Məqalələr

Beynəlxalq münasibətlər sistemində müstəqil və çoxşaxəli xarici siyasət yürüdən ölkə kimi Azərbaycanın hərtərəfli inkişafı İlham Əliyevin on beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsidir Türk Dövlətləri Birliyi beynəlxalq hüququn subyekti kimi: ideya və reallıq “Kritik infrastruktur” nədir və təhdidlərdən necə qorunur: dünya təcrübəsi və Azərbaycanda tətbiqinin zəruriliyi Ermənilərin "soyqırım" iddiaları və onun beynəlxalq siyasətdə yeri Армянский фактор в разведывательной деятельности великих держав на Кавказе в 1801 – 1828 гг. Ermənilərin Tbilisi şəhərinə iddiaları Gürcüstanın bələdiyyə sistemində ermənilərin separatçı fəaliyyəti Политологическое образование в Азербайджанской Республике: специфика, современное состояние и стратегия развития Информационная политика в Азербайджане в условиях политико-экономических трансформаций Azərbaycanın ali təhsil sistemi yeni dəyişikliklər mərhələsində Azərbaycanın dövlət idarəçiliyi sistemində keyfiyyət menecmentinin müasir vəziyyəti Cənubi Qafqazda miqrasiya prosesləri Dövlət-özəl əməkdaşlığı bugünkü iqtisadi anlamda Qlobal iqtisadi normallaşma: yüksələn iqtisadiyyatlı ölkələr üçün dayanıqlı inkişaf çağırışları Военное дело и военное искусство в Азербайджане в древний период Учреждения для иностранных военнопленных и интернированных граждан в Азербайджанской ССР в 1944 – 1950 гг. (численность, дислокация, смертность контингента) Ukrayna azərbaycanşünaslığının banisi A.Krımski Качественные параметры партийных кадров в Азербайджанской ССР в 1920-1930-е гг. Политические отношения между Азербайджанским государством Сефевидов и государством Великих Моголов (1526-1576 гг.) Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsilin milliləşdirilməsi və dövlət dilinin tətbiqi Tam siyahı

Türk Dövlətləri Birliyi beynəlxalq hüququn subyekti kimi: ideya və reallıq

Müəllif: Strateji Tehlil Jurnali

baxılıb: 75

Yan 5, 2019 - 12:45

Cavanşir  FEYZİYEV

Milli Məclisin deputatı, 
Milli Məclisdə Türkdilli ölkələrin Parlament Assambleyası (TÜRKPA)
nümayəndə heyətinin üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru

javanshir@feyziyev.com

 

Türk Dövlətləri Birliyi beynəlxalq hüququn subyekti kimi: ideya və reallıq

 

Açar sözlər: qloballaşma, geosiyasət, beynəlxalq hüquq, Türk Dövlətləri Birliyi, ideya, reallıq

Key words: globalization, geopolitics, international law, Union of Turkic States, idea, reality

Ключевые слова: глобализация, геополитика, международное право, Союз Тюркских Государств, идея, реальность

 

Giriş 

Üçüncü minilliyin başlanğıcından dünyada gedən siyasi proseslərin pozitiv qanunauyğunluğu çox maraqlı və zəruri bir tendensiyanın məntiqinə ciddi inam yaradıb: açıq-aydın görünür ki, Yer kürəsinin ölkələri “imperialist nüvədə” zorla birləşməkdən getdikcə daha çox və daha qətiyyətlə imtina edirlər. Əlbəttə, bu gün də stereotipik imperializm müstəmləkəçiliyin ən müxtəlif üsul və vasitələrlə yaşadılması davranışlarından əl çəkmək istəmir. Lakin beynəlxalq birlikdə liberal-demokratik dəyərlərin siyasi əxlaqı formalaşdıran amilləri gücləndirməsi dünyanın arxaik üsullarla idarə edilməsi imkanlarını sürətlə azaldır. Üçüncü minilliyin beynəlxalq siyasəti və beynəlxalq hüququ üçün həmin aparıcı tendensiya dünya dövlətlərinin qlobal və regional miqyaslarda birləşməsinin məcburiyyət deyil, siyasi zərurət amilinə söykənməsidir. Dünya dövlətlərini yüz illər boyu hökm sürən qeyri-bərabərlik sindromundan xilas edən amil də məhz bu durğun nöqtədən uzaqlaşmaq olacaqdır. Çünki dünyanın arxaik üsullarla idarə edilməsi bugünkü siyasi idrak və siyasi rasionalizm nöqteyi-nəzərindən olduqca primitiv görünür: güclülər zəifləri öz iradəsi altına alıb, idarə edir və bu halda zəiflərin inkişaf etməsi mümkün olmur. İnkişaf etməyən subyekt (istər dövlət olsun, istər insan) həmişə təhlükə mənbəyidir. Bu təhlükəni daim dramatik vəziyyətdə saxlayan isə – güclülər ilə zəiflər arasında uçurumun aramsız olaraq dərinləşməsidir. Ona görə də bu vəziyyətdən yararlanan qlobal terrorizm iki nöqtədən silahını qaldırır: dövlət terrorizmindən və “patriarxal” terrorizmdən. Bir halda ki, dünya imperializmi qlobal terrorizmin törədicisidir və hər ikisi getdikcə daha amansız kütləvi qırğın silahlarına sahiblik əldə etmək təhlükəsini daşıyır, deməli, ondan və onu törədən səbəblərdən həqiqətən imtina edilməlidir. Bu imtina zəifləri öz iradəsi altına alan güclünün hegemonluğuna qarşıdır. İmperializm hegemonluğu, hegemonluq isə  təhlükəni yetişdirir. 
 
1. Postimperium proseslərində birləşmə meyilləri
 
Son yüzillikdə imperializmə qarşı mübarizə aparan ən qüdrətli qüvvə milli müqavimət hərəkatları (nasionalizm) olmuşdur. Məhz bu hərəkatlar dünya xəritəsində yeni-yeni dövlətləri yaratmışdır [11, s.35-4]. Ancaq üçüncü minilliyin başlanğıcından imperializmlə nasionalizm  (burada nasionalizm – "ifrat, qatı millətçilik" anlamında deyil, öz təbii və əsl qavramında – milli özünütəsdiq ideologiyası kimi işlədilir) arasındakı mübarizə özünün yeni fazasına keçir: artıq müstəqilliyini qazanmış yeni nəsil dünya dövlətləri  (türk dövlətləri də daxil olmaqla) qlobal hegemonizm siyasətinin yedəyində getməyərək, öz milli siyasətlərini beynəlxalq siyasətin aparıcı mövqelərinə çıxarırlar. Məhz bu tendensiya qlobal hegemonluq ambisiyalarını getdikcə neytrallaşdıran, beynəlxalq münasibətləri beynəlxalq hüquq müstəvisində yenidən paritet əsaslarda qurmağı mümkün edən dönməz bir prosesdir. Əslində, indiyədək beynəlxalq siyasətlə beynəlxalq hüquq arasındakı ziddiyyəti yaradan da birincinin sükanını əlindən verməyən imperialist hegemonluğun bütün vasitələrlə ikincini öz maraqlarına “uyğunlaşdırmağa” və modifikasiya etməyə çalışmasıdır.
Beynəlxalq hüquq normalarının beynəlxalq siyasətdə prioritetə çevrilməsi isə Yeni Dünya Sistemini yaratmağa məsuliyyətli olan dövlətlərin regional və qlobal miqyasda konsolidasiyası prosesində baş verir. Dünyanın arxaik üsullarla idarə edilməsindən əl çəkməyən qüvvələrin mövcudluğu şəraitində belə bir konsolidasiyanın zərurəti dəfələrlə artır. Çünki birləşməyənləri təkləmək və dağıtmaq, əlbəttə, asandır. Lakin müasir beynəlxalq siyasətin “qanundankənar oyunları” onu göstərir ki, hətta bu zərurəti dərk etmək və “necə gəldi” birləşmək özü də kifayət deyil. Birləşmək üçün güclü olmaq lazımdır. Zəiflər hətta istəsələr də, onların hər zaman dağılmaqla üzləşə bilən birləşmələrinin heç bir əhəmiyyəti yoxdur. Dağılmayacaq real birlik – güclülərin birliyidir! Müasir siyasi tarix də göstərir ki, güclü milli-demokratik dövlətlərin beynəlxalq hüquqla nizamlanan konsolidasiyası bu gün beynəlxalq siyasətin öncə bəhs etdiyimiz tendensiyasını gücləndirən başlıca determinantıdır.
Milli dövlətlərin getdikcə demokratikləşməsi və bu yöndə institusional islahatlarını gücləndirməsi onların dünya siyasi və iqtisadi sistemində daha sıx birləşməsinin, regional əməkdaşlığı qlobal əməkdaşlığa istiqamətləndirməsinin əsas şərtidir [6, s.368-462]. Çünki dünya dövlətlərini və xalqlarını birləşdirməyin “imperiya yolu”, öncə qeyd etdiyimiz kimi, özünü doğrultmadı. Qərb imperializmi isə özünün ən ifrat formasında müstəmləkəçiliyə çevrildi və bu səbəbdən dünyanın özünə birləşdirdiyi qalan hissəsini “sümürülmüş kasıb regionlar” şəklinə saldı [6, s.245-273]. Dünyanın buna dözməyəcəyi, əlbəttə, aydın idi.  Buna görə də  hazırkı  postimperium proseslərində dünya dövlətlərinin antiimperium tendensiyasında birləşmə meyilləri beynəlxalq siyasətdə əsl inqilab yaratmaqdadır: müasir dövr hegemonların dünyasından milli dövlətlərin dünya birliyinə çevrilməsi dövrüdür. Bu, beynəlxalq siyasətdə həqiqətən dönüşyaradıcı transformasiyadır və bu proseslərdə beynəlxalq birliyin suveren siyasi subyektlərinin birlikyaratma təşəbbüslərinin hansısa fövqəlgücün iradəsi altında baş verməməsi xüsusi önəm daşıyır. 
 
2. Beynəlxalq təcrübədə birlikyaratma təşəbbüsləri və Türk dünyası
 
Yeni Dünya Sistemini modelləşdirən proseslər beynəlxalq siyasətdə Avropa İttifaqının yaranmasından sonra birlikyaratmanın qaçılmaz proseslərinə təkan verib [17, s.48-50]. Dövlətlərarası münasibətlərdə qazanılmış son onilliklərin çoxtərəfli əməkdaşlıq təcrübəsi [16, s.360-361] regional müttəfiqləşmə prosesində Avropadakı kimi sivilizasiya mənsubiyyəti amilinin daha etibarlı olduğunu göstərir. İnsanlar, cəmiyyətlər və dövlətlər formal səbəblərdən gələn yaxınlaşmadan daha çox kökdən gələn səbəblərlə yaxınlaşmağa və birləşməyə üstünlük verirlər. Milli-genotipik strukturlaşma zərurətinin sivilizasiya mənsubiyyəti ilə harmoniya yaratması, bu sfera daxilində optimal birliyin real görünməsi həlledici olur və bu istiqamətdə məqsədəyönlü fəaliyyətləri hərəkətə gətirir. Kökləri, əsasları olmayan birliyin etibarlı və uzunömürlü olması inandırıcı görünmür. Əgər bu gün Rusiya üzünü türk dövlətlərinə tutub “Avrasiya İttifaqı” ideyasını ortaya atırsa, dərhal aydın olur ki, burada dominant Rusiya olacaq, birləşmə isə məcburi xarakter daşıyacaq. Məcburi xarakter daşıdığı üçün də Sovet İttifaqı kimi əvvəl-axır dağılacaq. Deməli, bu cür süni şəkildə yaradılmış “birliyi” heç cür qoruyub saxlamaq mümkün deyil. Yaxın tariximizdən çıxara biəcəyimiz dərslər var: strukturlaşmış milli-genotipik sistem yalnız öz komponentlərini və “doğma çevrəsini” özününkü sayır, ora düşmüş hər hansı “yad cismi” dərhal rədd edir. Təsadüfi deyil ki, türk dövlətləri arasında müstəqilləşmədən dərhal sonra yaranan birlik ideyası sanki çoxdan gözlənilən bir məqsəd kimi doğuldu və bu ölkələrin siyasi hakimiyyəti də, cəmiyyətləri də dərhal bütün sinirləri ilə ona doğru can atdılar. Çünki bu ideya türk xalqlarının yalnız öz daxilində deyil, həm də tarixi münasibətlərində yetişən ümummilli-universal amalı kimi yüzillər boyu bəslənilmişdi. Dildən sivilizasiyaya qədər getdikcə dərinləşən bu bağlılığı heç bir qüvvə qıra bilməmişdi. Hətta Rusiya və Sovet imperiyası kimi totalitar rejimlər belə bunu bacarmadı. Ona görə də, öncə vurğuladığımız kimi, məcburiyyətdən deyil, yalnız siyasi zərurətdən doğan birlikyaratmanın yaşamaq perspektivi var.
Milli identiklik sferasının cazibə gücü o qədər qüvvətlidir ki, hətta Amerika Birləşmiş Ştatları (ABŞ) kimi universal bir dövlətdə sözün klassik mənasında nasionalizm ideoloji arqumentasiya qazana bilir. Qlobal siyasətə dair bir sıra polemik məzmunlu əsərlərin müəllifi S.P.Hantinqton "Biz kimik? Amerika milli identiklik problemləri" adlı tədqiqat əsərində Amerika millətçiliyinin  ideologiyasını əsaslandırmağa çalışır. Göstərir ki, 1820 – 1924-cü illər arasında (təqribən yüz il müddətində) Avropanı tərk edən 55 milyon insanın 60%-i ABŞ-da məskunlaşıb. ABŞ mahiyyətcə Avropanın “davamı” olub, daha sonra isə bu ölkəyə dünyanın hər yerindən axının baş verməsi onun “milli simasını” büsbütün dəyişib.  Assimilyasiya, demək olar ki, baş verməyib. “Gəlmələr gəlməliyində”, “yerlilər yerliliyində” qalıb. ABŞ milli tərkibinə görə amorf bir dövlətə çevrilib. Bu isə ona böyük təhlükədir. Dünya dövlətləri milli varlığına əsaslandığı halda, ABŞ belə bir təməldən məhrum olmaq vəziyyətinə gəlir: “Əgər xalqlar amerikalı olmaq üçün Amerikaya, türklər alman olmaq üçün Almaniyaya gəlmirlərsə”, deməli, insanlar hara üz tuturlarsa, milliyyətlərini də ora “daşıyırlar” [14, s.190-192]. Deməli, dünyanın hətta kiçik dövlətləri belə öz milli identikliyindən, sivilizasiya seçkinliyindən, dini dəyərlərindən çıxış edirsə, bəs ABŞ kimi nəhəng dövlət niyə belə etməsin?! Ona görə də S.P.Hantinqton həmvətənləri qarşısında bu sualı qoyur: “Biz kimik?” – Cavabını da özü verir: “Biz – amerikalıyıq!” Bu paradiqma ilə də S.P.Hantinqton öz ideyasının triumfuna çatır: “Amerikalılar böyük əksəriyyətlə Allaha və Vətənə bağlıdırlar. Onlar üçün Allah və Vətən ayrılmazdır. Əgər din hər bir qitədə xalqların inam və müttəfiqlik sferasını yaradırsa və onları eyni zamanda antaqonizmə gətirirsə, onda amerikalıların da milli identikliyini və milli məqsədlərini tapması üçün öz dininə (katoliklik və protestantlığa) üz tutması təəccüblü deyil. Amerika elitasının əhəmiyyətli hissəsi bu mövqedədir ki, Amerika kosmopolit cəmiyyətdir. Digər hissəsi isə onu imperiya rolunda görür. Amerika xalqının böyük əksəriyyəti özünü əsrlər boyu mövcud olmuş Amerika identikliyinin saxlanılmasına və gücləndirilməsinə, milli alternativə dayaqlanmağa məsuliyyətli sayır. Amerika getdikcə dünya olur. Dünya getdikcə Amerika olur. Ancaq Amerika həm də Amerika olaraq qalır. Fəqət necə Amerika? – Kosmopolit? İmperial? Yoxsa Milli? Amerikalıların seçimi bir millət olaraq onların gələcəyini və dünyanın gələcəyini müəyyən edir” [14, s.365-366]. Yeri gəlmişkən, S.P.Hantinqton İslam dünyasına, eləcə də Türkiyəyə münasibətində də kifayət qədər subyektiv mövqedən çıxış edir. O, islam dinini və onun daşıyıcılarını “Amerikaya qarşı davakar” davranışlarda günahlandırır. Türkiyənin dövlətçilik ideologiyasının təkamül prosesini izləyərkən, onun gəldiyi nəticə də həqiqətə uyğun deyil. Siyasət professoru belə güman edir ki, 2002-ci ildən Türkiyədə Atatürkün “Qərbləşmə” kursunu götürmüş dünyəvi ideologiyasından imtina edilir və “İslamçı siyasi hərəkata” meyillilik artır [14, s.356]. Əslində isə çağdaş Türkiyə nə qərbləşir, nə də islamlaşır, yalnız müasirləşir, yeniləşir və əsas budur ki, hər zaman olduğundan daha çox türkləşir və bu türkləşmə yalnız Türkiyə çevrəsində məhdudlaşmır, Avrasiya genişliyində, ümumtürk məzmununda reallaşır. Müasir Türkiyə – türk və islam dünyası ilə tarixi əlaqələrini tamamilə yeni mərhələyə çatdıraraq, Şərq – Qərb münasibətlərini bu regionun dövlətlərinə fayda verən məcraya yönəldir [12, s.67-162]. Bu tendensiyada türk regionu dövlətlərinin qlobal miqyasda çəkisi artır. Bu isə onların vahid güc mərkəzi olaraq beynəlxalq siyasətdə “öz orbitini” konfiqurasiya etməyə kömək edir. Təkcə Türkiyədə deyil, bütün Türk dünyasında türkləşmə hərəkatı tarixdə ilk dəfədir ki, ideologiyadan real praktikaya keçidi öz xarakterində və fəaliyyətində əks etdirir. Türkləşmə – türk dövlətlərinin milli ideologiyalarını daha da konkretləşdirərək və dərinləşdirərək, onların panteonunda qərarlaşır. Müasir zəmanəmizə gərək olan əsl nasionalizm (milliyyətçilik) də məhz budur. Yalnız bir xalqın deyil, qardaş xalqların, yalnız bir dövlətin deyil, qardaş dövlətlərin ümummilli ideologiyasını özündə ehtiva edən tarixi təməllərə malik olan universal nasionalizm kimi türkçülük Amerikanın mahiyyətində S.P.Hantinqtonun görmək istədiyi nasionalizmdən – amerikanizmdən öz humanist - proqressiv anlamına görə müsbət mənada fərqlənir. Amerikanizm – bir dövlətin dünya hegemonluğunu öz altsiyasətində daşıyırsa, türkçülük – Avrasiyanın özəyini təşkil edən millətlərin yaratdığı müstəqil türk dövlətlərinin siyasi birliyini nəzərdə tutur. Ümumiyyətlə, bundan sonra yalnız bir dövlətin (hətta onun məcburən yaratdığı alyans dövlətlərinin) milli ideologiyasını və siyasətini dünya dövlətlərinin inteqral ideologiyası və siyasəti fövqündə qoymaq getdikcə daha çox qeyri-mümkün olacaqdır.  Çünki bu, Dünya Birliyi ifadəsinin məntiqinə və onun iradəsinə ziddir.
 
3. Qlobal inteqrasiya və beynəlxalq hüquq
 
Müasir dövrümüzdə dünya dövlətlərinin (1) ümummilli, (2) regional, (3) linqvistik, (4) dini, (5) sivilizasion əsaslarda daxili inteqrasiyaya girməsi və bu inteqrasiyanın uzunmüddətli perspektivdə onların siyasi və iqtisadi maraqları ilə uzlaşması birlikyaratmanın çox ciddi təminatına çevrilir. Türk dövlətlərinin də daxili inteqrasiyasını öz içinə alan bu tendensiya beynəlxalq hüquqla nizamlanan beynəlxalq siyasətin yeni proqressiv-sinarxik mərhələyə (reqressiv-xaotik proseslərin ziddinə) keçməsi, daha dəqiq desək, tarixdə ilk dəfə beynəlxalq siyasətlə beynəlxalq hüququn eyni prinsipial mövqedən çıxış etməsi deməkdir. Çünki bu prosesdə birlik beynəlxalq siyasətin zərurəti və beynəlxalq hüququn qanunları ilə yaradılır. Bu kontekstdə Türk Dövlətlərinin Birliyinin yaradılması tarixdə heç zaman indiki qədər real olmayıb. Çünki belə bir birliyin yaradılması beynəlxalq siyasətin zərurətindən irəli gəlir və beynəlxalq hüququn qanunlarına əsaslanır.
Beynəlxalq münasibətlərin son yüz ildə beynəlxalq hüquqla qaydalandırılması, milli dövlətin öz qanunvericiliyi ilə (“domestic jurisdiction”) beynəlxalq qanunvericiliyin uyğunlaşdırılması (“international jurisdiction”) “dövlətlər arasında qanunun” (“law among nations”) özünün inkişafı prosesində bəşəriyyətin qazandığı bir nailiyyət hesab olunur [13, s.124-144]. Beynəlxalq siyasət özü bu prosesin iştirakçısı və yaradıcısıdır. Ona görə də bu gün beynəlxalq siyasət – beynəlxalq hüquq normaları ilə tənzimlənən dövlətlərarası münasibətlərin qurulması və inkişaf etdirilməsinin qlobal məsuliyyətini öz üzərinə götürür. Həmin münasibətlər isə özünün təbii inkişaf qanunauyğunluğunda əməkdaşlığın və müttəfiqliyin müəyyən təşkilatlanmış formalarını meydana gətirir. Dövlətlərarası beynəlxalq hüquq qanunlarının başlıca prinsipi isə “dövlətlərin suverenliyi və bərabərliyinin” bütün hallarda qorunmasıdır [8, s.289-298]. Yəni onların birlikyaratma fəaliyyətləri də bu prinsipə əsaslanır və dövlətlərin öz aralarında ikitərəfli və çoxtərəfli razılaşmalar və müqavilələr əsasında yaratdığı birliklər onların suverenlik və bərabərlik hüququnun heç bir halda pozulmasına və ya məhdudlaşdırılmasına gətirib çıxarmır, əksinə, təsisatlanmış birlik bu hüququn şərtləri daxilində dövlətin imkanlarını optimallaşdırır.
Beynəlxalq hüququn ali qanunlarını öz təməl prinsiplərində təsbit edən Birləşmiş Millətlər Təşkilatı elə ilk maddəsində bəyan edir ki, “millətlər arasında, xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyin etməsi prinsipinə hörmət əsasında dostluq münasibətlərini inkişaf etdirmək, universal sülhün möhkəmləndirilməsi üçün digər müvafiq tədbirləri görmək” BMT-nin başlıca məqsədlərindəndir [7, s.3]. Bu isə əsas verir ki, BMT-nin Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında münasibətləri və əməkdaşlığı təşviq edən fəaliyyətlər beynəlxalq hüququn göstərilən təməl prinsipləri bünövrəsində qurula bilər və siyasi subyektlərin müstəqil iradə aktına çevrilə bilər.
“Siyasi və hüquqi birlikyaratma aktı” müstəqil dövlətlərin qlobal cəmiyyəti formalaşdırma təcrübəsinin başlanğıc mərhələsi kimi olduqca zəruridir [10, s.270-271]. Çünki bu prosesdə onlar sərbəst hərəkət edir, başqalarının diktəsi altında olmur, seçim variantları üzərində düşünür, onların daha optimal sayılanlarına üstünlük verilir. Dünya iqtisadiyyatının getdikcə liberallaşması gerçəkliyi dövlətləri daha diqqətli olmağa, münasibətlərin siyasi və iqtisadi motivasiyasını düzgün balanslaşdırmağa vadar edir. Suverenliyin milli maraqlar prinsipi ilə birlikyaratmanın universal prinsiplərinin uzlaşdırılması dövlətlərarası qarşılıqlı münasibətlərdə daha həssas yanaşmaları meydana gətirir. Müasir beynəlxalq hüquq dövlətlərin öz aralarındakı münasibətləri daimi etmək və ona təhlükəsizlik təminatı yaratmaq məqsədilə səylərini birləşdirməyə və həm regional, həm də qlobal miqyasda bloklaşma deyil, müttəfiqləşmə siyasətini birlikdə həyata keçirməyə imkan verir. Onların təsisatlanan birliyi beynəlxalq hüququn subyekti olur və müəyyən regionda təhlükəsizlik məsuliyyətlərini öz üzərinə götürür [15, s.746-749; 18, s.226-228]. Sülhün və sabitliyin təminatçısı kimi formalaşan bu regiondaxili təhlükəsizlik sferaları dünyada çoxalıb “sıxlaşdıqca”, destruktiv subyektlərin həmin zonalara daxil olması və pozuculuq törətməsi də mümkünsüzləşir. BMT, NATO və Avropa İttifaqının birlikdə Qərb sivilizasiyası dövlətlərində “təhlükəsizlik bürcünü” yaratması buna əsaslı örnəkdir.
 
4. Türk Dövlətləri Birliyinin yaradılmasının prinsipləri
 
Daha öncə qeyd edildiyi kimi, qloballaşma proseslərinin müasir mərhələsində gəlinən nəticələrdən biri budur ki, məcburiyyət əsasında deyil, siyasi zərurətdən doğan müttəfiqlik əsasında yaranan  birliklər  uzunömürlülük perspektivinə malikdir. Müasir dövrdə Türk Dövlətləri Birliyinin yaradılması da bu tendensiyasının axarındadır. Bu baxımdan, Türk Dövlətləri Birliyinin yaradılması  türk xalqlarının milli iradəsinin təzahürü olaraq həyata keçirilmək potensialını daşıyır. Birlikyaratmanın Avropa modelinə alternativ olaraq beynəlxalq hüquq prinsipləri əsasında yarana biləcək Türk Dövlətləri Birliyi onun Avrasiya modelini meydana gətirə bilər.  
Dövlətlərin milli və universal maraqları, qarşılıqlı öhdəlikləri və etimad etdikləri dəyərləri əsasında formalaşan birliyi qlobal idarəetmənin müəyyən funksiyalarını öz üzərinə götürmüş dövlətlərarası beynəlxalq təşkilat statusunu əldə edir. Müttəfiq dövlətlərin siyasi birlikləri beynəlxalq hüququn qaydalarına uyğun təşkilatlandığı üçün onlar həm də “qlobal leqal sistemin” tərkib hissəsi olur, onun hüquqi inteqrasiya konsepsiyasında yer alır, dövlətlərin qarşılıqlı əməkdaşlığına dair beynəlxalq hüququn prinsiplərinə real məzmun verir [9, s.312]. Həmin birliklərlə artıq fəaliyyət göstərən beynəlxalq təşkilatlar (məsələn, BMT) və digər dövlətlərarası təşkilatlar arasında əlaqələr qurulur və funksionallaşdırılır. Bütün bu proses “universal bəşər cəmiyyətinin” yaradılması məramını daşıyan “qlobal leqal sistemin” özünün və onun nüvəsini təşkil edən mövcud beynəlxalq hüququn inkişafına səbəb olur.
Beləliklə, Türk Dövlətləri Birliyi də beynəlxalq siyasət və beynəlxalq hüququn birlikyaratma konsepsiyasının aşağıdakı əsas prinsiplərinə uyğun olaraq yaradıla bilər:
1. Türk dövlətlərinin tarixi-siyasi amillərlə şərtlənən inteqrasiya zərurəti;
2. Türk Dövlətləri Birliyinin yaradılmasının onların təsisçilərinin müstəqil siyasi iradə aktı kimi meydana çıxması;
3. Türk dövlətlərinin suverenlik və bərabərlik hüququna üzv dövlətlər tərəfindən qarşılıqlı şəkildə hörmət edilməsi;
4. Müvafiq regional və qlobal məsuliyyətin və öhdəliklərin bölüşülməsi;
5. Türk dövlətlərinin öz birliyi daxilində və digər dövlətlərlə əməkdaşlıq    münasibətlərinin inkişaf etdirilməsi;
6. Suverenliyin milli maraqları ilə dövlətlərarası münasibətlərin universal prinsiplərinin uzlaşdırılması;
7. Müttəfiqləşmə siyasətinin həyata keçirilməsində regional və qlobal  təhlükəsizliyin, sabit sülhün prioritet olması;
8. Türk Dövlətləri Birliyinin qlobal idarəetmənin müəyyən funksiyalarını öz üzərinə götürmüş dövlətlərarası beynəlxalq təşkilat statusu əldə etməsi;
9. Digər dövlətlərarası beynəlxalq təşkilatlarla, xüsusilə BMT ilə əlaqələrin yüksək səviyyədə qurulması;
10. Türk Dövlətləri Birliyinin yaradılması prosesində qlobal siyasi və hüquqi sistemi təkmilləşdirən innovasiyaların tətbiq edilməsi, dünya birliyinin inkişafına töhfə verən ideyaların həyata keçirilməsi.
Türk Dövlətləri Birliyinin beynəlxalq siyasətin aktoru və beynəlxalq hüququn subyekti olaraq meydana gəlməsi Avrasiyada, eləcə də dünyada dövlətlərarası münasibətlərin inkişafında yeni bir mərhələni başladacağı şübhəsizdir. Bu gün türk dünyasının ictimai-siyasi həyatında baş verən hadisələr fonunda birləşməyə doğru hərəkatın nə qədər güclü olduğunu görürük. Türk dövlətlərinin liderləri cəmiyyətin iradəsindən irəli gələn bu prosesləri idarə edir və birlik ideyasını siyasi kontekstə çıxararaq konseptuallaşdırırlar. Yuxarıda göstərdiyimiz müddəalar Türk Dövlətləri Birliyinin yaradılmasının əsas prinsipləri kimi türk dünyasının siyasət və mədəniyyət xadimlərinin fəaliyyətlərində və bəyanatlarında da öz dolğun ifadəsini tapır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk dünyasının problemlərinə həsr olunmuş çıxışlarında Azərbaycan dövlətinin birlik məramlı mövqeyini məhz müasir beynəlxalq siyasətin prizmasından yanaşaraq bəyan edir: “Avropa ilə, böyük dövlətlərlə münasibətlərdə bizim baxışlarımız üst-üstə düşür və bu – bizim birləşməyimiz üçün birgə fəaliyyət planının olması üçün çox böyük əhəmiyyət kəsb edir” [1, s.13]. Türkiyə Prezidenti Rəcəb Tayyub Ərdoğan da türk dünyasının öz birliyini yaratma və onu beynəlxalq siyasətin subyektinə çevirmə təşəbbüslərini müstəqil türk dövlətlərinin və onların xalqlarının siyasi iradə aktı kimi dəyərləndirir: “Dünyanın hər yerində türk millətlərinin maraqlarının qorunması və etibarının yüksəldilməsi uğrunda aparılan mübarizədə qardaşların bir-birinə dəstək olmasından daha təbii bir iş ola bilməz. Biz davam edəcəyinə inandığımız bu həmrəyliyi bir sistem halına gətirərək, daha konkret və təsirli nəticələrə nail olmaq üçün göstərilən bütün səyləri təqdirlə qarşılayır və dəstəkləyirik... Bu yolda hamımızın üzərinə önəmli vəzifələr düşür. Siyasətçilərimizin, alimlərimizin, sənətçilərimizin, mətbuat nümayəndələrimizin, sərmayədarlarımızın, bütün iş adamlarımızın – hamımızın üzərinə iş düşür. Əl-ələ, çiyin-çiyinə verəcək, həmrəy olacaq və bütün türk dünyasını aydın gələcəyə aparacağıq” [2, s.17]. Ümumtürk mədəniyyətinin görkəmli nümayəndələrindən biri, Qazaxıstan Respublikasının YUNESKO yanında səfiri, yazıçı Oljas Süleymenov türk dövlətlərinin tarixi-siyasi amillərlə şərtlənən inteqrasiya zərurətinə və öz geosiyasi mövqeyinin üstünlüyünü Avrasiyada birlik modelində ifadə etməyin zamanı çatdığına diqqəti yönəldir: “Dünyada 40-dan artıq türkdilli xalq var. Bu, çox geniş bir coğyafiyadır. Tarix bizi Monqolustandan Aralıq dənizinədək əraziyə yaymışdır. Dəyişən epoxalar xalqlarımızın məkanlarını bir-birindən ayırmışdır. Buna baxmayaraq, biz başlıca amalları eyni cür başa düşürük. Eləcə də, ümumi bəlalarımızı eyni ağrı ilə qavrayır və ümumi sevincimizlə fəxr edirik. Ona görə də bütün türkdilli xalqlar sanki böyük türk superetnosunun, böyük türk dünyasının diasporlarıdır” [3, s.23].
Göründüyü kimi, türk dövlətləri regionunda çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, onların təhlükəsizliyi probleminin birlikdə həll edilməsi, burada müvafiq regional və qlobal məsuliyyətlərin və öhdəliklərin bölüşülməsi, sabit sülhün prioritetə çevrilməsi və qarşılıqlı münasibətlərin müttəfiqlik səviyyəsində, yüksək təminatlılıq əsasında qurulması zərurəti Türk dünyasını birləşməyə, öz varlığını bütöv siyasi sistem kimi ifadə etməyə sövq edir. İndiyədək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə təşəbbüsü ilə Türk dünyasının vahidliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, atılan addımlar Türk Dövlətləri Birliyi ideyasının mərhələ-mərhələ inkişaf etdirilməsinə xidmət etmişdir. Bu prosesdə türk dövlətləri arasında bütün sahələrdə qarşılıqlı əlaqələrin dərinləşdirilməsi, inteqrasiya proseslərinin gücləndirilməsi, təhlükəsizliyin və sabitliyin bərqərar edilməsi, həmin dövlətlərin beynəlxalq arenada mövqeyinin möhkəmləndirilməsi üçün görülməli işlərlə bağlı faydalı ideyalar ortaya qoyulmuş, məqsədyönlü fəaliyyətlərin zəruri koordinasiyası yaradılmışdır. 
Xüsusi olaraq vurğulamalıyıq ki, Prezident İlham Əliyev bu istiqamətdəki müvafiq çıxışlarında, nitq və bəyanatlarında müasir dünya siyasəti və iqtisadiyyatının aktual problemləri fonunda türk dünyasını beynəlxalq birliklə bağlayan bir çox vacib məsələlərə aydınlıq gətirir. Dövlət başçısı göstərir ki, bu gün türk dövlətlərinin malik olduğu zəngin enerji ehtiyatlarına dünya iqtisadiyyatında böyük tələbat var. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edir. Qazaxıstan da bu prosesə cəlb olunub. Türkmənistanın da həyata keçirilən layihələrə cəlb olunması gündəmdədir. Bu üç ölkədəki neft və qaz ehtiyatlarının birləşdirilmiş “enerjisi” qlobal iqtisadi bazarda öz həcmini artıraraq, bir çox proseslərə təsir etmək gücündədir [4, s.401]. Prezident İlham Əliyevə görə, türk dövlətlərinin malik olduğu iqtisadi potensialın bu şəkildə birləşdirilməsi siyasi imkanların da birləşdirilməsinə kömək edəcəkdir. Türk regionu dövlətlərinin birgə təşəbbüsü ilə həyata keçirilən layihələr onları daha da yaxınlaşdırmaqla, həmin dövlətlərin beynəlxalq arenada vahid güc mərkəzi kimi prioritet qazanmasına da yol açır.
“Türk dünyasının bütövləşməsinin tarixi bir zərurət olduğu” Bakıda keçirilən Dünya Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərlərinin I Forumunda qəbul edilmiş “Bakı Bəyannaməsi”ndə istinad ideyası kimi yer alır. Bu sənəddə Azərbaycan və Türkiyənin, habelə bütün türk dünyasının milli maraqlarının müdafiəsi, xaricdə yaşayan azərbaycanlıların və türklərin ictimai və siyasi fəallığının artırılması, onların təşkilatlanması prosesinə dəstək verilməsi ilə bağlı məsələlər öz əksini tapır [5, s.265]. Bütün bunlar türk dünyasının birliyinin aydın perspektivə malik olduğunu göstərir. Türk regionu dövlətlərinin qarşılıqlı əməkdaşlığı indi o səviyyədədir ki, artıq onlar öz aralarındakı hətta mübahisəli məsələləri də kənar bir təsir və maraq olmadan müştərək şəkildə həll edə bilirlər. Məsələn, Xəzər dənizində “Kəpəz” yatağı ilə bağlı Azərbaycan və Türkmənistan arasında fikir ayrılığına bu iki dövlətin və Türkiyənin vasitəçilik missiyası ilə birgə son qoymağa çalışması diqqətəlayiqdir. Ümumiyyətlə, türk regionu dövlətlərinin vahid enerji siyasəti platformasını qurmaq səyləri gücləndirilməlidir. Bu proses türk dövlətlərinin iqtisadi inteqrasiya yolunda atdıqları həlledici addımlardan olmalıdır.
 
Nəticə
 
XX əsrin ortalarından başlayaraq vüsətlənmiş və getdikcə qaçılmaz xarakter alan qlobal inteqrasiya prosesləri getdikcə dünyanın bütün bölgələrində etimad qazanmaqdadır. Bu proseslərin axarında türk geosiyasi regionunun türk geosiyasi sisteminə, onun isə öz növbəsində Türk Dövlətləri Birliyinə çevrilməsi davamlı və məqsədəyönlü fəaliyyətlərin nəticəsində gerçəkləşmə potensialına malikdir. Heç şübhə yoxdur ki, beynəlxalq siyasətin aktoru və beynəlxalq hüququn subyekti olaraq, formalaşmasının təməl mərhələsini yaşayan Türk Dövlətləri Birliyi Avrasiya geosiyasətinin mütərəqqi istiqamətə doğru transformasiyasını həyata keçirən proseslərin təkanverici qüvvəsinə çevrilə bilər.
 
İstifadə edilmiş ədəbiyyat:
 
Azərbaycan dilində:
1. Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin nitqi. - http://files.preslib.az/site/diaspora/gl4.pdf
2. Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumunda Türkiyənin Baş naziri Rəcəb Tayyub Ərdoğanın nitqi. - http://files.preslib.az/site/diaspora/gl4.pdf 
3. Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumunda Qazaxıstanın YUNESKO yanında səfiri, yazıçı Oljas Süleymenovun çıxışı. - http://files.preslib.az/site/diaspora/gl4.pdf
4. Türk dünyası qlobal inteqrasiyaya doğru / Türk dünyasının lideri. Bakı: Çaşıoğlu, 2009, s.400-403
5. Türk dünyasının həmrəyliyi və inteqrasiyası tarixi zərurətdir / Türk dünyasının lideri. Bakı: Çaşıoğlu, 2009, s.263-265 
 
İngilis dilində:
6. Robinson J.A. and others. Why Nations Fail: The Origins of Power, Prosperity and Poverty. Profile Books LTD, 2012
7. Basic Documents in International Law. Ed. by Brownlie I. New York: Oxford University Press, 2009
8. Brownlie I. Principles of Public International Law. New York: Oxford University Press, 2008
9. Capaldo G.Z. The Pillars of Global Law. Ashgate, 2008
10. Cohen J.L. Sovereignty in the Context of Globalization: a Constitutional Pluralist Perspective / The Philosophy of International Law. Ed. by Besson S., Tasioulas J. New York: Oxford University Press, 2010
11. D’Anieri P. International Politics. Power and Purpose in Global Affairs. Wadsworth: Cengage Learning, 2010
12. Fuller G.E. The New Turkish Republic: Turkey as a Pivotal State in Muslim World. Washington, D.C.: United States Institute of Peace Press, 2010
13. Glahn von G., Taulbee J.L. Law Among  Nations. An Introduction to Public International Law. Pearson, Longman, 2010
14. Huntington S.P. Who are We? The Challenges to America’s National Identity. New York: Simon& Schuster Paperbacks, 2005
15. Kaczorowska A. Public International Law. London, New York: Routledge, 2010
16. Knight W.A., Keating T. Global Politics. Oxford, New York: Oxford University Press, 2010
17. Lamy S.L., Baylis J., Smith S. et al. Introduction to Global Politics. New York, Oxford: Oxford University Press, 2011
18. The United Nations Security Council and War: The Evolution of Thought and Practice since 1945. Ed. by Lowe V., Roberts A., Welsh J., Zaum D. Oxford University Press, 2008
 
 
Javanshir Feyziev
Union of Turkic States as a Subject of International Law:  from Idea to Reality
 
The article presents the idea and considers the author's position regarding the formation of the Union of Turkic States as a subject of international law.
The author analyzing the existing geopolitical processes in the world emphasizes that the unipolar world that developed after the Cold War did not last too long. The phenomena of unipolar and bipolar worlds in no way led to peace in the global arena. 
The history of recent centuries has clearly shown that the most stable world order is possible precisely with multi-polar systems, where diverse alliances and associations can hold back and balance each other.
From this point of view, the formation of the Union of Turkic States as an avant-garde of international politics and a subject of international law can give an impetus to a new stage in the development of interstate relations in the world. The basis for realizing this idea can be the processes and calls for unification that are taking place today in the social and political life of the Turkic world. The leaders of the Turkic states direct these processes, which take place at the will of the society and create political motivation for the idea of forming the Union. Leaders of the Turkic states direct these processes sprung from the will of the society and establish the political motivation of the Union Idea. The provisions identifying the necessity of integration stipulated with the historical-political factors of the Turkic world as the major principles of the establishment of the Union of the Turkic States, find its profound expression in the activities and statements of the political and cultural figures of the Turkic world.
 
 
Джаваншир Фейзиев
Союз Тюркских Государств, как субъект международного права: от идеи до реальности
 
В статье представлена идея и рассматривается авторская позиция относительно формирования Союза Тюркских Государств, как субъекта международного права.
Автор анализируя существующие геополитические процессы в мире, подчеркивает, что однополярный мир, сложившийся после холодной войны, продержался не так уж долго. Феномены однополярного или биполярного мира никоим образом не привел к миру на глобальной арене.
История последних веков ясно показала, что наиболее устойчивый мировой порядок возможен именно при многополярных системах, где разнообразные союзы, обьединения могут сдерживать и уравновешивать друг друга.
С этой точки зрения,  формирование Союза Тюркских Государств как авангарда  международной политики и субъекта  международного права, может дать толчок в мире новому этапу в развитии межгосударственных отношений. Основой для реялизации этой идеи могу служить процессы и призывы к объединению, происходящие сегодня в  общественно-политической жизни тюркского мира. Лидеры тюркских государств направляют эти процессы, происходящие по воле общества и создают политическую мотивацию для идеи формирования Союза. Как основные принципы создания Союза Тюркских Государств, положения, обусловленные историко-политическими факторами необходимость интеграции тюркских государств, находят  свое полное выражение  в деятельности и заявлениях деятелей политики и культуры тюркского мира. 
 
Məqalə redaksiyaya daxil olmuşdur:  16.11.2018
Çapa qəbul edilmişdir:  29.11.2018

 

 

© 2011-2019. Müəlliflik hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qorunur. Bütün hüquqlar "Strateji təhlil" jurnalına aiddir. Məlumatlardan istifadə edərkən stj.sam.az saytına istinad zəruridir.