Məqalələr

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun tariximizdə yeri Ümummilli lider Heydər Əliyev- milli intibahın banisi, müstəqil dövlətçiliyin memarı Azərbaycan Cümhuriyyətinin müqəddəratında Böyük Britaniya amili Bir əsrlik dövlətçilik tarixinə siyasi liderlik fenomeni işığında baxış: Ümummilli lider Heydər Əliyev - 95 К вопросу о создании Армянского государства и определения его границ на переговорах в Батуми и Стамбуле в1918 г. Azərbaycan Xalq Cümhuriyyətinin parlament sənədləri Zəngəzur, Qarabağ və Naxçıvanda 1918-1920-ci illərdə erməni vəhşiliklərini öyrənmək üçün mənbə kimi Геноцид тюрко-мусульманского населения Азербайджана по документам Британских дипломатов XX əsrdə erməni rəsmi dairələrinin kürdlərə qarşı həyata keçirdiyi deportasiya, repressiya və terror aktları haqqında (etnosiyasi analiz) Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Osmanlı dövlətinin siyasəti (iyun-oktyabr 1918-ci il) Нахчыван на переднем крае борьбы с армянской агрессией в период Азербайджанской Демократической Республики Sərhədyanı mübahisə 1918-1920-ci illərdə Azərbaycan-Gürcüstan münasibətlərində əlverişsiz amil kimi Особая Комиссия и ее “особые” сотрудники Равноправие и гендер: путь, пройденный от Азербайджанской Демократической Республики до Первого вице-президента Экономическая политика Азербайджанской Демократической Республики: поиски оптимальной модели Вопрос об экономических отношениях между Азербайджанской Республикой и РСФСР на страницах журнала “Нефтяное дело” 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin aqrar siyasəti Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti Военно-политические аспекты деятельности Азербайджанского правительства в 1918-1920 гг. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu Mirzə Bala Məmmədzadənin ideoloji görüşləri Tam siyahı

Multikultural dəyərlərin formalaşmasında “özgə” anlayışı

Müəllif: Strateji Tehlil Jurnali

baxılıb: 934

Dek 21, 2017 - 3:14

Multikultural dəyərlərin formalaşmasında “özgə” anlayışı

 

Ərəstü HƏBİBBƏYLİ

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının
Xarici siyasət məsələləri şöbəsinin müdir müavini, 
iqtisadiyyat üzrə fəlsəfə doktoru
 

h_arastu@pa.gov.az

 

 

 

Açar sözlər: multikultural dəyərlər, qloballaşma, Azərbaycan, Qərb dəyərlər sistemi, miqrantlar, milli azlıqlar, islam, xristianlıq, tolerant yanaşma

Key words:  multicultural values, globalization, Azerbaijan, Western values, immigrants, minorities, Islam, Christianity, tolerance 

Ключевые слова: мультикультурные ценности, глобализация, Азер-байджан, западные ценности, мигранты, национальные меньшинства, ислам, толерантное отношение 

 

Giriş

 
Müasir dövrümüzün ən mühüm çağırışlarından biri, heç şübhəsiz, qloballaşma və bu proseslərin təsiri altında beynəlxalq aləmdə və ölkə (cəmiyyət) daxilində baş verən transformasiyalardır. Qloballaşma ilk növbədə universal dəyərlər, multikultural mühit, fərqliliklərə dözümlü yanaşma, proses və hadisələrin astronomik sürəti ilə səciyyələnir. Bu baxımdan qlobal müstəvidə yeni dünya nizamında da qeyd etdiyimiz məqamlar öz əksini tapmaya bilməz. 
Liberal dünya quruluşu tərəfdarları bütün dünyada universal dəyərlərin, həm də yalnız Qərbin qəbul etdiyi vahid universal dəyərlərin cəmiyyətin və beynəlxalq münasibətlər sisteminin əsasında dayanmalı olduğunu təbliğ edirlər. Əslində yalnız Qərbin qəbul etdiyi dəyərlərin universal adlandırılmasının özü-özlüyündə ümumbəşəri xarakter daşıya bilməsi və bütün dünyaya aid edilməsi doğru yanaşma deyil. Necə ola bilər ki, 1 milyarddan çox əhalinin qəbul etdiyi ailə kodeksi və ya hər hansı bir başqa dəyər Qərbin yanaşmasında Çinə məxsus stereotip kimi qəbul edilir. Eləcə də, Hind sivilizasiyasının, Türk dünyasının, İslam aləminin dəyərlərinin Qərbdə sadəcə onların özlərinə aid deyil, özgə olduğuna görə qəbuledilməzliyi həm qlobal miqyasda dünya nizamına, həm də hər bir cəmiyyətin öz daxilində yeni təhdid və çağırışların yaranmasına gətirib çıxarır. 
Sivilizasiyaların toqquşması, fərqliliklərə dözümsüzlük, ikili standartlar, müxtəlif dini, irqi, etnik fobiyalar və bütün bunların təsiri altında ədalət axtarışı adı altında radikal dini və ultramilliyyətçi meyillərin yaranmasının kökünü bu yanaşmada axtarmaq lazımdır.
Təəssüflə qeyd etməliyik ki, Sovetlər İttifaqının və sosialist düşərgəsinin çöküşündən sonra beynəlxalq münasibətlər sisteminin yeni arxitekturası yaradılarkən lider dövlətlər dünyanı “özününkü” və “özgələrə”, “biz” və “siz”lərə böldülər. Yeni arxitekturada isə özgələrin nə dəyərlərinə, nə də hüquqlarına yer verildi. Birqütblü dünya modeli yaratmağa çalışarkən Qərb dünyanın bütün ölkələrini maraqlandıra biləcək alternativ yanaşma təklif etmədi. Dünya nizamının yalnız Qərb dəyərlərinə əsaslanması qlobal müstəvidə sabit beynəlxalq münasibətlərə başlıca maneə oldu, bəşəriyyət üçün təhlükəli təhdid və çağırışlar ortaya çıxdı və nəticədə liberal dünyanın süqutu haqqında danışılmağa başlandı. 
 
1. Multikultural mühitin yayılma arealı
 
Günümüzdə baş verən hadisələr bir daha təsdiq edir ki, yeni dünya nizamı qurmaq üçün köhnə dünya nizamının dərslərindən nəticə çıxarmaq və beynəlxalq münasibətlər sisteminin bütün üzvlərini təmin etməli olan əsas prinsipləri müəyyənləşdirmək lazım idi. Lakin təəssüf ki, yeni düzən təkbaşına, beynəlxalq birliyin digər üzvlərinin rəyini, beynəlxalq münasibətlərin mövcud vəziyyətini nəzərə almadan formalaşdırılmağa başlandı. Təsadüfi deyil ki, müasir dövrdə liberal dünya nizamının əsas ideoloqlarından olan Robert Kagan üçüncü minillikdə mövcud dünya nizamına ən əsas təhdidlər sırasında milliyyətçiliyin yüksəlməsi, kapitalist sisteminə, demokratiyaya inamın itirilməsi ilə yanaşı bütün cəmiyyətlərin daxilində “özgə”lərin fərqləndirilməsinin artmasını da göstərir [4]. Yəni Qərb dünyasının ideoloqları da cəmiyyətlərin “doğma” və “özgələrə”, “biz” və “siz”lərə bölünməsini, qütbləşməsini son nəticədə dünya nizamının yerini tuta bilməməsinin əsas səbəblərindən biri hesab edirlər. Lakin eyni zamanda onlar bu bölünmənin, qütbləşmənin qarşısını almaq üçün beynəlxalq birliyin bütün üzvlərinin dəyər və hüquqlarına hörmət etmək və qəbul etmək əvəzinə liberal hesab etdikləri dəyərləri bütün dünyaya vahid qəlibdə qəbul etdirməyə çalışmaqda davam edirlər. Bu yanaşma Qərbin həm ənənəvi güc sistemi, həm də daha təsirli “yumşaq güc” elementləri ilə gündəlik həyatımıza nüfuz etdirilir. Bu cür yanaşma isə ümumbəşəri ola biləcək dəyərin, modelin və ya sistemin mövcudluğunu və gələcəyini şübhə altına qoyur.
Qeyd etdiyimiz məqamlar multikultural mühitin və onun yayılma arealının çərçivəsini daraldır, cəmiyyətin "doğma" və "özgələrə" bölünməsini şərtləndirir. Yeni minillikdə baş verən hadisələr göstərir ki, yalnız Qərb dəyərlərinə əsaslanan universal dəyərlərin qəbul etdirilməsi cəhdi dünyada böyük müqavimətlə qarşılanır və belə olan halda multikultural mühitin ümumbəşəri deyil, yalnız lokal və ya regional xarakter daşıya bilməsi özünü doğruldur. Buna görə də multikultural dəyərlərin universallığından danışmaq ehtiyatlı yanaşma tələb edir. Daha doğrusu, multikultural mühitin qlobal yayılma arealını əhatə edə bilməsi mümkünsüz görünür. Məlum faktdır ki, multikultural mühitin mövcudluğu üçün müxtəlif fərqliliklərə tolerant yanaşma başlıca şərtdir. Özününkü olmayanlara münasibətdə tolerant yanaşmanın qlobal müstəvidə bərqərar olması isə müasir dövrdə baş verən hadisələrin işığında real görünmür. Əksinə irqi, dini, etnik fobiya və seqreqasiyalar cəmiyyətlərin daxilində və daha böyük mənada dünya nizamında qütbləşməni və qruplaşmanı şərtləndirir. 
Qloballaşma proseslərinin təsiri altında ölkələrarası miqrasiyanın intensiv xarakter daşıması və miqrant axınının daha çox zəngin ölkələrə doğru yönəlməsi isə ilk növbədə Qərbdə multikultural mühitin dayaqlarına zərbə vurur. Qərb ölkələrinin ucuz işçi qüvvəsini mexaniki olaraq qəbul etməsi və yeni gələnlərin vahid, heç bir milli mədəni-dini xüsusiyyətlərini nəzərə almayan universal dəyərləri qəbul etməsi üzərində qurulan yanaşma özünü doğrultmur. Bu yanaşma əmək miqrantlarının Qərb mühitinə uyğunlaşdırılmasından çox təcrid olunmasına yönəlmişdir. Avropada yeni sakinlərə sanki “istismar müddəti” başa çatdıqdan sonra geri qayıtmalı olan miqrantlar kimi baxılırdı. “Qoca qitə” sakinlərinin əksər qonşularının müsəlman olması ilk növbədə dini dözümlülük yanaşmasını ortaya çıxarır. 
Din məsələsində isə tarixən Qərb sivilizasiyasının xristianlıqdan başqa digər dinin daşıyıcılarını özününkü qəbul etməsinə rast gəlinməmişdir. Xristianlığın Qərb sivilizasiyasının əsas dəyərinə çevrilməsi ilə yanaşı Qərb sivilizasiyasının əvvəlki dövrlərdən qalmış bir sıra elementləri dini düşüncə olaraq xristianlığa yad olsa belə, yeni din tərəfindən qəbul edilmişdir. Yəni xristianlıq və Qərbin antik mədəniyyəti dəyərlərin eyniyyət təşkil etməsinədək sinxronlaşdılar və əlbəttə ki, bu proses zamanı hər iki tərəf qarşılıqlı olaraq ümumi dəyərlər naminə bəzi xüsusiyyətlərdən imtina etməli oldu [2, s.112].
Qərbdə hətta musəviliyin də “özgə” hesab edilməsi nəticəsində yəhudilərə qarşı soyqırımı və antisemitizm meyillərinə tarix şahidlik etmişdir. İslam dininə qarşı isə Qərbdə tarixən formalaşmış yanaşma tarixi zaman kəsiyində dəyişməmişdir. Türkiyəli alim İbrahim Kalın Qərb-İslam münasibətlərində bu ziddiyyətlərin əsasında dayanan səbəbləri 3 mühüm faktorla əlaqələndirir. Onun fikrincə, “xristian dünyası islamı ilk əvvəl dini-teoloji bir meydan oxuma, sonra siyasi meydan oxuma və ən nəhayət, mədəni təhdid olaraq qiymətləndirdi” [3, s.59]. Yəni Qərb islamı öz dəyərlərinə dini-siyasi-mədəni təhdid olaraq gördüyündən münasibətlərdə harmoniya çətin görünür. Halbuki Avropa müsəlman hakimiyyəti və islam dininin təsiri altında dinc birgəyaşayışın mümkünlüyünə tarixdə rast gəlinmişdir. Belə ki, VIII əsrin əvvəllərində Əməvilərin İspaniyanı ələ keçirməsindən 1492-ci ildə yəhudilərin İberiya yarımadasından qovulmasınadək olan dövrü buna misal çəkmək olar. Tarixdə “Convivencia” adlanan həmin dövrdə İspaniyada Kordova xilafətində müsəlman, xristian və yəhudilər sülh şəraitində yanaşı yaşamışlar. Bu “Qoca qitə”də çox nadir nümunələrdəndir ki, siyasi iradə olduğu halda din amilinin cəmiyyəti “doğma” və “özgə”lərə ayırmadığına rast gəlinmişdir.
Beləliklə, tarixi faktorlarla yanaşı iqtisadi və sosial rifah fərqi nəticəsində kasıb müsəlman ölkələrindən zəngin Avropaya miqrasiya axını Qərb cəmiyyətinin “doğma” və “özgə”lərə bölünməsini daha da kəskinləşdirmişdir. Təsadüfi deyil ki, yeni minillikdə dünyada iqtisadi böhranın təsiri ilə Avropanın aparıcı ölkələrinin rəhbərləri multikulturalizmin böhran yaşaması ilə bağlı fikirlər bildirdilər və Qərblə eyni dəyərləri, xüsusilə də dini dəyərləri bölüşməyənləri Avropada istəmədiklərini açıq elan etdilər. Bu isə Qərbdə multikultural mühitin tənəzzül yaşadığını və hətta öz regional arealında belə dözümsüzlüklə müşahidə olunmasının göstəricisidir. Bu mənada hazırda Avropa ölkələrinin əhali strukturunda miqrantların nisbətinin 10-30% olduğunu [5] nəzərə aldıqda Avropada multikultural mühitin yeknəsəq olmadığı ortaya çıxır və onun əhatə dairəsinin sərhədlərini müəyyənləşdirmək çətin görünür.
Qeyd etməliyik ki, artıq Qərbdə də “özününkü olmayanların inkar edilməsinə” yönəlmiş yanaşmanın özünü doğrultmadığını səsləndirirlər. Belə ki, biz keçən onillikdə əksər Avropa ölkələrinin liderlərinin yalnız Qərb dəyərlərinə əsaslanan həyat tərzini model kimi qəbul etməsinin və bunun əksini multikulturalizmin böhranı kimi qiymətləndirməsinin artıq şahidi olmuşuq. Qlobal miqyasda baş verən hadisələr göstərir ki, bu cür yanaşma özünü doğrultmadı. Belə yanaşma xüsusilə də dini zəmində ciddi qarşıdurma və ziddiyyətlərə yol açır. Bu mənada artıq Qərbin aparıcı dövləti ABŞ prezidentinin səsləndirdiyi fikirlər yeni yanaşmanın təzahürüdür. 2017-ci ilin may ayının 21-də Ər-Riyadda keçirilmiş Ərəb-İslam-Amerika sammitində Prezident Donald Tramp bildirdi ki, “mən inauqurasiya müraciətimdə Amerika xalqına söz vermişəm ki, Amerika bizim həyat tərzimizi başqalarına qəbul etdirməyə çalışmayacaq” [6]. Bu, artıq yalnız bir mədəniyyətə söykənən dəyərlərin qlobal miqyasda zorla qəbul etdirilməsinə yönəlmiş yanaşmanın özünü doğrultmadığının bariz nümunəsidir. Bu mənada Avropa ölkələrinin liderlərinin iddia etdiyi kimi multikulturalizm iflasa uğramayıb, sadəcə Qərbin “öz” dəyərlərinin “özgələrə” zorla qəbul etdirməsinə əsaslanan yanaşması iflasa uğrayıb. 
Bəşər cəmiyyəti heç zaman indiki qədər qloballaşmayıb və bu, həyatımızın bütün sahələrini əhatə edir. Gündəlik həyatımızda rastlaşdığımız yüzlərlə hadisə və ya anlayış artıq qlobal fenomenidir. Misal üçün, günümüzdə artıq suşi yalnız yaranma ölkəsi olaraq Yaponiya mənşəli, pizza italyan, dönər türk mənşəli yemək növüdür, yayılma arealı baxımından isə bütün dünyanın qəbul etdiyi bir nemətdir. Hətta bu sadə misal belə göstərir ki, dünyada artıq yalnız hansısa xalqa məxsus maddi və mənəvi irs və ya dəyər məhəlli xarakterdən kənara çıxıb və qlobal anlayışlar günümüzə hakimdir. Eynilə qloballaşma proseslərinin təsiri ilə dünyada miqrant axınının əhatəsi və intensivliyi heç bir əvvəlki dövrlə müqayisə oluna bilməz. Xüsusən də zəngin ölkələrin əhali tərkibini miqrantlarsız təsəvvür etmək mümkün deyil. 
Lakin əsas təzad ondadır ki, hadisələr göstərir ki, qloballaşma və miqrasiya proseslərinin intensivliyi multikultural mühitin formalaşması ilə düz mütənasiblik yarada bilməyib. Fərqli dini, mədəni, irqi, etnik təmsilçilərin bir yerdə yaşaması və bir-birinin maddi-mənəvi dəyərləri ilə yaxından tanış olması və hətta bəyənməsi, təəssüf ki, harmonik multikultural mühitin formalaşmasına gətirib çıxara bilməmişdir. Daha da təəssüfləndiricisi odur ki, ilk növbədə Qərb dünyası bütün tərəflərin dəyərlərinin təmin olunduğu multikultural mühiti qəbul edə bilməmişdir. Buna görə də hazırda multikultural mühitin qlobal arealı haqqında danışmaq doğru olmaz, yalnız ayrı-ayrı hallarda dövlət tərəfindən məqsədyönlü siyasət aparan ölkələrdə uğurlu modeldən danışmaq mümkündür.
Eyni zamanda multikulturalizmin iflası ilə bağlı Qərbdə səslənən bəyanatların da yalnız siyasi məqsədlərə xidmət etdiyini bildirmək lazımdır. Qərbdə siyasi liderlərin, akademik dairələrin multikulturalizmin iflasa uğraması ilə bağlı iddialarını bütün dünyaya şamil etmək doğru deyil. Birincisi, Avropada yalnız Qərb dəyərlərinin dominantlığına əsaslanan yeknəsəq mozaik quruluşun çoxmədəniyyətlilik adlandırılması əvvəlcədən süquta məhkum idi. Ona görə bu mozaik quruluşun iflası heç də multikulturalizmin iflası deyil. İkincisi, çoxmədəniyyətliliyin formalaşmasında “ilkin” və “sonrakı” müxtəlifliyin cəmiyyətə təsiri nəzərə alınmalıdır. Müşahidələr göstərir ki, “ilkin müxtəliflik” çərçivəsində belə hətta uzun əsrlər boyu davam edən birgəyaşayış heç də hər yerdə çoxmədəniyyətliliyə çevrilə bilmir. Bu, ilk növbədə fərqli milli və ya dini identikliklərin yaşam tərzlərindən asılı olaraq dəyişir. 
Buna görə də birgəyaşayışa çoxmədəniyyətliliyi formalaşdıran əsas faktor kimi baxmaq doğru deyil və “sonrakı müxtəliflik” çərçivəsində Avropanın timsalında bu tezisin özünü doğrultmadığına şahidlik edirik. Yəni Avropada miqrant axını nəticəsində artıq yerli əhaliyə çevrilmiş müsəlmanların yalnız klassik Qərb dəyərləri əsasında multikulturalizm ideologiyası altında birləşdirilməsi mümkünsüz görünür. Yalnız qərbsayağı multikultural dəyərlərin iflası ümumilikdə multikulturalizmin böhran yaşamı anlamına gəlməməlidir. Fərq multikulturalizmə siyasi alət, yoxsa həyat tərzi olaraq baxılmasındadır. Multikulturalizmi həyat tərzi olaraq qəbul edən Azərbaycan kimi ölkələrdə multikultural mühitin çiçəklənməsindən və davamlılığından danışmaq olar. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda bildirdiyi kimi “Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə, haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik” [1].
Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin də Qərb modelinin müasir dövrün çağırışlarına cavab verməməsinə özünəməxsus yanaşması diqqət çəkir: “XX yüzillikdə modernləşmənin Qərb modelinin bizim gerçəkliyə tətbiqinin əsas çatışmazlığı onda idi ki, onlar bütün xalqların və sivilizasiyaların özəlliklərini nəzərə almadan öz nadir təcrübələrini onlara şamil edirdilər”. Bütün bunlar universal dəyərlərin yalnız Qərb modeli əsasında formalaşmasına yönəlmiş yanaşmanın özünü doğrultmadığını göstərir. Qərbdə multikultural dəyərlərə, fərqliliklərə dözümsüz yanaşma isə multikulturalizmin deyil, Qərb modelinin iflası deməkdir. Dünya isə yalnız Qərbdən ibarət deyil. 
 
2. Cəmiyyətdə "doğma" və "özgə" tandemi
 
İstər beynəlxalq müstəvidə, istərsə də ölkə daxilində fərqliliklərə bölünmə, “doğma” və “yad” yanaşması tarix boyunca dözümsüzlüyə və ayrı-seçkiliyə səbəb olmuş, multikultural dəyərlərin formalaşmasına zərbə vurmuşdur. Lakin bu da bir həqiqətdir ki, müxtəlif aspektdə yanaşmadan asılı olaraq cəmiyyətdə doğma və özgə yanaşması qaçınılmazdır. Çünki dünyada xüsusən qloballaşma dövründə monokultural mühitin və cəmiyyətin mövcudluğu çətin, hətta mümkünsüz görünür. Belə olan halda isə cəmiyyətdə harmonik münasibətlər üçün “doğma” və “özgə”lərin uğurlu tandemi əsas şərtdir. Belə ki, fərqli dəyər daşıyıcılarının dominant və azlıq olmasından asılı olmayaraq birgəyaşayışı, həyat tərzində seqreqasiya deyil bütövlük fəlsəfəsinə üstünlük verməsi multikultural mühitin davamlı olmasına səbəb ola bilər. Yəni birgəyaşayış fəlsəfəsi yadların doğmalaşa bilməsindən birbaşa asılıdır.
Tarixi aspektdən baxdıqda fərqli dəyər daşıyıcılarına özgə yanaşmasının etnik-dini-irqi-mədəni ayrı-seçkiliyə yol açmasına Qərb sivilizasiyasının timsalında bariz şəkildə şahid oluruq. İbrahim Kalının yazdığı kimi “Avropanın mühakiməsində Avropadan kənar dünya “mədəniləşdirməyə möhtac olan bir öteki”dir. XIX əsrdə Avropa müstəmləkəçiliyinə hüquqi don geyindirmək üçün ortaya atılan “mədəniləşdirmə missiyası” “ağ adam”ın avropalı olmayan dünyaya qarşı əxlaqi və mədəni vəzifəsi olaraq tərif edilmişdir. Modernləşmə adına yaşanan dünyəviləşmə və mədəni yadlaşma İslam aləmində Qərbə qarşı dərin bir şübhə yaratmışdır. Bu gün bu şübhə yaşadığımız postmüstəmləkə dövründə də davam edir. XIX və XX əsrlərdə uzun sürən işğal altında yaşayan müsəlman ölkələri son iki əsrdir Qərb mədəniyyətinə haqlı olaraq bir “öteki” olaraq baxır. Bu baxımdan baxdıqda bunu bir dirəniş tərzi olaraq görmək mümkündür. Fələstin kimi siyasi problemlərdən tutmuş iqtisadi bağımlılıq və islamafobiyaya qədər bir çox sahədə yaşanan böhranlar bu dirənişin sosial-siyasi əsasını təşkil edir” [3, s.51].
Bu yerdə dəyərlərə Qərbdə və Qərb olmayan digər sivilizasiya müstəvilərində hansı baxış bucağından baxılmasının rolunu qeyd etməliyik. Rusiyalı alim Aleksandr Zinovyev bu fərqi çox məharətlə göstərə bilmişdir: “Qərblə dialoqda digər sivilizasiyaların prinsipial olaraq başa düşmədikləri məqam dəyərlərlə bağlıdır. Şərq mentalitetinə dəyərlərə toxunulmazlıq və müqəddəslik statusunun verilməsi, dəyərlərlə maraqların bir-birindən ayrılması xasdır. Dəyərlər çirkin hesab olunan siyasi və iqtisadi mübarizədə istifadə oluna bilməz. Qərb mentalitetində isə dəyərlərin qiyməti məhz gündəlik əməliyyatlarda istifadə oluna bilinməsindədir,dəyərlər maraqların davamıdır” [7].
Müasir dövrdə dünyanı düşündürən əsas çağırışların məhz dini müstəvidə ortaya atıldığının şahidi oluruq. Xüsusən də, Orta və Yaxın Şərqdə baş verən təlatümlərdən sonra Avropaya müsəlman ölkələrindən artan miqrasiya axını Qərb-İslam münasibətlərini daha da aktuallaşdırmışdır. Avropa ölkələrinin əksəriyyətində müsəlman miqrantlara qarşı dözümsüzlük müşahidə olunur, insanların müsəlman adət-ənənəsi ilə yaşayışı hüquqi müstəvidə qadağan olunur. Hazırda “Qoca Qitə”də ən məşhur şüar “Stop İslam”dır.
Təsadüfi deyil ki, dünyaca məşhur alim Samuel Hantinqton da yaşadığımız əsrin dini kimlik əsri olduğunu söyləyir. S.Hantinqton Avropada və ya Qərbdə milli kimlik anlayışına baxdıqda bunun tarixən və eləcə də müasir dövrümüzdə dini kimlik anlayışı ilə nə qədər üst-üstə düşməsi fikrini müdafiə edir. O, “Biz kimik? Amerikan milli kimliyinə çağırışlar” kitabında yazır ki, “Avropa milliyyətçiliyinin ilkin dövründə milli kimliyi bir çox hallarda dini terminlərlə müəyyənləşdirirdilər. XIX- XX əsrlərdə milli ideologiya daha çox dünyəvi oldu. Ancaq belə görünür ki, XXI əsr dini dirçəliş epoxası olacaq” [8].
 
Nəticə
 
Beləliklə, müasir dövrün ən mühüm çağırışlarından biri beynəlxalq müstəvidə və cəmiyyətdaxili münasibətlərdə doğma və özgələrə bölgüyə əsaslanan yanaşmanın mövcudluğudur. Çox təəssüf ki, bu cür yanaşma özünü ilk növbədə dini müstəvidə göstərir. Bu həm islam-xristian kontekstində, həm də islam daxilində şiə-sünni, xristianlıqda katolik-protestant və ya pravoslav münasibətlərində özünü göstərir. Dini kimlik milli kimliyin üzərində olduğundan hətta eyni etnik soykökünün daşıyıcıları arasında belə “doğma” və “özgə” yanaşmasına rast gəlinir. Müasir dövrdə Balkan, eləcə də ərəb ölkələrində bununla əlaqədar baş verən hadisələrə də bu prizmadan yanaşmaq lazımdır.
Multikultural mühitin formalaşmasında cəmiyyətin "özününkü" və "özgələrə" bölünməsi həlledici rol oynayır. Bu baxımdan Azərbaycan daxildə bütün fərqli dəyər daşıyıcılarını Azərbaycançılıq fəlsəfəsi ətrafında birləşdirərək çoxmədəniyyətli ölkə nümunəsi yarada bilmişdir. Azərbaycanda tarixən müxtəlif dinlərin və mədəniyyətlərin daşıyıcıları birgə yaşamışlar və bu, Azərbaycan cəmiyyətinin zənginliyinə səbəb olmuşdur. Azərbaycan  xristianların da, yəhudilərin də uzun əsrlərdir birgə yaşadığı müsəlman ölkəsidir. Eyni zamanda Azərbaycan İslam aləmində müxtəlif məzhəblərin qarşılıqlı hörmət şəraitində, dinc, yanaşı yaşadığı məkandır. Bakıda “Heydər məscidi”ndə islam dininin müxtəlif cərəyanlarının təmsilçilərinin bir yerdə vəhdət namazı qılması Azərbaycandan İslam dünyasına göndərilən ən güclü həmrəylik mesajıdır. Fərqli dəyər daşıyıcılarının qarşılıqlı hörmət əsasında birgəyaşayışına əsaslanan multikulturalizm ölkəmizdə həyat tərzi kimi qəbul olunur. Azərbaycanda birgəyaşayış fəlsəfəsi fərqliliklərin uğurlu tandeminə əsaslanır.
 
 İstifadə edilmiş ədəbiyyat:
 
Azərbaycan dilində:
 
1. İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. /10 yanvar 2016-cı il/ -  http://www.president.az/articles/17433
2. Həbibbəyli Ə. Sivilizasiyaların kəsişməsində Türk dünyası. Bakı, 2011.
 
Türk dilində:
 
3. İbrahim Kalın. “Ben, Öteki ve Ötesi” (İslam-Batı ilişkileri tarihine giriş). İstanbul, 2016.
 
İngilis dilində:
 
4. Robert Kagan. The twilight of the liberal world order. /January 24, 2017/ - 
      https://www.brookings.edu/research/the-twilight-of-the-liberal-world-order
5. 4 maps that will change how you see migration in Europe.World Economic Forum.- https://www.weforum.org/agenda/2016/08/these-4-maps-might-change-how-you-think-about-migration-in-europe?
6. https://www.whitehouse.gov/the-press-office/2017/05/21/president-trumps-speech-arab-islamic-american-summit
 
Rus dilində:
 
7. Зиновьев А. Запад: Феномен Западнизма. Москва, 2003.
8. Хантингтон С. Кто мы? Вызовы американкой национальной идентичности. Москва, 2008.
 
 
Arastu Habibbeyli
Understanding of multicultural values through the perspective 
of “other”
 
The article notes, that in relation to multicultural values, one of the most important challenges of the modern period is the existence of such an approach as dividing one's to "own" and "another's" in the international arena and in society.
 Division of society into “self” and “other”plays a decisive role in the formation of a multicultural environment. From this point of view, Azerbaijan became an example of a country which succeeded in building a multicultural country by uniting all of the different value-holders in the framework of Azerbaijanism philosophy. Since historically Azerbaijani people have co-existed with individuals coming from various ethnicities and religions the country has a wealthy diversified  society.
 
 
Арасту Габиббейли
Понятие «чужой» в формировании мультикультурных ценностей
 
В статье отмечается, что в отношении к мультикультурным ценностям,    одним из важнейших вызовов современного периода является существование такого подхода,  как деления на «своих» и «чужих»  в международной арене и в обществе. К сожалению, такой подход, в первую очередь, проявляется в религиозном аспекте. Решающую роль в формировании мультикультурной среды играет разделении общества на «своих» и «чужих». С этой точки зрения, Азербайджан преуспел в создании многокультурной страны, объединив всех носителей разных ценностей вокруг философии азербайджанства. Исторически в Азербайджане сосуществовали  носители разных религий и культур, что привело к богатству азербайджанского общества.
 
 
Məqalə redaksiyaya daxil olmuşdur:  24.08.2017
Çapa qəbul edilmişdir:  03.09.2017
 
© 2011-2018. Müəlliflik hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qorunur. Bütün hüquqlar "Strateji təhlil" jurnalına aiddir. Məlumatlardan istifadə edərkən stj.sam.az saytına istinad zəruridir.