Məqalələr

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun tariximizdə yeri Ümummilli lider Heydər Əliyev- milli intibahın banisi, müstəqil dövlətçiliyin memarı Azərbaycan Cümhuriyyətinin müqəddəratında Böyük Britaniya amili Bir əsrlik dövlətçilik tarixinə siyasi liderlik fenomeni işığında baxış: Ümummilli lider Heydər Əliyev - 95 К вопросу о создании Армянского государства и определения его границ на переговорах в Батуми и Стамбуле в1918 г. Azərbaycan Xalq Cümhuriyyətinin parlament sənədləri Zəngəzur, Qarabağ və Naxçıvanda 1918-1920-ci illərdə erməni vəhşiliklərini öyrənmək üçün mənbə kimi Геноцид тюрко-мусульманского населения Азербайджана по документам Британских дипломатов XX əsrdə erməni rəsmi dairələrinin kürdlərə qarşı həyata keçirdiyi deportasiya, repressiya və terror aktları haqqında (etnosiyasi analiz) Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Osmanlı dövlətinin siyasəti (iyun-oktyabr 1918-ci il) Нахчыван на переднем крае борьбы с армянской агрессией в период Азербайджанской Демократической Республики Sərhədyanı mübahisə 1918-1920-ci illərdə Azərbaycan-Gürcüstan münasibətlərində əlverişsiz amil kimi Особая Комиссия и ее “особые” сотрудники Равноправие и гендер: путь, пройденный от Азербайджанской Демократической Республики до Первого вице-президента Экономическая политика Азербайджанской Демократической Республики: поиски оптимальной модели Вопрос об экономических отношениях между Азербайджанской Республикой и РСФСР на страницах журнала “Нефтяное дело” 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin aqrar siyasəti Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti Военно-политические аспекты деятельности Азербайджанского правительства в 1918-1920 гг. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu Mirzə Bala Məmmədzadənin ideoloji görüşləri Tam siyahı

Milli mənəvi dəyərlərin qorunmasında Heydər Əliyevin rolu: medianın dəstəyi və qiymətləndirməsi prizmasında

Müəllif: Strateji Tehlil Jurnali

baxılıb: 1265

Dek 21, 2017 - 3:12

Milli mənəvi dəyərlərin qorunmasında Heydər Əliyevin rolu:
medianın dəstəyi və qiymətləndirməsi prizmasında

 

 

Vüqar RƏHİMZADƏ 

Bakı Slavyan Universitetinin dosenti, 

siyasi elmlər üzrə fəlsəfə doktoru 

vuqarrehimzade@mail.ru

 

Açar sözlər: Heydər Əliyev, milli mənəvi dəyərlər, din, dil, mədəniyyət, adət-ənənə, mətbuat

Key words: Heydar Aliyev, national spiritual values, religion, language, civilization, customs, media

Ключевые слова: Гейдар Алиев, национальные духовныe ценности, религия, язык, культура, традиции, пресса

 

Giriş
 
Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki bu dəyərlərin xalqımızın formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Bu gün milli dəyərlərimiz elliklə, bütün xalq tərəfindən, dövlətin öz himayəsi altında qorunur və daha da inkişaf etdirilir.
İnsanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli mənəvi dəyərlərin yaradıcısı xalqdır. Xalqın mövcudluğunun əsas göstəricisi olan milli mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli mənəvi dəyərlər sisteminə malikdir. Bu milli mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir.
Mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran, inkişafa kömək edən davranış qaydalarıdır. Bu qaydalar dünya sivilizasiyasının təməli qoyulandan yaranmağa başlamışdır. Dəyərlərin formalaşması prosesi nəticəsində dünyada hər bir fərdin haqlarını daha dolğun təsdiq edən xüsusiyyətlər yaranır.
 
1. Milli mənəvi dəyərlər milli ruhun, milli şüurun simvolu kimi
 
Dünya xalqları arasında milli mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur. Uzun illər aparılan tədqiqatlar zamanı aydın olmuşdur ki, qədim köklərə malik Azərbaycan əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub saxlaya bilmişdir.
Xalqın toy-büsat mərasimi, bayram adət-ənənələri, Novruz mərasimləri, yas mərasimləri, islam dininin təmizlik, düzlük, insanlıq kimi bəşəri, ali hissləri tərbiyə edən dəyərləri onun milli mənəvi dəyərlərini özündə yaşadır. Bütün bunların kontekstində Azərbaycan vətəndaşının varlığı göstərilir. Uzun illərin yolu və əsrlərin, qərinələrin sorağı bizi bu ənənələrə bağlamış, dövrümüzə körpü salmışdır. Müasir insanın formalaşması və özünütəsdiqi məhz milli mənəvi dəyərlərin aşılanması prosesi ilə bağlıdır. Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi hazırda xalqın fəxr mənbəyi və dünya mədəniyyətinə töhfəsi qismində çıxış edir. Bu sahəyə dövlət qayğısının gündən-günə artırılması və beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülən işlər qeyri-maddi mədəni irsin gələcəyinə nikbin baxmağa ümidləri artırır [1].
Milli mənəvi dəyərlər hər bir Azərbaycan vətəndaşı üçün doğma, əziz və müqəddəsdir. Bu həm də milli ruhun, milli şüurun simvolu olaraq tarixi yaddaşın fundamental prinsiplər əsasında formalaşması deməkdir. Xalqımız, millətimiz keçmişin bütün buxovlarından azad olduqdan sonra əlindən zorla alınmış milli mənəvi dəyərlərinin, milli özünüdərkin formalaşmasına yeni zəmin yarandı.
Müasir tariximizin səhifələrində yer almış milli oyanış dövründə millətin həmin dəyərlər uğrunda canından belə keçməyə hazır olması xalqımızın milli dəyərlərə sadiqliyinin nümunəsidir. 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başlamış, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmışdır.
Ulu öndər Heydər Əliyev xalqda milli heysiyyəti gücləndirmək, onu öz şanlı keçmişinə, soykökünə qaytarmaq, habelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir sıra tədbirlər həyata keçirmişdir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi gənc müstəqil dövlətimizin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli mənəvi irsini ehtiva edən ideyanın – Azərbaycançılığın təşəkkülü və inkişafına mühüm təsir göstərmişdir.
 
2. Ulu öndər Heydər Əliyev milli mənəvi dəyərlərimizin hamisidir
 
Ümummilli lider Heydər Əliyevin böyüklüyü rəhbər vəzifəyə gəldiyi gündən bu dəyərləri düzgün qiymətləndirməsində, daim diqqət mərkəzində saxlamasında idi. Ümummilli liderin milli ideologiyanın ən mühüm istiqamətlərindən və komponentlərindən biri kimi qiymətləndirdiyi milli mənəvi dəyərlər özü də mürəkkəb daxili struktura malikdir. Burada Heydər Əliyev milli mənəvi dəyərlərin üç tərkib hissəsini xüsusi qeyd edirdi: dil, din, adət-ənənə [1].
Heydər Əliyev milli mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub-saxlanılmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü. Bildirirdi ki, bunlarsız millət yoxdur. Bunları qoruyub-saxlamış xalq isə daim müstəqillik yolu ilə getmək, müstəqilliyini qorumaq əzmindədir. “...Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” - deyən Heydər Əliyev Azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi [2].
Ulu öndər Heydər Əliyev bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durdu. Tariximizin qədimliyi və zənginliyinin mühüm göstəricisi olan tarixi abidə və eksponatların qorunub-saxlanılması və gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycanın bütün bölgələrində tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında Sərəncam imzaladı. Azərbaycan folklorunun daha dərindən araşdırılması, aşıq sənətinin inkişafı, milli mərasimlərimizin təbliği istiqamətində ciddi tədbirlər həyata keçirildi [3].
Heydər Əliyev dövlət quruculuğu prosesi ilə paralel surətdə mədəni-mənəvi quruculuq və milli-tarixi yaddaşın bərpası işlərini də həyata keçirirdi. Vaxtilə qadağalara məruz qalan, yasaq olunan milli və dini bayramlar, adət və mərasimlər xalqa qaytarıldı. Heydər Əliyev hər il qədim milli bayramımız olan Novruzda əhali ilə bayramlaşmağa çıxır, azad və müstəqil xalqımızın Novruz sevinclərindən xüsusi zövq alırdı. Heydər Əliyev bu tədbirləri təkcə Azərbaycan yox, bütün türk dünyası miqyasında həyata keçirirdi. Ortaq türk mədəniyyəti və mənəviyyatının öyrənilib təbliğ edilməsi, keçmişdən gələcəyə ötürülməsi yönündə müstəsna xidmətlər göstərirdi. Qırğızların “Manas” eposunun 1000 illik yubileyində iştirak və çıxış edən Ulu öndər Heydər Əliyev bütün türk dünyası üçün əvəzedilməz müdrik bir şəxsiyyət olduğunu bir daha sübut etdi.
Ulu öndər Heydər Əliyev islam dini ilə bağlı olan mərasim və adətlərin də layiqincə keçirilməsi üçün hər cür şərait yaratmışdı. 1994-cü ildə Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində müqəddəs Kəbəni ziyarət etməsi, Mirmövsüm Ağa ziyarətgahında din xadimləri və möminlərlə görüşməsi, Bibiheybət məscid-kompleksinin yenidən qurulmasına xeyir-dua verməsi Ulu öndər Heydər Əliyevin dini-əxlaqi dəyərlərə sadiqliyinin real təsdiqi idi.
Qloballaşan dünyada mənəvi dəyərlərin böyük təhlükələrlə üzləşdiyi məqamlarda Heydər Əliyev qətiyyətli bir lider kimi mövqeyini ortaya qoyurdu. Ulu öndərin milli mənəvi dəyərlərin qorunması ilə bağlı 2001-ci il avqustun 13-də verdiyi “Milli mənəvi dəyərlərin pozulması xalqımıza qarşı bağışlanmaz xəyanətdir” bəyanatı problemə təkcə dövlət rəhbərinin yox, həm də müdrik bir el ağsaqqalının münasibəti idi. “Biz öz milli mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik” deyən Ümummilli Liderin işıqlı ideyaları bu gün də yaşayır və həyata keçirilir [4].
 
3.   Prezident İlham Əliyevin milli mənəvi dəyərlərin qorunması və inkişafı konsepsiyası
 
Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli fəaliyyəti ilə sübuta yetirən Prezident İlham Əliyev regionda cərəyan edən proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən ciddi fenomenə çevrilmişdir. Bu gün Prezident İlham Əliyevi eyni zamanda Azərbaycanın milli mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisi kimi görürük.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan və milli mənəvi dəyərlərə dayanan islahatların başlıca məqsədi müasir dünya çağırışlarına cavab verən güclü, rəqabətədavamlı və vətəndaşın daha yaxşı yaşadığı dövlətin qurulmasıdır. Bu vəzifələri yerinə yetirmək üçün xalqımızın özünün milli mənəvi dəyərlərinə, tarixinə sahib  çıxması vacibdir.  Prezident İlham Əliyevin konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli dövlətçilikdir. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli mənəvi dəyərlərin qorunmasına xidmət edir. Dövlətçilik hisslərinə malik olmadan xalq milli dövlətini inkişaf etdirə bilməz. Bu gün Ulu öndərin ali ideyalarının gerçəkləşməsində Prezident İlham Əliyevlə birgə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da yaxından iştirak edir [5].
 
4. Azərbaycanda sosial və mənəvi sahələrin inkişafına əvəzsiz töhfə verəcək Fond yaradıldı
 
Sirr deyil ki, müasir dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik-dini tolerantlıq Azərbaycan cəmiyyətinin birgəyaşayış normasına çevrilib. Hazırda Azərbaycan nəinki Cənubi Qafqazda, bütün Yaxın və Orta Şərqdə İslam mədəniyyətinin, tolerant mühitin formalaşdığı, radikal baxışlara ictimai qınağın və dövlət nəzarətinin effektiv vəhdətinin mövcud olduğu nümunəvi ölkələrdən biridir. Azərbaycanda həyata keçirilən din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və etnik-dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən dövlət siyasətinin məntiqi nəticəsidir. Azərbaycan cəmiyyətində bərqərar olmuş yüksək tolerantlıq mühitinin gücləndirilməsi müstəqil dövlətçiliyin inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. Məhz ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb [7].
Fondun fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunmasına və inkişafına, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanmasına və həyata keçirilməsinə, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə, habelə bu sahədə sosial layihələrin reallaşdırılmasına dövlət dəstəyini təmin etməkdir.
Fond eyni zamanda müəyyən edilmiş məqsədlərə nail olmaq üçün bir sıra vəzifələri də yerinə yetirəcəkdir. Belə ki, mənəvi dəyərlərin qorunması, mənəvi, dini dəyərlərin araşdırılması, dini radikalizmdən, alkoqolizmdən, narkomaniyadan əziyyət çəkən şəxslərin cəmiyyətə yenidən inteqrasiyası, məscidlərin və digər dini abidələrin tikintisinə və bərpasına, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinin həyata keçirilməsinə dəstək verir, dini təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasına, təhsil alanların sosial müdafiəsinin gücləndirilməsinə, istedadlı şəхslərin təhsilini davam etdirməsinə, sоsial müdafiəyə ehtiyacı оlanların təhsil almasına, Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin ailələrinə, habelə müharibə əlillərinə maddi yardım göstərir. Həmçinin, aztəminatlı ailələrə dəfn xərclərinin ödənilməsi ilə bağlı maddi yardım göstərir, xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə kömək göstərilməsi üçün tədbirlər görür, o cümlədən onların dərman vasitələri, zəruri ərzaq və əsas tələbat malları almasına maddi yardım göstərir, çətin həyat şəraitində yaşayan şəxslərin sosial problemlərinin aradan qaldırılması və onlara ictimai həyatda digər insanlarla bərabər iştirak imkanlarının yaradılması, habelə belə şəxslərə sosial xidmət göstərilməsinin təşkili istiqamətində tədbirlər görür [8].
Fond bununla yanaşı “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dini təyinatlı ədəbiyyat, audio və videomateriallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarının hazırlanmasına dəstək verir, valideynlərini itirməsinə və ya valideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində yaşamış şəxslərin həmin müəssisələri tərk etdikdən sonra yaşayış xərclərinin ödənilməsi ilə bağlı tədbirlər görür, onlara maddi yardım göstərir [7].
Bir sözlə, yaradılan bu Fond Azərbaycanda sosial və mənəvi sahələrin inkişafına əvəzsiz töhfə verəcək. Bu bir daha Prezident İlham Əliyevin vətəndaşlara, milli-mənəvi dəyərlər sahəsinə göstərdiyi diqqət və qayğını sübut edir.
 
5. Milli mənəvi dəyərlərin qorunması və təbliğində mətbuatın rolu 
 
Bütün bunların fonunda, heç şübhəsiz, ölkəmizdə milli mənəvi dəyərlərin qorunması və geniş təbliğ edilməsində mətbuatın da xüsusi rolu vardır. Azərbaycan xalqının milli mənlik şüurunun oyanışında, zəngin tarixi-mədəni irs, adət-ənənələr üzərində yeni tipli mədəniyyətin yaradılmasında, türklük düşüncəsi, islam dəyərləri, müasir demokratik prinsiplər əsasında Azərbaycançılıq məfkurəsinin yaradılmasında anadilli jurnalistikamız ilk günlərdən həm təşkilati, həm təbliğati, həm də təşviqati işin mərkəzində olmuşdur. İllər keçdikcə KİV milli mənəvi dəyərləri yeniləşdirib zənginləşdirməkdən əlavə, həm də onu yad təsirlərdən qoruyan ideya-mənəvi sipər rolunu oynamışdır [6].
Bu gün mətbuatda və sosial mediada milli adət-ənənələrimizi, milli ideologiyamızı, tariximizi, ana dilimizi, ölkəmizdə mövcud olan ənənəvi dinimizi qorumağın, o cümlədən sosial şəbəkələr vasitəsilə gənc nəslə təbliğ etməyin yolları müzakirə edilir, milli adət-ənənələrimizlə mədəni inkişafımızın vəhdəti araşdırılır və geniş ictimaiyyətə çatdırılır. Mətbuatda aparılan işlərin əsas hədəfi isə gənc nəslin milli mənəvi dəyərlərə sahib çıxmasını, onu qorumasını və vətənpərvərlik hisslərini gücləndirməsini təmin etməkdir.
  
İstifadə edilmiş ədəbiyyat:
 
1. Adət və ənənələr mənəvi-əxlaqi dəyərlər kimi [Mətn]. Bakı: Nərgiz, 2000.
2. Adil Abdulla Əl-Fəlah. Heydər Əliyev və milli mənəvi dəyərlər/Adil Abdulla Əl-Fəlah; elmi red. və ön sözün müəl. A.Paşazadə; dizayn M.Xəlilov.Bakı: Qismət, 2007.
3. Azərbaycan etnoqrafiyası: üç cilddə. Bakı: Şərq-Qərb, 2007, 568 s.
4. Heydər Əliyev və Azərbaycan ədəbiyyatı [Mətn] /elmi red. B.Ə.Nəbiyev; AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu.- Bakı: Şərq-Qərb, 2009, 248 s.
5. İsmayılov N. Heydər Əliyev və milli mənəvi dəyərlərimiz. Bakı: Səda, 2003
6. Milli mənəvi dəyərlərin pozulması xalqımıza qarşı bağışlanmaz xəyanətdir: Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bəyanatı, 13 avqust 2001-ci il //"Azərbaycan" qəzeti,  14 avqust 2001-ci il, s.1
7. Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. /Bakı şəhəri, 10 oktyabr 2017-ci il/ - https://azertag.az/xeber/Menevi_Deyerlerin_Tebligi_Fondunun_yaradilmasi_haqqinda_Azerbaycan_Respublikasi_Prezidentinin_Fermani-1101382
8. Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi. /Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir/ - https://azertag.az/xeber/Menevi_Deyerlerin_Tebligi_FondununNIZAMNAMASI-1101389
 
Vugar Rahimzadeh 
The role of Heydar Aliyev in the protection of national spiritual values: 
In the prism of media support and evaluation
 
National spiritual values are the rules of behavior forming the human in the society and assisting to the development. These rules are based on the foundation of world civilization. 
As a result of the process of creating values in the world, a system of traditions and principles is being created that fully confirm the rights of each person. In our recent history, the identity of the national leader Heydar Aliyev is a vivid example of adherence to the national-spiritual values of his people.
Coming to power in Azerbaijan on July 14, 1969, the National leader Heydar Aliyev, having overcome all ideological and political barriers, began to take all necessary measures for the national revival and protection of the national spiritual values of the Azerbaijani people.
 
Вугар Рагимзаде 
Роль Гейдара Алиева в защите национальных духовных ценностей:
в призме поддержки и оценивание СМИ
 
Духовныe ценности - это правила поведения, которые формируют человеческое развитие в обществе. Эти правила основаны на фундаменте мировой цивилизации. В результате процесса формирования ценностей в мире создается система традиций и принципов, которые в полной мере подтверждают права каждого человека.
В нашей новейшей истории, личность национального лидера Гейдара Алиева  является ярким примером приверженности  национально-духовным ценностям  своего народа.
Пришедший к власти в Азербайджане 14 июля 1969 года, Национальный лидер Гейдар Алиев, преодолев  все идеологические и политические барьеры, начал принимать все необходимые меры для национального возрождения и защиты национальных духовных ценностей азербайджанского народа.
 
Məqalə redaksiyaya daxil olmuşdur:  14.10.2017
Təkrar işləməyə göndərilmişdir:  26.10.2017
Çapa qəbul edilmişdir:  13.11.2017
© 2011-2018. Müəlliflik hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qorunur. Bütün hüquqlar "Strateji təhlil" jurnalına aiddir. Məlumatlardan istifadə edərkən stj.sam.az saytına istinad zəruridir.