Məqalələr

Multikultural dəyərlərin formalaşmasında “özgə” anlayışı Проблемы мультикультурализма, современные подходы и опыт Азербайджана Политика Великобритании накануне и в ходе второй русско-иранской войны (1826-1828) Terrorizmin mahiyyəti və Avropada miqrasiya problemi: reallıqla həyata keçirilən tədbirlər arasındakı ziddiyyət Проблема региональной безопасности на Южном Кавказе в современных условиях Стратегическое партнерство в мировой политике Beynəlxalq münaqişələrin qarşısının alınmasında "Azərbaycan multikulturalizmi" modelinin əhəmiyyəti və imkanları Azərbaycan Respublikasının Almaniya Federativ Respublikası ilə elm və təhsil sahəsində əməkdaşlığı Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli və dayanıqlı inkişafında strateji yol xəritələrinin rolu Müasir şəraitdə qeyri-qanuni beynəlxalq miqrasiya və onunla mübarizə GUAM-ın beynəlxalq hüquq subyektliyi Dövlət informasiya siyasəti: klassik yanaşmalar, müasir konseptlər Информационная безопасность в системе глобального информационного пространства Milli mənəvi dəyərlərin qorunmasında Heydər Əliyevin rolu: medianın dəstəyi və qiymətləndirməsi prizmasında О некоторых аспектах национальной политики Российской империи в Северном Азербайджане XIX əsrdə Azərbaycanda fəlsəfi fikrin inkişafına təsir edən ictimai-siyasi və mədəni amillər Структура и руководство Центрального Комитета Компартии Азербайджанской ССР в 20-30-е гг. ХХ века Езиды в Армении Səlcuq yürüşləri dövründə Şəki çarlığı Tam siyahı

Dövlət informasiya siyasəti: klassik yanaşmalar, müasir konseptlər

Müəllif: Strateji Tehlil Jurnali

baxılıb: 657

Dek 21, 2017 - 3:12

Dövlət informasiya siyasəti: klassik yanaşmalar, müasir konseptlər

 

Xalid NİYAZOV

AMEA Hüquq və İnsan Haqları İnstitutunun şöbə müdiri,
siyasi elmlər üzrə fəlsəfə doktoru

xalid-555@mail.ru

 

Açar sözlər: informasiya siyasəti, dövlət siyasəti, kommunikativ proseslər, informasiya məkanı, informasiya cəmiyyəti

Key words: information policy,  public policy,  communication  processes, information space, information society

Ключевые слова: информационная политика, государственная политика, коммуникационные процессы, информационное пространство, информационное общество

 

Giriş

 
Tarixin bütün inkişaf mərhələlərində onunla paralel irəliləyən dövlət mexanizminin müvafiq dövrün inkişaf reallıqlarını, təkamül tendensiyalarını nəzərə alan, hakim ictimai-siyasi, iqtisadi və sosiomədəni proseslərlə səsləşən idarəetmə sistemi mövcud olmuşdur.
Müasir dövrdə dövlət idarəetməsinin vacibliyi ölkədə təbii resurslardan, əmək, maddi və informasiya ehtiyatlarından daha səmərəli istifadə edilməsinə yönəlmiş dövlət siyasətinin reallaşdırılmasının, insan hüquq və azadlıqlarının daha mükəmməl təminatının zəruriyyətindən irəli gəlir. 
 
1. Kommunikasiya və informasiya 
 
Dövlət informasiya siyasəti dövlət idarəetmə sisteminin vacib elementləri sırasında yer aldığı üçün nəzəri-metodoloji əsaslandırmaya çox ciddi ehtiyac duyur. Yeddinci onilliyini yaşayan müasir siyasətşünaslıq elmi üçün dövlət informasiya siyasəti (DİS) nisbətən yeni anlayışdır. Belə ki, həmin siyasətin tənzimlədiyi münasibətlərin özü günümüzə yaxın tarixin yaratdığı münasibətlərdir. Ona görə də ilk növbədə müasir elmin “dövlət siyasəti” anlayışına yanaşmasını, baxış bucağını müəyyənləşdirmək vacibdir. 
Biz siyasətin populyar elmi-politoloji definisiyasını vermək, siyasətlə bağlı müxtəlif  görüş və tərifləri geniş şərh etmək fikrini qarşıya məqsəd kimi qoymasaq da problemə müəyyən baxış və mövqeləri bölüşməyi vacib hesab edirik. 
Problemin müasir tədqiqatçılarından Y.A.Nisneviçin belə bir fikrini diqqətsiz buraxmaq olmaz ki, nəticə etibarilə bütün “... məqsədlərin və onlara çatmaq üsullarının, idarəetmənin strategiya və taktikasının, cəmiyyət və dövlətin həyat və fəaliyyətinin konkret bir sahəsinin (iqtisadi, sosial, informasiya, xarici siyasət və s.) tənzimlənməsi və inkişafı ilə bağlı prinsip və metodların işlənib hazırlanmasının məcmusu bu və ya digər sahədə dövlət siyasətinin mahiyyətini təşkil edir” [8, s.4].
Məlumdur ki, “siyasət” anlayışının özü nəzəriyyədə birmənalı şərh olunmur. Məsələn, siyasət fenomenini (onu belə də adlandırmaq olar) Aristotel əlaqə, ünsiyyət növü kimi nəzərdən keçirərək həmin fenomenin təbiətini cəmiyyətin maraqlarına xidmət edən məqsədyönlü və kollektiv fəaliyyətdə görürdü [1]. 
Bir qədər geniş anlamda götürsək, politoloji ədəbiyyat siyasəti müvafiq qanun, norma və prinsiplər əsasında fəaliyyət göstərməyə vəzifələndirilmiş və bununla da vətəndaşların normal həyat və fəaliyyətinə, habelə onların ümumi iradə, maraq və tələbatlarının reallaşdırılmasına təminat verən dövlət və dövlət quruluşu ilə, sosial institutlarla, eləcə də gücə əsaslanan münasibətlərlə bağlı olan insanların məxsusi fəaliyyət sahəsi kimi də şərh edir [14, s.4-10]. 
Amma dövlət siyasəti daha çox konkret bir sahədə yürüdülən idarəetmə metodologiyasının, fəaliyyətin tam fərqli – daha konseptual, həcmli, mükəmməl, uzunvədəli və strateji formatı kimi səciyyələndirilməlidir. Dövlət siyasəti dövlətin idarəçiliyi ilə bağlı proseslərin məzmununu təyin edən dövlət idarəetmə alətidir. Eyni fikri başqa cür inkişaf etdirib ifadə etsək, dövlət siyasəti cəmiyyətdə qəbul edilmiş norma və prinsiplər çərçivəsində idarəetmə qərarlarının ardıcıllığını müəyyən edir.
Dövlət siyasəti cəmiyyət həyatının və mövcud münasibətlərin ən müxtəlif  sferaları ilə bağlı fəaliyyətləri tənzimləmək gücünə qadirdir. Son onilliklərin, xüsusilə də XXI əsrin trendinə çevrilmiş informasiya münasibətləri də dövlət idarəetməsinin mühüm obyektlərindən biri olmaqla dövlətin informasiya siyasətinin predmetini təşkil edir.
 Hakimiyyət orqanları arasında, cəmiyyət daxilində və elə hakimiyyətin öz içərisində informasiya mübadiləsi dövlətin davamlı inkişafının, birlik və bütünlüyünün vazkeçilməz şərtidir.
Müasir yanaşmalar kontekstindən dəyərləndirməli olsaq, “informasiya siyasəti” anlayışı informasiya cəmiyyətinin ən ümumişlək leksik vahidlərinə çevrilmiş “kommunikasiya” və “informasiya” anlayışlarına istinad edir. Kommunikasiya nədir? Özünün ən sadə ifadəsində informasiyanın yayılması prosesi deməkdir. Fərqli model quraq; əgər kommunikasiya bir mexanizmdirsə, ünsiyyətdirsə, informasiya həmin ünsiyyətin məzmunla ifadə olunmuş tərəfidir. Bununla belə, özünün zahiri-atributiv  sadəliyinə baxmayaraq, “kommunikasiya” anlayışı informasiya siyasətinin işlənib hazırlanması və reallaşdırılmasının əsasını təşkil edən bir sıra nəzəri konsepsiyaların kökündə durur.
Kommunikasiyaya bir sosial hadisə kimi müxtəlif baxışlar mövcuddur. Amerikalı sosioloq Çarlz Kuli kommunikasiyanı “insanların qarşılıqlı əlaqələrini həyata keçirən və inkişaf etdirən mexanizm” kimi görür [3]. 
Əlbəttə, belə bir baxış kifayət qədər yayğın sayıla bilər, amma müəllifin kommunikativ prosesləri cəmiyyətin həyati funksiyaları sırasında görə bilməsi rasional mövqedən xəbər verir.
Dövlət informasiya siyasətinin formalaşması və həyata keçirilməsi çərçivəsində kommunikasiyadan bəhs edərkən ilk növbədə kütləvi kommunikasiya nəzərdə tutulmalıdır. Bu məsələ ilə ilk dəfə kütləvi kommunikasiyanın elmi prinsiplərini işləyib hazırlamış və onun sosiumdakı yerini müəyyənləşdirmiş alman sosioloqu Maks Veber məşğul olmuşdur [4, s.7].
Sonuncu informasiya inqilabı ötən əsrin ikinci yarısına təsadüf edir. Həmin mərhələ bəşəriyyətin təkamülü və informasiya-kommunikasiya tandeminin dəyişkən xarakterini uzlaşdıran nəzəriyyələrin mövcudluğu ilə xarakterizə olunur. Sözü keçən nəzəriyyələr bu gün sosial fəlsəfə üçün müstəsna əhəmiyyət kəsb edirlər.
Bəhs etdiyimiz problemə tam aydınlıq gətirmək məqsədilə “informasiya” anlayışına mövcud fərqli yanaşmaları təqdim etmək yerinə düşərdi.
Rus tədqiqatçıları S.V.Konovçenko və A.Q.Kiselyov informasiyanı ilk növbədə insanlar tərəfindən şifahi, yazılı, şərti siqnallar, texniki vasitələr və s.  üsullarla ötürülən məlumat kimi nəzərdən keçirirlər.
İnformasiya cəmiyyəti və informasiya texnologiyalarının sürətli inkişaf faktını diqqət mərkəzinə çəkərək hesab edirik ki, belə bir baxış bucağı hər biri özündə müəyyən informasiya kütləsi saxlayan predmetlərin təbiətini nəzərə almadığına görə nəzərdən keçirilən məsələlərin çox məhdud dairəsini əhatə edə bilir. Bu mənada biz daha çox müasir rus tədqiqatçılarından V.D.Popovun mövqeyini bölüşürük. İnformasiologiya sahəsində tanınmış alim “informasiya” anlayışına bir neçə nəzəri yanaşma təklif edir. İnformasiyanı hər şeydən əvvəl məlumat ötürücüsü (ehtimal ki, söhbət kibernetikaya qədərki mərhələdən gedir – X.N.) kimi səciyyələndirən müəllif ona atributiv və funksional yanaşmadan bəhs edir. Alimin fikrincə, fəlsəfi-sosial aspektdə “informasiya -  insanın ömür yolunun qarşılıqlı şəkildə təcəssüm olunduğu müxtəlifliyin transferi, dövriyyəsidir” [10, s.22].
İnformasiya anlayışına müasir elmi leksikonda dəbdə olan multidissiplinar yanaşma onu bir çox aspektdən səciyyələndirməyə imkan verir. Məsələn, toxunduğumuz mövzunun tanınmış tədqiqatçılarından olan Tomas Stoinerə görə, informasiya mövcuddur, onun yaşamaq üçün hamı tərəfindən qəbul edilməklə, anlaşılmaqla, hər hansı bir məna kəsb etməklə bağlı “fobiya”sı yoxdur. О, sadəcə mövcuddur [16, s.21]. Amerikalı filosof-kulturoloq Teodor Roszak da problemə oxşar münasibət nümayiş etdirərək bildirir ki, informasiya cəmiyyətinin nəzəriyyəçiləri üçün bizim hər hansı bir faktmı, mühakiməmi, dərin fikirmi, ali həqiqət, yoxsa çirkin bir xəbərmi ötürməyimiz elə bir  əhəmiyyət kəsb etmir [15, s.14]. 
Belə bir nöqteyi-nəzər ideal, mükəmməl sayılmasa da, informasiyanın sosial-fəlsəfi təbiətini çox dəqiq əks etdirir. Nəticə etibarilə informasiyanın analoji traktovkasından çıxış edən V.D.Popov informasiya siyasətinin özünəməxsus tərifini iki baxış bucağından yanaşaraq təklif edir: 
a) KİV-in hakimiyyət üzərində nəzarəti və bu tandemin ictimai əhəmiyyət kəsb edən informasiyadan “dördüncü hakimiyyət”in səlahiyyətləri çərçivəsində istifadə edə bilməsi prizmasından;
b) Dövlət və vətəndaş cəmiyyətinin maraqları naminə siyasət subyektlərinin informasiya vasitəsilə insanların şüur və psixikasına, davranış və fəaliyyətlərinə təsir edə bilmək imkanı və qabiliyyəti prizmasından. 
Müəllif hesab edir ki, dövlət informasiya siyasəti dövlətin vətəndaşların informasiya əldə etməklə bağlı konstitusion hüquqlarının təmin edilməsinə yönəlmiş siyasi, hüquqi, iqtisadi, sosiomədəni və təşkilati tədbirlərinin məcmusundan ibarətdir. “DİS – insan fəaliyyətinin dövlətin və vətəndaş cəmiyyətinin maraqlarının təmin edilməsinə yönəldilmiş informasiyaların istehsalı və yayılması ilə bağlı məxsusi sahəsidir” [10, s.11-12].
Hər iki nöqteyi-nəzər hadisənin mahiyyətini hər nə qədər ifadəli təqdim etsə də, informasiya siyasətinin texniki-texnoloji komponentləri, həmçinin informasiya texnologiyalarının layihələndirilməsi və tətbiqi kimi çox vacib bir istiqaməti “unutduğuna görə” mükəmməlliyə, dolğunluğa iddia edə bilmir.
 
2. Dövlət informasiya siyasətinin konsepti
 
“Dövlət informasiya siyasəti” anlayışı istər elmi, istərsə də ictimai-siyasi leksikonda istifadə və istinad intensivliyinə malik anlayışlardandır. Ondan siyasətin fəlsəfəsi, nəzəri və müqayisəli politologiya, sosial və siyasi psixologiya, siyasi menecment, kommunikavistika və digər bilik sahələrində istifadə edilir. Digər tərəfdən isə “dövlət informasiya siyasəti” anlayışına müxtəlif siyasi deklarasiya, konsepsiya və digər normativ sənədlərdə təsadüf etmək mümkündür.
“Dövlət informasiya siyasəti” termini artıq xeyli vaxtdır ki, siyasi nəzəriyyə və praktikanın lüğəvi söz ehtiyatında “vətəndaşlıq hüququ” qazansa da, akademik və ictimai-siyasi mühitdə həmin anlayışın mahiyyəti ilə bağlı diskussiyalar səngimir.   
İnformasiya siyasətinə digər bir baxışı nəzərdən keçirək. Prof. A.İ.Rakitovun fikrincə, informasiya siyasəti vacib sosial məqsədlərin əldə edilməsinə yönəlmiş xüsusi fəaliyyətdir [11, s.10]. Təbii ki, məsələyə baxış bucağını bir qədər genişləndirsək, onda belə bir ümumi yanaşmanın da  anlayışın əsas mahiyyətini açmaqda çətinlik çəkdiyini görərik. Belə bir xarakteristika informasiya siyasəti də daxil olmaqla siyasətin istənilən növünə tətbiq edilə bilər. Amma burada belə bir xüsusiləşdirici məqamı qeyd etmək mümkündür ki, özünün geniş anlamında informasiya siyasətinin obyektini bütövlükdə cəmiyyət həyatının informasiya sferası təşkil edir.
Qeyd olunmalıdır ki, dövlət informasiya siyasətinin bir qayda olaraq iki aspekti fərqləndirilir: texnoloji (informasiya mühiti  komponentlərinin inkişaf prosesinin tənzimlənməsi) və məzmun (ictimai-siyasi proses iştirakçılarının kommunikasion fəaliyyətinin prioritetləri).
Dövlət informasiya siyasətinin obyektləri sırasına çap kütləvi informasiya vasitələri (qəzet, jurnal, kitab), elektron KİV (televiziya, radio, internet), rabitə vasitələri, informasiya hüququ və informasiya təhlükəsizliyi daxildir.
Problemin görkəmli tədqiqatçılarından olan Y.A.Nisneviç dövlət informasiya siyasətini dövlət hakimiyyəti tərəfindən həm cəmiyyət və dövlət fəaliyyətinin bütün sahələrində informasiya mübadiləsi proseslərini, həm də belə bir qarşılıqlı əlaqəni texnoloji cəhətdən təmin edən prosesləri tənzimləyib təkmilləşdirmək məqsədi ilə informasiya sferasında milli maraqları, idarəemə qərarlarının strategiyası, taktikası və onların reallaşdırılması metodlarını təcəssüm etdirən məqsədlər məcmusu kimi nəzərdən keçirməyi təklif edir  [8, s.22].
Belə bir tərif ilk baxışdan dövlət informasiya siyasətinin mahiyyətini əks etdirsə də, funksional nöqteyi-nəzərdən ideal, tam təkmil sayıla bilməz. Belə ki, bu və ya digər milli maraqları təcəssüm etdirən məqsədlərin məcmusu dövlət səviyyəsində bu və ya digər siyasətin mövcudluğunun zəruriliyini müəyyənləşdirən ideoloji zəmində yerləşir.
Ona görə də hesab edirik ki, Azərbaycanın informasiya sferasındakı milli maraqlarının, bu məqsədə nail olmaq üçün işlənib hazırlanmış strateji istiqamətlərin, eləcə də həmin maraqları reallaşdırmaq üçün tədbirlər sisteminin ehtiva olunduğu Dövlət informasiya siyasəti konsepsiyası hazırlanarkən ideoloji kontekst nəzərə alınmaq şərtilə funksional və kommunikativ aspektlər də yaddan çıxarılmamalıdır.
Qeyd etdiyimiz kimi, diqqəti informasiya siyasətinin yalnız texniki-texnoloji məqamlarına çəkən nöqteyi-nəzərlər də vardır. Bu cür fikirlərə bir qədər tənqidi yanaşmaq lazımdır. 
İnformasiya siyasəti anlayışının özünəməxsus bir şərhi də A.Q.Plitkoya aiddir. Müəllifə görə, informasiya siyasəti informasiya məkanı aktorlarının qarşıya qoyduqları məqsədlərə nail olmaq naminə özlərinə faydalı informasiyaların istehsalı və ötürülməsi fəaliyyətidir [9, s.48]. 
Bəzi tədqiqatçılar informasiya siyasətini dövlət siyasətinin fərqli şəkli kimi də nəzərdən keçirirlər. Belə bir anlamda dövlət siyasəti “...ictimai həyatda  hakimiyyətin önəm verdiyi üstün prioritet və dəyərləri ifadə edən sosial, iqtisadi, müdafiə və digər sferaları əhatə edən vəzifələrin məqsədyönlü həlli mexanizmi kimi” [12], eləcə də “...dövlət orqanlarının cəmiyyətin yalnız KİV-i deyil, həmçinin telekommunikasiya, informasiya sistemi və ehtiyatları, informasiyanın yaranması, qorunması, emalı, nümayişi və ötürülməsi ilə bağlı bütün münasibət və istehsal proseslərinin məcmusunu əhatə edən informasiya sferasının inkişafına yönəlmiş tənzimləyici fəaliyyəti kimi nəzərdən keçirilir” [7, s.56]. 
Hesab edirik ki, politoloji kontekstinə baxmayaraq, informasiya siyasətinin belə bir təsnifatı da dövlət və cəmiyyətin maraqları ilə determinə olmadığına (səbəb-nəticə əlaqəsinə girmədiyinə - X.N.)  görə kifayət qədər səthidir.  
Bu sırada Qərb alim-tədqiqatçısı U.C.Martinin informasiya siyasəti ilə bağlı fikirləri də maraq doğurmaya bilməz. Alim informasiya siyasətinin dəqiq təyinatını verməsə də, informasiya siyasətinin həyata keçirilməsi prosesinin əsas elementləri kimi aşağıdakıları göstərir: a) cəmiyyətin informasiya tələbatının identifikasiyası; b) həmin tələbatların təmin edilməsi vasitələrinin işlənilməsi; c) informasiya resurslarından səmərəli istifadənin stimullaşdırılması [6, s.115-123]. 
Müəllifə görə, informasiya siyasətinin əsas prinsipi informasiya mənbəyinə çıxış imkanıdır. Belə bir əlaqəni təmin edən strukturlar, adətən, informasiya texnologiyaları, innovasiya və telekommunikasiya xidməti kimi təqdim olunsalar da, nəticə etibarilə informasiya siyasətinin strukturları kimi fəaliyyət göstərirlər.
Beləliklə, heç şübhəsiz, dövlət informasiya siyasəti hər şeydən əvvəl vətəndaş cəmiyyəti, dövlət hakimiyyəti və yerli özünüidarənin “kəsişən informasiya sferalarının məcmusu”nu nəzərdə tutan informasiya məkanının yaradılması üzərində təşəkkül tapmışdır.
Bütün bunlar informasiya siyasəti fenomeninə müəyyən qədər aydınlıq gətirən dövlət informasiya siyasətinin əsas müddəalarını formalaşdırmaqla informasiya siyasəti fenomeninin mahiyyətini anlamağa yardım edir. 
Qoyulmuş məsələ konsept etibarilə yeni olsa da (əslində, başqa adlar altında tarixən mövcud olmuşdur – X.N.), onun tədqiqinin oturuşmuş elmi-nəzəri postulatları mövcuddur. İnformasiya siyasətinin paradiqmal səviyyədə işlənib hazırlanması və reallaşdırılmasının metodoloji bazası üç əsas tədqiqat modeli vasitəsilə təqdim olunur:
- klassik (imperativ, subyektiv, mexaniki);
- qeyri-klassik (relyativist, manipulyativ, obyekt-subyekt);
- postqeyri-klassik (sinergetik, dialoq, subyekt-subyekt) [5, s.118]. 
Qeyd etməliyik ki, informasiya siyasətinin hazırlanması və reallaşdırılması ilə bağlı olan müasir konsepsiyaların əksəriyyəti məhz sonuncu modelə əsaslansa da, digər metodologiyalardan istifadəni də istisna etmir.
 
3.  Milli və “implementar” təcrübə
 
İnformasiya siyasətinin həyata keçirilməsində, onun institusional təminatında müxtəlif ölkələrin təcrübəsi diqqətəlayiqdir. Məsələn, ABŞ kimi hər bir cəhətdən nəhəng bir ölkənin idarəetmə strukturlarının işinin yüksək səmərəlilik əmsalı bir çox hallarda məhz informasiya bazarındakı fəaliyyətlərinin keyfiyyət səviyyəsi ilə ölçülə bilər. Belə ki, bu ölkənin icraedici hakimiyyət sistemində informasiya texnologiyalarından istifadə ilə bağlı üzə çıxan ən müxtəlif spektrli məsələlərlə məşğul olan məxsusi qurumlar mövcuddur. Dövlət orqanları strukturuna həmçinin “baş informasiya məmurları şurası” adlı bir qurum da daxildir. Onun işində məsul dövlət qulluqçuları ilə yanaşı, müxtəlif informasiya agentliklərinin, iri kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edirlər. 
Maraqlı faktdır ki, şuranın həll etdiyi məsələlər informasiya sferasının inkişafı, hakimiyyət institutları ilə cəmiyyət arasında kommunikasiyanın təmin olunması, bütövlükdə informasiya ilə bağlı və ondan irəli gələn aktual sosial-kommunikasion yönlü problemləri əhatə etdiyinə görə daima dövlətin və bu sahədə fəaliyyət göstərən digər informasiya aktorlarının prioritetləri dairəsindədir. 
Əslində, model olaraq Azərbaycandakı Mətbuat Şurası öz amerikalı analoquna bənzəyir. Lakin onların həll etdikləri, yaxud həllinə mükəlləf olduqları məsələlərin dairəsi prinsip etibarilə və bəzi aparıcı istiqamətlər üzrə fərqlənir. 
İnformasiya siyasətinin təhlilində əsas elementlər kimi “siyasət” və “hakimiyyət” anlayışları çıxış edir. Siyasət anlayışı çoxmənalı olsa da, bariz təcəssümünü hakimiyyət institutları vasitəsilə ictimai əhəmiyyət kəsb edən maraqların həyata keçirilməsinə istiqamətlənmiş sosial subyektlərin fəaliyyətində tapır. Gəlin, nəzər salaq; sosial qruplar, siniflər, millətlər, dövlələr arasındakı hakimiyyət münasibətləri məhz siyasətdə təmərküzləşir. Bu mərhələdə çox vacib bir transformasiya baş verir – dövlət hakimiyyətinə malik olan sosial qruplar xalqın maraqları nəzərə alınmaq şərti ilə bu və ya digər siyasətin prioritet xətlərini müəyyənləşdirirlər. Beləliklə, dövlət informasiya siyasəti vətəndaş cəmiyyətinin maraqlarını reallaşdıraraq, ifadə edərək və qoruyaraq birbaşa dövlətin özünün maraqlarını müdafiə etmiş olur.
Dövlət informasiya siyasəti bütövlükdə siyasətin spesifik forması kimi tədqiqatçılar tərəfindən müxtəlif cinahlardan təhlil edilir. Məsələn, sistemli yanaşma metoduna üstünlük verən E.P.Tavokin bu siyasəti “... dövlət hakimiyyəti orqanlarının (fəaliyyəti) mövcud ideoloji doktrina əsasında hədəf məqsədlər və informasiya siyasətinin səmərəliliyinin ölçü kriteriyalarının işlənib hazırlanması istiqamətləri üzrə məqsədyönlü fəaliyyəti; dövlət daxilində və onun sərhədlərindən uzaqlarda baş vermiş az-çox sosial əhəmiyyət kəsb edən hadisələrlə bağlı aktual məlumatların əldə edilib qorunması; toplanmış məlumatların qəbul olunmuş ideoloji qaydalara müvafiq olaraq adaptasiyası, interpretasiyası, sıralannması və prioritetinin müəyyənləşdirilməsi; həmin məlumatların hər şeydən öncə dövlət kanalları və kütləvi kommunikasiya kanalları vasitəsilə tirajlanıb yayılması; dövlət və qeri-dövlət strukturlarının mətbuat xidmətlərinin fəaliyyətinin uzlaşdırılması; informasiya sektorunda çalışan kadrların məqsədyönlü şəkildə ixtisasartırması” və s. kimi dəyərləndirir [13]. 
Üst-üstə 11 istiqamət üzrə kriteriyalaşdırılmış belə bir təsnifat heç vəchlə ideallığa iddia etmir. Belə ki, cəmiyyətin və ictimai münasibətlərin inkişaf ahəngi dövlətin diqqətini və tənzimləməsini tələb edən yeni-yeni istiqamətlərlə çıxış edir. Məsələn, dövlət informasiya siyasətinin vahid informasiya məkanının formalaşması, reklam məhsullarının istehsalı və yerləşdirilməsi bazarına dövlətin təsiri, informasiya sferasında yüksək texnologiyaların inkişafı və tətbiqinə dövlət dəstəyi və digər məsələlər Azərbaycan reallığında da aktuallığını qoruyub saxlayır.
Heç şübhəsiz, bu sırada vahid informasiya məkanının yaradılması, rəqəmsal teleyayıma keçid, konvergent medianın təşəkkül tapması və s. kimi minimum məsələlər var ki, onların həlli yaxın perspektivdə mümkündür. Amma eyni zamanda dövlət informasiya siyasətinin “mass-media”da peşəkarlığın və mədəni səviyyənin  artırılması kimi taleyüklü əhəmiyyət kəsb edən “başağrısı” da var ki, onun reabilitasiyasına kifayət qədər vaxt tələb olunur. Yaxud da daha bir heç də az əhəmiyyətli olmayan məqam: cəmiyyətlə hakimiyyət arasında KİV üzərindən həyata keçirilən konstruktiv dialoq həmişə aktual olaraq qalacaqdır. Belə ki, bu, həmişə yeni, qarşılıqlı əlaqənin daha kreativ və təsirli formalarını axtarıb tapmağa təhrik edən, qəfil peyda olmuş situasiyalar və obyektiv şərtlər daxilində yetişən ictimai problemlərlə bağlı bu münasibətlərin hüquqi, təşkilati, psixoloji və digər məsələlərinin həllini tələb edən permanent prosesdir. 
Bütövlükdə isə təqdim etdiyimiz “formul” dövlətin informasiya siyasətinin strateji məqsədini bütün təfərrüatları ilə açıqlayır.
Yuxarıdakı qeydlərimizə yekun olaraq qeyd edək ki, Azərbaycanda informasiya siyasətinin məqsədi heç də informasiya cəmiyyətinin formalaşması zərurəti ilə şərtlənmir. Heç şübhəsiz, belə bir məqsəd dövlət tərəfindən qəbul edilmiş müxtəlif proqram və konsepsiyalarda, məsələn, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında,  Azərbaycan Respublikasında İnformasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulmuşdur və bu həm strateji, həm də ümumnəzəri nöqteyi-nəzərdən məqbul sayılır. Ancaq bununla belə, müasir dünyada beynəlxalq güclərin yeni konfiqurasiyası, beynəlxalq münasibətlərin yeni dünya sahmanına uyğun dizaynı, maraq və mənafelərin kooperasiya və differensiasiyası, mövcud siyasi reallıqlar şəraitində, habelə informasiya sferasında milli maraqların prioriteti və qorunmasının zərurətindən çıxış edərək şəxsiyyət - cəmiyyət - dövlət üçbucağında hər bir aktorun informasiya təhlükəsizliyinin qorunmasının informasiya siyasətinin sıradan deyil, başlıca, aparıcı məqsədinə çevrildiyinin vacibliyini təsbit etməyi məqsədəuyğun sayırıq.  
Eləcə də Azərbaycan Respublikasının dövlət informasiya siyasəti konsepsiyasının işlənib-hazırlanması və qəbul olunmasını da vacib və hətta bir qədər geçikmiş zərurət hesab edirik. Məsələn, Rusiya Federasiyasının Dövlət Dumasında qəbul edilmiş analoji sənəd dövlət informasiya siyasətinin işlənib hazırlanmasının   ölkənin informasiya cəmiyyətinin inkişafının yeni mərhələsinə keçidini və dünya informasiya birliyinə inteqrasiyasını təmin etməyə hesablanmış strateji məqsədlərini müəyyənləşdirmişdir [2]. 
Hesab edirik ki, müasir şəraitdə gənc və müstəqil Azərbaycan dövlətinin informasiya siyasətinin əsas məqsədi informasiya cəmiyyətinin aparıcı trend,  tendensiya və prinsiplərinin formalaşması ilə məhdudlaşmamalıdır. Əksinə, belə bir platformadan, onun informasiya inqilabı ilə əlaqədar olan struktur və üstünlüklərindən dövlətin milli maraqlarının həyata keçirilməsi, cəmiyyətdəki həmrəylik, iqtisadi rifah, təhlükəsizlik və mənəvi-əxlaqi sağlamlıq mühitini təmin edən institutların səmərəli fəaliyyəti üçün istifadə edilməlidir.
Diqqətəlayiq faktdır ki, informasiya sferasının dövlət idarəetməsinin strategiya və taktikasında milli maraqların üstünlüyü aparıcı xətt kimi keçir. Bunu ölkə Prezidenti İlham Əliyev demək olar ki, bütün çıxışlarında çox vacib element kimi qabardır. Digər tərəfdən, informasiya siyasəti mahiyyət etibarilə qarşılıqlı informasiya proseslərinin nizamlanmasına və təkmilləşdirilməsinə xidmət edir ki, bu da nəinki transmilli əhəmiyyətli nəqliyyat kommunikasiyalarının, eləcə də beynəlxalq informasiya trafiklərinin qovşağında yerləşən Azərbaycan üçün müstəsna geosiyasi dividend deməkdir. 
Bu nöqtədə bizim fikrimiz dövlət informasiya siyasətini dövlətin vətəndaş cəmiyyəti institutları ilə birlikdə informasiya proseslərinin tənzimlənməsi, informasiya cəmiyyətinin ölkənin milli maraqlarının prioritetləri kontekstində formalaşması və inkişafı, şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin olunması, cəmiyyətin bütün sferalarında anlaşma və  vəhdətin əldə edilməsi, habelə vətəndaş həmrəyliyi və sabitliyin bərqərar olması vasitəsi kimi müəyyənləşdirən tədqiqatçıların fikirləri ilə üst-üstə düşür.
 
Nəticə
 
Beləliklə, müasir cəmiyyətdə sosial və siyasi münasibətlərin tənzimlənməsi sistemində aparıcı yerlərdən biri informasiya məkanında  dövlət hakimiyyəti və idarəetmə orqanlarının vətəndaş cəmiyyəti institutları ilə birlikdə Azərbaycan vətəndaşlarına əlverişli mühitin, o cümlədən informasiya mühitinin yaradılmasına yönəlmiş bir fəaliyyət kimi dövlət informasiya siyasətinə məxsusdur.
Ölkənin tələblərinə, müasir dünyanın gerçəkliklərinə adekvat olan, düşünülmüş, ölçülüb-biçilmiş dövlət siyasəti şəxsiyyətin, cəmiyyət və dövlətin milli maraqlarını və informasiya-psixoloji təhlükəsizliyini təmin etməyə qadirdir. Azərbaycan üçün informasiya siyasəti ilə bağlı məsələlər hər nə qədər yeni olsa da, dövlət hakimiyyəti orqanları ölkə daxilində və beynəlxalq aləmdə cərəyan edən proseslərə adekvat reaksiya verməli, mövcud informasiya siyasətinə zəruri dəyişiklik və təshihlər etmək, baş verən hadisələrə anında münasibət sərgiləmək məqsədilə cəmiyyətin və informasiya məkanının vəziyyətinin fasiləsiz monitorinqini aparmalıdırlar.
İctimai maraq doğuran, cəmiyyət üçün hər hansı bir əhəmiyyət kəsb edə biləcək informasiyanın KİV üzərindən, eləcə də vasitəçilər olmadan birbaşa xalqa çatdırılması əhalinin hakimiyyətə inam və güvənini artırmağa, virtual kommunikasiya – yeni media subyektləri vasitəsilə xəbər bazarına daxil olaraq ictimai rəyi manipulə etmək, sapdırmaq məqsədi güdən informasiyaların təsir gücünü azaltmağa hesablanmışdır.
 
 
İstifadə edilmiş ədəbiyyat:
 
Rus dilində:
 
1.   Аристотель. Политика. Метафизика. Аналитика. - М.: Москва Эксмо, 2008, 960 стр.
2.   Концепция государственной информационной политики Российской Федерации. Принята государственной Думой Федерального Собрания Российской Федерации 15 октября 1998 г. / Под ред. О. Финько. - М, 1999.
3.   Кули Ч. Общественная организация. Изучение углубленного разума. Пер с англ. 
       Л. Марченко // Тексты по истории социологии XIX–XX веков: хрестоматия. М., 1994 
4.  Мак Куэйл Д. Теория массовой коммуникации // Контексты современности - 2: хрестоматия. Казань, АБАК, 1998.
5.   Маркелов К. В. Информационная политика и общественный идеал: Монография.  М., изд-во РАГС, 2005. 
6.  Мартин У. Дж. Информационное общество (Реферат) // Теория и практика общественно-научной информации. Ежеквартальник / АН СССР. ИНИОН; Виноградов В.А. (гл. ред.) и др. - М., 1990,  № 3, c.115-123.
7.   Мелюхин И.С. Информационное общество: истоки, проблемы, тенденции развития. М.: МГУ, 1999
8.   Нисневич Ю. А. Информационная политика России: проблемы и перспективы. - М.: Фонд «Ноосфера», 1999.  
9.   Плитко А.Г. Государственная информационная политика Российской Федерации: понятие, принципы и направления реализации. Дис. ... канд. полит. наук. М., 2005.
10. Попов В.Д. Информациология и информационная политика. М.: Изд-во РАГС, 2001.
11. Ракитов И. Информационная технология и информационная политика: научно-информационное исследование. М., 1994
12. Соловьев А.И. Политология: Политическая теория, политические технологии: Учебник для студентов вузов. М.: Аспект-Пресс, 2001. 
13. Тавокин Е.П. Системные основы государственной информационной политики. // В кн.: Массовые информационные процессы в современной России. Очерки. Отв. ред. А.В. Шевченко. М.: РАГС, 2002.
14. Устинович Е.С. К вопросу о понятии современной политики государства в сфере информационных технологий. // «Сравнительная политика», М., 2013, № 2(12), 
      с. 4-10.
 
İngilis dilində:
 
15. Roszak T. The Cult of Information: The Folklore of Computers and the True Art of Thinking. - Cambridge: Lutterworth, 1986. 
16. Stonier T. Information and the Internal Structure of the Universe: An Exploration into Information Physics. - London: Springer-Verlag, 1990. 
 
 
Khalid  Niyazov
State information policy: classical approaches,modern concepts
 
State information policy is initially based on the construction of an information space in the state, which is primarily a "set of overlapping information spheres" of civil society, state power and local self-government. Preparation, development and adoption of the concept of the state information policy of the Republic of Azerbaijan is considered quite important and even a little out-of-date necessity.
The information policy essentially is aimed at regulating and improving the interconnected information processes, which is a special geopolitical dividend for Azerbaijan located at the junction of transnational transport communications and international information traffic.
It should be emphasized that, since the state information policy holds a specific place among the fundamental elements of the public administration system, there is a serious necessity for its theoretical and methodological study.
 
 
Халид Ниязов
Государственная информационная политика: 
классические подходы, современные концепты
 
Государственная информационная политика изначально основана на построении информационного пространства в государстве, которое представляет собой, прежде всего, «совокупность пересекающихся информационных сфер» гражданского общества, государственной власти и местного самоуправления. Подготовка, разработка и принятие концепции государственной информационной политики Азербайджанской Республики считается достаточно важной и даже несколько запоздалой необходимостью.
Информационная политика, по существу, направлена на регулирование и усовершенствование взаимосвязанных информационных процессов, что является особым геополитическим дивидендом для Азербайджана, расположенного на стыке транснациональных транспортных коммуникаций и международного информационного трафика.
Следует подчеркнуть, что, так как государственная информационная политика занимает особое место среди основополагающих элементов системы государственного управления, существует серьезная необходимость в ее теоретическом и методологическом изучении.
 
 
Məqalə redaksiyaya daxil olmuşdur: 24.07.2017
Təkrar işləməyə göndərilmişdir: 18.08.2017
Çapa qəbul edilmişdir: 25.09.2017
© 2011-2018. Müəlliflik hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qorunur. Bütün hüquqlar "Strateji təhlil" jurnalına aiddir. Məlumatlardan istifadə edərkən stj.sam.az saytına istinad zəruridir.