Məqalələr

Beynəlxalq münasibətlər sistemində müstəqil və çoxşaxəli xarici siyasət yürüdən ölkə kimi Azərbaycanın hərtərəfli inkişafı İlham Əliyevin on beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsidir Türk Dövlətləri Birliyi beynəlxalq hüququn subyekti kimi: ideya və reallıq “Kritik infrastruktur” nədir və təhdidlərdən necə qorunur: dünya təcrübəsi və Azərbaycanda tətbiqinin zəruriliyi Ermənilərin "soyqırım" iddiaları və onun beynəlxalq siyasətdə yeri Армянский фактор в разведывательной деятельности великих держав на Кавказе в 1801 – 1828 гг. Ermənilərin Tbilisi şəhərinə iddiaları Gürcüstanın bələdiyyə sistemində ermənilərin separatçı fəaliyyəti Политологическое образование в Азербайджанской Республике: специфика, современное состояние и стратегия развития Информационная политика в Азербайджане в условиях политико-экономических трансформаций Azərbaycanın ali təhsil sistemi yeni dəyişikliklər mərhələsində Azərbaycanın dövlət idarəçiliyi sistemində keyfiyyət menecmentinin müasir vəziyyəti Cənubi Qafqazda miqrasiya prosesləri Dövlət-özəl əməkdaşlığı bugünkü iqtisadi anlamda Qlobal iqtisadi normallaşma: yüksələn iqtisadiyyatlı ölkələr üçün dayanıqlı inkişaf çağırışları Военное дело и военное искусство в Азербайджане в древний период Учреждения для иностранных военнопленных и интернированных граждан в Азербайджанской ССР в 1944 – 1950 гг. (численность, дислокация, смертность контингента) Ukrayna azərbaycanşünaslığının banisi A.Krımski Качественные параметры партийных кадров в Азербайджанской ССР в 1920-1930-е гг. Политические отношения между Азербайджанским государством Сефевидов и государством Великих Моголов (1526-1576 гг.) Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsilin milliləşdirilməsi və dövlət dilinin tətbiqi Tam siyahı

Ukrayna azərbaycanşünaslığının banisi A.Krımski

Müəllif: Strateji Tehlil Jurnali

baxılıb: 48

Yan 5, 2019 - 12:44

Arzu HACIYEVA

AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru

arzuhaciyeva@mail.ru

 

Ukrayna azərbaycanşünaslığının banisi A.Krımski

 

Açar sözlər:  A.Krımski, "Nizami və onun müasirləri", Azərbaycan, Ukrayna azərbaycanşünaslığı, şərqşünaslıq, elm, tarix, ədəbiyyat, mədəniyyət, dil, repressiya, şəxsiyyət 

Key words: A.Krymsky, "Nizami and his contemporaries", Azerbaijan, Ukrainian Azerbaijani  studies, oriental studies, science, history, literature, culture, language, repression, personality

Ключевые слова: А.Крымский, "Низами и его современники", Азербайджан, украинское азербайджановедение, востоковедение, наука, история, литература, культура, язык, репрессия, личность

 

Giriş

 
Akademik Aqafangel Krımskinin (1871-1942) azman zəhmətinin, bilik və düşüncələrinin nəticəsi olub, tədqiqatçı ilhamının vüsətindən doğan «Nizami və onun müasirləri» adlanan sonuncu əsərinin bəxtinə də özününkü kimi qəribə tale yazılıbmış. Sözün əsl mənasında dahi alim, elm fədaisi haqqında yazılmış bu məqalədə bizə onun «dahi Azərbaycan şairi haqqında dünya şərqşünaslığının ən mühüm əsərlərindən» [5, s.22] sayılan məhz bu fundamental  kitabı, nəhəng «sonbeşiyi» bələdçilik edəcək, yaxud musiqi dili ilə desək, söhbətimiz həmin əsərin məqamı (şərq ladı) üstündə köklənəcəkdir.
 
1. İstedadın gücü və miqyası
 
Keçən əsrin 30-cu illərinin axırlarında Nizami Gəncəvinin 1941-ci ildə keçiriləcək 800 illik yubileyinə ciddi hazırlıqlar gedirdi. 1939-cu ilin yayında SSRİ EA Azərbaycan filialı «Nizami və onun müasirləri» mövzusunda 10 çap vərəqi həcmində əsər yazmaq təklifi ilə, daha doğrusu, rəsmi sifarişlə A.Y.Krımskiyə məktubla müraciət edir və müqavilənin mətnini onun yaşadığı Zveniqorodkaya (Çerkas vilayəti) göndərir. Müqavilənin birinci bəndinə görə, iş elə həmin ilin oktyabrın 20-si üçün hökmən tamamlanıb təhvil verilməli idi. Alim azərbaycanlı həmkarlarına dərhal qəti cavab yazıb onları aldatmaq istəmədiyini, bu cür «ciddi, məsuliyyətli əsər» üçün ona azı on ay lazım olduğunu bildirir və şərtləri imzalamaqdan imtina edir [bax: 27, s.152]. Lakin sentyabrda o, Bakıdan qəflətən teleqram alır: «Sizin şərtləriniz qəbul edilmişdir, tez bir zamanda işə başlayın». «Nə etmək olar! Başladım…» [bax: 28, s.157] deyə A.Krımski gərgin iş qrafikinə keçir, ahıl yaşına, səhhətindəki problemlərə baxmayaraq özünə istirahət vermədən işləyir və əvvəldə nəzərdə tutulduğundan iki dəfədən də artıq həcmdə əsər ortaya qoya bilir. Azərbaycan alimlərinin düşünüb-daşındıqdan sonra A.Krımskiyə ikinci dəfə müraciət etmələrinin səbəbi isə aydındır. O zaman dahi şairi qoynunda yetişdirən təkcə vətəni Azərbaycanın deyil, bütövlükdə XII əsr Müsəlman Şərqinin ədəbi-mədəni mühitinin geniş elmi mənzərəsini ilk mənbələr əsasında, üstəlik belə qısa müddətdə hərtərəfli, müfəssəl şəkildə canlandırmaq iqtidarında olan ikinci bir şəxs sadəcə mövcud deyildi… 
Müstəsna istedad və ensiklopedik zəka sahibi, hər mənada unikal şəxsiyyət olan dünya şöhrətli alimin irsinə hətta ötəri nəzər salarkən onun yorulmaz yaradıcı fəaliyyətinin miqyası qarşısında heyrətlənməyə bilmirsən. Şərqşünaslığın müxtəlif sahələrinin bilicisi, ərəbşünas, semitoloq, iranşünas, türkoloq alim slavistika (slavyanşünaslıq), o cümlədən ukraynaşünaslıq elminə də böyük  töhfələr vermişdir. Qeyd etmək lazımdır ki, alimin müəllifi olduğu mindən artıq müxtəlif səciyyəli elmi əsərin yarıdan çoxu (çap olunmayanları da az deyildir) Yaxın və Orta Şərq ölkələri və xalqlarının tarixi, ədəbiyyatı və mədəniyyətinə, dil və dilçilik problemlərinə həsr edilmişdir. Şərqşünaslıqda böyük nüfuzunu tərcümə sahəsindəki fəaliyyətinə də aid etmək olar. Müsləman Şərqi mütəfəkkirlərinin əsərlərini ərəb, fars və türk dillərindən Ukrayna dilinə çevirmişdi. Bunların arasında Əntər, əl-Məərrinin şeirləri, əl-Fərabinin şərhlərlə təchiz edilmiş fəlsəfi traktatı, Cami, Sədi, Xəyyam, Hafiz poeziyasından nümunələr, Firdovsinin «Şahnamə»si, Mehri-xatunun, Uşaqligilin əsərləri vardır. Bir çoxları Quranı, L.N.Tolstoyun təbiri ilə desək, «Krımski üzrə», yəni onun tərcümələri vasitəsilə öyrənirdilər [15].  
Əslində alimin elmi araşdırmalarına xas olan geniş əhatəlilik, yenilik, elmi əsaslılıq xeyli dərəcədə ilk, orijinal mənbələrdən bəhrələnməsinə imkan verən Qərbin və Şərqin onlarla canlı və klassik dillərini mükəmməl bilməsindən qaynaqlanırdı. Bəzi mənbələrdə bunların sayının 60-ı keçdiyi, bəzilərində isə daha çox, 80-100 arasında olduğu göstərilir. Deyirlər ki, akademikdən bildiyi dilləri sadalamasını xahiş edəndə bilmədiklərini sadalasa daha asan olar deyə zarafatla cavab verərmiş. Ömrünün sonlarında 70 yaşlı poliqlot abissiniya (efiop), babil dillərini öyrənirdi. Arxivindəki rus və Ukrayna dillərində variantları olan «Efiop ədəbiyyatının tarixi» adlı əlyazması efiop dilinə həvəsinin səbəbini aydınlaşdırır. 
 
2. Azərbaycan A.Krımskinin tədqiqatlarında
 
A.Krımskinin hazırda Vernadski adına Ukrayna Elmi Kitabxanasının Əlyazmalar İnstitutunda mühafizə edilən şəxsi arxivində Azərbaycan tarixi və mədəniyyəti məsələləri ilə də bağlı olan xeyli qiymətli sənəd və material vardır. Onların arasında «Azərbaycan ədəbiyyatı» başlıqlı tamamlanmamış əlyazma (F. I, iş 25512) xüsusilə diqqət çəkir. Burada onun Nəsimi, Xətai, Füzuli, Məsihi, Qasım bəy Zakir, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Mirzə Şəfi Vazeh, Mirzəcan Mədədov, Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Sultan Məcid Qənizadə, həmçinin şairə Aşıq Pəri, İran Azərbaycanı (xüsusilə Təbriz) ədəbi mühiti, Məsəd Mənsur, Məhəmməd Hadi, Hüseyn Cavid, Süleyman Rüstəm və başqaları haqqında maraqlı fikir və qeydləri öz əksini tapmışdır. A.Krımski burada «Molla Nəsrəddin» satirik jurnalı və onun müəlliflərindən biri – «Bakıda heykəli olan» M.Ə.Sabiri ayrıca xatırlayır [bax: 8, s.91-92).
Əlyazmada A.Berjenin 1868-ci ildə Leypsiqdə nəşr  etdirdiyi Azərbaycan şairlərinin əsərlərindən nümunələr gətirilir, Firudin bəy Köçərli, Salman Mümtaz Əsgərov, Yusif bəy Çəmənzəminli və İsmayıl Hikmətin əsərlərinin icmalı verilir.  Şərqşünaslığa dair dünyada nəşr edilən ədəbiyyatı daim izləyən A.Krımski Y.Çəmənzəminlinin 1921-ci ildə İstanbulda Azərbaycan dilində işıq üzü görən «Azərbaycan ədəbiyyatına bir nəzər» adlı tədqiqatını yüksək dəyərləndirir. «O qədər də böyük olmayan, amma çox lazımlı bu kitabça»nın Avropa şərqşünasları tərəfindən təriflənib təqdir edildiyini qeyd etməklə qalmayıb əsərin Avropada doğurduğu rezonansın bariz nümunəsi kimi professor Fridrix Krelitsin Vyanada çıxan jurnaldakı məqaləsinə [31] nəzər salmağı tövsiyə edir [bax: 10, s.22]. Xatırladım ki, Y.Çəmənzəminli özü də həmin kitabında «rus müstəşriqi professor Krımski»nin Azərbaycan ədəbiyyatı barədə fikirlərinə yer vermiş, onun ədəbiyyatımızın tarixini Vaqifdən başlayan Firudin bəy Köçərlidən fərqli olaraq «Vaqifdən əvvəl Xətai, Füzuli, Məsihi, Qövsi Təbrizi kimi şairlərin də Azərbaycan ədəbiyyatına məxsus olduğunu söyləyərək» daha əvvələ apardığını qeyd etmişdir [4, s.115].
Bəzi tədqiqatçılar «Azərbaycan ədəbiyyatı» əlyazmasının Akademik Türkoloji Komissiyanın nəşrini planlaşdırdığı, lakin sonucda çap edilməyən «Azərbaycana dair tədqiqatlar» məcmuəsi üçün yazıldığını güman edirlər [bax: 8, 92]. Əslində araşdırma göstərir ki, əlyazmadakı materiallar alimin 1931-ci ildə Qranat Ensiklopediyasında çıxan «Türk ədəbiyyatları» məqaləsində [22] geniş şəkildə istifadə edilmişdir. Mən onun SSRİ-yə daxil olan türk xalqlarından hər birinin (türk, tatar, türkmən, qazax, özbək, tatar və i.a.) ədəbiyyatı haqqında məlumat verən həmin məqaləsinə daxil etdiyi Azərbaycan ədəbiyyatının yaranması, inkişafı və müasir durumundan bəhs edən oçerki [bax: 22, s. 362-370] nəzərdə tuturam.  
Yeri gəlmişkən, akademikin Azərbaycan ədəbiyyatı haqqında yazdığı əsərlər tədqiq edilmiş, ukraynalı azərbaycanşünas, filoloq-tədqiqatçı V.Marçenko bu mövzuya vaxtilə bir neçə məqalə həsr etmişdir [23, 24, 25].   
Arxiv sənədləri arasında tarixi bəlli olmayan «Azərbaycan dili (lüğətlə rus dilinə tərcümə edilən hekayələr)» sərlövhəli əlyazması vardır ki, dilçilik nöqteyi-nəzərindən əhəmiyyət kəsb edir.
A.Krımski ayrı-ayrı əsərlərində Azərbaycanla bağlı problemlərə də toxunur.  Məsələn, 1925-ci ildə Kiyevdə çap olunan «İran teatrı: o harada  meydana gəldi və necə inkişaf etdi» [19] adlı kitabı İranla yanaşı, bizim teatr tariximizi də işıqlandırır. Burada müəllif Azərbaycanda incəsənətin bu növünün inkişafını izləyir, onun XII əsrin «keçəl pəhləvan», «qaragöz» kimi qəhrəmanları olan kukla teatrından başlamış M.F.Axundzadənin təməlini qoyduğu Avropa tipli Azərbaycan teatrının yaranmasınadək davam edən dövrü, həmçinin xüsusi olaraq Mirzə Fətəli Axundzadənin «ölməz komediyaları» və onların Şərqdə teatr sənətinin inkişafında rolu barədə məlumat verir [bax: 19, s.82-86].  
Krımskinin tarixi əsərlərinə gəlincə, Azərbaycan tarixinin, xüsusilə də qədim dövrünün öyrənilməsi baxımından əhəmiyyətli olub, daim istinad olunan elmi mənbələrdəndir. Keçən əsrin otuzuncu illərində o, Qafqaz Azərbaycanının tarixinə dair böyük külliyyat (Истории Кавказского Азербайджана. Начиная эпохой клинописных времен и кончая эпохой иранских шахов Сефевидов) hazırlamış,  təəssüf ki, buradan yalnız iki məqalə dərc etdirə bilmişdir [20, 21]. Əlamətdardır ki,  onun  «klassik Albaniya» adlandırdığı Şimali Azərbaycanın qədim tarixinə dair ilkin mənbələr əsasında yazdığı həmin iki məqaləsi, həmçinin digər araşdırmaları son illərdə tarixçilərin yenidən diqqətini cəlb etmiş, gündəmə gəlmişdir [7, 6, 29].  
Xatırladım ki, A.Krımski Yaxın və Orta Şərqə dair Brokhauz-Yefron və Qranat ensiklopediyalarında çap edilən yüzlərlə məqalənin müəllifidir ki, onların xeyli hissəsi Azərbaycana aiddir. Alimin adlarını çəkdiyimiz və daha çox çəkmədiyimiz əsərlərinə Nizamiyə həsr olunan sonuncu monumental kitabını da əlavə etsək, Azərbaycanın onun şərqşünaslıq tədqiqatlarında xüsusi yeri və xüsusi çəkisi olduğunu görərik. A.Krımskini haqlı olaraq "Ukrayna azərbaycanşünaslığının pioneri" hesab edirlər [30].   
Nizami Gəncəvi – A.Krımski yaradıcılığının özəl mövzularındandır. O, Rusiya elmi ictimaiyyətini  Nizaminin həyat və yaradıcılığı ilə ilk dəfə tanış edən alimlərdən biridir. «Nizami» başlıqlı məqaləsi hələ 1897-ci ildə Peterburqda Brokhauz və Yefronun «Ensiklopedik lüğət»inin 41-ci yarımcildində [16, s. 58] çapdan çıxmışdı, sonradan həmin məqaləni düzəliş və əlavələrlə özünün məşhur «İran və onun ədəbiyyatı tarixi»nin təkmilləşdirilmiş nəşrlərinə (1900, 1906, 1912) bir fəsil kimi daxil etmişdi. Əsərin II cildinin 1912-ci il nəşrində artıq 80 səhifəyə qədər genişlənmiş həmin fəsildə Nizaminin həyat və yaradıcılığı haqqında məqalə və müfəssəl biblioqrafiyanın ardınca «Xəmsə»dən rus dilinə tərcümədə nümunələr («Bəhram Gur və rus gözəli»ndən çıxarışlar, hind gözəlinin hekayəsi bütünlüklə, Makedoniyalı İsgəndərin ruslarla vuruşmalarından ayrı-ayrı parçalar) verilmişdir.
Azərbaycan alimləri, heç şübhəsiz, müəllif seçimində bu amili, yəni Nizami mövzusunun A.Krımskiyə yad olmadığını nəzərə almışdılar. Digər tərəfdən, o zaman xeyli müddət millətçi damğası ilə dövlətin gözdən salıb elmi mühitdən tamamilə təcrid etdiyi alimə münasibətin artıq mülayimləşməsi, vəzifələrində bərpa edilməsi də öz müsbət rolunu oynamışdır. 
 
3. Alimin həyatının son dövrü: qəribə təzadlar 
 
XX əsrin 30-cu illəri təkcə A.Krımski  üçün bəd gəlməmişdi, Ukrayna Elmlər Akademiyası, ümumilikdə Ukraynanın  taleyində ən ağır illər idi. Totalitar bolşevik rejimi 1920-ci illərin sonlarında Ukrayna Elmlər Akademiyasına hücuma keçərək onu dağıtmış, bütün şərqşünaslıq müəssisələrini və tarix-filologiya şöbəsini ləğv etmişdi. 
XX əsrin 30-cu illərinin ikinci yarısında siyasi ab-havanın mülayimləşməsi ilə A.Krımski yenidən yada düşür, 1936-cı ildə ona aspirantlara rəhbərlik etməyə icazə verilir. 1937-ci ildə  o, SSRİ EA-nın Şərqşünaslıq İnstitutundan «Yeni ərəb ədəbiyyatı tarixinin oçerki» adlı ikicildlik kitab yazmaq sifarişi alır. 
Nizami və onun XII əsrdə müasirlərinə dair kitab yazmaq təklifini alan zaman A.Krımski «Yeni ərəb ədəbiyyatı tarixi»nin nəzərdə tutulmuş iki cildindən birincisini tamamlasa da, ikincinin yalnız işçi planını hazırlaya və bəzi fəsillərini yaza bilmişdi. Bununla belə, redaktə etdiyi birinci cildi Leninqrada,  SSRİ EA-nın nəşriyyatına göndərir və ikinci cild üzərində işi sonraya qoyub, Nizami haqqında kitabı dahi şairin 800 illik yubileyinə çatdırmağa tələsir. Bakı ilə Zvenirorodka arasında rabitə yaradan teleqramlardan vəziyyətin gərginliyini hiss etmək olur. Nizami adına Dil və Ədəbiyyat İnstitutunun direktoru Məmməd Arif Dadaşzadə A.Krımskiyə teleqramında Nizaminin yubileyinin yaxınlaşdığını, işin olduqca gecikdiyini, əsəri təcili olaraq göndərməsini xahiş edirdi.  O isə öz növbəsində 1941-ci il yanvarın 14-də, yəni yetmiş illiyinə bir gün qalmış teleqrafla işin bir hissəsini artıq göndərdiyini, təxminən bir o qədər də qaldığını, «Budur oturmuşam, işləyirəm» deyə çalışmalarını davam etdirdiyini xəbər verirdi [bax: 5, s. 10]. M.A.Dadaşzadə A.Y.Krımskiyə aprelin əvvəlində yazdığı daha bir məktubunda əsərin son hissəsini göndərməsini xahiş etməklə bərabər artıq təqdim edilən hissənin böyük təəssürat oyatdığını qeyd edərək yazırdı: «Tədqiqatın dərinliyinə, cəlb edilən materialın genişliyinə, mövzunun əhatəliliyinə, erudisiyasına görə Sizin tədqiqatınız, şübhəsizdir ki, bənzərsizdir» [11, s. 154]. Böyük Vətən müharibəsi başlayanadək əsər başa çatdırılmış və makina ilə əlyazması  Bakıya göndərilmişdir. 
«Yeni ərəb ədəbiyyatı tarixi» və «Nizami və onun müasirləri» – bu son iki əsəri A.Krımskinin ürəyində qalmış arzularının əslində reallaşması idi. Elə o aralar alim sovet hakimiyyətinin qayğı və diqqətini hiss etməyə başlayır. İşləmək üçün ona nisbətən əlverişli şərait yaradılır, elmə töhfələri  qiymətləndirilir. 1940-cı ilin iyunun 22-də "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilir, bir ay sonra iyulun 24-də isə ona filologiya elmlərinin inkişafındakı böyük xidmətlərinə görə "USSR-in Elm Xadimi" fəxri adı verilir. 1941-ci ilin yanvarında isə ölkə üzrə böyük təntənə ilə 70 illik yubileyi keçirilir. Yubileyə hazırlıqlar və gedişat qəzetlərdə və radioda geniş işıqlandırılmışdı. Elmlər Akademiyası, Yazıçılar İttifaqı və Kiyev Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən təntənəli iclasda alimin həyat və fəaliyyətinə həsr edilmiş məruzələr oxunmuş, yubilyar müxtəlif şəhərlərdən (onların arasında Bakı da vardı)  yüzlərlə təbrik teleqramı almışdı. 1941-ci ildə seçilmiş əsərlərinin nəşri barədə qərar qəbul edilmişdi.
Lakin iyunda müharibənin başlaması ilə vəziyyət yenə kökündən dəyişir. Krımski evakuasiya bəhanəsi ilə əvvəlcə həbs, sonra Qazaxıstana sürgün edilir və orada 1942-ci ilin yanvarında taqətsizlikdən dünyasını dəyişir. 1957-ci ildə ona bəraət verilir. Lakin bütün bunlar barədə ictimaiyyət yalnız 90-cı illərdə xəbər tutur [12, s. 425; 13; 26, s.90]. 
 
  4.  A.Krımskinin son əsərlərinin sonrakı taleyi barədə
 
A.Krımskinin ömrünün son illərində yazdığı fundamental əsərləri tarixin sınağından çıxdı, gec də olsa nəşr edildi.  
1971-ci ildə YUNESKO-nun qərarı ilə dünya mədəniyyətinin fenomenal, unikal şəxsiyyətləri sırasına daxil olan görkəmli alim və ədib kimi A.Krımskinin 100 illik yubileyi keçirildiyi ərəfədə onun «Yeni ərəb ədəbiyyatı tarixi (XIX əsr – XX əsrin əvvəli)» kitabı [14] əsəri çapa hazırlayan ərəbşünas alim A.B.Xalidovun böyük zəhməti sayəsində işıq üzü görə bildi. «Nizami və onun müasirləri»nə gəlincə, müəllifin özü tərəfindən hazırlanan tam makina nüsxəsi uzun müddət Nizami adına Ədəbiyyat İnstitutunun arxivində saxlanılmışdı. Müharibədən sonra, 1947-ci ildə, Nizaminin nəhayət ki, baş tutan yubileyində «etibarsız» Krımskinin əsəri də yada düşür. Bütünlüklə çap edilməsə də, hər halda «Nizami və onun öyrənilməsi» başlıqlı birinci fəsli bəzi ixtisarlarla «Nizami» yubiley məcmuəsinə daxil edilir [17, s.138-183; 3, s. 176-179]. Təəssüf ki, mətndə mətbəə xətaları da az deyildi.
1968-ci ildə əsər çapa hazırlansa da, müxtəlif obyektiv və subyektiv səbəblərdən (bu barədə professor Qəzənfər Əliyev kitabın giriş məqaləsində bəhs edir) çapı gecikdi və o, yalnız 1981-ci ildə, yazıldığı vaxtdan 40 il sonra Nizaminin 840 illik yubileyi ilə əlaqədar nəşr edildi. 
Yeri gəlmişkən, bu yubileyin də öz maraqlı tarixçəsi vardır. Ulu öndər Heydər Əliyev sonralar xatırlayırdı ki, şairin 840 illik yubileyinin qeyd edilməsi məsələsini Kommunist Partiyası Mərkəzi Komitəsinin qarşısında qaldıranda, ona «840 il yuvarlaq rəqəm deyildir» deyə etiraz etmişdilər, xüsusən MK-nın ikinci katibi Suslov bunun mümkün olmadığını söyləmişdi. Onda o, «siz Nizami Gəncəvini tanıyırsınızmı?… Nizami Gəncəvi elə dahidir ki, onun nəinki 840 illiyini, onun yubileyini hər il keçirmək lazımdır» deyə yubileyin Azərbaycanda, sonra Moskvada keçirilməsinə nail olmuşdu [bax: 2]. 
Sonucda Nizaminin 800 illiyi üçün hazırlanmış böyükhəcmli qalın kitab, nəhayət ki, 840 illiyinə çapdan çıxdı. Lakin Nizamiyə həsr edilən sonuncu fəsil burada yox idi, çünki onun əlyazmasında həmin fəsil yoxa çıxmışdı. Krımskinin arxivində əsər üçün 50 vərəqdən ibarət hazırlıq materialları içərisində «Nizami. Uşaqlıq və yeniyetməlik dövrü. Lirika» başlıqlı bir vərəqin olması, həmçinin əlyazması ilə tanış olan tədqiqatçılar, onların arasında akademik Ə.Ə.Əlizadə də belə bir fəslin mövcudluğuna şahidlik edirdi. Monoqrafiyada da bir neçə yerdə, müəllifin özünün Nizaminin həyat və ədəbi fəaliyyəti haqqında oçerki əsərinin sonluğu kimi onun lap axırına keçirməsi və həmin oçerkin məzmunu haqqında müəyyən təsəvvür yarada biləcək bəzi qeydləri bu fəslin nəinki mövcudluğunu, həm də həmin fəsilsiz müəllif ideyasının haradasa natamam qaldığını  sübut edir [bax:18, s. 89, 183]. İkinci fəslin son – sonrakı üç fəslə giriş kimi yazılan paraqrafında («XII əsrdə Səlcuq imperiyasının tənəzzülü dövründə Ön Asiyada əsas fikir cərəyanları») Krımski Nizamini «tamamilə xüsusi bir yazıçı, həqiqi sənətkar, azərbaycanlı» adlandıraraq digər ədiblərdən ayırır. Əvvəlcə, Nizaminin müasirləri olan XII əsrin çoxsaylı parlaq yazıçılarının ədəbi fəaliyyətini təfsilatı ilə nəzərdən keçirəcəyini, yalnız sonra Nizaminin öz bioqrafiyasına keçəcəyini və onu canlandıracağını, yaradıcılığını ümumi şəkildə təsvir edəcəyini söyləyir, çünki yalnız belə olarsa, «onun qeyri-ixtiyari olaraq öz əsrindən əxz etdiyi və əxz edə bilmədiyi hər şey əyani şəkildə üzə çıxar və onun öz əsrindən nədə yüksəkdə durduğu aydın olar» [18, s.183]. 
Əfsuslar olsun ki, müəmmalı şəkildə itmiş, bilavasitə şairin həyat və yaradıcılığına həsr edilən, əsərə tam bitkinlik verə biləcək həmin fəslin aqibəti indiyədək bəlli deyil, ötüb keçən illərsə bizi bu sirdən, bəlkə, bir qədər də uzaq salmışdır. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bəzi müəlliflər kimi, professor L.V.Qrisik də həmin fəslin yoxluğunun əsərin tamlığına, bitkinliyinə qətiyyən xələl gətirmədiyi fikrindədir. Çünki əvvəlki fəsillərdə Krımski gəldiyi nəticələrlə sonuncu fəsildə işıqlandırmalı olduğu mühüm problemləri müəyyənləşdirmiş, başlıca aksentləri öz yerinə qoymuş, digər tərəfdən, Avropa və Şərq mənbələrinə baxış bucağını izah edərək, müasirləri olan şərqşünasların mövqelərini qiymətləndirmək əsnasında şairin bədii irsini, yaradıcılığının paradiqması və «Xəmsə»nin konseptual əsaslarını, Nizami yaradıcılığını orta əsrlər Şərqi üçün «cədbedici» edən «bədii və qeyri-bədii başlanğıcları»nı necə anladığını ifadə etmişdir [bax: 9, s.277]. Professor məqaləsində bir sıra faktlarda qeyri-dəqiqliyə yol versə də (məsələn, «Nizami və onun müasirləri» kitabındakı səhifələrin, fəsillərin sayında və s.), hər halda aydındır ki, kitabın hətta son fəsilsiz çıxması böyük hadisə, Nizaminin artıq 840 illik yubileyinə, ümumiyyətlə, Azərbaycan mədəniyyətinə qiymətli hədiyyə idi. 
 
Nəticə 
 
Uzaq Qazaxıstanda, Kustanay həbsxanasının soyuq, qaranlıq, darısqal kamerasında ilk tanışlıqları zamanı Qreçix A.Krımskidən nəyə görə həbs edildiyini soruşanda, o, bir qədər düşünüb sonra: «Dünya ilə böyük əlaqəmə görə» demişdi. Bu cavabda bir qəribəlik, müəmma, eyni zamanda eyhamlı kinayə vardır. Bu cavabla alim saxta ittihamdan yox, onun kökündə duran və özünə bəlli olan əsl səbəbdən danışmaq, görüntünü, örtüyü yox, mahiyyəti ifadə etmək istəmişdir. Doğrudur, totalitar rejim onu həbs edib dünyadan məcburən təcrid etdi, ölümünə bais oldu. Lakin onun dünya ilə əlaqəsini qıra bilmədi. Çünki A.Krımskinin özündən sonra qoyduğu zəngin mənəvi xəzinə onun «dünya ilə əlaqəsi»ni əbədiləşdirmişdir. Həmin xəzinədə onun Azərbaycanla da əlaqələri öz əksini tapmışdır. Böyük alimin Azərbaycan tarixinə və mədəniyyətinə həsr etdiyi əsərləri Ukrayna azərbaycanşünaslığının təməlini qoymuşdur. Bu sanballı irsin ən qiymətli incisi isə onun «Nizami və onun müasirləri» əsəridir. Qədim bir əfsanəyə görə, adətən, çox sakit, «lal-dinməz» quşlar olan qu quşları bircə dəfə, həyata vida etdikləri məqamda nəğmə oxuyurlar, həm də çox gözəl oxuyurlar. «Qu quşunun nəğməsi» idioması buradan gəlir və insanın ömrünün sonunda yaratdığı son, həm də şah əsəri, şedevri anlamında bir çox dillərə daxil olmuşdur. Tale elə gətirdi ki, Aqafangel Krımskinin «qu quşu nəğməsi» dahi Azərbaycan şairi Nizami və onun dövrü, müasirləri barədə əsəri oldu.  
 
İstifadə edilmiş ədəbiyyat:
 
1.    Abdulla A., Marçenko V. A. Krımski və Azərbaycan. // «Ədəbiyyat və incəsənət» qəzeti, 22 iyul 1972-ci il. 
2.    Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dahi şair və mütəfəkkir Nizami Gəncəvinin məqbərəsinə ziyarəti zamanı nitqi. /Gəncə, 24 may 2000-ci il/ -  http://lib.aliyevheritage.org/az/38133446.html 
3. Hacıyeva Arzu. Aqafangel Krımski Nizami tədqiqatçısı kimi: Metodoloji problemlər //  AMEA-nın Xəbərləri. Tarix, fəlsəfə, hüquq seriyası, № 1, 2014, s. 176-183.
4. Çəmənzəminli Y.V. Azərbaycan ədəbiyyatına bir nəzər (ixtisarla) // Çəmənzəminli Yusif Vəzir. Əsərləri. Üç cilddə: III cild. Bakı: Avrasiya Press, 2005,  s.113-153.   
5. Алиев Газанфар. Академик А.Е.Крымский и его сочинение «Низами и его современники» // А.Е.Крымский. «Низами и его современники». Баку: Элм, 1981, с. 5-22. 
6. Балагадирова П. Об истории древней столицы Азербайджанской Албании Кабалы в трудах А.Е. Крымского // Кавказъ Плюс. Общекавказская общественно-политическая газета, 14 ноября 2015.
7.  Василюк О.Д. Азербайджанская Албания в исследованиях Агафангела Крымского. // Труды Института истории НАН Азербайджана, 2011, т. 36-37, с. 49-62
8. Василюк О.Д. Неизвестные работы Агавангела Крымского по тюркологии в фондах ИР НБУВ / О. Д. Василюк // Східний світ, 2013, № 4, c. 84-92.
9. Грицик Л.В. Творчїсть Нізамі Гянджевї: форми рецепції в України.  с. 269- 278, с. 277. // [PDF]Творчість Нізамі Гянджеві: форми рецепції в Україні // irbis-nbuv.gov.ua/.../cgiirbis_64.exe?
10. Гумметова Ш. «Взгляд на азербайджанскую литературу» Юсифа Везира Чеменземинли в истории литературы.//«Вісник Дніпропетровського університету імені Альфреда Нобеля. Серія філологічні науки, 2014, № 2 (8), с. 19-24. 
11.  Гурницкий К.И. Агафангел Ефимович Крымский. М.: Наука, 1980, 192 c.   
12. Дмитрієнко М., Ясь О. Агатангел Кримський (c. 420–425).  // Історія України в особах XIX–XX ст. – Киев.: Україна,1995, 480 c.  
13.  Ілленко І. Хватальна евакуація // Літ. Україна, 1990, 25 жовт.
14. Крымский А.Е. История новой арабской литературы (ХIХ - начало ХХ века). М.: Наука. Главная редакция восточной литературы, 1971, 794 c. 
15. Крымский А.Е. Лекции по Корану. Вып. I. Суры старейшего периода. Перевод с объяснениями. М., 1902. 
16. Крымский А. Низамий // Энциклопедический словарь Ф.А.Брокгауза и И.А.Ефрона. Т. 41. С.-Пб., 1897, 500 с.
17.  Крымский А. Низами и его изучение (с. 138-183) // Низами Гянджеви. Сборник статей.  Баку, Изд-во АН Азерб. ССР, 1947, 193 с. 
18.  Крымский А.Е. Низами и его современники. Баку: Элм, 1981, 488 с.
19. Кримський А. Е. Перський театр. Звідки він узявсь і як розвивавсь. Київ: Українська Академія наук, 1925, 98 с. 
20. Крымский А.Е.  Страницы из истории северного или кавказского Азербайджана (классичекой Албании). (г. Габала) // Сергею Федоровичу Ольденбургу. К пятидесятилетию научно-общественной деятельности. 1882-1932. Сборник статей. Л., 1934, с.289-305.
21. Крымский А.Е.  Страницы из истории северного или кавказского Азербайджана (классичекой Албании). Шеки // Памяти академика Н.Я.Марра (1864-1934). М.-Л., 1938, с. 369-384.
22. Крымский А.Е. Тюркские литературы (c. 340-404) // Энциклопедический словарь Гранат. Т.41, ч.10, М.: Рус. библиогр. ин-т Гранат, 1931, 363 с.  
23. Марченко В. Давня азербайджанська литература в дослидженнях А.Кримського. //«Радянське литературознавсво. 1971, № 1, с.59-66. 
24. Марченко В.  А.Кримський як дослідник азербайджанської літератури (с.13-27). // Марченко В. Творчість і життя / Упорядн. Н.Смужаниця-Марченко, Н.Кочан. К.: Сфера, Дух і Літера, 2001, 536 с. 
25. Марченко В. Давня азербайджанська література в дослідженнях А.Ю.Кримського (с. 32-40). // Марченко В. Творчість і життя / Упорядн. Н.Смужаниця-Марченко, Н.Кочан. К.: Сфера, Дух і Літера, 2001, 536 с. 
26. Полонська-Василенко Н. Академик Агатангел Юхимович Кримський. 1871-1941 (Століття з дня народження та тридіщтиліття з дня смерти) // Український історик, 1971, №03-04 (31-32), с. 90-98.  
27. Полонській-Василенко Н. Д. 28.06.1939 Звенигородка. (151-153) // Матвеева Л. В., Циганкова Е. Г.  А.Ю.Кримський - неодмінний секретар Всеукраїнської Академії наук: Вибране листування.  К : AT«Обереги», 1997, 172 c.
28. Полонській-Василенко Н. Д. 22.09.1939 Звенигородка. (156-158) // Матвеева Л. В., Циганкова Е. Г.  А.Ю.Кримський - неодмінний секретар Всеукраїнської Академії наук: Вибране листування.  К: AT«Обереги», 1997, 172 c.   
29. Тунджай Бахтияр. Письменное наследие Кавказских албан. Том I. Бишкек: Улуу Тоолор, 2014, 428 с.
30. Халимоненко Г.И. Кавказская Албания (Северный Азербайджан) в исследованиях Агатангела Крымского: историко-географический и этнографический аспект /06.03.2012 / - http://udi.az/articles/0050.html  
31. Kraelitz-Greifonhorst F. Bespreshungen / F. Kraelitz-Greifonhorst // Mitteilungen zur Osmanischen Geschichte. Wien, 1921/22.  Band 1, pp.174–175.
 
 
Arzu Hajiyeva
A. Krymsky – The founder of Ukrainian Azerbaijani studies 
 
The great scientist Ahatanhel Krymsky is a worldwide bright figure of oriental studies. The scientist’s biography is viewed and explained in two planes: intellectual and existential ones in the background of uncommon destiny of his latest fundamental work  – his swan song named “Nizami and his contemporaries”. The author introduces his researches dedicated to the study of Azerbaijani literature, history, culture which established the basis of Ukrainian Azerbaijani studies. 
 
Арзу Гаджиева
А.Крымски – основоположник украинского азербайджановедения
 
Великий ученый Агафангел Крымский – яркая фигура мирового масштаба востоковедческой науки. В статье на фоне удивительнейшей судьбы его самой последней фундаментальной книги – лебединой песни «Низами и его современники», творческая биография ученого  рассматривается и раскрывается в двух плоскостях: интеллектуальной и экзистенциальной. Автор знакомит его исследованиями, посвященными изучению азербайджанской литературы, истории, культуры, которые заложили основу украинского азербайджановедения.
 
 
Məqalə redaksiyaya daxil olmuşdur:  08.09.2018
Təkrar işləməyə göndərilmişdir:  26.09.2018
Çapa qəbul edilmişdir:  16.11.2018

 

© 2011-2019. Müəlliflik hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qorunur. Bütün hüquqlar "Strateji təhlil" jurnalına aiddir. Məlumatlardan istifadə edərkən stj.sam.az saytına istinad zəruridir.