Məqalələr

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun tariximizdə yeri Ümummilli lider Heydər Əliyev- milli intibahın banisi, müstəqil dövlətçiliyin memarı Azərbaycan Cümhuriyyətinin müqəddəratında Böyük Britaniya amili Bir əsrlik dövlətçilik tarixinə siyasi liderlik fenomeni işığında baxış: Ümummilli lider Heydər Əliyev - 95 К вопросу о создании Армянского государства и определения его границ на переговорах в Батуми и Стамбуле в1918 г. Azərbaycan Xalq Cümhuriyyətinin parlament sənədləri Zəngəzur, Qarabağ və Naxçıvanda 1918-1920-ci illərdə erməni vəhşiliklərini öyrənmək üçün mənbə kimi Геноцид тюрко-мусульманского населения Азербайджана по документам Британских дипломатов XX əsrdə erməni rəsmi dairələrinin kürdlərə qarşı həyata keçirdiyi deportasiya, repressiya və terror aktları haqqında (etnosiyasi analiz) Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Osmanlı dövlətinin siyasəti (iyun-oktyabr 1918-ci il) Нахчыван на переднем крае борьбы с армянской агрессией в период Азербайджанской Демократической Республики Sərhədyanı mübahisə 1918-1920-ci illərdə Azərbaycan-Gürcüstan münasibətlərində əlverişsiz amil kimi Особая Комиссия и ее “особые” сотрудники Равноправие и гендер: путь, пройденный от Азербайджанской Демократической Республики до Первого вице-президента Экономическая политика Азербайджанской Демократической Республики: поиски оптимальной модели Вопрос об экономических отношениях между Азербайджанской Республикой и РСФСР на страницах журнала “Нефтяное дело” 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin aqrar siyasəti Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti Военно-политические аспекты деятельности Азербайджанского правительства в 1918-1920 гг. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu Mirzə Bala Məmmədzadənin ideoloji görüşləri Tam siyahı

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Osmanlı dövlətinin siyasəti (iyun-oktyabr 1918-ci il)

Müəllif: Strateji Tehlil Jurnali

baxılıb: 122

Avq 20, 2018 - 10:39

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Osmanlı dövlətinin siyasəti (iyun-oktyabr 1918-ci il)

Vasif QAFAROV

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent

vasifqafarov@rambler.ru

 

Açar sözlər: Batum konfransı, İstanbul konfransı, Azərbaycan ərazisi, Ermənistan, ərazi iddiaları, ərazi-sərhəd problemləri, Qarabağ məsələsi

Key words: Batumi conference, Istanbul conference, Azerbaijan territory, Armenia, territorial claims, territorial-border issues, Karabakh issue

Ключевые слова: Батумская конференция, Стамбульская конференция, территория Азербайджана, Армения, территориальные претензии, территориально-пограничные проблемы, Карабахская проблема

 

Giriş
 
Batum konfransının gedişində yeni yaranan Gürcüstan, Azərbaycan və Ermənistan respublikaları arasında bir sıra qarşılıqlı ərazi-sərhəd problemlərinin olduğu üzə çıxdı. Bu problemlərin gələcəkdə böyük sarsıntılara gətirib çıxaracağını yəqin edən konfransdakı Osmanlı hərbi nümayəndəsi Vehib paşa 1918-ci il iyunun 1-də Osmanlı nümayəndə heyətinin rəhbəri Xəlil bəy Menteşəyə bildirirdi ki, Türkiyə ilə Qafqaz respublikaları arasındakı sərhədlərin təyin edilməsindən əlavə bu respublikaların öz aralarında olan sərhədlərin də qəti olaraq təyin edilməsi fövqəladə əhəmiyyət kəsb edir və bunu gerçəkləşdirmək lazımdır [13, v.18]. Lakin Qafqaz respublikaları arasında ərazi-sərhəd məsələləri ilə bağlı qarşılıqlı iddiaların miqyasını nəzərə alan Xəlil bəy konfransın işini tez bir zamanda başa çatdırmaq üçün bu məsələnin Batumda həllini uyğun bilmədi. Xəlil bəylə erməni və Azərbaycan nümayəndələri arasında aparılan müzakirələrdə bircə o qərarlaşdırıldı ki, yeni yaradılan Ermənistan Respublikasının şərq, yəni Azərbaycanla olan sərhədini Göyçə gölü təşkil edir [12, v. 146, 150, 151; 11, v. 94, 96, 98, 100]. Bu sərhədin detallarının müəyyən edilməsi də sonraya saxlanıldı. Osmanlı imperiyası ilə Cənubi Qafqaz respublikaları arasında ümumi sərhəd xətti təyin edildikdən sonra tərəflər arasında müqavilələr imzalandı və bununla da konfrans öz işini başa vurdu. Qafqaz respublikaları arasında sərhədlərin təyin edilməsi məsələsi bu respublikaların öz ixtiyarına buraxıldı və Vehib paşanın təklifi [13, v. 18] ilə Osmanlı imperiyası ilə Azərbaycan, Gürcüstan və Ermənistan arasında imzalanan müqavilələrə belə bir maddə salındı ki, bu respublikalar özləri öz aralarında sərhədlərini müəyyən edəcəklər, bununla bağlı tərəflər arasında imzalanacaq protokol barədə Osmanlı hökumətinə məlumat verəcəklər və bu protokollar Batum müqavilələrinin bir hissəsini təşkil edəcəkdir. Bu məsələ Osmanlı imperiyası ilə Azərbaycan, Gürcüstan və Ermənistan arasında imzalanan Batum müqavilələrinin üçüncü maddələrində öz əksini tapdı. Yeni elan olunan Qafqaz respublikaları bir-birlərini rəsmən tanımaq məsələsini də öz aralarında ərazi-sərhəd problemlərini həll edənədək təxirə salmalı oldular. Nəticədə, Osmanlı imperiyası ilə sərhədlərini təyin edən Qafqaz respublikaları öz aralarında olan ərazi-sərhəd mübahisələri ilə baş-başa qaldılar. Bu da öz növbəsində bölgə xalqlarına, xüsusilə də azərbaycanlılara görünməmiş fəlakətlər gətirdi. 
 
1. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və İstanbul konfransı 
 
Dördlər İttifaqı ölkələri ilə yeni yaranan Qafqaz respublikaları arasında əlaqələr qurmaq, qarşılıqlı münasibətləri tənzimləmək və ərazi-sərhəd məsələləri ilə bağlı problemləri müzakirə etmək məqsədilə İstanbulda keçirilməsi nəzərdə tutulan konfransda iştirak etmək üçün 1918-ci ilin iyun ayında Osmanlı paytaxtına gələn Cənubi Qafqaz respublikaları nümayəndə heyətlərinin fəaliyyəti bu respublikalar arasında ərazi-sərhəd məsələləri ilə bağlı çox ciddi problemlərin olduğunu ortaya qoydu və heyətlərin fəaliyyəti daha çox qarşılıqlı ərazi mübahisələri ilə yadda qaldı. Biz bu məqalədə ancaq Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi tələbləri və bu məsələ ətrafında İstanbuldakı erməni nümayəndə heyəti (Avetis Aharonyan, Alaksandr Xatisov, Mixail Papacanov, Mixail Korqanov, Qriqor Xatisyan, Şahparyan, Tiqran Mirzayan, Aqop Koçaryan, Artin Adamyan, Leon Livicyan, Arşak Aronyan) ilə Azərbaycan nümayəndə heyəti (Məhəmməd Əmin Rəsulzadə, Xəlil bəy Xasməmmədov, Aslan bəy Səfikürdski, Əbdülhəmid Qaytabaşı, Əhməd Cövdət bəy Pepinov, Əkbər ağa Şeyxülislamov, Abbas bəy Ataməlibəyov, Məmməd bəy Xanməmmədov) arasında gedən diplomatik mübarizə üzərində dayanırıq.
1918-ci il iyunun 25-də Azərbaycan nümayəndə heyətinin rəhbəri M.Ə.Rəsul-zadə İstanbul mətbuatına Azərbaycan haqqında geniş bəyanatla çıxış etdi. Ertəsi gün qəzetlərdə çap olunan bu bəyanatda M.Ə.Rəsulzadə son bir ildə Qafqazda cərəyan edən hərbi-siyasi prosesləri şərh edir, müstəqil Azərbaycan dövlətinin yaranması, onun idarə sistemi və əhatə etdiyi ərazilər, Türkiyə ilə imzalanan Batum müqavilələri və Bakının azad edilməsi uğrunda aparılan birgə mübarizə  haqqında məlumat verirdi. Azərbaycanın əhatə etdiyi ərazilərlə bağlı bəyanatda deyilirdi: “Bizim təşəkkül etmiş olan hökumətimizin ərazisi Bakı, Gəncə, İrəvan vilayətlərindən ibarətdir, Tiflis sancağının bir qismi ilə digər bəzi sancaqlar da bu əraziyə daxildir” [19]. Qafqaz respublikaları arasında sərhədlərin qəti olaraq hələ təyin edilmədiyini vurğulayan M.Ə.Rəsulzadə eyni zamanda Azərbaycanla Ermənistan arasında sərhəd məsələsi ilə bağlı Batum konfransında əldə edilən razılaşmaları diqqətə çatdıraraq qeyd edirdi ki, “İrəvan quberniyasının İrəvan şəhəri Ermənistanda qalır, lakin bu quberniyanın digər hissələri Azərbaycan ərazisinə daxildir. Azərbaycanla Ermənistanın sərhədi Göyçə gölünün ortasından keçməklə, gölün bir sahili bizdə, digər sahili isə ermənilərdə qalır” [41].
Bu arada Osmanlı Xarici İşlər Nazirliyi Azərbaycan nümayəndə heyətinin rəhbəri M.Ə.Rəsulzadədən Azərbaycan Cümhuriyyətinin əhatə etdiyi ərazilər və sərhədlərini əks etdirən xəritə tələb etdi. M.Ə.Rəsulzadə Azərbaycanın xarici işlər naziri M.H.Hacınskiyə göndərdiyi 1918-ci il 28 iyun tarixli teleqramında Ənvər paşanın da Azərbaycan nümayəndələrinə ölkənin sərhədlərinin elan edilməsini təklif etdiyini və Almaniyanın da bu məsələ ilə maraqlandığını bildirirdi. O yazırdı: “İyunun 24-də İstanbula yetişdik və Pera Palasda yerləşdik. Bir gün sonra Tələt paşanın qəbulunda olduq. Xarici işlər naziri, Ənvər paşa, Xəlil bəy, şeyxülislam və digər nazirlər də orada idilər. Eyni zamanda Almaniya səfiri Bernsdorfun qəbulunda olduq. Ənvər paşa təklif etmişdi ki, ərazilərimizin hüdudlarını elan edək. Hökumətdən rica edirik təcili şəkildə bunu etsin, əgər vaxtında edə bilməsəniz, biz özümüz müvafiq bəyanat hazırlayarıq. Bütün nümayəndələr buradadır. Bernsdorf bizi nəzakətlə qəbul etdi, bizim hökumətin təşkili qaydası, Milli Şura, siyasi partiyalar haqqında soruşdu. Eyni zamanda ordumuzun olub-olmadığı, hansı qüvvə ilə Bakıya qarşı bolşeviklərlə mübarizə apardığımızla maraqlandı. Həmçinin soruşdu ki, biz konfransda sərhədlərimizin müəyyən edilməsini zəruri hesab edirikmi? Mən cavab verdim ki, bunu biz öz aramızda həll etməyə ümidliyik, nəticələr barədə isə müttəfiqlərə məlumat verəcəyik. Fikirləşirik ki, kon-frans Ramazan bayramından tez başlamayacaq” [4, v. 52-53].
İstanbul hökumətinin təklifinə uyğun olaraq M.Ə.Rəsulzadə Azərbaycan Cümhuriyyətinin sərhədlərini xırda detallarına qədər izah edib və bunu xəritə üzərinə köçürüb [9, v. 26-27] iyulun 12-də Osmanlı Xarici İşlər Nazirliyinə təqdim etdi [9, v. 24-25]. M.Ə.Rəsulzadənin “Azərbaycan Hökuməti Hüdudları” başlığı ilə təqdim etdiyi bu sənəddə Azərbaycanın Türkiyə, Ermənistan, Gürcüstan və Dağıstanla olan sərhədləri dağ zirvələri və mühüm məntəqələrlə təsbit edilərək dəqiq göstərilmişdi [9, v. 25]. Bura bütün Bakı quberniyası (Bakı şəhəri də daxil olmaqla Bakı qəzası, Cavad, Göyçay, Şamaxı, Quba, Lənkəran qəzaları), bütün Gəncə quberniyası (Gəncə, Cavanşir, Şəki, Ərəş, Qarabağ, Cəbrayıl, Zəngəzur, Qazax qəzaları), İrəvan quberniyasının bir hissəsi (Naxçıvan qəzasının Ordubad hissəsi, Şərur-Dərələyəz qəzasının bir hissəsi, Yeni Bəyazid qəzasının bir hissəsi), Tiflis quberniyasının bir hissəsi (Borçalı, Sığnax qəzaları və Tiflis qəzasının bir hissəsi) və Zaqatala sancağı daxil idi [9, v. 24-25, 26-27; 7, v. 10-11; 1, v. 27]. 
Azərbaycan nümayəndə heyətinin rəhbəri M.Ə.Rəsulzadə ölkənin əhatə etdiyi ərazilər və sərhədləri ilə bağlı detallı məlumatları və bunun əsasında hazırlanan xəritəni Osmanlı hökumətinə təqdim etdikdən bir neçə gün sonra, 1918-ci il  iyulun 17-də Azərbaycan Cümhuriyyətinin əhalisi, əhatə etdiyi ərazilər, dövlət quruluşu və iqtisadiyyatı ilə bağlı ayrıca bir bəyanatla da çıxış etdi [7, v. 10-11]. Bəyanat İstanbulda olan xarici ölkələrin səfirliklərinə təqdim edilməklə yanaşı mətbuatda da dərc edildi. Türk və fransız dillərində qələmə alınan bəyanatda Azərbaycanın əraziləri ilə bağlı deyilirdi: “1918-ci il mayın 28-də istiqlalını elan edən Azərbaycan, Bakı və Gəncə əyalətlərini, Zaqatala qəzasını və Tiflis və İrəvan əyalətlərinin bir hissəsini əhatə edir, ümumi ərazisi 100.600 km2-dir” [7, v. 10-11].
İstanbulda olan digər Qafqaz heyətləri də təmsil etdikləri ölkələrin quruluşu, idarə şəkli, əhatə etdiyi ərazilər və sərhədləri haqqında mətbuatda bəyanatla çıxış etməklə yanaşı, Osmanlı hökumətinə və İstanbuldakı səfirliklərə bu barədə notalar təqdim edirdilər. Bu bəyanat və notalarda Qafqaz respublikaları arasında qarşılıqlı ərazi iddiaları öz əksini tapmışdı. 1918-ci ilin yayında Azərbaycana qarşı ən böyük ərazi iddiaları ilə çıxış edən ölkə Ermənistan idi. Bəhs edilən dövrdə İstanbuldakı erməni nümayəndə heyəti Ermənistanın Osmanlı imperiyası, Azərbaycan və Gürcüstanla münasibətlərini sülh və əmin-amanlıq üzərində qurmaq və ölkələr arasındakı sərhədləri tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən etmək istəyi ilə bağlı bəyanatla çıxış etsə də [24], gerçəkdə erməni hökuməti belə bir mövqedən uzaqda dayanırdı. Azərbaycan torpaqlarında özlərinə dövlət yaradan ermənilər bununla kifayətlənməyib, Azərbaycanın əzəli torpaqları olan Naxçıvan, Zəngəzur, Qarabağ, Qazax və digər bölgələrə ərazi iddiaları ilə çıxış edirdilər.
Erməni nümayəndə heyəti öz bəyanatında Ermənistan hökumətinin “Türkiyə erməniləri” məsələsi ilə maraqlanmadığını, bu məsələnin Osmanlı hökumətinin daxili işi olduğunu və buna görə də adı çəkilən məsələnin heyətin də proqramında olmadığını vurğulayır, daha sonra Avropa dövlətlərinin himayəsinə sığınmağın ermənilər üçün çox baha başa gəldiyini və bu dövlətlərdən erməni xalqına heç bir xeyir gəlmədiyini bəyan edir və artıq yorulan erməni xalqının bundan sonrakı dövrdə Osmanlı hökumətinin xeyirxahlığına sığınaraq Türkiyə, həmçinin Azərbaycan və Gürcüstanla yaxşı qonşuluq münasibətləri təsis edib sakit yaşamaq istədiyini bildirirdi [24; 29].
Erməni nümayəndə heyətinin üzvü A.Xatisyan İstanbul mətbuatına verdiyi müsahibəsində Qafqazda erməni dövlətinin məhz Türkiyənin yardımı ilə yaradıldığını etiraf edir və bundan sonrakı dövrdə də Ermənistanın yaşaması üçün İstanbul hökumətinin qayğı və köməyinə ehtiyac olduğunu xatırladaraq deyirdi: “Türkiyə Ermənistanın dünyaya gəlməsində əbəlik (mamaçalıq – V.Q.) vəzifəsini ifa etdi. Fəqət əbənin bir vəzifəsi də dünyaya gətirdiyi körpənin böyüməsinə diqqət yetirməkdir” [21].
Bu vaxta qədər Rusiya, İngiltərə və Fransa kimi Avropa dövlətlərinin himayəsinə sığınıb Türkiyəyə qarşı etdikləri bütün pisliklərə baxmayaraq, onlara dövlətin məhz elə İstanbul hökuməti tərəfindən yaradıldığını etiraf edən ermənilər bundan sonrakı planlarını gerçəkləşdirmək üçün zahiri də olsa, Türkiyəyə sığındıqlarını və həmçinin qonşuları ilə normal münasibətlər qurub yaşamaq istədiklərini bəyan etsələr də, onların fəaliyyəti və bütün qonşularına qarşı ortaya qoyduqları ərazi tələbləri bunu mümkünsüz edirdi.
 Bununla yanaşı, İrəvan hökuməti və onun dəstəklədiyi erməni quldur dəstələri Ermənistanın ərazi iddiaları irəli sürdüyü Azərbaycan ərazilərində türk-müsəlman əhalisinə qarşı soyqırım cinayətləri həyata keçirməklə və müsəlmanlardan boşaldılan bu ərazilərdə Türkiyədən gələn erməni qaçqınlarını yerləşdirməklə demoqrafik vəziyyəti ermənilərin xeyrinə dəyişməkdə idilər. Ermənistan sərhədləri daxilində qalan müsəlmanlara qarşı da soyqırım və diskriminasiyanın miqyası son dərəcə genişlənmişdi. Ermənistan daxilində qalan müsəlmanların tamamilə məhv edilməsinin qarşısını almaq məqsədilə Osmanlı hökuməti Ermənistandakı müsəlmanların Türkiyə erməniləri ilə yurd mübadiləsini həyata keçirməyi İrəvan hökumətinə təklif etdi və bununla bağlı 1918-ci il iyunun sonlarında Aleksandropolda tərəflər arasında danışıqlar aparıldı. Ermənistan təmsilçiləri bu danışıqlarda zahirən müsəlmanlarla ermənilərin mübadilə edilməsi təklifinə razı oldular, amma bunu əhalinin arzusu ilə etməyi şərt qoydular. Lakin bu şərt Osmanlı tərəfini təmin etmədi [9, v. 30]. Ermənistan təmsilçiləri ilə danışıqlar aparan 9-cu ordu komandanlığından Şərq orduları qrupunun komandan vəkili Əsəd paşa vasitəsilə Osmanlı Hərbi Nazirliyinə göndərilən 5 iyul 1918-ci il tarixli şifrəli teleqramda bütün bunlar haqqında geniş məlumat verilir və qeyd edilirdi ki, müsəlmanlarla ermənilərin mübadilə edilməsi təklifinə ermənilərin qoyduğu şərt, yəni bunun əhalinin arzusu ilə həyata keçirilməsi şərti qəbul edilərsə əgər, o zaman Osmanlı ərazilərindəki ermənilər İrəvan ərazisinə getmək istəməyəcək, amma oradakı müsəlmanlar məhv olmaqdan qurtulmaq üçün Osmanlıya hicrət edəcəklər, onsuz da müsəlmanlar hicrət etməkdədirlər [9, v. 30]. Buna görə də erməni tərəfinin irəli sürdüyü şərt türklər tərəfindən qəbul edilmədi. Nəticədə, bu məsələnin də İstanbulda keçiriləcək konfransda müzakirə və həll edilməsi qərarlaşdırıldı. Osmanlı hökumətinə, eyni zamanda İstanbuldakı erməni nümayəndə heyətinə bu barədə məlumat verildi [9, v. 30]. Lakin İstanbuldakı erməni nümayəndə heyəti bu məsələnin müzakirə və həll edilməsinə maraq göstərmədi. Çünki adı çəkilən heyətin qaldırdığı iddialar və ümumilikdə fəaliyyəti göstərir ki, onlar özləri üçün məqbul hesab etmədikləri belə məsələlərin həlli ilə məşğul olmaq niyyətində olmayıb, Ermənistanın ərazi sərhədinə malik olduğu hər üç dövlətə qarşı böyük ərazi iddiaları ortaya qoymuşdular.
 
2. Erməni nümayəndə heyətinin “Cənubi Qafqazın milli zəmində bölüşdürülməsi və sərhədlərin təyin edilməsi haqqında” notası 
 
İstanbuldakı erməni nümayəndə heyəti Türkiyə mətbuatına verdiyi müsahibə və bəyanatlarında Ermənistanın Azərbaycan, Türkiyə və Gürcüstana qarşı yönələn ərazi tələbləri ilə çıxış etdi. Bunun ardınca heyət 1918-ci il iyulun 20-də Osmanlı hökumətinə, eyni zamanda İstanbuldakı Almaniya, Avstriya-Macarıstan və Bolqarıstan səfirliklərinə “Cənubi Qafqazın milli zəmində bölüşdürülməsi və sərhədlərin təyin edilməsi haqqında” nota ilə müraciət edib Azərbaycan, Gürcüstan və Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış etdi [9, v. 60-74]. Notada göstərilirdi ki, “Cənubi Qafqazın ümumi sahəsi 210.000 km2, əhalisi isə 7.100.000 nəfərdir. Əhalinin 2.650.000 nəfəri müsəlman (müsəlman gürcülər istisna olmaqla), 1.825.000 nəfəri erməni, 1.750.000 nəfəri gürcü (bura 150.000 müsəlman gürcülər də daxildir), 900.000 nəfəri isə digər millətlərin nümayəndələridir. Brest-Litovsk müqaviləsində təsbit olunan Qars və Batum sancaqlarının ərazisi 25.500 km2, əhalisi isə 600.000 nəfərdir. Bu rəqəmlər çıxıldıqdan sonra Cənubi Qafqazda qalan ərazi 184.000 km2, əhali isə 6.500.000 nəfərdir ki, bunun da 2.450.000 nəfəri müsəlman, 1.600.000 nəfəri gürcü, 1.650.000 nəfəri erməni, 800.000 nəfəri isə digər millətlərin nümayəndələridir. Cənubi Qafqaz millətləri malik olduqları ərazini öz aralarında bölmək məcburiyyətində qalmışlar. Müstəqil və siyasi bir mövcudiyyətə malik olmaq arzusu olmayan kiçik millətlər istisna olmaq şərtilə, üç millətin (müsəlmanlar, gürcülər və ermənilər) hökumət tərzində təşəkkül etməsi qəbul edilmişdir” [9, v. 60].
Erməni nümayəndə heyəti bu rəqəmləri sadaladıqdan sonra göstərirdi ki, hazırda Ermənistan Respublikası ərazisini təşkil edən və heç bir millət tərəfindən etiraz olunmayan ərazilər Yeni Bəyazid qəzası (Basarkeçər adlanan cənub-şərq qismi istisna olmaqla) və İrəvan, Eçmiədzin və Aleksandropol qəzalarının Türkiyəyə keçən hissələri xaric, yerdə qalan qisimləridir ki, bu ərazilər də ümumi olaraq 9.000 km2 təşkil edir və burada yaşayan 321.000 nəfər əhalinin 230.000 nəfəri erməni, 80.000 nəfəri (bu rəqəmə 5.000 kürd də daxildir) müsəlman, 5.000 nəfəri yezidi, 6.000 nəfəri isə digər millətlərin nümayəndələridir [9, v. 63, 69]. 
Ermənistana ayrılan bu ərazi ilə heç cür razılaşmaq istəməyən erməni nümayəndə heyəti notasında göstərirdi ki, “hazırda Ermənistanın ərazisi 9.000  km2-dir ki, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən bu ərazidə Cənubi Qafqazda olan ermənilərin cəmi 8-də 1 hissəsi yaşayır. Bu kiçik ərazi Cənubi Qafqazın ümumi ərazisinin cəmi 5 faizini təşkil edir, halbuki ermənilər Cənubi Qafqaz əhalisinin 29 faizini təşkil edirlər. Buna görə də, erməni nümayəndə heyəti Ermənistanı 52.500 km2 əraziyə malik bir dövlət kimi təsəvvür edir və bunun üçün də Araratdan Zəngəzura qədər olan bütün əraziləri, həmçinin ərazisi 7.000 km2 olan münbit Araz vadisini (baxmayaraq ki, bu ərazidə 100.000 erməni və 160.000 müsəlman yaşayır) tələb etməyi özünün vəzifəsi hesab edir” [9, v. 63].
Notada həmçinin Azərbaycan ərazisinin 94.000 km2, Gürcüstan ərazisinin 61.500 km2 (tələb edilən Axalkələk qəzası da daxil olduğu təqdirdə 76.000 km2) olduğu qeyd edilir və Cənubi Qafqazın belə bölünməsinin təbii və ədalətli olmadığı vurğulanır, adı çəkilən ərazinin milli zəmində üç yerə bölünməsi təklif edilir və bunun “əsaslandırılması” aparılırdı. Ermənilərin ərazi-torpaq tələbləri ondan ibarət idi ki, Türkiyə, Gürcüstan və əsasən də Azərbaycan torpaqları hesabına Ermənistanın ərazisi 52.500 km2-ə çatdırılsın [9, v. 65], Azərbaycanın ərazisi 70.700 km2-ə endirilsin [9, v. 73, s. 1], Gürcüstanın ərazisi də 61.500 km2 olsun [9, v. 73, s. 2]. Notada qeyd edilirdi ki, “bu halda Cənubi Qafqazın əhalisinin 43 faizini təşkil edən müsəlmanlar onun ərazisinin 40 faizinə, 28 faizini təşkil edən gürcülər onun ərazisinin 32 faizinə, 29 faizini təşkil edən ermənilər isə onun ərazisinin 28 faizinə sahib olacaqlar” [9, v. 64]. Cənubi Qafqazın bölünməsində irqi-milli prinsipi təklif edən ermənilər, Azərbaycan tərəfinin istinad etdiyi etnik-dini və coğrafi və gürcü tərəfinin istinad etdiyi tarixi nöqteyi-nəzərlərlə razılaşmırdılar.
Erməni heyətinin notasında qeyd olunurdu ki, Osmanlı dövləti ilə Cənubi Qafqaz arasında Batum müqavilələri ilə təsbit edilən sərhədlər dəyişməz qalacaqsa və eyni zamanda, gürcü və azərbaycanlıların böyük ərazi tələbləri gerçəkləşərsə, o zaman Cənubi Qafqaz ərazisinin üç respublika arasında bölünməsi aşağıdakı kimi olacaqdır: Azərbaycan – 53 faiz, Gürcüstan – 42 faiz, Ermənistan – 5 faiz [9, v. 64]. Bu bölgünü doğru və ədalətli hesab etməyən erməni heyəti, Osmanlı dövləti ilə Cənubi Qafqaz arasında Batum müqavilələri ilə təsbit edilən sərhədləri də qəbul etmir və Brest-Litovsk müqaviləsinin müəyyən etdiyi sərhədlərə istinad edirdi.
Qeyd etdiyimiz kimi, Batum konfransında Gürcüstanla Azərbaycan arasında sərhədlər müəyyən edilməsə də, erməni dövlətinin Osmanlı imperiyasının yeni şərq sərhədləri ilə Göyçə gölü arasında yaradılması və beləliklə də, Ermənistan-Azərbaycan sərhədinin Göyçə gölü olması qərarlaşdırılmış və bu sərhədin sadəcə detallarının müəyyən edilməsi qalmışdı [12. V. 146, 150, 151; 11, v. 94, 96, 98, 100; 9, v. 4]. Erməni heyətinin notası, İrəvan hökumətinin bütün bu razılaşmaları yerinə yetirmək istəmədiyi faktını da ortaya qoydu.
Erməni heyətinin notasında göstərilirdi ki, İrəvan quberniyası tamamilə, Tiflis quberniyasının cənub qismi və Yelizavetpol quberniyasının cənub-qərb hissəsi ermənilərə verilməli və nəticədə Ermənistanın ərazisi 52.500 km2-ə çatdırılmalıdır. Bu halda Ermənistan ərazisinə düşən 1.762.000 nəfər əhalinin 1.154.000 nəfəri erməni, 526.000 nəfəri (bu rəqəmə 61.000 kürd də daxildir) müsəlman, 25.000 nəfəri yezidi, 7.000 nəfəri gürcü və 50.000 nəfəri digər millətlərin nümayəndələri olacaqdır [9, v. 62, 65].
Erməni heyətinin notasına görə, İrəvan hökumətinin bütün qonşularına qarşı yönəlmiş ərazi tələbləri ümumilikdə 43.500 km2 təşkil edirdi ki, bu tələblər Ermənistanın ərazisindən təxminən 5 dəfə çox idi. Erməni ərazi tələblərinin 17.600 km2-i Türkiyəyə [9, v. 62-63, 68], 16.500 km2-i Azərbaycana [9, v. 67, 66], 9.400 km2-i isə Gürcüstana qarşı yönəlmişdi [9, v. 66].
Türkiyəyə qarşı yönələn 17.600 km2-lik erməni ərazi tələbləri Batum müqavilələri ilə Osmanlı dövlətinə keçən, Brest-Litovsk sülhünün müəyyən etdiyi sərhədlərdən şərqdəki aşağıdakı əraziləri ehtiva edirdi: 1) Axalkələk qəzası (Canika və Tapikor gölü ətrafı daxil) – 3.400 km2; 2) Aleksandropol qəzasının bir qismi – 1.600 km2; 3) Eçmiədzin qəzasının bir qismi – 2.300 km2; 4) Sürməli qəzası – 3.500 km2; 5) İrəvan qəzasının bir qismi – 1.000 km2; 6) Şərur-Dərələyəz qəzasının bir qismi – 1.800 km2; 7) Naxçıvan qəzasının bir qismi – 4.000 km2 [9, v. 68]. Ermənilər saxta rəqəmlərlə əsaslandırmağa çalışırdılar ki, guya bu ərazilərdə yaşayan 750.000 nəfər əhalinin 431.000 nəfərini ermənilər, 272.000 nəfərini (bu rəqəmə 33.000 kürd daxildir) müsəlmanlar, 7.000 nəfərini gürcülər, 20.000 nəfərini yezidilər, 20.000 nəfərini isə digər millətlərin nümayəndələri təşkil edir [9, v. 62-63, 68].
Erməni nümayəndə heyətinin notasına görə, Azərbaycana qarşı yönələn 16.500 km2-lik erməni ərazi tələbləri isə aşağıdakı əraziləri ehtiva edirdi: 1) Cavanşir qəzası – 3.700 km2; 2) Şuşa qəzası – 2.300 km2; 3) Zəngəzur qəzası – 6.000 km2; 4) Naxçıvan qəzası – 5.000 km2; 5) Yelizavetpol qəzası – 2.000 km2; 6) Yeni Bəyazid qəzasının Basarkeçər hissəsi – 600 km2; 7) Dərələyəz qəzası – 1.300 km2; 8) Karyagin qəzasının bir hissəsi – 100 km2 [9, v. 67]. Erməni nümayəndə heyəti öz notasında birbaşa Azərbaycana qarşı yönələn ərazi tələblərinin 16.500 km2 olduğunu bildirirdi. Lakin rəqəmlərdən də göründüyü kimi, bu ərazi tələblərinin qəzalar üzrə verilən sahələri toplandıqda, alınan rəqəmin heç də 16.500 km2 deyil, 21.000 km2 olduğu məlum olur. Ermənilər burada da saxta rəqəmlərlə əsaslandırmağa çalışırdılar ki, guya bu ərazilərdə yaşayan 470.000 nəfər əhalinin 322.000 nəfərini ermənilər, 147.000 nəfərini (bu rəqəmə 23.000 kürd daxildir) müsəlmanlar, 1.000 nəfərini isə digər millətlərin nümayəndələri təşkil edir [9, v. 62, 67, 66].
Gürcüstana qarşı yönələn 9.400 km2-lik erməni ərazi tələbləri isə aşağıdakı əraziləri ehtiva edirdi: Borçalı və Aleksandropol qəzasının bir qismi – 6.000 km2 və Qazax qəzası – 3.400 km2 [9, v. 66]. Ermənilər burada da “əsaslandırırdılar” ki, bu ərazilərdə yaşayan 213.420 nəfər əhalinin 171.000 nəfərini ermənilər, 29.000 nəfərini müsəlmanlar, 420 nəfərini gürcülər, 13.000 nəfərini isə digər millətlərin nümayəndələri təşkil edir [9, v. 66]. Borçalıda yaşayan 133.420 nəfər əhalinin 105.000 nəfəri erməni, 15.000 nəfəri müsəlman, 420 nəfəri gürcü, 13.000 nəfəri digər millətlərin nümayəndələri, Qazax qəzasında yaşayan 80.000 nəfər əhalinin 66.000 nəfəri erməni, 14.000 nəfəri isə müsəlman kimi göstərilirdi. Bundan əlavə, Tiflis şəhərində və onun ətrafında ermənilərin gürcülərdən çoxluqda olduğu xatırlanır və bu ərazinin erməni tələblərinə daxil edilmədiyi vurğulanırdı [9, v. 63, 72].
Ermənilər Qazax və Borçalı qəzaları ilə bağlı ərazi tələblərini Azərbaycana qarşı deyil, Gürcüstana qarşı irəli sürsələr də, əslində bu qəzalar tarixi Azərbaycan torpaqları idi və burada yaşayan əhalinin mütləq əksəriyyətini də türk-müsəlmanlar təşkil edirdilər. Bu zaman Gürcüstan da Qazax və Borçalı qəzaları ilə bağlı Azərbaycana qarşı ərazi tələbləri irəli sürmüşdü. Lakin ermənilər bu qəzalarla bağlı ərazi tələblərini yalnız Gürcüstana qarşı irəli sürür, Azərbaycanın bu qəzalarla bağlı tələblərini isə nəzərə almırdılar. Göründüyü kimi, erməni heyətinin Gürcüstana qarşı iddia irəli sürdüyü 9.400 km2-lik ərazi də tarixi Azərbaycan torpaqları idi.
Erməni nümayəndə heyətinin notasına görə, Türkiyə Batum müqavilələri ilə Osmanlı dövlətinə keçən, Brest-Litovsk sülhünün müəyyən etdiyi sərhədlərdən şərqdəki əraziləri geri qaytardığı təqdirdə, bu ərazilərdən 7.400 km2-lik bir ərazinin Ermənistana keçməsinə nə Azərbaycan, nə də Gürcüstan etiraz edəcək [9, v. 71], 6.800 km2 əraziyə isə Azərbaycan tələb irəli sürəcəkdi [9, v. 74]. Azərbaycanın tələb irəli sürəcəyi ərazilər aşağıdakılar idi: 1) Sürməli qəzası – 3.500 km2; 2) İrəvan qəzasının bir qismi – 1.000 km2; 3) Şərur-Dərələyəz qəzasının bir qismi – 1.800 km2; Eçmiədzin qəzasının bir qismi – 500 km2 [9, v. 68]. Əlbəttə ki, bütün bu ərazilər Azərbaycan torpaqları idi və bu qəzalarda yaşayan əhalinin də mütləq əksəriyyətini türk-müsəlmanlar təşkil edirdilər. Bu ərazilərin Türkiyəyə keçmədiyi halda Azərbaycan tərəfinin bu ərazilərə iddia irəli sürməsi təbii və məntiqli idi. Əslində, Türkiyənin Brest-Litovsk sərhədlərindən şərqdəki ərazilərdən imtina etdiyi təqdirdə, Azərbayacanın tələb irəli sürəcəyi ərazilərin sahəsi 6.800 km2 deyil, 10.800 km2 idi. Lakin erməni heyəti Naxçıvan qəzasını (4.000 km2) bu cədvələ daxil etməyi unutmuşdu.
Erməni heyətinin notasında Naxçıvanla bağlı tələblər həm Azərbaycana, həm də Türkiyəyə qarşı yönəlmişdi. Çünki Batum müqaviləsinə görə, Naxçıvan (Ordubad istisna olmaqla) Türkiyəyə keçmişdi. Buna görə də ermənilər Naxçıvanla bağlı ərazi tələbini Türkiyəyə qarşı yönəldir və eyni zamanda göstərirdilər ki, əgər Türkiyə Batum müqaviləsi ilə əldə etdiyi Brest-Litovsk sülhünün müəyyən etdiyi sərhədlərin xaricində qalan əraziləri geri qaytararsa, o zaman Naxçıvanla bağlı ərazi tələbi Azərbaycana qarşı yönəldilməlidir. Batum müqaviləsinə görə, Ordubad Azərbaycanın tərkibində qaldığı üçün Naxçıvan qəzası ilə bağlı ərazi tələbi Türkiyəyə qarşı yönəldildikdə 4.000 km2, Azərbaycana qarşı yönəldildikdə isə 5.000 km2 göstərilirdi [9, v. 68, 67].
Göründüyü kimi, ermənilərin Gürcüstana qarşı irəli sürdüyü ərazi tələblərinin demək olar ki, tamamı (9.400 km2), Türkiyəyə qarşı irəli sürdüyü ərazi tələblərinin isə böyük bir qismi (10.800 km2) Azərbaycan əraziləri idi. Bunlar da nəzərə alındığı təqdirdə, erməni heyətinin notasında Azərbaycan, Gürcüstan və Türkiyəyə qarşı irəli sürülən 43.500 km2-lik ərazi tələblərinin 32.700 km2-nin Azərbaycan ərazilərinə qarşı yönəldiyi məlum olur [9, v. 65, 66, 67, 68, 74].
Bütövlükdə, ermənilərin irəli sürdüyü ərazi tələblərinə görə, Axalkələk, Aleksandropol, Eçmiədzin, İrəvan, Sürməli, Şərur, Dərələyəz, Naxçıvan, Ordubad, Şuşa-Cavanşir (Qarabağ), Zəngəzur, Qazax və Borçalı əraziləri Ermənistana verilməli idi [9, v. 60-74; 1, v. 20-21]. 
Notada ermənilərin tələb etdiyi ərazilərin sahələri və bu ərazilərdə yaşayan əhalinin etnik tərkibi ilə bağlı verilən cədvəllərin əksəriyyətində yer alan rəqəmlərin cəmi ilə erməni heyətinin çıxardığı yekun rəqəmlər arasında kəskin fərqlər vardır. Ermənilər tələb etdikləri ərazilərdə yaşayan millətlər və onların sayını özlərinin xeyrinə saxtalaşdıraraq göstərir və bununla da Ermənistanın ərazi-torpaq iddialarını “əsaslandırmağa” çalışırdılar. Ümumiyyətlə, notada ermənilərin xeyrinə saxtalaşdırma o qədər bəsit şəkildə edilib ki, cədvəllərdəki rəqəmlər arasındakı əlaqəyə belə fikir verilməyib, bir sonrakı cədvəldə verilən rəqəmlər özündən əvvəlki cədvəldə olan rəqəmləri təkzib edir.
 
3. Erməni nümayəndə heyətinin notasına qarşı Azərbaycan nümayəndə heyətinin əks arqumentləri
 
Erməni heyətinin Cənubi Qafqazın milli zəmində bölüşdürülməsi və sərhədlərin təyin edilməsi ilə bağlı irəli sürdüyü layihə haqqında məlumatı Azərbaycan nümayəndələrinə Ənvər paşa verdi [4, v. 25]. Lakin buna qədər Azərbaycan nümayəndə heyəti Ermənistanın ərazi tələbləri ilə bağlı İstanbul mətbuatından məlumat almış və buna qarşı sərt mövqe ortaya qoymuşdu. M.Ə.Rəsulzadə 1918-ci il iyulun 4-də “Azərbaycan-Ermənistan sərhəd məsələsi” ilə bağlı mətbuatda geniş bəyanatla çıxış etmişdi. Bəyanatda “Osmanlı imperiyası ilə Ermənistan Respublikası arasında Batumda imzalanan müqaviləyə görə ermənilərin yalnız Göyçə gölünün qərbində Gümrü, Eçmiədzin və İrəvan qəzalarının bir hissəsində bir erməni hökuməti təsis edə biləcəkləri” vurğulanır və ardınca qeyd edilirdi ki, Batumda Ermənistanla Azərbaycan arasında sərhədin Göyçə gölü olduğu qərarlaşdırılsa da, iki ölkə arasında sərhəd xəttinin detalları hələ ki, təyin edilməmiş və bundan istifadə edən ermənilər Azərbaycana qarşı bir sıra ərazi tələbləri irəli sürmüşlər. Bu istəklər göstərir ki, Ermənistan hökuməti erməni təşkilatı tərəfindən ortaya atılan sərhəd layihəsinin təsirindən çıxa bilməmişdir. Çünki uzun zamandan bəri Cənubi Qafqazın idarəçilik bölgüsünü dəyişmək erməni təşkilatının ən böyük məqsədi idi [21, s. 6]. Bəyanatda həmçinin, ermənilərin Cənubi Qafqazın heç bir quberniya və qəzasında toplu olaraq yaşamadıqları, onların hər tərəfdə dağınıq və əksəriyyəti təşkil edən müsəlman əhalinin içində yaşadıqları vurğulanır və erməni heyətinin ərazi tələbləri irəli sürdüyü qəzaların etnik tərkibi ilə bağlı verdiyi məlumatların saxta olduğu və həqiqəti əks etdirmədiyi, əslində isə o qəzaların hamısında türk-müsəlman əhalinin mütləq çoxluq təşkil etdiyi diqqətə çatdırılır və daha sonra qeyd edilirdi ki: “Daşnaksütyun partiyasının təşəbbüsü ilə ortaya atılan bu layihəyə görə Gəncə vilayəti ikiyə bölünməli: dağlıq hissələri Ermənistana, sırf müsəlman əhali ilə məskunlaşan ovalıq qismi isə Azərbaycana verilməlidir. Gəncə vilayətinin bu şəkildə bölünməsi 900 minə qədər müsəlman əhalini iki yerə parçalayır ki, bu da sağlam vücudu parçalamaq, onu həm iqtisadi və həm də siyasi məhkum və məhv etmək deməkdir. Ovalarda yaşayan müsəlman əhali dağlıq hissədən məhrum olarsa, bütün iqtisadi həyatı iflic olar. Ovada yaşayanlar əksəriyyət etibarilə heyvandarlıqla məşğul olurlar. Yayda çobanlar davar və mallarını dağa çıxara bilməsələr, bütün sərvətləri tələf olar. Bunun üçün də onlar dağa köçmək məcburiyyətindədirlər. Bu köçərilik yalnız mal və davarlarını deyil, onların özlərini belə qızdırma və digər xəstəliklərdən xilas edir... Həmçinin, ovaları sulayan çaylar dağlardan gəlir. Əgər bu suların məcrası başqa bir tərəfə çevrilərsə, yaxud sadəcə suyun verilməsinin qarşısı alınarsa, o zaman səhradakı zəngin pambıq, buğda, düyü və s. əkinlər tamamilə məhv olar. Ovalıqda yaşayanlar dağda yaşayanlardan daha çox suya möhtacdırlar... Buna görə də həyat mənbələri olan suların başqa bir idarədə, başqa bir hökumət və millət idarəsində olmasına qətiyyən razı olmazlar. Ovalıq olan yerlərdə meşələr yox kimidir. Halbuki dağlar meşələrlə örtülüdür. Ovalıqdakı evlər və digər tikililər üçün material dağdakı meşələrdən gətirilir. Təbiidir ki, ovalıqdakılar meşəsiz qala bilməzlər...” [21, s. 6-7].
Azərbaycan nümayəndə heyətinin rəhbəri bütün bu arqumentləri gətirməklə göstərirdi ki, Gəncə vilayətinin dağlıq hissəsi ilə ovalıq hissəsini bir-birindən ayırmaq mümkün deyildir. Bu ərazilərin bir-biri ilə iqtisadi cəhətdən bağlı və asılı olduqlarını da faktlarla göstərən M.Ə.Rəsulzadə ən əsas arqumentə gələrək qeyd edirdi ki, Gəncə vilayətinin dağlıq hissəsi heç də erməni heyətinin iddia etdiyi kimi, yalnız ermənilərlə məskun deyildir. Dağların yuxarı qisimləri tamamilə müsəlman əhali ilə məskundur ki, bunu statistik məlumatlar və etnik xəritələr də göstərir. Bütün bunları diqqətə çatdırdıqdan sonra, M.Ə.Rəsulzadə bəyan edirdi ki, müəllifi "Daşnaksütyun" olan bu layihənin qəbul edilməsi 900 min müsəlmanın iflası və onların 3 milyona qədər mal və davarının məhvi demək olacaq [21, s. 7].
M.Ə.Rəsulzadə bəyanatının sonunda İrəvan məsələsinin tarixin diktəsi və hərbi məcburiyyətlə ermənilərin xeyrinə həll edildiyini xatırladır və ardınca bildirirdi: “Əlqərəz, bizcə, Ermənistanın Azərbaycanla olacaq sərhədi Göyçə gölünün ortasından bir ayırıcı xətt çəkmək şərtilə ola bilər və bu xəttin şərqinə qətiyyən keçə bilməz” [21, s. 7].
Bu bəyanatdan sonra qəzet müxbirinin Azərbaycan nümayəndəsinə ünvanladığı “Sərhəd məsələsində ermənilər etnoqrafiyaya, gürcülər isə tarixi əsaslara istinad edir, siz hansı nöqteyi-nəzərə istinad edirsiniz” sualına M.Ə.Rəsulzadə “Biz həm etnoqrafiya, həm də coğrafiya qanunlarına istinad edirik” deyə cavab vermişdi. Müxbirin “Yəni tarixi nöqteyi-nəzərə etibar etmirsiniz” sualına isə M.Ə.Rəsulzadə aşağıdakı cavabı vermişdi: “Biz tarixi irəli sürmək istəmirik. Çünki bu halda bütün Cənubi Qafqazı istəmək lazım gələr! Bu isə digər millətlərə bizim hakim olmağımızı istəmək deməkdir. Halbuki bu keçmişə aiddir. İndi biz millətlərin öz müqəddəratlarını təyin etmələri prinsipini qəbul etmiş olduğumuzdan belə bir iddiada olmaq istəmirik” [21, s. 7].
M.Ə.Rəsulzadənin bu bəyanatını dərc edən “Haftalık Qazete” Azərbaycan-Ermənistan ərazi-sərhəd problemləri ilə bağlı erməni tərəfinin mövqeyini öyrənməyə çalışmışdı. Erməni nümayəndə heyətinin etnoqrafiya və sərhəd məsələləri üzrə müşaviri Qriqor Xatisyan, ermənilərə ayrılan ərazinin çox kiçik olmasını ədalətsiz hesab edərək, Cənubi Qafqazın əhali sayına görə və hər millətin öz ərazisində 70 faizdən yuxarı əksəriyyət təşkil etməsi prinsipinə uyğun olaraq üç millət arasında bölünməsini təklif etmiş və erməni heyətinin yuxarıda qeyd etdiyimiz “Cənubi Qafqazın milli zəmində bölüşdürülməsi və sərhədlərin təyin edilməsi haqqında” notasının müddəalarını bəyan etmişdi. Q.Xatisyan təklif edirdi ki, Cənubi Qafqaz ərazisi etnik prinsiplərə görə bölünərsə əgər, bu halda ərazinin 42 faizi müsəlmanlara, 29 faizi gürcülərə və 28 faizi də ermənilərə düşməlidir. Lakin bu halda gürcü və müsəlmanlar öz ərazilərində mütləq əksəriyyəti təşkil etsələr də, ermənilər bütün Cənubi Qafqaz ərazisinə səpələndiyindən onlar Ermənistanda heç 70 faiz nisbətini təşkil edə bilməzlər [22, s. 6-7].
Q.Xatisyan həmçinin “Haftalık Qazete”nin 1918-ci il 1 avqust tarixli 6-cı sayında M.Ə.Rəsulzadənin adı çəkilən qəzetin 1918-ci il 4 iyul tarixli 2-ci sayında dərc edilmiş, yuxarıda haqqında bəhs etdiyimiz, bəyanatına da cavab bəyanatı ilə çıxış etmişdi. Bəyanatda Azərbaycan nümayəndəsinin Cənubi Qafqazın milli zəmində bölüşdürülməsi və sərhədlərin təyin edilməsi ilə bağlı erməni layihəsini istehza ilə qarşılamasına və Cənubi Qafqazın əhalisinin 29 faizini təşkil edən ermənilərə bu ərazinin cəmi 5 faizinin ayrılmasını ədalətli hesab etməsinə təəssüf ifadə edilir, Gəncə quberniyasının dağlıq hissəsinin ermənilərə verilməsinin mümkünsüzlüyü ilə bağlı M.Ə.Rəsulzadənin gətirdiyi arqumentlərin “əsassız” olduğu göstərilirdi. Q.Xatisyan irəli sürülən erməni ərazi iddialarının sağlam əsaslara söykəndiyini iddia edir və Azərbaycan tərəfi ilə ərazi-sərhəd məsələsində ortaq məxrəcə gəlməyin mümkün olmadığı təqdirdə, bu məsələnin beynəlxalq hakimlərin ixtiyarına verilməsini təklif edirdi [32, s. 4-6].
Erməni nümayəndəsinin bu bəyanatı dərc edildikdən sonra M.Ə.Rəsulzadə “Haftalık Qazete”nin redaksiyasına xüsusi məktubla müraciət etmişdi. Məktubda Q.Xatisyanın bəyanatına etiraz edilir və onun gətirdiyi arqumentlərin əsassız olduğunu sübut etmək məqsədilə Azərbaycan nümayəndə heyətinin üzvü Ə.Şeyxülislamov tərəfindən hazırlanan izahat təqdim edilirdi. Adı çəkilən qəzetin 1918-ci il 15 avqust tarixli 8-ci sayında dərc edilən bu izahatda Cənubi Qafqazın quberniya və qəzalarının demoqrafik və etnoqrafik vəziyyətini əks etdirən statistik məlumatlar və bu məlumatlar əsasında hazırlanan etnoqrafik xəritələr yer almışdı. Burada tarixi-etnoqrafik və coğrafi dəlillər əsasında aparılan təhlillərlə erməni iddialarının əsassız olduğu sübut edilir və göstərilirdi ki, Cənubi Qafqazda ermənilər kompakt deyil, səpələnmiş şəkildə yaşadıqları üçün onların yaşadıqları ərazilərdən bir erməni dövləti təşkil etmək mümkün deyildir. Erməni heyətinin tələb etdiyi 1.200.000 nəfər erməninin yaşadığı bir Ermənistan təşkil etmək üçün 857.000 nəfər erməni olmayan və əsasən də müsəlmanlar olan əhalini də bu dövlətin ərazisinə daxil etmək lazım olacaqdır ki, bu da Ermənistan əhalisinin 40 faizindən çoxu deməkdir. Müqayisə üçün qeyd edilirdi ki, Azərbaycan əhalisinin 73,2 faizini müsəlmanlar, 17 faizini ermənilər, 9,8 faizini isə digər millətlərin nümayəndələri təşkil edir. Faktlar və rəqəmlər əsasında bütün bu izahatlar verildikdən sonra, yekun olaraq qeyd edilirdi ki: 1. Nisbət prinsipi milli-məhəlli prinsipə zidd olduğu üçün rədd edilməlidir; 2. Erməni millətini bir hökumət dairəsində toplamaq imkanı yoxdur. Hansı surətdə olursa-olsun, Ermənistanda qalan müsəlmanların sayı ən azı 35 faizdən yuxarı olur. Halbuki, Azərbaycanda qalan ermənilərin sayı cəmi 17 faiz təşkil edir; 3. Gəncə vilayətinin bölünməsi istər iqtisadi, istər topoqrafik və istərsə də milli nöqteyi-nəzərdən mümkün deyildir. Bu vilayətin dağlıq qisminin ovalıqdan ayrılması toplu halda yaşayan və sayca mühüm bir nisbət təşkil edən müsəlmanları parçalamaq deməkdir; 4. Ermənilər düşdükləri vəziyyətin olduqca əlverişsiz olduğunu etiraf etməlidirlər. Fəqət bundan qonşular deyil, məsul olan bir şey varsa, o da erməni millətinin son dərəcə dağınıq bir şəkildə məskunlaşmasıdır. Eyni zamanda, bu məsələnin hansısa bir süni vasitələrlə həlli belə mümkün təsəvvür edilmir; 5. Qonşularımız olan ermənilərə milli məsələlərinin həlli üçün çalışdıqları bu kimi vasitələrdən əl çəkərək daha müvafiq bir həll yolu tapmaq lazımdır ki, bu yol da hər iki millətin həyati mənafelərini daha çox anlamaq və daha çox əməkdaşlıqla hərəkət etmək istiqamətinə yönəlmiş olsun [18, s. 1-4].
Azərbaycan nümayəndə heyətinin bu izahatına erməni heyəti adı çəkilən qəzetin 29 avqust 1918-ci il tarixli 10-cu sayında cavab verib bir daha əvvəlki mövqeyini təkrarladı və öz iddialarını “əsaslandırmağa” çalışdı [23, s. 2-4].
Azərbaycan nümayəndə heyəti Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının heç bir əsasının olmadığını və faktiki olaraq mövcud olan Ermənistan Respublikasının da Azərbaycan torpaqlarında yerləşdiyini dəfələrlə bəyan etməli oldu. M.Ə.Rəsulzadə İstanbul mətbuatına verdiyi müsahibələrində Qarabağın dağlıq hissəsi və digər tarixi Azərbaycan torpaqlarına ərazi iddiaları ilə çıxış edən ermənilərin Ermənistan ərazisi daxilində qalan ərazilərdə, xüsusilə də Yeni-Bəyazid qəzasında türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi qırğın və qarətləri də dilə gətirir, Azərbaycan hökumətinin bununla bağlı İrəvan hökumətinə verdiyi notaları xatırladır və bu hallar qarşısında ermənilərlə sülh şəraitində yaşamağın mümkün olmayacağını bəyan edirdi [20, s. 3].
M.Ə.Rəsulzadə İstanbuldan Azərbay-canın xarici işlər naziri M.H.Hacınskiyə göndərdiyi 1918-ci il 19 iyul tarixli məktubunda ermənilərin ərazi iddialarından bəhs edərək bildirirdi: “Ermənilər burada şiddətli bir surətdə antitürk propaqandası açmışlar. Fikirləri odur ki, yerlərini bir az bizə, bir az da türklərə doğru genişlətsinlər...” [4, v. 47a]. O, M.H.Hacınskiyə göndərdiyi 1918-ci il 4 avqust tarixli məktubunda da ermənilərin ərazi tələbləri və saxta statistikasından bəhs edərək yazırdı: “Ermənilər arzu etdikləri hüdud üçün Ənvər paşa həzrətlərinə bir layihə və bir xəritə təqdim etmişlər. Bu xəritədən görünür ki, onlar Türkiyədən Sürməli, Naxçıvan, Axalkələk, Eçmiədzin və İrəvan sancaqlarını, gürcülərdən Borçalını, Azərbaycandan da Qazax, Qarabağ, Zəngəzur və Ordubadı tələb edirlər. Bunu çox sənəd və statistik rəqəmlərlə də isbat edirlər. İsbat edirlər ki, buralarda yüzdə 70 erməni camaatı məskunlaşıb. Və bu surətlə bölünmüş olan Cənubi Qafqaz ən adilanə bir surətdə bölünürmüş...” [4, v. 25].
Ermənilərin İstanbul konfransının müzakirəsinə təqdim etmək üçün ortaya qoyduqları şişirdilmiş ərazi iddiaları onların real vəziyyətinə uyğun deyildi. Məsələn, ermənilərin iddia etdikləri Zəngəzur qəzasında 123.095 nəfər müsəlman, 99.257 nəfər erməninin yaşadığı qeydə alınmışdı. 90.250 nəfər əhalisi olan Şərur-Dərələyəz qəzasında əhalinin 67,5 faizini müsəlmanlar təşkil edirdi. 131.142 nəfər əhalisi olan Naxçıvanda bu rəqəm 60 faizin, 104.791 nəfər əhalisi olan Sürməli qəzasında isə 70 faizin üstündə idi.
1918-ci il iyulun 29-da M.Ə.Rəsulzadə ilə Ənvər paşa arasında baş tutan görüşdə Azərbaycanla Gürcüstan və Ermənistan arasında olan ərazi-sərhəd mübahisələri geniş müzakirə olundu. Cənubi Qafqaz ölkələri arasında olan ərazi-sərhəd problemləri ilə bağlı ətraflı məlumata malik olan Ənvər paşa Azərbaycan nümayəndəsinə bildirdi ki, Azərbaycanın həm gürcülərlə, həm də ermənilərlə ərazi-sərhəd mübahisələrinin olması və eyni zamanda bunların hər ikisi ilə mübarizə aparması müvafiq deyildir. O təklif etdi ki, bu mübahisələrin sülh yolu ilə həlli üçün qarşılıqlı güzəştlər olmalıdır. Azərbaycan nümayəndəsinin təqdim etdiyi layihə və xəritəyə istinad edən Ənvər paşa qeyd etdi ki, “xəritəyə görə Borçalı vasitəsilə Türkiyəyə bir koridor açılır. Fəqət bu yerlər hal-hazırda gürcülərin əlindədir. Eyni zamanda, Azərbaycan layihəsinə görə Qazax qəzasının bir qismi ermənilərə tərk olunur. Halbuki, ermənilərə bir az vüsət vermək onların iştahasını oyatmaq deməkdir. Yaxşı olardı ki, Azərbaycan layihəsində təsəvvür olunan Borçalı ilə Tiflis sancağının mühüm bir qismi gürcülərə verilmək surətilə onlarla bir itilaf hasil olaydı və o zaman Qazax (qəzasının bir qismi – V.Q.) ermənilərə verilməyəydi. Əksinə buradan keçməklə Borçalının cənub qismindən Türkiyəyə arzu olunan koridor açılaydı. Ermənilərin hüdudu isə əski İrəvan quberniyası hüdudu ilə gedəydi. Bunun müqabilində olaraq Daralagözü (Dərələyəz – V.Q.)  bəlkə də, ermənilərə tərk etmək olar” [4, v. 26]. M.Ə.Rəsulzadə bildirdi ki, “şübhəsiz, bizim layihədə Niftlikdən keçən sərhəd gürcülərin ifratına qarşı və kabil-i ifratdır. Oradan geri çəkilmək bizə mümkündür. Sığnax sancağından da bir qədər verə bilərik. Fəqət müsəlmanlardan ibarət Borçalını tərk etmək əvəzində ermənilərdən ibarət bir hissəni götürmək onsuz da Azərbaycanda çox olan Ermənistan ünsürünü çoxaldır, bizi isə azaldır. Daralagözü tərk etmək isə qətiyyən mümkün deyildir. Çünki burasının böyük əksəriyyəti müsəlmandır” [4, v. 26-26a]. Azərbaycan nümayəndəsinin gətirdiyi arqumentləri dinləyən Ənvər paşa, “elədirsə, Daralagözü də verməyin” dedi [4, v. 26a]. Daha sonra Ənər paşa M.Ə.Rəsulzadəyə tövsiyə etdi ki, siz öz nöqteyi-nəzərinizdə israr edin, lakin gürcülərlə anlaşmaq üçün də bir layihəniz olsun. M.Ə.Rəsulzadə də Ənvər paşadan xahiş etdi ki, gürcülərə də Azərbaycanla anlaşmağı tövsiyə etsin.
Lakin gürcülərin fəaliyyəti göstərdi ki, onlar da ermənilər kimi Azərbaycana qarşı olan ərazi-sərhəd iddialarını silah yolu həll etmək istəyirlər. Ənvər paşanın tövsiyəsinə uyğun olaraq M.Ə.Rəsulzadə gürcü nümayəndə heyətinin üzvü G.Qvazava ilə görüşüb Azərbaycanla Gürcüstan arasında olan ərazi-sərhəd məsələlərini müzakirə etmək istədi. Lakin bu zaman G.Qvazava cibindən bir xəritə çıxarıb Azərbaycan nümayəndəsinə göstərdi. Bu xəritədə Gürcüstanın ərazisi bir tərəfdən Göyçə gölü və Qazax qəzasına qədər enir, digər tərəfdən az qala Zaqatalaya qədər uzanırdı. Gürcü nümayəndəsi bu xəritəni göstərərək, “ancaq bunu əsas tutaraq sərhədlərin təyin edilməsi xüsuslarını danışmaq olar, yoxsa qətiyyən barışmarıq, qan tökmək lazım gələr” deyə sərt bir mövqe ortaya qoydu. M.Ə.Rəsulzadə də gürcü nümayəndəsinə “nə edək, məcbur qalınca qan da tökmək olar” deyə bir cavab verdi [4, v. 18a]. Bununla da, Azərbaycan tərəfinin Gürcüstanla olan ərazi-sərhəd mübahisələrini İstanbulda danışıqları yolu ilə həll etmək üçün göstərdiyi təşəbbüs nəticəsiz qaldı.
1918-ci il sentyabrın əvvəllərində məlum oldu ki, artıq dünya müharibəsinin gedişi, həmçinin Türkiyə və Almaniya arasında mövcud olan ziddiyyətlərin dərinləşməsi ilə əlaqədar olaraq İstanbul konfransının toplanması məsələsi gündəlikdə deyil. Bunu yəqin edən gürcü və erməni nümayəndə heyətlərinin sorğusuna cavab olaraq Osmanlı hökuməti məsləhət bildi ki, daha iki həftə gözləsinlər, əgər bu müddət ərzində hansısa bir dəyişiklik olmazsa, o zaman hər bir heyət İstanbulda bir-iki nümayəndə saxlamaqla Osmanlı paytaxtını tərk edə bilər [33, s. 2; 30, s. 2; 31, s. 3]. Osmanlı hökuməti belə hesab edirdi ki, Tələt paşanın Berlin səfərində İstanbul konfransı ilə bağlı yekun qərar veriləcəkdir [34, s. 2]. Sentyabrın 6-da Azərbaycan, Gürcüstan, Ermənistan və Şimali Qafqaz heyətləri Osmanlı sultanı tərəfindən qəbul edildi [35, s. 2]. Bir qədər sonra gürcü heyəti G.Qvazavanı İstanbulda saxlayaraq, Tiflisə hərəkət etdi. Azərbaycan və erməni heyətləri isə hələ bir müddət İstanbulda qaldılar [36, s. 3; 37, s. 2].
1918-ci il sentyabrın 20-də Ermənistanın xarici işlər naziri A.Xatisyan İstanbuldakı erməni nümayəndə heyəti adından Osmanlı xarici işlər naziri Əhməd Nəsimi bəyə bəyanat göndərdi. Müharibə dövründə və ondan sonrakı dövrdə Ermənistanın daxili işləri, ədliyyə, maliyyə, hərbi və xarici işləri kimi məsələlərlə bağlı açıqlamaların yer aldığı bu bəyanatda müharibənin yol açdığı zərərlərin aradan qaldırılması, türk qoşunlarının Ermənistan ərazisindən çıxarılması və erməni qaçqınlarının öz yerlərinə qaytarılmasının vacib olduğu vurğulanır, habelə Ermənistanın Türkiyə, Gürcüstan və Azərbaycanla sərhədlərinin etnik prinsiplərə uyğun təyin edilməsi və sərhədlərin qarşılıqlı qorunmasının zəruri olduğu bəyan edilirdi [8, v. 2-5].
Bu zaman Vyana mətbuatı (“Leipziger und Zeitung”) Qafqaz ölkələri arasında mövcud ərazi-sərhəd və digər problemlərin həlli üçün ən yaxşı yol kimi bu ölkələrin Türkiyənin himayəsi altında federasiya təşkil etməsini təklif etdi [40, s. 2; 38, s. 1; 39, s. 11]. Lakin heç bir Qafqaz ölkəsi bu təklifə müsbət yanaşmadı. Çünki Gürcüstan Almaniyanın himayəsinə girmişdi. Ermənistan da buna can atırdı. Azərbaycan və Şimali Qafqaz isə onsuz da Türkiyə ilə ittifaqda hərəkət edirdilər.
 
4. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı Tiflis və İrəvanda aparılan müzakirələr
 
Ermənilərin Azərbycana qarşı qaldırdığı ərazi iddiaları Tiflisdə Azərbaycan, Ermənistan və Almaniya nümayəndələri arasında da müzakirə mövzusu oldu. Ermənistanın Gürcüstandakı səfiri Arşak Camalyan Qarabağa olan erməni iddialarını təmin etmək üçün bir tərəfdən Qafqazdakı alman hərbi missiyasının rəhbəri von Kressin bu məsələyə müdaxilə etməsinə çalışır, digər tərəfdən 1918-ci il iyulun 23-də Tiflisdəki Azərbaycan səfiri Məmməd Yusif Cəfərova məktub göndərərək, Gəncə quberniyasının dağlıq hissəsinin Azərbaycanla Ermənistan arasında mübahisəli ərazi olmasını bəyan edir və bu məsələnin İstanbul konfransında həll ediləcəyini bildirirdi. Lakin M.Y.Cəfərov A.Camalyanın məktubuna qəti etiraz edərək, Qarabağın mübahisəli ərazi olmadığını bəyan etdi [3, v. 1-2]. 1918-ci ilin iyulunda Nuru paşanın Qarabağdakı erməni quldur dəstələrini zərərləşdirmək məqsədilə ora qoşun göndərməsindən narahat olan ermənilər von Kressə müraciət edərək, ondan kömək istədilər. Von Kress erməni nümayəndəsinə Qarabağda türk komandanlığına qarşı düşmənçilik hərəkətlərinə yol verməməyi məsləhət görməklə [2, v. 43] yanaşı, Nuru paşaya ünvanladığı məktubunda da Qarabağa türk-müsəlman əsgərlərinin yeridilməsinin qarışıqlığa səbəb olacağını, qan töküləcəyini və bunun üçün də İstanbul konfransına qədər mövcud status-kvonun qorunub saxlanılmasının vacib olduğunu bildirirdi [10, v. 31]. Nuru paşa Osmanlı Hərbi Nazirliyinə göndərdiyi 1918-ci il 3 avqust tarixli raportunda “indiyə qədər gürcüləri himayə etmək məqsədilə müsəlmanlarla müharibə aparan almanların indi də erməniləri himayə etməyə başlamasını” vurğuladıqdan sonra von Kressin Qarabağa qoşun yeritməməklə bağlı məktubu haqqında məlumat verir, daha sonra isə qeyd edirdi: “Göyçə gölünün şərq sahili tamamilə müsəlman olduğundan bu ərazinin Azərbaycanda qalması lazımdır. Qarabağa gəlincə, buranın əhalisinin dörddə üçü müsəlman, dörddə biri ermənidir. Ermənilər Şuşa ətrafında sıxlıq təşkil etsələr də, buranın ətrafı tamamilə müsəlmandır. Buna görə də, Göyçə gölünün cənubunda Azərbaycan əhalisi olduğundan buranın Osmanlı mülkünə həmsərhəd olması zəruridir. Bakıdan Culfaya gedən dəmir yolunun... heç bir əcnəbi ərazisindən keçmədən Osmanlı dəmir yolları ilə birləşməsi fövqəladə dərəcədə mühümdür. Qarabağ Qafqazın mədən cəhətdən ən zəngin bir məntəqəsi olub, hazırda üç böyük mis mədəni işlədilməkdə olduğu ilə yanaşı, dəmir, qurğuşun, qalay, sink mədənləri də çox boldur. Son olaraq, Qarabağ yaylaları Kür və Araz çayları vadisində yaşayan iki milyon müsəlmanın yeganə həyat mənbəyi olduğundan, bu ərazi olmadan Qarabağ əhalisinin yaşamaları ehtimalı yoxdur” [10, v. 31]. Nuru paşanın bu raportunun bir surəti avqustun 25-də Baş Komandanlıq Vəkalətindən Osmanlı Xarici İşlər Nazirliyinə göndərildi ki, Qarabağla bağlı erməni iddiaları müzakirə olunarkən, bu xüsuslar nəzərə alınsın [10, v. 30].
1918-ci il sentyabrın 15-də Bakının azad edilməsindən sonra Qafqaz İslam Ordusu bir tərəfdən Dağıstan əməliyyatını, digər tərəfdən də Qarabağ əməliyyatını həyata keçirməyə başladı. Çünki Qarabağdakı erməni silahlı birləşmələri bu ərazidə türk-müsəlman əhalisinə qarşı soyqırım aktları həyata keçirməkdə idi. Qafqaz İslam Ordusu Qarabağ istiqaməti
© 2011-2018. Müəlliflik hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qorunur. Bütün hüquqlar "Strateji təhlil" jurnalına aiddir. Məlumatlardan istifadə edərkən stj.sam.az saytına istinad zəruridir.