Məqalələr

Beynəlxalq münasibətlər sistemində müstəqil və çoxşaxəli xarici siyasət yürüdən ölkə kimi Azərbaycanın hərtərəfli inkişafı İlham Əliyevin on beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsidir Türk Dövlətləri Birliyi beynəlxalq hüququn subyekti kimi: ideya və reallıq “Kritik infrastruktur” nədir və təhdidlərdən necə qorunur: dünya təcrübəsi və Azərbaycanda tətbiqinin zəruriliyi Ermənilərin "soyqırım" iddiaları və onun beynəlxalq siyasətdə yeri Армянский фактор в разведывательной деятельности великих держав на Кавказе в 1801 – 1828 гг. Ermənilərin Tbilisi şəhərinə iddiaları Gürcüstanın bələdiyyə sistemində ermənilərin separatçı fəaliyyəti Политологическое образование в Азербайджанской Республике: специфика, современное состояние и стратегия развития Информационная политика в Азербайджане в условиях политико-экономических трансформаций Azərbaycanın ali təhsil sistemi yeni dəyişikliklər mərhələsində Azərbaycanın dövlət idarəçiliyi sistemində keyfiyyət menecmentinin müasir vəziyyəti Cənubi Qafqazda miqrasiya prosesləri Dövlət-özəl əməkdaşlığı bugünkü iqtisadi anlamda Qlobal iqtisadi normallaşma: yüksələn iqtisadiyyatlı ölkələr üçün dayanıqlı inkişaf çağırışları Военное дело и военное искусство в Азербайджане в древний период Учреждения для иностранных военнопленных и интернированных граждан в Азербайджанской ССР в 1944 – 1950 гг. (численность, дислокация, смертность контингента) Ukrayna azərbaycanşünaslığının banisi A.Krımski Качественные параметры партийных кадров в Азербайджанской ССР в 1920-1930-е гг. Политические отношения между Азербайджанским государством Сефевидов и государством Великих Моголов (1526-1576 гг.) Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsilin milliləşdirilməsi və dövlət dilinin tətbiqi Tam siyahı

“Kritik infrastruktur” nədir və təhdidlərdən necə qorunur: dünya təcrübəsi və Azərbaycanda tətbiqinin zəruriliyi

Müəllif: Strateji Tehlil Jurnali

baxılıb: 69

Yan 5, 2019 - 12:45

Tahirə ALLAHYAROVA

Azərbaycan Respublikasının Prezidenti yanında 
Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri, professor

tahira.allahyarova@sam.gov.az

 

“Kritik infrastruktur” nədir və təhdidlərdən  necə qorunur:
dünya təcrübəsi və Azərbaycanda tətbiqinin zəruriliyi

 

Açar sözlər: kritik infrastruktur anlayışı, kritik infrastruktur sistemi, kritik infrastruktur sahələri, təhdidlər, kritik infrastrukturun qorunması, dünya təcrübəsi, Azərbaycanda kritik infrastruktur

Key words: concept of critical infrastructure, critical infrastructure system, threats to critical infrastructure, protection of critical infrastructure, world experience, critical infrastructure in Azerbaijan

Kлючевые слова: понятие критической инфраструктуры, система критической инфраструктуры, угрозы критической инфраструктуре, защита критической инфраструктуры, мировой опыт, критическая инфраструктура в Азербайджане

 

Giriş
“Azərbaycan ümumi infrastrukturun inkişafına görə dünya miqyasında 26-cı yerdədir" [4].
İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti
 
Müstəqillik illərində ölkəmizdə həyati vacib olan infrastruktur sisteminin yaradılması milli quruculuğun ardıcıl olaraq həyata keçirilən strateji məqsədlərindən biri olub. Xüsusilə də son on beş ildə dövlətimizin inkişafı, xalqın firavanlığı naminə müəyyən edilən bütün infrastruktur layihələri mərhələlər üzrə, göstərilən vaxtda reallaşdırılmışdır. Prezident İlham Əliyev 22-ci Dünya Neft Konqresində (10 iyul 2017-ci il) bununla bağlı qeyd etmişdir: “Biz neftdən əldə edilən gəlirləri ilk növbədə infrastruktur layihələrinə yönəltdik. İnfrastrukturun qurulmasına böyük vəsait qoyduq. Bütün infrastruktur sistemimizi tamamilə yeniləşdiririk ki, bundan sonra ən azı 50-100 il   insanlara xidmət göstərsin” [3].  
Bu ilin iyul ayının əvvəlində Mingəçevir İES-də  baş verən hadisələrlə bağlı çıxışlarında dövlət başçımız prosesləri dəyərləndirərkən ölkədə yaradılan milli infrastruktur sisteminin tənzimlənməsinin keyfiyyət baxımından daha da təkmilləşdirilməsi ilə bağlı islahatların   vacibliyini vurğulamışdır.
 
1. “Kritik  infrastruktur” nədir? 
 
   “Kritik infrastruktur” (bundan sonra mətndə - Kİ) son onillikdə qabaqcıl dünya dövlətlərinin diqqət mərkəzində olan, həmçinin ekspert və elmi cəmiyyətin ən çox müzakirə etdiyi məsələlərdəndir.
Azərbaycanda bu anlayış və onun əhatə etdiyi çox mühüm sahənin xüsusiyyətlərinin təhlili hələlik naməlum qalmışdır. Belə ki, onun indiyə qədər  elmi termin, yaxud da ümumişlək söz  kimi tətbiqinə rast gəlmək çətindir. Halbuki, infrastruktur sisteminin inkişafı baxımından dünyada əhəmiyyətli mövqelərə malik olan ölkəmizdə bu sahənin davamlı və sabit  fəaliyyətinin təmin edilməsi, böhran, risk və təhdidlərdən qorunması ilə bağlı məsələlər gündəmin ən aktual mövzularındandır.
   “Kritik  infrastruktur” nə deməkdir? Hər bir dövlətin həyat qabiliyyətini, təhlükəsizliyini təmin edən strateji obyektlər sistemi mövcuddur. Onun qorunması sivilizasiya qədər qədim olsa da son  on ildə alternativi olmayan prioritetə çevrilmişdir. Səbəblər  isə çoxşaxəlidir. XXI əsrdə obyektiv, yaxud subyektiv səbəblərdən - təbii, texnogen və antropogen mənşəli qəzaların, terrorizm və informasiya müharibəsi ilə bağlı təhdidlərin və s. başvermə tezliyi  olduqca sürətlənmişdir.  
“Kritik infrastruktur” anlayışının mənası “həyati vacib struktur, yəni dövlətin həyat qabiliyyətini təmin edən ən mühüm, müstəsna əhəmiyyətli, strateji təyinatlı strukturlar” deməkdir. Kİ fəaliyyət və funksiyasının hətta ən qısa müddətdə belə pozulmasının dövlət və cəmiyyətin təhlükəsizliyi üçün ciddi risklərə, iqtisadi itkilərə səbəb ola biləcək obyektlər sistemi kimi başa düşülür [11].  
“Kritik” sözünün sinonimləri “taleyüklü, həlledici, həyati vacib, strateji əhəmiyyət kəsb edən” və s.-dir.  
   İnfrastrukturları “kritik” dərəcədə əhəmiyyətli edən meyarlar mövcuddur. Onlardan ən vacibləri aşağıdakılardır:
1. Fəaliyyətinin hətta qısa müddətdə pozulması nəticəsində cəmiyyətin sabitliyi, idarə edilməsi və müdafiə qabiliyyəti üçün böyük təhlükənin yaranması; 
2. Baş verən qəza nəticəsində yaranan böhranın zəncirvari reaksiya (“kaskad, kəpənək effektli" (The Butterfly Effect))  tipli  olub,  “domino prinsipi” üzrə  bir çox digər sahələrə yayıla, cəmiyyətin fəaliyyətini iflic edə bilməsi [6]. 
Anlayış kimi  Kİ ilk dəfə ABŞ-da 1996-cı ilin oktyabr ayında ABŞ prezidenti tərəfindən imzalanmış  qərarla yaradılan "Kritik infrastrukturun mühafizəsi üzrə  Komissiya"nın adında tətbiq edilmişdir. ABŞ-da 11 sentyabr hadisələrindən sonra qəbul edilən "Vətənpərvərlik Aktı"nda ("USA PATRIOT Act" 2001, October) Kİ-nin mənası "dövlət üçün son dərəcə əhəmiyyətli olan, sıradan çıxdıqda və ya məhv edildikdə milli müdafiə, təhlükəsizlik, iqtisadiyyat, səhiyyə və s. sahələrdə olduqca ağır  nəticələrə gətirib çıxara bilən fiziki və virtual sistem  və vasitələrin məcmusu" kimi müəyyən edilmişdir [17]. 
Kİ-nin araşdırılması üzrə ixtisaslaşan Almaniyanın “Təhlükəsizlik Araşdırmaları” beyin mərkəzinin verdiyi tərifə görə: “Kİ-lər müasir cəmiyyətin həyati vacib ehtiyaclarına xidmət etmək üçün yaradılmış antropogenik (insan həyatı ilə sıx bağlı olan - T.A.) qurumlardır. Bu sahədə aparılan tədqiqatlarda potensial risklər, real böhranlar və s. zamanı dövlətin Kİ-nin idarə edilməsi və qorunması ilə bağlı fəaliyyətinin mexanizmləri, yolları araşdırılır” [9].
 Almaniyanın Kİ-nin qorunması ilə bağlı qəbul etdiyi strategiyada isə belə qeyd olunur: “İnfrastruktur o zaman "kritik" - "həyati vacib" hesab olunur ki, onun fəaliyyətində yaranan hər hansı fasilə bütün cəmiyyətin həyat qabiliyyətinin pozulmasına səbəb ola bilər. “Kritik” anlayışı məhz in-frastrukturun cəmiyyət həyatında malik olduğu alternativi olmayan, vacib əhəmiyyətini vurğulamaq üçündur” [14].  
Qabaqcıl ölkələrdə xüsusilə də 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra beynəlxalq terrorizmin yaratdığı yeni təhdidlər Kİ və onun qorunmasını dövlətin müdafiə və təhlükəsizliyini təmin etmək sahəsində strateji prioritetlər sırasında önə çıxarmışdır. Belə ki, 11 sentyabr terrorla yanaşı, həm də dünyada Kİ-yə hücumun ən faciəli faktlarından biridir. Məhz həmin vaxtdan qəfil, yaxud məqsədyönlü şəkildə hərbi, yaxud “qeyri-hərbi” üsullarla  müdaxilə nəticəsində “kaskad effektli” (zəncirvari) böhrana və xaosa gətirib çıxara bilən infrastruktur  obyektlərinin müstəsna əhəmiyyətə malik  hədəflər olması dərk edildi. Dünyada bu sahənin qorunması təkmilləşməyə, onun yeni idarəetmə modelinin yaradılmasına başlandı. Əksər xarici ölkələrdə  qorunması strateji əhəmiyyətə malik olan, həyati vacib obyektlər qrupunu tənzimləmək məqsədi ilə  Kİ anlayışı gündəliyə daxil oldu. 
Təsadüfi deyil ki, hazırda dünyada yaşanan iqtisadi böhrana baxmayaraq, Kİ-nin mühafizəsi bazarı çiçəklənməkdə, bu sahənin gəlirləri görünməmiş sürətlə artmaqda, illik 10,1% böyüməkdədır. Proqnozlara görə, qarşıdakı 7 il ərzində - 2025-ci ildə bu bazarın dəyəri  135,48 milyard dollara çatacaq. Bazarın böyüməsinin əsas səbəbi isə dövlətlərin potensial təhdidlərin artması səbəbindən Kİ-yə qarşı ehtimal edilən risklərin öncədən aşkar etməyə olan ehtiyacıdır. Neft və qaz sənayesi şirkətləri üçün kibertəhlükəsizlik üzrə təlim keçən "Kasperski Laboratoriyası"nın ekspertləri hesab edirlər ki, “bu cür təhdidlər Azərbaycan üçün də aktualdır. Azərbaycanda bu sahədə ilkin vacib tədbirlərin görülməsini tələb edən əsas sahələr neft-qaz kimyası və energetika sahələridir” [26].   
 
2. Kritik  infrastrukturun sahələri və onların təsnifatı 
 
Dövlətin təhlükəsiz fəaliyyətini, cəmiyyətin həyat qabiliyyətini müəyyən edən sahələr ümumilikdə məlumdur. Bu baxımdan, Kİ obyektlərini təsnifləşdirmək o qədər də çətinlik doğurmur.   
BMT-nin 2341 (2017) saylı qətnaməsində qeyd edilir ki, “hər bir dövlət   infrastrukturunun hansı obyektlərinin kritik əhəmiyyətli olmasını və onların effektiv müdafiəsini necə təmin etməyi özü müəyyən edir” [19]. Belə ki, müxtəlif ölkələrdə müəyyən edilmiş infrastrukturun seqmentləri “strateji obyektlərlə” bağlı adi şüurda olan təsəvvürlərdən tam fərqlənə bilər. Məsələn, ABŞ-da bu sahəyə həyat fəaliyyətini təmin edən obyektlərlə yanaşı, “milli abidələr (heykəllər) və tarixi meydanlar”, “seçki sistemi”, digər ölkələrdə informasiya/hibrid müharibənin hədəfi kimi diplomatik missiyalar  da aid edilir [11]. 
 Əgər beynəlxalq - Qərb təcrübəsinə nəzər yetirsək, bəzi müqayisələr əsasında Kİ sisteminə aşağıdakı obyektlər daxil edilir: dövlət/hökumət orqanları, kənd təsərrüfatı, ərzaq, su resursları, səhiyyə, fövqəladə xidmət strukturları, sənaye (hərbi sənaye), energetika, neft/qaz, daşınma və çatdırılmanı əhatə edən çoxşaxəli  nəqliyyat/ logistika sistemi-aviasiya, dəmir yolları, avtomobil yolları, dəniz nəqliyyatı, boru kəmərləri, vətəndaşların kütləvi daşınma vasitəsi kimi metropoliten, bank işi və maliyyə sistemi,  poçt/rabitə xidməti,  milli abidələr, atom elektrostansiyaları, kommersiya tikililəri və s.       
Hər bir ölkə Kİ sahələrini özü müəyyən etdiyi üçün, ölkədən ölkəyə fərqlər olsa da, Kİ-nin bütün ölkələr üçün ümumi olan sektorları kimi: dövlət strukturları, enerji sistemi, maliyyə, su təminatı, informasiya-kommunikasiya texnologiyaları (İKT), səhiyyə, nəqliyyat/logistika qeyd edilə bilər. Həmçinin əksər ölkələrdə strateji əhəmiyyətli “tədqiqat və araşdırmalar” da ayrıca sahə kimi Kİ-yə daxil edilir.
Avropa Şurasının 2008-ci ildə qəbul etdiyi Direktivdə üzv ölkələrdə Kİ-nin sistemləri və müdafiəsinin əsas istiqamətləri “fəaliyyəti və funksiyasının pozulması və ya məhvi nəticəsində ən azı iki üzv dövlətə təsir göstərə bilən infrastrukturlar” kimi müəyyən edilib. Direktivdə bu sistemə yalnız “hard” maddi-fiziki deyil, həmçinin “smart” (yumşaq) sosial, virtual və s. infrastruktur da aid edilir. 1-cilərə istilik-enerji sistemi, rabitə xətləri, su təchizatı, yol nəqliyyatı, tunellər, neft kəmərləri, dəmir yolları, limanlar və s.;  2-cilərə isə iqtisadi inkişafa dolayısı ilə təsir edən “sosial yüklü” - İKT, səhiyyə, məktəblər, yaradıcı sektor və s. daxildir. ABŞ-da Kİ-nin təsnifatında “maddi/fiziki; kiber və insan amilinin əsas olduğu üç qrup ayırd edilir” [7]. 
Qabaqcıl ölkələrdə Kİ-nin kəmiyyət və keyfiyyət meyarları müəyyən edilməklə 3 qisim obyektlər qrupu: milli təhlükəsizliyin təminatı ilə birbaşa bağlı olan infrastruktur; milli təhlükəsizliyin təminatı ilə  birbaşa bağlı olmayan, bununla belə,  sabit  fəaliyyət üçün zəruri olan obyektlər; fəaliyyətinin pozulması nəticəsində cəmiyyətin həyat və qabiliyyəti üçün təhdid yarada, dövlətin sabitliyi və imicinə mənfi təsir göstərə bilən obyektlər kimi   fərqləndirilir.
 
3. Kritik infrastrukturla bağlı beynəlxalq və regional təşkilatların fəaliyyəti, beynəlxalq qanunvericilik
 
Birləşmiş Millətlər Təşkilatı (BMT) Kİ-nin qorunması sahəsində   beynəlxalq subyektdir. BMT-nin Təhlükəsizlik Şurası 2017-ci ilin fevral ayında “Kritik infrastrukturun qorunması haqqında" Qətnamə (S /RES/2341 (2017) (Protection of Critical Infrastructure)  qəbul etmişdir.  Hazırlanmasında 40-dan çox üzv dövlətin iştirak etdiyi bu sənədə Təhlükəsizlik Şurasının bütün üzvləri - 15 dövlət səs vermişdir. Qətnamədə qeyd olunur: "Dövlətlərin  kritik əhəmiyyətli infrastruktur obyektlərində ehtimal olunan böhran və risklərinin önlənməsi və s. ilə bağlı mövcud strategiyaların təkmilləşdirilməsi imkanlarına yenidən baxılmasına çağırış edilir". Sənəddə xüsusi qeyd edilir ki, “sözügedən strategiyalar hazırda yaranan yeni təhdidlərin dərk edilməsini, yeni risk və böhranların dəyərləndirilməsini, ehtimal olunan hücumların önlənməsini və çevik cavablar verilməsini təmin etməyə xidmət edir" [19]. Sənəddə müasir Kİ və ona olan təhdidlərlə bağlı qanunvericiliyin, həmçinin cinayət məsuliyətinin nəzərdə tutulmasının dünya üçün yeni hal olduğu, bu sahədə ortaq səylərlə çalışmağın zəruriliyi vurğulanır. 
2018-ci il iyunun 28-də  bu qətnamənin reallaşması yönündə  BMT-nin antiterror komitə və agentliklərinin rəhbərlərinin yüksək səviyyəli konfransında "Kritik in-frastrukturun terror hücumlarından qorunması sahəsində qabaqcıl təcrübə ilə bağlı BMT-nin rəhbər məlumat  toplusu" hazırlanmışdır. "Qabaqcıl təcrübəyə dair məlumat toplusu"nda BMT-nin kritik infrastrukturun qorunması üzrə qəbul etdiyi qətnamənin yerinə yetirilməsi üçün üzv dövlətlərə qabaqcıl dünya təcrübəsinin yığcam şəkildə təhlili təqdim edilir. Topluda kritik infrastrukturu qorumaq üçün milli strategiyaları inkişaf etdirmək və gücləndirmək üçün aydın nümunələr əsasında təlimatlar əksini tapib. BMT-nin konkret qurumlarının “Kİ-nin müdafiəsi” və “antiterror fəaliyyət üzrə işçi qruplarının” üzv dövlətlərdə kritik əhəmiyyətli obyektlərin təhlükəsizliyinə zəruri texniki dəstəyin göstərilməsi və ictimaiyyətin məlumatlılıq səviyyəsinin artırılması yönündə dövlətlər, beynəlxalq və regional təşkilatlarla birgə işin təşkil edilməsi yönündə vəzifələri nəzərdə tutulmuşdur.
Avropa Birliyi (AB) - Kİ-nin qorunması sahəsində regional və beynəlxalq subyektdir. AB-də Kİ-nin qorunması məsələsi ilk dəfə 2004-cü ildə gündəmə gəlmişdir. Avropa  Komissiyası Avropa Şurasının qərarından irəli gələn tələbə uyğun olaraq, "Terrorizmə qarşı mübarizədə kritik infrastrukturun müdafiəsi" adlı sənəd hazırlamışdır. 11 səhifəlik sənəddə Kİ-nin tərifi və terrorizmlə mübarizədə infrastruktur elementlərinin qorunması ilə bağlı tədbirlər əksini tapmışdır [8]. AB-nin Komissiyası 2005-ci ildə Kİ-nin qorunmasının əsas istiqamətləri ilə bağlı “Yaşıl kitab” hazırlamışdır. 2006-cı ildə “Kritik infrastrukturun qorunması üzrə Avropa Proqramı" qəbul edilmişdir.
Bundan əlavə, AB sözügedən sahədə elmi tədqiqat və qanunvericilik bazasının hazırlanması ilə bağlı çoxşaxəli layihələr həyata keçirir. AB-də üzv dövlətlər üçün aşağıdakılar müəyyən edilmişdir: enerji; qida, kosmos və tədqiqat/araşdırma; nəqliyyat; ictimai sabitlik və təhlükəsizlik; maliyyə; su təminatı; kimya və nüvə sənayesi, səhiyyə; informasiya və İKT.
NATO-nun Mülki Müdafiənin Planlaşdırıması sahəsində Komitəsi və onun 8 şöbəsinin fəaliyyətinin ən mühüm istiqamətlərində biri də Kİ-nin qorunmasıdır. Alyansın üzv ölkələrin müvafiq qurumları üçün tövsiyə və rəhbər sənədlərində bu, xüsusi vurğulanır. 2007-ci il üçün NATO Parlament Assambleyasının xüsusi məruzəsində üzv ölkələrdə Kİ-nin qorunması,  obyektləri, funksiyaları, missiyaları və s. məsələlər əksini tapmışdır. 
 
4. Qabaqcıl dünya  təcrübəsi
Ölkəmizin bütün enerji sisteminin beynəlxalq, aparıcı, bu sahədə peşəkarlıqla
seçilən qurumları tərəfindən təhlili aparılmalıdır, təkliflər verilməlidir”.
 İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti
 
Qeyd edildiyi kimi, Kİ-nin qorunmasının milli sisteminin yaradılması bütün dünya üçün yenidir və əsasən 11 sentyabr hadisələrindən sonra sürətlənib. Bəzi ölkələrdə bu, son 10, bəzi ölkələrdə 5, yaxud son 3 illik dövrə təsadüf edir.    
Amerika Birləşmiş Ştatlarında (ABŞ) 1996-cı il iyulun 15-də Prezident Klinton tərəfindən imzalanan sərəncamla Kritik İnfrastrukturun Mühafizəsi ilə bağlı Prezident Komissiyası yaradılıb. Komissiyanın hazırladığı yekun hesabatın nəticəsi kimi B.Klintonun 1998-ci ildə imzaladığı qərarla ölkədə kritiklik meyarına malik 8 infrastruktur müəyyən edilib. Bu tədbirlər ABŞ ştatlarında baş verən enerji böhranları ilə əlaqəli idi. Xatırladaq ki, 1999-2001-ci illərdə ölkənin 3 ştatını iflic edən enerji böhranı baş vermişdi. 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra C.Buş adminstrasiyası  siyahını daha da genişləndirdi. 2002-ci ildə daxili təhlükəsizliklə bağlı Milli Strategiya qəbul edildi. Burada Kİ obyektlərinin siyahısı və tabe olduqları dövlət orqanları əksini tapdı. Hər il yenilənən obyektlərin sayı 14-18 arasında dəyişir.  2003-cü ildə Kİ-nin qorunmasını idarə edən ayrıca qurum - Daxili Təhlükəsizlik Departamenti (The Department of Homeland Security) yaradıldı [12]. 
ABŞ-da 1996-cı ildən indiyə qədər Kİ-nin qorunması ilə bağlı 11 qanunverici sənəd  (strategiya, milli plan, qanun, direktiv və s.) qəbul edilmişdir. 2007-ci ildə qəbul edilən "Kritik  infrastrukturun və milli sərvətlərin qorunması üzrə Milli Strategiya"da qeyd edilir: “Mövcud şəraitdə cəmiyyətin təhlükəsizliyi dövlətin kritik infrastrukturunun təhlükəsizliyindən çox asılıdır. Hazırda həm sülh, həm də müharibə dövründə Kİ-nin qorunmasının təmin edilməsi üçün milli və beynəlxalq proqramların inkişafına kəskin ehtiyac var. ABŞ-da Kİ-nin qorunması üçün hazırlanmış və həyata keçirilən tədbirlər mövcud təhlükələrin miqyası və səviyyəsinə tam uyğun gəlmir və davamlı olaraq təkmilləşməni tələb edir”. Sonuncu sənəd - “Milli infrastrukturun qorunmas planı” 2013-cü ildə qəbul edilib [16]. Sənəddə əvvəlki illərdə siyahıda olan “Milli abidələr, heykəllər və simvollar” bölümü çıxarılmış, ABŞ-da Kİ-nin  sahələri aşağıdakı kimi müəyyən edilmişdir: kimya sənayesi; dövlət orqanları; ticarət obyektləri; rabitə; strateji sənaye, istehsalat; su anbarları; fövqəladə vəziyyətlər; enerji sektoru;  maliyyə xidmətləri; qida və kənd təsərrüfatı; səhiyyə və ictimai sağlamlıq sektoru; informasiya texnologiyaları sektoru; nüvə reaktorları, materiallar və tullantı sektoru; nəqliyyat sistemləri sektoru; su xətləri və kanalizasiya qovşaqları [10]. 
2017-ci ilin dekabrında  qəbul edilən ABŞ-ın Milli Təhlükəsizlik Strategiyasında  onun  Kİ-lərini hədəfə alan konkret ölkələrin adı çəkilib [18]. ABŞ-da Kİ obyektləri peyk-naviqasiya sistemi ilə də qorunur [13].
Fransa qanunvericiliyində “fransız cəmiyyətinin əsasını və onun həyat tərzini təşkil edən əsas xidmətləri və malları təmin edən  sistemlər” Kİ hesab edilir. Tərtib edilən “Müdafiə və milli təhlükəsizlik sahəsində Ağ Kitab” adlı sənədə görə (The 2013 White Paper on Defence and National Security), Fransada milli Kİ sistemi 12 sektoru (8 məsul nazirliyi, 253 kritik operatoru, 1381  obyekti və 27/7 rejimində Kİ mühafizəsi üzərində çalışan 300 məsul işçinin fəaliyyətini) əhatə edir və bu sahədə qəbul edilmiş 22  rəsmi direktivlə tənzimlənir. Fransa təcrübəsi  “dövlətin mülki siyasəti” və “kosmos və tədqiqatlar” sahəsinin təsnifata daxil edilməsi ilə fərqlənir [21]. 
Kanadada 2009-cu ildə “Kritik infrastruktur üzrə Milli Strategiya” (National Strategy For Critical Infrastructure) qəbul edilib. Milli Strategiyanın məqsədi “risk və böhran vəziyyətlərinə inteqral yanaşmanın təmin edilməsi, daha sabit, dayanıqlı və daha təhlükəsiz    Kanada yaratmaq”dır. Bu məqsədlə Milli Strategiya 10 mühüm infrastruktur sahəsi arasında daha sıx qaşılıqlı əlaqələri təmin etmək üçün federal, əyalət və yerli orqanlar səviyyəsində  birgə tədbirlər görür. Həmçinin, hər beş ildən bir yeni Fəaliyyət Proqramı müəyyən edilir [15].  
Almaniyada 2011-ci ildə “Kritik infrastrukturun qorunması üzrə Milli Strategiya (CIP Strategiyası)” (National Strategy for Critical Infrastructure Protection (CIP Strategy) qəbul edilib. Burada qeyd edilir ki, Kİ müasir firavan cəmiyyətin təməlidir, onun funksiyasının pozulması dövlətə görünməmiş ziyan vurur, gözlənilməz nəticələrə səbəb olur. Strategiya  “risk mədəniyyəti” məsələsinə geniş yer verilməsi ilə fərqlənir: “Cəmiyyətin müvafiq maariflənmə və “risk mədəniyyətinin” səviyyəsi yüksəlmədən heç bir dövlət orqanı, yaxud da ayrıca bir operator  infrastrukturun qorunmasını və əməliyyatların səmərəliliyini yüz faiz təmin etməyə qadir deyil. Cəmiyyətin dünyagörüşündə və təhlükəsizlik fəlsəfəsində yeni "risk mədəniyyətinin" formalaşması Kİ-də getdikcə artan təhdidlərin idarə edilməsinə kömək edə bilər” [14].
İsveçrədə 2009-cu ildə qəbul edilən "Kritik infrastrukturun qorunmasının Əsas Strategiyası" 2012-ci və 2017-ci illərdə  eyni adlı  strategiyalarla əvəz  edilmişdir. Sonuncu - "Kritik infrastrukturun qorunması üzrə 2018-2022-ci illər üçün Milli Strategiya" bu sahədə  əsas məqsəd və fəaliyyət prinsiplərini, onların reallaşdırılması üçün isə 17 tədbirin görülməsini müəyyən etmişdir [20]. 
Polşada 1015-ci ildə “Milli kritik infrastrukturun qorunması üzrə Proqram” və iki  illik Fəaliyyət Planı qəbul edilmiş, burada Kİ-nin 16 obyektinin siyahısı əksini tapmışdır. 
İtaliyada siyasi-hərbi təyinatlı bölmə kimi "İdarələrarası mülki müdafiə və texnika Komissiyası" yaradılmışdır. Qəza və böhran vəziyyətlərində ictimai təhlükəsizliyin, mülki müdafiənin fəaliyyətinin prinsipial koordinasiyası yönündə tədbirlər planı və həll mexanizmlərini müəyyən edən Milli Strategiya qəbul edilmişdir. 
İsraildə Müdafiə Nazirliyinin “Araşdırma və tədqiqat” bölməsinin təşəbbüsü ilə Kİ-nin qorunması ilə bağlı işçi heyəti işə başlamış, 2002-ci ildə dövlət  xüsusi qətnamə qəbul etmişdir. 
Türkiyənin “Kibertəhlükəsizliyə dair Milli Strategiya"sında və 2013-2014-cü illər üçün Fəaliyyət Planında Kİ-lər “funksiyası pozulduqda, həyat itkisinə, böyük miqyaslı iqtisadi ziyana, milli təhlükəsizliyə təhdid və ya ictimai asayişin pozulmasına səbəb ola biləcək informasiya sistemlərini əhatə edən infrastrukturlar” kimi qeyd edilmişdir. Türkiyədə “2014-2023-cü illər üçün texnoloji  qəzaların  Yol Xəritəsi Sənədi” hazırlanmışdır [23]. Burada çoxsaylı təhdid mənbələri və Kİ obyektlərinin qəza öncəsi, qəza zamanı və qəzadan sonra qorunması üçün siyasət müəyyən edilmişdir.
MDB ölkələrinə gəldikdə isə qeyd edə bilərik ki, Azərbaycanda və Rusiyada, həmçinin əksər ölkələrdə Kİ-nin qorunması ilə bağlı milli sistem hələlik formalaşmamış, lakin onun bir sektoru - “Kritik İnformasiya İnfrastrukturu” (Kİİ) ilə bağlı dünya təcrübəsinə uyğun qorunma və təhlükəsizlik tədbirləri, qanunverici əsaslar təmin edilmişdir.
Qabaqcıl ölkələrdə Kİ-nin qorunmasının gücləndirilməsi üçün elmi-tədqiqat mərkəzləri, proqram və layihələr maliyyələşdirilir, qurumlar təsis edilir. Onlardan ABŞ-ın Milli İnfrastruktur, Təhlil və Simulyasiya  Mərkəzi, Kritik infrastrukturun mühafizəsi üzrə Avropa Sorğu-Məlumat Şəbəkəsi, Avstraliyanın "Kritik infrastrukturun modelləşdirilməsi və təhlili üzrə proqramı"nı, Kanadanın "Milli kritik infrastrukturun təhlükəsizliyi proqramı"nı, Niderlandın "Kritik infrastrukturun qorunmasına Niderland yanaşması"nı, Böyük Britaniyanın “Kritik infrastrukturun dayanıqlığı proqramı"nı və Almaniyanına "Kritik infrastrukturun qorunmasının tətbiqi planı"nı və s. qeyd etmək olar.
Hazırda hər hansı ölkədə Kİ-nin qorunması səviyyəsinin beynəlxalq  dəyərləndirilməsi üçün aşağıdakı məsələlər meyar hesab edilir: 1.Kİ-nin qorunması ilə bağlı rəsmən qəbul edilmiş siyasət/strategiya  varmı? 2. Bu sahəyə məsul rəsmi idarəetmə qurumu yaradılıbmı? 3.Risklərin və böhran hadisələrinin önlənməsi və təhlili üçün koordinasiya və informasiya mübadiləsi necə təşkil edilib? 4.Kİ-nin qorunması ilə bağlı qanunverici əsasları qəbul edilibmi? Təhlillər göstərir ki, dünyanın inişaf etmiş və inişaf etməkdə olan ölkələrinin 60-70 %-də bu şərtlər yerinə yetirilmişdir. 
 
5. Milli Kritik İnfrastruktur Sisteminin (MKİS) yaranması hansı çağırışlarla şərtlənib?
 
Müasir informasiya cəmiyyətinin formalaşmasına qədər ayrı-ayrılıqda fəaliyyət göstərən  infrastruktur sistemləri hazırda bir-biri ilə sıx qarşılıqlı əlaqədədir. Bir sektorda baş verən qəza (böhran) bütün sistemə təsir edə, xaosa səbəb ola bilər. Bu da sistemli idarəetməni diktə etməkdədir.
Dövlətçilik üçün müstəsna əhəmiyyəti, nəhəng miqyası və ölçüsü, seqmentlərinin bir-biri ilə sıx bağlılığı və ehtimal edilən risklər səbəbindən Kİ sisteminin potensial “zəif bəndləri” strateji əhəmiyyətə malik olub, xüsusi diqqət tələb edir. Bu da öz növbəsində ilk baxışda müstəqil və çoxşaxəli funksiyalara malik obyektlər arasında fasiləsiz informasiya mübadiləsini təmin edən, əlaqələndirici və idarəetməyə məsul  sistemin  yaradılmasını tələb edir.  
Dünyanın inkişaf etmiş ölkələrində son illərdə yaradılan bu sahənin əsas məqsədi idarəetmə sistemində Kİ-ni qorumağa yönəlmiş önləyici tədbirlərin hazırlanması, baş verəcək vəziyyətlərdən az ziyanla çıxması, həyat qabiliyyətinin qısa vaxtda bərpası, risklərdən sığortalanması, ictimai rəydə bu sahə ilə bağlı kompleks maarifləndirmə fəaliyyətinin həyata keçirilməsini də əhatə edən çevik-reaktiv idarəçiliyin formalaşdırılmasıdır.  
Demək olar ki, bütün qabaqcıl ölkələrdə  son on ildə adlarında cüzi fərqlər olmaqla yeni vahid idarəetmə qurumu - Milli Kritik İnfrastruktur Sistemi (MKİS), yaxud Kritik İnfrastrukturun Qorunması Sistemi (KİQS) yaradılmış, bu sahədə milli strategiyalar qəbul edilmişdır. Kİ sisteminin yaradılmasının başlıca məqsədi qorunmalı olan strateji obyektlərin  müəyyən edilməsi, dayanıqlılığının artırılması, fasiləsiz işin təmin edilməsi, böhran və risklərin təhlili və önlənməsi, qəza baş verdiyi təqdirdə itkilərin minimuma endirilməsi və nəticələrin ən qısa zamanda bərpa edilməsi üçün sektorlar-arası koordinasiya və monitorinqin təmin edilməsidir.
Bu cür milli sistemin yaradilmadığı ölkələrdə müxtəlif sektorların fəaliyyəti ayrılıqda - fərdi şəkildə həyata keçirilir. Belə halda Kİ-nin subyektləri  arasında ümummilli səviyyədə koordinasiya və informasiya mübadiləsinın olmaması ehtimal olunan təhdidlərə operativ reaksiya verməyi və konsolidasiya edilmiş fəaliyyəti qeyri-mümkün edir. Məhz bu zərurət idarəetmə sistemində vahid siyasətin həyata keçirilməsini mümkün edən müvafiq quruma ehtiyac yaratmışdır. 
İnfrastruktur sahələrinin hər birinin öz məsul subyektləri olsa da, ümumi təhlükəsizilik naminə başqa sahələrlə birgə fəaliyyət mexanizmi mövcud olmadıqda, obyektlərin dayanıqlı fəaliyyətinin təminatı risklərə məruz qalır. Kİ-nin ümumi təhlükəsizliyinə məsul və bunun üçün müvafiq səlahiyyətə və hüquqlara malik olan qurum dünyada bu səbəbdən yaradılmışdır. 
Fransada Kİ-nin qorunması ilə Baş nazirin administrasiyasında Milli Müdafiənin Baş Komitəsi (SGDN); Almaniyada Daxili İşlər Nazirliyinə tabe olan İnformasiya Təhlükəsizliyi üzrə Federal Agentliyin nəzdində Kİ-nin qorunması üzrə İşçi Qrupu; Avstraliyada Mərkəzi Operativ İdarəetmə İdarəsi; İtaliyada Daxili İşlər Nazirliyi və İnnovasiya və Texnologiyalar Nazirliyi məşğul olur. Həmçinin İtaliyada Kİ sahəsində italyan ekspertlərinin assosiasiyası da yaradılıb. Yaponiyada başlıca Kİ subyekti Nazirlər Kabinetinin Katibliyidir. Yeni Zelandiyada Kİ-nin qorunması üzrə Mərkəz bilavasitə Baş nazirə tabedir və 24/7 rejimində fəaliyyət göstərir. Norveçdə Ədliyyə və Polis Nazirliyinin nəzdində Mülki Müdafiə və Böhran Planlaması İdarəsi bu sahədə həlledici orqandır. Polşada Nazirlər Kabineti çərçivəsində Elm və Təhsil Nazirliyi bu sahədə strategiyanı, Daxili İşlər və Administrasiya Nazirliyi isə reallaşdırılmasını həyata keçirir. İspaniyada bu sistem Sənaye, Turizm və Ticarət, Dövlət İdarəçiliyi və Daxili İşlər nazirlikləri tərəfindən birgə təşkil edilir. İsveçdə bu proses Mülki Müdafiə üzrə Agentlik və Müdafiə Nazirliyinın, İsveçrədə Mülki Müdafiə üzrə Federal İdarə ilə yanaşı bir sıra qurumların səlahiyyətindədir. Sadalanan ölkələrdə kadr resurslarına gəldikdə, Kİ-nin qorunması sahəsində bütün güc strukturlarından, həmçinin elmi-tədqiqat və ekspert cəmiyyətindən  mütəxəssislər cəlb edilir [24]. 
 
6. Azərbaycanda Kritik İnfrastrukturun Qorunması Sisteminin (KİQS) yaradılmasını zəruri edən amillər
 
“Qəzanın səbəbləri vacib olsa da, bundan daha önəmli məsələ nəticədə ümumi sistemin sıradan çıxmasıdır. Elə bir sistem qurulmalıdır ki, bir qəzaya görə ölkənin enerji sistemi çökməsin... Əlavə tədbirlər planı hazırlanmalıdır ki, gələcəkdə ümumi sistemə bunun təsiri olmasın. Bu, əsas istiqamət olmalıdır. Araşdırmalar aparılmalıdır. Çünki belə hadisələr həm iqtisadi, həm də siyasi cəhətdən dövlətə  ziyan vurur".
 
 İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti
“Kritik infrastruktur” bir anlayış kimi ölkəmizdə  hələlik mövcud deyil
 
"Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar müşavirədə ölkə Prezidentinin çıxışlarında “ümumi sistem” ideyası qırmızı xətt kimi keçir. Daha dəqiq deyilsə, baş verən qəzanın real səbəblərinin məhz Kİ-nin sistemli idarəedilməsi müstəvisində olması əksini tapıb. Bu sahələrin əlaqələndirilmiş fəaliyyəti  və qorunmasının əsas istiqamət olması  fikri vurğulanıb.
Enerji ilə bağlı beynəlxalq forumda Azərbaycanın energetika naziri də qeyd edib ki, “Enerji sektorunda qlobal çağırışlara uyğun çevik, şəffaf və yüksək keyfiyyətli idarəetmənin təmin edilməsi Azərbaycan dövlətinin strateji hədəfidir və dövlətin bütün dəstəyi bu sahənin modernləşdirilməsinə və effektiv tənzimlənməsinə yönəlib” [5]. 
Deyilənlər baxımından, Kİ və onun sistemli idarə edilməsi hazırda gündəmin geniş müzakirə edilən mövzularından olmalıdır. Reallıqda isə hələlik bütün qabaqcıl ölkələrdə tətbiq edilən, gündəmin ən aktual hesab edilən "kritik infrastruktur" bir anlayış kimi Azərbaycanda elmi leksikonda, media gündəmində, bəhs edilən müvafiq sahələrin fəaliyyətinə dair təhlil və hesabatlarda və ya adi danışıq dilində və s. mövcud deyil. Bu isə onu deməyə əsas verir ki, ümumilikdə bu sahə istər elmi-nəzəri, istərsə də praktiki, normativ-hüquqi müstəvidə mənimsənilməmiş, naməlum qalmışdır. 
Ədalət naminə deyək ki, anlayış bir dəfə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da (02 aprel 2014-cü il) aşağıdakı kimi tətbiq edilmişdir: “13.2.2. ölkənin milli informasiya məkanının və kritik infrastrukturunun, o cümlədən informasiya infrastrukturunun informasiya təhlükəsizliyini təmin edən sistemin inkişaf etdirilməsi” [1]. 
 Azərbaycan Respublikasının "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi"ndə bir sıra - enerji, ərzaq, maliyyə və nəqliyyat və s. sahələrin - iqtisadi təhlükəsizliyin əsas komponentləri sırasında qeyd edilməsi, risklər və çağırışların düzgün qiymətləndirilməsi, energetika sahəsində strateji müəssisələrin siyahısının hazırlanması kimi mühüm məsələlər vurğulanmaqla yanaşı, mətndə Kİ termininə rast gəlinmir [2].
 “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar ölkə Prezidentinin sərəncamı ilə yaradılmış, mühüm tədbirlər həyata keçirən Dövlət Komissiyasının fəaliyyəti və sənədlərində də bununla bağlı hər hansı müddəanın əksini tapıb-tapmaması bizə məlum deyil.
Qeyd edilən müşavirədə bəzi nazirlik rəsmilərinin səsləndirdiyi idarələrarası informasiya mübadiləsinin, rəsmi yazışmaların aparıldığı, lakin onların icrasına nəzarətin və ciddi monitorinqin aparılmaması ilə bağlı reallıq, “ölkə üzrə bu sistemin bir-birinə maneçilik törətmədən, əksinə, bir-birinə dəstək verərək işləməsinin təmin edilməsi” fikri də problemin Kİ-nin sistemli idarəçiliyi müstəvisində olduğuna dəlalət edir.
Mətbuatda sözügedən hadisənin baş verməsinin "səbəbləri, cavabdeh axtarışları və çıxış yolları” ilə bağlı səslənən versiyaların konkret  və mühüm məqamları vurğulansa da (“isti hava şəraiti, transformatorlar/generatorların köhnəlməsi; işə səhlənkar və qeyri-ciddi münasibət; enerji sektoru özəlləşdirilməlidir; şəbəkə-mühəndis quruluşunda texniki nöqsanlar;  kompüterləşmə (SKADA) sisteminə keçilməlidr; təxribat ehtimalı; Atom Elek-trik Stansiyası tikilməlidir və s.”), bütün bunlar problemə elmi-sistemli baxışları əks etdirmirdi.
Səslənən arqumentlərdən ikisi (isti hava şəraiti, özəlləşdirmə), ümumiyyətlə, reallıqdan və dünya təcrübəsindən çox uzaq olub, bir-biri ilə sıx bağlıdır. Belə ki, havanın istilik dərəcəsinin artması nəticəsində mövsüm yükünün maksimuma çatması “Kaliforniya sindromu" (enerji böhranı) adlanır. 1999-2001-ci illərdə, həmçinin 2003-cü ildə ABŞ və Kanadanı sarsıdan enerji qəzası iki ölkənin 10 meqapolisini əhatə etməklə, milyonlarla insanın əzab çəkməsi, kütləvi talançılıq halları ilə yanaşı, ölkələrə 30 milyard dollar iqtisadi ziyan vurmuşdu. Məlumdur ki, onun səbəbi heç də hava şəraiti deyil, bir neçə il davam edən araşdırmanın  göstərdiyi kimi, ABŞ dövlətinin böhrandan bir neçə il əvvəl qiymətləri liberallaşdırması və enerji sahəsini özəlləşdirməsi (“qiymətlərin manipulyasiyası, maliyyə fırıldaqçılığı” və s.) olmuşdur. ABŞ-da məhz Kaliforniya böhranından sonrakı bir neçə il müddətində bu sektorda hər hansı kommersiyalaşdırma qadağan edilmişdi.  
Dünyanın hər yerində  Kİ sistemində istər qəfil, istərsə də məqsədyönlü şəkildə baş verən qəzaların təhlilində taktika, texnika, metodologiya və prosedur baxımından bənzərlik təşkil etməsinə dair yekdil qənaət mövcuddur. Mingəçevir İES-də baş verən qəzanın nəticələri və görüləcək tədbirlər üçün dünya təcrübəsi “mental model” kimi tətbiq edilə bilər.
"Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarından birində baş verən hadisə sırf texnogen mahiyyətli olmayıb, dövlət başçısının qeyd etdiyi kimi, “həm iqtisadi, həm siyasi”, həm də sosial mahiyyətli olub, geniş problemlər spektrini əhatə edir. Onların biri, bəlkə də, birincisi qeyd edilən sahədə analoji infrastrukturun idarəedilməsi ilə bağlı dünya təcrübəsinin tətbiq edilməsinin vurğulanması idi. Bu baxımdan, sistemli idarəetmənin təkmilləşdirilməsi yönündə islahatların aparılması səslənən versiyalar sırasında mühüm yer tuturdu.
Son illərdə ölkəmizdə “kritik” adlanmasa da infrastruktur sahələrində həyata keçirilən islahatlar, dünya təcrübəsində yaradılmış müvafiq sistemin formalaşmasına doğru mühüm addımlar hesab edilə bilər. İnformasiya təhlükəsizliyi, rabitə və nəqliyyat, son aylarda isə enerji infrastrukturunun idarəedilməsi yönündə həyata keçirilən tədbirlər, mərkəzləşdirilmiş qurumların təsis edilməsi buna misal ola bilər.  
Ölkəmizdə aparılan e-dövlət və rəqəmsallaşma siyasətinin uğurlu tətbiqi nəticəsində   bütövlükdə Kİ-nin sektorları bu sahə ilə bağlıdır. Hər bir dövlət orqanı özünün elektron xidmətlərinin sayını və növlərini  gündən-günə artırmaqdadır. Son islahatlar gedişində informasiya təhlükəsizliyi və enerjinin tənzimlənməsi ilə bağlı bir sıra agentliklərin yaradılması, adı çəkilən qurumların əlaqələndirilmiş fəaliyyəti ölkədə dünya standartlarına uyğun vahid KİQS-in yaradılması üçün mühüm bazanın da formalaşmasına dəlalət edir.
 
7. Kritik İnfrastrukturun Qorunması Sisteminin (KİQS) yaradılması günün tələbidir
 
Kİ sisteminin yaradılması dövlət idarəçilik sistemində bütün ölkələr üçün yeni olub, XXI əsrdə təhlükəsizliyin təminatında meqatrendi təşkil edir. Mingəçevirdə baş verən hadisə göstərdi ki, bu kimi hallar böhran və xaos vəziyyətinə qərq olan dünyada ən sabit məkan imicini qazanan Azərbaycanda inkişaf və idarəçilik modelinin nüfuzuna, ictimai-siyasi sabitliyin səviyyəsinə mənfi təsir göstərə bilər. Bu baxımdan, dünya təcrübəsinin  ən mütərəqqi cəhətlərini götürərək dövlət idarəçilik sistemində yeni Kİ sisteminin formalaşdırılması xalqımızın daha firavan və yüksək səviyyəli həyat tərzini təmin etməyə mühüm töhfə ola bilər. 
Azərbaycanda milli Kİ sisteminin yaranması günün tələbidir. Bunu vacib edən amilləri aşağıdakı kimi sıralamaq olar:
-  İstənilən sahədə təhlükəsizliyin və sabitliyin qarantı səmərəli idarəçilk və insan amilidir. Müasir idarəçilik daha çox risk və böhran idarəçiliyi rejimində olub, ekstremum şəraitdə təcili və çevik qərarlar qəbul etmək qabiliyyətidir. Yaranan problemlər əksər hallarda səriştəli və məsul, cavabdeh qurumun olmaması ilə bağlı olur. Müasir cəmiyyətdə böhranların zəncirvari xarakterli olması onların  sistemli idarə edilməsini və insan amilini önə çəkməyi tələb edir. Texnogen səbəbli qəzaların da təhlili göstərir ki, onların baş verməsində də insan amili həlledicidir. Hazırkı informasiya inqilabı nəticəsində rəqəmsallaşmanın əhatə etmədiyi sahə demək olar ki, qalmayıb. Bu da öz növbəsində istənilən sahədə insan amilinin, idarəçilik, peşəkarlıq və  səriştəlilik keyfiyyətlərinin proseslərə təsirini dəfələrlə artırmışdır.  
- Azərbaycan müharibə şəraitində yaşayır. Qeyd edildiyi kimi, Kİ-nin başlıca meyarı dövlətin müdafiə qabiliyyətinə bilavasitə və dolayısı ilə təsir edən obyektlər olmasıdır. Başqa ölkələrlə müqayisədə ölkəmizdə Kİ-nin qorunması daha yüksək səviyyədə olmalıdır. 
Türkiyənın İqtisadiyyat və Xarici Siyasəti Araşdırma Mərkəzinin və “Anadolu” Agentliyinin hərbi təhlilçisi Can Kasapoğlu “Azərbaycan-Türkiyə: müdafiə sahəsində əməkdaşlıqdan hərbi ittifaqa doğru” adlı məqaləsində qeyd edir ki, Azərbaycan Silahlı Qüvvələrinin bütün uğur və üstünlükləri ilə yanaşı “arxa cəbhənin müdafiəsində diqqət etməli olduğu bir çatışmazlığı vardır. Son dövrdə Yerevan Rusiya Federasiyasının Ermənistana “İsgəndər” (NATO təsnifatına görə, SS-26 Stone) taktiki ballistik raketlərini satması ilə Azərbaycanın kritik milli infrastrukturunu və arxa cəbhəsini vurma qabiliyyəti əldə etmişdir. Burada kritik milli infrastruktur dedikdə, anlaşılması lazım olan birinci xüsus da Xəzər dənizi sahilindəki karbohidrogen obyektləridir. Üstəlik, Ermənistan mənbələrinin də qeyd etdiyi kimi, daha öncə bu tip hərbi oyunların və ssenarilərin üzərində çalışıldığı da məlumdur” [22]. 
Kİ obyektləri terrorçu təşkilatlar və düşmən  ölkələr üçün hədəfə çevrilir. Bu sahədə çeşidli risk və təhdidlər yüksələn xətt üzrə artmaqdadır. (Məsələn, son günlərin xəbərlərindən biri Böyük Britaniyanın hərbi komandanlığının Rusiyaya qarşı irimiqyaslı kiberhücumla Moskvanı işıqsız qoymağa hazır olduğunu bildirməsi olub).
- Beynəlxalq əməkdaşlıq baxımından ölkəmizdə dünya təcrübəsinə uyğun, analoji  səlahiyyətə və missiyaya malik olan KİQS-in formalaşması bir zərurətdir. Milli Kİ-nin qorunması sisteminin formalaşmasını vacib edən digər məsələ beynəlxalq əməkdaşlıq - müxtəlif dövlətlərlə bu sahədə birgə fəaliyyət qurmaq üçün analoji qurumların yaradılması zərurətidir. İşğal olunmuş ərazilərdə mövcud olan infrastrukturun tamamilə dağıdılması, işğalçı dövlətin Sərsəng su anbarını, eləcə də Mingəçevir İES-i, neft kəmərlərini və s. bu kimi Kİ obyektlərini hədəfə almaq və təhdid vasitəsinə çevirmək cəhdləri, təbii sərvətlərimizin talan edilməsi ilə bağlı bəyanatları beynəlxalq səviyyədə, BMT-nin, AB-nin yuxarıda adı çəkilən rəsmi sənədləri çərçivəsində  qiymətləndirilməlidir.
Dünya təcrübəsində Kİ sahəsində yaradılan əməkdaşlıq formatları Azərbaycanda da tətbiq edilməlidir. Misal üçün, 2012-ci ildə ABŞ, İngiltərə, Kanada, Avstraliya və Yeni Zelandiya  “Critical-5” (“Kritik 5-lik”) sazişi imzalamışlar. Onun missiyası sadalanan hər bir ölkədə Kİ-yə olan təhdidlərə qarşı birgə əməkdaşlıq etməkdir.
Bu aspektdən baxdıqda, “Bakı-Tbilisi-Ceyhan" neft boru kəməri, "Bakı-Tbilisi-Ərzurum" qaz boru kəməri və  "Bakı-Tbilisi-Qars" dəmir yolu magistralı və s. Kİ obyektləridir. Onların mühafizəsi region (Cənubi Qafqaz və Avropa) dövlətlərinin enerji təhlükəsizliyinin tərkib hissəsidir. Yuxarıda qeyd edilən model üzrə Azərbaycan da Avropanın və region dövlətlərinin enerji təhlükəsizliyini - boru kəməri və logistik şəbəkənin ortaq qorunmasını təmin edən “Kritik-3-lük” və s. formatlı sazişlər imzalaya bilər. Eyni məzmunlu əməkdaşlıq sazişi logistika mərkəzinə, Avrasiyanın nəqliyyat qovşağına çevrilən ölkəmizlə Orta Asiya respublikaları arasında da bağlana bilər.  
Beynəlxalq əməkdaşlıqla bağlı onu qeyd etmək olar ki, Azərbaycanda sahəvi
© 2011-2019. Müəlliflik hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qorunur. Bütün hüquqlar "Strateji təhlil" jurnalına aiddir. Məlumatlardan istifadə edərkən stj.sam.az saytına istinad zəruridir.