Məqalələr

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun tariximizdə yeri Ümummilli lider Heydər Əliyev- milli intibahın banisi, müstəqil dövlətçiliyin memarı Azərbaycan Cümhuriyyətinin müqəddəratında Böyük Britaniya amili Bir əsrlik dövlətçilik tarixinə siyasi liderlik fenomeni işığında baxış: Ümummilli lider Heydər Əliyev - 95 К вопросу о создании Армянского государства и определения его границ на переговорах в Батуми и Стамбуле в1918 г. Azərbaycan Xalq Cümhuriyyətinin parlament sənədləri Zəngəzur, Qarabağ və Naxçıvanda 1918-1920-ci illərdə erməni vəhşiliklərini öyrənmək üçün mənbə kimi Геноцид тюрко-мусульманского населения Азербайджана по документам Британских дипломатов XX əsrdə erməni rəsmi dairələrinin kürdlərə qarşı həyata keçirdiyi deportasiya, repressiya və terror aktları haqqında (etnosiyasi analiz) Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Osmanlı dövlətinin siyasəti (iyun-oktyabr 1918-ci il) Нахчыван на переднем крае борьбы с армянской агрессией в период Азербайджанской Демократической Республики Sərhədyanı mübahisə 1918-1920-ci illərdə Azərbaycan-Gürcüstan münasibətlərində əlverişsiz amil kimi Особая Комиссия и ее “особые” сотрудники Равноправие и гендер: путь, пройденный от Азербайджанской Демократической Республики до Первого вице-президента Экономическая политика Азербайджанской Демократической Республики: поиски оптимальной модели Вопрос об экономических отношениях между Азербайджанской Республикой и РСФСР на страницах журнала “Нефтяное дело” 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin aqrar siyasəti Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti Военно-политические аспекты деятельности Азербайджанского правительства в 1918-1920 гг. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu Mirzə Bala Məmmədzadənin ideoloji görüşləri Tam siyahı

Sərhədyanı mübahisə 1918-1920-ci illərdə Azərbaycan-Gürcüstan münasibətlərində əlverişsiz amil kimi

Müəllif: Strateji Tehlil Jurnali

baxılıb: 240

Avq 20, 2018 - 10:38

Sərhədyanı mübahisə 1918-1920-ci illərdə Azərbaycan-Gürcüstan münasibətlərində əlverişsiz amil kimi

Şamil RƏHMANZADƏ

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi
 
shamil-rahman@mail.ru

 

Açar sözlər: 1918-1920-ci illər, Cənubi Qafqaz, millət-dövlətlər, Zaqatala dairəsi, Azərbaycan-Gürcüstan münasibətləri, torpaq mübahisələri, Mazımçay insidenti

Key words: 1918-1920s, South Caucasus, the nation-state, Zagatala District, Azerbaijani-Georgian relations, land disputes, Mazymchay's incident

Ключевые слова: 1918-1920-е годы, Южный Кавказ, нации-государства, Закатальский округ, азербайджано-грузинские отношения, территориальные споры, Мазымчайский инцидент

 

Giriş

 
1918-1920-ci illərdə özlərinin müstəqil varolma dönəmində Rusiyanın postimperiya dövlət qurumlarının qarşılıqlı münasibətlərinin tarixi haqlı olaraq tarixçilərin, sosioloqların, politoloqların, hüquqşünasların diqqətini cəlb etməkdədir. Sözügedən illərdə Rusiya siyasi-hüquqi məkanında cərəyan edən proseslər imperiya hökuməti qismində sərt unifikasiyaedici strukturu aradan qaldırdı, bu isə öz növbəsində keyfiyyətcə yeni sosial-siyasi konfiqurasiyaların, o cümlədən imperiya periferiyasında "millət-dövlətlərin" meydana çıxmasına yol açdı. XVIII əsrin sonu – XIX əsrin əvvəllərində bu tip dövlətçiliyin meydana gəldiyi Avropada siyasi coğrafiyanın klassik "millət-ərazi-dövlət" triadası formulə edilmişdi: o, milli-siyasi identikliyi ərazi identikliyi ilə sıx əlaqədə nəzərdən keçirirdi. Bu isə öz növbəsində sərhəd və ərazilərin təsbitini yaranmaqda olan hər bir "millət-dövlət" üçün son dərəcə aktual məsələyə çevirirdi. Ərazi identikliyinin təsbiti isə çox vaxt ərazi ixtilafları doğururdu. Belə ki, yaranmaqda olan "millət-dövlətlər" bəzən eyni əraziyə iddia edirdilər. Ümumiyyətlə, ərazi çəkişmələri müstəqil varolmalarının bütün dövrlərində Cənubi Qafqaz respublikalarının siyasi həyatının ayrılmaz atributuna çevrilmişdi.
Mübahisəli ərazi məsələləri nəzərdən keçirilən dövrdə Azərbaycan– Gürcüstan münasibətlərindən də yan keçməmişdi. Azərbaycanlıların sayca üstünlük təşkil etdikləri Borçalı, Zaqatala, Qarayazı, Sığnaq kimi vilayətlərin hansı ölkəyə mənsubluğu ilə bağlı yaranmış kəskin fikir ayrılıqlarını xatırlamaq, fikrimizcə, kifayət edər. Münaqişəli mövzulara müraciət edən tədqiqatçı ərazi mübahisələrinə, habelə Azərbaycan–Gürcüstan münasibətlərinin dinamikasına 1918-1920-ci illərdə Cənubi Qafqazda təşəkkül tapmış beynəlxalq vəziyyət kontekstində baxmalı və təhlil etməlidir. Bu, o deməkdir ki, imperiyanın çökməsi nəticəsində göstərilən region həm xarici siyasi aktorların, həm də Rusiyada vətəndaş savaşında qarşı-qarşıya gələn tərəflərin maraqları fokusuna düşmüşdü. Sözügedən aktorların qarşılıqlı təsirinin mürəkkəb kombinasiyası bir çox hallarda yeni meydana çıxmış Qafqaz respublikalarının istər inkişaf vektorunu, istərsə də həyati fəaliyyətlərinin xarici siyasi sferasını öncədən müəyyən edirdi.
 
1. Cənubi Qafqazda millət-dövlətlərin meydana gəlməsi: ərazi ixtilafları etnosiyasi identikliyin yan effekti kimi
 
Cənubi Qafqaz xalqlarının tarixində ilk ümumi dövlət təcrübəsi - federativ Cənubi Qafqaz (Transqafqaz) Respublikası (o formal olaraq 1918-ci ilin aprelin 22-də elan edilmiş, amma faktiki olaraq fevralın 23-dən, yəni Zaqafqaziya Seyminin açılışından etibarən fəaliyyət göstərmişdir) daxili etnik və siyasi çəkişmələr, habelə mürəkkəb beynəlxalq situasiya üzündən 1918-ci ilin mayın 25-də öz mövcudluğuna son verdi. Əvvəlki siyasi və sosial proseslərin məntiqi yekunu kimi gənc Qafqaz respublikaları – özünəməxsus millət-dövlətlər meydana çıxdı. Yeri gəlmişkən, "millət-dövlət" istilahı ilə əlaqədar müəyyən haşiyə çıxmaq istərdik.
"Millət-dövlət" konsepsiyası [bu barədə bax: 44; 45; 53; 54] fransız maarifçilərinin və digər liberal mütəfəkkir və ideoloqların intellektual səylərinin məhsulu olub, ilk dəfə XVIII əsrin sonlarında - amerikan və xüsusən də Böyük Fransa inqilabının gedişində praktiki təcəssümünü tapmışdı. XIX-XX əsrlərdə isə bu cür dövlət tipi əvvəlcə Avropa və Amerikada, sonra isə dünyanın digər qitələrində vüsət alan milli-siyasi hərəkatların məqsədinə çevrilmişdi. Milli dövlətlər yaranmalarına görə millətçi baxışların inkişafına borclu idilər: mütləqiyyətçi hakimiyyət prinsipinə söykənən ənənəvi dövlətlərin - imperiyaların xalq suverenliyi və milli yekcins dövlət ideyasına istinad edən "millət-dövlətlərlə" sürətlə əvəzləndiyi XIX-XX əsrin əvvəlləri, ümumiyyətlə, "millətçilik əsri" kimi qavranılırdı. Burada millətçiliyin görkəmli tədqiqatçılarından olan E.Hobsbaumun aşağıdakı tərifini gətirmək istərdik: "Millətçilik siyasi proqramdır və tarixin nöqteyi-nəzərinə görə, nisbətən yeni hadisədir. Bu konsepsiyaya uyğun olaraq, özünü "millət" kimi anlayan qruplar fransız inqilabından sonra formalaşmış ərazi dövlətləri tipində dövlət yaratmaq hüququna malikdirlər" [44, 102]. "Millət-dövlət" konsepsiyası çərçivəsində (habelə “millət” konseptinin şərhində) iki əsas yanaşma mövcud idi: daha çox fransız elmi mühitində intişar tapmış birinci yanaşma millət-dövlətə fərdlərdən ibarət siyasi camiə (toplum) kimi baxırdısa, alman fəlsəfi və sosial-hüquqi elmi çevrələrində yayılmış ikinci yanaşma millətə üzvi varlıq kimi münasibətdən çıxış edirdi: ona əsasən fərdlər öz-özlüyündə mövcud ola bilməzlər; onlar özlərini daha dolğun gerçəkləşdirməkdən ötrü bir millətin üzvü olmalıdırlar. Bu yanaşmaya əsasən dövlətin üzvi sərhədi yalnız millət ola bilərdi [45, 100-101].
"Millət-dövlət" haqqında qeyd olunan bu xüsusiyyətlər 1918-ci ildə meydana çıxmış Qafqaz respublikalarına da şamil oluna bilər. Onların qarşısında duran ən önəmli həyati vəzifələr – özlərinin yaşama qabiliyyətini təsdiqləmək, eləcə də sərhəd və ərazilərini müəyyən etmək idi. Bu dövlətlərin ərazi identikliklərinin təsbitinə yönəlmiş səyləri çoxsaylı ixtilaf və hətta qanlı münaqişələrlə müşayiət olunurdu. Ümumiyyətlə, ərazi çəkişmələri müstəqil varolmalarının bütün dövründə Cənubi Qafqaz respublikalarının siyasi həyatının ayrılmaz atributuna çevrilmişdi, çünki millətçilik, məşhur ingilis antropoloqu B.Andersenin fikrincə, "milləti birləşdirmək üçün daxilə, millət və onun ərazisini qonşu xalqlardan ayırmaq üçün isə xaricə hədəflənir" [43, 323].
1918-1920-ci illərdə Azərbaycan-Gürcüstan münasibətləri ümumən pozitiv istiqamətdə inkişaf edirdi. Fəqət bu dövlətlər arasında nəzərdən keçirilən dövrdə kifayət qədər mübahisəli ərazi məsələləri (Borçalı, Zaqatala, Qarayazı, Sığnaq) və siyasi problemlər (Axalsıx, Cənub-Qərbi Qafqaz (Qars) Respublikası, Batum) mövcud idi. Özü də təcili həllini tələb edən bu etnoərazi ixtilaflarının bir çoxu Azərbaycan və Gürcüstan respublikaları siyasət meydanına çıxar-çıxmaz yaranmışdı. Gürcü ictimai-siyasi xadimi, professor Z. Avalovun xatirələrinə görə, hələ mayın 21-də, Batumda olarkən Azərbaycan (Xan Xoyski, Yusifbəyli, Cəfərov, Xasməmmədov, Səfikürdiski, Pepinov) və gürcü (Jordaniya, Nikoladze, Surquladze, Avalov) nümayəndə heyətləri arasında sərhədlərin müəyyənləşdirilməsinə dair məsləhətləşmələr aparılmış, lakin tərəflərin kompromis əldə edə bilməməsi üzündən həmin görüş nəticəsiz qalmışdı [37, 57].
 
2. Zaqatala dairəsinə gürcü iddiaları və “mübahisəli torpaq  sahələri” məsələsinin meydana çıxması
 
İki gənc respublika arasında mövcud mübahisəli problemlərdən biri də “Zaqatala məsələsi”, daha doğrusu, bu tarixi Azərbaycan bölgəsinə gürcü iddiaları idi. Zaqatala dairəsi rus inzibati idarəçiliyi tərəfindən Azərbaycanın şimal-qərbində, tarixi Car-Balakən camaatlığı və İlisu sultanlığı torpaqlarında təşkil olunmuşdu. Hələ inqilabdan əvvəl, 1909-cu [46, 372-384] və 1916-cı illərdə [27, 1-2] Cənubi Qafqazda zemstvo institutunun tətbiqi məsələsinin müzakirəsi zamanı bu bölgəni Tiflis quberniyasına qatmağa cəhd göstərilmiş, lakin bu cəhd A.Qardaşov, İ.Qəbulov, N.Qazıyev, B.N.Kiçikxanov, B.Qalacov, Müslüm əfəndi və Zaqatala mahalının başqa xadimlərinin səyləri sayəsində uğursuzluğa düçar olmuşdu.
1917-1918-ci illərdə Rusiya məkanında cərəyan edən və Cənubi Qafqazı da öz təsir dairəsində saxlayan arxitektonik səciyyəli sosial və siyasi proseslər gedişində Zaqatala mahalının mənsubluğu məsələsi mübahisə predmeti kimi aktuallıq kəsb etdi. O zaman qurulmaqda olan gənc Qafqaz respublikalarının – Azərbaycanın və Gürcüstanın siyasi-intellektual dairələrinin qarşısında duran ən mühüm vəzifələrdən biri öz dövləti identikliklərinin təsbiti və sərhədlərin müəyyənləşdirilməsi idi. Zaqatala dairəsinin sözügedən dövlət qurumlarından hansına birləşdirilməsi, habelə əhalisinin öz etnosiyasi müqəddəratını təyin etməsi məsələləri məhz göstərilən kontekstdə siyasi, iqtisadi, simvolik məna və əhəmiyyət kəsb etmiş olurdu.
1917-1918-ci illərdə Zaqatala mahalı öz tarixinin keyfiyyətcə bir mərhələsindən (imperiya tərkibində olma) digərinə (postimperiya və ya millət-dövlət) keçid prosesini yaşamaqda idi [Bəhs edilən dövrdə dairədə cərəyan edən sosial-siyasi proseslər haqqında bax: 34]. Bu prosesin ən mühüm özəlliklərindən biri əhalinin siyasi mənlik şüurunda, özünüdərkində yeni siyasi situasiyanın təsiri altında tədricən baş verməkdə olan dəyişikliklər idi. Mahalın polietnik (fəqət konfessional cəhətdən daha yekcins) əhalisi imperiya çöküşündən sonra özünün yeni identikliyini qurmaq zərurəti ilə üzləşmişdi. Özü də bu, yəni "millətqurma" vəzifəsi lokal xarakter daşımayaraq, 1917-1918-ci illərin keşməkeşli dönəmində bütün Azərbaycan siyasi camiəsi (bir daha vurğulayırıq: ideya-siyasi mənsubiyyətindən asılı olmayaraq) qarşısında duran həyati vacib məsələ statusu kəsb etmişdi.
Cənubi Qafqaz Seyminin mövcudluğu dövründə Zaqatala dairəsi avtonom surətdə fəaliyyət göstərirdi. Seymin 1918-ci ilin 18 aprel tarixli iclasında çıxış edən A.Qardaşov bildirmişdi ki, Zaqatala əhalisi fevralın 5-də keçirilmiş fövqəladə toplantıda Transqafqaz hökuməti ilə əlaqə saxlamaq haqqında qərar qəbul etsə də, hökumət bu müraciətə lazımi əhəmiyyət verməmişdi. Bu səbəbdən mahal özbaşına qalmışdı [42, 9-11].
1918-ci ildə Azərbaycan və Gürcüstanın dövlət kimi təşəkkül tapdığı bir dövrdə Zaqatala dairəsinin siyasi mənsubluğu problemi ikitərəfli münasibətlərdə yaşanan gərgin məsələlərdən biri idi. Yeri gəlmişkən, bu bölgəyə həm Gürcüstan ("tarixi" konsepsiyaya istinad edərək), həm də Azərbaycan və Dağlı respublikaları iddia edirdi; sonuncu iki dövlət qurumu etnokonfessional amili qabardırdı. Belə bir şəraitdə, əlbəttə ki, yerli əhalinin siyasi qərarı olduqca əhəmiyyətli idi. Zaqatala dairəsinin Müsəlman Milli Şurasının (ona Zaqatala imamı Nurulla Qazıyev sədrlik edirdi) 1918-ci il iyunun 26-da baş tutmuş iclası tarixə olduqca əlamətdar hadisə kimi düşdü: bölgə əhalisinin etnosiyasi identikliyi haqqında məsələ öz həllini məhz həmin iclasda tapdı – mahalın siyasi, sosial və intellektual fəallarının mövqeyini ifadə edən Şura Azərbaycana birləşmək haqqında qərar qəbul etdi [14, 28-29; 24, 58-58 (arxa)]. Bölgə əhalisinin mədəni-konfessional mənsubluğu onun Azərbaycan dövlətçiliyi sistemində siyasi (milli) identikləşməsi üçün münbit zəmin oldu. Gürcüstana birləşmək perspektivi isə mahalın siyasi-intellektual elitası tərəfindən birmənalı surətdə rədd edildi. Bu qərar fevral inqilabından sonra dairədə cərəyan edən sosial-siyasi proseslərin məntiqi yekunu idi. Belə ki, inqilabın artıq ilk günlərindən bölgə ictimaiyyəti Azərbaycan milli hərəkatı ilə münasibətlər quraraq, öz fəaliyyətini bir qayda olaraq bu hərəkatla uzlaşdırırdı.
Zaqatala Milli Şurası Azərbaycan hökumətinə öz qərarı barədə iyunun 28-də teleqramla xəbər verdi. Həmin teleqram əsasında 1918-ci il iyunun 30-da hökumət Zaqatala dairəsinin Azərbaycan Respublikasına birləşdirilməsi haqqında qərar qəbul etdi [40, 203]. İyulun 30-da hökumətin iclasında Daxili İşlər Nazirliyinə Zaqatala dairəsində digər quberniyalarda fəaliyyət göstərən hakimiyyət orqanlarının yaradılması tapşırıldı [31, 69]. Quberniya statusu almış mahala tezliklə general Əliyar bəy Haşımbəyov vali (qubernator) təyin olundu: o, bu vəzifəni 1919-cu ilin aprel ayının ortalarınadək icra etdi [4, 11-12; 5, 2].
Yeri gəlmişkən, Azərbaycan hökuməti Zaqatala mahalının Azərbaycan Cümhuriyyətinin tərkibinə daxil olmasını hüquqi cəhətdən təsbit edərkən, gürcü hakimiyyət strukturları da analoji addımlar atmaqda idi: Gürcüstan parlamentinin 1918-ci il avqustun 2-də təsdiqlədiyi quberniya, mahal və qəza ştatları haqqında xüsusi qərara əsasən, Zaqatala dairəsinə də digər inzibati vahidlərə olduğu kimi komissar təyin olunurdu [47, 108]. Lakin 1918-ci ilin yayında gürcü hökuməti bütün səylərinə rəğmən Zaqatala dairəsində öz nəzarətini bərqərar edə bilmədi. Buna bir səbəb yerli əhali və onun ictimai-siyasi fəallarının öz seçimini Azərbaycan lehinə etməsi və Gürcüstana ilhaq olunma perspektivini birmənalı surətdə rədd etməsi idisə, digər səbəb həmin dövrdə Zaqatala bölgəsində Osmanlı qoşun hissələrinin olmasından, xarici-siyasi faktordan irəli gəlirdi. Fəqət gürcü tərəfi Zaqatala əhalisinin siyasi iradəsi ilə barışmamış, müxtəlif beynəlxalq sənədlərdə, hüquqi aktlarda bu dairəni öz ərazisi kimi göstərmişdi. Gürcü nümayəndə heyətinin Paris Sülh Konfransına təqdim etdiyi memorandumda Gürcüstanın tərkibinə daxil olan ərazilər sırasında Zaqatala mahalı da qeyd edilmişdi. 1920-ci il iyunun 25-də Gürcüstan Müəssislər Məclisində çıxışı zamanı gürcü menşeviklərinin liderlərindən A.Çxenkeli bildirirdi: "Bəlli olduğu kimi, Zaqatala mahalı – Saingilo Gürcüstanın həm tarixi, həm də iqtisadi cəhətdən ayrılmaz hissəsini təşkil etmiş və etməkdədir. Bu mahal Gürcüstan hüdudları xaricində mövcud ola bilməz" [52]. 1921-ci il fevralın 21-də Gürcüstan Müəssislər Məclisinin təsdiq etdiyi Konstitusiyaya əsasən, Zaqatala mahalı muxtar inzibati vahid kimi Gürcüstan Respublikasının ayrılmaz hissəsi elan olunurdu [47, 122]. Ümumiyyətlə, 1918-ci ildə iki ölkə arasında de-fakto bərqərar olmuş sərhədlərin qarşılıqlı surətdə tanınmaması Azərbaycan və Gürcüstan dövlətlərarası münasibətlərinə mənfi təsir göstərən mühüm amil idi.
1918-ci ildən bölgədə ərazi-təsərrüfat mübahisəsi də vüsət almaqda idi. "Mübahisəli torpaq sahələri"  məsələsi kimi qeyd etdiyimiz bu ixtilaf mahalın kənd icmalarının Sığnaq qəzası ərazisində mövcud olan və ya Tiflis quberniyası təsisatlarının sərəncamında olan torpaq sahələrinin istifadə hüququ ilə bağlı idi. O, Zaqatalanın siyasi mənsubluğu ilə bağlı münaqişə süjeti ilə sıx əlaqədə olsa da, ondan həm keyfiyyət xarakteristikasına, həm də dinamikasına görə əhəmiyyətli dərəcədə fərqlənirdi. Məsələ onda idi ki, diyarın inzibati-ərazi bölgüsü zamanı çarizm çox vaxt bu və ya digər bölgənin tarixi, etnososial, təsərrüfat xüsusiyyətlərinə məhəl qoymurdu. Bu səbəbdən Car-Balakən camaatlıqlarına və İlisu sultanlığına məxsus nəhəng torpaq massivləri Tiflis quberniyasının Sığnaq qəzasına daxil edilmiş, yaxud da inzibati və ya təsərrüfat baxımından həmin quberniyanın müvafiq təsisatlarının sərəncamına verilmişdi. Sığnaq qəzasının şimal-şərqində, indiki Laqodexi rayonunda rus idarəçiliyi tərəfindən "Çiaur meşə məntəqəsi" adlanan ərazidə 1917-ci ildə Qabaqçöl kənd cəmiyyətinə məxsus təqribən 4500 desyatin, yəni 5000 hektara yaxın torpaq sahəsi var idi [2, 13; 20, 12 (arxa); 23, 82-83]. Əraziyə "Çiaur meşəliyi" adını rus inzibati idarəçiliyi vermişdi. Bu toponimika "Car salnaməsində" “Cüyür” kimi təqdim olunurdu [33, 22]. Yerli xalq arasında isə həmin məntəqə ümumi ad altında deyil, ayrı-ayrı sahələrin (binə və talaların) adı ilə məşhur idi: Beşkən, Çürülü-tala, Qarakişi-tala (gürcü və rus yazışmasında Siteli-qori(qora)), Dərin-qobu, Osman-binə və s. 1906-cı ildən etibarən Stolıpinin aqrar islahatı gedişində qabaqçöllülərin torpaqlarında (indiki Laqodexi ərazisində) yeddi rus kəndi təşkil olunmuşdu: Novo-Alekseyevka, İllarionovka, Novo-Mixaylovka, Qrafskoye, Voronsovka, İvanovka, Daşkovo [10, 52 (arxa); 18, 67]. Bundan əlavə, gürcü kəndi Şroma da təqribən o vaxtlar salınmışdı. 1917-ci ildə ruslar faktiki olaraq qovuldular və onların boşalmış kəndlərini gürcülər tutdular. Bütün bu hadisələri Zaqatala bölgəsinin görkəmli ictimai-siyasi xadimlərindən olan İslam bəy Qəbulov belə xatırlayırdı: “Laqodexin ətrafında olan yerləri 8-9 sənə bundan müqəddəm rus hökuməti müsəlmanlardan alıb, bir tərəfdən Rusiyadan gələn xaxol mühacirlərini və digər tərəfdən gürcüləri iskan etmişdi… Burada mühacirlərə müsəlmanlardan alınıb verilən qayət gözəl və məhsuldar toprağın qədəri olar 5-6 min desyatin… Hürriyyət olan gündən gürcülər hər vasitə ilə olsa da, yuxarıda zikr olunan kəndlərdəki mühacir xaxolları gah təhdid və gah təzyiq edərək, o yerlərdən köçürüb, onların yerinə Kutais quberniyasından və qeyri yerlərdən gürcü qardaşlarını gətirib, iskan etdilər (məskunlaşdırdılar – Ş.R.). Təbiri-digərlə, gələcəkdə Zaqatal okruğunu qəsb etməyə mənəvi və cismani bir qüvvə hazırladılar” [32].
Bundan başqa, Sığnaq qəzasının şərq və cənub-şərqində ümumi sahəsi 167448 desyatin olan Şirək düzünün Alazanyanı vadisində (Alazan (Qanıx) çayının sağ sahilində) münaqişə ərəfəsində, bəzi məlumatlara görə, 16710 desyatin (18250 hektar) [28, 176; 29, 12], Şirəkdə torpaq sahələrinin mərzlənməsi haqqında 1884-cü il iyunun 5-də qəbul edilmiş (və iyunun 29-da dövlət əmlakı nazirinin təsdiqlədiyi) qərarın icrası üzrə komissiyanın noyabrın 1-də tərtib etdiyi akta əsasən, 18705 desyatin (təqribən 20426 ha) [28, 284], Gürcüstanın əkinçilik naziri N.Xomerikinin 1918-ci ildə təqdim etdiyi arayışa əsasən, 18554 desyatin [10, 25-26], yəni təqribən 20261 ha (sovetləşmədən sonra bu rəqəm 16337 desyatinə (təqribən 17850 ha) enmişdi: 19, 53, 65; 21, 4; 22, 136; 2, 15) torpaq sahəsi – şumluqlar, biçənəklər, örüşlər indiki Zaqatala və Qax rayonlarının 21 kəndinin (Qandax, Mosul, Yengian, Əliabad, Varxiyan, Kiçik Lahıc, Zəyəm, Tasmalı, Lələli, Kəndirqala, Padar, Kürdəmir, Kəpənəkçi, Muxax, Sarıbaş, Sabunçu, Çardaxlı, Almalı, Qorağan, Kötüklü və Muğanlı) ixtiyarında idi. Əsrlər boyu bu əkin-biçin sahələri sözügedən kəndlərin müstəsna istifadəsində olsa da, vəziyyət regionun Rusiya tərəfindən istilasından sonra dəyişdi. Şirək çölünə tuşinlərin, pşavların və xevsurların kütləvi şəkildə köçürülməsi adları çəkilən müsəlman kəndlərinin torpaqlarından tədricən ayrı-ayrı sahələrin alınıb onlara verilməsi ilə yekunlaşdı. Bizim hesablamalarımıza görə, çar hakimiyyət orqanları Şirək düzündə təqribən 112617 desyatin sahəni dağlı gürcülərə, gələcək Çiaur meşə məntəqəsində 6000 desyatindən artıq sahəni isə knyaz Çelokayevə və başqa gürcü əsilzadələrinə vermişdi [26, 23-29 (arxa); 28, 181 (arxa); 10, 52 (arxa); 18, 67; 50]. XX əsrin əvvəllərində Qabaqçöl kəndliləri Çiaur məntəqəsində daha 5-6 min desyatin torpaq itkisinə məruz qalmışdılar.
Sadalanan torpaq itkilərinə baxmayaraq, yuxarıda qeyd etdiyimiz kimi, Qabaqçöl kənd icması Çiaur meşəliyində təxminən 5 min hektar, dairənin daha 21 kəndi isə Şirək düzündə təxminən 18 min hektar torpaq sahələrindən istifadə etməkdə davam edirdi. Vəziyyət 1918-ci ildə köklü surətdə dəyişdi. Əlverişli fürsətdən yararlanan gürcü hökuməti göstərilən ərazilər üzərində öz nəzarətini, bununla da faktiki hakimiyyətini bərqərar edə bildi. Bu andan etibarən Zaqatala kəndlilərinin öz sahələrinə girişi güclü surətdə məhdudlaşdırılır, bu isə tərəflər arasında torpaq mübahisələrinin meydana çıxmasına zəmin yaradırdı.
 
3. Zaqatala valisi Ə.Haşımbəyovun torpaq sahələri mübahisəsinin tənzimlənməsinə dair ilk addımları. Birinci Mazımçay insidenti (1918-ci ilin sonları – 1919-cu ilin apreli)
 
Münaqişə situasiyasının yetişmə dövrü 1917-1918-ci illərə təsadüf edirdi: qeyd etdiyimiz kimi, Çiaur meşə məntəqəsində salınmış rus kəndləri sakinlərinin bölgəni tərk etməsi ilə onların məskən və torpaqlarını gürcü köçkünləri tutmuş, bu isə konfliktogen şərait doğurmuşdu. Azərbaycanın Ziraət Nazirliyinin arayışında qeyd olunduğu kimi, "bu gedişi (rusların getməsi nəzərdə tutulurdu – Ş.R.) qəti hesab edən yerli əhali (Qabaqçöl camaatı – Ş.R.) təbii olaraq güman edirdi ki, keçmişin səhvlərini düzəltmək və Car-Balakən vilayəti hüdudlarında tarixən təşəkkül tapmış torpaq istifadəsini bərpa etmək mümkün olacaq. Lakin bu gözləmələr özünü doğrultmadı və çıxıb getmiş rus məskunlarının əvəzinə gürcülər və imeretinlər gəldilər, çünki əvvəlki Car-Balakən vilayətinin bu hissəsi Gürcüstan ərazisinə aid edilmişdir" [16, 66]. Bənzər vəziyyət Şirək düzündə – Alazanyanı vadisində də yaranmışdı: 1884-cü il 29 iyun tarixli qanuna əsasən, istifadə olunan hər desyatinə görə mahalın xatırlanan 21 kəndi müəyyən vergi ödəyirdi ki, 1918-1919-cu ilin qışında gürcü hökuməti onun həcmini 15 dəfə qaldırmışdı. Zaqatala kəndliləri üçün yeni vergi stavkası çox yüksək olduğundan, 1919-cu ilin payızına doğru onların Gürcüstanın dövlət xəzinəsinə 1 milyon 845 min manat məbləğində borcu yığılmışdı. Bu borcu bəhanə gətirən gürcü hakimiyyəti zaqatalalıların həmin torpaqlardan, xüsusilə də otlaqlardan istifadəsinə maneələr yaradırdı: əsl məqsəd həmin ərazinin iqtisadi cəhətdən mənimsənilməsi idi və buna görə də oraya güclü surətdə maldar  tuşinlər köçürülürdü [11, 3, 7-8; 18, 70-71].
Gürcü hakimiyyət orqanlarının qeyd olunan əməlləri nəticəsində artıq 1918-ci ilin payızından etibarən Zaqatala vilayəti ilə Sığnaq qəzasının sərhəd zolağında qətl və qarətlərlə müşayiət olunan toqquşmalar xeyli artmışdı. İxtilafın eskalasiyasının, yəni sonrakı kəskinləşməsinin qarşısını almağa yönəlmiş ilk əməli cəhdi Zaqatala valisi Əliyar bəy Haşımbəyov etmişdi: onun təşəbbüsü ilə 1918-ci ilin noyabrın 8-də Qabaqçöl kəndində Sığnaq qəza hakimiyyət orqanlarının iştirakı ilə iclas keçirilmişdi [10, 52 (arxa)-53]. İclasda mübahisəli məsələlərin yoluna qoyulması üçün müşavirə keçirilməsi haqqında qərar qəbul olundu, lakin həmin müşavirə baş tutmadı. Zaqatala valisi qabaqçöllülərin meşədən istifadə etməsinə dair Sığnaq qəzası hakimiyyətinin şifahi razılığını almışdı [8, 38]. Lakin bu razılaşma da əməli tətbiqini tapmadı. Ə.Haşımbəyov daxili işlər nazirinə 1919-cu il fevralın 12-də həyəcanla yazırdı: "Çiaur meşəliyində, Beşkən məntəqəsində və onun ətrafında gürcü hökumətinin sərəncamına əsasən meşə qırılırdı və onun yerində məskənlər salınırdı" [13, 26].
Yeri düşmüşkən, qeyd edərdik ki, mübahisəli əraziləri öz vətəndaşları ilə məskunlaşdırarkən gürcü hökuməti əsasən iki məqsəd güdürdü: 1) Göstərilən sahələrin təsərrüfat reallıqlarını dəyişdirmək; 2) Həmin illərdə Gürcüstanda həyata keçirilən aqrar islahat gedişində mühüm sosial vəzifəni yerinə yetirmək. Məsələ ondadır ki, münaqişəli rayonlara əsasən Kutaisi quberniyasından, habelə dağlıq bölgələrdən ilk növbədə torpaq azlığından əziyyət çəkən kəndlilər köçürülürdü. Bununla da Gürcüstan hakimiyyəti aqrar problemin kəsərliliyini azaltmağa çalışırdı.
1919-cu ilin martından etibarən "mübahisəli torpaq sahələri" kimi qeyd etdiyimiz münaqişə çərçivəsində yeni süjet xətti – Mazımçay postu uğrunda mübarizə başladı. İxtilafın  bu epizodu kifayət qədər əlamətdar idi: o, tərəflərin psixoloji gərginliyinin və münaqişəli davranışının eskalasiya xətti üzrə cərəyan etməsindən xəbər verirdi. 1919-cu ilin mart-aprel və sen-tyabr-oktyabr aylarında baş vermiş və şərti olaraq "Birinci və İkinci Mazımçay olayları" adlandırdığımız hadisələr konfliktoloji baxımdan insident kimi səciyyələndirilə bilər: bu, tərəflərin ilk açıq toqquşması idi. Qeyd etdiyimiz hadisələr, xüsusilə də ikinci insident, aşağıda görəcəyimiz kimi, hətta iki dövləti hərbi konfrontasiya astanasına gətirib çıxarmışdı.
Məsələnin mahiyyəti qısaca olaraq aşağıdakılardan ibarət idi: hələ rus hakimiyyəti dövründə Alazan çayının qollarından olan və şimal-qərb səmtində Zaqatala dairəsi ilə Sığnaq qəzasının arasında qismən inzibati sərhəd kimi çıxış edən Mazımçayın sağ sahilində, yəni Sığnaq qəzasına düşən hissədə, "Enfiaciansın bağı" adlanan yerdə hərbi-keşikçi postu yerləşdirilmişdi. Bu ərazinin Azərbaycan, Dağıstan və Gürcüstanın hüdudlarının kəsişməsində mövqe tutması ilə əlaqədar strateji əhəmiyyətini, həmçinin Qabaqçöl və Balakən sakinlərinin faktiki istifadə torpaqlarına daxil olmasını nəzərə alan Azərbaycan hökuməti hələ 1918-ci ildə orada öz postunu qoymuşdu [8, 157; 13, 53, 150]. İlk vaxtlar öz daxili işlərinə başı qarışmış gürcü tərəfi bu fakta əhəmiyyət verməmişdi. Lakin 1919-cu ilin əvvəllərində o, yaranmış daxili və xarici-siyasi vəziyyəti əlverişli hesab edərək,  həmin mövqeni zəbt etməkdən ötrü hərəkətə keçmişdi.
İlk öncə 1919-cu ilin fevralında gürcü qəzetlərində Zaqatala "ləzgilərinin" gürcü kəndlərinə basqın etmək məqsədi ilə "partizan dəstələri" təşkil etmələri barədə Laqodexi komissarının hərbi nazirə məlumatı dərc edildi [48]. Fevralın 27-də Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycanın diplomatik nümayəndəliyinə müraciət edərək sözügedən məsələ ilə bağlı dərin narahatçılığını izhar etdi. Lakin diplomatik nümayəndəlik martın 4-də göndərdiyi cavab məktubunda bu faktı təkzib etdi [13, 33-34].
Martın 21-də Azərbaycan hökumətinə Zaqatala valisi Haşımbəyovdan həyəcanlı teleqram daxil oldu. Teleqramda deyilirdi ki, Sığnaq qəzasının Laqodexi sərhəd dəstəsinin rəisi Liladze Mazımçayın sağ sahilində qərar tutmuş Azərbaycan keşikçi postuna ultimatumla müraciət etmişdir: post təcili surətdə götürülsün. Gürcülər həmçinin Alazan çayındakı postlarını Ulqam çayının sağ sahilinə (sol sahilində Azərbaycanın sərhəd mühafizə dəstəsi yerləşirdi) köçürmək niyyətində idilər [13, 53]. Alazan çayının qolu olan Ulqam çayı Mazımçaydan bir qədər cənub-qərbdə axaraq, Çiaur meşəliyinin cənub hissəsini Zaqatala kənd icmalarından qismən ayırır.
Haşımbəyovun teleqramı Azərbaycan hökumətinin iclasında müzakirə edildi və hadisə ilə bağlı xüsusi qərar qəbul olundu; xarici və daxili işlər nazirləri sərhəddə mövcud vəziyyəti qoruyub saxlamaq üçün müvafiq tapşırıqlar aldılar [8, 18].
Martın 24-də xarici işlər naziri A.Ziyatxanov Azərbaycanın Tiflisdəki diplomatik nümayəndəliyinə hadisə ilə əlaqədar teleqram vurdu [13, 48-51]. Hadisəyə rəsmi Azərbaycanın mövqeyini ifadə edən bu sənəd analoji hallar üçün səciyyəvi tonda tərtib edilmişdi. Orada diplomatik etiket və iki respublika arasında artıq qabarıq cizgilər almaqda olan siyasi yaxınlaşmaya doğru oriyentasiya gözlənilirdi: məsələnin qəti həllini ehtimal edilən beynəlxalq konfransadək "iki respublikanın dost münasibətləri naminə" təxirə salmaq təklif olunurdu. Lakin eyni zamanda teleqramın son cümləsi Azərbaycan tərəfinin hadisələrin konfrontasiyalı inkişaf ssenarisinə, yəni münaqişənin eskalasiyasına hazır olduğuna işarə vururdu: "Mövcud vəziyyətin  zorakı yolla dəyişdirilməsinə yönəlmiş hər növ cəhd olduqca ağır və arzuolunmaz nəticələrə gətirib çıxara bilər".
Analoji məzmunlu təliqə ilə Haşımbəyov Sığnaq quberniya komissarına müraciət etmişdi [13, 53]. Zaqatala qubernatoru gizli hədə ehtiva edən bu sənəddə ona həvalə edilmiş vilayətin sakinlərinin rəyini artikulyasiya edirdi: yerli əhali "baş verə biləcək arzuolunmaz düşmən toqquşmalarına yol verməmək üçün postların əvvəlki kimi öz yerlərində qalmasını" tələb edirdi.
Belə davranış tərzini Azərbaycan hökuməti özü vermişdi: martın 21-də keçirilmiş iclasda daxili işlər nazirinə lazım gələrsə silahlı qüvvə tətbiq etməklə mövcud vəziyyəti mühafizə etmək tapşırılmışdı. Daxili işlər naziri də bu vəzifədən çıxış edərək Zaqatala valisinə müvafiq tədbirlər almağı tapşırmışdı [3, 3 (arxa)].
Yeri gəlmişkən, əks tərəf hadisələrin əhəmiyyətini kiçiltməyə çalışırdı. Gürcüstanın Azərbaycandakı təmsilçisi Kartsivadze Azərbaycanın xarici işlər nazirinə martın 27-də göndərdiyi təliqədə Zaqatala valisinin insidentlə bağlı məlumatını təkzib edərək, öz ölkəsinin xarici siyasət idarəsinin teleqramını açıqlayırdı [30, 40]. Teleqramda Azərbaycanın sərhəd keşik dəstəsinin Enfiaciansın sabiq malikanəsini viran etdiyi iddia olunurdu. Gürcü hakimiyyət orqanlarının sərhəd postunu çəkməklə bağlı ultimatumu (teleqramda ultimatumun mövcudluğu belə danılırdı) bu kontekstdə həmin malikanəni tam talandan xilas etmək qayğısının təzahürü kimi qələmə verilirdi.
Fəqət hadisələrin sonrakı inkişafı heç də gürcü tərəfinin sırf "malikanə qayğısı" ilə hərəkət etmədiyini göstərirdi. Martın 30-da Gürcüstanın sərhəd keşik dəstəsinin komandiri Balakən məntəqə rəisinə 3 gün ərzində Mazımçay postunu götürmək haqqında növbəti ultimativ tələb təqdim etdi. Danışıqlar üçün Haşımbəyov quberniya jandarmeriyasının rəisi Ş. Dibirovu sərhəd zonasına ezam etdi. O, gürcü rəisinə postun yerinin dəyişdirilməsinin qeyri-mümkün olduğunu qətiyyətlə bildirdi [8, 254-254 (arxa)].
"Mazımçay hadisəsi" üzvi şəkildə bizim "mübahisəli torpaq sahələri" adlandırdığımız münaqişə ilə çulğalaşaraq, həmin münaqişənin daha çox konfrontasion süjet xəttini təmsil edirdi: bəhs etdiyimiz posta kimin yiyələnməsi barədə məsələnin çözümündən əslində bilavasitə Çiaur məntəqəsinə (perspektiv planda isə həmçinin Alazanyanı vadiyə də) hansı dövlətin və hansı etnoərazi qrupunun (Zaqatala kəndliləri, yaxud gürcü miqrantlarının) nəzarət və idarə edəcəyi asılı idi.
Lakin 1919-cu ilin baharında gürcü hakimiyyət strukturları ixtilafın qızışdırılmasına hələlik lüzum görmədilər. Ş.Dibirovun apardığı danışıqlar öz bəhrəsini verdi. Aprelin 5-də Gürcüstan sərhəd qoşunlarının 2-ci Sığnaq bölməsinin komandiri Zaqatala valisi Haşımbəyova təliqə ilə müraciət etdi. Orada dövlət sərhədinin qəti təsbitinə qədər postların öz əvvəlki yerlərində qalması barədə göstəriş verildiyi bildirilirdi [8, 156]. Sığnaq sərhəd strukturunun bu qərarı barədə Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycanın diplomatik nümayəndəliyinə aprelin 28-də məlumat verdi [13, 81].
Gürcü hökumətinin bu addımı, sonra görəcəyimiz kimi, sadəcə taktiki manevr idi və ilk növbədə həmin dövrdə Gürcüstanın bir dövlət kimi mövcudluğunu təhdid edən Denikin təhlükəsinin güclənməsindən irəli gəlirdi. Bəlli olduğu kimi, 1919-cu ilin fevralında "Könüllü ordu" həm Dağıstan istiqaməti, həm də Qara dəniz sahili boyunca hücuma keçmişdi. "Könüllülər" gürcü hərbi hissələrini Soçi dairəsindən sıxışdırıb çıxararaq, Qaqra şəhərini tutmuş və Suxumiyə doğru irəliləməyə cəhd göstərmişdilər [38, 78-79; 41, 168-169]. Yeri gəlmişkən, məhz ümumi – “ağ” – təhlükənin olması Azərbaycanı və Gürcüstanı müvəqqəti də olsa öz aralarındakı mübahisəli məsələləri nisbətən arxa plana çəkməyə sövq edirdi. Lakin bu, heç də problemin aradan qalxması demək deyildi: aşağıda görəcəyimiz kimi Sığnaq qəzası və Zaqatala vilayəti arasında sərhəd təsbiti məsələsində gürcü tərəfi kifayət qədər ardıcıllıq nümayiş etdirirdi. O, münasib fürsət düşdükcə Azərbaycanla strateji müttəfiqlik haqqında səslənən bütün inandırma və vədlərinə rəğmən öz məqsədinə çatmaq üçün lazımi addımları atırdı.
Haşımbəyov öz vəzifəsini tərk etmək ərəfəsində (yeri gəlmişkən, o, Naxçıvan general-qubernatoru təyin edilmiş, fəqət yaranmış siyasi vəziyyət üzündən öz vəzifəsinin icrasına başlaya bilməmişdi) – 1919-cu il aprelin 12-də daxili işlər nazirinə göndərdiyi sonuncu təliqəsində Gürcüstanın şimal-qərb dövlət sərhədinin Qəbələ-su çayı üzrə keçirilməsini, yəni keçmiş Zaqatala dairəsinin inzibati sərhədini xeyli qərbə çəkilməsini, həmçinin Sığnaq qəzasının cənub-şərq küncünün – Alazanyanı vadinin Zaqatala quberniyasına birləşdirməyi təklif edirdi [17, 13 (arxa)]. Lakin bu tövsiyələri həyata keçirmək o dövrdə praktiki olaraq qeyri-mümkün idi; buna nə Azərbaycanın hərbi-siyasi resursları, nə də region və onun ətrafında yaranmış beynəlxalq vəziyyət imkan verirdi.
 
3. 1919-cu ilin yayında və payızında münaqişənin artan xətt üzrə inkişafı. İkinci Mazımçay insidenti
 
1919-cu ilin yayında münaqişə ocağında hadisələrin eskalasiya xətti üzrə tədricən inkişaf etdiyini görürük: gürcü hakimiyyəti Çiaur meşəliyindən qabaqçöllülərin istifadəsinə bilet və s. bəhanələrlə maneçilik səylərindən həmin məntəqəyə onların daxil olmalarını faktiki məhdudlaşdırmaq tədbirlərinə keçmişdi [11, 14-15]. Qabaqçöllülərin əks-reaksiyası da özünü çox gözlətmədi: İllarionovka, Daşkovo, Voronsovka kəndlərində məskunlaşmış miqrant-gürcülərə basqınlar çoxaldı [13, 160], həmin rayonda aqrar islahatı həyata keçirən torpaq komissiyasının üzvləri hücumlara məruz qaldılar [18, 70].
Bu arada Haşımbəyov qubernator vəzifəsini tərk etdi. Onun yerinə hökumətin 16 mart qərarı ilə Məmməd bəy Şahmalıyev təyin olundu. Şahmalıyev Zaqatala valisi vəzifəsində 1919-cu ilin aprelin 17-dən 1920-ci ilin yanvarın 16-dək çalışmışdı [4, 1, 11, 28].
Vəziyyətin gərginləşməsinə yol verməmək məqsədi ilə M.Şahmalıyev avqustun 22-də Laqodexi zemstvo idarəsinin sədrinə teleqram göndərdi. Orada beynəlxalq konfransda sərhədlər məsələsinin həllinədək torpaqölçmə işlərinin dayandırılması, mübahisəli ərazi zolağında həm Zaqatala, həm də Sığnaq sakinlərinin ümumi torpaq istifadəsinin saxlanılması təklif olunurdu. Lakin bu təkliflər rədd edildi [18, 71].
M.Şahmalıyevin avqustun 17-də daxili işlər nazirinə vurduğu teleqramdan gürcü hakimiyyət orqanlarının mahalın 21 kəndinin Şirək düzündəki mövcud əkin və otlaq sahələrinə münasibətdə də analoji surətdə hərəkət etdiyi bəlli olur. Birinci rus inqilabından sonra salınmış Aşağı və Yuxarı Kedi gürcü kəndləri öz hakimiyyət orqanları ilə birlikdə "Alazan çayını dövlət sərhədi hesab edərək, onların (zaqatalalıların - Ş.R.) qeyd edilmiş sahələrdən istifadəsini əngəlləyirdi" [8, 104-105; 18, 64].
Bütün bu faktlar yerli xalqın təbii narahatlıq və narazılığını doğurmaya bilməzdi. M.Şahmalıyev daxili işlər nazirinə sentyabrın 1-də göndərdiyi təliqəsində qeyd edirdi ki, yerli hakimiyyətin ölçü götürməyəcəyi təqdirdə silahlı toqquşma qaçılmazdır. Belə ki, Zaqatala əhalisi öz torpaqlarından könüllü surətdə imtina etmək niyyətində deyil [8, 106-106 (arxa)].
Sadaladığımız amillər münaqişənin fon şəraitinin kəskinləşməsindən xəbər verirdi. Belə bir vəziyyətdə 1919-cu ilin sentyabrın sonlarında ixtilafın destruktiv fazaya transformasiyasında "tətik" rolunu oynaya biləcək ikinci və daha ciddi "Mazımçay insidenti" baş verdi.
Gürcü hökuməti mart uğursuzluğunun dərslərini nəzərə almaqla, yeni insidentə artıq yay aylarından hazırlaşmağa başlamışdı. Ölkədə həyata keçirilən aqrar islahatın məntiqi, öncə qeyd etdiyimiz kimi, gürcü hökumətini yeni torpaq massivlərini mənimsəməyə sövq edirdi. 1919-cu ilin yayında gürcü hökumət dairələrinin münaqişəyə münasibətdə hərəkət xəttində müəyyən məntiqi ardıcıllıq sezilməkdə idi: əgər əvvəllər zaqatalalıların mübahisəli rayonlara girişinə maneələr törədilirdisə, indi artıq aqrar islahat çərçivəsində həmin rayonlarda torpaq bölgüsünə və deməli, yeni miqrantların oraya köçürülməsinə qərar verilmişdi. Müəyyən mənada Zaqatala sakinlərinin zorakı formada əks-təsirlərinin təhrikinə hesablanmış bu addımlarla öz məqsədinə çatdıqdan sonra Gürcüstanın xarici siyasət idarəsi hərəkətə keçdi: 1919-cu ilin iyulun 29-u və 30-da Azərbaycan diplomatik nümayəndəliyinə iki təliqə təqdim edildi [13, 150-151]. Həmin sənədlərdə Mazımçay postunun Enfiaciansın bağından çayın sol sahilinə keçirilməsi əvvəlcə xahiş, sonra isə tələb olunurdu. Bu təliqələrdə gürcü hakimiyyətinin davranışında yeni bir nüans diqqəti cəlb edirdi: əgər mart insidenti zamanı gürcü hökuməti prosesləri səhnə arxasından idarə edir və ixtilafın təşəbbüsçüsü kimi Laqodexi sərhəd dəstəsini irəli çəkirdisə, yay aylarından etibarən artıq açıq-aşkar hərəkət etməyə üstünlük verirdi.
Gürcüstanın diplomatik həmləsinin ikinci dalğası 1919-cu ilin sen-tyabrına – İkinci Mazımçay insidenti ərəfəsinə təsadüf etdi. Həmin ayın əvvəllərində Azərbaycanın baş naziri N.Yusifbəylinin Tiflisə rəsmi səfəri gedişində ikitərəfli dostluq və müttəfiqlik haqqında ən xoş sözlərin səsləndiyi günlərdə Gürcüstan Xarici İşlər Nazirliyi yeni diplomatik demarşla çıxış etdi. Bu qurumun 4, 5, habelə 26 sentyabr tarixli təliqələrində qabaqçöllülər gürcü məskunlarına basqınlarda, onları qarət etməkdə, meşə ağaclarını doğramaqda, torpaq sahələrini qəsb etməkdə ittiham olunurdular [13, 160, 165, 193]. Basqınların qarşılıqlı xarakter daşımasına baxmayaraq (bu, sözügedən təliqələrdə də etiraf olunurdu), irəli sürülmüş ittihamlar, zənnimizcə, artıq hazırlıq işləri başa çatmaqda olan "Mazımçay əməliyyatı"na mənəvi-hüquqi haqq qazandırmağa çağırılmışdı. 
Yeri düşmüşkən, biz hadisələrin inkişafının xarici siyasi kontekstinə də toxunmaq istərdik. 1919-cu ildə Azərbaycan-Gürcüstan siyasi münasibətlərinin vektoru dinamik dəyişən regional geosiyasi konfiqurasiya çərçivəsində real məzmun kəsb edirdi. Biz xarici siyasi aktorların siyahısına Rusiya bolşevik və antibolşevik (monarxist) düşərgəsini müəyyən şərtiliklərlə aid edirik: Bir tərəfdən Cənubi Qafqazın Rusiya siyasi, iqtisadi, sosiomədəni məkanından ayrılması bitkin hüquqi və mental təsbitini tapmamışdı. Digər tərəfdən isə burada baş verən hadisələr Rusiya aktorlarının nəzərində imperiya genişliklərində vüsət almış iç (vətəndaş) savaşın sadəcə bir epizodu idi. 
Yuxarıda qeyd etdiyimiz kimi, 1919-cu ilin fevralından, yəni könüllülər tərəfindən Soçi və Qaqranın tutulmasından başlayaraq, təxminən iyunun 11-dək – Britaniya komandanlığının demarkasiya xətti müəyyən etməsinə qədər Gürcüstan Respublikası ilə "Rusiyanın Cənubunun Silahlı Qüvvələri" (denikinçilər) arasında münaqişənin ən gərgin anları yaşanılmaqda idi. 1919-cu ilin yayına doğru Gürcüstan ilə "könüllülər" arasında gərginlik nisbətən səngimişdi. Lakin bu dəfə də Azərbaycan Denikin təcavüzünün real ehtimalı ilə rastlaşmışdı. May-iyun aylarında "könüllülər" bütün Dağıstanı işğal edərək, Azərbaycan sərhədlərinə yaxınlaşmışdılar [51, 108]. Bu təhlükə, qeyd etdiyimiz kimi, Azərbaycanı Gürcüstanla hərbi-siyasi sahədə əməkdaşlığa sövq edirdi. Belə əməkdaşlığın zəruriliyini hər iki ölkənin siyasi dairələri kifayət qədər dürüst dərk edirdilər. Məsələn, gürcü menşeviklərinin orqanı olan "Борьба" qəzeti iki dövlətin yaxınlaşması zərurətini belə ifadə edirdi: "Azərbaycan istiqlalının xilası işi onun (gürcü demokratiyasının – Ş.R.) öz şəxsi işidir" [49].
Azərbaycan tərəfinin bu əməkdaşlığa münasibətinin məzmunlu ifadəsini isə Y.V.Çəmənzəminlinin həmin günlərdə qələmə aldığı sətirlərində tapırıq: "Gürcüstan-Azərbaycan dostluğunun hər iki tərəf üçün də böyük faydası var. Şübhə ola bilməz ki, həm Gürcüstan, həm də Azərbaycan müstəqil yaşamaq istəyir. Böylə olduqda Gürcüstan üçün bir qorxu baş versə, axırda xətəri Azərbaycana da toxunacaq. Bu iki məmləkətin hürr yaşaması bir-birinə bağlıdır, biri asudəliyini itirərsə, o birisi də itirmək məcburiyyətində bulunar. Qafqazın dağlarını Qara dəniz ilə Xəzər dənizi arasında müttəfiqən müdafiə etməliyik…" [36]. 
Gürcüstan Azərbaycanla müqayisədə bir sıra səbəblər üzündən hərbi planda xeyli irəli getmişdi. Ona görə də onunla əməkdaşlıq sayəsində Azərbaycan əhəmiyyətli yardımlar aldı. Onlarla gürcü zabiti Azərbaycan silahlı qüvvələri sıralarına ezam olundu. İyul ayından etibarən Gürcüstandan Azərbaycana zəruri miqdarda hərbi texnika, sursat və ləvazimat daxil olmağa başladı. Gürcü təlimatçıları Azərbaycanda hərbi-istehkam qurğularının inşasına cəlb olundular [35, 237-238, 246, 422, 429-431]. Azərbaycan – Gürcüstan müttəfiqlik münasibətləri 1919-cu ilin 11 iyun müqaviləsi ilə rəsmən təsbit olundu. Belə bir şəraitdə sərhədyanı torpaq sahələri ilə bağlı münaqişənin qəfil kəskinləşməsi ilk baxışdan paradoksal görünə bilər. Lakin bəzi məqam və mətləblərin xatırlanması gürcü tərəfinin seçdiyi taktikanın müəyyən məntiqə əsaslandığını söyləməyə əsas verir.
Birincisi, qeyd etdiyimiz kimi, 1919-cu ilin yayına doğru Qara dəniz sahillərində gürcü-"könüllü" qarşıdurması səngiməyə başlamışdı: denikinçilərin Dağıstan istiqamətində fəallaşmaları və ən əsası bolşeviklərə qarşı genişmiqyaslı hücuma keçmələri Qara dəniz sahillərində onların qüvvələrinin xeyli azalmasına gətirib çıxarmışdı [41, 175]. Bu isə faktiki olaraq 1919-cu ilin sonlarına qədər Denikin təhlükəsi ilə üz-üzə dayanan və Ermənistanla sürəkli konfrontasiya şəraitində yaşayan Azərbaycanla müqayisədə Gürcüstan qarşısında daha geniş fəaliyyət və  manevretmə meydanı açırdı.
İkincisi, hərbi-müdafiə müqaviləsinin imzalanması iki dövlət arasındakı mübahisəli ərazi problemlərini heç də avtomatik həll etmək demək deyildi. Bunu xarici işlər naziri M.Y.Cəfərov parlamentin 27 iyun tarixli iclasında söylədiyi nitqində də bir növ etiraf edirdi: "Deyirdilər ki, hamıdan əvvəl gərək torpaq və hüdud məsələsini həll edək. Bu fikrə nə Azərbaycan, nə də Gürcüstan şərik ola bilməzdi. Ola bilər ki, hüdud məsələsini həll edincə istiqlalımız da getsin" [1, 758].
Üçüncüsü, Azərbaycan öz qonşusundan fərqli olaraq, hərbi quruculuq işinə əhəmiyyətli dərəcədə gec başlamışdı. Bəllidir ki, azərbaycanlılardan fərqli olaraq gürcülər çarizm dövründə hərbi mükəlləfiyyətli idilər. Bu səbəbdən on minlərlə gürcü Rusiya ordusu sıralarında dünya müharibəsi cəbhələrində kifayət qədər döyüş təcrübəsi toplamış, çoxsaylı ixtisaslı gürcü hərbi-zabit heyəti formalaşmışdı.
1919-cu ilin payızında  Azərbaycan rəsmi dairələri ikitərəfli münasibətlərdə çətinləşməyə səbəb ola biləcək addımlardan yayınırdı. Məsələn, Azərbaycan Xarici İşlər Nazirliyinin Daxili İşlər Nazirliyinə ünvanladığı cavab təliqəsində sərhədyanı ixtilafı çözməyə çağırılmış Azərbaycan – Gürcüstan komissiyasının işinə başlamasınadək iki respublikanın “sərhədyanı sakinləri arasında münasibətləri kəskinləşdirəcək hər cür bəhanəni aradan qaldırmaq” tövsiyə olunurdu [8, 112].
Yuxarıda sadalanan hal və məqamları gözəl dərk edən gürcü hökuməti münaqişə ilə bağlı taktikasını, etiraf edək ki, yetərincə savadlı qurmuşdu. Mübahisəli torpaqlar üzərində gürcülərin faktiki nəzarətini qəti surətdə rəsmiləşdirməyə çağırılmış "Mazımçay əməliyyatı" üçün münasib zamanın seçilməsi də dediklərimizə dəlalət edir.
Məsələ onda idi ki, 1919-cu ilin sentyabrın sonlarında Azərbaycan xarici siyasi sferada növbəti gərginliklərlə üzləşmişdi. Sentyabrın 21-də "könüllülərin" donanmasının vitse-admiralı Gerasimov polkovnik Palisın vasitəsilə Azərbaycan rəsmilərinə "Azərbaycan hərbi və ticarət donanmasının Xəzər dənizində üzməsinin yolverilməzliyi haqqında" bəyanat təqdim etdi. Bu nota xüsusən Britaniya qoşunlarının respublika hüdudlarını tərk etməsi kontekstində Azərbaycan hakim dairələri tərəfindən kifayət qədər ciddi qarşılanmışdı. Dövlət Müdafiə Komitəsi notanı xüsusi iclasında müzakirə edərək, onu cümhuriyyətin suveren hüquqlarına qarşı yönəlmiş akt kimi rədd etmişdi [9, 61-62, 72].
Paralel olaraq Zəngəzurda hadisələrin inkişafı Azərbaycan üçün arzuolunmaz xarakter almışdı: sentyabrın əvvəllərindən etibarən erməni nizami qoşunları və silahlı dəstələri Azərbaycan əhalisini sistematik məhvetmə taktikasına keçmişdilər. M.Süleymanovun hesablamalarına görə, yalnız bir ay ərzində Zəngəzurun 110 böyük kəndi məhv edilmiş, 60 minə yaxın sakin öz yurdlarından didərgin düşmüşdü [35, 374-375].
"Könüllü ordu" rəhbərliyinin və ermənilərin uzlaşdırılmış çıxışlarının Azərbaycan üçün doğurduğu hərbi-siyasi çətinliklər, aydın məsələdir ki, gürcü hökuməti tərəfindən də diqqətlə izlənilirdi: çox güman ki, son hadisələri ətraflı təhlil edən gürcü strateqləri Mazımçay mövqeyi ilə bağlı planların gerçəkləşməsi üçün münasib vaxtın yetişdiyini qərara aldılar. Sentyabrın 24-də Gürcüstan sərhəd mühafizəsinin başda zabit olmaqla pulemyotlarla silahlanmış 30 nəfərlik dəstəsi posta gələrək, orada olan iki Azərbaycan qoruqçusunu hədə ilə öz mövqelərini tərk etməyə məcbur etdi. Zaqatala qubernatorunun köməkçisi dərhal hadisə yerinə yollanmış və gürcü hərbçiləri ilə danışıqlara başlamışdı. Sərhəd postunu təmizləmək barədə Azərbaycan məmurunun tələbinə cavab olaraq gürcü zabiti və Laqodexi zemstvosunun idarə heyətinin üzvləri bildirmişdilər ki, postun tutulması könüllü surətdə baş vermişdir və gürcü hökumətinin xüsusi sərəncamı olmadan o qaytarıla bilməz.
"Mazımçay insidenti" münaqişə ocağında vəziyyəti olduqca kəskinləşdirdi. Laqodexidə yuxarıda bəhs etdiyimiz danışıqların getdiyi zaman çoxlu sayda qabaqçöllü kənd məscidinin hasarı yanında toplaşaraq silahlı çıxışa hazırlaşırdılar. Yalnız böyük səylər hesabına yerli hakimiyyət onları zorakılıqdan çəkindirə bilmişdi. Lakin yerli əhali bəyan edirdi: o, "öz axırıncı torpaq varından məhrum olmaqdansa, ən son nəfərinədək əlində silah ölməyi üstün tutur" [16, 15 (arxa)].
Qeyd etməliyik ki, AXC ilə GDR-in müstəqil mövcudluğunun bütün dövrlərində nə bu vaxta qədər, nə də bundan sonra sözügedən münaqişə çərçivəsində tərəflər arasında hərbi konfrontasiya ehtimalı bu qədər real olmamışdı. Daha artığı, bu hadisə 1918-ci ilin yayında - Borçalı ilə bağlı ixtilafdan sonra Azərbaycan və Gürcüstan respublikalarını ikinci dəfə lokal silahlı toqquşma həddinə gətirib çıxarmışdı. Zaqatala qubernatoru M.Şahmalıyevin Gəncəyə getməsi ilə əlaqədar onu əvəz edən Ş.Dibirov sentyabrın 24-də Laqodexi zemstvosunun sədrinə göndərdiyi təliqədə vurğulayırdı ki, “sərhəd keşik dəstəsinə Mazımçay postuna qayıtması haqqında sərəncam verilmişdir və Gürcüstan Respublikasının məmurları tərəfindən hər cür maneə hərbi toqquşma doğuracaqdır” [8, 155-155 (arxa)].
Lakin qeyd etdiyimiz kimi, o dövrdə Azərbaycanın üzləşdiyi xarici-siyasi və hərbi problemlər hökuməti öz yeganə müttəfiqi ilə münasibətlərin korlanmasına səbəb ola biləcək kiçicik hadisədən belə yayınmağa məcbur edirdi. Sərhəd postunun strateji əhəmiyyətini anlayaraq, onu nəyin bahasına olursa-olsun qaytarmağa çalışan Dibirova, çox güman ki, konfrontasiyaya getməmək haqqında yuxarılar göstəriş vermişdilər. Azərbaycanın xarici işlər naziri M.Y.Cəfərovun daxili işlər naziri (eyni zamanda o dövrdə hökumət başçısı) H.Yusifbəyliyə sentyabrın 29-da göndərdiyi təliqədə aydın şəkildə bildirilirdi ki, “tərəflər arasında toqquşmaya səbəb olacaq hər hansı bir bəhanəyə qətiyyən yol vermək olmaz” [8, 113].
Nəticədə Dibirov öz əvvəlki sərəncamını faktiki olaraq qüvvədən salmalı oldu: sentyabrın 26-da Balakənə, quberniya idarəsi katibi Şıxlinskiyə teleqram vuraraq, silah tətbiqi ilə postu geri almağı qadağan etdi. Dibirov eyni zamanda qabaqçöllülərin Çiaur meşəliyi ərazisində sahələr tutmasına son qoyulması barədə göstəriş verdi [13, 186, 189].
Bu arada yerli hakimiyyət orqanları səviyyəsində aparılan danışıqlar sentyabrın sonlarında uğursuz nəticələndi: gürcü tərəfi bir daha öz hökumətinin göstərişi olmadan postu tərk etməyəcəyini bəyan etdi [13, 190].
Mazımçay insidentinin baş verdiyi dövrdə Zaqatala quberniyasının Gürcüstanla on kilometrlərlə uzanan sərhədini cəmi 40 nəfərdən ibarət keşikçi dəstəsi mühafizə edirdi [7, 79]. Bundan əlavə, 1919-cu ilin sentyabrın sonlarından Zaqatala alayı tədricən bölgədən çıxarılaraq, Zəngəzura erməni təcavüzünü dəf etmək üçün göndərilmişdi. Ş.Dibirov daxili işlər nazirinə sentyabrın 17-də göndərdiyi təliqədə qeyd edirdi ki, alayın gedişindən sonra quberniyada xarici müdaxiləni dəf edəcək sayda hərbi güc qalmamışdır [8, 157].
"Mazımçay postu"nun ələ keçirilməsi gürcü hakimiyyətinə münaqişə rayonlarında öz nəzarətini daha qətiyyətlə bərqərar etməyə və Zaqatala kəndlilərini daha fəal şəkildə sıxışdırmağa imkan verirdi: məsələn, oktyabrda gürcü hökumət strukturları zaqatalalılardan dörd gün ərzində Şirək düzündəki torpaqlarını tərk etməyi tələb etmişdi; əks halda güc tətbiq olunacağı bildirilirdi [13, 214]. Eyni zamanda Alazanyanı vadidə miqrant tuşinlərin də fəallığı artmışdı: qış otlaqlarının gürcü hökuməti tərəfindən onlara icarə verildiyini əsas gətirən tuşinlər əliabadlıların və digər Zaqatala kəndlərinin Şirəkdəki şumluqlarına girişini əngəlləyirdilər [13, 244].
 
4. İxtilafın həllinə dair 1919-cu ilin oktyabrın sonlarında beynəlxalq komissiyanın çağırılması. "Mübahisəli sahələr" daimi etnososial gərginlik zolağı kimi (1919-cu ilin sonu - 1920-ci ilin əvvəlləri)
 
İxtilafın sonrakı eskalasiyasının qarşısını almaq üçün 1919-cu il okty
© 2011-2018. Müəlliflik hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qorunur. Bütün hüquqlar "Strateji təhlil" jurnalına aiddir. Məlumatlardan istifadə edərkən stj.sam.az saytına istinad zəruridir.