Məqalələr

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun tariximizdə yeri Ümummilli lider Heydər Əliyev- milli intibahın banisi, müstəqil dövlətçiliyin memarı Azərbaycan Cümhuriyyətinin müqəddəratında Böyük Britaniya amili Bir əsrlik dövlətçilik tarixinə siyasi liderlik fenomeni işığında baxış: Ümummilli lider Heydər Əliyev - 95 К вопросу о создании Армянского государства и определения его границ на переговорах в Батуми и Стамбуле в1918 г. Azərbaycan Xalq Cümhuriyyətinin parlament sənədləri Zəngəzur, Qarabağ və Naxçıvanda 1918-1920-ci illərdə erməni vəhşiliklərini öyrənmək üçün mənbə kimi Геноцид тюрко-мусульманского населения Азербайджана по документам Британских дипломатов XX əsrdə erməni rəsmi dairələrinin kürdlərə qarşı həyata keçirdiyi deportasiya, repressiya və terror aktları haqqında (etnosiyasi analiz) Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Osmanlı dövlətinin siyasəti (iyun-oktyabr 1918-ci il) Нахчыван на переднем крае борьбы с армянской агрессией в период Азербайджанской Демократической Республики Sərhədyanı mübahisə 1918-1920-ci illərdə Azərbaycan-Gürcüstan münasibətlərində əlverişsiz amil kimi Особая Комиссия и ее “особые” сотрудники Равноправие и гендер: путь, пройденный от Азербайджанской Демократической Республики до Первого вице-президента Экономическая политика Азербайджанской Демократической Республики: поиски оптимальной модели Вопрос об экономических отношениях между Азербайджанской Республикой и РСФСР на страницах журнала “Нефтяное дело” 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin aqrar siyasəti Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti Военно-политические аспекты деятельности Азербайджанского правительства в 1918-1920 гг. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu Mirzə Bala Məmmədzadənin ideoloji görüşləri Tam siyahı

Terrorizmin mahiyyəti və

Müəllif: Strateji Tehlil Jurnali

baxılıb: 808

Dek 21, 2017 - 3:14

Terrorizmin mahiyyəti və "islamda terror" anlayışına baxış

 

Emin ŞIXƏLİYEV

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun 
şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent 

emin.amea@yahoo.com

 

Açar sözlər: terrorizm, islam, ABŞ, Qərb dövlətləri, yeni dünya nizamı

Key words: terrorism, islam, USA, western powers, new world order 

Ключевые слова: терроризм, ислам, США, западные державы, новый мировой порядок

 

 

Giriş
 
Məlum olduğu kimi, Amerika Birləşmiş Ştatlarında (ABŞ) 11 sentyabr 2001-ci il tarixində meydana gələn terror hadisəsindən sonra terrorizm haqqında çox şeylər yazılmış, bir çox konfrans və simpoziumların, kitab və məqalələrin əsas mövzusuna çevrilmişdir. Lakin terrorizmin mahiyyətini bütövlükdə özündə ehtiva edən universal bir tərif hələ ki verilməmişdir. Terrorizm siyasi məqsədlərə çatmaq üçün planlı şəkildə icra edilən zorakılıq aksiyasıdır. Bu məqsəd siyasi, sosial, iqtisadi, ideoloji, irqi, milli, dini və s. şəkildə ola bilər [geniş məlumat üçün bax: 6, s. 30-35]. Terrorizm öz fəaliyyətlərini, istəklərini, davalarını, məqsəd və niyyətlərini normal yollarla təsdiq etdirə bilməyən qüvvələrin siyasi və hərbi gücə sahib olmaması və ya ola bilməməsi səbəbindən ortaya çıxan bir anlayışdır [5, s. 34-45; 11, s. 3; 22, s. 24-36]. Mənası “qorxu, dəhşət, vahimə” deməkdir. Biriləri üçün terrorizm və terrorçu olan bu qavram başqa birilərinə görə, milli qurtuluş hərəkatı (national liberation movement) və azadlıq mübarizəsi (freedom fighter) mənasında işlədilir [7, s. 118]. Buna misal olaraq İraqda amerikan və ingilis ordusu ilə mübarizə aparanlar “terrorçu” adlandırılmışdır. İşğalçı mövqeyindəki amerikalıları və ingilisləri öldürən “terrorçular” isə İraq xalqının nəzərində azadlıq mübarizləridir. “Soyuq müharibə” illərində də ABŞ sosializm tərəfdarlarının hakim olduğu ölkələrdə rejimə qarşı baş qaldıran qruplara “azadlıq mübarizləri” adını verərkən, o ölkənin hakim siyasi elitaları və SSRİ tərəfindən bu qruplar “terrorçu” elan edilmişdi. Eyni zamanda FAT (Fələstin Azadlıq Təşkilatı), Həmas, Hizbullah, İslami Cihad Ordusu və İslami Hərəkat Ordusunun dünyanın bəzi aparıcı dövlətləri tərəfindən terrorçu təşkilat adlandırılmasına baxmayaraq, ərəb xalqının nəzərində onlar milli azadlıq təşkilatları kimi görünməkdədir. Bu müddəaları dünyanın bir çox ölkəsində fəaliyyət göstərən müxtəlif qruplara da şamil etmək mümkündür. Deməli, bu mənada “azadlıq mübarizləri” ilə “terrorçu” anlayışları bütünləşmişdir. 
 
1. Terrorizmin mahiyyəti və pərdəarxası məqamlar
 
Ümumiyyətlə, terrorizm fenomeni bəşəriyyətin tarixində zorakılıq problemi ilə bağlıdır. Bu nöqteyi-nəzərdən qeyd etmək lazımdır ki, terrorizm çox zaman milli, dini, sosial və siyasi təzyiqlərdən qaynaqlanıb daha dəhşətli və amansız cavab reaksiyası şəklində təzahür edir. Dünyada cərəyan edən hadisələrə nəzər yetirsək görərik ki, bu aksiyaları törədən qruplara dəstək verən çox sayda böyük güclər mövcuddur. Çünki terror təşkilatlarının məqsədi və niyyətləri bu terror qruplarının fəaliyyət göstərdikləri ölkələrin “dostu” olmayan ölkələr tərəfindən xoş qarşılanmaqdadır. Ölkələr terror barəsində “düşmənimin düşməni mənim dostumdur” fəlsəfəsini mənimsəməkdə və düşmən olaraq gördüyü ölkələrin içinə sızan terror təşkilatlarını “dost” kimi qəbul etməkdədirlər. Buna görə də dünya miqyasında terror ilə mübarizədə əsaslı və köklü nailiyyət əldə edilməmişdir. Beynəlxalq terrorizmin qarşısının alınmaması məsələsində ölkələr daim bir-birini “terroru dəstəkləyən ölkə” olaraq ittiham edir və müxtəlif sanksiyalar tətbiq etməyə çalışırlar. Xüsusilə demokratiya adı altında çıxış edən dünyanın ən qabaqcıl, inkişaf etmiş dövlətləri öz maraqları yolunda böyük maneəyə çevrilən terror təşkilatlarına alov püskürərkən, mənfəətləri ilə çulğaşan terror təşkilatlarına da hər baxımdan dəstək verirlər [17, s. 36]. Terrorizmi həqiqətən də “terrorizm” olaraq qəbul etməyən ölkələr mövcud olduqca, bu aksiyaları gerçəkləşdirənlər üçün hər zaman sığınılacaq bir məkan olacaqdır. Bu vəziyyət eyni zamanda terrorçuların hüquqi təzyiq olmadan rahatlıqla öz fəaliyyətlərini genişləndirərək davam etdirmələrinə də şərait yaradacaqdır. 
Qeyd etmək lazımdır ki, terrorizm 11 sentyabr hadisələri ilə ortaya çıxmış yeni bir məfhum deyil. Bu məfhum 11 sentyabrdan hələ çox-çox əvvəl özünü açıq şəkildə göstərmiş şiddət metodudur. Təəssüflə qeyd edilməlidir ki, başda ABŞ olmaqla dünyanın bir çox ölkələri terrorun təhlükə olduğunu yalnız 11 sentyabr 2001-ci ildə “dərk” edə bildi. Bütün bunlar onu göstərir ki, minlərlə insanın canına qıyan PKK fəaliyyətlərinin, minlərlə türkün ölümünə səbəb olan erməni cinayətlərinin terror olduğunu, Azərbaycan ərasizinin 20%-nin Ermənistan tərəfindən işğal edildiyini, bir milyondan çox azərbaycanlının didərgin vəziyyətinə düşməsini, bunların terror çərçivəsində həyata keçirildiyini  anlaya bilmək  üçün 11 sen-tyabrda təyyarələrin binalara start alaraq 3 mindən çox günahsız insanı öldürməsi lazım gəlirmiş. Məsələ burasındadır ki, bir əsrdən artıq ömrü olan erməni terrorizmi beynəlxalq səviyyədə qınanmamış, onlar tərəfindən törədilən cinayət hadisələri və Ermənistanın dövlət terrorizmi çərçivəsində Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti bu gün də öz real siyasi, hüquqi həllini tapmamışdır. 
Məlum olduğu kimi, qanunlar fərqli mədəniyyətlərdə fərqli mahiyyətlərə sahibdirlər. Bu da bir həqiqətdir ki, hal-hazırda insanlığın tərifi Qərb mədəniyyətinə uyğun şəkildə verilir. Günümüzdə Hindistanın dünyanın hegemon gücü olduğunu təsəvvürümüzə gətirsək, müqəddəsləşdirilmiş inəklərin sərbəst şəkildə dolaşdığı bir ölkəni mükəmməl hesab etməliyik. Həqiqət budur ki, günümüzdəki əxlaq anlayışlarını və dəyərləri Qərb müəyyən etməkdə və bunu qlobalizm adı ilə bütün dünyaya aşılamaqdadır. Qərb dövlətləri hər hansı bir terrorist haqqında açıqlama verərkən, onun törətdiyi terror aksiyalarının beynəlxalq qanunlara zidd olduğunu vurğulayırlar.
Bədəninə bomba bağlayan şəxslərin bəşəriyyətə yönəlik cinayətlər törətdikləri həqiqətdir. Amma ortaya belə bir sual çıxır: Bədəninə bomba bağlayanlarla təyyarələrdən atılan bombalar arasında nə kimi fərq vardır? Bunların hansı qanunauyğundur? Əslində, inanılmaz dərəcədə böyük fərqlər vardır. Bədəninə bomba bağlayanlar öz hüquqlarını, milli-mənəvi azadlığını müdafiə etmək istədiklərini, amma istəklərinin qarşılığını ala bilmədikləri üçün çarəsiz qalaraq belə bir yola baş vurduqlarını düşünürlər. Təbii ki, özünü əqidəsi uğrunda qurban vermənin ciddi əsasları olmalıdır. Bu yolu tutanlar öz inanclarına əsasən qisasçı, əqidələri uğrunda şəhid olduqlarını fikirləşirlər. Digərləri isə bunu insanlıqdan uzaq hal kimi təqdim edirlər. Məsələnin bir yönünə də baxmaq lazımdır ki, islam dini özünəqəsdi, yəni intiharı qəti şəkildə qadağan edir (Qurani-Kərim, Nisa surəsi, ayə: 29). Burada digər bir cəhəti də unutmaq olmaz ki, hansı dərəcədə yasaq olsa da, haqq və ədalət üçün “terror”a baş vurmaq bu aksiyanı törədənlər tərəfindən müsbət qarşılanır. Şübhəsiz ki, istər dini baxımdan, istərsə də insanlıq mövqeyindən məsələyə yanaşsaq, bu metod qanunauyğun deyil. Müəyyən məqsədlər daxilində təyyarələrdən atılan bombalar – hansı ki bütün bəşəri canlılara ziyan vurur – tamamilə qəbuledilməzdir və eyni zamanda birinci metoddan daha təhlükəlidir.
Bu gün “din” dediyimiz zaman ağla sivilizasiyalararası qarşıdurmalardakı modelə uyğun bir tərif gəlir. Belə bir vəziyyətdə dinlər arasında əzəldən əbədiyyətə qədər davam edəcək bir münaqişəni qəbul etmiş oluruq. Hal-hazırda dünyada Qərb mentalitetinə əsaslanan “universal qanunlar” adlı bir model mövcuddur. Bu qanunları “universal qanunlar” olaraq deyil, “universallaşdırılmış qanunlar” şəklində xarakterizə etmək daha məqsədəuyğundur. Günümüzdə “sivilizasiyalararası, dinlərarası dialoq və sülh” çağırışları səslənir. Dünyada təxminən 2.5 milyard insan acınacaqlı vəziyyətdə cüzi bir gəlirlə yaşadığı halda hansı sülh və əmin-amanlıqdan söhbət gedə bilər? Qərbin anlayışına görə, “sülh” deyilən anlayış insanların məcburən Qərb mədəniyyətini və qanunlarını mənimsəməsidir. Belə bir vəziyyətdə “Terrorizmə istiqamət verən və yol göstərən islamdır” başlığı altında şüarların irəli sürülməsi sivilizasiyalararası dialoqu reallaşdıra bilməz. 
Samuel Hantinqton özünün “Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən qurulması” adlı məşhur əsərində yazır ki, islamı qlobal düşmən olaraq görən Qərb müsəlmanların gözündə “Allahsız”dır. Onlar tarixən xristianları qüsurlu, yanlış, ancaq bununla birlikdə “əhli-kitab” olaraq dəyərləndirsələr də, “soyuq müharibə”dən sonra sivilizasiyaların toqquşmasında öz düşmənlərini “Allahsız Qərb” kimi tanımaqdadırlar [14, s. 315]. Müəllif digər bir yerdə də göstərir ki, Qərb üçün isə əsas təhlükə islam fundamentalizmi deyil, bilavasitə islamın özüdür [14, s. 322]. İslam eyni zamanda həm nüvə silahlanmasının, həm də terrorizmin əsas mənbəyi kimi dəyərləndirilir [14, s. 318]. Əldə edilən nəticələrə görə, terrorizmin dünyaya yayılmasında məsuliyyət bilavasitə islamın üzərinə atılır. Antiterror koalisiyasının liderləri beynəlxalq terrorizmlə mübarizənin guya qətiyyən islama və müsəlmanlara qarşı aparılmadığını qeyd etsələr də [14, s. 308], günümüzdə baş verən hadisələr bunun əksini göstərir.
İtaliyanın sabiq Baş naziri Silvio Berluskoninin Şərq və islam mədəniyyəti ilə bağlı dediyi sözlər olduqca düşündürücüdür: “...Şərqi qərbliləşdirmək (oxu: mədəniləşdirmək – E.Ş.) və Şərq xalqlarını fəth etməyə davam etmək Qərbin alın yazısıdır. Qərb bunu kommunist dünyasında və islam aləminin bir hissəsində etmişdir, 1400 ildir ki, heç bir irəliləyişə nail ola bilməyən islam dünyasında da eyni şeyi edəcək. Mədəniyyətimizin üstünlüyündən və gücündən əmin olmalıyıq. Bizim mədəniyyətimizdə insan hüquqlarına və dinlərə hörmət var. Amma islam ölkələrində bu hüquqlara və dinlərə olan hörmət aşağı səviyyədədir...” [12, s. 39].
Əgər Berluskoninin qeyd etdiyi kimi, Qərb mədəniyyətində insan hüquqlarına və dinlərə hörmət varsa, islam ölkələrində isə bunlara əks münasibət göstərilirsə, bəs o zaman dövlət səviyyəsində Hz. Məhəmmədə yönəlik karikatura böhranını, əks sivilizasiyanın ali ruhani liderləri səviyyəsində müqəddəs islam peyğəmbərinə ünvanlanan təhqiramiz fikirləri, Avropanın bəzi ölkələrində camilərin dağıdılması barəsində qəbul edilən qərarları, hal-hazırda islam ölkələrində baş verən hadisələri və törədilən cinayətləri hansı mədəniyyətin adına yazmaq lazımdır? Məgər onlar Qərb mədəniyyətinin daşıyıcıları deyillərmi? 
Məşhur fransız yazıçısı Amin Malofun düşüncələri digərlərindən olduqca fərqlənir: “...Əgər atalarım müsəlman orduları tərəfindən fəth edilən bir ölkədə xristian olmaq yerinə, xristianlar tərəfindən fəth edilən bir ölkədə müsəlman olsaydılar, öz inanclarını qoruyaraq 14 əsr kənd və şəhərlərdə yaşaya bilərdilərmi? Buna inanmağım gəlmir. Həqiqətən də, İspaniyadakı müsəlmanlara nə oldu? Bəs Siciliyadakı müsəlmanlar? Yox oldular, hamısı qətl edildi, sürgünə göndərildilər, yaxud məcburən xristian oldular...” [15, s. 50]. 
Bu bir həqiqətdir ki, günümüzdə terror hadisələri əsasən islamın adına yazılmaqda və bu cinayətləri törədənlər “islami terror təşkilatları” və ya “islamçı terroristlər” adlandırılmaqdadır. “İslami və ya islamçı” məfhumları məqsədli şəkildə şiddəti mənimsəyən bəzi terrorist təşkilatlara şamil edilmişdir. Bu kimi ifadələrin işlədilməsi yolverilməzdir. Belə son dərəcə həssas məsələlərdə ifadələr dəqiq ölçülüb-biçilməlidir. Çünki məsələnin bu cür qoyuluşu bütün müsəlman dünyasını terrorizmlə ittiham etmək deməkdir. Bu vəziyyətdə belə bir mif yayılmaqdadır ki, guya islam dini müharibə əhvali-ruhiyyəsi aşılayır, öz daşıyıcılarından qeyri-müsəlmanlara qarşı amansız mübarizənin aparılmasını tələb edir. Bu yerdə ən çox müraciət edilən məsələ “cihad” termini ilə bağlıdır. 
 
2. “Cihad” anlayışının izahı
 
Qərb dünyası cihadı “qeyri-müsəlmanlara qarşı müqəddəs müharibə”, digər bir ifadə ilə “bütün dünya ölkələri müsəlmanlığı qəbul edincəyə və islam hakimiyyətinə keçincəyə qədər əmr olunan müqəddəs müharibə” (Holy War) kimi yozmaqda davam edir. Halbuki islamiyyətin bütün dünyanı müsəlmanlaşdırma kimi bir iddiası yoxdur. Qurani-Kərim açıq şəkildə “bütün insanların (müsəlmanlar kimi) inanmayacaqlarını” bildirir (Qurani-Kərim, Yusif surəsi, ayə: 103-106). 
Bütün bəşərin zorla hidayətə və imana daxil edilməsi mümkün deyildir. Qurani-Kərimdə Hz. Məhəmmədə və onun şəxsində bütün müsəlmanlara belə səslənilir: “Sən (sadəcə) öyüd-nəsihət ver və xatırlat. Sən yalnızca xatırladıcısan. Sən onlar üzərində zorla hökm edən deyilsən. Onlarla haqq-hesab çəkmək Bizə aiddir” (Qurani-Kərim, Ğaşiyə surəsi, ayə: 21, 22, 26; Rəd surəsi, ayə: 40). 
Təməl prinsip isə budur: Dində məcburiyyət (zorakılıq) yoxdur (Qurani-Kərim, Bəqərə surəsi, ayə: 256). 
Dində  məcburiyyət  olmadığına  görə, insanları  zorla müsəlman-laşdırmanın da heç bir mənası yoxdur. Əks-təqdirdə, zora məruz qalan şəxs mömin yox, münafiq olar ki, bu da islama tamamilə ziddir. Təbii ki, islami hökmlərə yad olan yanlış düşüncələrin ortaya atılması və bunların dünya ictimaiyyətinin şüuraltına yerləşdirilməsi Qərb strategiyasının məhsuludur. Məşhur türk ilahiyyatçı alimi, professor Yaşar Nuri Öztürk Qərb strategiyasının əsasını çox haqlı olaraq belə izah edir: “Şiddətə yoluxdurmaq, sonra da şiddət və terrorla ittiham etmək! Şiddəti dindarlıq zənn edənlər Qərbin oyununda bir vasitəyə çevrildi. Bu oyunun da bir nəticə verməsi üçün “cihad nərələri” çəkən şiddət tərəfdarı qruplara şərait yaradıldı. Halbuki Qərbin strategiyasına təslim olan bu şiddət tərəfdarı qruplar öz inancları uğrunda “cihad” etsələr də, bu mübarizənin Qərbin mənafeyi ilə üst-üstə düşdüyünün fərqində deyillər” [18, s. 120]. 
Bunun ən bariz nümunəsini islam dini adından savaşan terroristlərdə görmək mümkündür. Öldürmək, baş kəsmək və terror aktlarına cihad kontekstindən yanaşaraq “Allahu Əkbər” nidaları altında öz niyyətlərini gerçəkləşdirmək din adından yola çıxan terroristlərin başlıca qayəsidir. İslamda haqsız yerə və əsassız şəkildə öldürmək əmri qətiyyən yoxdur. Bu, planlı şəkildə islamı dünya ictimaiyyətində qaralamaq və ləkələmək kampaniyasına xidmət edən bir amildir.
“Cihad” hərfi mənasına görə “ən yüksək səy, cəhd” deməkdir. İslam ideologiyasının təqdimatına görə, cihad “islamın müdafiəsi uğrunda mübarizə” anlamını verir [5, s. 46]. Üzərində durmaq istədiyimiz məsələ budur ki, islam və terror - bu iki məfhumun beynəlxalq arenada bir-biri ilə bağlılığı və sıx əlaqəsi iddiası heç gündəmdən düşmür. Halbuki terrorun hər hansı bir dinə və millətə mənsubluğu yoxdur. Həqiqət budur ki, islamçı, xristiançı, musəvi, brahmani və s. terror olmaz. Bu bənzətmələrin doğru olması üçün yuxarıda sadalanan dinlərdən hər hansı birinin və ya hamısının prinsipləri, əmrləri və teoloji əsasları baxımından terrora razılıq verməsi lazımdır. Əgər islami terror varsa, o zaman son on illər ərzində meydana gələn bəzi hadisələr də bu məntiqlə dini terror adlandırılmalıdır. Məsələn, 19 aprel 1995-ci ildə Oklahomadakı Ticarət Mərkəzində terror hadisəsi baş vermişdi. Terrorçunun kimliyi müəyyənləşdirilməmişdən əvvəl baş vermiş cinayətin səbəbini ABŞ-ın o dövrdəki Prezidenti Bill Klinton “islamçı terrorçular”la əlaqələndirmişdi. Halbuki cinayət amerikalı katolik Timoti Mak Vey tərəfindən törədilmişdi. Ancaq açıqlamalarda əsla “xristiançı və ya katolik terrorçu” ifadəsi yer almamışdı. Sadəcə Klinton bütün müsəlmanlardan və islam dünyasından üzr istəmişdi [bu barədə ətraflı məlumat üçün bax: 13, s. 34; 12, s. 39; 16, s. 105; 20, s. 36-37].
Heç bir din əsla terrora razılıq vermir, əksinə bütün dinlər terroru, şiddəti qadağan edir və lənətləyir. Çünki onların hamısı insanlara və canlı varlıqlara dəyər verir. Nəinki insan qanı tökmək, fiziki olaraq cana qəsd etmək, hətta bütün canlılara zərər vermək belə, ümumilikdə bütün dinlərin qoymuş olduğu qanunlarda yoxdur və başlıca günahlardan biridir. Qurani-Kərimdə də buyurulduğu kimi, “bir cana qıymaq bütün bəşəriyyəti qətl etməyə bərabərdir” (Qurani-Kərim, Maidə surəsi, ayə: 32). 
Qeyd edildiyi kimi, şiddətə razılıq verən heç bir din yoxdur. Olmadığına görə də törədilən terror aktları terrorçu qrupların mənsub olduğu dinə deyil, qrupun özünə aid edilməlidir. İslam dini terrora qətiyyən razılıq vermir. Bu müqəddəs dində terror yox, “cihad” düşüncəsi vardır ki, bunlar da çox fərqli ifadələrdir. Əsl mahiyyət baxımından tərif etsək, cihad “İslam yolunda könüllərin qazanılması, ürəklərin fəth edilməsi üçün aparılan mübarizə”dir. Başqa bir ifadə ilə cihad “insan ilə islam arasındakı maneələrin ortadan qaldırılması üçün sərf olunan əmək”dir. Burada “insan, islam və maneə” kəlmələri əslində mənanın izahına açar təşkil edən terminlərdir. 
Yaradılışın məqsədi əxlaqi və mənəvi baxımdan formalaşmanın ən üst dərəcəsi olan “kamil insan”dır. İnsan məxluqatın bir çoxundan üstün olaraq yaradılmışdır (Qurani-Kərim, İsra surəsi, ayə: 70). Əgər o, istəsə nəfsinin ona təlqin etdiyi pisliklərə və haqsızlıqlara qarşı mübarizə apararaq yaradılış qayəsini dərk edə bilər. Bu mübarizənin adı cihaddır. İslamda bu, ən böyük ruhi və mənəvi mübarizədir. 
Cihad iki cürdür: böyük cihad və kiçik cihad. Burada üzərində durmaq istədiyimiz böyük cihaddır. Böyük cihad nəfslə mübarizədir. Bu, çox önəmlidir. Çünki öz daxilində bəzi pisliklərlə mübarizə aparmamış, ruhi və əxlaqi yetkinləşmənin qarşısındakı maneələri ortadan qaldırmamış şəxslərdən digər insanları doğru yola dəvət etməyi gözləmək düzgün deyil. Bu məna çərçivəsində cihad mənəvi paklaşma yolunda insanın öz daxilində apardığı mübarizə, nəfsinə hakim olması və onu tərbiyə etməsi deməkdir. 
Hal-hazırda “cihad” deyildiyi zaman təsəvvürlərdə silaha sarılmaq və ya hərbi əməliyyatlara başlamaq kimi görüntülər canlanır. Buna ən tutarlı cavab olaraq Furkan surəsinin 52-ci ayəsində buyurulur ki, insanlara (inanmayanalara) qarşı Quranla cihad et. Yəni ən böyük cihad insanlara Qurani-Kərimi anlatmaqdır. Bu müqəddəs kitaba görə, cihad “insan öldürmək deyil, insanları qazanmaq, könülləri fəth etmək, onları maarifləndirmək”dir. 
Məlum olduğu kimi, ərəb dili hər hansı bir hadisəni müxtəlif kəlmələrlə ifadə edəcək zənginlikdədir. Məsələn, qıtal (qətl) bilavasitə sonu ölümlə nəticələnən, müharibə isə müxtəlif dövlətlər, xalqlar və ya millətlər arasında cərəyan edən öldürmək və münaqişə vəziyyətidir. Əgər cihad zənn edildiyi kimi, yalnız öldürmək və müharibə olsaydı, Qurani-Kərimdə və ərəbcədə qarşılığı olan “qıtal” və “hərb” kimi kəlmələrin istifadə olunmasına ehtiyac qalmazdı. Bu baxımdan “cihad”ın mahiyyətini dərk etmək lazımdır. Cihad öz-özlüyündən ortaya çıxmır, eyni zamanda qeyri-müsəlmanlara sırf müsəlman olmadığı üçün müharibə elan etməsi anlamına da gəlmir. Cihad “islam yolunda silaha sarılaraq və ya hərbi əməliyyatlara başlayaraq deyil, könüllərin fəth edilməsi üçün aparılan mübarizə” olsa da, silahlı hücum və ya işğal qarşısında qanuni olaraq özünümüdafiə və əks tərəfə qarşılıq vermə hüququna da sahib olur. Heç təsadüfi deyildir ki, islam hüquqşünaslarının böyük əksəriyyəti müharibənin əsas səbəbini müsəlman ölkələrinə qarşı edilən hücumlarda görürlər. Demək ki, ortada bir səbəb var: “Sizə savaş açanlarla Allah yolunda siz də savaşın, ancaq həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz” (Qurani-Kərim, Bəqərə surəsi, ayə: 190). 
Qeyd olunduğu kimi, həmişə yaxşılığı və sülhü təlqin edən islamda müharibə yalnız qarşı tərəf savaş elan edərsə, qanuni müdafiə üçün hüquqi əsasa malik olur: “Onlara qarşı müharibə elan edilən möminlərə mübarizə aparmaq (savaşmaq) izni verildi. Çünki onlar zülmə uğramış, haqsızlığa məruz qalmışdılar…” (Qurani-Kərim, Həcc surəsi, ayə: 39). 
Burada bir məsələyə də xüsusilə diqqət yetirmək lazımdır. Cihad əsassız şəkildə haqsızlığa məruz qalan və zülmə uğrayanları işğalçılarla müharibəyə təşviq etmir, sadəcə olaraq qanuni müdafiəyə icazə verir: “Kim sizə hücum edərsə, siz də eyni şəkildə qarşılıq verin. Lakin həddi aşmaqda Allahdan qorxun və bilin ki, Allah təqva sahibləri ilə bərabərdir” (Qurani-Kərim, Bəqərə surəsi, ayə: 194).
Dini hökmlərə görə, müharibə olsa belə, müsəlmanların qadınları, qocaları, uşaqları, şikəstləri və s. insanları öldürmələri qadağandır. Əgər düşmən tərəf bu qaydalara riayət etməsə belə, islam hüququ “eyni şəkildə qarşılıq vermə” prinsipinə razılıq vermir [9, s. 30; 21, s. 177-178]. 
"Kitabi-Dədə Qorqud"da da (“Salur Qazanın evi yağmalandığı boyı bəyan edər” qismində) müsəlman Oğuzların qeyri-müsəlmanlara qarşı rəftarında qeyd edilən prinsiplər öz əksini tapmışdır: “...Qazan bəgün qartaşı kafərin tuğilə sancağı qılıcladı, yerə saldı. Dərələrdə, dəpələrdə kafərə qırğun girdi, leşinə quzğun üşdi. On iki bin kafər qılıcdan keçdi. Beş yüz Oğuz yigitləri şəhid oldı. Qaçanı Qazan bəg qomadı, aman deyəni öldürmədi...” [2, s. 50].
Səddam Hüseynin devrilməsi ilə İraqın işğalçı güclər tərəfindən işğalından sonra amerikalı və ingilis əsgərləri tərəfindən müsəlman kişilərin işgəncəyə, qadınların isə təcavüzə uğramasına dair çox sayda faktlar mövcuddur. Bu cür insanlıqdan uzaq hallar ermənilərin azərbaycanlı əsirlərə rəftarlarında da dəfələrlə müşahidə edilib. Halbuki islam qanunları qeyri-müsəlman olsa belə, əsirlərə işgəncə və qadınlara təcavüz etməyi qəti şəkildə pisləmiş, bu əməli ağır cinayət olaraq qəbul etmişdir.
Dini, milli və əxlaqi baxımdan hər hansı bir millətin heysiyyətinə toxunmaq, şübhəsiz, qıcıqlandırmalara səbəb ola bilər ki, bu da qisasın meydana gəlməsinə şərait yaradır. Məlum olduğu kimi, din də mənəvi dəyərlər içərisindədir. Bu faktor bəşəriyyətin ümumi ideoloji inkişafında mühüm şərtlərdəndir və hakim mövqeyə malikdir. Din insanların əqli və ruhi strukturunu, sosial həyatın müxtəlif sferalarını ehtiva edir. Din, vicdan və iman azadlığı beynəlxalq hüququn ayrılmaz bir faktorudur. İnsanların etiqadına, onların müqəddəslik anlayışına qarşı yönələn hər hansı bir hörmətsizlik insan hüquqlarının, demokratiya qaydalarının ciddi şəkildə pozulmasıdır. Dini etiqadlara, müqəddəslərə hörmətsizlik və ədəbsizlik qıcıqlandırmaların digər bir yönüdür. Heç təsadüfi deyildir ki, son dövrlərdə islam dininə, onun peyğəmbəri Hz. Məhəmmədə hörmətsizlik əlaməti olaraq ortaya atılan “karikatura böhranı” qıcıqlandırmaların ən bariz nümunələrindən biridir [23; 24]. Əgər hal-hazırda dünyada sivilizasiyaların dialoqu çağırışları səslənirsə, bu qıcıqlandırma dialoq istiqamətində ciddi bir maneə kimi qarşıya çıxır. Dünya tarixində ən müqəddəs, ən böyük və ideal şəxsiyyətə qarşı təhqir mahiyyətli karikaturaların bəzi müsəlman olmayan ölkələrin mətbuatında təkrar-təkrar yer alması cinayət, eyni zamanda bütün dünya müsəlmanlarına və tarixə qarşı ciddi hörmətsizlikdir. Halbuki təhqir edilən bu müqəddəs insan dinlərə, fərqli dinlərin mənsublarına, onların ata-babalarına xoş münasibət göstərmiş, sırf insan olduqları üçün dinlərinə fərq qoymamışdır. 
Hz. Məhəmməd bir gün yoldan yəhudi cənazəsi aparılarkən ayağa qalxır. Həmin əsnada peyğəmbərin yanında olan səhabə “Ey Allahın rəsulu, axı o, yəhudidir” – deyir. Hz. Məhəmməd isə halını dəyişmədən yanındakı səhabəyə: “Amma o, bir insandır!” – cavabını verir [10, s. 15-16]. 
Göründüyü kimi, Məhəmməd peyğəmbər “müsəlman, xristian və musəvi” ayrımı aparmadan demək olar ki, hər bir insana dəyər vermişdir. Nəinki islam peyğəmbərinə, hətta digər dinlərin peyğəmbərlərinə və müqəddəs sayılanlarına bu cür hörmətsizlik müqəddəslərin müqəddəsliyinə bəşərin nəzdində xələl gətirə bilər. Belə bir vəziyyətdə islam prinsiplərini və əxlaq dəyərlərini əsas götürərək edilən etirazlar qanunauyğun şəkildə yerinə yetirilməlidir. Məsələn, müsəlmanlar karikaturaları çəkən şəxslərin dinlərini nəzərə alaraq, onların mənsub olduqları dinə və müqəddəslərinə hörmətsizlik etməməlidirlər. İslam dini bütün peyğəmbərlərə hörmətlə yanaşmışdır. Hz. Süleymana, Hz. Yusifə, Hz. Davuda, Hz. Musaya, Hz. İsaya nalayiq bir söz işlətmək islami prinsiplərə yaddır. Pisliklər Allahın buyurduğu kimi dəf edilməlidir: “Yaxşılıqla pislik eyni ola bilməz! Sən pisliyi yaxşılıqla dəf et!...” (Qurani-Kərim, Fussilət surəsi, ayə: 34). 
Söyməklə, təhqir etməklə, hətta bayraqları yandırmaqla qarşılıq vermək doğru hərəkət deyil. Unudulmamalıdır ki, bayraq bir milləti təmsil edir. Bu qıcıqlandırmalara səbəb olan müxtəlif qrupların məqsədyönlü hərəkətlərinə bir milləti təmsil edən bayrağı yandırmaqla qarşılıq vermək məntiqsiz addımdır. Ağılla ağılsızlığın təzadı anında müxtəlif tarixi fəsadlar reallaşır. Məsələyə fəlsəfi zəka prizmasından yanaşılsa, ekzistensiyanın (varlığın) şüuru obyektiv şəkildə müəyyənləşdirdiyini idrak etmək imkanı əldə oluna bilər.
Hadisələrə sadəcə mətbuat azadlığı çərçivəsində baxmaq doğru olmaz. Demokratiya sonsuz azadlıqlar demək deyil. Demokratiyanın, söz azadlığının da öz çərçivələri, öz hüdudları var. Böyük geosiyasi hədəfləri və planları olan iri dövlətlər Şərq-Qərb mədəniyyətlərinin inteqrasiyası, demokratiya və insan hüquqları adı altında islam aləmini mənfi dəyişikliyə uğratmaq üçün müxtəlif tədbirlərə əl atmaqda qərarlıdırlar. Belə bir yanaşma sivilizasiyaların inteqrasiyası ilə deyil, qanlı toqquşması ilə nəticələnə bilər. 
İslam dini və onun banisi təhqir edilməklə dünya müsəlmanlarının nəbzi-nin yoxlanıldığı bir həqiqətdir. Getdikcə sərhədləri aşan və bütün müsəlmanların hiddətinə səbəb olan bu böhran qlobal bir məsələyə çevrildiyi zaman beynəlxalq güclər mövcud vəziyyətdən istifadə edib, müxtəlif siyasətlərə baş vurdular. Bəzi hegemon Qərb dövlətləri hadisələri əvvəlcə sükut içərisində qarşıladılar, müsəlman ölkələri etiraz səslərini yüksəltdikdən sonra öz münasibətlərini ortaya qoydular və özlərini guya müsəlmanların mənəvi dəyərlərinə hörmətlə yanaşan bir dövlət və xalq olaraq göstərməyə çalışdılar. Bəziləri fərqli kimliyə bürünərək hadisəni qınama yolunu seçdilər. Bu baxımdan məsələnin mahiyyətini dərk etmək xüsusilə vacibdir. Hadisələrə ilk başda səssiz qalmaq, sonradan məsələyə münasibət göstərmək, təbii ki, siyasi manevrlərdir və bütün bunlar dünya müsəlmanlarının nəbzini yoxlamaqdan başqa bir şey deyil. Məsələyə fərqli bir prizmadan yanaşsaq görərik ki, hadisələrin tüğyan etdiyi mərhələlərdə müsəlmanlara qarşı edilən təhqiramiz hərəkətlərə böyük dövlətlərin elə bir ciddi reaksiyası olmamışdır. Bunun da müəyyən səbəbləri vardır:
Qərbin əsas qorxusu müsəlmanların sayının, BMT-nin statistik məlumatlarında da qeyd edildiyi kimi, başqa dinlərin nümayəndələrinin sayını ötməsidir. İkinci əsas qorxu isə onların qocalan ölkələrində qalan gənclərin, intellektual insanların da həmin dinə üz tutmasıdır. Buna görə də onlar antisemitizmi antiislam, islamofobiya kimi ifadələrlə əvəz ediblər. Avropada müsəlmanların sayının sürətlə artımı Qərb baxımından təhlükəli bir faktora çevrilib. Günümüzdə Qərbdə islamı qəbul edən insanların adi deyil, ziyalı sayılan, intellektinə hörmət edilən insanlar olması “birilərini” çox qıcıqlandırır [4]. 
Qərbi qorxudan digər bir məsələ də onların övlad dünyaya gətirməkdənsə bu hisslərini müxtəlif heyvanlarla əvəzləmələrinə üstünlük vermələridir. Əgər söz azadlığı günümüzdə bu qədər geniş imkanlar təmin etsəydi, şərəf və ləyaqətin təhqir edilməsinə görə qarşı tərəf cəzaya məhkum edilməzdi. Söz azadlığı adı altında insanların namusuna, onların müqəddəslərinə ləkə yaxmaq ağır bir cinayətdir. Məsələn, bəzi Qərb ölkələri qondarma "erməni soyqırımı"nı inkar edənlərə cəza verilməsini qanuniləşdirsə, mətbuat da bunun soyqırımı olmadığını ifadə etsə, cinayət olar. Heç təsadüfi deyildir ki, Fransa Parlamenti qondarma “erməni soyqırımı”nı tanımayanların cəzalandırılması barədə qərar qəbul etmişdir [25]. Halbuki “azadlıqlar ölkəsi” hesab edilən Qərbdə Hitlerin lehinə, yəhudilərin və ya Papanın əleyhinə yazıların yayınlanması əsasən mümkün deyil. Lakin “terrora istiqamət verən islam dinidir” şəklində ortaya atılan şüarlar, onun banisi Hz. Məhəmmədə ünvanlanan təhqiramiz ifadələr söz azadlığı prinsipləri içərisində dəyərləndirilir. 
Bu deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, terrorizm siyasi, ideoloji və iqtisadi məqsədlər güdülməklə etnik, milli və dini ekstremizm pərdəsi altında həyata keçirilməkdədir.
İkincisi, islam bayrağı altında çıxış edən terrorist təşkilatların fəaliyyəti daha çox özünə qarşı yönəldilmişdir. Bu təşkilatlar xüsusilə böyük güclərin məqsədyönlü dəstəyi nəticəsində yaradılmış, onların nümayəndələri bilavasitə bəzi Qərb dövlətləri tərəfindən təlimləndirilmiş və bunun sayəsində islam dininin məhvi istiqamətində ona qarşı təzyiqlər artırılmışdır. Qeyd edək ki, CIA-nin “əməliyyatlar qəfəsi” Taliban və əl-Qaidə olaraq tarix səhnəsinə çıxan təşkilatların 35 min nümayəndəsinə hərbi təlim keçmişdi [19, s. 14]. Eyni zamanda onların təlimi və silahlandırılması ABŞ və İngiltərənin xüsusi xidmət orqanları tərəfindən narkobiznesdən gələn pul hesabına geniş maliyyələşdirilirdi [1, s. 222]. Həqiqətlər ortaya çıxdıqca, məqsədyönlü şəkildə islam bayrağı altında çıxış edən terrorist təşkilatların bəşəri din olan islamla heç bir əlaqəsinin olmadığı aydın olur. Yuxarıda da qeyd edildiyi kimi, dünya ictimaiyyətinin şüuraltına “İslam terror dinidir” şüarları yerləşdirilmişdir. Son dövrlərdə isə bu ifadə “Bütün müsəlmanlar terrorist deyil, lakin bütün terroristlər müsəlmandırlar” şüarı altında təbliğ olunur. Bu ifadə tamamilə islam düşmənçiliyi üzərində qurulan qorxu paradiqmasına çevrilmişdir. Bu kimi şüarlar və təbliğatlar islamın mahiyyətinə və fəlsəfəsinə tamamilə ziddir, çünki islam sülh dinidir və beynəlxalq terrorizmlə heç bir ümumiliyi və əlaqəsi yoxdur. Terrorçulara münasibətdə islami terminlərdən istifadə edilməsi həm müsəlmanlara qarşı ədavətin alovlanmasına, həm də sivilizasiyalar arasında qarşıdurmaya yönəldilmişdir.
Üçüncüsü, islama qarşı fəaliyyətlərə istiqamət verməklə, təzyiqləri artırmaqla, təhqiramiz ifadələr işlətməklə, bütövlükdə müsəlmanların heysiyyətinə toxunmaqla qıcıqlandırmalara şərait yaradılmış, planlı şəkildə nifrət və ədavət hissi alovlandırılmışdır.
Dördüncüsü, Qərb öz qarşısında Sovetlər İttifaqının dağılmasından sonra sadəcə iki mədəniyyəti – islam və Çin mədəniyyətini rəqib olaraq görür. Qərb mədəniyyətini üstün vəziyyətə gətirmək üçün çoxşaxəli fəaliyyətlər aparılır. Bunun üçün başda media olmaq üzrə hər cür vasitələrdən istifadə edilir.
Beşincisi, İslam dünyasının zəifliyi və müsəlmanların öz içində parçalanaraq ixtilafa düşmələridir. Müsəlmanların geri qalmasındakı əsas səbəb əsl həqiqətdə islam dinini düzgün yaşamamaları, Qurani-Kərimi tam mənası ilə dərk etməmələri, ondan uzaqlaşmaları və təfriqələrə bölünərək parçalanmalarıdır. Günümüzdə müsəlmanların təfriqələrə parçalanaraq ixtilaf içərisinə düşmələri islam ölkələrini zəiflətmiş və böyük güclərin onların üzərində hakimiyyət qurmalarına zəmin hazırlamışdır. Məhz bunun nəticəsidir ki, Qərb sivilizasiyası hal-hazırda özünü Şərq sivilizasiyası qarşısında üstün görür. Belə bir fikir şüuraltına yeridilməyə çalışılır ki, dünya humanist şüuru, demokratik cəmiyyət yalnız Qərb sivilizasiyası çərçivəsində formalaşa və qurula bilər. Amma qeyd etmək yerinə düşərdi ki, islam mədəniyyətində Qərb üçün həlledici olan azadlıq, insan hüquqları, liberalizm, demokratiya kimi ideyalar demək olar ki, özünə dəstək ala bilmir. Z.Bjezinski [8], S.Hantinqton [14] və başqaları müasir dünyanın Qərb cəmiyyətini vahid və bölünməyə malik təkrarolunmaz sivilizasiya, uzunmüddətli mübarizə nəticəsində dünya üzərində hakimlik məqsədilə mövcud olmuş bir mədəniyyət elan etmişlər. Baş verən siyasi proseslərdə, o cümlədən Qərb-Şərq sivilizasiyalarında, eləcə də xristian-islam sivilizasiyalarında pozitivdən daha çox neqativ hallar, dağıdıcı məqamlar, qarşıdurmalar, humanistlikdən daha çox antihumanistlik mövcuddur. Roma Papası II İohann Pavelin “Həyatın İncili” adlı XI ensiklikində (1995) qeyd etdiyi ifadələr olduqca düşündürücüdür: “...Müasir Qərbdən gələn sivilizasiya “ölüm” mədəniyyətinin beşiyidir. Qərb dövlətləri öz demokratik prinsiplərinə zidd çıxaraq, totalitarizmə tərəf gedir, demokratiya ilə sadəcə rəvayətə və mənəviyyatsızlığın örtüyünə çevrilirlər...” [3, s. 215]. 
Əgər mədəniyyətlərlə bağlı istər lokal, istərsə də qlobal miqyasda baş verə biləcək müharibələrə qarşı ən böyük təminat olan millətlərarası nizamın yaradılması qarşıya məqsəd qoyulubsa, dünyanın çoxsaylı dinlərinə etiqad edən insanlar arasında sülhün bərqərar olmasına yönəlmiş inandırıcı, təsirli və kompleks tədbirlər görülməlidir. Dinlər arasında sülh olmadan xalqlar arasında sülh mümkün olmadığı kimi, dinlər arasında təsirli və nizamlayıcı dialoqdan da söhbət gedə bilməz. Yoxsa “Yer” adlı yaşadığımız planet sağ-salamat qalmayacaq. Burada Ümummilli lider Heydər Əliyevin müdrik sözləri yada düşür: “...Qurani-Kərimin bizə verdiyi tərbiyə, dərs, göstərdiyi yollar insanları paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir...” [3, s. 218]. 
Xüsusilə bir məsələni qeyd etməyi də vacib hesab edirik. Həqiqətən də, dinlər dünyagörüşün fərqli formalarını təmsil edirlər. İnsanların Yaradıcıya və ilahi sonsuzluğa idrak baxışı müxtəlif olsa da, dini təlimlərin hər birində dünyadakı fəzilətlər, yəni sülh, insan sevgisi, mərhəmət, möhtaclara yardım və əxlaqi təmizlik demək olar ki, eynidir. Bu əmrlər Yaradıcı tərəfindən sadəcə müqəddəs kitablarda verilməmişdir. İnsanların ruhunda da bunlar mövcuddur. Bütpərəst və ateist cəmiyyətlərdə belə bu əmrlərə fərqində olmadan riayət edən insanlar “fəzilətli” və ya “yaxşı” olaraq adlanırdı. “Dinsizlik” keçmiş Sovetlər İttifaqının mövcud olduğu dövrlərdə müqəddəs kitablardan sirayət edən, ancaq Allah inancı kimi əsl mövzunun çıxarıldığı “kommunizmin əxlaq düsturu” elan edilmişdi. Amma bu bir həqiqətdir ki, sonsuzluğa əsaslanmayan əxlaq titrəməyə və çökməyə başlayır. Sovetlər İttifaqının müharibə olmadan qısa bir müddət içərisində öz mənəvi boşluğu ucbаtındаn süqut etdiyini bütün dünya gördü. Artıq günümüzdə əxlaq düsturu “qlobalizm”, “Qərb üslublu azadlıq və demokratiya” anlayışları üzərində qurulmağa çalışılır. Müəyyən təbəqələrə görə, qloballaşma iqtisadiyyatın bəzi ölkə hüdudlarını aşdığı, informasiyanın qlobal miqyasda genişləndiyi dünyanın davam etdiyi bir xәtdir. Bu mənada onlar üçün qloballaşma arxasında heç bir siyasi seçimin olmadığı, tamamilә öz-özlüyündən iqtisadi bir hadisədir. Halbuki dünyada əsdirilən “qloballaşma rüzgarı”na nəzər yetirilsə‚ bunun sadəcə prosesin gətirdiyi iqtisadi-texniki bir təzyiq olmayıb, əslində müәyyәn nüfuzlu təbəqələrin siyasi seçimlərinin bir məhsulu olduğunu görmək mümkündür. İmperializm ötən əsrlərdə özünün iqtisadi alt strukturunu hazırladığı kimi, günümüzdə də “qlobalizm” maskası altında siyasi üst strukturunu tamamlamağa çalışır. Bu termin dünya ictimaiyyətinə belə bir şəkildə qəbul etdirilmişdir ki, dünya ölkələrinin bir-biri ilə sıx inteqrasiyasıdır, eyni zamanda tarixi prosesin təbii nəticəsi olaraq ortaya çıxmış bir zərurətdir. Digər bir ifadə ilə, qloballaşma dünya miqyasında yoxsulluğun azaldılması və yardımlaşmadır. Kolumbiya Universitetinin professoru, vaxtilə ABŞ-ın keçmiş prezidenti Bill Klintonun iqtisadi məsələlər üzrə məsləhətçisi işləmiş Nobel mükafatı laureatı Cozef  E.Stiqlitz “Qloballaşma və onun doğurduğu narazılıqlar” adlı kitabında qeyd edir ki, qloballaşmanı tənqid edənlər Qərb dövlətlərini çox vaxt riyakarlıqda günahlandırırlar və bu şəxslərin dedikləri tam həqiqətdir. Qərb dövlətləri kasıb ölkələri ticarət maneələrini ləğv etməyə qızışdırırlar, lakin özləri bu maneələri saxlamaqda davam edirlər [6, s. 7]. 
Müəllif  başqa bir yerdə yazır ki, yoxsulluğun azaldılmasına nail ola bilməyən qloballaşma sabitliyin təmin olunmasında uğur qazana bilməmişdir [6, s. 6]. O, eyni zamanda mühafizəkar siyasətçi kimi tanınan Fransanın keçmiş prezidenti Jak Şirakın da fikirlərinə əsaslanaraq qeyd edir ki, qloballaşma vəd edilmiş müsbət dəyişikliklərə daha çox ehtiyac duyan insanların həyatını heç də yaxşılaşdırmamışdır [6, s. 4]. 
 
Nəticə
 
Əgər qloballaşma qarşılıqlı xoşniyyətli bir əməkdaşlıq, yardımlaşma, mədəni, elmi-texniki zənginləşmə və üstəlik hər iki tərəfin mənfəətlərinə uyğun olaraq əlaqələrin inkişafıdırsa, belə bir “qloballaşma” yalnız və yalnız alqışlana bilər. Əksinə, əgər qloballaşma hər yerdə “Qərb üslubu”nun mənimsənilməsi, “məcburi demokratiya”nın ixrac edilməsidirsə, o zaman dünya miqyasında onun nəticələri olduqca təhlükəli olacaq. 
Əlindəki çubuqla öz şagirdinə “Yaxşı insan ol, təmiz qəlbli və humanist ol, insanları sev, hörmət bəslə!” deyərək, onu döyən müəllim, şübhəsiz ki, əks bir nəticə ilə qarşılaşacaqdır. Belə bir bənzətməni Qərb sivilizasiyasına da şamil etmək mümkündür. Heç təsadüfi deyildir ki, dünyanın müxtəlif guşələrində “Demokrat olun, azad olun!” şüarları silah və bombalarla paralellik təşkil etməkdə, nəticədə sui-qəsdlər artmaqdadır. Məsələ burasındadır ki, məcburi demokratikləşmə daha çox müsəlman ölkələrini hədəf almışdır və nədənsə “xristianlıq” ilə “sivilizasiya” anlayışları eyniləşdirilməklə xristianlığa sitayiş edən xalqlar birliyi islama sitayiş edən xalqlar birliyinə qarşı qoyulmağa çalışılır. 
 
İstifadə edilmiş ədəbiyyat:
 
Azərbaycan dilində:
1. Abdullayev Ə., Kərimov Ş., Zahidov B. Beynəlxalq terrorizm: onunla cinayət-hüquqi və kriminoloji mübarizənin aktual problemləri. Bakı: Qanun, 2006, 403 s.
2. Kitabi-Dədə Qorqud. Bakı: Yazıçı, 1998, 264 s.
3. Qurbanov E. Siyasət, din və diplomatiya // "Dirçəliş – XXI əsr" jurnalı, 2006, №104-105, s. 211-219.
4. Miri E. Planlı provokasiyanın plansız etirazları. // “Ekspress” qəzeti, Bakı, 18-20 fevral 2006-cı il.
5. Nəsirov E. ABŞ və dünya 11 sentyabrdan sonra. Bakı: Bakı Universiteti, 2003, 262 s.
6. Stiqlitz Cozef E. Qloballaşma və onun doğurduğu narazılıqlar. Bakı: İqtisadi İslahatlar Mərkəzi, Xəzri ekspress, 2004, 317 s.
 
Türk dilində:
7. Acer Yücel. Terörizm kavramı açısından ermeni terörü ve genel nitelikleri // Ermeni Araştırmaları Dergisi, 2003, sayı: 8, s. 114-136.
8. Brzezinski Zbigniew. Büyük satranç tahtası: Amerika’nın önceliği ve bunun jeostratejik gerekleri. İstanbul: Sabah kitapları, 1998, 192 s.
9. Bulaç Ali. Cihadı neden yanlış anlıyoruz? // DA-Diyalog Avrasya Dergisi, 2002, sayı: 6, s. 23-31. 
10. Canan İbrahim. Hadis ansiklopedisi, kütüb-i sitte: 17 ciltte, cilt:15, İstanbul: Akçağ yayınları, 560 s.
11. Denker M. Sami. Uluslararası terör: Türkiye ve PKK. İstanbul: Boğaziçi yayınları, 1997, 198 s. 
12. Gündüz Süleyman. Taliban, Ladin ve Amerika kıskacında Afganistan / Afganistan, Taliban ve Ladin. İstanbul: Birey yayıncılık, 2001, s. 11-42.
13. Guşer Anatoli İvanoviç. Terörizm ancak uluslararası işbirliğiyle önlenir // DA-Diyalog Avrasya Dergisi, 2002, sayı: 6, s. 32-41. 
14. Huntington Samuel P. Medeniyetler çatışması ve dünya düzeninin yeniden kurulması. İstanbul: Okuyan Us yayınları, 2005, 536 s.
15. Maalouf Amin. Ölümcül kimlikler. İstanbul: YKY, 2002, 133 s.
16. Marrs Texe. İlluminati: entrika çemberi. İstanbul: Timaş yayınları, 2002, 286 s. 
17. Özey Ramazan. Küresel işgal: dünyanın anahtarına sahip olma mücadelesi. İstanbul: Aktif yayınevi, 2003, 215 s.
18. Öztürk Yaşar Nuri. Türkiye’yi kemiren ihanet: Allah ile aldatmak. 57-ci baskı. İstanbul: Yeni boyut yayınları, 2008, 398 s.
19. Pilger John. Dünyanın yeni efendileri: küresel yağmacılığın gerçek yüzü. İstanbul: Timaş yayınları, 2003, 216 s.
20. Vatandaş Aydoğan, Aydın Mustafa. 11 Eylül senaryosu: kod adı kılıçbalığı. İstanbul: Karakutu yayınları, 2002, 184 s. 
21. Zuhaylı Vehbe. İslam Fıkıh Ansiklopedisi. İstanbul: Risale yayınları, 1994, 503 s.
 
İngilis dilində:
 
22. Laquer W. Post-Modern Terrorism // Foreign Affairs, 1996, vol: 75, №5, p. 24-36.
 
İnternet mənbələri:
 
23. http://democracyfrontline.org/blog/?p=133
24. http://www.di2.nu/files/MuhammedCartoonsJyllandsPosten.html
25. Şenol Kantarcı. Fransa’nın yeni Ermeni kartı: Türkiye-Fransa ilişkilerinde kriz. -
    &
© 2011-2018. Müəlliflik hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qorunur. Bütün hüquqlar "Strateji təhlil" jurnalına aiddir. Məlumatlardan istifadə edərkən stj.sam.az saytına istinad zəruridir.