Məqalələr

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun tariximizdə yeri Ümummilli lider Heydər Əliyev- milli intibahın banisi, müstəqil dövlətçiliyin memarı Azərbaycan Cümhuriyyətinin müqəddəratında Böyük Britaniya amili Bir əsrlik dövlətçilik tarixinə siyasi liderlik fenomeni işığında baxış: Ümummilli lider Heydər Əliyev - 95 К вопросу о создании Армянского государства и определения его границ на переговорах в Батуми и Стамбуле в1918 г. Azərbaycan Xalq Cümhuriyyətinin parlament sənədləri Zəngəzur, Qarabağ və Naxçıvanda 1918-1920-ci illərdə erməni vəhşiliklərini öyrənmək üçün mənbə kimi Геноцид тюрко-мусульманского населения Азербайджана по документам Британских дипломатов XX əsrdə erməni rəsmi dairələrinin kürdlərə qarşı həyata keçirdiyi deportasiya, repressiya və terror aktları haqqında (etnosiyasi analiz) Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Osmanlı dövlətinin siyasəti (iyun-oktyabr 1918-ci il) Нахчыван на переднем крае борьбы с армянской агрессией в период Азербайджанской Демократической Республики Sərhədyanı mübahisə 1918-1920-ci illərdə Azərbaycan-Gürcüstan münasibətlərində əlverişsiz amil kimi Особая Комиссия и ее “особые” сотрудники Равноправие и гендер: путь, пройденный от Азербайджанской Демократической Республики до Первого вице-президента Экономическая политика Азербайджанской Демократической Республики: поиски оптимальной модели Вопрос об экономических отношениях между Азербайджанской Республикой и РСФСР на страницах журнала “Нефтяное дело” 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin aqrar siyasəti Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti Военно-политические аспекты деятельности Азербайджанского правительства в 1918-1920 гг. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu Mirzə Bala Məmmədzadənin ideoloji görüşləri Tam siyahı

Müasir şəraitdə qeyri-qanuni beynəlxalq miqrasiya və onunla mübarizə

Müəllif: Strateji Tehlil Jurnali

baxılıb: 1051

Dek 21, 2017 - 3:12

Müasir şəraitdə qeyri-qanuni beynəlxalq miqrasiya və onunla mübarizə

Orxan ƏLİYEV

AMEA Hüquq və İnsan Haqları İnstitutunun doktorantı

orkhanfirdovsi@gmail.com

 

Açar sözlər: miqrasiya prosesləri, qanunsuz miqrasiya, insan alveri, readmissiya, BMT Konvensiyası, tranzit ölkələr

Key words: migration processes, illegal migration, human trafficking, readmission, UN Convention, transit countries

 Ключевые слова: миграционные процессы, незаконная миграция, торговля людьми, реадмиссия, Конвенция ООН, транзитные страны

 

 

Giriş
 
XXI əsrdə qloballaşmanın bütün planeti əhatə etdiyi bir dövrdə dünyanı miqrasiya prosesləri olmadan təsəvvür etmək qətiyyən mümkün deyil. Məlum olduğu kimi, miqrasiya səbəblərindən, müddətindən, insanların sayından və digər amillərdən asılı olaraq müxtəlif növlərə bölünür: daimi-müvəqqəti, məcburi-könüllü, qanuni-qanunsuz, beynəlxalq, ölkədaxili və s. Bu proses əsasən qanunvericiliyin tələblərinə riayət edilməsi baxımından qanuni və qanunsuz ola bilər. Miqrasiyanın araşdıracağımız qanunsuz növü müasir dünyada miqrasiya proseslərinin ayrılmaz hissəsini təşkil etməkdədir. İqtisadiyyatın qloballaşdığı indiki dövrdə qanunsuz miqrasiya problemləri xüsusi aktuallıq kəsb edir. BMT-nin məlumatlarına görə, qeyri-leqal miqrasiya beynəlxalq cinayətkar qruplar üçün böyük gəlir mənbəyinə çevrilmişdir. Beynəlxalq Miqrasiya Təşkilatının qiymətləndirmələrinə əsasən, miqrantların Aralıq dənizi vasitəsilə Avropaya daşınması hər il 35 milyard dollar gəlir gətirir. Mütəxəssislərin fikrincə, bu cür daşınmalar beynəlxalq cinayətkar şəbəkənin fəaliyyəti sahəsində silah və narkotik ticarətindən sonra gəlirlilik baxımından üçüncüdür [17].
İnsanların məcburi şəkildə müxtəlif yollarla daşınmasının uzun və sərt tarixi vardır. Köləlik və qul alveri sosial təzahür olaraq bəşəriyyəti, demək olar ki, bütün tarix boyu müşayiət etmişdir. Qədim dövlətlərin iqtisadiyyatında qul ticarəti böyük yer tuturdu. Məsələn, zənci qullar Misir, Finikiya, Yunanıstan və Romaya daşınırdı. Kölələrin əsas mənbəyi müharibə zamanı əsir düşmüş özgə tayfanın nümayəndələri, həmçinin qulların satın alınması idi. Orta əsrlərdə Qərbi Avropada qul ticarəti ilə əsasən Skandinaviya vikinqləri və italyan tacirləri məşğul olurdular. XV əsrin ortalarında portuqaliyalılar qulları Afrikadan Qərbi Avropaya, XVI əsrin əvvəllərindən isə Braziliyaya daşımağa başladılar. 1698-ci ildə İngiltərə parlamentinin qəbul etdiyi qərara əsasən, fiziki şəxslərə qul ticarəti ilə məşğul olmağa icazə verildi. Transatlantik qul ticarəti tarixdə ən böyük və faciəli deportasiya hesab edilə bilər. XVI əsrdən XIX əsrə qədər davam edən bu deportasiya zamanı milyonlarla afrikalı avropalılar tərəfindən satılmış və istismar edilmişdir. XVIII əsrin əvvəllərində Afrikadan Yeni Dünyaya hər il 36 min qul, əsrin sonlarında isə artıq 80 minə yaxın afrikalı daşınırdı. Nəticədə Amerika qitəsinə 10 milyondan çox qaradərili gətirilmişdi. Afrikalı qullarla dolu gəmilər Atlantik okeanı vasitəsilə Cənubi və Şimali Amerikaya gəlirdi, burada müxtəlif məhsullarla yanaşı, zəncilər də satılırdı. Uzun yol boyu minlərlə qul aclıq və dözülməz şəraitsizlik nəticəsində həlak olurdu.
Məlum olduğu kimi, 15 may 1820-ci ildə ABŞ Konqresi tərəfindən qul ticarəti dəniz quldurluğu ilə (piratlıq) bərabər tutularaq, hər iki cinayətlə bağlı ölüm cəzasının tətbiq edilməsi məqsədəuyğun hesab edilmişdi. 1840-cı ildən etibarən isə demək olar ki, əksər Avropa ölkələrinin cinayət qanunvericiliyinə əsasən, qul və zəncilərin ticarəti ilə bağlı sərt cəza tədbirlərinin gerçəkləşdirilməsinə başlanıldı [7].
Müasir dövrdə qul ticarəti rəsmi şəkildə qadağan olunsa da, bu, “insan alveri” adını alan qanunsuz beynəlxalq miqrasiya formasında davam edir. Beynəlxalq Əmək Təşkilatının verdiyi məlumata əsasən, təxminən 21 milyon kişi, qadın və uşaq bu gün də az məvaciblə və ya heç bir əmək haqqı almadan kölə kimi işləyir. Bəs qanunsuz beynəlxalq miqrasiya insan alverindən başqa daha nəyi əhatə edir?
 
1. Qanunsuz beynəlxalq miqrasiyanın növləri
 
Qanunsuz beynəlxalq miqrasiya terminoloji baxımdan müxtəlif istilahlarla ifadə edilir: qanunsuz miqrasiya, qeyri-leqal miqrasiya, sənədsiz miqrasiya, cinayətkar miqrasiya, kriminal miqrasiya, qeyri-müntəzəm miqrasiya, gizli miqrasiya. Lakin bütün bunlar demək olar ki, miqrasiyanın əsas xüsusiyyətini – qeyri-qanuni mahiyyətini əks etdirir, miqrasiyanın bu növləri müəyyən əlamətlərinə görə fərqlənsə də, onları ümumi bir əlamət – qanuna zidd olmaları birləşdirir. Bəzi alimlər qanunsuz və kriminal miqrasiyanı birgə qəbul edirlər. L.A.Jukov qanunsuz miqrasiyanı iki yerə bölür – qeyri-leqal və kriminal. O, qeyri-leqal miqrasiyanı miqrasiya qanunvericiliyi normalarının pozulması ilə baş verən yerdəyişmə, kriminal miqrasiyanı isə cinayət törətmək məqsədilə həyata keçirilən miqrasiya kimi təfsir edir [18, s.43]. S.Y.Metelyov əcnəbi vətəndaşların qeyri-leqal yerdəyişməsini kriminal miqrasiyaya aid edir [19, s.21-29]. Qeyd etmək istərdik ki, qeyri-leqal və kriminal miqrasiyanı ümumi cəhətlər birləşdirsə də, bəzən qeyri-leqal, yaxud leqal miqrant törətdiyi cinayət əməllərinə görə kriminal miqranta çevrilsə də, qanunsuz miqrasiya ilə kriminal miqrasiya arasında fərqli xüsusiyyətlər vardır. Məsələn, qeyri-leqal miqrant hazırda yerləşdiyi ölkədə cinayət törətməklə kriminal miqranta çevrilir və ya qanuni miqrant gəldiyi ölkədə miqrasiya qanunları ilə yaşamaq adı altında öz cinayətkar məqsədini həyata keçirir.  
Qeyri-müntəzəm miqrasiya çıxış, tranzit və qəbuledici ölkələrin nizamlayıcı normalarının pozulması ilə baş verən yerdəyişmədir. Təyinat ölkə baxımından bu, miqrantın qanunsuz gəlişi, bu ölkədə qanunsuz qalması və işləməsidir. Başqa sözlə desək, miqrantın immiqrasiya qanunvericiliyinə uyğun olaraq, konkret ölkəyə gəlmək, qalmaq və işləmək üçün lazımi icazə və ya sənədləri yoxdur. Çıxış ölkə baxımından isə qeyri-müntəzəm miqrasiya insanların pasport və digər yol sənədləri olmadan beynəlxalq sərhədləri keçməsi, yaxud həmin ölkəni tərk etmək üçün inzibati tələblərə riayət etməməsidir. Qeyri-müntəzəm miqrant ölkəyə qanunsuz gəlməsi və ya vizanın vaxtının bitməsi nəticəsində tranzit və ya qəbul edən ölkədə qanuni statusa malik olmur. Bu, ölkəyə giriş qaydalarını pozan miqrantlara, həmçinin qəbul edən ölkədə bundan sonra qalmaq üçün heç bir hüququ olmayanlara şamil edilir [13, s.44-45].
Sənədsiz əcnəbi müvafiq sənədləri olmadan hansısa ölkəyə gələn və ya ölkədə qalan şəxsdir. Bu cür şəxslər qanuni sənədləri olmadan, yaxud saxta sənədlərdən istifadə etməklə hansısa ölkəyə daxil olan və ya qanuni sənədlərdən istifadə edərək ölkəyə gəlib, lakin icazə verilən müddətdən artıq qalan insanlardır [13, s.43].
Qanunsuz beynəlxalq miqrasiyanın növlərindən biri də gizli miqrasiyadır. Bu, gizli şəkildə, yəni miqrasiyanın immiqrasiya tələblərinin pozulması ilə baş verir. Belə ki, hansısa ölkəyə leqal şəkildə gələn miqrant immiqrasiya qaydalarını pozaraq, ölkədə nəzərdə tutulmuş müddətdən daha çox qalır [13, s.75].
Qeyd etmək istərdik ki, insan alveri və qanunsuz miqrasiya oxşar cəhətlərə malikdir. Bunların hər ikisində insanlar saxta sənədlərlə xaricə gedirlər, lakin məqsəd müxtəlifdir. İnsan alverində cinayətkar şəxs və ya qrup konkret insanın satılması hesabına vəsait əldə edir. Qanunsuz miqrasiyada isə o, qeyri-leqal miqrasiyanın təşkilinə görə pul qazanır. Bundan başqa, insan alveri əsasən zorakılıqla gerçəkləşdirilir, cinayətkarların qurbanı çox ağır şəraitdə daşınır və miqrasiya etdiyi və ya edildiyi ölkədə daim kölə kimi fiziki və cinsi istismar edilir, onun geriyə qayıtmaq şansı isə demək olar ki, olmur. Qanunsuz miqrasiyada isə miqrant öz ölkəsini qeyri-qanuni yolla tərk etmək barədə könüllü qərar qəbul edir, yaxud yuxarıda göstərdiyimiz qanunsuz miqrasiyanın bir sıra növlərində olduğu kimi, ölkədə qalma vaxtının bitməsinə baxmayaraq, orada qalmaqda davam edir. Fikrimizcə, hər halda insanların qanunsuz daşınması həyata keçirildiyindən insan alverini qanunsuz miqrasiyanın bir – daha ağır növü hesab etmək olar.  
Qanunsuz beynəlxalq miqrasiyanın yaranmasının əsas səbəbləri qismində müasir dövrdə dövlətlər arasında iqtisadi inkişaf, demokratik səviyyə, demoqrafik durum və digər fərqləri göstərmək olar. Bundan başqa, hansısa ölkədə olan hərbi-siyasi sabitsizlik də insanları başqa bir xarici dövlətin ərazisinə keçməyə və orada daimi və ya müvəqqəti yaşamağa məcbur edə bilər. Məsələn, Suriyada və İraqda davam edən vətəndaş müharibələri nəticəsində milyonlarla insan qaçqına çevrilmiş, müxtəlif ölkələrə, o cümlədən Azərbaycana da sığınmışlar. Myanmada baş verən münaqişə nəticəsində on minlərlə qaçqın müsəlman Banqladeşə, Hindistana, Çinə və digər ölkələrə mühacirət etmişdir. Myanmanın rəsmi hakimiyyəti və buddist əhalisi Rohinca müsəlmanlarını Banqladeşdən gəlmiş qeyri-leqal miqrantlar hesab edirlər. Hakimiyyət orqanları qaçqınların bir daha Myanmaya geri qayıtmamaları üçün artıq sərhədləri bağlamışlar. Qanunsuz miqrasiya problemini doğuran digər bir səbəb dövlətlər tərəfindən milli təhlükəsizliyin təmin edilməsi məqsədilə əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin ölkəyə gəlişinin, burada qalmasının məhdudlaşdırılmasıdır [22, s.36-39].
 
2. Qanunsuz beynəlxalq miqrasiyanın aradan qaldırılması ilə bağlı beynəlxalq sənədlər
 
Qanunsuz beynəlxalq miqrasiyanın qarşısının alınması ilə bağlı beynəlxalq hüquqi baza və həmçinin ölkələrin milli qanunvericiliyi formalaşdırılmışdır. Beynəlxalq hüquqi aktlardan 2000-ci il noyabrın 15-də BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiya”nı, həmçinin onu tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” və “Miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı” iki Protokolu göstərmək olar. Adı çəkilən sənədlərdən birinci Protokolda qeyd edilir ki,“insan alveri”  dedikdə, güc tətbiq etmək hədəsi ilə və ya güc tətbiq etməklə və ya məcburetmə, oğurlama, dələduzluq, aldatma, hakimiyyətdən və ya vəziyyətin zəifliyindən sui‐istifadə etməklə, yaxud da digər şəxsə nəzarət edən şəxsin razılığını almaq üçün ödəniş və ya mənfəət  şəklində rüşvət verməklə insanların istismar məqsədi ilə cəlb edilməsi, daşınması, təhvil verilməsi, gizlədilməsi və  ya alınması başa düşülür” (maddə 3). “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” Protokolun "Preambula" hissəsində iştirakçı dövlətlər insan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması üzrə səmərəli tədbirlərin görülməsinə və onunla mübarizə aparmaq üçün mənşə, tranzit və təyinat ölkələrində bu cür alverin qarşısının alınmasına, bununla məşğul olan şəxslərin cəzalandırılmasına və bu cür alverin qurbanlarının müdafiəsinə, o cümlədən onların beynəlxalq səviyyədə tanınmış insan hüquqlarının müdafiəsinə yönələn tədbirləri özündə əks etdirən hərtərəfli beynəlxalq yanaşmanı zəruri hesab edirlər [2, s.116, 127].
 “Miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı” Protokolun məqsədi isə miqrantların sərhəddən qanunsuz keçirilməsinin qarşısını almaq və onunla mübarizə aparmaqdan, habelə bu məqsədlərə nail olmaq üçün sərhəddən qanunsuz keçirilmiş  miqrantların hüquqlarının müdafiəsi zamanı iştirakçı dövlətlər arasında əməkdaşlığın təşviq edilməsindən ibarətdir. Sənədin “Anlayışlar” maddəsində miqrantların qeyri-qanuni gətirilməsinə aydınlıq gətirilir: “Miqrantların qeyri‐qanuni gətirilməsi dedikdə, hər hansı bir maliyyə və ya digər maddi mənfəətin birbaşa və ya dolayı alınması məqsədi ilə istənilən iştirakçı dövlətin ərazisinə onun vətəndaşı olmayan və ya onun ərazisində daimi yaşamayan hər hansı bir şəxsin qeyri‐qanuni daxil olmasının təmin edilməsi başa düşülür; “qeyri‐qanuni gəlmək” dedikdə, qəbul edən dövlətə  qanuni  əsaslarla daxil olmaq üçün vacib tələblərə riayət etməməklə sərhədi keçmək başa düşülür”.
“Miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı” Protokolun 6-cı maddəsinə əsasən, hər bir iştirakçı dövlət qəsdən və birbaşa və ya dolayı maliyyə və ya digər maddi mənfəət almaq məqsədi ilə törədilən əməlləri cinayət qanunu ilə cəzalandırılan əməl kimi tanımaq üçün lazımi qanunverici və digər tədbirlər görür. Bu əməllər aşağıdakılardır:
1)  miqrantların sərhəddən qanunsuz keçirilməsi;
2)  əməllər miqrantların sərhəddən qanunsuz keçirilməsi üçün şəraitin yaradılması məqsədi ilə törədilərkən: a) ölkədən getmək və ölkəyə gəlmək üçün saxta sənədin və ya şəxsiyyət vəsiqəsinin düzəldilməsi; b) bu cür sənədin əldə olunması və ya verilməsi və ya bu cür sənədə malik olmaq;
3)  aidiyyətli dövlətin vətəndaşı olmayan və ya onun ərazisində daimi yaşamayan hər hansı bir şəxsə yuxarıda göstərilən üsullar və ya digər hər hansı bir qeyri‐qanuni vasitələrlə qanuni qalmaq üçün zəruri olan qanuni tələblərə  riayət etməməklə, bu dövlətin ərazisində qalmağa imkanın yaradılması.
Adı çəkilən maddədə həmçinin qeyd edilir ki, hər bir iştirakçı dövlət eyni zamanda aşağıdakı  əməlləri cinayət qanunu ilə cəzalandırılan əməl kimi tanımaq üçün lazımi qanunverici və digər tədbirlər görür:
a) öz hüquq sisteminin əsas prinsiplərinə riayət etmək şərti ilə bu maddəyə uyğun olaraq cinayət kimi müəyyən edilmiş hər hansı bir cinayətin törədilməsinə cəhd;
b) bu maddəyə uyğun olaraq cinayət kimi müəyyən edilmiş hər hansı bir cinayətin törədilməsində cinayət yoldaşı qismində iştirakçılıq və öz hüquq sisteminin əsas prinsiplərinə riayət etmək şərti ilə bu maddəyə uyğun olaraq cinayət kimi müəyyən edilmiş hər hansı bir cinayətin törədilməsində cinayət yoldaşı qismində iştirakçılıq;
c)  bu maddəyə uyğun olaraq cinayət kimi müəyyən edilmiş  hər hansı bir cinayəti törətmək məqsədi ilə digər şəxslərin təşkilatlandırılması və ya onlara rəhbərlik [6].
Hazırda qeyri-leqal miqrasiyaya qarşı dövlətlər tərəfindən bir sıra tədbirlər görülməkdədir. Buna səbəb isə qeyri-leqal miqrasiya probleminin daha da aktuallaşmasıdır. Belə ki, təkcə 2015-ci ildə Avropa İttifaqının xarici sərhədlərin təhlükəsizliyi üzrə qurumu – FRONTEKS agentliyi sərhədlərin qeyri-leqal keçilməsi ilə bağlı rekord sayda – 1,8 milyon hal qeydə almışdır [20]. Lakin bir il sonra bu rəqəm xeyli aşağı enmiş və 503.700 təşkil etmişdir. 2016-cı ildə Yaxın Şərq, Asiya və Afrika ölkələrindən 382 min qanunsuz miqrant Avropaya gəlmişdir. Bu, 2015-ci illə müqayisədə aşağı olsa da, 2010-2014-cü illərin göstəricilərindən yuxarıdır. Agentliyin məlumatına əsasən, Aralıq dənizi ilə İtaliyaya gələn qaçqınların sayı 2015-ci illə müqayisədə 17 faiz artmışdır [12]. Ümumiyyətlə, bu problem miqrantların qanunsuz olaraq dənizlə daşınması ilə mübarizə aparılması sahəsində xüsusilə aktualdır. Aralıq dənizində çoxsaylı faciələr yüzlərlə insanın həyatına son qoymuşdur. Bu, əsasən miqrantları onların həyatı üçün təhlükəli üsullarla qanunsuz aparan və bununla da çoxlu vəsait əldə edən cinayətkar transmilli təşkilatların fəaliyyətinin nəticəsidir. Balkan marşrutu bağlandıqdan sonra miqrantların əksər hissəsi dənizlə qeyri-leqal yollarla daşınır. 2016-cı ilin noyabrında Yunanıstan polisi Egey dənizində dörd miqrantın batdığını təsdiq etmişdir, 42 qaçqını qeyri-leqal aparan qayıq həddən artıq yükləndiyindən bu insanlar qayıqdan yıxılmışlar. Aralıq dənizi vasitəsilə Afrika ölkələrindən – Qambiya, Liviya, Mali və Nigeriyadan olan mühacirlər İtaliyaya gedirlər. Suriyadan olan məcburi miqrant axını Avropa dövlətlərində mürəkkəb vəziyyət yaratmışdır. 2014-cü ildə dənizlə Avropaya qədər gəlib çatmağa cəhd göstərərkən 10.000 kişi, qadın və uşaq həlak olmuş və ya itkin düşmüşdür. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının verdiyi məlumata əsasən, 2016-cı il avqustun 31-nədək Aralıq dənizində insanların həlak olması və itkin düşməsi ilə bağlı 3169 hal qeydə alınmışdır. Avropaya gələnlərin sayı isə 281.740 nəfər təşkil etmişdir [9]. 
Yuxarıda xatırlatdığımız “Miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı” Protokolun II fəsli miqrantların məhz dənizlə sərhəddən qeyri-qanuni keçirilməsinə həsr olunmuşdur. Protokolda qeyd edilir ki, iştirakçılar miqrantların dənizlə qeyri‐qanuni daşınmasının qarşısını almaq məqsədilə beynəlxalq dəniz hüququna uyğun olaraq mümkün qədər geniş şəkildə əməkdaşlıq edirlər. Sənədin 8-ci maddəsi miqrantların dənizlə sərhəddən qanunsuz keçirilməsinə qarşı müqavimət tədbirlərini ehtiva edir. Məsələn, əgər  iştirakçı dövlətin kifayət qədər  şübhə  etməyə əsası varsa ki, onun bayrağı altında üzən və  ya bu dövlətdə  qeydiyyatda olmasını bəyan edən və  ya ona məxsus olmayan və  ya xarici dövlətin bayrağı altında üzməsinə  baxmayaraq, bayrağı göstərməkdən imtina edən və həqiqətdə həmin iştirakçı dövlətə məxsus olan gəmi miqrantların dənizlə sərhəddən qanunsuz keçirilməsində  iştirak edir, onda bu iştirakçı dövlət həmin gəminin bu məqsədlə istifadə edilməsinin qarşısını almaq üçün digər iştirakçı dövlətlərdən yardım istəyə bilər. Bu cür yardım haqqında sorğu alan iştirakçı dövlətlər mümkün qədər malik olduqları vasitələrlə belə bir yardımı göstərirlər. Lakin bu zaman nə kimi yardım göstərilə biləcəyi protokolda konkret olaraq təsbit edilməmişdir. Ola bilsin ki, qanunsuz miqrantları daşıyan gəmi saxlanılsın və geri qaytarılsın, yaxud gəmidə digər sərnişinlər də varsa, miqrantların başqa bir gəmi ilə geriyə yola salınması təmin edilsin.
 
3. Readmissiya
 
Dünya birliyi getdikcə kəskinləşməkdə olan miqrasiya problemlərini müxtəlif yollarla tənzimləməyə çalışır. Qeyri-qanuni miqrasiya ilə mübarizə aparmaq üçün effektiv vasitələrdən biri readmissiyadır. Bu termin ingilis dilindən tərcümədə “geri qəbul etmək” deməkdir. Readmissiya prosesi dövlətin onun ərazisini tərk edən öz vətəndaşlarını və əvvəllər bu dövlətin ərazisində yaşayan, yaxud müvəqqəti olaraq burada qalan əcnəbiləri qəbul etməsidir. Readmissiya yalnız dövlətlər arasında bağlanmış və qanuni qüvvəyə minmiş müqavilə və ya sazişlərin mövcud olduğu hallarda tətbiq edilir. 
Dövlətlər arasında imzalanmış sazişlərin aşağıdakı əsas müddəaları var:
- readmissiya olunacaq şəxslərin siyahısı;
- öhdəliklərdən istisnalar;
- vətəndaş mənsubiyyətinin və gəlişin sübut edilməsi;
- müvəqqəti çərçivələr;
- tranzit şərtlər;
- şəxsi məlumatların müdafiəsi;
- maliyyə təminatı.
Bir sıra hallarda readmissiya təxirə salına bilər. Məsələn, readmissiya olunacaq şəxslər ağır xəstə olduqda onların ölkədən çıxarılması həyat və sağlamlıqları üçün təhlükə törədə bilər. Dövlətin ərazisində qeydə alınmış ağır xəstə və ya ölmüş yaxın qohumu olan əcnəbi vətəndaşların, həmçinin qaçqın statusu alınması və ya sığınacaq verilməsi məqsədilə ərizə ilə müraciət edənlərin də readmissiyası qərar qəbul edilənə qədər təxirə salına bilər. Fövqəladə vəziyyət, daşqın, sel, zəlzələ, yoluxucu xəstəliklər və s. kimi problemlərin yaranması, təbii fəlakətlərin baş verməsi ilə əlaqədar olaraq readmissiya proseduru bu hadisələrin nəticələri tam aradan qaldırılana qədər dayandırılır. Readmissiyaya məruz qalan şəxslər – əcnəbi vətəndaşlar məhkəmənin qərarı ilə azadlıqdan məhrum edilərsə, readmissiya müvəqqəti dayandırılır, yaxud istintaq hərəkətlərində və məhkəmə prosesində iştirak edən şəxslərin çıxarılması təxirə salınır, onlar müəyyən müddət ərzində həmin ölkədə qalırlar.
Readmissiya prosesinin ləğv olunduğu şərtlər də nəzərdə tutulmuşdur:
- əcnəbi vətəndaşın ölümü baş verərsə;
- əcnəbi vətəndaş itkin düşərsə;
- əcnəbi şəxs qaçqın statusu alarsa;
- readmissiya olunacaq şəxsə müvəqqəti sığınacaq verilərsə;
- əgər şəxs dövlətin ərazisini könüllü tərk edərsə, readmissiya tamamilə dayandırılır.
Readmissiya sazişi əcnəbinin qeyri-leqal vəziyyətdə olduğu hər hansı ölkədən və ya tranzit kimi istifadə etdiyi digər ölkədən qaytarılması prosedurlarını müəyyənləşdirən sazişdir. Belə sazişlərin imzalanması avtomatik olaraq Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsinə pozitiv təsir edir. 2007-ci il aprelin 19-da Avropa İttifaqı ilə Rusiya arasında, 2010-cu ildə isə Avropa İttifaqı ilə Ukrayna arasında readmissiya haqqında sazişlər imzalanmışdır. 2017-ci ildə Ukrayna ilə İsveçrə vizasız rejim və admissiya (ölkəyə girmək icazəsinin verilməsi – O.F.) haqqında saziş imzalamışlar. 2014-cü ildə Brüsseldə qeyri-qanuni immiqrasiyaya qarşı daha səmərəli mübarizə aparmaq məqsədilə öz aralarında əməkdaşlığı gücləndirmək niyyəti ilə "Azərbaycan Respublikası və Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş imzalanmışdır. “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş də təsdiqlənmişdir [3].
Məlum olduğu kimi, miqrasiyanın müxtəlif növləri var: epizodik, mütəmadi, mövsümi, daimi. Qanunsuz miqrasiya da öz növbəsində müəyyən parametrlərinə görə bir neçə növə bölünür. Belə ki, 
- təşkil olunma dərəcəsinə görə – mütəşəkkil və qeyri-mütəşəkkil;
- qanunsuz miqrantların sayına görə – fərdi və qrup;
- ölkəyə giriş üsuluna görə – sərhədin saxta sənədlərlə qanunsuz keçilməsi yolu ilə; qorunmayan sərhədlərdən və ya dövlət sərhədinin buraxılış məntəqəsi olmayan hissələrindən ölkəyə giriş; nəhayət, ölkəyə qanuni yolla gəldikdən sonra burada qalma müddəti bitdiyi halda ölkəni tərk etməmək.
Miqrasiyanın yaranmasına gətirib çıxaran amillərlə bağlı qeyd etmişdik ki, hələ qədim dövrlərdən insanların öz doğma torpaqlarını tərk etmələrinin başlıca səbəbi onların yaxşı həyat dalınca getmələri olub. Bu, keçmişdə olduğu kimi, müasir dövrdə də həm qanuni, həm də qanunsuz beynəlxalq miqrasiyanı doğuran əsas səbəblərdəndir. Qanunsuz beynəlxalq miqrasiyanın yaranması miqrantların mənşə ölkələrindən çıxmalarına gətirib çıxaran amillərlə bağlıdır. Bu amillərə  yoxsulluq, işsizlik, iqtisadi böhran, müharibə şəraiti və s. göstərilə bilər. Başqa bir amil isə bunun əksinə – təyinat ölkələrində cəlbedici şəraitin olmasıdır, məsələn, əmək haqqının daha yüksək səviyyədə ödənilməsi, iş tapmağın asanlığı, təhlükəsiz həyat şəraiti və s. Digər tərəfdən, qanuni miqrasiyanın fəaliyyət göstərən qayda və mexanizmləri inkişaf etmiş və güclü iqtisadiyyatı olan ölkələrdə əmək ehtiyatları qıtlığını aradan qaldırmağa imkan vermir. Bu cür ölkələrdə daim ucuz işçi qüvvəsinə ehtiyac var. Haqqı ən aşağı səviyyədə ödənilən işlərə, məsələn, yük daşıyan, süpürgəçi və s. işlərə qane olan mühacirlər – qastarbayterlər müqavilə müddətləri başa çatdıqdan sonra nəinki vətənlərinə qayıdır, əksinə öz ailələrini də həmin ölkəyə gətirir və daha ağır şəraitdə yaşayırlar. Miqrantların can atdıqları əksər ölkələrdə əmək bazarı çox böyük sayda qanunsuz əmək miqrantlarını işlə təmin edə bilir. Elə bu səbəbdən, yəni işlə təminatın asanlığı, əmək haqqının mənşə ölkə ilə müqayisədə daha yüksək olması və işverənlərin qanunsuz miqrantları işə götürməkdə maraqlı olması qanunsuz beynəlxalq miqrasiyanın getdikcə genişlənməsinə şərait yaradır. Belə bir durumdan sui-istifadə edən işbazlar və müxtəlif cinayətkar qruplar külli miqdarda gəlir əldə etmək imkanından yararlanır, qanunsuz miqrantlar ordusunun yaranmasına səbəb olurlar. Onlar miqrantları qanunsuz yollarla bir ölkədən digərinə, bir qitədən digər qitəyə aparırlar. Miqrasiyanın qanuni yollarından faydalana bilməyən minlərlə insan onların problemindən sui-istifadə edən cinayətkarlar üçün əlverişli gəlir mənbəyi olurlar. Qanunsuz yollarla aparılan miqrantlar zorakılıq və istismar obyektinə çevrilir və onların həyatı təhlükə altında olur. Qanunsuz beynəlxalq miqrasiyanın əsas marşrutu üzrə aparılan hesablamalara əsasən, Şərqi, Şimali və Qərbi Afrikadan Avropaya, eləcə də Cənubi Amerikadan Şimali Amerikaya aparılan miqrantlar cinayətkarlara ildə 6,57 milyard ABŞ dolları həcmində gəlir gətirir. Bu qanunsuz fəaliyyətlə əsasən mütəşəkkil cinayətkar şəbəkələr məşğul olurlar [8]. 
Yoxsulluq, zorakılıq, təbii fəlakətlər, hərbi münaqişələr və s. problemlər üzündən doğma vətənlərini tərk etmək məcburiyyətində qalanların qanuni imkanlarının olmadığını görən cinayətkarlar öz xidmətlərini təklif edir, onların emmiqrasiyası üçün saxta sənədlərdən istifadə edirlər. ABŞ-da immiqrantların demək olar ki, üçdə birinin qanuni statusu yoxdur. Onların 80 faizi Cənubi Amerikadan və Meksikadan gəlib. Hesablamalara əsasən, hər il təxminən 55 min miqrant Şərqi, Qərbi və Şimali Afrikadan qanunsuz yollarla Avropaya gətirilir ki, bu da cinayətkarlara 150 milyon dollar gəlir gətirir. Amerika qitəsindəki miqrasiya ilə müqayisədə Avropaya istiqamətlənən miqrantların sayı az olsa da, onların arasında ölüm halları daha çoxdur. KİV-in məlumatına görə, 1996-2011-ci illərdə Afrikada səhranı keçərkən 1691 nəfər həlak olmuşdur [9].
Lakin qanunsuz beynəlxalq miqrasiyanın yüksək səviyyəsi təkcə yuxarıda vurğuladığımız problemlərə görə dünyanın əksər ölkələrində həyəcan doğurmur. Belə ki, yalnız miqrantlar cinayətkar şəbəkənin qurbanı olmurlar, eyni zamanda miqrantların özləri arasında da cinayətkarlar olur. Bu cür miqrasiya cəmiyyət və dövlət üçün bir sıra mənfi təzahürlərə gətirib çıxarır. Miqrantların arasında qanunla cəzalanmaqdan yaxa qurtarmaq naminə öz ölkəsini tərk edən cinayətkarlar və terrorçular olur. Getdikləri ölkədə yaşayış şəraitinin ağırlığından, yaxud gözlədikləri həyat şəraitini – mənzil və işi əldə edə bilməməkdən cinayət etmək məcburiyyətində qalan miqrantlar da, miqrantların qeyri-qanuni gətirilməsi ilə bağlı mütəşəkkil cinayətkarlıq və korrupsiya halları da cəmiyyətin kriminallaşma səviyyəsini artırır. Bundan başqa, insan və silah alveri, narkobiznes və s. kimi mənfi təzahürlər də genişlənir. Qanunsuz beynəlxalq miqrasiya “kölgə iqtisadiyyatı”nın, qeyri-leqal əmək bazarının inkişafına səbəb olur, millətlərarası gərginlik yüksəlir, dövlət üçün yeni siyasi və iqtisadi təhdidlər yaranır [24, s.14-18]
Qloballaşma şəraitində əhalinin qanunsuz beynəlxalq miqrasiyasını təşkil edən qeyri-leqal aktorların rolu artmaqdadır. Getdikcə daha çox insan miqrantların qeyri-leqal daşınması ilə məşğul olan gizli qruplara və ya şəxslərə müraciət edir. Bu prosesə cəlb olunan ölkələrin sayı artır, yeni-yeni marşrutlar işlənilir, bu marşrutlar daha da çətinləşdirilir, miqrantlar təyinat ölkəyə dolayı yollarla aparılır. Bu qanunsuz fəaliyyətdə ayrı-ayrı cinayətkarlar və mütəşəkkil cinayətkar şəbəkə geniş iştirak edir. Miqrasiyanın latent-gizli yollarla genişlənməsi meyli davam edir. Burada onun miqyasına nəzarət etmək, miqrantların hüquqlarını müdafiə etmək mümkünsüz olur. Son nəticədə bu, yalnız ayrı-ayrı insanların hüquqlarının pozulması kimi deyil, həm də dövlətlərin kollektiv təhlükəsizliyinə təhdid kimi çıxış edir [11, s.331-337].
BMT-nin qiymətləndirmələrinə görə, insan alveri ilə məşğul olan cinayətkar qruplar hər il təxminən 3,5 milyard ABŞ dolları həcmində pul qazanırlar. Böyük Britaniyanın “Ekonomist” jurnalının yazdığına görə, “kölgə iqtisadiyyatı” strukturlarının qeyri-leqal miqrasiyadan əldə etdikləri gəlirlər ildə 5-7 milyard dollar təşkil edir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ekspertləri isə belə hesab edirlər ki, bu cinayətkar biznes ildə 7 milyard dollar gəlir gətirir. İtaliya Deputatlar Palatasının sədri L.Violantenin fikrincə, insan alveri üzrə kölgəli biznes ildə 5 milyard dollar gəlir əldə edir, onun qurbanları isə əsasən qeyri-leqal məcburi miqrantlar, uşaqlar və qadınlardır. Tədqiqatçılar XXI əsrin “yeni köləliyi” adlandırılan insan alverinin qurbanı olmuş qadınların miqrasiyasının bir neçə dalğasını fərqləndirirlər. F.Abdullayev göstərir ki, birinci dalğa Tayland və filippinli immiqrantlar, ikinci dalğa Dominikan və Kolumbiyadan olan immiqrantlar, üçüncü dalğa Qana və Nigeriyadan çıxan mühacirlər, dördüncü dalğa isə Mərkəzi və Şərqi Avropadan (ilk növbədə Rusiya, Ukrayna və Moldovadan) olan qadınlardır. Bu istiqaməti Beynəlxalq Miqrasiya Təşkilatının verdiyi məlumat da təsdiq edir. Təşkilatın illik hesabatlarından birində göstərilir ki, Belçika, Niderland, Polşa və İsveçrə kimi ölkələrə aparılan slavyan qadınların sayı afrikalı, cənubi amerikalı və asiyalı qadınların sayından daha çoxdur [1, s. 27].
Qeyri-qanuni miqrasiyanın səbəbləri müxtəlif olduğundan miqrantların arasında, yuxarıda qeyd etdiyimiz kimi, cinayət niyyətli, əməkçi miqrantlar, sığınacaq axtaran şəxslər və s. ola bilər. Ona görə də onlara birtərəfli yanaşmaq olmaz, milli qanunvericilik və beynəlxalq hüquq mənbələri müvafiq faktik vəziyyəti ətraflı nəzərdən keçirməli, qanunsuz miqrantların adlarını çəkdiyimiz ayrı-ayrı kateqoriyalarına münasibətdə fərdi yanaşma tətbiq etməlidirlər.
 
4. Dünya ölkələrində qeyri-qanuni miqrantlar
 
Finlandiyada qeyri-leqal immiqrasiya hazırda ciddi problem sayılmır. Ölkədə təxminən 10 min immiqrantın qeyri-leqal şəkildə yaşadığı təxmin edilir. Onların əksəriyyəti ölkədə qalma şərtlərini pozanlardır. Finlandiya qanunvericiliyinə əsasən, qeyri-leqal immiqrasiyanın təşkili kriminal cinayət sayılır və cərimə və ya iki il azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır. Qeyri-leqal miqrantların əməyindən istifadə edən sahibkarlar üçün də cərimə və bir il həbs cəzası nəzərdə tutulmuşdur.
Siyasi sığınacaq almaq arzusunda olan əcnəbilərin əksəriyyəti İsveçrəyə gələrkən geri qaytarılmamaq üçün ölkəyə qeyri-leqal şəkildə daxil olmaq məcburiyyətində qalırlar. Məsələn, 1998-ci ildə İsveçrə sərhədində siyasi sığınacaq almaq istəyən 25,7 faiz əcnəbiyə rədd cavabı verilmişdi. Əgər xarici vətəndaş İsveçrəyə qeyri-leqal daxil olmuşdursa, o, qəbul mərkəzlərindən birinə gedərək öz ərizəsini verə bilər. Əgər xarici vətəndaşı İsveçrəyə qanunsuz keçməyə cəhd edərkən sərhəddə saxlayarlarsa, onu dərhal qonşu ölkənin hakimiyyət orqanlarına təhvil verirlər. Əcnəbi təhvil verildiyi ölkədə siyasi sığınacaq istəyə bilər. Əgər həmin əcnəbinin İsveçrədə yaxın qohumları qanuni əsaslarla yaşayırlarsa, hakimiyyət istisnaya yol verə bilər. Onun hətta hansı ölkədən gəldiyini müəyyənləşdirmək mümkün olmasa belə, İsveçrə hökuməti onun ərizəsini nəzərdən keçirə bilər.
Avstraliya qanunvericiliyinə əsasən, viza və yol sənədləri olmadan ölkəyə gəlməyə cəhd edən, eləcə də bu ölkədə müvəqqəti qalma şərtlərini pozan şəxslər qeyrl-leqal immiqrantlar sayılır. Avstraliyanın coğrafi cəhətdən yerləşməsinin özünəməxsusluğu müvafiq sənədləri olmayan immiqrantların da sayının azlığına təsir göstərir. Məsələn, 1999-2000-ci illərdə hava nəqliyyatı ilə cəmi 231, dəniz nəqliyyatı ilə isə təxminən 4000 qanunsuz giriş halı qeydə alınmışdır. Qeyri-leqal immiqrantların əksəriyyətini viza müddəti başa çatdıqdan sonra ölkədə qalmaqda davam edən şəxslər, habelə müvafiq icazə almadan işləyənlər təşkil edir. 2000-ci ildə bu cür insanlar 58.750 nəfər idi. Avstraliyada vizasız və ölkədə qalma şərtlərini pozan əcnəbilər saxlanılaraq deportasiya olunurlar. Əcnəbilərin qanunsuz gəlişinə kömək göstərən şəxslər 20 ilədək azadlıqdan məhrumetmə cəzası və 220.000 ABŞ dollarına qədər cərimə ala bilərlər. Avstraliya qeyri-leqal immiqrasiya və traffikinqə qarşı beynəlxalq proqramların fəal iştirakçısıdır. Onlardan Avropada, Şimali Amerikada və Avstraliyada miqrasiya siyasəti məsələləri üzrə Hökumətlərarası məsləhətləşmələri, Şərqi və Cənub-Şərqi Asiya ölkələrində insan ehtiyatlarının qeyri-leqal immiqrasiyasını və traffikinqini göstərmək olar. 
Danimarkaya qeyri-leqal miqrasiya axınını sərhəd nəzarətindən yayınaraq və ya saxta sənədlərdən istifadə edərək ölkəyə gələnlər, həmçinin bu ölkədə müvəqqəti qalma şərtlərini pozanlar təşkil edirlər. Danimarka qanunvericiliyi həm qeyri-leqal miqrasiyanın qarşısının alınması, həm də ölkədə qanunsuz şəkildə qalan miqrantların aşkarlanması və cəzalandırılması üzrə tədbirlər nəzərdə tutur. Onlardan viza tələblərinin, sərhəd nəzarətinin və ölkə daxilində yoxlamanın sərtləşdirilməsini, qeyri-leqal işçilərin əməyindən istifadə edən sahibkarlara münasibətdə sanksiyaların tətbiq edilməsini, qeyri-leqal miqrantların saxlanılmasını və deportasiyasını qeyd etmək olar. Qeyri-leqal miqrasiyaya qarşı tədbirlərin gerçəkləşdirilməsi üzrə məsuliyyət Milli polis komissarının başçılıq etdiyi Mərkəzi Polis Departamentinin üzərinə qoyulmuşdur. 
Yeni Zelandiyada qeyri-leqal immiqrantlar əsasən ölkədə qalma müddətini pozan və sərhədi qanunsuz keçməyə cəhd edən şəxslərdən ibarətdir. Qeyd edək ki, ölkəyə gələn qeyri-leqal miqrantların mənşə ölkələri başlıca olaraq Samoa (21%), Tonqa (21%) və Taylanddır (10%). 2000-2001-ci illərdə Yeni Zelandiyadan 635 qeyri-leqal immiqrant deportasiya olunmuş, 409 nəfər ölkəni könüllü tərk etmiş, 1149 əcnəbi sərhəddə (onların 65%-i Tayland ilə sərhəddə) saxlanılmışdır [16, s. 110, 115, 148, 228, 256].
2003-cü il sentyabrın 18-də MDB çərçivəsində qeyri-qanuni miqrasiya ilə mübarizə aparan koordinasiya strukturunun– Dövlətlərarası Birgə Komissiya statusunda qurumun təsis edilməsi qərara alınmışdır. Şura çərçivəsində “MDB ərazisinə gələn əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin vahid uçot sisteminə dair Qaydalar” layihəsi hazırlanmışdır. 2004-cü il iyulun 13-də Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası qəbul edilmişdir. Konsepsiyanın Azərbaycan Respublikasında miqrasiya proseslərinin tənzimlənməsinin məqsədləri, prinsipləri və vəzifələrindən bəhs edən bölməsində xarici siyasət sahəsində əsas vəzifələrin qanunsuz miqrasiyanın bütün formalarının, xüsusilə də insan alverinin qarşısının alınmasında dövlətlər və müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsindən ibarət olduğu göstərilir [4].
Belarus Respublikasında insan alveri, qeyri-leqal miqrasiya və bunlarla bağlı qanunazidd əməllərə qarşı fəaliyyət üzrə Dövlət Proqramının 2.7 maddəsinə əsasən, Proqram insan alveri ilə əlaqədar cinayətkarlığın səviyyəsinin aşağı salınmasına, insan alveri qurbanlarının müdafiəsini və reabilitasiyasını təmin etməyə, insan alverinin qarşısının alınması, aşkarlanması və buna yol verilməməsi üzrə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə, xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla insan alverinə qarşı fəaliyyət sahəsində əməkdaşlığın inkişafına kömək etməyə imkan verəcək [14].
Qırğızıstan Respublikasında 2007-ci ildə təsdiq edilmiş Miqrasiya proseslərinin nizamlanması üzrə Dövlət Proqramında göstərilir ki, miqrasiya proseslərinə yetərincə dövlət nəzarətinin olmaması səbəbindən insanların qeyri-qanuni daşınması və ticarəti halları geniş yayılmışdır. Əmək və seksual istismar məqsədilə insanların qeyri-qanuni miqrasiyası faktları narahatlıq doğurur. Bütün bunlar əhalinin miqrasiyası ilə bağlı problemlərin həllinə istiqamətlənmiş dövlət siyasətinin gücləndirilməsini şərtləndirir [15].
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı (2006-2008-ci illər) ölkədə mövcud miqrasiya proseslərinin təhlili əsasında bu sahənin gələcək inkişaf istiqamətlərini və həyata keçirilməli olan zəruri tədbirləri özündə əks etdirir. Dövlət Proqramının əsas məqsədi miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin effektivliyinin təmin edilməsi, miqrasiya sahəsində vahid məlumat bankının, müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması və miqrantlarla bağlı sosial müdafiə tədbirlərinin həyata keçirilməsindən ibarətdir. Proqramda qeyd edilir ki, Azərbaycan Respublikasının ərazisində müvafiq qanunvericiliyin tələblərinə uyğun olmadan ölkəyə gələn, burada qalan və ya işləyən əcnəbilər – qeyri-qanuni miqrantlar da vardır. Azərbaycan Respublikasının bir sıra dövlətlərlə vizasız gediş-gəliş rejiminin mövcud olması, ölkəmizin ərazisindən tranzit qaydasında keçən və ya Azərbaycan Respublikasına qısa müddətə gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə kifayət qədər nəzarət edilməməsi və aidiyyəti dövlət orqanları tərəfindən qanunların tətbiqində nöqsanlara yol verilməsi nəticəsində qanunsuz olaraq ölkəmizin ərazisindən üçüncü dövlətlərə getmək məqsədilə istifadə etməyə cəhd göstərən və ya Azərbaycan Respublikasında qanuni əsaslar olmadan daimi yaşayan əcnəbilərin sayı daim artmaqdadır [5].
 
Nəticə
 
Beləliklə, qeyd edə bilərik ki, qanunsuz beynəlxalq miqrasiya – miqrantların qeyri-qanuni şəkildə və qanunazidd üsullarla digər ölkələrə aparılması transmilli mütəşəkkil cinayətkar qrupların fəaliyyətinin əsas hissəsini təşkil edir. Problem ciddi olduğundan və hazırda aktuallıq kəsb etdiyindən onun qarşısını tək bir dövlətin alması mümkün deyil. Bu böyük bəla ilə mübarizə aparmaq məqsədilə beynəlxalq əməkdaşlıq genişləndirilməli, milli koordinasiya möhkəmləndirilməli və mövcud boşluqların doldurulması üçün qanunların beynəlxalq razılaşdırılması təmin edilməlidir. Miqrantların qanunsuz daşınmasına son qoymaq məqsədilə çıxış, tranzit və son təyinat ölkəsində bütün maraqlı tərəflərin qarşılıqlı əlaqələri prioritet əhəmiyyət kəsb edir. Miqrantların qanunsuz gətirilməsinin təşkilinə görə məsuliyyət tədbirləri gücləndirilməli, sərhəd xidmətinin işi təkmilləşdirilməli, əmək bazarının nəzarət altında saxlanılması ilə qanunsuz işədüzəlmə halları məhdudlaşdırılmalı və sahibkarlara qarşı inzibati, cinayət və mülki-hüquqi sanksiyalar tətbiq edilməlidir. Bundan başqa, qeyri-leqal miqrantı quru, su və ya hava nəqliyyatı ilə gətirən nəqliyyat şirkətlərinə qarşı sanksiyalar da tətbiq edilməlidir. Əcnəbi vətəndaşlar ölkədə qanunsuz qalarlarsa, onların məsuliyyəti gücləndirilməlidir. Qanuni miqrasiya kanallarından daha geniş istifadə edilməsi məqsədəuyğundur. Qanunsuz miqrantların mənsub olduqları mənşə ölkələrinə maliyyə-iqtisadi yardım göstərilməsi də bu problemin aradan qaldırılması istiqamətində görüləcək tədbirlərdən biri ola bilər. Qanunsuz beynəlxalq miqrasiya probleminin tənzimlənməsində BMT Baş Assambleyasının  “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasının, “İnsan alverinin, xüsusən qadın və  uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” və “Miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı” protokollarının da rolunu xüsusi qeyd etmək lazımdır. 
 
İstifadə edilmiş ədəbiyyat
 
Azərbaycan dilində:
 
1. Abdullayev F.N. Beynəlxalq münasibətlər və miqrasiya prosesləri: geosiyasi aspektlər: Siy. elm. üzrə dok. ... dis. Bakı, 2017, 273 s.
2. Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003‐cü il, № 4. 
3. Azərbaycan Respublikasında miqrasiya prosesləri və proseslərə dövlət nəzarəti. // “Azərbaycan” qəzeti, 18 mart 2014-cü il.
4. “Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı.-  http://www.migration.gov.az/images/pdf/3aea5001888d709785dd0bef89ad5fa8.pdf 
5. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı (2006-2008-ci illər). - http://www.migration.gov.az/images/pdf/16bfdf4bb2704d4c2ec7596f17671dae.pdf 
6. BMT‐nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyası. -  http://www.migration.gov.az/images/pdf/b6b9f093b2668222a6f6d5a0481ff5a1.pdf  
7. İnsan alverinin formaları. - http://az.strategiya.az/index.php?do=xeber&id=25725 
 
İngilis dilində:
 
8. Givens T. E. Immigrant Integration in Europe: Empirical Research // In: Annual Review of Political Science. 2007, № 10(1).
9. UNODC: The Globalization of Crime: A Transnational Organized Crime Threat Assessment. 2010. - http://www.unodc.org/documents/data-and-analysis/tocta/TOCTA_Report_2010_low_res.pdf
 
Rus dilində:
 
10. Аббасбейли А. Азербайджан в системе международных и региональных организаций. Баку: АГИ, 1999, 256 с.
11. Абдуллаев Ф. Международные миграционные процессы и кризис современной модели мультикультурализма. // Культура диалога культур: постановка и грани проблемы / Ответ. ред. Меликов И.М., Гезалов А.А. Москва: «Канон+» РООИ «Реабилитация», 2015, c.331-337.
12. В Европу в 2016 году прибыли около 382 тысяч незаконных мигрантов. -  https://ria.ru/world/20170215/1488060067.html 
13. Глоссарий терминов в области миграции. Международное миграционное право, №2, Женева, 2005, 98 с.
14. Государственная программа противодействия торговле людьми, нелегальной миграции и связанным с ними противоправным деяниям на 2011 - 2013 годы. -  http://pravo.levonevsky.org/bazaby11/republic04/text650.htm
15. Государственная программа Кыргызской Республики по регулированию миграционных процессов на 2007-2010 годы. -  http://cbd.minjust.gov.kg/act/view/ru-ru/58607
16. Денисенко М.Б. Миграционная политика в зарубежных странах и Российской Федерации: опыт сравнительного анализа. Москва, 2003, 283 с. 
17. Доход контрабандистов от нелегальной миграц
© 2011-2018. Müəlliflik hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qorunur. Bütün hüquqlar "Strateji təhlil" jurnalına aiddir. Məlumatlardan istifadə edərkən stj.sam.az saytına istinad zəruridir.