Məqalələr

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun tariximizdə yeri Ümummilli lider Heydər Əliyev- milli intibahın banisi, müstəqil dövlətçiliyin memarı Azərbaycan Cümhuriyyətinin müqəddəratında Böyük Britaniya amili Bir əsrlik dövlətçilik tarixinə siyasi liderlik fenomeni işığında baxış: Ümummilli lider Heydər Əliyev - 95 К вопросу о создании Армянского государства и определения его границ на переговорах в Батуми и Стамбуле в1918 г. Azərbaycan Xalq Cümhuriyyətinin parlament sənədləri Zəngəzur, Qarabağ və Naxçıvanda 1918-1920-ci illərdə erməni vəhşiliklərini öyrənmək üçün mənbə kimi Геноцид тюрко-мусульманского населения Азербайджана по документам Британских дипломатов XX əsrdə erməni rəsmi dairələrinin kürdlərə qarşı həyata keçirdiyi deportasiya, repressiya və terror aktları haqqında (etnosiyasi analiz) Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Osmanlı dövlətinin siyasəti (iyun-oktyabr 1918-ci il) Нахчыван на переднем крае борьбы с армянской агрессией в период Азербайджанской Демократической Республики Sərhədyanı mübahisə 1918-1920-ci illərdə Azərbaycan-Gürcüstan münasibətlərində əlverişsiz amil kimi Особая Комиссия и ее “особые” сотрудники Равноправие и гендер: путь, пройденный от Азербайджанской Демократической Республики до Первого вице-президента Экономическая политика Азербайджанской Демократической Республики: поиски оптимальной модели Вопрос об экономических отношениях между Азербайджанской Республикой и РСФСР на страницах журнала “Нефтяное дело” 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin aqrar siyasəti Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti Военно-политические аспекты деятельности Азербайджанского правительства в 1918-1920 гг. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu Mirzə Bala Məmmədzadənin ideoloji görüşləri Tam siyahı

GUAM-ın beynəlxalq hüquq subyektliyi

Müəllif: Strateji Tehlil Jurnali

baxılıb: 866

Dek 21, 2017 - 3:12

GUAM-ın beynəlxalq hüquq subyektliyi

 

Asəf ƏLİYEV

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun doktorantı

aliyev_asaf@yahoo.com

 

Açar sözlər: GUAM, beynəlxalq təşkilatlar, təsis sənədi, üzv dövlətlər, beynəlxalq hüquq subyektliyi, müştərək maraqlar, beynəlxalq təşkilatların əlamətləri

Key words: GUAM, international organizations, constituent treaty, member states, international personality, common interests, characteristics of international organizations

Ключевые слова: ГУАМ, международные организации, учредительный документ, государства-участники, международная правосубъектность, общие интересы, признаки международных организаций

 

 

Giriş
 
Demokratiya və iqtisadi inkişaf naminə təşkilat – GUAM yaradılarkən həm onu təsis edən dövlətlər daxilində, həm də beynəlxalq aləmdə böyük rezonans doğurduğu qədər də böyük ümidlər yaratmışdı. Beynəlxalq və yerli mətbuatda GUAM-ın məqsədi və funksiyaları, onun beynəlxalq hüquqi subyektliyi, beynəlxalq münasibətlər sistemində yeri, perspektivi, böyük iqtisadi layihələrin həyata keçirilməsində, Xəzər regionunun karbohidrogen ehtiyatlarının Avropaya daşınmasında və bununla da Avropanın Rusiyadan enerji asılılığının aradan qaldırılmasında rolu və yeri, hərbi təşkilata çevrilib-çevrilməyəcəyi barədə çoxsaylı məqalələr dərc olunmuşdu. Hətta 2008-ci ildə “Orta Asiya və Qafqaz” (“Центральная Азия и Кавказ”) [5] jurnalı GUAM-a həsr olunmuş xüsusi buraxılışında GUAM ölkələrindən olan ekspertlərlə yanaşı çox sayda tanınmış beynəlxalq ekspertlərin də məqalələrini dərc etmişdi. Amma elə 2008-ci ilin avqustundan, yəni Rusiya-Gürcüstan müharibəsindən sonra GUAM-ın fəaliyyətindəki intensivlik aşağı düşməyə başladı. Rusiya-Ukrayna qarşıdurmasından sonra isə GUAM sanki durğunluq dövrünə qədəm qoydu. GUAM-ın hər iki hala hüquqi qiymət verməməsi və yalnız gecikimiş bəyanatlarla çıxış etməsi [21], [22], [23] bəzi analitiklərin [25], [26] gözündən yayınmadı. 2008-ci ildən sonra GUAM dövlət başçıları səviyyəsində görüşlərin keçirilməməsi də diqqətdən kənarda qalmadı. Halbuki təşkilatın Nizamnaməsinin 4-cü maddəsinin 2-ci bəndinə görə, Dövlət Başçıları Şurası öz toplantılarını, bir qayda olaraq, ildə bir dəfə keçirir [12]. GUAM-ın fəaliyyətindəki “durğunluq” onun perspektivini və hüquqi subyektliyini şübhə altına alırmı? Bu barədə açıq çıxışlar olmasa da, çox guman ki, analitiklər və hətta siyasətçilər arasında müəyyən fikirlər formalaşır. Bəlkə də, çox yaxın zamanlarda bu barədə yazılara və fikirlərə dövri və ya elmi nəşrlərdə rast gəlinəcək. Bəs hər hansı beynəlxalq təşkilatın hüquq subyektliyi onun fəaliyyətindən və ya fəaliyyətsizliyindən asılıdırmı? Yaxud hər hansı bir beynəlxalq təşkilatın öz Nizamnaməsindən kənara çıxmaması onun perspektivliyinə və hüquq subyektliynə xələl gətirirmi? Qeyd edək ki, yuxarıda qeyd edilən hər iki müharibəyə dair GUAM-ın mövqeyi Nizamnaməsinə tam uyğun olub. Bu yazı GUAM-ın beynəlxalq hüquq subyektliyi mövzusuna qısa elmi yanaşmadır.
 
1.  Beynəlxalq təşkilatların əlamətləri 
 
Hüququn ümumi prinsiplərinə görə, hər hansı bir təsisat hüquqi şəxsdirsə və ya hüquq subyektidirsə, deməli, bu təsisatın hüquqi münasibətlər yaratmaq, hüquq və vəzifə daşımaq hüququ var. Bu həm dövlətlərin daxili hüquq subyektlərinə, həm də dövlətlərarası, yəni beynəlxalq hüquq subyektlərinə aiddir. Bu fikir və beynəlxalq təşkilatların beynəlxalq hüquq subyektliyinin tanınmasının təşkilatların təsis aktlarının mahiyyətindən doğduğu fikri beynəlxalq hüquqi ədəbiyyatda qırmızı xətlə keçir. C.F.Amerasinqe (C.F.Amerasinghe) [6], J.Klabbers (J.Klabbers) [7], P.Malançuk (P.Malanczuk) [8], N.G.Şermers (H.G.Schermers) və N.M.Blokker (N.M.Blokker) [9], M.N.Şau (M.N.Shaw) [10] və başqaları öz əsərlərində bunu kifayət qədər əsaslandırmışlar. 
Beynəlxalq hüquq ədəbiyyatında beynəlxalq təşkilatların əsas əlamətlərinə müxtəlif baxış var. H.Şermers və N.Blokkerə görə, beynəlxalq təşkilatların xarakterik xüsusiyyətləri bunlardır: 1) müqavilə əsasında yaradılır; 2) təşkilata üzv olan dövlətlərin iradəsindən fərqli iradəyə malik olan azı bir qurumu olur; 3) beynəlxalq hüquqa uyğun yaradılır [9, s.36-49]. J.Klabbers üçüncü amili “təşkilat dövlətlər tərəfindən yaradılır” amili ilə əvəz edir və onu birinci amil kimi göstərir [7, s.7-13]. C.Amerasinqeyə görə, beynəlxalq təşkilatların əlamətləri bunlardır: 1) müqavilə əsasında yaradılır; 2) dövlətlər tərəfindən yaradılır; 3) təsis sənədinə malik olur; 4) üzv dövlətlərdən ayrı olan (asılı olmayan – A.Ə.) qurumlara malik olur; 5) beynəlxalq hüquqa uyğun yaradılır; 6) müstəsna və ya üstün mövqeyə malik olan üzv dövlətləri və ya hökumətləri olur [5, s.9-13]. Y.Şibayeva və L.Hüseynovun beynəlxalq təşkilatların xarakterik xüsusiyyətlərinə baxışları demək olar ki eynidir. Y.Şibayevaya görə, beynəlxalq təşkilatlar: 1) müqavilə əsasında yaradılır; 2) müəyyən məqsədləri var; 3) müvafiq təşkilati struktura malikdir; 4) müstəqil hüquq və öhdəliklərə malikdir; 5) beynəlxalq hüquqa əsasən yaradılır. L.Hüseynovun baxışında “beynəlxalq hüquqa əsasən yaradılır” (Y.Şibayevada beşinci gəlir) kimi fikrə rast gəlinmir. Digər fərqlilik ondadır ki, L.Hüseynov “müvafiq təşkilati struktura malikdir” fikrini ikinci sırada verir, Y.Şibayevanın ikinci sırada verdiyi “müəyyən məqsədləri var” fikri L.Hüseynovda üçüncü sırada “müəyyən məqsəd və vəzifələri var” şəklində gəlir. Başqa bir fərq isə dördüncü sırada gələn fikirdədir. Hər iki hüquqşünas beynəlxalq təşkilatların xarakterik xüsusiyyətində “hüquq və öhdəliklərə malikdir” fikrini qeyd edirlər. Y.Şibayevada bu “müstəqil hüquq və öhdəliklərə malikdir” kimi verilir, L.Hüseynovda isə “beynəlxalq hüquq və öhdəliklərə malikdir” ifadəsi yer alır [2, s. 129; 4, s. 26]. 
 
2.  Beynəlxalq təşkilatların hüquq subyektliyi
 
Beynəlxalq hüquqda qəbul olunan bir fikir var ki, beynəlxalq təşkilatlar beynəlxalq hüququn törəmə subyektləridir. Hər bir dövlət beynəlxalq hüquq tərəfindən tanınan bütün beynəlxalq hüquq və vəzifələri daşıyır, amma beynəlxalq təşkilatlar beynəlxalq hüququn tamhüquqlu subyekti olmadığı üçün onların beynəlxalq hüquq subyektliyi də məhduddur. Hazırda beynəlxalq təşkilatların təcrübəsinə əsaslanan belə bir opinio juris formalaşmışdır ki, beynəlxalq təşkilatların hüquq subyektliyi onların təsis sənədləri ilə müəyyən edilmiş hüquq, vəzifə və səlahiyyətləri çərçivəsində məhdudlaşır [6, s.66-69; 8, s. 92; 9, s. 993; 10, s. 1296-1303].
H.G.Şermers və N.M.Blokker beynəl-xalq təşkilatların hüquq subyektliyinə yanaşmanı üç məktəbə ayırır. Birinci məktəbə onlar sosialist hüquq məktəbinin nümayəndələrini daxil edirlər və vurğulayırlar ki, bu məktəb beynəlxalq təşkilatların hüquq subyektliyini onların təsis sənədi ilə əsaslandırır. Yəni təşkilatın hüquq subyektliyi yalnız onun təsis sənədində nəzərdə tutulduğu halda tanınır. Birinci məktəbin yanaşmasını başqa sözlə belə ifadə etmək olar: əgər təşkilatın təsis sənədində hüquq subyektliyi qeyd olunmayıbsa, deməli, həmin təşkilat beynəlxalq hüququn subyekti deyil. İkinci məktəbə görə, əgər təşkilat daxilində onu təsis edən dövlətlərin iradəsindən fərqli iradəyə malik olan azı bir orqan varsa, onun beynəlxalq hüquq subyektliyi ipso facto tanınır. Bu halda hüquq subyektliyi təşkilatı yaradan ölkələrin iradəsindən asılı olmur, beynəlxalq hüquqa əsasən tanınır. H.G.Şermers və N.M.Blokkerə görə, üçüncü məktəbin fikri indiki zamanda çoxluq tərəfindən qəbul edilir. Bu məktəb hesab edir ki, beynəlxalq təşkilatlar ipso facto beynəlxalq hüquq subyekti deyillər, onlara bu status ya açıq şəkildə (təsis sənədi ilə - A.Ə.) və ya təsis sənədində qeyd olunmamışdırsa, dolayı yolla verilir [9, s. 988-989].
Bu məktəblərin təşkilatların hüquq subyektliyinə baxışını təhlil etsək onda görərik ki, birinci məktəbin yanaşmasını həm beynəlxalq təcrübə, həm də Beynəlxalq Ədalət Məhkəməsinin “Zərərin ödənilməsi haqqında” işlə bağlı 11 aprel 1949-cu il tarixli konsultativ (məsləhətçi) qərarı [11] inkar edir. Məlumdur ki, BMT Nizamnaməsində [19] onun beynəlxalq hüququn subyekti olub-olmaması barədə heç bir müddəa yoxdur. Beynəlxalq Məhkəmənin Statutunun 34-cü maddəsinin 1-ci bəndi də dəqiq göstərir ki, məhkəmədə yalnız dövlətlər tərəf kimi çıxış edə bilər [20]. Göründüyü kimi, beynəlxalq təşkilatların hüquq subyektliyi İkinci Dünya müharibəsindən sonrakı illərdə belə tanınmırdı. 
BMT nümayəndəsinin İsraildə fanat bir yəhudi tərəfindən öldürülməsi BMT-nin hüquq subyektliyinin tanınması məsələsini ortaya qoydu. Əks halda bu universal təşkilat məhkəmə qarşısında məsələ qaldırıb təzminat tələb edə bilməzdi. Beynəlxalq Ədalət Məhkəməsi “Zərərin ödənilməsi haqqında” işlə bağlı qəbul etdiyi konsultativ qərarla BMT-nin beynəlxalq hüququn subyekti olduğunu tanıdı. Bu qərar beynəlxalq təşkilatların hüquq subyektliyi yolunda yaşıl işıq oldu. Bu gün də əksər beynəlxalq təşkilatların təsis sənədində hüquqi subyektliliklə bağlı heç bir müddəa yoxdur, amma onların hamısı beynəlxalq hüququn subyekti kimi fəaliyyət göstərirlər.
Zənnimizcə, ikinci məktəbin də yanaşmasını o qədər uğurlu yanaşma kimi qəbul etmək olmaz. Çünki bir çox beynəlxalq təşkilatlarda dövlətlərin iradəsindən asılı olmayan müstəqil qurum yoxdur. Bu beynəlxalq təşkilatlarda qərarlar konsensus yolu ilə qəbul edilir. Konsensus yolu isə o deməkdir ki, hər hansı bir dövlətin iradəsindən kənar qərar qəbul olunmur, demək ki, fərqli mövqeyə malik qurum da yoxdur. Misal üçün ATƏT-i qeyd edə bilərik. Bu təşkilatda qərarlar konsensus yolu ilə qəbul olunur. Təşkilatın təsis sənədi olan Helsinki Yekun Aktında [13] təşkilati quruluş və səsvermə ilə bağlı dəqiq bir müddəa göstərilməsə də, rəsmi saytının “Summits” (“Zirvə toplantıları”) bölməsində qeyd olunur ki, “ATƏT-in bütün qərarları konsensus yolu ilə qəbul olunur” [24]. Təşkilatın Parlament Assambleyasının Prosedur Qaydalarının 35-ci qaydasının 6-cı bəndində də qeyd edilir ki, Daimi Komitədə səsvermə “konsensus çıx bir” prinsipi ilə keçirilir və ATƏT-in Nazirlər Şurası “konsensus çıx iki” prinsipi ilə səsverməyə keçdiyi andan Daimi Komitə də səsvermədə həmin prinsipi tətbiq edəcək. Qaydalara əsasən, yalnız vəzifəli şəxslərin seçilməsində konsensus tələb olunmur [18].
Ümumiyyətlə, ATƏT səviyyəsində dövlətlərin iradəsindən asılı olmayan orqan yoxdur. ATƏT-in sammitləri belə dövlətlərin iradəsindən asılıdır. Belə ki, 1996-cı il ATƏT-in Lissabon sammitində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev sammitin yekun sənədinin 20-ci maddəsini Ermənistanın kvadrat mötərizəyə alaraq konsesus verməməsinə etiraz olaraq yekun sənədin özünü bütövlükdə kvadrat mötərizəyə almış və Azərbaycanın konsensus vermədiyini çıxışında bildirmişdir. ATƏT ölkələrinin, xüsusilə də ABŞ-ın iki gün ərzində Prezident Heydər Əliyevdən xahişlərini, həmçinin yekun sənədin 20-ci maddəsinin ATƏT sədrinin bəyanatına daxil olunmasını və bu bəyanatın Ermənistan xaric digər ölkələr tərəfindən dəstəklənməsini nəzərə alan, habelə ATƏT-in fəaliyyətinə, Lissabon Zirvə toplantısına və toplantı iştirakçılarına hörmətini ifadə edən Azərbaycan Respublikası yekun sənədə konsensus vermişdir [1, s.55]. Qeyd edək ki, ATƏT sədrinin bəyanatında ATƏT-in Minsk qrupu tərəfindən Ermənistan-Azərbaycan müharibəsinin nizama salınması məqsədilə hazırlanmış layihənin üç əsas elementi öz əksini tapmışdı: Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınması, Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək səviyyəli özünüidarə statusunun verilməsi və nəhayət, Dağlıq Qarabağın və onun bütün əhalisinin təhlükəsizliyinə təminatın verilməsi [14]. Lissabon Zirvə görüşü başa çatdıqdan dərhal sonra mətbuat konfransında çıxış edən Prezident Heydər Əliyev Azərbaycanın konsensus verməsinə əsas səbəb kimi son iclasda ATƏT-in fəaliyyət göstərən sədri cənab Flavio Kottinin verdiyi bəyanatı göstərmiş və vurğulamışdır ki, bu bəyanat Ermənistandan savayı, bütün sammit iştirakçılarının – ATƏT üzvlərinin iradəsinin ifadəsini əks etdirir [1, s.57-58]. Bu misal onu göstərir ki, Azərbaycan dövləti ATƏT-in Lissabon Zirvə toplantısının yekun sənədinə konsensus verməsəydi, toplantı nəticəsiz bitəcəkdi. Göründüyü kimi, zirvə toplantısı belə ATƏT üzvünün iradəsindən üstün mövqedə durmur. Lakin bu o demək deyil ki, ATƏT beynəlxalq hüququn subyekti deyil. Əksinə, ATƏT beynəlxalq hüququn subyekti kimi bu gün dünya siyasətinin önəmli aktorlarından biridir. 
Üçüncü məktəbin baxışı, H.Şermers və N.Blokkerin də göstərdiyi kimi, bu gün ən geniş yayılmış baxışdır. Bu məktəbin nümayəndələrinin beynəlxalq təşkilatların hüquq subyektliyinə baxışında, yuxarıda da qeyd edildiyi kimi, ikili yanaşma var:
- beynəlxalq təşkilatlara beynəlxalq hüquq subyektliliyi təsis sənədi ilə bilavasitə verilir;
- beynəlxalq təşkilatların beynəlxalq hüquq subyektliliyi təsis sənədində qeyd olunmayıbsa, dolayı yolla qəbul edilir.
Birinci yanaşma tam aydındır. Beynəlxalq təşkilatın təsis sənədində onun beynəlxalq hüququn subyekti olması göstərilmişdirsə, deməli, onu yaradan dövlətlər artıq həmin təşkilatın beynəlxalq hüquq subyektliyini tanımışlar. İkinci yanaşma o qədər də aydın deyil, buna görə də bir az geniş izah tələb edir. H.Şermers və N.Blokker dolayı yol deyəndə təşkilatın təsis sənədində qeyd olunan məqsəd və prinsiplərini, habelə ona verilən səlahiyyətlərin önəmliliyini nəzərdə tutaraq belə bir sual verirlər: Əgər təşkilata müqavilə imzalamaq, nümayəndələr göndərmək və qəbul etmək, habelə beynəlxalq silahlı qüvvələr təşkil etmək səlahiyyəti verilibsə, bu səlahiyyətləri beynəlxalq hüququn subyekti olmayan təşkilat necə həyata keçirə bilər? Qeyd edək ki, bu cür yanaşma, yəni dolayı yol yanaşması ilk dəfə Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən “Zərərin ödənilməsi haqqında” işlə bağlı çıxardığı konsultativ (məsləhətçi) qərarında öz əksini tapmışdır. Məhkəmə məhz BMT Nizamnaməsi ilə müəyyən edilən məqsəd və prinsiplərin önəmliliyini və onlara çatmaq üçün təşkilata verilən səlahiyyətlərin mühümlüyünü nəzərə alaraq BMT-nin beynəlxalq hüquq subyektliyini tanımışdır [11].
“Dövlətlər ilə beynəlxalq təşkilatlarar asında müqavilələr hüququ haqqında” 1986-cı il Vyana Konvensiyasının 3-cü maddəsi də beynəlxalq təşkilatların beynəlxalq hüququn subyekti olmasını açıq və aydın şəkildə qeyd edir. Həmin maddənin i, ii və iv bəndlərində“hər hansı bir beynəlxalq müqavilənin tərəfləri arasında dövlətlər və beynəlxalq təşkilatlardan başqa beynəlxalq hüququn digər subyektləri varsa” kimi fikir vurğulanır [17]. Bu o deməkdir ki, həmin Konvensiya, başqa sözlə desək, Konvensiyanın tərəfləri beynəlxalq təşkilatların beynəlxalq hüquq subyektliyini dövlətlərin beynəlxalq hüquq subyektliyi kimi ab initio qəbul edir. 
 
3.  GUAM-ın beynəlxaq hüquq subyektliyini göstərən 
xüsusiyyətlər
 
GUAM-ın yaradılması və beynəlxalq hüququn subyekti kimi fəaliyyət göstərməsində əsas əlamətləri qeyd edək:
1. Dövlətlər tərəfindən təsis edilmişdir. GUAM Nizamnaməsinin [12] giriş hissəsində onu təsis edən dövlətlərin – Azərbaycan Respublikası, Gürcüstan, Moldova Respublikası və Ukraynanın adları qeyd edilir. Təşkilatın təsis aktını – Nizamnaməsini imzalayan da elə bu dövlətlərdir. 
2. Beynəlxalq müqavilə əsasında təsis edilmişdir. GUAM Nizamnaməsi mahiyyətcə çoxtərəfli beynəlxalq müqavilədir və həm Nizamnamənin 24-cü [12], həm BMT Nizamnaməsinin 102-ci maddəsinin 1-ci bəndinə [19], həm də “Beynəlxalq müqavilələrin hüququ haqqında” 1969-сu il Vyana Konvensiyasının 77-ci maddəsinin 1-ci bəndinin g) yarımbəndinə [16] əsasən BMT Katibliyində qeydiyyatdan keçmişdir.
3. Beynəlxalq hüquqa uyğun təsis edilmişdir. Müqavilə dövlətlər arasında bağlandığı üçün “Beynəlxalq müqavilələrin hüququ haqqında” 1969-сu il Vyana Konvensiyasının [16] tələblərinə uyğun şəkildə və bütün prosedur normalar nəzərə alınmaqla imzalanmış və üzv dövlətlərin daxili qanunvericiliyində nəzərdə tutulmuş qaydada prosedurdan keçdikdən sonra qüvvəyə minmişdir. Bundan başqa, Nizamnamənin giriş hissəsində vurğulanır ki, Nizamnamə qəbul edilərkən tərəflər beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini, BMT Nizamnaməsinin, Helsinki Yekun Aktının, Yeni Avropa üçün Paris Xartiyasının və ATƏT-in Avropa Təhlükəsizliyi Xartiyasının müddəalarını rəhbər tutmuşlar.
4. Təsis sənədinə malikdir. GUAM Nizamnaməsi təsis sənədi olmaqla yanaşı, həm də əsas sənəddir və GUAM daxilində qəbul edilən bütün digər sənədlər bu Nizamnamənin ruhuna və müddəalarına uyğun olmalıdır.
5. Müvafiq təşkilati struktura malikdir. GUAM Nizamnaməsinin 3-cü maddəsi təşkilatın struktur quruluşunun Şuradan və Katiblikdən ibarət olduğunu müəyyən edir. Şura təşkilatın əsas orqanı sayılır və öz işini dövlət başçıları, xarici işlər nazirləri, milli əlaqələndiricilər və daimi nümayəndələr səviyyəsində təşkil edir. Katibliyin səlahiyyətləri təşkilati-texniki təminatla məhdudlaşır. Yuxarıda göstərilən “üzv dövlətlərdən asılı olmayan qurumlara malik olur”, “müstəsna və ya üstün mövqeyə malik olan üzv dövlətləri və ya hökumətləri olur” kimi xüsusiyyətlər GUAM-a şamil olunmur. Çünki GUAM-ın orqanlarında qərarlar səsvermə keçirilmədən bütün tərəflərin iştirakı ilə konsensus əsasında razılaşma yolu ilə qəbul olunur. Buradan belə nəticəyə gəlmək olar ki, üzv dövlətlərdən hər hansı birinin iştirakı olmadan hər hansı bir qərarın qəbul edilməsi mümkün deyil. Bu da GUAM-ın üzv dövlətlərin iradəsindən asılı bir təşkilat olduğu anlamına gəlir. 
6. Müəyyən məqsəd və vəzifələri var. Nizamnamənin 1-ci və 2-ci maddələri GUAM-ın məqsəd və funksiyalarını müəyyən edir. Vəzifələr birbaşa göstərilməsə də, onları Nizamnamənin ruhundan anlamaq olur.
7. Beynəlxalq hüquq və öhdəliklərə malikdir. Nizamnamənin 14-cü maddəsinə görə, GUAM “bütün Tərəflərin razılığı ilə” digər dövlətlərlə və beynəlxalq təşkilatlarla dialoq və qarşılıqlı əlaqəyə girə bilər. Göründüyü kimi, üzv dövlətlər beynəlxalq əlaqələr qurmaqda GUAM-a məhdud səlahiyyət vermişlər. Məhdud səlahiyyətlə belə GUAM beynəlxalq hüququn subyekti kimi BMT-də müşahidəçi statusu əldə etmiş [15], ABŞ, Yaponiya, Polşa, Çexiya və digər ölkələrlə əlaqələr qurmuşdur. GUAM-ın beynəlxalq əməkdaşlığı barədə daha ətraflı R.M.Qarayevin [3, s.116-127] kitabında oxumaq olar. 
 
4.   H.Şermers və N.Blokkerin üç məktəbi və GUAM-ın beynəlxaq hüquq subyektliyi
 
GUAM-ın beynəlxalq hüquq subyekliyi məsələsinə H.Şermers və N.Blokkerin böldüyü məktəblərin baxış bucağından baxaq. 
Birinici məktəbin baxışına görə, GUAM qeyd-şərtsiz beynəlxalq hüququn subyektidir, çünki bu, onun təsis aktında – Nizamnaməsində birbaşa qeyd olunmuşdur. Nizamnamənin 9-cu maddəsində vurğulanır ki, GUAM beynəlxalq hüququn subyektidir [12]. Buradan aydın olur ki, GUAM onu təsis edən dövlətlər tərəfindən yaradılan və ilk olaraq elə bu dövlətlər tərəfindən də beynəlxalq hüququn subyekti kimi tanınan beynəlxalq təşkilatdır. 
İkinci məktəbin baxışına görə, GUAM-ı ipso facto beynəlxalq hüququn subyekti kimi qəbul etmək olmaz, çünki onun üzv ölkələrin iradəsindən fərqli iradəyə malik olan bir orqanı yoxdur. ATƏT-də olduğu kimi GUAM-da da qərarlar konsensus yolu ilə (maddə 12) qəbul edilir. Amma qərarların qəbul edilməsi mexanizmində kəskin fərq var. Belə ki, ATƏT-dən fərqli olaraq GUAM orqanlarında qərarların qəbulu üçün tələb olunan konsensus səsvermədə tələb olunmur. Çünki GUAM-da qərarlar bütün Tərəflərin iştirakı ilə səsvermə keçirilmədən razılaşma yolu ilə qəbul edilir. Konsensus da məhz razılaşmada tələb olunur. Yuxarıda ATƏT-in timsalında göstərdik ki, ikinci məktəbin beynəlxalq təşkilatların hüquq subyektliyinə baxışı (təşkilat daxilində üzv ölkələrin iradəsindən fərqli iradəyə malik orqan olduqda həmin təşkilatın hüquq subyektliyinin ipso facto tanınması) beynəlxalq təcrübədə öz təsdiqini tapmır. 
Üçüncü məktəbin birinci yanaşmasını, yəni birbaşa təsis sənədində nəzərdə tutulmasına görə beynəlxalq təşkilatın hüquq subyektliyinin açıq şəkildə tanınmasını GUAM-a tətbiq etmək olar. Çünki qeyd etdiyimiz kimi, GUAM Nizamnaməsinin 9-cu maddəsinə əsasən, təşkilatı yaradan dövlətlər onu beynəlxalq hüququn subyekti kimi tanımışlar. Bu məktəbin ikinci yanaşmasını GUAM-a qismən tətbiq etmək olar. Ona görə ki, GUAM-ın təşkilat kimi səlahiyyətləri çox məhduddur və bu təşkilat daha çox məşvərət təşkilatı xarakteri daşıyır. Qeyd etdiyimiz kimi, GUAM da üzv dövlətlərin iradəsindən müstəqil orqan yoxdur. Bundan başqa, təşkilatın heç norma yaratma hüququ da yoxdur. Təşkilat hətta məhdud səlahiyyətlərin həyata keçirilməsində belə dövlətlərin iradəsindən asılıdır. Amma bu hal GUAM-ın beynəlxalq hüquq subyektliyini şübhə altına almağa əsas vermir.
Nəticə
 
C.Amerasinqenin də BMT-nin timsalında qeyd etdiyi kimi, beynəlxalq təsisatların (təşkilatların) hüquq və vəzifələri onun təsis sənədində göstərilən və təcrübədə inkişaf etdirilən məqsəd və funksiyalarından asılıdır [6, s. 94]. M.Şau isə qeyd edir ki, beynəlxalq təşkilatların hüquq subyektliyi ilk növbədə təşkilatı təsis edən alətin (təsis sənədinin) şərtlərindən asılı olur. Belə ki, təşkilatı yaradan ölkələr birbaşa təşkilatın təsis sənədində onun hüquq subyektliyini verə bilərlər. Onun sözlərinə görə, bu, çox nadir hallarda belə olur və əlavə edir ki, adəti üzrə beynəlxalq təşkilatların beynəlxalq aləmdə hüquqi subyektliyi onun təsis sənədində göstərilən məqsədlərdən və həmin təşkilatın təcrübəsindən gəlir [10, s.1297]. Amma o da məlumdur ki, beynəlxalq təşkilatların məqsəd və prinsipləri də onu təsis edən dövlətlərin iradəsindən asılı olur. Deməli, istənilən beynəlxalq təşkilatın hüquq subyektliyi onu yaradan dövlətlərin iradəsi ilə məhdudlaşır. Bunu bütün dövlətlərarası beynəlxalq təşkilatlara aid etmək olar.
Qeyd edildiyi kimi, beynəlxalq təşkilatların məqsəd və funksiyalarını onu təsis edən dövlətlər müəyyən edir. Yəni hər hansı bir beynəlxalq təşkilatı yaradan dövlətlər bu təşkilata müəyyən sahədə üzv dövlətlərin müştərək maraqlarının həyata keçirilməsi istiqamətində fəaliyyət göstərmək hüququ verir və bu hüququn həyata keçirilməsi üçün onun beynəlxalq hüquq subyektliyini tanıyırlar. GUAM çox nadir təşkilatlardandır ki, onu bərabər dövlətlər yaratmış və ona beynəlxalq hüquq subyektliliyi vermişlər. Bu fakt isə artıq GUAM-ın beynəlxalq münasibətlər sistemində yer alması anlamına gəlir. 
Beləliklə, yuxarıda qeyd edilənlərə, habelə GUAM-ı beynəlxalq hüququn subyekti kimi təsis edən dövlətlərin iradəsinə (GUAM Nizamnaməsi, maddə 9) əsasən deyə bilərik ki, Demokratiya və iqtisadi inkişaf naminə təşkilat – GUAM beynəlxalq hüququn subyektidir. Üzv dövlətlərin iradəsindən tam asılı və məhdud səlahiyyətlərə malik təşkilat olsa belə, yenə də GUAM beynəlxalq hüquq subyekti kimi digər təşkilatlar (BMT, ATƏT və Avropa İttifaqı) və dövlətlərlə (ABŞ, Yaponiya, Polşa, Baltikyanı dövlətlər, Çexiya və s.) münasibətlər qurmuşdur.
 
 
 
 İstifadə edilmiş ədəbiyyat:
 
Azərbaycan dilində:
1. Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. Səkkizinci kitab - noyabr, 1996 – mart, 1997. /Buraxılışa məsul R.Mehdiyev/. Bakı: Azərnəşr, 1998, 241 s.
2. Hüseynov L.H. Beynəlxalq hüquq. Dərslik. Bakı: Hüquq ədəbiyyatı, 2002, 420 s. 
3. Qarayev R.M. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında beynəlxalq təşkilatların qərarlarının əhəmiyyəti və beynəlxalq hüquq. Bakı, 2012, 334 s. 
 
Rus dilində:
4. Шибаева Е.А. Право международных организаций: вопросы теории. // “Международные отношения, 1986, 158 с.
5. “Центральная Азия и Кавказ” (Специальный выпуск) № 3-4 (57-58), 2008
 
İngilis dilində:
6. Amerasinghe C.F. Principles of the institutional law of international organizations. 2nd rev. ed. - Cambridge, UK; New York, Cambridge University Press, 2005, p.xxxiv, 535.
7. Klabbers J.An introduction to International Institutional law. New York: Cambridge University Press, 2002, p.xxxv, 399.
8. Malanczuk P. Akehurst’s modern introduction to international law. New York, NY 10001, Seventh edition 1997, p.xvii, 449. 
9. Schermers Henry G. & Blokker Niels M. International Institutional Law, 4th ed., Martinus Nijhorff Publishers, 2003, p.1302. 
10. Shaw M.N. International law.  Sixth edition, Cambridge University Press, UK, 2008, p.clxii, 1542. 
 
Nizamnamə, statut, konvensiya və digər sənədlər:
11. Advisory Opinion of the International Court of Justice Concerning Reparation for Injuries Suffered in the Service of the United Nations, April 11, 1949. - 
      https://www.jstor.org
12. Charter of Organization for Democracy and Economic Development – GUAM. - http://guam-organization.org/en/node/450
13. Helsinki Final Act. - http://www.osce.org/helsinki-final-act?download=true
14. Lisbon Document. - http://www.osce.org/mc/39539?download=true
15. Resolution of the UN General Assembly, (A/58/524), Observer status for the GUUAM in the General Assembly. - http://www.un.org/ga/search/view_doc.asp?symbol=A/RES/58/85&Lang=E
16. Vienna Convention on the Law of Treaties 1969. - https://treaties.un.org/doc/publication/unts/volume%201155/volume-1155-i-18232-english.pdf
17. Vienna Convention on the Law of Treaties between States and International Organizations or between International Organizations 1986. - 
     http://untreaty.un.org/ilc/texts/instruments/english/conventions/1_2_1986.pdf
18. The Rules of Procedure of the OSCE Parliamentary Assembly. - http://www.oscepa.org/documents/rules-of-procedure/1832-rules-of-procedure-english/file
19. The UN Chapter. - http://www.un.org/en/charter-united-nations/
20. Statute of the Internatıonal Court of Justıce. - http://www.icj-cij.org/en/statute
 
İnternet mənbələri:
21. Joint Statement of the GUAM Parliamentary Assembly, Baltic Assembly and the parliamentary delegation of the Republic of Poland. - http://guam-organization.org/en/node/1530
22. Statement of the Organization for Democracy and Economic Development – GUAM. - http://guam-organization.org/node/1706
23. Statement by the Organization for Democracy and Economic Development – GUAM regarding the holding of illegitimate “elections” in eastern Ukraine on November 2, 2014. - http://guam-organization.org/node/1645
24. http://www.osce.org/summits
25. Qiyang Niu: “Can China Help GUAM Diversify Away from Russia?” - http://www.eurasianet.org/node/83946
26. Richard Weitz: “GUAM and the Georgian War” - https://www.cacianalyst.org/publications/analytical-articles/item/11676-analytical-articles-caci-analyst-2008-8-20-art-11676.html
 
 
Asaf Aliyev
International legal personality of the GUAM
 
Personality of international organizations still remains as an issue of discussion on the international level. As on any other matter, there are different approaches to this matter either. Differences in views most of all concern the source of personality of international organizations. For one group of lawyers an international organization gets personality if it is written in their constituent document, for other group an international organization bears personality ipso facto if it possesses at least one organ separate from its members, for the third group personality is granted either explicitly by states (through constituent treaty), or implicitly, i.e. gained according to international law (depending on the volume and nature of the rights, duties and authority shown in the constituent treaty).The features of international organizations also influence to their personality. Though international personality of the Organization for democracy and economic development – GUAM has been determined by its Charter, it has been briefly analyzed in this article according to international law and opinio juris. According to analysis it has been made the following conclusion: despite the limited authority and dependence on of the member states GUAM is a subject of international law.
 
Асаф Алиев
Международная правосубъектность ГУАМ
 
Правосубъектность международных организаций остается предметом обсуждения на международной арене. Как и во всех других вопросах, по отношению к этому этому вопросу тоже существует различные мнения. Разнообразие мнений больше всего касается источника правосубъектности международных организаций. 
Для одной группы правоведов международная организация приобретает правосубъектность если это предусмотрено в ее учредительном документе, для второй группы международная организация приобретает правосубъектность ipso facto, если есть хотя бы один орган, не зависящий от воли государств-членов, а для третьей группы правосубъектность дается либо непосредственно государствами (учредительным документом), либо приобретается согласно международному праву косвенно (в зависимости от объема и характера прав, обязанностей и полномочий указанных в учредительном договоре). Характерные особенности международных организаций также влияют на их правосубъектность. Несмотря на то что, международнаяправосубъектность Организации за демократию и экономическое развитие - ГУАМ отмечено в его Уставе, в статье вкратце проанализировано правосубъектность ГУАМ согласно международному праву и opinio juris. На основе анализа сделан следующий вывод: несмотря на ограниченные полномочия и зависимость от государств-членов ГУАМ является субъектом международного права.
 
 
Məqalə redaksiyaya daxil olmuşdur:  30.09.2017
Təkrar işləməyə göndərilmişdir:  04.10.2017
Çapa qəbul edilmişdir:  24.10.2017
 
© 2011-2018. Müəlliflik hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qorunur. Bütün hüquqlar "Strateji təhlil" jurnalına aiddir. Məlumatlardan istifadə edərkən stj.sam.az saytına istinad zəruridir.