Məqalələr

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun tariximizdə yeri Ümummilli lider Heydər Əliyev- milli intibahın banisi, müstəqil dövlətçiliyin memarı Azərbaycan Cümhuriyyətinin müqəddəratında Böyük Britaniya amili Bir əsrlik dövlətçilik tarixinə siyasi liderlik fenomeni işığında baxış: Ümummilli lider Heydər Əliyev - 95 К вопросу о создании Армянского государства и определения его границ на переговорах в Батуми и Стамбуле в1918 г. Azərbaycan Xalq Cümhuriyyətinin parlament sənədləri Zəngəzur, Qarabağ və Naxçıvanda 1918-1920-ci illərdə erməni vəhşiliklərini öyrənmək üçün mənbə kimi Геноцид тюрко-мусульманского населения Азербайджана по документам Британских дипломатов XX əsrdə erməni rəsmi dairələrinin kürdlərə qarşı həyata keçirdiyi deportasiya, repressiya və terror aktları haqqında (etnosiyasi analiz) Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Osmanlı dövlətinin siyasəti (iyun-oktyabr 1918-ci il) Нахчыван на переднем крае борьбы с армянской агрессией в период Азербайджанской Демократической Республики Sərhədyanı mübahisə 1918-1920-ci illərdə Azərbaycan-Gürcüstan münasibətlərində əlverişsiz amil kimi Особая Комиссия и ее “особые” сотрудники Равноправие и гендер: путь, пройденный от Азербайджанской Демократической Республики до Первого вице-президента Экономическая политика Азербайджанской Демократической Республики: поиски оптимальной модели Вопрос об экономических отношениях между Азербайджанской Республикой и РСФСР на страницах журнала “Нефтяное дело” 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin aqrar siyasəti Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti Военно-политические аспекты деятельности Азербайджанского правительства в 1918-1920 гг. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu Mirzə Bala Məmmədzadənin ideoloji görüşləri Tam siyahı

Mirzə Bala Məmmədzadənin ideoloji görüşləri

Müəllif: Strateji Tehlil Jurnali

baxılıb: 165

Avq 20, 2018 - 10:38

Mirzə Bala Məmmədzadənin ideoloji görüşləri

Rəfail  ƏHMƏDLİ

Azərbaycan Respublikasının Prezidenti yanında 
Ali Attestasiya Komissiyasının şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor

                                                                                                  ehmedli.rafail@mail.ru  

 

 

Açar sözlər: Mirzə Bala Məmmədzadə, millətçilik, islamçılıq, türkçülük, müasirlik, müstəqillik, milli dövlət, müstəqillik uğrunda mübarizə, milli ideologiya

Key words: Mirza Bala Mammadzade, nationalism, islamism, turkism, sovereignty, indifference, national sovereignty, debt to indifference, national ideology

Ключевые слова: Мирза Балa Маммадзаде, национализм, исламизм, тюркизм, современность, независимость, национальное государство, борьба за независимость, национальная идеология

 

Giriş
 
XX əsrin əvvəllərində Azərbaycanda başlayan yeniləşmə və milliyyətçilik hərəkatları müstəqillik tariximizdə yeni bir dövrün başlanğıcı olmuşdur. Bu dövrdə ölkədə baş verən siyasi və tarixi hadisələr Azərbaycan ideoloji tarixi və dünyagörüşünün də dönüş nöqtəsi olmuşdur.
XIX əsrin ikinci yarısından başlayaraq “islamçılıq” kimi formalaşan “İslam birliyi” ideyası əvvəlcə Osmanlı Türkiyəsində dövlət səviyyəsində gündəmə gətirilmiş, sonradan Rusiya imperiyası tərkibində yaşayan məhkum müsəlman xalqları, o cümlədən də Quzey Azərbaycan türkləri arasında da yayılmağa başlamışdı.
Şeyx Cəmaləddin Əfqaninin “İslam birliyi” ideyasını qəbul edənlər sonradan ona “Avropalılaşmaq” və “Türkləşmək” məfkurələrini də əlavə edərək “Türkləşmək, islamlaşmaq və müasirləşmək” kimi ideoloji bir sistem yaratmağa müvəffəq olmuşlar [1].  
Özünün də aktiv şəkildə iştirak etdiyi və bu dövrü xarakterizə edən Mirzə Bala göstərir ki, 1911-ci ilin oktyabr ayında Nağı oğullarından Tağı, Rəsulzadə Məmmədəli və Kazımzadə Abbas bəylərdən ibarət üç dost Bakıda “Müsavat” adlı siyasi-milli bir firqə yaratmış, bu firqənin ilk proqramını tənzim edərək ilk bəyannaməsi ilə birlikdə nəşr etdirmişdilər. Bu üç dost inqilabçılar yuvası sayılan Bakı Sənaye Məktəbində oxuduqları zaman Rəsulzadə Məmmədəmin bəy də daxil olmaqla çarizm rejiminə qarşı mübarizə hərəkatına qoşulmuş, axırda rus inqilabçılarından ayrılaraq müxtəlif adlarla siyasi qruplar təşkil etdikdən sonra müstəqil siyasi-milli bir firqə yaratmaqla fəaliyyətə başlamışlar. “Müsavat”ın ilk özəyini təşkil edən bu qrupun jurnalist, yazıçı, şair və sərbəst peşə sahibi olan türk ziyalıları arasında fəhlə, kəndli, məmur və kiçik burjua mühitində geniş əlaqələri var idi. 
Partiyanın ilk ideologiyasını şərh edən Mirzə Bala göstərir ki, “Müsavat”ın ilk proqramı və bəyannaməsi islami mahiyyətdə idi. Burada “ümmət” ilə “millət” “müsəlmanlıq” ilə “türklük” bir-birindən ayırd edilməmişdi. Qayəsi bütün müstəqil müsəlman dövlətlərinin istiqlallarını qorumaq və bütün məhkum müsəlman millətlərinin istiqlala qovuşmalarına kömək etmək idi.
Mirzə Bala göstərir ki, o zamanlar İstanbulda siyasi mühacir olan Məmmədəmin Rəsulzadə bəy yazdığı məktublar və göndərdiyi yeni “türkçü” nəşrlər vasitəsilə bu firqənin ideologiyasına çox mühüm və əsaslı təsir göstərmiş, partiyanın “ümmətçilik”dən “millətçiliyə” “islamçılıq”dan “türkçülüyə” keçməsinə səbəb olmuşdu. 1917-ci il fevral inqilabından sonra Gəncədə Yusif bəy Nəsibbəyli tərəfindən yaradılan “Türk Ədəmi-mərkəziyyət” partiyasının həmin ilin aprel ayında “Müsavat” partiyası ilə birləşməsi sayəsində “Müsavat” partiyası daha da güclənmiş, ölkədəki milli qüvvələr tamamilə bu firqənin ətrafında birləşmiş və bununla da “Müsavat” partiyası Azərbaycan milli hərəkatını idarə edən yeganə bir siyasi təşkilat halına gəlmişdi [2, s.5-6].  
 
M.B.Məmmədzadənin ideoloji görüşləri və fəaliyyəti
 
Mirzə Bala hələ “Rüstiyyə”də oxuduğu dövrdə müəllimi və “Rüstiyyə”nin rəhbəri Mahmudbəyli Hadib bəydən milliyyətçilik ideologiyasını mənimsəmiş, Bakı Politexnik Texnikumunda bu ideologiyanı bir az da möhkəmlətmiş, Məmmədəmin Rəsulzadə ilə yaxın tanışlıqdan sonra artıq bir türkçü kimi fəaliyyətə başlamışdı.
1917-ci ildən “Müsavat” partiyasının üzvü olan və bu partiyanın Gənclər Təşkilatına rəhbərlik edən, 1919-cu ildə partiyanın II qurultayında Bakı Komitəsinə üzv seçilən M.B.Məmmədzadə istər 1917-ci il fevral inqilabı, istər 1917-ci il oktyabr çevrilişi, istər Qafqaz Seymi və istərsə də Azərbaycanın müstəqil dövlət olması dönəmində hərarətli bir milliyyətçi, “Türkçülük” və “Cumhuriyyətçilik” ideologiyasını mənimsəmiş bir ictimai-siyasi və ideoloji xadim kimi yetişmişdi. Səkkiz illik bu qısa dövrdə məmləkət daxilində baş verən elə bir siyasi, ictimai və mədəni hadisə yoxdur ki, M.B.Məmmədzadə onda iştirak etməmiş və yazılarında onlara toxunmamış olsun. Bu dövrdə o, türkçülük, islamçılıq və müasirlik ideologiyasına əsaslanan milliyyətçilik hərəkatını, milli istiqlalı, hürriyyət mücadiləsini hərarətlə müdafiə və təbliğ etmişdir.
M.B.Məmmədzadə özünün də üzvü olduğu “Müsavat” partiyasının ideologiyasını şərh edərək göstərir ki, “Müsavat” firqəsi millətçiliyi, istiqlalçılığı, xalqçılığı və cumhuriyyətçiliyi ilə bütün İslam Şərqində ilk təşəkkül edən Avropa tipli bir firqədir. İslam Şərqində “Müsavat”dan əvvəl heç bir firqə olmamışdır ki, “ümmətçiliklə” “millətçiliyi” belə ideal bir şəkildə fərqləndirə və vəsfləndirə bilsin. Əziz və müqəddəs yurdumuz Azərbaycanın ilk dəfə milli istiqlal və milli hüriyyət bayrağını yüksəldən, ona müstəqil milli dövlət həyatı yaşadan, onu milli və mədəni bir varlıq olaraq cahan millətlərinə tanıdan və Azərbaycan məsələsini millətlərarası məsələlər sırasına daxil edən “Müsavat”ın yalnız Azərbaycan miqyasında deyil, bütün Qafqaz və Türk dünyası miqyasında oynadığı rol və xidmətləri böyükdür. Belə ki, “Müsavat” ilk dəfə “siyasi türkçülüyü” proqram halına salan, əsir türklərin hürriyyət və istiqlalını tələb edən ilk türk firqəsidir. Onun israrı ilə 1917-ci ilin aprelində Bakıda toplanan “Qafqaz İslam Qurultayı” Rusiyanın milli dövlətlərə parçalanmasını qərara almış, Rusiya əsiri olan türklərin siyasi istiqlalları prinsipini ilk dəfə dilə gətirmiş, onu 1917-ci ilin mayında Moskvada toplanan rus əsiri türklər konqresində “milliyyət və türklüyü” inkar edən firqələrdən müvəffəqiyyətlə müdafiə etmiş və bu prinsipi qəbul etdirməklə məzlum millətlərin çoxdan başlamış olan milli hərəkatlarına yeni istiqamət verən yeganə firqə olmuş, onun hərarətli müdafiəsi və israrlı tələbi ilə Zaqafqaziya Seymi 1918-ci ilin aprelində Qafqazın Rusiyadan ayrı müstəqil bir dövlət olduğuna qərar vermişdi [2, s.7-8]. 
Türk milliyyətçiliyi ideologiyasına qısa bir nəzər salan milli ideoloq M.B.Məmmədzadə göstərir ki, “Müsavat”ın tarixi özündən əvvəlki siyasi və ictimai tariximizlə sıx surətdə bağlı və o tarixin mütəşəkkil surətdə davamı deməkdir. “Müsavat” bu gün milli bir hərəkat yaradan və milli bir dövlət quran səbəbdir. Ancaq səbəb olmadan “Müsavat” özü də bir səbəbin nəticəsi idi. Yəni onu da meydana gətirən bir səbəb və o səbəbin də səbəbkarı olmuşdur. Tarixi hadisələr bir-birindən ayrılması mümkün olmayan zəncirin halqalarını təşkil edirlər. Bugünkü hadisəni yaradan dünənki, dünənkini yaradan isə daha uzaq bir hadisədir. Müəllif qeyd edir ki, “Müsavat”a qədərki türk mədəniyyət millətçiliyi “Müsavat”ın qurduğu isə siyasi millətçilik, istiqlalçılıq, azərbaycançılıqdır! Şübhəsiz ki, bu fikirlər birdən-birə yaranmamışdır. “Müsavat” firqəsindən öncə bir əsrlik rus istilası altındakı savaş və bu mübarizənin cərəyan etdiyi sahələrdəki mədəni, fikri və siyasi hərəkatların tarixini araşdırdığımız zaman millətimizin həmişə və hər yerdə öz parlaq tarixi keçmişindən, zəngin mədəniyyət xəzinəsindən qüvvət və ilham aldığını görəcəyik. Böyük Füzulinin “tikandan gül” çıxarmaq surətilə türk şeir və ədəbiyyatında açdığı “növbaharın” saçdığı rayihələr Azərbaycanda bütün lətafətilə duyulurdu. Şüurlu bir türk millətçisi sifətilə hərəkət edən Füzulinin dühası Azərbaycanın ədəbi varlığı üzərində XIX əsrin sonuna qədər dörd əsr öz təsirini göstərmişdir. Yeni Azərbaycan milli hərəkatında Mirzə Fətəli Axundzadə ilə Həsən bəy Zərdabidən, Krımlı İsmayıl bəydən başlamış Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və Məmmədəmin Rəsulzadəyə qədər hər kəsin bir iştirak payı vardır. Şübhə yoxdur ki, bundan sonra da qırılmaz bir zəncirin halqaları kimi bir-birinə bağlı surətdə dövrlər dövrlərlə, mərhələlər mərhələlərlə əlaqəli yürüyəcək və hər mərhələdə milli hərəkatımız bir daha inkişaf və təkamül edəcək, yüksəlib qüvvətlənəcəkdir. Bu təbii təkamül axışının istiqamətini dəyişmək arzusu ilə ortaya atılan maneələri millətimizin dəmir iradəsi ortadan qaldıraraq sarsılmaz addımlarla yoluna davam edəcəkdir. Şübhə yoxdur ki, hər mərhələyə hakim olan şüar “Müsavat” şüarı olan “İnsanlara hürriyyət, millətlərə istiqlal” şüarı, hakim olan ideologiya “müsavatçılıq” olacaqdır [2, s.9-12].  
Millətə qarşı edilən haqsızlıqları, zülmləri, təzyiqləri və bunların təbii nəticəsi olan iztirab və fəlakətləri millətin bir iman ətrafında birləşməsində mühüm rol oynayan amillər olduğunu kifayət hesab etməyən Mirzə Bala göstərirdi: “Ancaq milli imanı və milli idealı doğuran və bu idealın gerçəkləşməsi üçün milləti hərəkətə gətirən yalnız bu amillər deyildir. Milli ruh, milli tarix, milli ədəbiyyat, milli ənənə, milli vətən, din və s. dəyərlər milli idealın əsas amilləridir. Haqsızlıqlara qarşı duyulan nifrət zatən milli dəyərlərin təzyiqi və inkişafına imkan verilməməsi nəticəsində yaranır. “Müsavat” ilə inqilabçı və demokrat rus firqələrinin və onların mövqeyində duranların arasındakı fərq də elə bunda idi. Onlar millətə əlvan, parlaq rənglərlə təsvir edilən, qurdun quzu ilə yan-yana otlayacağı “yeni Rusiya” vəd edirdilər. “Müsavat” isə milli bir Azərbaycan vəd edirdi və millətə bu imanı təlqin etməyə çalışırdı” [2,  s.69].  
Qeyd etdiyimiz kimi, ilk ictimai-siyasi fəaliyyətə hələ “Rüştiyyə”də oxuduğu dövrdən başlayaşan Mirzə Bala bu işini Bakı Politexnik Texnikumunda “Məhəmmədiyə” təşkilatında, daha sonra “İttifaqi-Mütəallimin” və “Qafqaz Konfederasiyası”nda davam etdirmişdir. O, Azərbaycanda baş verən siyasi hadisələrin yaşandığı dövrdə “Müsavat” partiyasının xüsusi tapşırığı ilə Gürcüstanda olmuş, Zaqafqaziya Seymində çalışmaqla yanaşı, milliyyətçilik fəaliyyətinin bir qismini Tiflisdə davam etdirmişdir. Mirzə Bala Tiflisdə ictimai-siyasi fəaliyyətlə yanaşı, ideoloji işlə də məşğul olmuş, burada nəşr edilən qəzet və jurnallarda Şimali Qafqaz xalqlarının tarixi, ədəbiyyatı, mədəniyyəti və adət-ənənələri ilə bağlı məqalələr yazaraq Qafqaz xalqları arasında ictimai və mədəni əlaqələrin yaranmasında mühüm rol oynamışdı. O, Azərbaycanın Qafqazda təhlükəsiz və istiqrar içində yaşamasına çalışmış, Qafqazın müstəqil konfederativ bir dövlət olması fikrini dəstəkləmiş və göstərmişdi: “Artıq Qafqaz Rusiyadan ayrılmışdır. Bu hadisə bir neçə ay öncə millətlərin istiqlal haqlarını, hətta istərlərsə Rusiyadan ayrılıb başqa bir dövlətə birləşə biləcəklərini bütün dünyaya elan etmiş olan Lenin Rusiyasını qəzəbləndirmişdir. Qafqazın Rusiyadan ayrıldığını elan etdiyi sıralarda bolşeviklər erməni daşnaklarla birlikdə 31 mart 1918-ci ildə Bakıda Azərbayan türklərinə qarşı soyqırım hərəkatı başlatmışdılar” [3, s.50].
Zaqafqaziya Konfederasiyasını təşkil edən millətlərin təmsilçiləri arasında ərazi, müharibə və sülh məsələlərində dərin anlaşılmazlıq olduğundan Federasiya dağılmış, Seymin işinə son verilmiş, öncə Gürcüstan, ardınca da Azərbaycan və Ermənistan öz müstəqilliklərini elan etmişdilər. Azərbaycan Milli Şurasının 28 may 1918-ci ildə elan etdiyi 6 maddəlik “İstiqlal Bəyannaməsi”nin bütün maddələrinin geniş şərhini verən M.B.Məmmədzadə “Azərbaycan dövləti” adlı yazısında göstərirdi: “Xalq hakimiyyətinin yalnız Cümhuriyyət (Respublika) şəklində ifadə olunması, dövlətinin mütləq Cümhuriyyət, həm də həqiqi Xalq Cümhuriyyəti olacağını qeyd etməsi, o cəmiyyətin ictimai, siyasi və mədəni səviyyəsini sübut edir” [4].  
Ölkənin idarə formasını istibdad və səltənətdən, mütləqiyyət və məşrutiyyətdən (konstitusiyalı monarxiyadan - R.Ə.) fərqli olan Cümhuriyyət (Respublika) formasında olmasını dəstəkləyən Mirzə Bala “Xalq Cümhuriyyəti”ni hətta “Aristokrat Cümhuriyyət”inə qarşı qoymuş və göstərmişdi ki, Xalq Cümhuriyyəti Aristokrat Cümhuriyyətdən fərqli olaraq demokratiyanın tam hakimiyyətini təmsil edən bir sistem, həm də tam mənası ilə demokratik bir cümhuriyyətdir. Bu cümhuriyyətin “Xalqın səsi, Haqqın səsidir” fəlsəfəsinə sadiq qalaraq ruh və fəlsəfəsini millətdən, onun daha çoxunu təşkil edən məhsuldar xalq kütləsindən alan, seçki yaşı tamam olmuş millətin bütün sinif və zümrələrinin, qadın və qızlarının qeyd-şərtsiz, sərbəst şəkildə iştirakı ilə demokratik şəkildə seçilmiş bir parlamenti və hökuməti var idi. 
Azərbaycan türklüyünün istiqlalını hər şeydən əvvəl onun vahid bir millət kimi formalaşmasında, türklüyünü və azərbaycanlılığını dərk etməsində görən Mirzə Bala göstərirdi: “Milli istiqlala malik olmayan bir millət hürriyyətini və onun bəhrələrini hifz edə bilməz” [5,  s.134]. 
Həsən bəy Zərdabinin həyat və fəaliyyətini ideoloji bir yöndən lakonik şəkildə işıqlandıran Mirzə Bala göstərir ki, Həsən bəyin bu fəaliyyətdə məqsəd və qayəsi Azərbaycanın hürriyyəti, insanların hürriyyəti, millətin azadlığı idi [6,  s.136]. 
Millətin vəhdətini təmin edən ən mühüm amilin ana dili olan türkcəni, ictimai vəhdətini məzhəb bərabərliyi, iqtisadi və siyasi hürriyyətə yiyələnməsini təhsil, mətbuat, teatr və ümumiyyətlə, yenilik naminə nə varsa onda görən M.B.Məmmədzadə göstərirdi ki, bütün bunların sayəsində Azərbaycanda milli mənlik, türk mənliyi şüuru qabarmış, Qafqazı “istila” etməyə başlamışdı. Ölkədə türk dilinin zəfəri “İstiqbalımız parlaqdır” deyən milli şair və ədiblərin fəaliyyətləri, milli mətbuatın geniş vüsət alması, türk milli birliyinin inkişafı və yüksəlişi, rəsmi qurultay vasitəsilə (müəllif 1917-ci ildə Bakıda keçirilən “Qafqaz Müsəlmanlarının Qurultayı”nı nəzərdə tutur - R.Ə.) sünni və şiə ixtilafının ləğvi və nəhayət, milli burjuaziyanın milli hərəkata qoşulması sonda Azərbaycan xalqının hürriyyət və istiqlal qazanmasına namizəd olmasını şərtləndirmişdir.
Milli vəhdət tərəfdarları ilə islam ittihadı tərəfdarlarının məzhəb ixtilaflarına son qoymaq fikirləri bir-birindən əsaslı şəkildə fərqlənirdli. Uzun sürən çəkişmələrdən, xüsusilə Türkiyə türkçüləri ilə başlayan qaynayıb-qarışmadan sonra Azərbaycan türkçülərinin sayəsində mühit türkləşmiş, türk millətpərvərliyi qələbə çalmış, digər zehniyyətlərə, o cümlədən də islam ittihadçılarına üstün gəlmişdi. Belə ki, 1905-ci il inqilabından sonra rəsmi qurultay çağıraraq sünni və şiəliyi aradan qaldıran və bu iki məzhəb yerinə yalnız “islamlığı” təmin edən millətpərvər Azərbaycan ziyalıları 1917-ci il fevral inqilabına qədər bütün mətubatı, nəşriyyatı, ədəbiyyatı, məktəb və teatrı ilə bu yolda çalışmış, baş yormuş, təfəkkür sərf etmişdilər. Bunun nəticəsi idi ki, 1917-ci ilin aprel ayında Bakıda keçirilən “Qafqaz İslam Qurultayı”nda sünni və şiə baş üləmaları rəsmi ittifaq bağladıqlarını bir-birlərini öpməklə elan edərkən məclisin və bütün millətin alqışlarına nail olmuşdular.
Bütün bu proseslərə siyasi-ideoloji qiymət verən Mirzə Bala göstərirdi: “Milli Şura "İstiqlal Bəyannaməsi"ndə millət və məzhəb fərqi qoymadığını elan etməklə heç bir dini himayə etməyəcəyini bildirmiş, bununla da dini dövlətdən tamamilə ayırmış, hətta Şeyxül-islamı belə Dövlət Şurasına daxil etməmişdi. Bu hadisə bütün Şərq üçün bir yenilik idi” [6,  s.141-142]. 
Lakin bütün bunlarla bərabər, islamiyyət bir din olaraq tamamilə kənara buraxılmamışdı. İslamiyyət hakimi-mütləq vəziyyətindən mövqeyini milliyyətə tərk etməklə bərabər, dövlət siyasətində türklükdən sonra “islamlaşmaq” şüarı şəklində mövqe tutmuşdu. Dövlət bayrağı belə bir fəlsəfi-ideoloji şüara müvafiq olaraq üçrəngli bir şəkildə tərtib edilmişdi.
Mirzə Bala milli ideologiyanın formalaşmasında mətbuatın nəyə qadir olduğunu dərindən bildiyindən yazırdı ki, mətbuat yalnız hadisələri və fikirləri aydınlaşdıran bir vasitə deyil. Mətbuat aydınlaşdırmaqla birlikdə fikirləri və beyinləri bir ideal ətrafında birləşdirmək, tərbiyə və sövq etmək qüdrətinə də malikdir. Fikir isə hər şeyin anasıdır. Ortada bir fikir və ideal olmadıqdan sonra ortaq bir həmlə və hərəkat də ola bilməz. Mətbuat eyni zamanda toplayıcı, birləşdirici və qoruyucu amildir [2,  s.177-178].
28 may 1918-ci ili Azərbaycan tarixində “bir dönüş nöqtəsi” adlandıran M.B.Məmmədzadə istiqlal məfkurəsini mədəni həyatın məntiqi bir nəticəsi, milli istiqlalın elanına qədər davam edən milli inkişafın və hətta bu gün belə (1931-ci il nəzərdə tutulur - R.Ə.) davam etməkdə olan milli mübarizənin xarakteri hesab edir. Azərbaycanın istər milli mədəniyyətinin, istər düşüncə həyatının, istərsə də ictimai-iqtisadi və siyasi-ideoloji həyatının aşağıdan yuxarıya doğru inkişaf edən kütləvi və toplu bir xüsusiyyətə malik olduğunu göstərən Mirzə Bala belə bir fəlsəfi fikir irəli sürür ki, Azərbaycanda aşağılar deyil, yuxarılar daima aşağının idarəsi və nüfuzu altında olmuşdur. Cəmiyyətin yüksək təbəqələrinə qədər hakim olan müştərək və birləşdirici milli dəyərlər xalqın yaratmış, mənimsəmiş və yaşatmış olduğu mədəni dəyərlərdir. Bu baxımdan Azərbaycan cəmiyyəti yuxarıdan aşağıya doğru inkişaf edən millət və cəmiyyətlərdən bariz şəkildə fərqlənməkdədir [4, s.71]. 
Azərbaycan xalqında təməlləşən və uğrunda bütün milləti belə ölümə sövq edən “dövlətçilik fikrinin” mənbəyini hər şeydən əvvəl mədəni inkişaf nəticəsində “milliyyət” halından “millət” halına gəlməsində aramağın lazım olduğunu bildirən milli ideoloq Mirzə Bala Avropadan Azərbaycana bir sıra ictimai, iqtisadi fikirlərin gəlməsini qəbul etməklə bərabər, göstərirdi: “Dövlət fikri Azərbaycan üçün yeni və yabançı bir fikir deyil. Çünki Azərbaycan türkü əsrlər boyu eyni ərazi üzərində müstəqil, müəzzəm və qüdrətli dövlətlər qurmuş və hakimiyyət həyatı yaşamış bir millətdir” [7, s.72].
Azərbaycan türkünün xarakterik xüsusiyyətlərini şərh edən Mirzə Bala göstərir ki, bu xarakterik xüsusiyyət “hər türk üçün müştərək bir səciyyə olan hürriyyətə məftunluq, hakimiyyət və istiqlal qürurundan ibarətdir. Türk heç bir zaman məhkum və əsir olmamışdır. Onun üçündür ki, məhkum bulunduğu son əsrlər ərzində daima məğrur, təkəbbürlü olmuş, hür və sərbəst olmağa can atmışdır. Bu onun daima müstəqil, hakim kimi yaşamış olduğunun nişanəsidir” [4, s.73].
 “Məfkurəçilik” anlayışını məfkurəyə hazırlıq, məfkurə uğrunda mübarizə və məfkurənin həyata tətbiqi kimi üç dövrə bölən Mirzə Bala 1918-ci il mayın 28-də elan olunan “İstiqlal Bəyannaməsi”ni Azərbaycan türk millətpərvərlərinin istiqlal məfkurəçiliyinin hazırlıq dövrünün sonu, məfkurə uğrunda başlanan qanlı mübarizənin ilki hesab etmişdir. Müəllif bu münasibətlə yazır: “İstiqlal dövrünü məfkurə uğrundakı mübarizənin sonu hesab edənlər necə də yanılırlar. İstiqlal mübarizəsi tarixini biz hələ bitirməmişik. 15 sentyabr zəfəri mübarizə anında müvəqqəti bir zəfər dövrü olmuşdur. O zəfər necə tam bir müvəffəqiyyət hesab oluna bilərdi. Azərbaycanın, Qafqazın, Türküstan və Qırğızıstanın düşməni Rusiya hələ ölməmişdi, hətta məğlub belə olmamışdı. Bakının Rusiyadan geri alınması beynəlmiləl müqavilələrlə təmin edilməmişkən istiqlal uğrunda mübarizənin bitmiş olduğu necə təsəvvür oluna bilərdi?” [6, s.134].
Mirzə Balanın fikrincə, “İstiqlal Bəyannaməsi” fikirdən əmələ keçidin, məfkurə uğrunda mübarizənin başlandığını və Rusiyaya qarşı bir növ müharibə elan edən ultimatum idi. Mirzə Bala yazır: “O gündən ("İstiqlal Bəyannaməsi"nin elanı nəzərdə tutulur - R.Ə.) etibarən müharibə gedir və qəti qələbə və zəfər irəlidə baş verəcək mübarizənin nəticəsində hasil olacaqdır. İndiki halda (müəllif 1923-cü ili nəzərdə tutur - R.Ə.) biz mübarizə dövrünü yaşayırıq. 1918-ci ildə elan olunan böyük istiqlal fikri bu ana qədər çox böyük təcrübələr etmiş, oddan, dəmirdən keçmiş, mənəvi, çox qüvvətli müvəffəqiyyətlər qazanmış, iki illik tam zəfər və qələbə dövrü keçmişdir. İndi bu fikir artıq böyümüş, dərinləşmiş, ölümlə üz-üzə, döş-döşə duracaq qədər mətin və ağıllı gənc qəhrəmanlar yetişdirmişdir. İndi bu məfkurəni təmsil edən üçrəngli bayraq, bir ədəbiyyat, bir fəlsəfə, bir təcrübə dövrü, bir mübarizə tarixi, bir mübarizə qərargahı (müəllif özünün rəhbərlik etdiyi “Milli Müqavimət Komitəsi”ni nəzərdə tutur - R.Ə.), o qərargahın çox yüksək tutduğu istiqlal bayrağı uğrunda ölməyə hazır mücahidlər, cəhənnəm dəhşətinə salmalara (müəllif ÇEKA həbsxanalarını nəzərdə tutur - R.Ə.), terrora sinə gərən şəhidlər və qəhrəmanlar vardır” [6, s.133-134].
Milli Şuranın elan etdiyi “İstiqlal Bəyannaməsi”ndə öz əksini tapmış “Cins fərqi gözətmədən” tarixi ifadəsini hətta din və sinif məsələlərindən daha mühüm hesab edən M.B.Məmmədzadə bunu “Şərq aləmində daha böyük bir inqilab” adlandırmış və göstərmişdi ki, bütün qadınların kişilərlə bərabər haqq və səlahiyyətə malik olacaqları və qadınların digər vətəndaşlarla bərabər vətəni və siyasi hüquqlara yiyələnəcəkləri bütün Şərqdə deyil, Avropada və hətta bütün dünyada belə yeni hadisə idi. Azərbaycan Milli Şurası bu qərarı ilə nə qədər ülvü, nə qədər bəşəri və mədəni qayələrə sahib olduğunu bütün dünyaya sübut etmişdi.
Qadınların ictimai həyatda fəal iştirakını, onların millətin işgüzar bir üzvünə çevrilməsini və məhsuldar bir zümrə olmasını M.B.Məmmədzadə “hər bir şeyin əsası, hətta Cümhuriyyətin təməli” hesab etmişdir. O qeyd etmişdir ki, seçkilərdə Azərbaycan türk qadınlarının kişilər qədər rəşadət və qabiliyyət göstərməsini, demokratik seçkilərdə kişilərlə bərabər iştirak edərək məmləkətin müqəddəratında mühüm rol oynamasını və onların ictimai-siyasi imtahandan şərəflə çıxmasını, Milli Şuranın başa keçməsini təmin etməsini və onun yalnız Azərbaycanın müqəddəratında deyil, Ümumqafqazın həyatında mühüm rol oynamağa başladığını nəzərə alan Milli Şura özünün elan etdiyi “İstiqlal Bəyannaməsi”ndə millət, məzhəb, sinif və məsləklə yanaşı “cins fərqi” qoymadan Azərbaycan hüdudları daxilində yaşayan bütün vətəndaşların hüququnu təmin edən belə bir qəti qərar vermişdi. Azərbaycan qadını Milli Şuranın verdiyi bu qərardan Cümhuriyyət dövründə tam yararlanmış, məmləkətin əksər müəssisələrində kişilərlə bərabər sərbəst çalışmış, vətənin bütün nemətlərindən bərabər bir haqla istifadə etmişdir [6, s.142-145]. 
 
Nəticə
 
Beləliklə, XIX əsrin sonlarından başlayan və XX əsrin əvvəllərində vüsət alan ictimai-siyasi, ideoloji hərəkat, məfkura uğrunda mübarizə Şərqdə böyük bir inqilab hesab ediləcək hadisələrlə nəticələnmişdir. Yalnız Şərqdə deyil Avropada da ilk ola biləcək qərarlar vermiş Milli Şuranın 28 may 1918-ci ildə elan etdiyi “İstiqlal Bəyyannəməsi” ilə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın tarixində bir dönüş nöqtəsi olmuşdur. 
 
 
İstifadə edilmiş ədəbiyyat:
 
1. Əhmədli R. Azərbaycan milli-demokratik dövlətçilik məfkurəsi: Türkçülük, Müasirlik, İslamçılıq. Bakı: Elm, 2007.
2. Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı.  Bakı, 1992.
3. Məmmədzadə M.B.  Azərbaycan və bolşeviklər. // “Odlar Yurd” dərgisi, yıl: 3, sayı: 1(26), İstanbul, mart 1931
4. Məmmədzadə M.B. Azərbaycan devleti. //“Odlu Yurd”, yıl: 3, sayı: 3(28), 28 Mayıs, 1931
5. Məmmədzadə M.B. Azərbaycan Musiqi-Millisi. //“Azərbaycan” jurnalı, №4, Bakı, 1991.
6. Məmmədzadə M.B. Milli Azərbaycan Xartiyası. // “Azərbaycan” jurnalı, №4, Bakı, 1991.
7.    Zeynalzadə A. Mirzə Bala Məmmədzadənin həyat və fəaliyyətinin Bakı dövrü. // "Mədəniyyət dünyası", IX buraxılış , Bakı, 2004 
 
 
Rafail Ahmedli  
Ideological Cellular Mirza Bala Mammadzade
 
The The article considers the social-political movement, the beginning of the 20th century in Azerbaijan, as well as ideological goals and objectives.
It is also noted, at that  time the national intellectuals, particularly ideologist M.B.Mamedzade, examined the issues of-Islamism, nationalism, nationalism, national democracy and the role of the "Declarations of the Inevitability" and analyzed its roles in the post-Soviet era.
 
Рафаил Ахмедли 
Идеологические взгляды Мирза Балы Маммадзаде
 
В статье рассматривается социально-политическое движение, начатое в Азербайджане в начале ХХ века, а также идеологические цели и задачи этих движений.
Отмечается, что, в то время, национальные интеллектуалы, особенно идеолог М.Б.Мамедзаде, исследовали вопросы о национализме, исламизме, народничестве, республиканстве, национальной демократии. Такжеи анализируется роль этих идей в объявлении «Декларации о независимости».
 
 
Məqalə redaksiyaya daxil olmuşdur:  08.04.2018
Təkrar işləməyə göndərilmişdir:  14.04.2018
Çapa qəbul edilmişdir:  16.05.2018
© 2011-2018. Müəlliflik hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qorunur. Bütün hüquqlar "Strateji təhlil" jurnalına aiddir. Məlumatlardan istifadə edərkən stj.sam.az saytına istinad zəruridir.