Məqalələr

Beynəlxalq münasibətlər sistemində müstəqil və çoxşaxəli xarici siyasət yürüdən ölkə kimi Azərbaycanın hərtərəfli inkişafı İlham Əliyevin on beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsidir Türk Dövlətləri Birliyi beynəlxalq hüququn subyekti kimi: ideya və reallıq “Kritik infrastruktur” nədir və təhdidlərdən necə qorunur: dünya təcrübəsi və Azərbaycanda tətbiqinin zəruriliyi Ermənilərin "soyqırım" iddiaları və onun beynəlxalq siyasətdə yeri Армянский фактор в разведывательной деятельности великих держав на Кавказе в 1801 – 1828 гг. Ermənilərin Tbilisi şəhərinə iddiaları Gürcüstanın bələdiyyə sistemində ermənilərin separatçı fəaliyyəti Политологическое образование в Азербайджанской Республике: специфика, современное состояние и стратегия развития Информационная политика в Азербайджане в условиях политико-экономических трансформаций Azərbaycanın ali təhsil sistemi yeni dəyişikliklər mərhələsində Azərbaycanın dövlət idarəçiliyi sistemində keyfiyyət menecmentinin müasir vəziyyəti Cənubi Qafqazda miqrasiya prosesləri Dövlət-özəl əməkdaşlığı bugünkü iqtisadi anlamda Qlobal iqtisadi normallaşma: yüksələn iqtisadiyyatlı ölkələr üçün dayanıqlı inkişaf çağırışları Военное дело и военное искусство в Азербайджане в древний период Учреждения для иностранных военнопленных и интернированных граждан в Азербайджанской ССР в 1944 – 1950 гг. (численность, дислокация, смертность контингента) Ukrayna azərbaycanşünaslığının banisi A.Krımski Качественные параметры партийных кадров в Азербайджанской ССР в 1920-1930-е гг. Политические отношения между Азербайджанским государством Сефевидов и государством Великих Моголов (1526-1576 гг.) Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsilin milliləşdirilməsi və dövlət dilinin tətbiqi Tam siyahı

Gürcüstanın bələdiyyə sistemində ermənilərin separatçı fəaliyyəti

Müəllif: Strateji Tehlil Jurnali

baxılıb: 55

Yan 5, 2019 - 12:45

Nəsibə MİRZƏYEVA

AMEA Qafqazşünaslıq İnstitutunun kiçik elmi işçisi

nasiba_mirzayeva@mail.ru

 

Gürcüstanın bələdiyyə sistemində ermənilərin separatçı fəaliyyəti

 

Açar sözlər: Gürcüstan, yerli özünüidarəetmə orqanları, seçkilər, ermənilər, iddialar, partiyalar, Samtsxe-Cavaxetiya

Key words: Georgia, local self-government, elections, armenians, claims, parties, Samtskhe-Javakheti

Ключевые слова: Грузия, местное самоуправление, выборы, армяне, претензии, партии, Самцхе-Джавахети

 

Giriş

Cənubi Qafqazın digər respublikalarında olduğu kimi Gürcüstanda da yerli özünüidarəetmə orqanlarında aparılan islahatlar davam etməkdədir. Yerli özünüidarəetmə orqanları mərkəzdən uzaq siyasətin bir hissəsi olsa da, bu, daha çox ölkənin ayrı-ayrı bölgələrinin iqtisadi cəhətdən vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmişdir. Gürcüstanın özünüidarəetmə orqanları sahəsində tarixi ənənəsinin olmamasına baxmayaraq, tarixdən məlumdur ki, bu ölkə sistemli olmasa da müəyyən şəhər idarəsinə malik olmuşdur. XIX əsri bu ənənənin qoyulmasının başlanğıcı hesab edərək qeyd edə bilərik ki, bu sistemin inkişafı istiqamətindəki fəaliyyət günümüzədək davam etməkdədir. Yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərə bu gün Gürcüstan daxilində yaşayan etnik azlıqlar da qatılır. Müəyyən siyasi məcrada davam edən bu proseslər, təbii ki, diqqətdən kənarda qalmır. Misal üçün, 2017-ci il oktyabrın 21-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilmiş seçkilərdə ermənilər də iştirak etmiş və seçki kampaniyalarında siyasi məqsədli fəaliyyətlər göstərmişlər. Gürcüstan Mərkəzi Seçki Komissiyasının və gürcü mətbuatının verdiyi məlumatlar əsasında yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə ermənilərin bələdiyyələr üzrə fəallıq göstəriciləri cədvəl və sxemlər vasitəsilə nəzərdən keçirildiyi zaman ümumi mənzərəni təsəvvür etmək olur. Belə ki, bələdiyyə seçkilərində namizədlərin fəallığı, seçki şüarları, partiyalarda təmsilolunma səbəbləri, xüsusilə Gürcüstanda yaşayan ermənilərin bələdiyyə vasitəsilə separatçılıq fəaliyyəti göstərdiyi açıq şəkildə müəyyən edilir. 
 
1. Gürcüstanın bələdiyyə sisteminin tarixindən
 
Yerli özünüidarəetmə orqanlarının yaradılması yenidənqurma dövründə gürcü dövlətçiliyinin əsas vəzifələrindən biri olmuşdur. Lakin Gürcüstanda bu ənənə olmadığından parlament və hakimiyyət strukturu ilə müqayisədə bələdiyyələrin reallaşdırılması yarımçıq hesab edilə bilər. Gürcüstanda yeganə özünüidarəetmə təsisatı Tbilisi şəhərində yaradılmış və 1080-1122-ci illərdə bu şəhərdə Ağsaqqallar Şurası (Tbileli berebi თბილელიბერები) fəaliyyət göstərmişdi. Gürcüstanın Rusiya imperiyasına birləşdirilməsindən sonra ölkəni əvvəlcə hərbi, sonra isə rus işğalçı birləşmələri idarə edirdi. XIX əsrin 70-ci illərində böyük şəhərlərdə vilayətlər üçün islahatlar həyata keçirilmiş və nəticədə şəhər şuraları (satat biro სათათბირო) yaradılmışdı. Yerli idarəçilikdə şəhər şuraları merləri seçir, kənd rəhbərlərini (mamasaxlisi მამასახლისი) isə kəndin məşvərətçi şurası təyin edirdi. O zaman seçkilər sərt şərtlər daxilində aparıldığı üçün bu prosesdə ümumi əhalinin 5%-i iştirak edə bilirdi. Bundan başqa, bu orqanlar mərkəzi hakimiyyəti təmsil edir və müstəqil formada idarəetmədə iştirak edə bilmirdilər. Rusiyada 1917-ci ildə baş vermiş inqilabdan sonra yerli özünüidarəetmə sistemini demokratikləşdirmək üçün müəyyən cəhdlər edildi. Buna görə 1919-cu ildə yerli (eroba ერობა) orqanlara seçkilər keçirildi. Lakin bu cəhdlər 1921-ci ildə Gürcüstanın rus bolşevikləri tərəfindən işğalından sonra dayandırıldı. Sovet hakimiyyəti illərində inzibati amirlik və hakim partiya sistemi, tamamilə mərkəzləşdirilmiş büdcə yerli orqanların fəaliyyətinə mane olurdu. 1990-cı ildən 1991-ci ilə qədər yerli orqanlar iki səviyyədə fəaliyyət göstərirdilər. Birinci səviyyə kənd, qəsəbə və kiçik şəhərlərdən təşkil olunmuşdu. Yerli şura (sakrebulo საკრებულო) üç il müddətinə seçilən təmsilçi orqan idi. Yerli orqanın sədri (qamqebeli გამგებელი) prefekt tərəfindən təyin olunurdu, yerli şura isə onu vəzifəsinə təsdiq edirdi. İkinci səviyyə isə xüsusi statusa malik rayon və şəhərlərdən təşkil olunurdu. Bu səviyyədə yerli şuralar üç il müddətinə seçilirdi. Ali Şuranın sədri - prefekt təyin edilir və o da mərkəzi hakimiyyətin nümayəndəsi kimi dörd il müddətində vəzifəsini icra edirdi. 1991-1992-ci illərdə hakimiyyət dəyişikliyi ilə əlaqədar olaraq prefekt institutu ləğv edilərək yerli idarəetmə səlahiyyətləri rayon sədrlərinə həvalə olundu.
2006-cı ildə Gürcüstanda ərazi vahidləri olan rayonlar bələdiyyələrə ayrıldı. Hazırda Gürcüstanda 67 bələdiyyə fəaliyyət göstərir. Bələdiyyələr özündə şəhərləri, şəhər tipli qəsəbələri (daba დაბა), icmaları (sakrebulo საკრებულო), kənd şuralarını (soplis sakrebulo სოფლისსაკრებულო), qəsəbə şuralarını (sadabo sakrebulo სადაბოსაკრებულო) birləşdirir. 2014-cü ilin hesablamalarına görə, Gürcüstanda kənd şuralarının ümumi sayı 941-dir. Ümumilikdə bu gün Gürcüstanda 54 şəhər və 39 şəhər tipli qəsəbə vardır [8].
Yerli orqanlara seçkilər ümumi, bərabər və gizli səsvermə yolu ilə keçirilir. Seçkilərin əksəriyyəti çoxmandatlı seçki dairələri üzrə proporsional seçki sistemində aparılır. Ərazidə yaşayan əhalinin sayından asılı olaraq əgər bu göstərici iki mindən azdırsa, o zaman seçkilər majoritar sistem əsasında keçirilir. Yerli orqanlara seçilən şəxslərin fəaliyyət müddəti üç il təşkil edir. Gürcüstanda yaşadığı ərazidə müvafiq orqana üç aydan az olmayaraq qeydiyyatda olan və yaşı 18-ə çatmış bütün vətəndaşların səsvermə hüququ vardır. Passiv səsvermə hüququna isə yaşı 21-dən az olmayan və Gürcüstanda son beş ildə yaşamış şəxslər malikdir. Hərbçilər yerli orqanların yalnız ikinci dərəcəli vəzifələrinə olan seçkidə iştirak edə bilərlər [3]. Daxili orqanlarda vəzifədə olan şəxslərin yerli orqanlara seçkidə iştirakına icazə verilmir. Seçkilər zamanı partiyalar və koalisiyalar öz namizədliyini irəli sürə bilərlər. Majoritar sistem üzrə seçki keçirilən yerli özünüidarəetmə orqanlarında namizədlər 5 nəfərdən çox olmayan təşəbbüs qrupunda təmsil oluna bilərlər. 
Bütün səviyyələrdə özünüidarəetmə orqanlarının yerli büdcənin təhlili və təsdiqi, lazımi düzəlişlərin aparılması, sosial və iqtisadi inkişaf planlarının hazırlanması, onun yerinə yetirilməsinə nəzarət, yerli orqanlarda vergilərin təyin edilməsi və ləğv edilməsi, şuranın sədri, o cümlədən katibinin təyin edilməsi, sədrlərin seçilməsi üçün komitənin yaradılması, komitənin təsdiqi, təşkili və lazımi dəyişikliklərin aparılması, şura üzvlərinin vəzifələrinin icrasına, illik hesabatına nəzarət edilməsi, yerli özünüidarəetmə orqanlarının nizamnaməsinin təsdiqi və tətbiqinə nəzarət edilməsi, o cümlədən onda lazımi dəyişikliklərin aparılması kimi səlahiyyətləri var [3]. Bundan başqa, şura üzvlərinin təsdiq edilməsi və müddətdən əvvəl onların vəzifədən azad edilməsi, şura və ya vəzifəli şəxslər tərəfindən müəyyən edilmiş yerli orqan sədrlərinin hesabatlarına baxılması, əmlak hüququna uyğun olaraq yerli özünüidarəetmə orqanlarına məxsus əmlakın istifadəsinin və satışının həyata keçirilməsi, yerli fondların yaradılması və onlardan istifadənin təşkil edilməsi, yerli özünüidarəetmə orqanları ilə bağlı müqavilə və razılaşmaların təsdiq edilməsi kimi məsələlər də bələdiyyələr tərəfindən icra olunur. Hüquqi məsələlərdən savayı kommunal sistemlərin bərpası və problemlərin həlli üçün proqramların hazırlanması, yerli informasiya xidmətinin təşkili, təhsil, səhiyyə, mədəniyyət və idmanla bağlı yerli məsələlərin həll edilməsi, xidmət şəraitinin tənzimlənməsi nümunəsində olan sosial fəaliyyət sistemi də yerli özünüidarəetmə qurumları tərəfindən icra olunur.
 
2. 2017-ci ildə keçirilmiş bələdiyyə seçkilərində ermənilərin iştirakı
 
2017-ci ilin oktyabrın 21-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına (bələdiyyə) seçkilər keçirildi. Mübarizə meydanında hansı ictimai-siyasi qüvvələrin fəaliyyət göstərməsi daha çox maraq kəsb edir. Gürcüstanda yaşayan etnik azlıqların seçkilərdə iştirak dərəcəsi önəmli olan məsələlərdəndir. Qeyd edilən bələdiyyə seçkilərində azərbaycanlılarla ermənilərin iştirak dərəcəsini müqayisə etdikdə məlum olur ki, azərbaycanlıların çoxluq təşkil etməsinə baxmayaraq, partiya siyahılarında onlar erməni namizədlərlə bərabər sayda olmuşlar: əgər yerli özünüidarəetmə orqanlarına azərbaycanlılardan 350-360 nəfər namizəd vardısa, erməni namizədlərin sayı 340-350 nəfər təşkil etmişdi. Ermənilərin sıx məskunlaşdığı Samtsxe-Cavaxetiya regionunda bələdiyyə seçkilərində 7 siyasi partiya iştirak etmişdir. Samtsxe-Cavaxetiyanın 6 şəhərində 35 namizəddən 14-ü erməni olmuşdur. Axalkələki şəhərinin 6 namizədindən 2-si real mübarizədə iştirak etmişdir: Yurik Unanyan ("Gürcü arzusu" Partiyası) və Samvel Petrosyan (Vətənpərvərlər Alyansı). Yurik Unanyan yerli prokurorluqda, Samvel Petrosyan isə polisdə çalışmışdır. Sonuncu həm də 2012-2016-cı illərdə Vahid Milli Hərəkat Partiyasından parlamentə deputat seçilmişdir. Nəticələrə görə, Ninotsmindada Anivard Mosoyan, Axalkələkidə  isə Yurik Unanyan şəhər meri seçilmişlər [2].
Seçkilərdən iki gün əvvəl Axalkələki şəhərindən üç nəfərin – "Gürcü arzusu" Partiyasını təmsil edən Karapet Paloyan, Eduard Elyazyan və Edik Berikyanın namizədliyini irəli sürə bilməyəcəyi bildirilmişdi [6]. Buna səbəb "Avropalı Gürcüstan" Partiyasının lideri Giorgi Kandelakinin yuxarıda adı çəkilən namizədlərin Ermənistan vətəndaşları olduqlarını qeyd etməsi olmuşdu. O, "Gürcü arzusu" Partiyasını təmsil edən Karapet Paloyan, Eduard Elyazyan və Edik Berikyanın şəxsiyyət vəsiqələrinin surətini təqdim etməklə onların Ermənistan vətəndaşı olduqlarını sübut etməyə çalışmışdır. Gürcüstanda "Seçki haqqında" qanuna əsasən, başqa ölkənin vətəndaşı olan şəxslər seçkilərdə iştirak edə bilməzlər. Bu halla rastlaşan zaman qanuna müvafiq tədbirlər həyata keçirilərək həmin şəxs seçki prosesindən uzaqlaşdırılır. Adı çəkilən namizədlər bu bəyanatı təkzib edərək bildirmişdilər ki, partiyanın onların adına bu şəkildə fikir bildirməsinə səbəb onların namizədliklərini irəli sürdükləri təqdirdə 75%-dən artıq səs toplayacaqlarına əmin olmalarıdır. "Gürcü arzusu" Partiyasının mətbuat katibi Manana Tokmacişvili namizədlərin MSK tərəfindən qanunauyğun şəkildə təyin olunduqlarını bildirərək məsələnin Ədliyyə Nazirliyi tərəfindən aydınlaşdırılacağını qeyd etmişdi. Hadisəyə Gürcüstan məsələləri üzrə ekspert Conni Melikyan da münasibətini bildirmişdi. Onun sözlərinə görə, bu cür addımı seçkiqabağı təxribat hesab etmək olar. Həmçinin o qeyd etmişdi ki, "Avropalı Gürcüstan" Partiyasının nümayəndələrinin əksəriyyəti Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin tərəfdarları olmuşlar və hazırda onlar yeni partiya ətrafında birləşmişlər. C.Melikyan həm də hazırda bu partiyanın sıralarında çoxlu sayda erməni nümayəndələrinin olduğunu da diqqətə çatdırmışdı. 
Ümumiyyətlə isə araşdırma zamanı Gürcüstanda yaşayan ermənilərin çoxluq təşkil etdikləri partiyaların aşağıdakı nəticələr əldə etdiyi müəyyənləşdirilmişdir: 
- "Avropalı Gürcüstan" Partiyası (58 nəfər);
- "Vətənpərvərlər Alyansı" Partiyası (43 nəfər);
- "Demokratik Hərəkat - Azad Gürcüstan" Partiyası (38 nəfər);
- "Gürcü arzusu" Partiyası (36 nəfər).
 
Media İnkişaf Fondunun nifrət nitqindən istifadə edərək 2016-cı ildə hazırladığı siyasi partiyalar və KİV-lər haqqındakı hesabatında apardığı araşdırma göstərir ki, nifrət nitqi türkfobiya, homofobiya, dini ayrı-seçkilik, ksenofobiya və rasizm kimi qollara ayrılır [7]. Maraqlıdır ki, ermənilərin çoxluq təşkil etdiyi Vətənpərvərlər Alyansı adı çəkilən bu qollar üzrə aparılmış sistemli təhlil zamanı liderlik edən partiyadır. Həmin hesabata görə, məhz türkfobiya xarakterli çıxışlarda “Türkiyənin Gürcüstanı öz təsiri altına alması”, “Türkiyənin işğalçı ölkə və tarixi düşmən olması” kimi mesajlar üstünlük təşkil edir. Bələdiyyə seçkilərində bu partiyanı təmsil edən nümayəndələrin səsləndirdikləri fikirlərdə də belə məqamlar xüsusi diqqət çəkir.
Bələdiyyə seçkiləri keçirilən zaman ermənilərin seçki şüarları, hakimiyyətdən razı qalıb-qalmadıqları məqamlara gəlincə isə onu qeyd etmək lazımdır ki, onlar Tbilisi şəhərinə namizədliyini irəli sürə bilməmələri haqqında narazılıqlarını bildirmişdilər. Onların fikrincə, hakim partiya milli azlıqlara qarşı düşünülmüş siyasət yeridir. Seçki kampaniyaları zamanı bələdiyyəyə namizədlərin seçicilərlə görüşünü izlərkən əhali ilə namizədlərin istəkləri arasında bir uyğunsuzluq müşahidə edilir. Burada əhalini maraqlandıran əsas məsələ həyat şəraitinin müsbət istiqamətdə dəyişilməsidirsə, namizədləri isə əksinə siyasi məsələlər düşündürür. Məsələn, Vətənpərvərlər Alyansının Axalkələki şəhəri üzrə namizədi Samvel Petrosyanın seçicilərlə görüşü zamanı: “Biz erməni xalqına qarşı törədilmiş soyqırımın tanınmasına nail olmalıyıq. Biz mühacirlərlə bərabər vəziyyətdəyik. Mən gürcü-erməni münasibətlərinin möhkəmləndirilməsi üçün hər şey edəcəm, biz bir yerdə daha güclü olacağıq. Hər iki xalq mənim üçün doğmadır”, - deməsi bunun əyani sübutudur [5].
Bütün bu məqamları nəzərdən keçirərkən belə bir qənaətə gəlmək olur ki, ermənilər istər parlament, istərsə də bələdiyyə seçkilərində həm namizəd çoxluğu baxımından, həm də özlərinə məxsus “ideologiya”ların təbliğolunma dərəcəsinə görə üstünlük təşkil edirlər. Doğrudur, bu “üstünlük” bir ölkənin daxildən tədricən parçalanmasına səbəb olursa, digər tərəfdən onun qonşuları ilə olan münasibətlərinə - bir sözlə, xarici siyasətinə də əhəmiyyətli dərəcədə mənfi təsir göstərir. Bəs o zaman belə bir sual meydana çıxır: niyə say baxımından çoxluq təşkil edən azərbaycanlıların Gürcüstanda hər bir sahədə təmsilolunma dərəcəsi nəzərəçarpacaq dərəcədə zəifdir? Bu suala cavab olaraq birlik və dil amilini göstərə bilərik. Hər bir insan yaşadığı ölkənin dövlət dilini öyrənməklə cəmiyyətdə sözünü demək, problemlərini ortaya qoymaq, haqsızlıqlara cavab vermək - bir sözlə, yaşadığı cəmiyyətə inteqrasiya olunmaq imkanı əldə edə bilər. 
Lakin təəssüflər olsun ki, mövcud vəziyyət bununla da yekunlaşmır. Cari ilin əvvəlində baş verən hadisələr Ermənistanın müxalif partiyalarının belə bələdiyyələr vasitəsilə Gürcüstandakı ermənilərlə birləşərək təxribat yarada biləcəyini göstərdi. Belə ki, Ermənistanın "Yerkir Tsirani" ("Ərik ölkəsi") Partiyasının lideri Zarui Postancyan 2018-ci ilin 21 yanvar tarixində Gürcüstanın Samtsxe-Cavaxetiya regionuna “ümumerməni hərəkatı” təşkil etmək üçün səfər etmişdi. Lakin partiya lideri Ninotsminda qeydiyyat-buraxılış məntəqəsindən buraxılmamışdı. Gürcüstan tərəfi bunun səbəblərini izah etməsə də, Postancyanın fəaliyyət sahəsi bunu əyani şəkildə sübut edir. Belə ki, partiya lideri bundan öncə də Cavaxetiyaya gələrək Axalkələki bələdiyyəsində erməniləri Gürcüstan əleyhinə çıxmağa təhrik etmişdi. Z.Postancyan özü də bu addımını açıq şəkildə etiraf etmişdi. Özünün də bildirdiyinə görə, bu vaxta qədər heç kim ona mane olmamışdı [9]. Lakin görünür Gürcüstan hakimiyyəti partiya liderinin fəaliyyətini müşahidə altında saxlayırmış, çünki Gürcüstan tərəfi Postancyanla bağlı bütün sənədləri rəsmi İrəvana göndərərək lazımi tədbirlərin görülməsini tələb etmişdi. Bununla Postancyan nəinki Gürcüstan ərazisində yaşayan ermənilər arasında qarışıqlıq yaradır, həmçinin bir dövlətin daxilində məqsədyönlü şəkildə bələdiyyələr vasitəsilə iğtişaş yaratmağa çalışır. 
 
3. Sabiq deputat S.Petrosyan və “erməni soyqırımı”
 
2017-ci ildə keçirilən seçkilərdə Axalkələki bələdiyyəsindən "Vətənpərvərlər Alyansı" Partiyasını təmsil edən Samvel Petrosyan Samtsxe-Cavaxetiyada seçkilərdən dərhal sonra dekabr ayında “erməni soyqırımı”nın tanınması ilə bağlı bəyanat vermişdi. Rəsmi bəyanat 5 nəfər deputat - Zakar Zakaryan, Samvel Petrosyan, Genadi Elizbaryan, Simon Mananyan və Sargis Uzunyan tərəfindən imzalanaraq müzakirə olunmaq üçün hazırlanmışdı. Hazırda Axalkələki bələdiyyəsində 38 nəfər deputatdan 31 nəfəri etnik ermənidir və onlar "Gürcü arzusu" Partiyasını təmsil edirlər. Dəfələrlə “erməni soyqırımı”nın tanınması ilə bağlı fəal şəkildə çıxış edən sabiq deputat Samvel Petrosyan bu addımını belə izah edir: “Heç kəsə sirr deyil ki, rəsmi Ankara Gürcüstanın strateji tərəfdaşıdır. Əgər Tbilisi bu “soyqırımı" dövlət səviyyəsində qəbul etməyə hazır deyilsə, Samtsxe-Cavaxetiyanın bunu qəbul etməsinə heç nə mane ola bilməz” [1].
Samvel Petrosyan Gürcüstan parlamentinin 2012-2016-cı illər VIII çağırış deputatı, Vahid Milli Hərəkat Partiyasının üzvü olmuş, 2015-ci ildə Vətənpərvərlər Alyansına qoşulmuşdur. Petrosyan bu addımı siyasi fəaliyyətlə geniş məşğul olmaq üçün atdığını qeyd etmişdi. Onun sözlərinə görə,  iki il ərzində o, dəfələrlə Avropa Xartiyasının milli azlıqlar haqqında verdiyi qanuna əsasən “soyqırım”ın tanınması məsələsini qaldırmaq istəsə də, Vahid Milli Hərəkat Partiyasının bu tələb xoşuna gəlməmişdir. O həm də 1988-ci ildə yaradılmış Cavaxk Xalq Hərəkatının təsisçilərindən biridir və uzun müddət aşağıdakı dövlət strukturlarında çalışmışdır:
- Layihə bürosu, mühəndis  (1976)
- Axalkələki rayon komsomol katibi (1979-1981)
- Axalkələki icraiyyə komitəsində təlimatçı (1984-1991)
- Axalkələki prefekti (1991-1992)
- Axalkələki bələdiyyəsinin sədri (1992)
- Axalkələki hərbi ittifaqının sədri (1992)
- Azad Sahibkarlar Həmkarlar İttifaqının sədr müavini (1992-1994)
- Axalkələki bələdiyyəsinin sədr müavini (1994-1995) 
- Daxili İşlər Nazirliyi (1995-2004; 2005-2012).
2012-ci ilin oktyabrın 1-də parlament seçkiləri ərəfəsində Axalkələki şəhəri üzrə "Gürcü arzusu" Partiyasından Norik Karapetyan, Vahid Milli Hərəkat Partiyasından Samvel Petrosyan namizəd olaraq irəli sürülmüşdü. Diqqətə alınmalı məqam ondadır ki, hər iki şəxs Cavaxk Milli Hərəkatının liderləri olmuşlar. Əvvəllər bu hərəkat Dağlıq Qarabağ ermənilərini dəstəkləmək naminə yaradılmışdısa, sonralar Cavaxetiyadakı erməniləri “gürcü millətçiləri”ndən mühafizə etmək üçün fəaliyyət göstərirdi. Getdikcə bu “amal” muxtariyyət və erməni dilinin ikinci dövlət dili elan edilməsi iddiasına çevrildi. Dağlıq Qarabağ müharibəsi zamanı S.Petrosyan öz rəhbərliyi ilə könüllülərdən ibarət silahlı dəstə təşkil edərək müharibədə iştirak etmişdi. Z.Qamsaxurdiyanın hakimiyyəti dövründə Petrosyan Axalkələkinin prefekti vəzifəsinə təyin edilmiş, E.Şevardnadzenin hakimiyyəti illərində Axalkələkidə yüksək rütbəli yol polisi kimi çalışmışdır. “Qızılgül inqilabı”ndan sonra isə S.Petrosyan Gürcüstanın Daxili İşlər Nazirliyində vəzifə sahibi olmuşdur. 2012-2016-cı illərdə Vahid Milli Hərəkat Partiyasını təmsil edərək parlamentdə deputat olmuşdur. Deputatlıq dövründə dəfələrlə ermənilərin “soyqırım” məsələsinin Gürcüstan hakimiyyəti tərəfindən rəsmi şəkildə tanınması məqsədilə bəyanatla çıxış etmişdir. Bu çıxışlardan birində 2015-ci ilin aprelində parlamentin iclası zamanı S.Petrosyan: “Mən əminəm ki, erməni soyqırımı indiki halda qınaq obyektinə çevrilsə, dünyanın müxtəlif guşələrində bu tipli faciələrdən daha asan yayınmaq olar. Belə bir cinayət heç bir xalq üçün təkrarlanmamalıdır”, - deyərək dövləti “soyqırım”ın tanınmasına çağırmışdı [1].
Əlbəttə, yerli özünüidarəetmə orqanlarının yaradılması və təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində region ölkələrinin ümumi sistemində desentralizasiya kimi müasir meyil formalaşmağa başlamışdır. Məhz bu baxımdan ərazi problemləri üzrə qərarqəbuletmə, planlaşdırma və resurs fomalaşdırma kimi funksiyalar məhz həmin ərazinin insanlarından ibarət yerli idarəetmə strukturlarına verilmişdir. Lakin unutmaq olmaz ki, bu sistem ayrı-ayrı bölgələrin inkişafının səmərəliləşdirilməsi baxımından qurulub və bunu siyasi vasitə kimi istifadə etmək dövlət daxilində pərakəndəliyin formalaşmasına gətirib çıxara bilər. Dediklərimizi bu fəaliyyətlə əlaqədar fikir bildirmiş Gürcü Siyasəti İnstitutunun rəhbəri Korneli Kakaçiyanın fikirləri ilə dəqiqləşdirə bilərik: “Bu məsələ yerli orqanlar tərəfindən həll edilməməlidir, xüsusilə postsovet ölkələrində. Fransa, Almaniya və ABŞ ilə müqayisədə Gürcüstanda hazırkı vəziyyətə görə yerli özünüidarəetmə orqanları mərkəzdən daha çox asılıdır. Mən düşünmürəm ki, bu, hakimiyyətin xoşuna gələcək. Bu, bir qədər problemli məsələdir. Hakimiyyət radikal addım atmamaq üçün özünü saxlayacaqdır, çünki Gürcüstan daim erməni-türk-azərbaycanlı münasibətlərinin sabit saxlanmasına çalışıb. Əgər bu gün bu iddia varsa, sabah başqaları da olacaq. Çünki etnik millətçilik heç vaxt yaxşı nəticələr verməyib” [4].
Təbii ki, Gürcüstan daxilində yaşayan etnik azlıqların özlərinə məxsus hüquq və azadlıqları vardır və bu müvafiq qanunlara uyğun olaraq dövlət siyasətinin tərkib hissəsi kimi təmin edilir. Etnik azlıqlar vətəndaşlarla bərabər tutulsa da, onların ərazi iddialarına gətirib çıxara biləcək problemləri sadəcə olaraq vaxtında həll edilməlidir. Əks halda siyasi ekspertin də bildirdiyi kimi, bu problemlər sabah daha böyük problemlərlə əvəzlənəcək və birbaşa dövlətin müstəqil siyasətinə endirilən zərbə olacaqdır. 
 
Nəticə
 
Bələdiyyə seçkilərində erməni namizədlərin təmsilolunma göstəriciləri, seçkilər zamanı topladıqları səslərin əksər hissəsi onların sıx yaşadığı Samtsxe-Cavaxetiya bölgəsində müşahidə olunur. Qeyd etdiyimiz bu cür göstəricilərin olmasına baxmayaraq, erməni icması təmsilolunma göstəricilərinin zəifliyindən və guya hakimiyyət tərəfindən sıxışdırılmasından narazılıq ifadə edir. Bununla yanaşı, göründüyü kimi, bələdiyyə seçkilərində ermənilərin fəaliyyətləri əsasən siyasi məqsədlərə yönəlmişdir. Əlbəttə, təmsil olunan şəxslərin tarixçələrinə nəzər yetirdiyimiz zaman bu fəaliyyətin bu gündən başladığını söyləyə bilmərik. Seçki kampaniyaları zamanı səsləndirilən nifrət nitqləri, çıxışlar separatçı fəaliyyətin başlıca ünsürlərindən biridir. Bu da nəticə olaraq bölgənin istər siyasi, istərsə də şüuri baxımından Gürcüstandan pərakəndə düşməsinə gətirib çıxarır. Bu cəhətdən seçki sistemində ermənilərin fəaliyyətinin hər dövrdə izlənilərək müqayisə edilməsi əhəmiyyətli nəticələr əldə etməyə imkan yarada bilər. Gürcüstanda bələdiyyə seçkilərində ermənilərin fəaliyyətinə qısaca nəzər yetirdikdən sonra aşağıdakı nəticələrə gəlirik:
- Ermənilər bələdiyyələr vasitəsilə öz tarixi “amal”larına yetişmək arzusundadırlar;
- Ermənilər daxil olduqları partiyalarda öz ideyalarını yaymaqla məşğuldurlar;
- Ermənilərin Gürcüstanda separatçı fəaliyyəti gələcəkdə Gürcüstan dövləti üçün daxildən parçalanmaya, xarici siyasətində problemlərin yaranmasına səbəb ola bilər.
 
 
İstifadə edilmiş ədəbiyyat:
 
İngilis dilində:
1. Armenian member of Georgia’s parliament calls for recognition of genocide /17.04.15/ - www.dfwatch.net/armenian-member-of-georgias-parliament-calls-for-recognition-of-genocide-35172
 
Gürcü dilində:
2. ადგილობრივითვითმმართველობისორგანოთაარჩევნებისშედეგები 2017 (Yerli özünüidarəetmə orqanlarına seçkilərin nəticələri - 2017) /17.10.17/  - www.results20171021.cec.gov.ge/
3. ადგილობრივითვითმმართველობისკოდექსი (Yerli özünüidarəetmə haqqında qanun)  - www.matsne.gov.ge/ka/document/view/2244429?publication=38
4. დღესახალქალაქისსაკრებულომ,შესაძლოა, სომეხთაგენოციდიაღიაროს  (Bu gün Axalkalaki bələdiyyəsi erməni soyqırımını tanıya bilər) /09.12.2017/ - www.resonancedaily.com/mobile/index.php?id_rub=2&id_artc=42173
5. ვისირჩევენსამცხე-ჯავახეთში? (Samtsxe-Cavaxetiyada kim seçiləcək?) /20.10.17/ - www.jam-news.net/?p=65155&lang=ka 
6. ანდელაკი:ოცნებისკანდიდატებიმარნეულშიუცხოქვეყნისმოქალაქეებიარიანდაკანონიირღვევა (Kandelaki: Marneulidə "Gürcü arzusu"nun namizədləri yad ölkənin vətəndaşlarıdır və qanunu pozurlar) /19.10.17/ - www.on.ge/story/15354 
7. მედიისგანვითარებისფონდი.სიძულვილისენა,2016 წლისანგარიში (Media İnkişaf Fondu. Nifrət nitqi, 2016-cı ilin hesabatı) www.mdfgeorgia.ge/uploads/library/55/file/Hate_Speech_GEO_(1).pdf 
8. სტატისტიკისეროვნულისამსახური. მოსახლეობის 2014 წლისსაყოველთაოაღწერის (Milli Statistika Xidməti. Əhalinin 2014-cü il üzrə ümumi siyahıyaalınması) /28.04.16/- www.census.ge/files/results/Census%20Release_GEO.pdf
9. სომეხიოპოზიციონერისაქართველოშიარშემოუშვეს (Erməni müxalifi Gürcüstana buraxılmadı) /22.01.2018/ - www.accentnews.ge/ge/news/details/45668?fb_comment_id=1766569363363233_1770153126338190
 
 
Nasiba Mirzayeva
Separatist activity of Armenians in theGeorgian municipal system
 
The article considers the elections to local government bodies, held in Georgia on October 21, 2017, and the participation of Armenians in these elections. The history of the municipal system of Georgia, its stages and periods of development, as well as the importance of the municipal system in the modern era and its importance in society were reviewed. The role and functions of the municipal system in the 2017 elections were analyzed in accordance with the legislation of Georgia. The indicators of the activity of Armenians in political parties of the Samtskhe-Javakheti region were studied on the basis of information provided by the Central Election Commission of Georgia and the Georgian media. The main goal of the article is to reveal the separatist activities of Armenians living in Georgia through the municipality. The events on the eve of the elections in Georgia were covered as well as the claims of the Armenians against them. At the end, the position of Georgian political analysts on this situation was emphasized and forecasts were made that may arise in the future.
 
 
Насиба Мирзоева
Сепаратистская деятельность армян в грузинской муниципальной системе
 
В статье рассматриваются выборы в органы местного самоуправления, состоявшиеся в Грузии 21 октября 2017 года, и участие армян на этих выборах. Были рассмотрены история муниципальной системы Грузии, ее этапы и периоды развития, а также важность муниципальной системы в современную эпоху и ее значение в обществе. Роль и функции муниципальной системы на выборах 2017 года были анализированы в соответствии с законодательством Грузии. Исследованы показатели деятельности армян в политических партиях региона Самцхе-Джавахети на основе информации, предоставленной Центральной избирательной комиссией Грузии, и грузинскими СМИ. Главная цель статьи - выявить сепаратистскую деятельность проживающих в Грузии армянчерез муниципалитет. Были освещены события накануне выборов в Грузии, а также претензии армян на них. В конце была подчеркнута позиция грузинских политических аналитиков по этой ситуации и даны прогнозы. 
 
Məqalə redaksiyaya daxil olmuşdur:  17.08.2018
Təkrar işləməyə göndərilmişdir: 12.09.2018
Çapa qəbul edilmişdir:  20.10.2018
© 2011-2019. Müəlliflik hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qorunur. Bütün hüquqlar "Strateji təhlil" jurnalına aiddir. Məlumatlardan istifadə edərkən stj.sam.az saytına istinad zəruridir.