəzərdə tutulur. 
 
7. Azərbaycanda dövlət-özəl əməkdaşlığının vəziyyəti
 
Azərbaycanda da bir çox digər ölkələrdə olduğu kimi dövlət-özəl əməkdaşlığı prinsiplərinin nə olduğu tam şəkildə anlaşılmır. İstər akademik,  istərsə də praktik mühitdə bu əməkdaşlığın verə biləcəyi faydalar və ya doğura biləcəyi fəsadlar barəsində bilik tam deyildir. Lakin dövlət-özəl əməkdaşlığı prinsiplərinin Azərbaycanda iqtisadi inkişaf naminə tətbiqi mümkündür. Sadəcə olaraq bunun üçün müvafiq zaman kəsiyi lazımdır ki, bu zaman kəsiyində özəl sektorun fəaliyyəti gücləndirilməli, dövlət sektorunun aktivliyi isə artırılmalıdır [6]. 
Hal-hazırda ölkəmizdə ödənişli yollar, liman biznesi, binaların tikintisi, İT texnologiyalarının tətbiqi, dəmir yolu [5], enerji tədarükü və təchizatı kimi bir sıra sahələrdə dövlət-özəl əməkdaşlığı prinsiplərinin həyata keçirilməsi üçün tədqiqatlar aparılmaqdadır. Lakin bunun ölkəmiz üçün faydalı olması naminə yuxarıda qeyd edilən amillər mütləq nəzərə alınmalıdır. Əks təqdirdə bu əməkdaşlıq modelinin düzgün tətbiq edilməməsi bir sıra fəsadlara gətirib çıxara bilər. 
 
Nəticə
 
İqtisadiyyatın idarəedilməsi, maliyyələşdirilməsi və tənzimlənməsində yalnız dövlətin rolundan istifadə edilməsi bir gün dövlətin gücünün tükənəcəyi deməkdir. Bu, hətta bəzi dövlət şirkətlərinin səmərəli çalışdığı və maliyyə ilinin sonunu profisitlə başa vurduğu bir sıra ölkələrdə belə baş verə bilər. Çünki dövlətin onun vətəndaşlarının, yəni həm biznes mühiti, həm də sosial mühitin qayğısına qalması paralel aparıldıqda çox çətindir. Təbii ki, bu, mümkündür, lakin çox uzunmüddətli bir dövlətçilik təcrübəsi və yüksək kadr potensialı tələb edir. Eyni zamanda əgər dövlət biznes sektoru üçün də mənfəət əldə edilməsi prosesində əlverişli şərait yaradırsa, deməli, özəl sektor öz fəaliyyəti ilə, xüsusilə də sosial sahədə daima dövlətə dəstək olmalıdır. Çünki özəl sektorun uğursuzluğu nəticəsində yenə də dövlət sektoru işin fəsadları ilə üzbəüz qalacaq və problemin həlli onun üzərinə düşəcəkdir.
Dövlət-özəl əməkdaşlığı adlı alyanslar daimi xarakter daşımır və onlar konkret və spesifik layihələrə aiddirlər. Yəni layihə bitdikdə və ya müxtəlif səbəblərdən dayandırıldıqda bu alyanslar da öz hüquqi qüvvəsini itirir.
Dövlət-özəl əməkdaşlığı/tərəfdaşlığı öz-özlüyündə ya müsbət, ya da mənfi bir əlamət daşımır. Yəni onun ya tam xeyirli, ya da tam ziyanlı bir qavram olduğunu düşünmək doğru deyildir. Lakin bu əməkdaşlıq növünün doğru zamanda, doğru məkanda, doğru formada və doğru layihədə tətbiq edilməməsi həqiqətən də həm dövlət, həm də biznes üçün böyük fəsadlar törədə bilər.
Əslində, bu mövzu ölkəmizdə az tədqiq olunmuş mövzulardan sayılır. Buna görə də bu mövzuda sistemli, kompleks tədqiqatların aparılmasına və məqalələrin yazılmasına böyük ehtiyac vardır. Eyni zamanda həm dövlət, həm də özəl sektorun bu terminlə doğru şəkildə tanış edilməsi və onlara bu sahədə təlimlərin keçilməsinə zərurət duyulur. Çünki dövlət-özəl əməkdaşlığı/tərəfdaşlığı prinsiplərinin tətbiq edilməsi üçün çoxtərəfli insan potensialının formalaşdırılması ilk zərurətdir. Digər əsas məsələ isə ölkə iqtisadiyyatında dövlət sektoru ilə özəl sektorun yerinin və sərhədlərinin düzgün müəyyən edilməsidir. 
 
İstifadə edilmiş ədəbiyyat:
 
1. Andrei Shleifer. State versus Private ownership, National Bureau of Economic Research, 1998, Massachusetts, US
2. Bretton Woods Project. Thepromotion of Public-Private Partnerships – exporting a failed model?, Available at: https://www.brettonwoodsproject.org/2018/04/promotion-public-private-partnerships-exporting-failed-model/, Accessed on 05/12/18 
3. Christiane Stelling. An excursionin tot he Public-Private Partnership jungle: Stayprecise and keep on mapping! International Public Management Review, Vol. 15, Iss.1, 2014
4. David E.M.Sappington and Joseph E.Stiglitz. Privatization, Information and Incentives, Journal of Policy Analysis and Management, Vol. 6, No. 4, pp. 567-582, 1987, John Wiley & Sons
5. Evaldas Klimas and Mahir Humbatov. Baku-Tbilisi-Kars Railroad: Futureprospects and opportunities, 2016, Vilnius, Lithuania
6. Mahir Humbatov and Nikita Singla. Public Private Partnership: Asian Perspectives - Recommendations for Azerbaijan, SAM Review 17,2016, Baku, Azerbaijan
7. Narcis Serra and Joseph E. Stiglitz. The Washington Consensus Reconsidered: Towards a New Global Governance, The Initiative for Policy Dialogue Series, Oxford University Press, 2008
8. Nicholas Hildyard. Licensed Larceny: Infrastructure, Financial Extraction and the Global South, Manchester University Press, 2016, Manchester, United Kingdom
9. Rabah Arezki, Patrick Bolton, Sanjay Peters, Frederic Samama and Joseph Stigllitz. From global savings glutto financing infrastructure: The Advent of  Investment Platforms, IMF Workingpaper, 2016, Washington, US
10. World Bank, Public-Private Partnerships. - https://www.worldbank.org/en/topic/publicprivatepartnerships
 
 
Mahir Humbatov
Public Private Partnership in the current economic context
 
Thisarticleconsiders concept of public-private partnership in general and analysesthis concept within the present economic context since ithas emerged. It should be noted that this conceptis actually misunderstood and misinterpreted both in our country as well as in some other countries in the worldand any contact between the public sector and the private sector is considered as public-private partnership. The article also focuses on the implementation of this concept in different countries to thoroughly analyse the application, forms and types of this partnership. It is because in the event of misunderstanding and misinterpretationthe application of these partnerships can lead to various complications, which may result in significant problems.
 
Махир Гумбатов
Государственно-частное партнерство в современном экономическом контексте
 
В статье рассматривается концепция государственно-частного партнерства в целом и анализируется с точки зрения нынешнего экономического контекста, с момента его возникновения. Следует иметь в виду, что эта концепция очень некорректно истолкована как в нашей стране, так и в ряде других стран мира, и вследствие подобной ситуации любые контакты между государственным и частным сектором рассматриваются как государственно-частное партнерство. В статье внимание также уделяется реализации концепции в разных странах мира, с целью тщательного анализа методов применения, форм и типов партнёрства. Это связано с тем, что в случае непонимания и неправильного толкования, применение этих партнерств может стать причиной различных осложнений, что в свою очередь может привести к серьезным проблемам.
 
Məqalə redaksiyaya daxil olmuşdur: 21.11.2018
Təkrar işləməyə göndərilmişdir: 30.11.2018
Çapa qəbul edilmişdir: 09.12.2018
© 2011-2019. Müəlliflik hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qorunur. Bütün hüquqlar "Strateji təhlil" jurnalına aiddir. Məlumatlardan istifadə edərkən stj.sam.az saytına istinad zəruridir.