Məqalələr

Beynəlxalq münasibətlər sistemində müstəqil və çoxşaxəli xarici siyasət yürüdən ölkə kimi Azərbaycanın hərtərəfli inkişafı İlham Əliyevin on beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsidir Türk Dövlətləri Birliyi beynəlxalq hüququn subyekti kimi: ideya və reallıq “Kritik infrastruktur” nədir və təhdidlərdən necə qorunur: dünya təcrübəsi və Azərbaycanda tətbiqinin zəruriliyi Ermənilərin "soyqırım" iddiaları və onun beynəlxalq siyasətdə yeri Армянский фактор в разведывательной деятельности великих держав на Кавказе в 1801 – 1828 гг. Ermənilərin Tbilisi şəhərinə iddiaları Gürcüstanın bələdiyyə sistemində ermənilərin separatçı fəaliyyəti Политологическое образование в Азербайджанской Республике: специфика, современное состояние и стратегия развития Информационная политика в Азербайджане в условиях политико-экономических трансформаций Azərbaycanın ali təhsil sistemi yeni dəyişikliklər mərhələsində Azərbaycanın dövlət idarəçiliyi sistemində keyfiyyət menecmentinin müasir vəziyyəti Cənubi Qafqazda miqrasiya prosesləri Dövlət-özəl əməkdaşlığı bugünkü iqtisadi anlamda Qlobal iqtisadi normallaşma: yüksələn iqtisadiyyatlı ölkələr üçün dayanıqlı inkişaf çağırışları Военное дело и военное искусство в Азербайджане в древний период Учреждения для иностранных военнопленных и интернированных граждан в Азербайджанской ССР в 1944 – 1950 гг. (численность, дислокация, смертность контингента) Ukrayna azərbaycanşünaslığının banisi A.Krımski Качественные параметры партийных кадров в Азербайджанской ССР в 1920-1930-е гг. Политические отношения между Азербайджанским государством Сефевидов и государством Великих Моголов (1526-1576 гг.) Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsilin milliləşdirilməsi və dövlət dilinin tətbiqi Tam siyahı

Ermənilərin Tbilisi şəhərinə iddiaları

Müəllif: Strateji Tehlil Jurnali

baxılıb: 56

Yan 5, 2019 - 12:45

Vahid ÖMƏROV

AMEA Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin müdiri, 
fəlsəfə üzrə fəlsəfə doktoru 

vahid-o@mail.ru

 

Ermənilərin Tbilisi şəhərinə iddiaları

Açar sözlər: ermənilər, Tbilisi, əsassız iddialar, uydurma tarix, saxtakarlıq, erməni yalanları, ictimai idarəçilik, özünüidarəetmə, mer, şəhər idarəsi başçıları
 
Key words: аrmenians, Tbilisi, unreasonable claims, fictitious history, falsification, Armenian lie, public administration, self-government, mayor, head of city government
 
Ключевые слова: армяне, Тбилиси, необоснованные обвинения, фальшивая история, мошенничество, армянская ложь, общественное управление, самоуправление, мэр, главы городских управлений
 
Giriş
 
Ermənilər Tbilisinin guya qədim erməni şəhəri olduğunu iddia edirlər. Yaşadıqları ölkələrdə separatizmlə məşğul olan, milli maraqları və xəstə "erməniçilik" ideyaları naminə saxtakarlıqdan, yalanlardan əl çəkməyən ermənilər qonşu Gürcüstanın paytaxtı Tbilisinin də qədim erməni şəhəri "Tpxi" olduğunu iddia edirlər. Hələ sovet dövründə B.S.Nalbandyan 1961-ci ildə İrəvanda çap olunan "Tbilisi qədim və orta əsrlərin ədəbi mənbələrində" adlı saxta əsərində Tbilisini qədim erməni şəhəri kimi təqdim etmişdi. Ermənilər Tbilisiyə “Tpxi” deyirlər. Gürcüstanın "Saerto" qəzetində 2017-ci il dekabrın 7-də "Ermənilər Tbilisinin adını dəyişdirmək istəyirlər" adlı yazıda müəllif Georgi Qorqadze ermənilərin əsassız iddialarına qarşı Gürcüstan hökumət orqanlarının passivliyini aşağıdakı şəkildə kəskin tənqid etmişdir: "Biz unutmamalıyıq ki, hələ keçən əsrdə (XX əsr) ermənilər Gürcüstana qarşı müharibəyə başladılar. Lakin onda heç nə əldə edə bilmədilər. Ancaq ermənilər arzulayırlar ki, günlərin bir gözəl günündə, əlbəttə, başqalarının köməyi ilə onlar Tbilisini "qaytaracaq" və onu daha "yaxşı" erməni adı ilə "Tpxi" adlandıracaqlar" [2].
 
1. Ermənilər Tbilisinin onlar tərəfindən tikildiyini iddia edirlər
 
Ermənilər Tbilisinin özləri tərəfindən tikildiyini və əksər şəhər merlərinin erməni olduğunu iddia edirlər. Halbuki ermənilər öz xislətlərinə uyğun olaraq bəzi rus soyadlarını saxtalaşdıraraq erməniləşdiriblər. Məsələn, onlar qədim Tbilisinin merləri olan rus zadəgan nəslindən İzmayılovu İzmayılyans və İvanı Ovanes kimi təqdim edirlər.
Ermənilərin Tbilisiyə əsassız iddiaları gürcü-erməni qarşıdurmasına səbəb olmuşdur. Vətənpərvər gürcü ziyalıları ermənilərin bu cür əsassız iddialarını ifşa etmişlər. Buna görə də Gürcüstanda XIX və XX əsrlərdə ermənilərin əleyhinə güclü hücumlara başlamışdılar. 1897-ci ildə Tiflisdə nəşr olunan "İveriya" qəzetində dərc edilmiş və ermənilərə həsr olunmuş bir məqalədə bir çox ritorik suallar verilir: "Tiflis hansı əsasla erməni şəhəridir: coğrafi mövqeyinə görəmi, ərazi qanunlarına görəmi, yaxud hansı dövlət və beynəlxalq hüquqla? Ermənilər haradadır, Tiflis harada? Onların əlləri haradan haraya uzanır? Onların satın aldıqları evlər onlara məxsusdurmu? Bunu hələ aydınlaşdırmaq lazımdır. Lakin Tiflis Gürcüstan ərazisində yerləşir. Burada ermənilərə heç nə məxsus deyildir". İlya Çavçavadze və Akaki Sereteli kimi görkəmli gürcü ziyalıları erməniləri bütün xəyanətlərinə görə ittiham etmişlər.
2017-ci ilin mayında “Tbiliselebi” (“Tbilisililər”) jurnalının 31-ci sayında Gürcüstan Milli Kitabxanasının fondlar üzrə direktor müavini, erməni əsilli tarixçi Levan Taktakaşvilinin “Ermənilər Tbilisini necə inşa etdilər?” başlıqlı müsahibəsi dərc edilmişdir.
Məlum olduğu kimi, Tbilisi şəhərinin idarəçiliyini bir vaxtlar şəhər başçısı və ya murovlar yerinə yetiriblər. Rusiya Gürcüstanı XIX əsrdə işğal etdikdən, Tiflis quberniyası yaradıldıqdan sonra seçilmiş şəhər şurası mövcud olmuşdur. Bu şəhər administrasiyası da öz növbəsində şəhər merini seçirdi. Levan Taktakaşvilinin saxta məlumatına görə, “öz şəhərinə əksəriyyəti etnik ermənilər olan şəhər merləri qədər sədaqətlə xidmət edən olmamışdı” [5]. Müsahibədə deyilir: “Birinci Tiflis şəhər başçısı İzmerov 1876-cı ildə seçilmişdir. Həmin il yeganə gürcü olan Dmitri Kipiani şəhər meri olmuşdur”. Levan Taktakaşvili 1905-1910-cu illərdə Tiflis merləri arasında Vasili Çerkezovun (Çerkezeşvili) adını xüsusi çəkir: “O qədər yaxşı şəhər başçısı olmuşdur ki, onun adı tarixə düşmüşdür. Hətta Tiflisdə onun adına küçə salınmışdır. Soyadlarının sonu bizi yanıltmasın, çünki o zamanlar bütün əhalinin etnik mənşələrindən asılı olmayaraq soyadlarının sonu “ov”la bitirdi" [6].
 
2. Tbilisinin merləri guya ermənilər olmuşlar
 
“Nə üçün Tiflis şəhərinin əksər şəhər başçıları ermənilər olmuşdur?” sualına saxtakar tarixçi belə cavab verir: “Bu fakt heç kəsi təəccübləndirməsin. O vaxtlar Tiflis şəhərinin əhalisinin əksəriyyəti ermənilərdən ibarət idi. Başqa sözlə, ticarət onların əllərində idi, şəhər torpağı onlara məxsus idi. Bu torpaqlarda tikilən bütün evlər ermənilərə mənsub idi. O vaxtlar vəzifəli şəxslər və xırda tacirlər arasında çox az sayda meqrellər və imeretililərə təsadüf etmək olardı, ticarətin əsas hissəsi ermənilərin əlində idi” [3]. Cənubi Qafqaza, o cümlədən Gürcüstana və Tiflisə XIX əsrdə məqsədyönlü şəkildə köçürülən ermənilər artıq bu bölgələri “özününkü” hesab edirdilər. O vaxtlar şəhər deputatı olmaq istəyənləri üç dərəcəyə mənsub təbəqələr (xmosnebilər) arasından seçirdilər. Başqa sözlə, deputatlar əmlakı olanlar, əmlaka, mülkə görə vergi ödəyənlər arasından seçilirdi. Yalnız yəhudilər səs hüququna malik deyildilər. Şəhər idarəsində gürcülər və ruslar azlıq təşkil edirdilər. “Tiflisin varlı təbəqələri - xmosnebilərin əksəriyyəti ermənilər idi, ona görə də onlar ermənini şəhər başçısı görmək istəyirdilər. Birinci dərəcəli xmosnebilər dar burjua maraqlarını güdür, ikinci və üçüncü dərəcəli xmosnebilərdən fərqli olaraq milli maraqlara az diqqət yetirirdilər. Birinci dərəcəli xmosnebilər Avropa yönümlü idilər, onlar Tiflisi Avropa şəhəri kimi görmək istəyirdilər” [4].
L.Taktakaşvili varlı erməniləri erməni milli maraqlarını qorumadıqlarına, millətçilik, erməniçilik təbliğ edən erməni qəzetlərinə, erməni məktəblərinə investisiya qoymadıqlarına görə tənqid edir, onları kosmopolitizmdə - avropalaşmaqda ittiham edir. O, yalnız ikinci və üçüncü dərəcəli xmosneb erməniləri “şovinizminə” görə alqışlayır, onların erməni milli maraqlarına xidmət etdiklərini, Tiflisdə erməni maarifçiliyinin inkişaf etdirilməsini, erməni qəzetlərinin nəşrinə və erməni məktəblərinə yardım etdiklərini, bu işdə onları qriqorian kilsəsinin dəstəklədiyini qeyd edir.
Birinci dərəcəli varlı ermənilərin Tiflisdə Avropa tipli evlər tikdirdiklərini, şəhəri təmizlədiklərini iddia edən erməni tarixçisi öz doğma şəhərinin meri seçilmiş (1876-1879-cu illər) Dmitri Kipianini gürcü millətçiliyi mövqeyində durduğuna görə “ittiham edir”. Halbuki D.Kipiani gürcülər arasında qiraət və yazının yayılması üçün cəmiyyət yaratmışdı. Guya erməni merləri xüsusən “gizli şəkildə erməni məsələsini müdafiə edən Matişov və biznesmen Pitoyev Tiflisdə Vera bazarını, şəhərin su kanalını, indiki meriyanın binasını, indiki Rustaveli teatrının binasını tikdirmiş, teatr və opara teatrını təşkil etmiş, təhsili inkişaf etdirmişlər.
"Bu zaman gürcülər nə edirdilər? Onlar Tiflisdə “erməni şəhəri”nin necə tikildiyini sadəcə seyr edirdilərmi?" sualına saxtakar tarixçi ermənisayağı cavab verir: “Yalnız köhnə Tiflisin Ançisxatiyə bitişik əraziləri gürcülərə, xüsusən Orbelianilərə məxsus idi. Onlar vaxtlarını yaxşı keçirirdilər. Qriqor Orbeliani ermənilərə qarşı mübarizə aparırdı. Gürcülər artıq Tiflisi itirməyə alışırdılar. Hərçənd 1921-ci ildə biz həqiqətən Tiflisi qaytardıq, o yenidən gürcü şəhəri oldu” [5].
“Hansı dövrlərdə Tiflis gürcü şəhəri olmuşdur?” sualına erməni tarixçisi əsl erməni xislətilə cavab verir: “1840-cı ildən 1917-1918-ci illərə qədər, hətta Gürcüstan müstəqil dövlət olanda da Tiflis erməni şəhəri olaraq qalırdı. Ən mühümü odur ki, gürcülər erməniləri oradan qovmadılar, onlar özləri öz pullarını qorumaq üçün oradan qaçdılar. Öz aramızdır onlar pulları Yerevana (İrəvana) deyil, Parisə, Avropaya apardılar. Bütün varlı ermənilər Avropaya köçdülər.
"Bəs ermənilər niyə Yerevanı Avropa şəhərinə çevirmirdilər?" sualına L.Taktakaşvili belə cavab verir: “Yerevan qalası əyalət şəhəri idi. Orada bir dənə də olsun gözəl, yaxşı bina yox idi. Həm də ermənilər Yerevanda əhalinin əksəriyyətini təşkil etmirdi, orada müxtəlif millətlərdən olan insanlar yaşayırdılar” [5].
Buradan bir həqiqət üzə çıxır ki, ermənilər İrəvana erməni şəhəri kimi baxmırdılar. Bu, həqiqətən də belə idi. Belə ki, XIX əsrdə İrəvan Azərbaycanın ən qədim şəhərlərindən biri idi. İkincisi, erməni tarixçisi milli, gözəl Şərq üslubunda tikilmiş İrəvandakı binaları “görmək istəməmişdir”. Üçüncüsü, İrəvanda “müxtəlif millətlərdən olan insanlar” deyil, məhz avtoxton azər-baycanlılar yaşayırdılar və onlar ermənilərdən çox idilər.
Erməni tarixçisi bilmədən bir həqiqəti də etiraf edir ki, ermənilər Tiflisə “Ermənistan”dan 1801-ci ildə gəlmişlər. Onların Tiflisə XIX əsrin əvvəllərində gəlməsi həqiqətdir. Ancaq hansı “Ermənistandan”? Axı XIX əsrdə “Ermənistan” adlı yer yox idi. Ermənistan tarixdə yalnız 1918-ci ildə Azərbaycanın İrəvan xanlığı və Qərbi Azərbaycan ərazisində yaradılmış ilk erməni dövlətidir.
L.Taktakaşvili yazır ki, ermənilərin səhvləri ondadır ki, onlar iki hissəyə - erməniləri dəstəkləyən millətçilərə və yüksək dərəcəli avropalaşmaq haqqında düşünən ermənilərə bölünmüşdülər: “Ermənilər birləşə bilmirdilər, kim hara gəldi qaçırdı.” Tarixçi şəhər başçılarının erməni soyadı daşımalarının onların erməni yönümlü olmasını göstərmədiyini qeyd edir. O, bəzi erməni şəhər başçılarının şəhər üçün fəaliyyətindən də bəhs edir: "Onlar gürcüləri hər cür təhqir edirdilər. Onları ikinci, üçüncü kateqoriyalı təbəqələr seçmişdi. Onu da qeyd etmək lazımdır ki, gürcülər ruslarla birlikdə ermənilərə qarşı çıxış etdilər. Gürcülər bilirdilər ki, onlar yalnız ruslarla birlikdə ermənilərin öhdəsindən gələ bilərlər. Onlar ikinci və üçüncü kateqoriyalı təbəqələrə qarşı çıxış edirdilər, çünki birinci kateqoriyalı təbəqələr nə gürcü, nə də erməni problemləri ilə maraqlanırdılar” [5]. Ancaq müəllif qəsdən varlı təbəqələrin erməni məsələsinə “laqeydliyini” pərdələyir. Çünki istər aşağı təbəqə, istər varlı təbəqə, istərsə də kommunist, sosial-demokrat, daşnak, faşist, ziyalı, kəndli erməni bir məsələdə - erməni milli ideyası, ermənilik ətrafında sıx birləşir, onun həyata keçməsi üçün səylərini, var-dövlətlərini əsirgəmirdilər.
 
3. Erməni varlı təbəqələri pulu Tiflisdə deyil, Bakı neftindən əldə edirdilər
 
Müəllif erməni varlı təbəqələrinin pulu Tiflisdə deyil, Bakı neftindən əldə etdiklərini, aşağı təbəqələrin gürcü zadəganları ilə yaxınlıq etməyə cəhd etdiklərini, hətta Gürcüstanın ən varlı adamlarından, aristokrat nəslindən olan Qriqol Orbelianın dəfninə şəhər idarəsinin bir dənə də olsun çələng qoymadığını, bir nəfər də erməni varlısının iştirak etmədiyini qeyd edir və bunu belə əsaslandırır: “Tiflis onlar (ermənilər) üçün erməni şəhəri idi, hətta gürcülər şəhəri gürcü şəhəri adlandıranda ermənilər gülürdülər. Öz aramızdır funikulyor da erməni pulu ilə tikilmişdir” [5]. Bu isə əsl erməni həyasızlığıdır. Erməni tarixçisi Tiflisdə indiki Marcanaşvili adına teatr binasını da Zubalaşvili adlı bir erməninin öz evi kimi tikdirdiyini, sovetləşmə zamanı Tiflisdən qaçarkən gürcülər tərəfindən onun evinin tar-mar edildiyini, əmlakının Fransa muzeylərindən birinə verildiyini qeyd edir, sonra fikrini belə tamamlayır: “Bizim qələbəmiz onda idi ki, erməni varlıları üçün sovet idarəçiliyi qəbuledilməz idi və öz pullarını xilas etmək üçün xaricə qaçırdılar. Ruslar isə onların yerinə dağlarda yaşayan gürcüləri yerləşdirirdilər. Göründüyü kimi, tale bizə gülmədi və Tiflis yenidən gürcü şəhəri oldu. Lakin bu şəhər üçün kifayət qədər işlər görmüş insanları unutmaq olmaz” [5]. Saxtakar tədqiqatçı Tiflisin “yenidən gürcü şəhəri” olmasını ermənilər üçün taleyin ən ağır oyunu olduğunu bildirir.
Qeyd edək ki, 1918-ci il dekabrın 9-da ingilislərə arxalanan Ermənistan ərazi iddiaları irəli sürərək Gürcüstana müharibə elan etmişdi. Erməni cəlladı, quldur və terrorçusu, Daşnak Ermənistanın general rütbəsi verdiyi Dro-Drastamat Kanayan dekabrın 14-də Axalkələkini (Axalkalaki), dekabrın 20-də Şulaverini, dekabrın 25-də isə Tiflisi işğal etdi. İngilislərin köməyi ilə tərəflər arasında 1918-ci il dekabrın 31-də sülh yarandı, Tiflis ermənilərdən xilas oldu. Bundan sonra Gürcüstanda ermənilər əleyhinə düşmənçilik gücləndi. Erməni “tarixçiləri” iddia edirlər ki, guya erməni əhalisi Tiflisdən qovuldu, Gürcüstan Erməni Şurasının üzvləri, həmçinin Daşnaksütyun Partiyasının liderlərindən ibarət Gürcüstan parlamentinin üzvləri həbs edildi, bütün erməni milislərinin silahları alındı və onlar işdən azad edildilər. Tiflisin ermənilərdən təmizlənməsinin birinci mərhələsinə başlandı, iclaslarda erməni dilində çıxış etmək qadağan edildi. İosif Stalin və Lavrenti Beriya Tiflisin ermənilərdən təmizlənməsini gücləndirdilər. 
1936-cı ildən Tiflis "Tbilisi" adlandırılmağa başlandı. Sovet dövründə məhz bolşeviklərin dəstəyi ilə qonşu respublikalar hesabına Ermənistana ərazilərin bağışlandığını unudan L.Taktakaşviliyə görə, 1949-cu ildə Tbilisi məkrli antisovet elementlər kimi ermənilərdən ikinci dəfə təmizlənmişdi. Gürcü elitasını ən çox qıcıqlandıran Gürcüstanda yaşayan erməni əsilli tarixçi Levan Taktakişvilinin saxtakarlıqla Tiflisin ermənilər tərəfindən və ermənilərin vəsaiti ilə tikilməsi ilə bağlı iddia irəli sürməsidir. Əslində ermənilər 200 il əvvəl rus generalı Paskeviç tərəfindən Gürcüstana və Tiflisə köçürülmüşlər. Gürcüstan tarixşünaslığında da bu fakt öz təsdiqini tapır. 
Erməni icması müasir Tbilisidə Avlabarda məskunlaşmışdır. Ermənilər Gürcüstan hesabına da "Böyük Ermənistan" yaratmaq iddiasındadırlar. Ermənilər Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsini öz əraziləri hesab edirlər. Abxaz-gürcü münaqişəsində Abxaziyanın hərbi strukturlarına daxil olan “Marşal Baqramyan adına batalyon” gürcülərə qarşı amansızlığı ilə fərqlənmişdir.  Ermənilər Tbilisini "itirilmiş erməni şəhəri" hesab edirlər. Azərbaycanın qədim şəhəri olan İrəvanı özlərinə paytaxt etmiş ermənilər Gürcüstanın paytaxtını da özlərininki hesab etməklə, həyasızlığın ən bariz nümunəsini nümayiş etdirirlər.
Bədnam erməni “tədqiqatçısı” Samvel Karapetyan Tbilisi şəhərinə erməni iddialarını “əsaslandırmaq” üçün 2003-cü ildə İrəvanda Ermənistan MEA-nın “Gitutyan” nəşriyyatında nəşr olunan 128 səhifəlik “Tiflisin (Tbilisinin) merləri” monoqrafiyasını yazmışdır.  Əvvəla, xülasədə monoqrafiyanın qədim gürcü şəhəri deyil, “Zaqafqaziyanın əsas şəhərlərindən biri olan Tiflisin merlərinin tərcümeyi-halından bəhs edildiyi” göstərilir. Sonra isə 800 il (XII əsrdən 1917-ci ilə qədər)” Tiflis merliyinin fəaliyyətinin araşdırılması və 47 şəhər merindən 45-nin erməni olduğu “sübut edilir”. Monoqrafiyanın “Tiflisin şəhərsalma tarixi, həmçinin erməni xalqının görkəmli nümayəndələrinin fəaliyyətinin araşdırılması ilə məşğul olan mütəxəssislər üçün” nəzərdə tutulduğu diqqətə çatdırılır. Müəllif “indiki erməni nəsillərini keçmişdə Tiflisdə erməni xadimlərinin yaratdıqları “əbədi dəyərlərlə” fəxr etməyə, həmin dəyərlərin yaradıcılarını unutmamağa” çağırır. 
S.Karapetyan “ermənilərin Tiflisi gürcülərdən qeyri-qanuni yolla deyil, farslardan, türklərdən, almanlardan alın təri  və zəhmətlə aldıqlarını” iddia edir [9, s.5].
Əslində S.Karapetyanın qeyd etdiyi XII-XIII əsrlərdə merlər “canişin”, “əmir” adlanırdı. Hətta XVII-XVIII əsrlərdə şəhəri “məliklər” deyil, gürcülərin mamasaxlis (მამასახლის) adlandırdıqları şəhər başçıları idarə edirdilər. Digər bir erməni tarixçisi Leo əslində ermənilərin Tiflisə 300 il əvvəl köçdüyünü, onlara böyük güzəştlər verildiyini qeyd edir: “1714-cü ildən Gürcüstan çarları bizim əcdadlarımıza məlik, mamasaxlis və nasval rütbələri verdilər: Gürcüstana müxtəlif dövrlərdə Türkiyə və İran hücum etdikdə belə onlar öz rütbələrindən məhrum edilmədi; öz zəhmətlərinə, igidliklərinə, sədaqətli xidmətlərinə görə onlar həmin dövlətlərdən də ali rütbələr əldə etdilər, bunları Türkiyə sultanlarının, İran şahlarının və Gürcüstan çarlarının verdikləri qramotalar da təsdiq edir" [10, s.78].
Əslində erməni məlikləri rütbələrini “zəhmətlərinə”, “igidliklərinə” görə deyil, yaltaqlıqlarına, ikiüzlülüklərinə, satqınlıqlarına görə alırdılar. Məliklər gürcü çarlarının himayəsi altında idilər. Bəzi erməni tarixçiləri də ermənilərə gürcü aristokratlarına bərabər güzəştlər edildiyini qeyd edirlər: “Ermənilər və ya ümumiyyətlə, mokalaklara böyük güzəştlər edilmişdi. Gürcü çarları onlara hər cür yardım edirdilər. Hətta mokalaklara cinayət əməllərinə görə digər sadə təbəqələr kimi ölüm cəzası tətbiq edilmir, onlar yalnız pul cəriməsi ödəyirdilər. Gürcü çarı Vaxtanqın qanunlarına uyğun olaraq mokalakların və gürcü aristokratlarının həyatları eyni, bərabər dəyərli hesab olunurdu.
Gürcüstanın İran şahına arbar adlandırılan qızlardan və gənc oğlanlardan ibarət xüsusi vergi ödədiyi o ağır zamanlarda guya ermənilər bu vergidən azad idi və onlar bunun əvəzində pul ödəyirlərmiş. Ermənilər çara müəyyən qədər xərac (maxta) ödəyirdilər ki, dövlət strukturunda vəzifə əldə etsinlər. Guya onlara bir neçə vəzifə tutmaq hüququ verilmişdi.
S.Karapetyan yalandan XIX əsrdə Tiflisdə həkim və mer vəzifəsi tutmuş “əsilzadə” və köklü vətəndaşların - mokalakların (birinci dərəcəli əyanların) siyahısını verir ki, guya bunların hamısı ermənilərdir.
Şəhər başçısı olan erməni məlikləri guya Tiflisin beş qapısının açarına sahib idilər. Əsassız və uydurma erməni mənbələrinə (“Tiflis haqqında rəvayət” - erməni dilində) əsaslanan S.Karapetyan  cənubdakı qapının birinin “Gəncə qapısı”, şərqdəki qapının isə "Yerevan (əslində İrəvan) qapısı" adlandığını sübut etməyə cəhd edir.  Belə çıxır ki, Tiflisdə ancaq erməni kilsələri (məsələn, Çıramen kilsəsi), erməni evləri (məsələn, Ter Asaturovun, Aftandil Kukucanyanın evləri) olmuşdur. Beşinci qapını isə o, “Avlabar qapısı” adlandırır. Guya Tiflisin bütün məlikləri erməni olmuşdur. S.Karapetyan bunu Tiflis əhalisinin əksəriyyətinin erməni olması, Gürcüstanın ali dövlət hakimiyyətinin ermənilərlə hesablaşması ilə əsaslandırır və buna görə də Tiflisin şəhər başçısı kimi ancaq ermənilərin təyin edildiyini yazır. Hətta öz yalanlarına aludə olan S.Karapetyan yazır ki, dəqiq məlumatlar olmasa da, ehtimal var ki, “Məlik Bayandur bu vəzifəni (Tiflis meri) Şah Abbasdan almışdır”.
 
4. Ermənilər Tiflisin “erməni şəhəri” olduğunu sübut etməyə cəhd edirlər
 
Tiflis əhalisi barədə məlumat verən S.Karapetyan ancaq Yerevanda nəşr olunmuş, erməni dilində uydurulmuş “ilk mənbələrə” əsaslanaraq “sübut etməyə” cəhd edir ki, ermənilər nəinki yalnız XIX əsrdə, əvvəllər də - lap orta əsrlərdə də Tiflisdə əhalinin əksəriyyətini təşkil etmişdir [9, s.8]. Sonra o, 1932-ci ildə Yerevanda erməni dilində nəşr olunmuş Ok.Akopyanın “Yol qeydləri”nə [I cild, s. 55] “əsaslanaraq” guya XVI əsr mənbəsi olan Ramusionun italyan dilindəki nüsxəsindən “iqtibas” gətirir: “Bu vilayətdə Tiflis adlanan gözəl şəhər vardır. Onun ətrafında çoxlu qalalar və qala divarları ilə əhatə olunmuş  kəndlər vardır. Orada xristian ermənilər, gürcülər, bir az da “sarasinlər” və yəhudilər yaşayırlar”. Yenə də  S.Karapetyan Yerevanda uydurulmuş mənbələrə “söykənir”. 1976-cı ildə Yerevanda erməni dilində “tərtib edilmiş” “XVII əsr (1629-cu il) erməni əlyazması abidəsi”nin ikinci sayından [s. 321] “iqtibas” gətirir: “Tiflis erməni şəhəridir”. Ermənilərin çox güman ki, təhrif etdikləri və 1955-ci ildə Yerevanda nəşr etdirdikləri  uydurma mənbələrdən olan “Ermənistan və ermənilər haqqında gürcü mənbələri” əsərinin üçüncü cildindən [s. 83] S.Karapetyan Gürcüstan şahzadəsi Vaxuştinin 1745-ci ildə yazdığı bir cümləni göstərir: “Tiflisin əhalisi arasında Bərdə və Seyidabadda yaşayan müsəlman farslar, Bərdədən kənarda isə ermənilər üstünlük təşkil edir, gürcülərin sayı isə çox azdır.” S.Karapetyan Tiflisdə azərbaycanlıların, türklərin yaşamadığını “sübut etmək” üçün “fars-müsəlman” ifadələrindən istifadə etmişdir. Halbuki Tiflisdə və onun ətrafında – Təhlə, Qaracalar, Kaspi bölgələrində tarixən azərbaycanlılar yaşamış, XVII əsrdə Şah Abbas Gürcüstanı işğal edərkən özü ilə gətirdiyi mübariz azərbaycanlı tayfaları da Tiflis ətrafında yerləşdirmiş, onlar sonralar yerli azərbaycanlılarla qaynayıb-qarışmışlar. 
S.Karapetyan tərtib etdiyi XIX-XX əsrin əvvəllərini əhatə edən  ermənisayaq cədvəllərində Tiflisdə 1848-ci ildən 1916-cı ilə qədər guya ermənilərin 46,1 - 40,9%, gürcülərin 24,8 - 10,8%, rusların 20,7 - 22,0%, digər xalqların 7,2 - 19,4% təşkil etdiyini “sübut edir”.
Sovet dövründə Tbilisi əhalisinin xüsusi çəkisində ermənilərin sayının azalmasından “təəssüflənən” S.Karapetyan 1979-cu ildə Tbilisidə 153.000 erməninin (14,0%), 653.000 gürcünün (62,0%), 129.000 rusun (12,0%) yaşadığını və burada digər millətlərin olmadığını “qeyd edir”.  Halbuki Tbilisidə indi də xeyli sayda azərbaycanlı yaşayır.
Qeyd edək ki, vaxtilə dar küçələri, palçıqlı yolları olan Tiflis Rusiya canişini general Yermolovun sayəsində sırf Asiya şəhərindən yarı Avropa şəhərinə çevrildi. 1840-1864-cü illərdə Tiflisdə yeni idarəetmə sistemi, ictimai idarəçilik tətbiq edildi. Bunun təşəbbüskarı Əlahiddə Qafqaz Korpusunun komandanı və Qafqaz Mülki İdarəsinin sədri Y.A.Qolovin idi. 
1847-ci ildə Gürcüstan canişini M.Vorontsovun təşəbbüsü ilə şəhər idarəçiliyi sistemində dəyişiklik edilərək oraya yeni inzibati orqanlar əlavə edildi. Rusiyanın erməniləri Qafqaza, o cümlədən Tiflis quberniyasına və Tiflisə köçürməsi nəticəsində onların sayı yerli millətlərə nisbətən artdı. Ona görə də Tiflis də daxil olmaqla Tiflis quberniyasında ermənilərin sayı 558.000 nəfər, azərbaycanlıların sayı isə 63.000 nəfər oldu [1, s.24].
1858-ci ildə Tiflisin nisbətən inkişaf etdiyini deyən S.Karapetyan yenə saxta erməni mənbələrinə istinad edir: “Tiflisi, yaxud bizim dildə (erməni dilində - V.Ö.) Tpxisi indi bütün Qafqazın və Zaqafqaziyanın, həmçinin eyni mənada Ermənistanın (? - V.Ö.) və Gürcüstanın paytaxtı hesab etmək olar”. [9; s.21] Bu, əsl saxtakarlıqdır. Tiflisi Gürcüstanla yanaşı mövcud olmayan Ermənistanın da paytaxtı hesab etmək əsl cəfəngiyyatdır. 
1860-cı ildə Tiflisin inkişafı ilə yanaşı, şəhər idarəetmə sisteminin tərkibi şəhər idarəetmə katibi, şəhər rayonları komissarları kimi yeni vəzifələrlə zənginləşdi. Bu idarəetmə forması 1867-ci ilə qədər mövcud oldu. Lakin ermənilərin yüksək vəzifə tutduğunu  mənbələr təsdiq etmir. T.Svyatoxovski onların “idarəçiliyin aşağı pillələrində yer tutduqlarını” göstərir: “Çar məmurlarının apardığı mərkəzləşmə və ruslaşdırma siyasəti arasındakı uyğunluq 1860-cı illərdə yenidən bərpa olundu... Bu, bürokratik idarəetmə aparatının aşağı pillələrində qərar tutmuş yerli kadrların (o cümlədən gürcülərin və azərbaycanlıların - Ö.V.) çox güclü ixtisarı ilə nəticələndi və ərazinin idarə olunmasında əksər mövqelər rus və ermənilərin əlinə keçdi. III Aleksandrın hakimiyyəti dövründə bu hadisələr özünün ən yüksək zirvəsinə çatdı" [1, s.24]. Göründüyü kimi, S.Karapetyanın uydurduğu kimi ermənilər yüksək pillələrdə deyil, aşağı pillələrdə vəzifələr tuturdular. Ancaq Karapetyan 1875-ci ildə “təkcə merlərin deyil, şəhər idarəsinin əksər üzvlərinin də ermənilərdən ibarət olduğunu” qeyd edir.
1880-1890-cı illərdə Tiflis şəhər idarəsində (dumasında) milli münasibətlərdən bəhs edən erməni tarixçisi yenə ermənilərin üstün mövqe tutduğunu bildirir. Erməni əsilli Q.Tumanov “Qafqazda şəhər özünidarəsi haqqında qeydlər” əsərində Tiflisdə ermənilərin əhalinin 47%-ni təşkil etdiyini, həmçinin şəhər şurasında səslərin 72%-nə malik olduğunu iddia edir [12, s.1]. Digər bir saxta erməni tarixçisi K.Turyan ermənilərin şəhərdəki say üstünlüyünü pulun ermənilərin əlində cəmləşməsi ilə əlaqələndirir: ticarət və faydalı pullu  müəssisələr onların (ermənilərin - V.Ö.) əllərində idi. 
Ermənilərin iddiasına görə, guya Tiflis bankları ermənilərin pulları hesabına fəaliyyət göstərirdi. “Tiflis kommersiya bankı”, “Qarşılıqlı kredit cəmiyyəti”, “Şəhər kredit cəmiyyəti”, “Şəhər yanğından mühafizə sığortası cəmiyyəti”ni guya ermənilər yaratmış və həmin müəssisələrin səhmdarları onlar olmuşlar [13, s.292-293].
Gürcülərin Tiflisdə nəzərəçarpacaq dərəcədə az sayda olmasını erməni tarixçisi Q.Tumanov özünəməxsus şəkildə, ermənisayağı şərh edir: “Gürcü kartlilər və gürcü-kaxetiyalılar arasında şəhərlilərin sayı az idi. Kənd təsərrüfatı və hərbi xidmət Şərqi Gürcüstan əhalisinin əzəli və sevimli məşğuliyyəti idi. Zaman çox şeyi dəyişdi: gürcü əhalisinin müxtəlif təbəqələrindən olan bəzi insanlar burjuaziyanın məlum elementinə çevrildilər. İndi kommersant gürcülərə, azad peşə sahibi olan adamlara rast gəlmək olur. Lakin onlar çox azdır. Onların əksəriyyəti hətta Tiflisdə seçki senzinə malik deyildilər” [12, s.5]. Buna görə də gürcülər guya şəhər meri vəzifəsinə nadir hallarda seçilirdilər.
 
5. Bəs gürcü mənbələri nə deyir?
 
Gürcü mənbələri Tiflisə dair erməni tarixçilərinin bütün baxışlarını alt-üst edir. Qədim gürcü salnaməsində hələ IV əsrdə Tiflisin möhkəmləndirilmiş şəhər olduğu və Şərqi Gürcüstan çarı Varaz-Banurenin iqamətgahı olduğu göstərilir. Akademik Canişia hələ o vaxtlar şəhərin inzibati-təsərrüfat, hərbi-strateji əhəmiyyət kəsb etdiyini qeyd edir. V-VI əsrlərdə çar Vaxtanq Qarqasal və onun oğlu Daçi şəhərdə tikinti aparmış, şəhər divarlarını möhkəmləndirmişlər. VI əsrdə Bizans tarixçisi Feofan 571-ci ildə gürcülərin farslara qarşı üsyanından bəhs edərkən yazmışdır: “İberlərin paytaxtı Tiflis idi” [7,  s.12].
VII əsrdə Tiflisə Şərqi Gürcüstanın feodal knyazı başçılıq edirdi. Çox keçmədən həmin əsrdə ərəblər tərəfindən işğal olunmuş Tiflisdə əmirlər otururdu. Akademik Canaşia hələ X əsrdə erməni yazıçısı Uxtanesin Tiflisin Gürcüstanın “böyük paytaxtı” olması haqqında dediyi fikri diqqətə çatdırır [7,  s.16].
X əsrin ortalarında Tiflis əmirləri müstəqil feodallara çevrildilər. Tiflis 1122-ci ildə Gürcüstana birləşdirildi və IV Qurucu David öz iqamətgahını Kutaisidən Tiflisə köçürdü.
S.Karapetyanın “bərbad, zibilli” hesab etdiyi Tiflis hələ “XI-XIII əsrlərdə geniş meydanları, möhkəmləndirilmiş divarları, bürcləri və qalaları olan şəhər idi. Mənbələrdə Dəriğəli və İsani iç qalaları, istehkamları, skalkinika və Tabori bürcləri, həmçinin İsanidə Kürdən keçən körpülər xatırlanır. Əsas çar  sarayı  İsanidə yerləşirdi [7, s.19]. İsani ermənilərin daim xatırladığı Ablabardır. Amma gürcü tarixçisi akademik S.Canaşia göstərir ki, “İsani"nin də, “Ablabar"ın da qədim adları ərəb mənşəlidir. Belə ki, İsani “saray ətrafı”, Ablabar isə “istehkam, iç qala”, “bürc” deməkdir. Şübhəsiz ki, ermənilər Ablabara XIX əsrdə ruslar tərəfindən köçürülmüş və orada yerləşdirilmişlər.
XII-XIII əsrlərdə Tiflis  inkişaf edərək Yaxın Şərqin iri şəhərlərindən birinə çevrildi. Buna görə də Roma papası XXII İoann Gürcüstan çarlığının paytaxtı Tiflisi ən yaxşı, əhalisi çox, varlı, rahat, məşhur şəhər hesab etdiyindən katolik yepiskopluğunun iqamətgahını Stirnıdan Tiflisə köçürdü.
XVII əsrdə Tiflisdə oturan Kartli çarı İran şahının vassalı olduğundan bəzi səyyahlar və tədqiqatçılar onu bəzən İran şəhərlərindən biri kimi təqdim edirdilər. Məşhur fransız botaniki Turnefarun verdiyi məlumata görə, 1700-cü ildə Tiflisdə 20 minə yaxın əhali yaşayırdı, 12 kilsə və 2 məscid var idi. Kilsələrin əksəriyyəti gürcü, biri isə erməni və katolik mənşəli idi.
“XVIII əsrin 60-cı illərində Tiflis birləşmiş Kartli-Kaxetiya çarlığının paytaxtı oldu. Çar II İrakli şəhərin iqtisadi və mədəni yüksəlişinə nail oldu” [8, s.25].
S.Karapetyan Tiflisdə İrəvan qapısının olduğunu iddia edir. Akademik S.Canaşia  isə yazır: “Bu şəhər daş divarla əhatə olunmuşdu və 6 qapısı var idi (Diqomi, Kocori, Çay, Hamam, Gəncə və Qars qapıları)” [7, s.27].
1840-cı ildə Tiflis Zaqafqaziya diyarının inzibati mərkəzi oldu. 1845-1917-ci illərdə Qafqaz canişininin qərargahı olaraq qaldı. Tiflis feodal şəhərindən Avropa tipli burjua şəhərinə çevrilsə də, öz köhnə spesifik xüsusiyyətlərini saxladı.
1886-cı il fevralın 24-də Rusiya Nazirlər Şurasının qərarı ilə Zaqafqaziyada keçirilən siyahıyaalma zamanı Tiflisdə əhalinin milli tərkibi, vəziyyəti,  əqidəsi, ictimai mövqeyi haqqında da məlumat toplanmışdı. Bu siyahıyaalmanın keçirilməsinə Qafqazın mülki hissəsinin baş rəisi, general-adyutant, knyaz A.M.Dondukov-Korsakov rəhbərlik etmiş, prosesdə vilayət qubernatorları və rəislər də fəal iştirak etmişlər.
Tiflis quberniyasında aparılan siyahıyaalmada Tiflis şəhərində 78445 nəfərin yaşadığı məlum olmuşdur [11, s.8]. Həmin mənbənin məlumatına əsasən, quberniya şəhəri Tiflisdə 43822 nəfər kişi, 34623 nəfər qadın yaşayırdı. 
Qeyd edək ki, 1876-cı ildə Tiflisdə rusların (maloruslar) bolqarlar, çexlər və slovaklarla birgə sayı 19617 nəfər, 1886-cı ildə 36113 nəfər, müvafiq olaraq gücülərin sayı 21542 nəfər və 38357 nəfər, azərbaycanlıların sayı (mənbədə “Aderbaycan tatarları” adlanır) 2186 və 2505 nəfər, köçürülmüş ermənilərin sayı isə 37308 nəfər olmuşdur [11]. 
Tiflisdə  XIII əsrdə  100 mindən çox, XVIII əsrin əvvəllərində 20 min, XIX əsrdə 25 min, 1865-ci ildə 71 min, 1886-cı ildə 78 min, 1897-ci ildə 161 min nəfər əhali yaşayırdı. XX əsrin 30-cu illərində sovet dövründə Tiflisdə əhalinin sayı 519175 min nəfərə çatmışdı.     
Tiflisdə pravoslavlar, təriqətçilər, erməni qriqorianlar, erməni-katoliklər, Roma katolikləri, lüteranlar, müsəlmanlar, hestorianlar və iuduistlər yaşayırdılar.
Müasir Tiflisin qədim hissəsi kiçik bir ərazini tutur. XVIII əsrin 30-cu illərində gürcü tarixçisi və coğrafiyaçısı Vaxuşti Baqrationi onun dəqiq planını tərtib etmişdir. Vaxuştinin məlumatına görə, qədim Tiflis üç hissədən ibarətdir: onlardan biri Qala, ikincisi Seydabad, üçünsüsü İsna (XIV əsrdə Ablabar) adlanır. Qalanın cənub hissəsində Narınqala istehkamı, Şahtaxtı qalası, Qala meydanı yerləşir” [11, s.31]. Qədim Tiflisin ikinci hissəsi Seyidabad adlanır: XVIII əsrdə Səfəvi şahı Səfinin dövründə burada seyidlər yerləşdiyindən belə adlanmışdır. Şəhərin üçüncü hissəsi İsanidən körpü vasitəsilə Kürün əks tərəfi ilə əlaqə saxlanılırdı.
 
Nəticə
 
Beləliklə, saxta erməni mənbələrinə əsaslanan erməni tarixçiləri qədim Gürcüstanın əzəli paytaxtı olan Tbilisi şəhərinə iddia edir, onu saxta erməni termini ilə əvəz edir, demoqrafik, tarixi təhriflərə yol verərək onun “erməni şəhəri” olduğunu “sübut etməyə” cəhd edirlər. Tarix və mənbələr bu qədim şəhərin gürcü şəhəri olduğunu, bir çox millətlərin, o cümələdən azərbaycanlıların burada tolerant mühitdə gürcülərlə mehriban bir ailə kimi yaşadığını təsdiq edir. Qafqaza, həmçinin Tbilisiyə XIX əsrdə ruslar tərəfindən köçürülmüş ermənilər bütün dünyada olduğu kimi bu bölgədə də “xəstə ermənilik” ideyasını reallaşdırmaq, xəyali “Böyük Ermənistan” yaratmaq planlarına nəinki Tbilisini və onun ətrafını, hətta Borçalı bölgəsini də daxil etməyə çalışırlar.
 
İstifadə edilmiş ədəbiyyat:
 
Azərbaycan dilində:
1. Svyatoxovski T. Rusiya və Azərbaycan: sərhədyanı bölgə keçid dövründə. Bakı: Xəzər Universiteti nəşriyyatı, 2000,  373 s. 
 
Rus dilində:
2. Армяне потребовали переименовать Тбилиси. /08.12.2016/ - www.news.day.az-/politics/848546.html 
3. Армянский Тифлис безвозвратно утерян. /27.12.2008/  - www.armtoday.info/default.asp? Lang=_Ru&NewsID=7777 
4. Армянский мастер главных часов Тбилиси. /19.05.2017/ - www.hayernaysor.am/ru/ archives/247211 
5. Бакули А. Почти все меры Тбилиси были армянами. /09.02.2006/ - 
www.noravank.am/rus/issues/detail.php?ELEMENT_ID=3102 
6. Власти Тбилиси уродуют историю города, но правда для армян окажется еще страшнее. /01.11.2014/ - www.vesti.az/news/224022?keepThis=true&TB_iframe=true&height=500&width=1100&caption=Vesti+Az 
7. Джанашия С. Исторический очерк о Тбилиси. // Юбилейный сбрник. Тбилиси: Заря Востока. 1946, c.11-37
8. Джанбаридзе Н., Мацабели К. Тбилиси. Мцхета. Москва: Исскуство, 1981, 255 с.
9. Карапетян С. Мэры Тифлиса (Тбилиси). Ереван: Издательство «Гитутян», НАН АР, 2003, 128 с.
10. Лео. Собрание Сочинений. Том IV., Ереван, 1984,  238 с.
11. Сводь статических данных о население. Закавказского края. Тифлиская Губерния. Тифлись,1893, 152 с.
12. Туманов Г.М. Заметки  городском самоуправления на Кавказе. Тифлис, 1902, 126 с. 
13. Тюрян К. Неделя в Тифлисе. “Анлес Амсонеа”, 1890, 328 с.
 
Vahid Omarov
Armenian Claims to Tbilisi
 
The article is devoted to the unjustified claims of Armenians to the countries of near and far abroad, including the ancient and ancient Georgian capital of Tbilisi, which is an integral part of the insidious strategic plans of Armenian researchers. The author shows how unjustified Armenian historians fabricated "first sources" to prove that Tiflis is an Armenian city.  Armenian scholars try to "prove" by falsification that the ancient name of Tiflis was Armenian Tpkhis, where the population was mostly Armenians, so from 1840 to 1920 the head of the city administration was Armenians, all the prominent cultural monuments of Tbilisi were built by Armenians, and in  the whole city was rebuilt on their material means and Tbilisi was turned into one of the central cities of the Caucasus.  All this is unreasonable and does not rely on historical facts and is aimed at violating the legitimate rights of the Georgian people.
 
Вахид  Омаров
Армянские претензии на Тбилиси
 
Статья посвящена необоснованным претензиям армян странам ближнего и дальнего зарубежья, в том числе на исконную и древнюю грузинскую столицу Тбилиси, являющейся составной частью коварных стратегических планов армянских исследователей. Автор показывает, как необоснованно армянские историки сфабриковали «первые источники», чтобы доказать, что Тифлис - армянский город. Армянские исследователи путем фальсификаций пытаются «доказать», что древнее название Тифлиса было по-армянски Тпхис, где население в основном были армяне, поэтому с 1840 по 1920-е годы главой городского управления были армяне, все видные культурные памятники Тбилиси построили армяне, а в целом город был перестроен на их материальные средства и Тбилиси был превращен в один из центральных городов Кавказа. Все это необоснованно и не опирается на исторические факты и направлено на нарушение законных прав грузинского народа.
 
Məqalə redaksiyaya daxil olmuşdur:  17.10.2018
Təkrar işləməyə göndərilmişdir:  22.10.2018
Çapa qəbul edilmişdir:  05.11.2018
© 2011-2019. Müəlliflik hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qorunur. Bütün hüquqlar "Strateji təhlil" jurnalına aiddir. Məlumatlardan istifadə edərkən stj.sam.az saytına istinad zəruridir.