Məqalələr

Beynəlxalq münasibətlər sistemində müstəqil və çoxşaxəli xarici siyasət yürüdən ölkə kimi Azərbaycanın hərtərəfli inkişafı İlham Əliyevin on beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsidir Türk Dövlətləri Birliyi beynəlxalq hüququn subyekti kimi: ideya və reallıq “Kritik infrastruktur” nədir və təhdidlərdən necə qorunur: dünya təcrübəsi və Azərbaycanda tətbiqinin zəruriliyi Ermənilərin "soyqırım" iddiaları və onun beynəlxalq siyasətdə yeri Армянский фактор в разведывательной деятельности великих держав на Кавказе в 1801 – 1828 гг. Ermənilərin Tbilisi şəhərinə iddiaları Gürcüstanın bələdiyyə sistemində ermənilərin separatçı fəaliyyəti Политологическое образование в Азербайджанской Республике: специфика, современное состояние и стратегия развития Информационная политика в Азербайджане в условиях политико-экономических трансформаций Azərbaycanın ali təhsil sistemi yeni dəyişikliklər mərhələsində Azərbaycanın dövlət idarəçiliyi sistemində keyfiyyət menecmentinin müasir vəziyyəti Cənubi Qafqazda miqrasiya prosesləri Dövlət-özəl əməkdaşlığı bugünkü iqtisadi anlamda Qlobal iqtisadi normallaşma: yüksələn iqtisadiyyatlı ölkələr üçün dayanıqlı inkişaf çağırışları Военное дело и военное искусство в Азербайджане в древний период Учреждения для иностранных военнопленных и интернированных граждан в Азербайджанской ССР в 1944 – 1950 гг. (численность, дислокация, смертность контингента) Ukrayna azərbaycanşünaslığının banisi A.Krımski Качественные параметры партийных кадров в Азербайджанской ССР в 1920-1930-е гг. Политические отношения между Азербайджанским государством Сефевидов и государством Великих Моголов (1526-1576 гг.) Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsilin milliləşdirilməsi və dövlət dilinin tətbiqi Tam siyahı

Ermənilərin "soyqırım" iddiaları və onun beynəlxalq siyasətdə yeri

Müəllif: Strateji Tehlil Jurnali

baxılıb: 53

Yan 5, 2019 - 12:45

Emin ŞIXƏLİYEV

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun 
şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent 

emin.amea@yahoo.com

 

Ermənilərin "soyqırım" iddiaları və onun beynəlxalq siyasətdə yeri

Açar sözlər: 1915-ci il hadisələri, ermənilərin "soyqırım" iddiaları, Osmanlı imperiyası, təhcir siyasəti, holokost, beynəlxalq siyasət

Key words: events of 1915, Armenians’ "genocide" claims, Ottoman Empire, relocation policy, holocaust, international policy 

Ключевые слова: события 1915 года, претензии армян на "геноцид", Османская империя, иммиграционная политика, холокост, международная политика 

 

Giriş

Məqalədə ermənilərin 1915-ci il hadisələrində türklər tərəfindən soyqırıma məruz qaldıqları yönündə ortaya atdıqları iddialar, bu tarixdə baş verən hadisələrin əslində soyqırım, yoxsa müdafiə xarakterli tədbir məqsədli olduğu tədqiq edilməklə yanaşı, yəhudi soyqırımı arasında paralelliyin aparılması cəhdləri də təhlil edilmişdir. Qeyd etmək lazımdır ki, ermənilərin "soyqırım" iddiaları beynəlxalq siyasətdə o dərəcədə aktuallaşıb ki, bu məsələdən siyasi və dini vasitə kimi istifadə edilir. Bu baxımdan məqalədə diqqət mərkəzinə gətirilən mövzular üç yarımbaşlıq altında nəzərdən keçirilir. 1915-ci ildə hadisələr hansı aspektdə cərəyan etmişdir? Qondarma "erməni soyqırımı" ilə yəhudi holokostu arasında hər hansı bir bənzərlik varmı? Ermənilərin "soyqırım" iddialarının beynəlxalq siyasətdə rolu nədən ibarətdir? Bu kimi çoxsaylı suallara məqalədə cavab axtarılmış və müqayisəli şəkildə təhlil aparılmışdır.  
 
1. 1915-ci il hadisələri: "erməni soyqırımı", yoxsa təhcir?
 
24 aprel 1915-ci il hadisələri ermənilərin milli düşüncəsində “Böyük fəlakət – Meds Yeqhern” [20, s.3], Qərb dünyasında isə “tarixdə soyqırıma məruz qalmış ilk xristian millət” olaraq xarakterizə olunur. Məhz bu düşüncənin təsiridir ki, ermənilər Qərb-xristian dünyasından ilham alaraq hər il aprel ayının 24-də soyqırım iddialarını bütün dünya ölkələrinin, xüsusilə də böyük dövlətlərin parlamentlərinin gündəminə gətirirlər. Halbuki ermənilərin iddia etdikləri bu hadisə soyqırım olmayıb, Osmanlı dövlətinin öz təhlükəsizliyi naminə erməni üsyanlarının və türklərə qarşı törədilən qırğınların qarşısını almaq məqsədilə hazırladığı müdafiə tədbirləri idi. Belə ki, 1915-ci il aprelin 24-də erməni komitələri və partiyalarının fəaliyyətinə son qoyulmuş, İstanbulda yüzlərlə erməni terroristi həbs edilmişdir. Bəzi tədqiqatçılara görə, bu rəqəm 2345 [6, s.186; 10, s.213; 18, s.22; 19, s.146], digərlərinə görə isə 235-dir [26, s.88; 31, s.78]. Yəni burada heç bir ölüm və cinayət hadisəsindən söhbət gedə bilməz. Ermənilər komitə üzvlərinin həbs edildiyi 24 aprel tarixini "soyqırım günü" elan etmişlər. Əgər söhbət Osmanlı hökuməti tərəfindən ermənilərin təhcirindən gedirsə, onların yerlərinin dəyişdirilməsinə qərar verilən "Təhcir" (Köç) qanunu 27 may 1915-ci il tarixində qəbul edilmişdir [12, s. 61; 19, s. 259; 23, s. 131]. Yəni “24 aprel” ermənilərin iddia etdikləri kimi soyqırıma səbəb olan köçürülmə tarixi deyil, "Daşnaksütyun", "Hınçak", "Ramqavar" kimi komitələrin üzvlərinin həbs olunduğu tarixdir. Həbs olunan ermənilərin sıravi vətəndaş olmayıb, komitə və terror təşkilatlarının üzvləri olduqları ingilis kəşfiyyat orqanları tərəfindən də təsdiq edilmişdir. Belə ki, Misirdəki ingilis hərbi idarəsinə göndərilən məlumatda qeyd olunur: "24 aprel 1915-ci il tarixdə 3 erməni ruhanisi, erməni qəzeti “Puzantion”un sahibi də aralarında olmaqla çox sayda erməni ələ keçirilmişdir, tezliklə onlar Ankaraya göndəriləcəklər. Həbs olunanların 500-ü "Daşnak", 500-ü "Hınçak", digərləri isə "Ramqavar" təşkilatının üzvləridir" [6, s. 186].
Qeyd edilməsi vacib olan məsələlərdən biri də budur ki, təhcir (köçürülmə) və buna bağlı olaraq “erməni soyqırımı” adı ilə önə sürülən hadisələrin əsl kökü Osmanlı dövlətinin müstəqil bir dövlət kimi müharibə əsnasındakı qanuni müdafiə hüquqlarını qorumaq istəyindən qaynaqlanmışdır. Bu da bir həqiqətdir ki, 1915-ci ildə qəbul edilən “Təhcir" qanunu sadəcə ermənilərə deyil, Osmanlı dövlətinə qarşı üsyan və düşmənlərlə əməkdaşlıq edənlərə qarşı tətbiq edilmişdir. Qanunun heç bir maddəsində “erməni” kəlməsinə rast gəlinmir  [4, s. 124; 19, s. 149; 25, s. 605].
Burada soyqırım ifadəsinə həm lüğəvi, həm də beynəlxalq hüquq qaydaları baxımından açıqlıq gətirməyi vacib hesab edirik. Məlumdur ki, etnik, milli və dini səbəblərdən silahsız və müdafiəsiz insanların məhv edilməsi soyqırım hadisəsi hesab edilir [22, s. 630-631]. Həqiqətənmi Osmanlı vətəndaşı olan silahsız və müdafiəsiz erməni xalqı türklər tərəfindən milli və dini səbəblərdən soyqırıma məruz qalmışdır? 
Tarix boyunca ərazisində yaşayan etnik azlıqlarla münasibətlərini müasir dövlətlərdən belə üstün bir səviyyədə quran Osmanlı dövlətinin XX əsrdə belə bir cinayət törədə biləcəyini düşünmək son dərəcə yanlışdır. Hər şeydən əvvəl ona görə ki, əgər milli baxımdan sırf ermənilər hədəf alınsaydılar, Osmanlı dövründə onlardan paşa, nazir, millət vəkilləri çıxa bilərdimi? 
Osmanlı imperiyasındakı azlıqların vəziyyəti obyektiv baxışla dəyərləndirilərsə, ermənilərin, hətta rumların dil və din azadlığına sahib olduqlarını, hərbi xidmətə çağrılmadıqlarını, ticarət etmə haqqını əldə etdiklərini, dövlətin yüksək səviyyəli vəzifələrini tutduqlarını görmək mümkündür. Tarixi mənbələrdən vaxtilə Osmanlı dövlətində "milləti-sadıka" (sadiq millət) olaraq xarakterizə edilən ermənilərdən 29 paşa, 22 nazir, 33 millət vəkili, 7 səfir, 11 baş konsul, 11 universitet müəllimi və 41 yüksək rütbəli məmurun fəaliyyət göstərdiyi məlum olur [ətraflı məlumat üçün bax: 4, s. 121; 15, s. 137-152; 19, s. 9; 43]. Hətta Osmanlı dövlətində ermənilərə “əhli-kitab” statusu çərçivəsində dini tolerantlıq da göstərilmiş, çox sayda erməni kilsəsinin açılmasına icazə verilmişdir [8, s.156-158].
Göründüyü kimi, çoxsaylı uydurma və yalanların əksinə, ermənilər Osmanlı dövlətində maddi rifaha və xoş güzərana, iqtisadi və mədəni tərəqqiyə nail olmuşdular. Onlar bir sıra aparıcı amilləri əsas götürərək, xeyli sərvət toplamış və iqtisadi mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirmişdilər  [1, s.56].
Baş Nazirlik Osmanlı Arxivindəki sənədlər və bir çox elmi araşdırmaların nəticələri də bu fikri təsdiq edir ki, XVIII-XIX əsrlərdə Osmanlı iqtisadiyyatında ermənilər olduqca üstün mövqelərə malik olmuşlar  [41; 42].
Belə bir vəziyyətdə Osmanlı dövlətinin ermənilərə soyqırım tətbiq etdiyi şəklində önə sürülən iddiaların əsassız olduğu ortaya çıxır. Erməni iddialarının əksinə soyqırımına məruz qalan onlar deyil, türklər olmuşlar. Türkiyənin Hərb Tarixi və Strateji Etüd Dairəsi Nazirliyi Arxivinin (Askeri Tarih ve Stratejik Etüt Dairesi Başkanlığı Arşivi – ATASE) sənədlərində qeyd olunan məlumatlara görə, erməni kilsəsi və təşkilatlarının da bilavasitə dəstəyi ilə Anadolu türklərinə qarşı soyqırım gerçəkləşdirilmişdir [36, s. 1; 37, s. 33; 38, s. 83; 39, s. 159]. Yenə eyni sənədlərə görə, türklərə qarşı genişmiqyaslı cinayətlər törədən "Hınçaq", "Daşnaksütyun" və digər təşkilatlar Osmanlı Məclisindəki millət vəkilləri tərəfindən dəstəklənmişdir  [37, s. 41].
Erməni tarixçisi Dikran Kevorkyan yazır ki, Osmanlı dövlətinin ermənilərə qarşı yaxşı niyyətini, müsəlmanların ermənilərə eyni vətənin övladları olaraq göstərdikləri qardaşlıq duyğularını istismar edən komitələr dövlətin təməlinə dinamit qoymaqdan, vətən xaini olmaqdan, iki xalq arasında kin və nifaq toxumları əkməkdən əl çəkməmişlər. Onlar hər fürsəti dəyərləndirmiş, məqsədlərinə çatmaq üçün hər yola əl atmışlar. Xüsusilə bu yolda ruhani liderlərindən, müəllimlərdən, əli qələm tutanlardan öz niyyətlərini həyata keçirmək üçün istifadə etmişlər [16, s. 245].
Ermənilərin təşkilatlanaraq silahlı dəstələr yaratdıqları sənədlərlə sübut edildiyinə görə, cərəyan edən hadisələrə birmənalı olaraq “soyqırım” demək yerinə, bu hadisələri ermənilərdən qaynaqlanan və onların başladığı “üsyan” və bu üsyana qarşı Osmanlı dövlətinin öz qanuni səlahiyyətlərindən istifadə edərək gördüyü tədbirlər kimi xarakterizə etmək daha doğru olardı. Dünya miqyasında dövlətlərin bu cür tədbirlər həyata keçirdiyinə dair çoxlu nümunələr mövcuddur. Məsələn, 1939-1940-cı illərdə Fransa hökuməti Almaniyanın sərhəd bölgələrində yaşayan elzaslıları Fransanın cənub-qərbində yerləşən Dordoqnaya köçürmüşdü. Bundan başqa, Amerikan hökuməti də Yaponiyanın gerçəkləşdirdiyi Pörl Harbur hücumundan sonra yapon mənşəli amerikan vətəndaşlarını Pasifikdən Missisipi vadisinə köçürmüşdü [26, s. 42].
"Təhcir" qanunu çərçivəsində ermənilərin maddi baxımdan zərər görməmələri və geridə qalan mallarının tam dəyəri hesablanaraq sahiblərinə verilməsi üçün dövlət tərəfindən görülən tədbirlər "soyqırım" iddialarını tarixi faktlarla təkzib edən dəlillərdir (bu barədə bax: 40, s. 129). Təhcir məsələsini "soyqırım" olaraq dünya dövlətlərinin müzakirəsinə çıxaran ermənilər köç vaxtı ölən insanların sayını da mübaliğəli şəkildə artırmaqdadırlar. Onlar bu rəqəmi 1,5 milyon olaraq göstərirlər. Halbuki o tarixlərdə Osmanlı imperiyasının sərhədləri daxilində bu qədər erməni yaşamırdı. Amerikalı tarixçi professor Stanford Şav (Stanford Shaw) həm Osmanlı, həm də Qərb mənbələrinə istinad edərək, 1890-cı ildə Osmanlı dövlətinin ərazisində 12.585.950 müsəlmana qarşılıq 1.139.053 erməninin, 1897-ci ildə 14.111.945 müsəlmana qarşılıq 1.162.853 erməninin, 1906-cı ildə 15.518.478 müsəlmana qarşılıq 1.140.563 erməninin və 1914-cü ildə isə 15.044.846 müsəlmana qarşılıq 1.229.007 erməninin yaşadığı haqqında çox maraqlı məlumatlar ortaya qoyur [32, s. 330]. 
Göründüyü kimi, XIX əsrin sonları, XX əsrin əvvəllərində Osmanlı dövlətinin sərhədləri daxilində yaşayan ermənilərin sayı 1 milyon ilə təxminən 1,3 milyon arasında dəyişir. Digər bir tərəfdən, tarixi mənbələrdə təhcir qərarına əsasən 700 min erməninin köçürülməsi ilə bağlı məlumatlar öz əksini tapır [33, s. 300; 34, s. 34; 35, s. 25]. Görkəmli türk tarixçisi Kamuran Gürün qeyd edir ki, ermənilər tərəfindən göstərilən ölü sayı 1915-ci ildə 300 mindən başlamış, 1980-ci illərdə 2 milyona çatmışdır. İllər keçdikcə bir millətin əhalisinin artması normal bir hadisədir, lakin müəyyən bir tarixdə ölmüş insanların zaman keçdikcə sayının artması isə çox qəribə bir icaddır [10, s. 223]. 
Müqayisəli təhlillər əsasında ortaya çıxan məqam budur ki, 1,5 milyon erməninin "soyqırıma" uğradığı şəklində ortaya atılan iddialar heç bir reallığı əks etdirmir. Tərəfsiz olaraq məsələyə yanaşılarsa, ortada "soyqırım" kimi bir hadisənin baş vermədiyi açıq şəkildə görünür. Əgər bu qədər insan kütləvi qırğına məruz qalıbsa, o zaman I Dünya müharibəsinin sonunda sayı 1 milyonu keçən erməni əhalisi necə sağ qalmışdır? Eyni zamanda 1915-ci ildən sonra Fransa, ABŞ, İngiltərə, Rusiya, İran, Suriya və s. ölkələrə gedən ermənilərin saylarının o ölkələrin əhalisinin qeydiyyata alınması ilə bağlı statistik materiallar əsasında öyrənilməsi və hal-hazırda bu ölkələrdə yaşayan ermənilərin sayının təsbit edilməsi iddia edilən soyqırımın törədilib-törədilmədiyini ortaya qoyur. 
Burada diqqəti çəkən başqa bir məqam da var. Əgər iddia edildiyi kimi, 1,5 milyon erməni öldürülübsə, onlar harada dəfn olunublar? Kütləvi məzarlıq haradadır? Soyqırım kimi ağır ittihamlarla çıxış edən ermənilər sübut üçün kütləvi məzarlığı göstərmək məcburiyyətindədirlər. 
Köç əsnasında insanların müxtəlif xəstəliklərdən ölməsi mümkündür. Bu, inkaredilməz həqiqətdir, lakin bu hadisələri "soyqırım" adlandırmaq düzgündürmü? Digər tərəfdən, Osmanlı dövlətinə qarşı üsyan və düşmənlərlə əməkdaşlıq edən ermənilərin bu cür fəaliyyətləri qarşısında hökumət hansı addımları atmalı idi? Bu dövlətin sərhədləri daxilində yaşamasına baxmayaraq, xəyanət edənlərə qarşı Osmanlının həm hüquqi, həm də təhlükəsizliyi qorumaq baxımından belə bir yola əl atması qanun çərçivəsində deyildirmi? 
Amerikalı tarixçilər Castin və Karolin Makkarti qardaşları yazırlar ki, ermənilərin bəzi bölgələrdən köçürülməsinə yönəlik Osmanlı hökumətinin niyyəti xarici qüvvələrlə əməkdaşlıq içərisində olan ermənilərin üsyan hərəkətlərinin təhlükəli səviyyəyə çatmasına mane olmaq idi. Bu niyyət tamamilə hərbi təhlükəsizlik səbəbindən qaynaqlanırdı. Ermənilərin strateji bölgələrdəki varlığını dövlət üçün təhlükə olaraq dəyərləndirən hökumət onları bu bölgələrdən uzaqlaşdırmağı qərara aldı [30, s. 52]. 
Hadisələri sırf obyektivlik prizmasından dəyərləndirsək görərik ki, hər iki tərəfdən də ölənlər və öldürülənlər olmuş, hər iki tərəf də ağır nəticələrlə qarşılaşmışdır. Amma bu soyqırım deyil, müharibə idi. Eyni zamanda məsələnin dərinliyinə endikcə, köçürülmə hadisəsinə rəvac verən amilin Osmanlı dövləti deyil, bilavasitə erməni komitələri və təşkilatları olduqları açıq şəkildə görünür. Əgər onların başlatdıqları üsyanlar və Osmanlı dövlətinin parçalanmasına yönəlik xarici qüvvələrlə əməkdaşlıq fəaliyyətləri olmasaydı, heç şübhəsiz, təhcir (köç) hadisəsinə ehtiyac da qalmayacaqdı.  
Ermənilərin düşmənlərlə əməkdaşlıq çərçivəsində üsyan və qırğın hərəkətlərinin artması səbəbindən Osmanlı dövlətinin həyata keçirdiyi tədbirlər və bu tədbirlərin tətbiq olunması əsnasında müxtəlif səbəblərdən meydana gələn itkilər ermənilər tərəfindən dünya dövlətlərinin diqqətini çəkmək üçün təbliğat silahı kimi istifadə edildi. Bugünkü siyasət də eyni istiqamətdə aparılmaqdadır.
 
2. Qondarma "erməni soyqırımı" ilə holokost (yəhudi soyqırımı) arasında paralelliyin aparılması cəhdləri
 
Bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, ermənilər bu iddiaları gündəmə gətirərkən qondarma "erməni soyqırımı" ilə yəhudi soyqırımı, daha doğrusu, holokost (holocaust) arasında oxşarlıq yaratmaq və paralellik aparmaq strategiyasını əsas götürürlər. 1915-ci ildə baş verən hadisələri “pre-holokost” (pre-holocaust), yəni “holokost öncəsi holokost” adlandıran ermənilərin iddialarına görə, nasistlər tərəfindən yəhudilərə tətbiq edilən soyqırım ilə ermənilərə tətbiq edilən soyqırım arasında heç bir fərq yoxdur. Hətta türklərin bu cinayətlərindən cəsarət alan nasistlərin məhz bunun nəticəsində yəhudiləri soyqırıma uğratdıqları ermənilər tərəfindən önə sürülür [49].
Bəzi nüfuzlu dairələr guya Hitler tərəfindən söylənilən “Artıq kim erməni soyqırımını xatırlayır ki?” sözlərindən hər fürsətdə istifadə etməkdə [29, s. 115] və Hitlerin bu soyqırım fikrini türklərdən mənimsədiyini önə sürməkdə, eyni zamanda dünya ictimaiyyətinə faşistlər tərəfindən törədilən yəhudi soyqırımı ilə qondarma "erməni soyqırımı" arasında əlaqə qurmaq məqsədilə “türklərin gizli yazışmaları” adı altında ermənilərin vəhşicəsinə öldürülmələrini əmr edən saxta sənədlər təqdim etməkdədirlər [14, s. 62]. Həqiqətdə isə bu sənədlərin və Hitlerə aid edilən sözlərin heç bir əsası yoxdur. 
Yəhudi holokostu ilə paralellik aparmaq strategiyası erməni ideologiyasının tərkib hissəsidir. Lakin İsrail dövləti və yəhudi lobbisi təkidli şəkildə və sistematik olaraq 1915-ci il hadisələri ilə yəhudi holokostu arasında ermənilər tərəfindən irəli sürülən oxşarlığı və paralelliyi rədd edir. Ermənilərin belə bir strategiyanı əsas götürməyə çalışmaqda əsas məqsədləri yəhudilərin əldə etdikləri qazanclardan onların da yararlanmaq istəmələridir. Halbuki yəhudi holokostu ilə qondarma erməni soyqırımı arasında heç bir oxşarlıq yoxdur. Yəhudi holokostu təhlil edildiyi zaman ortaya çıxan ən mühüm amil əsrlər boyu yəhudilərə bəslənilən nifrətdir ki, bu da antisemitizmin meydana gəlməsinə səbəb olmuşdur. Digər bir ifadə ilə deyilsə, əsrlərdən bəri davam edən kin və nifrət duyğuları müəyyən bir dövrdə soyqırıma çevrilmişdir. Halbuki erməni problemini tədqiq edəndə türklər tərəfindən ermənilərə qarşı heç bir kin və nifrət duyğularının olmadığı ortaya çıxır.  
Digər tərəfdən, ermənilərdən fərqli olaraq yəhudi holokostunda silahlı üsyan baş verməmiş, yəhudilərlə cəmiyyət içərisindəki qruplar arasında silahlı münaqişələr cərəyan etməmişdir. Bütün cinayətlər Nasist Almaniyasının təktərəfli şiddət siyasəti şəklində həyata keçirilmişdir. Eyni zamanda ermənilərdən fərqli olaraq yəhudilərə heç bir dövlət tərəfindən siyasi və hərbi baxımdan dəstək də verilməmişdir. Halbuki 1870-ci illərdən etibarən ermənilər silahlanmış və bu silahlı üsyanlar böyük güclər tərəfindən dəstəklənmişdir.
Üçüncüsü, yəhudilər bir bölgədən digər bir bölgəyə köçürülməyə də məruz qalmamış, onların sırf məhv edilmələri planlaşdırılmışdır. Ancaq yəhudilərdən fərqli olaraq, ermənilərin sistematik şəkildə öldürülmələri planlaşdırılmamış, dövlətin təhlükəsizliyi naminə Osmanlının sərhədləri daxilində bir yerdən başqa bir yerə köçürülmüşlər.
Dördüncüsü, yenə də ermənilərdən fərqli olaraq, yəhudilər ilə alman dövləti arasında olduqca güc fərqi də vardı. Yəhudilər gizli yerlərdə silahlanaraq qruplar meydana gətirməmişdilər. 
Dolayısı ilə aparılan tarixi-müqayisəli təhlillər onu deməyə əsas verir ki, 1915-ci il hadisələri ilə yəhudi holokostu arasında heç bir oxşarlıq mövcud deyil. Belə bir paralelliyin aparılması müəyyən siyasi vasitələrə xidmət edir ki, bu da “Böyük Ermənistan” ideologiyası ilə birbaşa əlaqəlidir.
Arxiv materialları əsasında əldə edilən məlumatlardan aydın olur ki, ermənilər soyqırıma məruz qalan tərəf yox, soyqırımı törədən tərəf olmuşlar. XX əsrin əvvəllərində Türkiyədə və Azərbaycanda törədilən kütləvi qırğınlar bunun ən bariz sübutudur. Ermənilərin törətdikləri soyqırım cinayətlərinə dair çox sayda kitab və məqalələr yazıldığından bu məsələyə yenidən müraciət etməyi məqsədəuyğun saymırıq. Lakin bir məsələni xüsusilə qeyd etməyi vacib bilirik ki, 1918-1919-cu illərdə Azərbaycanda türklərlə yanaşı, təxminən 3000 yəhudinin də ermənilər tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilməsi məsələsi də əldə edilən faktlar əsasında sübuta yetirilmişdir [27, s.50-51; 28, s.146]. Bu cür kütləvi qətl cinayətlərinə paralel olaraq Türkiyədəki yəhudilərin də aqibəti eyni olmuşdur. 
İsrailin Vaşinqtondakı səfirliyində çalışmış keçmiş müşavir Lenni Ben-David 5 sentyabr 2007-ci il tarixində “Jerusalem Post” qəzetində nəşr edilən “Türkiyə və Ermənistan: yəhudilər nə etməli?” adlı məqaləsində XX əsrin əvvəllərində ermənilərin yüz minlərlə müsəlmanı və minlərlə yəhudini qətlə yetirdiklərini faktiki materiallar əsasında ortaya qoymuşdur. O, tam dəqiq bir rəqəm olmasa da, təxminən 10 min yəhudinin kütləvi şəkildə qırılması məsələsinə toxunaraq, bu hadisələrin daha çox Qafqazda yaşayan yəhudilərə zərər verdiyini qeyd etmişdir [44; 48]. 
Osmanlı dövründə Daxiliyyə Nəzarətindən Xariciyyə Nəzarətinə yazılan raportlarda da təkcə Seyl kəndi civarında 300 yəhudinin ermənilər tərəfindən tikə-tikə doğranıb, divar şəklində hörüldüyü qeyd olunur. Osmanlı arxivindən əldə edilən bu raportlarda göstərilir ki, Anadolunun cənub-şərqində heç bir yəhudinin yaşamamasının əsas səbəbi vaxtilə bu ərazilərdə ermənilər tərəfindən törədilən kütləvi qırğınla  əlaqədardır [45].
Tarixin müəyyən mərhələlərində ermənilər kütləvi qırğınlar törətsələr də, özlərinin soyqırıma məruz qaldıqlarını hər fürsətdə gündəmə gətirir və bu iddialarını dünya ölkələrinin parlamentlərinin müzakirəsinə çıxarırlar. Mübahisələrin əhatə dairəsi o qədər genişdir ki, hətta dövlətlər bu məsələni öz əllərində siyasi alətə çeviriblər. Məsələn, Fransa Türkiyədən Avropa İttifaqına daxil olması üçün birinci vacib şərt kimi "soyqırım" hadisələri səbəbindən üzr istəməsini tələb edir. Bu məsələ Fransanın sabiq Prezidenti Nikolya Sarkozinin “Etiraflarım” adlı kitabında çox açıq şəkildə öz təsdiqini tapmışdır: “...Türkiyənin Avropa İttifaqına daxil olması istiqamətində yeritdiyi siyasət və göstərdiyi canfəşanlıq şəxsən mənə çox tərs gəlir. Bu fikrin altında yatan strateji hesablamaları görür və başa düşürəm... Əgər Türkiyə Avropa İttifaqına daxil olmaqda qərarlıdırsa, mütləq və mütləq erməni soyqırımını tanımalıdır...” [21, s. 192].  
ABŞ da rəsmi dövlət səviyyəsində məsələyə oxşar prizmadan yanaşaraq, 1915-ci ildə baş vermiş hadisələrdən və ermənilərin öldürülməsindən türklərin məsuliyyət daşıdığını qeyd edir, lakin “soyqırım” ifadəsini rəsmi səviyyədə işlətmir. Səbəb kimi ABŞ-ın Türkiyədə strateji mənfəətlərinin olması göstərilir.
Nümunələrin sayını artırmaq da mümkündür. Lakin bu problemlə bağlı ortaya çoxsaylı suallar çıxır. Ermənilərin soyqırım iddialarının beynəlxalq siyasətdəki yeri nədir? Dünyanın aparıcı dövlətlərinin “soyqırım” iddialarını gündəmə gətirmələrində əsas məqsədləri və hədəfləri nədən ibarətdir? 
 
3. Ermənilərin "soyqırım" iddialarının beynəlxalq siyasətdə yeri
 
Qənaətimizcə, ermənilərin "soyqırım" iddialarının Qərb dünyasında dəstəklənməsi antitürk və antiislam münasibətləri çərçivəsində dəyərləndirilə bilər ki, bunun da səbəblərindən birini Qərb və Türk sivilizasiyaları arasındakı toqquşmada axtarmaq lazımdır. Əvvəlki tədqiqatlarımızda bu məsələyə toxunduğumuz üçün təkrar onun üzərində durmayacağıq [bu barədə ətraflı məlumat üçün bax: 2; 3, s.43-56]. Digər bir səbəb Qərb-xristian dünyasının şüur altında gizlənən “günahlardan arınma (təmizlənmə) psixologiyası”dır. Bu psixologiyanın pərdə arxasında gizlənən məqamlar nələrdir? Məlum olduğu kimi, xristian Avropa ölkələri yəhudiləri Hz. İsanın, dolayısı ilə Tanrının qatilləri (Godkiller) olaraq görmüş və bu səbəbdən ilk günah inancında olduğu kimi, bütün yəhudi nəslini məsul tutmuşlar [7, s. 381]. Qeyd edək ki, yəhudilər 1290-cı ildə İngiltərədən, 1394-cü ildə Fransadan, 1492-ci ildə isə İspaniyadan deportasiya olunmuşlar. Yəhudilərin adı çəkilən ölkələrdən sürgün edilmələri xristianlar tərəfindən bu millətin dini səbəblərdən qovulması şəklində xarakterizə olunmuş və xristian dünyasının ən qaranlıq dövrlərindən biri kimi qəbul edilmişdir. Nəticədə antisemitizm ideologiyası formalaşmışdır. XX əsrin əvvəllərində də nasistlərin idarəsi altında alman yəhudilərinin vətəndaşlıqları əllərindən alınmış və onların müxtəlif vəzifələr tutmaları qadağan edilmişdir. II Dünya müharibəsinin başlanması ilə yəhudilərin kütləvi şəkildə öldürülməsinə hökm verilmiş, beləliklə, yəhudilərin Nasist Almaniyası tərəfindən soyqırımı gerçəkləşdirilmişdir [13, s.236; 17, s.13-31; 24, s.13-40]. Yəhudi soyqırımında məsuliyyət bilavasitə Almaniyanın üzərinə düşsə də, xristian olmaları səbəbindən ümumilikdə Qərb-xristian dünyası günahkarlıq duyğusuna qapılmışdır. 
“Müqəddəs dəhşət: dini cinayətlər tarixi” kitabının müəllifi Ceyms A.Haut təkzibedilməz materiallar əsasında qeyd edir ki, nasistlərin törətdikləri cinayətlər yeni bir canilik deyildi. Onlar sadəcə olaraq 2 min illik tarixi olan musəvi əleyhdarlığına əsaslanan xristian ənənələrini davam etdirdilər. Faşistlərin ölüm düşərgələrinin kökləri xristianlığın tarixi strukturunda axtarılmalıdır. Musəvilərin şeytani rolları ilə əlaqəli əfsanələr əsrlər boyu xristianlığı onlara qarşı hücuma sövq etmişdir [11, s. 108]. 
Xristian rahibləri və ümumilikdə kilsə tərəfindən insanların beyinlərinin musəvi düşmənçiliyi ilə doldurulduğunu qeyd edən Ceyms A.Haut onu da bildirir ki, din xadimləri sizə kimi öldürəcəyinizi söyləməz, sadəcə kimdən nifrət edəcəyinizi deyərlər. Kilsə daim gənclərə onların ən həssas dövrlərində musəvilərin İsanı öldürdüyünü və bu səbəbdən Tanrının yəhudiləri əbədiyyətə qədər lənətlədiyini öyrətmişdir. 2 min il boyunca musəvilərə qarşı törədilən bütün cinayətlərdə kilsənin barmağı vardır. Harada xristian kilsəsi varsa, orada musəvi düşmənçiliyi vardır. Nasistlər də hakimiyyətə gəldikləri zaman öz cinayətlərini məhz bu reallıq üzərində qurmuşdular [11, s.109-110]. 
Fikirlərimizi bir daha əsaslandırmaq üçün valideynləri II Dünya müharibəsi dövründə nasistlər tərəfindən öldürülən yəhudi mənşəli amerikalı tarixçi Daqobert Ranesin sözlərinə müraciət etməyi məqsədəuyğun hesab edirik. O, yəhudi soyqırımı ilə bağlı xristian kilsəsini ittiham edərək deyirdi: “Musəvilərə qarşı törədilən vəhşi cinayətlər onsuz da daha əvvəllər xristian kilsəsi tərəfindən yəhudilərə tətbiq edilirdi. Bu, ilk zərbə deyildi... Musəvi kitablarının və yəhudilərin yandırılması... Hitler bunların hamısını kilsədən öyrəndi. Keçmiş dövrlərdə kilsə yəhudi uşaqlarını və qadınları diri-diri yandırdığı halda, Hitler onlara daha sürətli ölüm bağışladı. Əvvəlcə onları qaz otaqlarında öldürdü, sonra da yandırdı” [11, s.109].  
Göründüyü kimi, yəhudi soyqırımında məsuliyyət bilavasitə Almaniyanın üzərinə düşmür. Bütün yəhudilərin düşüncəsinə görə, kilsə zaman-zaman aşıladığı fikirlərdən dolayı yəhudi soyqırımından ötrü məsuliyyət daşımaqdadır. Məhz bu baxımdan Qərb-xristian dünyası günahkarlıq duyğusuna qapılmışdır. Yəhudilərə qarşı törədilən soyqırımın Qərb-xristian şüuru üzərindəki təsirləri o qədər dərindir ki, onun səbəb olduğu dərin psixoloji gərginlik xristianların heysiyyətinə toxunmuş və illər keçsə də, onların özlərini günahkar hiss etmələrinə yol açmışdır. Onların erməni məsələsinə baxışı daha çox bu şüurun bilavasitə tarixdən miras qalmış hadisələri ilə əlaqəlidir. Bu günahlardan tamamilə silkələnib təmizlənmək üçün guya türklər tərəfindən törədilən qondarma “erməni soyqırımı”nın yəhudi soyqırımına öncülük təşkil etdiyi iddiası ortaya atılmışdır. Hətta musəvilərin məhv edildiyi qaz sobalarının türklər tərəfindən icad edildiyi və Hitlerin belə bir addım atmasında türklərin başlıca rol oynadığı da iddia edilmişdir [47]. 
Almaniya parlamentinin nəzdində fəaliyyət göstərən “Elmi Tədqiqat Xidməti” adlı təşkilatın 3 aprel 2000-ci il tarixli raportunda göstərilir: “Alman nasional-sosialistlərinin gerçəkləşdirdikləri kütləvi yoxetmə metodları əslində 1915-ci ildə ermənilərə qarşı türklər tərəfindən həyata keçirilmişdir. Ermənilər ağır şərtlər altında işlədilərək məhv edilmiş, insanlar heyvan vaqonlarına doldurulmuş və onların üzərində vəhşicəsinə tibbi təcrübələr aparılmışdır. Erməni əsgərləri və sivillər müxtəlif viruslara yoluxdurulmuşdular. Trabzonda erməni uşaqları hamama aparılmaq bəhanəsi ilə onlar üçün təşkil edilmiş otaqlarda zəhərli qazla öldürülmüşdülər. Gəldiyimiz nəticə bundan ibarətdir ki, Adolf Hitler türklər tərəfindən törədilən soyqırım barəsində mükəmməl məlumatlara sahib olmuş və bunu özü üçün nümunə kimi mənimsəmişdir” [5, s.184-185]. 
Halbuki yuxarıda sitat gətirdiyimiz yəhudi mənşəli amerikalı tarixçi Daqobert Ranesin sözləri bu iddiaları kökündən təkzib edir. Əgər Hitler həqiqətən türklərdən nümunə götürsəydi, o zaman Daqobert Ranes kilsəni deyil, türkləri ittiham edər və ya ən azından bu barədə məlumat verərdi. “Hitler soyqırımı türklərdən öyrəndi” şüarı həqiqətdə “Biz əslində belə cinayətlərə yol vermərik, bu işdə müsəlman türklərin barmağı var” məntiqi ilə işləyən bir mexanizmlə günahlardan təmizlənmə metoduna baş vurulmuşdur [46]. Yəni burada musəvilərin düşməni olaraq xristianlar deyil, guya xristianlara yol göstərən və onları kütləvi cinayətlərə sövq edən müsəlman türklər göstərilir. 
 
Nəticə 
 
Qondarma "erməni soyqırımı" qərar layihələrinin nəyə görə hər il gündəmə gəlməsinin açıqlanmasında Qərb dövlətlərinin şüur altında gizlənən günah duyğularının və səlibçi zehniyyətin payı olduqca böyükdür. Ancaq burada vacib bir sual ortaya çıxır: II Dünya müharibəsindən sonra Qərb-xristian dünyasının şüur altında “günahkarlıq və məzlumluq” psixologiyasının formalaşdığı bir həqiqətdir, ancaq günahkarların və zərər çəkənlərin kimlər olduğuna hansı dövlətlər qərar veriblər? Türk tədqiqatçısı Erol Göka haqlı olaraq yazır ki, həqiqi mənada məzlumluq psixologiyasından yararlananlar və yararlandıranlar bu psixologiyanın arxasında gizlənən Qərb-xristian dövlətləridir. Onlar istər I Dünya müharibəsinin, istərsə də II Dünya müharibəsinin baş verməsində, eyni zamanda milyonlarla insanın ölümündə məsuliyyət daşıyırlar. Məsələ burasındadır ki, əsl günahkarlar işlədikləri cinayətləri təmizə çıxarmaq üçün belə bir “məzlumluq” oyununu oynamaqdadırlar [9, s. 133]. 
Ümumilikdə Qərb-xristian dünyası yəhudilərin tarix boyu başına gətirilənlərdən məsuliyyət daşıdıqları halda baş vermiş cinayətlərə bəraət qazandırmaq üçün “Biz əslində belə cinayətlərə yol vermərik, bu işin arxasında müsəlman türklərin barmağı vardır” tezisini ortaya ataraq, gülünc yolla günahlardan təmizlənməyə ümid edirlər.
Ortaya çıxan məqam budur: müəyyən mənada Qərb-xristian dünyası günahlardan arınmaq və özlərinə bəraət qazandırmaq üçün tarixdə ilk soyqırımı törədənlərin xristianlar deyil, məhz xristian erməniləri "soyqırıma" məruz qoyan müsəlman türklər olduğunu önə sürürlər. Bu baxımdan Qərb-xristian ictimaiyyəti öz dini və siyasi mənafelərinə uyğun olaraq ermənilərə xüsusi rəğbət yaratmaq məqsədilə “Xristianlığı rəsmən qəbul edən ilk dövlət Ermənistan, ilk millət ermənilərdir. Tarixdə ilk dəfə xristian ermənilər müsəlman türklər tərəfindən soyqırımına məruz qalmışlar” şəklində təbliğatlara geniş yer ayırırlar.
 
 
İstifadə edilmiş ədəbiyyat:
 
Azərbaycan dilində:
1. Musayev İ. Erməni genosidi, yoxsa türk-müsəlman soyqırımı. Bakı: Bakı Universiteti nəşriyyatı, 2001
2. Şıxəliyev E. Ermənistan-Azərbaycan münaqişəsi sivilizasiyalararası münasibətlər kontekstində. Bakı: Elm və təhsil, 2011
3. Şıxəliyev E. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Qərb və Türk sivilizasiyalarının və geosiyasi maraqların toqquşması müstəvisində // "Strateji təhlil" jurnalı, 2012, say: 5, s. 43-56
 
Türk dilində:
4. Aktar A.Y. Ermeni mezalimi ve soykırım iddialarına ilişkin kavram karmaşası / Osmanlı’dan günümüze ermeni sorunu, (editör: Hasan Celal Güzel). Ankara: Yeni Türkiye yayınları, 2000, s. 121-128
5. Aydoğan M. Bitmeyen oyun: Türkiye’yi bekleyen tehlikeler. İstanbul: Kumsaati yayınları, 2003
6. Başak T. İngiltere’nin Ermeni Politikası (1830-1923). İstanbul: IQ Kültür Sanat yayıncılık, 2008
7. Davutoğlu A. Stratejik derinlik: Türkiye’nin uluslararası konumu. İstanbul: Küre yayınları, 2010
8. Ercan Y. Osmanlı Devleti’nde müslüman olmayan topluluklar (millet sistemi) / Osmanlı’dan günümüze ermeni sorunu (editör: Hasan Celal Güzel). Ankara: Yeni Türkiye yayınları, 2000, s. 145-161.
9. Göka E. Ermeni sorununun (gözden kaçan) psikolojik boyutu // Ermeni Araştırmaları Dergisi, 2001, sayı: 1, s. 128-138
10. Gürün K. Ermeni dosyası. Ankara: Türk Tarih Kurumu, 1985
11. Haught J.A. Kutsal dehşet: dinsel cinayetler tarihi. İstanbul: Aykırı yayınları, 1999
12. İlter E. Ermeni kilisesi ve terör. Ankara: Ankara Üniversitesi Osmanlı Tarihi Araştırma və Uygulama Merkezi yayınları, 1996
13. Kaya A.V. Toplumsal değişme açısından karizmanın şiddeti: Atatürk, Hitler, Humeyni. Ankara: Sis yayınları, 1998
14. Kaya İ. Ermenilerin yahudi soykırımıyla benzerlik kurma stratejisi // 2023 Dergisi, 2002, sayı:12, s. 62-65.
15. Kırmızı A. Son dönem Osmanlı bürokrasisinde akraba ermeniler // Ermeni Araştırmaları dergisi, 2003, cilt: 2, sayı: 8, s. 137-152.
16. Kevorkyan D. Ermeni meselesinde tehcire amil olan sebepler / Tarih boyunca türklerin ermeni toplumu ile ilişkileri, Erzurum, 8-12 Ekim 1984
17. Marschalko L. Yahudi. İstanbul: Sebil yayınevi, 1993
18. Metel A.B. Ermeni mezalimi ve gerçekler. İstanbul: Yeni Batı Trakya Dergisi yayınları, 4. baskı, seri №6
19. Özkan Z. Tarihsel akış içerisinde terörden poltikaya ermeni meselesi. İstanbul: Er Ofset San. ve Tic. AŞ, 2001
20. Palabıyık M.S. 1915 olaylarını anlamak: Türkler ve ermeniler. İstanbul: Beta yayınları, 2015
21. Sarkozy N. İtiraflarım. İstanbul: Karakutu yayınları, 2008
22. Sönmezoğlu F. Uluslararası ilişkiler sözlüğü. İstanbul: DER yayınları, 2000
23. Süslü A. Ermeniler ve 1915 tehcir olayı. Van: Yüzüncü Yıl Üniversitesi Rektörlüğü, 1990
24. Uğur A. Dünya gündemindeki İsrail. İstanbul: Burak yayınevi, 1998
25. Uras E. Tarihte ermeniler ve ermeni meselesi. İstanbul: Belge yayınları, 1987
 
Rus dilində:
26. Файгл Э. Армянская мифомания. Москва, 2007
27. Мустафаев Р. Страсти по виртуали. Баку: Элм, 2006
 
İngilis dilində:
28. Huseynov R. Azerbaijan-Turkey-Israel cooperation in security and fight against international terrorism // Dirçəliş –  XXI əsr, 2006, № 104-105, pp. 143-150.
29. Lowry H.W. The U. S. Congress and Adolf Hitler on the Armenians // Institute of Turkish Studies, Washington, D.C.: Pre-Print from: Political Communication and Persuasion, 1985, volume: 3, number: 2, pp. 111-139.
30. McCarty J., McCarty C. Turks and Armenians, a manual on the Armenian Question. Washington, 1989
31. Sarınay Y. What happened on April 24, 1915?, a case study on the circular of 24 April 1915 and arrest of the Armenian committee members in Istanbul. // International Journal of Turkish Studies, 2008, volume: 14, №1-2, pp. 75-101. 
32. Shaw S. The Ottoman census system and population (1831-1914). // International Journal of Middle East Studies, 1978, vol. 9, № 3, pp. 325-338.
33. Sonyel S.R. The Ottoman Armenians, victims of great power diplomacy. London, 1987
34. Sonyel, S.R. Falsification and disinformation, negative factors in turco-Armenian relations. Ankara, 2000
35. The Armenians Issue in nine questions and answers. Ankara, 1982
 
Arxiv materialları və rəsmi sənədlər:
36. Genelkurmay Askeri Tarih ve Stratejik Etüd (ATASE) Başkanlığı, Askeri Tarih Belgeleri Dergisi (ATBD): mart 1983, sayı. 83, belge no: 1901
37. ATASE Başkanlığı. ATBD: mart 1983, sayı. 83, belge no: 1903
38. ATASE Başkanlığı. ATBD: mart 1983, sayı. 83, belge no: 1906
39. ATASE Başkanlığı. ATBD: mart 1983, sayı. 83, belge no: 1923
40. ATASE Başkanlığı. ATBD: mart 1985, belge no: 202
41. Türkiye Cumhuriyeti Başbakanlık Osmanlı Arşivi – T.C. BOA: dosya. Yıldız Sadaret Hususi, dosya №20, karton №1311, iç № 1355/1853, 283/31
42. T.C. BOA: Yıldız Evrak, zarf № 156, iç sayısı: 24
 
İnternet mənbələri:
43. Anahit Astoyan. Osmanlı idari sisteminde ermeniler, mühtedi ermeni görevlileri. http://akunq.net/tr/?p=14355
44. Ermeniler binlerce Yahudiyi de katletmiş. - http://www.aksiyon.com.tr/detay.php?id=28569
45. Güneydoğu’da neden hiç Yahudi yok. - http://www.gazetemiz.com/haberler/guncel/guneydoguda-neden-hic-yahudi yok.html
46. http://www.doguturkistan.net/modules.php?name=AvantGo&file=print&sid=4741
47. http://www.1001kitap.com/Guncel/Tamer_Andrea_Bacinoglu/modern_alman_oryantalizmi/almanyaveermeni.html
48. http://www.ulku-ocaklari.com/sozde-ermeni-soykirimi/3546-ermeniler-yahudiler-8217-i-ve-2-5-milyon-musluman-8217-i-katletti.html 
49. Sedat Lachiner. Armenia’s Jewish specticism and its impact on Armenia-Israel relations. http://www.eraren.org/index.php?Page=DergiIcerik&IcerikNo=279
 
 
Emin Shikhaliyev
Armenians’ "genocide" claims and its place in the international politics
 
Article was examined under 3 half title. It has noticed in the first half title that, in 1915 years the armenians were annihilated by turks. According to Armenians claim turks are responsible for the Armenian Genocide. But historical facts prove that, the events of 1915 not genocide, but a measure for relocation of Ottoman policy to Armenians. 
In the second half tittle have been given information about attempts of drawing parallels between the so-called Armenian genocide and the Holocaust (Jewish genocide). The strategy of drawing parallels with the Jewish Holocaust is an integral part of the Armenian ideology. But historical comparative analyses conducted indirectly allow us to say that there is no similarity between the events of 1915 and the Jewish Holocaust. Such parallels serve certain political aims, which are directly linked to the ideology of “Greater Armenia”.
In the third half ttile was analized and researched the armenians’ genocide policy and its place in international politics.
 
Эмин Шихалиев
Претензии армян на "геноцид" и его место в международной политике
 
Статья состоит из трех разделов. В первом разделе рассматриваются претензии,  выдвинутые  армянами  в якобы совершении  "геноцида", совершенного в 1915 году турками. Однако исторические факты свидетельствуют о том, что в этом случае, это был не геноцид армян, а характерная иммиграционная политика.
Во втором разделе предоставляется информация о усилиях армян по установлению параллелей между претензиями на «геноцид армян» и еврейским Холокостом. Однако исторический сравнительный анализ показывает, что нет никакого сходства между событиями 1915 года и еврейским Холокостом. Такой параллелизм служит определенным политическим средством, который напрямую связан с идеологией Великой Армении.
В третьем разделе исследовано и проанализировано  место  претензии армян на "геноцид" в международной политике.
 
Məqalə redaksiyaya daxil olmuşdur:  12.08.2018
Təkrar işləməyə göndərilmişdir:  30.09.2018
<
© 2011-2019. Müəlliflik hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qorunur. Bütün hüquqlar "Strateji təhlil" jurnalına aiddir. Məlumatlardan istifadə edərkən stj.sam.az saytına istinad zəruridir.