Məqalələr

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun tariximizdə yeri Ümummilli lider Heydər Əliyev- milli intibahın banisi, müstəqil dövlətçiliyin memarı Azərbaycan Cümhuriyyətinin müqəddəratında Böyük Britaniya amili Bir əsrlik dövlətçilik tarixinə siyasi liderlik fenomeni işığında baxış: Ümummilli lider Heydər Əliyev - 95 К вопросу о создании Армянского государства и определения его границ на переговорах в Батуми и Стамбуле в1918 г. Azərbaycan Xalq Cümhuriyyətinin parlament sənədləri Zəngəzur, Qarabağ və Naxçıvanda 1918-1920-ci illərdə erməni vəhşiliklərini öyrənmək üçün mənbə kimi Геноцид тюрко-мусульманского населения Азербайджана по документам Британских дипломатов XX əsrdə erməni rəsmi dairələrinin kürdlərə qarşı həyata keçirdiyi deportasiya, repressiya və terror aktları haqqında (etnosiyasi analiz) Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Osmanlı dövlətinin siyasəti (iyun-oktyabr 1918-ci il) Нахчыван на переднем крае борьбы с армянской агрессией в период Азербайджанской Демократической Республики Sərhədyanı mübahisə 1918-1920-ci illərdə Azərbaycan-Gürcüstan münasibətlərində əlverişsiz amil kimi Особая Комиссия и ее “особые” сотрудники Равноправие и гендер: путь, пройденный от Азербайджанской Демократической Республики до Первого вице-президента Экономическая политика Азербайджанской Демократической Республики: поиски оптимальной модели Вопрос об экономических отношениях между Азербайджанской Республикой и РСФСР на страницах журнала “Нефтяное дело” 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin aqrar siyasəti Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti Военно-политические аспекты деятельности Азербайджанского правительства в 1918-1920 гг. Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu Mirzə Bala Məmmədzadənin ideoloji görüşləri Tam siyahı

XIX əsrdə Azərbaycanda fəlsəfi fikrin inkişafına təsir edən ictimai-siyasi və mədəni amillər

Müəllif: Strateji Tehlil Jurnali

baxılıb: 1837

Dek 21, 2017 - 3:12

XIX əsrdə Azərbaycanda fəlsəfi fikrin inkişafına təsir edən
ictimai-siyasi və mədəni amillər

 

Rafail  ƏHMƏDLİ

Azərbaycan Respublikasının Prezidenti yanında
 Ali Attestasiya Komissiyasının şöbə müdiri,
fəlsəfə üzrə elmlər doktoru, professor

ehmedli.rafail@mail.ru

 

Açar sözlər: XIX əsr, maarifçilik ideyaları, millilik, müasirlik, milli istiqlal, milli şüur,  milli-mədəni dirçəliş, Rusiya müstəmləkəsi, "ruslaşdırma" siyasəti

Key words: XIX century, ideas of enlightenment, nationalism, modernity, national independence, national consciousness, national cultural revival, Russian colonialism, policy of "Russification"

Ключевые слова: ХIХ век, идеи просвещения, национализм, современность, национальная независимость, национальное сознание, национальное культурное возрождение, Российский колониализм, политика “русификации”

 

 

Giriş
 
XIX əsr Azərbaycan fəlsəfəsi qədim və zəngin ictimai-fəlsəfi fikir tariximizdə, mədəniyyətimizdə millilik və müasirlik meyilləri əsasında yaranan, mahiyyətcə köklü bir dönüş, məzmunca yeni bir dövr kimi müstəsna yer tutur və xüsusi önəm kəsb edir.
Bir həqiqət kimi o da məlumdur ki, XIX əsr Azərbaycan xalqının tarixinə ən faciəli, ziddiyyətli və həm də təzadlı bir dövr kimi daxil olmuşdur. Bu xalqın 1828-ci ildə Rusiya ilə İran arasındakı Türkmənçay sövdələşməsi ilə torpaqlarının bölüşdürülməsi və milli-müstəmləkə zülmünə məhkum edilməsi bu günün özündə belə izsiz qalmamış və öz təsirini hələ də göstərməkdədir. Lakin tariximiz, eləcə də mənəvi irsimiz haqqında əsl həqiqətləri üzə çıxarıb geniş ictimaiyyətə tam obyektivliyi ilə çatdırmaq bizə indiki milli müstəqillik dövründə müəssər ola bilmişdir. Bu baxımdan sanballı elmi araşdırmaların aparılması həmişə vacib məsələlərdəndir. 
Ümummilli lider Heydər Əliyev «Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibəti ilə Azərbaycan xalqına müraciət»ində demişdir: «XX əsrdə bizim  qazandığımız  uğurlar, o cümlədən müstəqil dövlət qurmaq əzmimizin köklərini uzaq və yaxın tariximizdə, xüsusilə XIX  əsrdə formalaşmış və təşəkkül tapmış qaynaqlarda axtarıb tapmaq lazımdır. Bu qaynaqlar həm ayrı-ayrı görkəmli şəxsiyyətlərin - Abbasqulu ağa Bakıxanov və Mirzə Kazım bəy kimi nadir insanların çox uğurlu yaradıcı fəaliyyətində öz əksini tapmış, həm də birbaşa milli maarifçilik ideyalarının gerçəkləşməsi ilə bağlı olmuşdur. Azərbaycanda məhz bu dövrdə demokratik mətbuat, anadilli məktəb, dünyəvi teatr yaranaraq milli şüurun formalaşmasına güclü təkan verdi» [10]. 
Artıq çağdaş elmi tədqiqatlarımızda  belə bir fikir yeni anlamda xüsusi yer almaqdadır ki, XIX əsr Azərbaycanda… orta əsrlərdən sonrakı ilk yüzil kimi təkrarsız əhəmiyyət daşıyır. Birbaşa gələcəyə – bu günə start götürən bu mərhələnin və bu yolun başında A.Bakıxanov, M.Kazımbəy, M.F.Axundov kimi görkəmli zəka sahibləri və onların “adı ilə bağlı milli-mənəvi intibah aktı dayanır” [5, s.165]. Ən önəmlisi budur ki, XX yüzilin əvvəllərində «milli müstəqillik şüuruna Azərbaycan bədii» nəzəri düşüncəsini XIX əsrdə təşəkkül tapmış «maarifçi ideya və fəlsəfə gətirib çıxarır» [5, s.284]. Bütün bu cəhətlərinə görə də XIX əsr Azərbaycan ədəbi-bədii, fəlsəfi və ictimai-siyasi fikrin inkişaf tarixinin çox mühüm, keyfiyyətcə yeni bir dövrü kimi ciddi maraq doğurmaqdadır. Məhz həmin dövrdən başlayaraq Azərbaycan ictimai-fəlsəfi fikri, sözün həqiqi mənasında milli xarakter, yeni anlam kəsb edir. Bunun da öz növbəsində milli şüurun, milli məfkurənin formalaşmasında mühüm rolu olmuşdur. Bütün məhrumiyyətlərə baxmayaraq, XIX əsr Azərbaycan tarixində milli oyanışla, milli intibahla daha əlamətdardır. Elmi tədqiqatda da problemin məhz bu cəhətdən, özü də Azərbaycançılıq ideologiyası prizmasından yeni yanaşma tərzi əsasında araşdırılıb işıqlandırılmasına üstünlüyün verilməsi heç də təsadüfi deyildir.
XIX əsr Azərbaycan ictimai-fəlsəfi fikir tarixinin elmi araşdırılması, öyrənilməsi istiqamətində indiyədək az iş görülməmişdir. Bu sahədə görkəmli alimlərimizdən H.Hüseynovun, F.Köçərlinin, Ə.Əhmədovun, İ.Rüstəmovun və b.-nın xidmətləri xüsusilə qeyd olunmalıdır. Lakin keçmiş sovetlər dönəmində XIX əsr Azərbaycan fəlsəfi və ictimai-siyasi fikri də milliliyi unutduran kommunist ideologiyası biçimindən tədqiq edildiyindən, şübhəsiz ki, bir çox təhriflərə məruz qalmaya bilməzdi. O dövrün elmi araşdırmalarında tarixi həqiqətə uyğun olmayan belə bir ümumi nəticəyə gəlinir ki, XIX əsr Azərbaycan ədəbi-bədii, ictimai-siyasi fikri kimi onun fəlsəfəsi də XX əsrin əvvəllərində Azərbaycanda marksizm ideyalarının yayılması üçün zəmin hazırlamışdır. İndi milli müstəqilliyə nail olduğumuz bir zamanda ictimai həyatın bütün sahələrində olduğu kimi milli-ictimai və fəlsəfi fikir tariximizin də, sözün əsl mənasında, tam obyektivliyi ilə yeni anlamda öyrənilməsi və dəyərləndirilməsi istiqamətində fəlsəfədə də geniş imkanlar yaranmışdır.
Milli oyanışla əlamətdar olan XIX əsr Azərbaycan fəlsəfi fikri də ədəbiyyat kimi, hər şeydən əvvəl, dövrün tələblərinə uyğun olaraq taleyüklü milli problemlərin həlli yollarının aranıb-axtarılması, milli ideya axtarışları, zamanın çağırışları fonunda yeni məcrada inkişaf etməsi baxımından getdikcə aydın məna kəsb edir. Bu fəlsəfə mənşəyi  və mahiyyətinə, məqsəd və məramına, xarakterinə görə maarifçilik fəlsəfəsi kimi xüsusi önəm kəsb edir. Onun əsas qayəsi insanların dünyagörüşünü dəyişdirmək, həyata qaranlıq mövhumat çərçivəsindən deyil, dünyəvi əsasdan baxmaq qabiliyyətini aşılamaqla «əqlləri yaxınlaşan inqilab üçün hazırlamaq», başqa sözlə, xalqı oyanış ruhunda tərbiyələndirməklə milli qurtuluş uğrunda mübarizəyə hazırlamaqdan ibarət olmuşdur. Bu baxımdan dünyəvilik, müasirlik təməl prinsipləri əsasında təşəkkül tapan və mündəricəsində oyanış, tərəqqi və azadlıq problemləri əsas yer tutan XIX əsr Azərbaycan fəlsəfəsi XX yüzilin əvvəllərində formalaşan milli istiqlal məfkurəsinin, milli azadlıq hərəkatının nəzəri dünyagörüşü əsası kimi daha önəmli, daha dəyərlidir.
 
1. XIX əsrdə Azərbaycanda fəlsəfi fikrin inkişafına təsir edən 
əsas amillər
 
Azərbaycan tarixinə yeni dövrün başlanğıcı kimi daxil olmuş XIX əsr taleyüklü hadisələrlə seçilir. İctimai-iqtisadi inkişaf baxımından bu dövr ikiyə bölünmüş Azərbaycanın Çar Rusiyasının tərkibinə daxil edilmiş şimal hissəsində feodalizmdən kapitalizmə tam keçid dövrü kimi səciyyəvidir. Bu dövrdə cəmiyyətin sosial-iqtisadi və mədəni həyatında obyektiv olaraq baş verən dəyişikliklər, yeniləşmələr milli ədəbiyyat kimi ictimai-fəlsəfi fikrin də inkişaf meylini, mövzu və problem dairəsini müəyyən edir.
Tarixçi alim N.Vəlixanlı A.Bakıxanova həsr etdiyi məqaləsində (2001) yazır: «XIX yüzil Azərbaycan tarixinə, Azərbaycan xalqının tarixinə biri digərinə bənzəməyən keşməkeşli illərlə daxil olub. Məhz bu əsrdə baş verən taleyüklü hadisələr sonrakı yüzilliyin simasını qərarlaşdırmış, azərbaycanlıların yeni XX əsrdəki ömür yolunu müəyyənləşdirmişdir. O vaxtadək yalnız Şərq istibdadının ağrısını-acısını çəkmiş azərbaycanlılar bu əsrdən başlayaraq Şərqlə Qərbin qarışıq təsirindən qidalanmış rus istibdadına məruz qaldılar. Rus çarları I Pyotrun başladığı, II Yekaterinanın davam etdirdiyi Qafqazın, o cümlədən Azərbaycan torpaqlarının işğalı, nəhayət, I Nikolayın dövründə - 1828-ci il fevralın 10-da imzalanmış Türkmənçay müqaviləsi ilə başa çatdı. Obyektiv olaraq Rusiya-İran savaşlarına son qoymuş, Cənubi Qafqazda aramsız davam edən ara çəkişmələrini kəsmiş, bununla yanaşı, bütün Cənubi Qafqazın bir müstəmləkə kimi qəti şəkildə Rusiya imperiyası tərkibinə qatılmasına gətirib çıxarmış bu müqavilə Azərbaycan xalqını və torpaqlarını iki yerə parçalamış oldu; Araz çayından cənubda yerləşmiş torpaqlarımız İran dövlətinin, Arazdan şimaldakılar isə rus imperiyasının malı oldu. Bölgədəki həyatın axarı tamam dəyişdi; şimaldakı azərbaycanlılarla cənubdakı azərbaycanlıların ictimai-siyasi, iqtisadi, hətta mədəni durumlarındakı fərq kəskinləşməyə başladı. Şərq müsəlman dünyasında özünəməxsus yer tutmuş, ümumi Şərq mədəniyyəti nailiyyətlərindən bəhrələnmiş və onu öz töhfələri ilə zənginləşdirmiş Azərbaycan xalqı tədricən dünya, o cümlədən bu vaxtadək demək olar əlçatmaz sayılan Qərb-Avropa mədəniyyəti ilə tanış oldu, onun nailiyyətlərindən istifadə etməyə başladı» [11, s.32]. Məhz belə bir tarixi şəraitdə XIX əsrin ortalarından başlayaraq Azərbaycanın şimal hissəsində xalqın milli birlik, milli özünüdərk şüurunun, milli oyanış düşüncəsinin təşəkkülü, yeni elmi biliklərin, yeni ictimai-fəlsəfi ideyaların yayılması üçün imkanlar yaranır. Bu yolda ilk uğurlu addımların atılmasında dövrün ədəbi, fəlsəfi və ictimai-siyasi fikrinin ən görkəmli təmsilçilərindən A.A.Bakıxanovun (1794-1846), M.Kazımbəyin (1802-1870), M.F.Axundzadənin (1812-1878), H.Zərdabinin (1842-1907) mühüm xidmətləri olmuşdur.
Akademik Ramiz Mehdiyev «Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi» adlı məqaləsində qeyd edir: «İranla müharibə nəticəsində 1828-ci ildən Rusiya imperiyasının tərkib hissəsinə çevrilmiş Şimali Azərbaycanda XIX əsrin ikinci yarısından etibarən dini identiklikdən Azərbaycan milli ideyasının formalaşmasının başlanğıcı olan etnik identikliyə keçid ideyası bu məkanda ideya axtarışlarının mərkəzində dayanırdı. Bu dövrdə ən ümdə məqsəd etnik şüurun dini şüurdan ayrılması ideyası idi. XIX əsrin A.A.Bakıxanov, M.F.Axundzadə, Mirzə Kazımbəy kimi mütəfəkkirləri bu yöndə çalışırdılar» [6]. Əbəs yerə deyildi ki, prof. Ə.M.Tağıyevin qeyd etdiyi kimi, bəhs edilən dövrdə təşəkkül tapan müxtəlif ideoloji cərəyanlar, «baxışlar arasında yaradıcılarının adı ilə bilavasitə A.A.Bakıxanov və M.F.Axundzadə ilə bağlı olan Azərbaycan milli hərəkat ideyaları daha çox diqqəti cəlb etməkdə idi» [10,116]. Bu meyil, şübhəsiz ki, heç də subyektiv istəklərdən deyil, yeni dövrün irəli sürdüyü tələblərdən irəli gəlirdi. Həmin ideyaların böyük tarixi gələcəyi oldu. Onların təsiri ilə «XIX əsrin  sonu – XX yüzilliyin əvvəllərində H.Zərdabi, M.Şahtaxtlı, Ə.Topçubaşov, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, C.Məmməd-quluzadə, M.Ə.Sabir, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyov, Y.V.Çəmənzəminli və digər görkəmli maarifçilər, milli klassiklər azərbaycanlıların milli mənlik şüurunun oyanmasında, milli-mədəni dirçəlişində başlıca rol oynamışlar» [4,97]. 
Bu oyanış və dirçəliş prosesinin məntiqi nəticəsi olaraq milli istiqlal məfkurəsinin formalaşması və Şərqdə ilk demokratik dövlət olan müstəqil Azərbaycan Xalq Cümhuriyyəti timsalında gerçəkləşməsi əsrlər boyu məşəqqətlərlə üzləşən Azərbaycan xalqının ən böyük və şərəfli nailiyyəti oldu. Ancaq belə bir bəşəri miqyaslı tarixi nailiyyətin əldə edilməsi heç də asan olmayan, olduqca ağır, mürəkkəb və çətin bir yolun qət edilməsi sayəsində mümkün ola bilmişdi. 
XIX əsrin ilk otuz ilində Azərbaycan torpaqlarının yadelli imperiyalar arasında ədalətsizcəsinə yenidən bölüşdürülməsi, vahid xalqın iki hissəyə parçalanması və müstəmləkə əsarətinə məruz qoyulması faktı özlüyündə çox şeydən xəbər verir. 
Azərbaycan tarixinə dair yazılmış çağdaş elmi ədəbiyyatda belə bir cəhətə xüsusilə diqqət yetirilir ki, XIX əsrdə Çar Rusiyasının müstəmləkəsinə çevrilmiş Şimali Azərbaycanda ictimai-siyasi vəziyyət daha mürəkkəb, ikiqat ağır olmuşdur. Burada müsəlman türk dünyasına qarşı əzəli ədavət hisslərindən qaynaqlanan mürtəce milli və dini ayrı-seçkilik siyasətinin yeridilməsi az rol oynamamışdır. Hələ 1911-ci ildə M.Ə.Rəsulzadə «İran türkləri» adlı əsərində yazmışdır: «İranda türklər nə Rusiyada olduğu kimi məhkum və nə də Türkiyədə olduğu kimi hakim bir millət deyildilər. İran türkləri əsl iranlı olan farslarla hüquqda müsavi (bərabər) vətəndaş halındadırlar: eyni haqlara, eyni imtiyazlara malikdirlər, ögeylik çəkməzlər» [8, s.115]. Rusiya imperiyasında isə azərbaycanlılar bu sayaq hüquq və imtiyazlardan tamamilə məhrum olan məhkum millət idi. Burada M.Ə.Rəsulzadənin təbirincə desək, «türk» və «Azərbaycan» sözlərinə həbs qoyulmuşdu. Xristian rus millətinin və onun dilinin hakim olduğu bir şəraitdə Azərbaycan xalqının doğma ana dilində özünü sərbəst ifadə və təsdiq etmək ixtiyarı yox idi. Bu məsələ ilə bağlı Əlimərdan bəy Topçubaşov «Azərbaycanın təşəkkülü» (İstanbul, 1918)  adlı əsərində yazır ki, rus çarizminin Cənubi Qafqazda apardığı siyasətdə əsas  məqsədi «yerli əhalini» bütün tədbir və vasitələr ilə «ruslaşdırmaq»dan ibarət idi… Yerli xalq arasında milli məfkurə mövcudiyyətinə dəlalət edən hər şeyə əvvəl  qüvvətli zərbələr endirmək lazım gəlirdi. Rus məmurlarının zərbələrinin ən şədid və mütəkasifi (qatısı)  milli mətbuata, ədəbiyyata, dilə, teatra, hətta dinə və xüsusən ibtidai dərəcəsindən başlayaraq bütün məktəblərə edilir və ruslaşdırmaq siyasətinin ən qaba və ən ağır şəkilləri «milli tərbiyə»yə tətbiq edilirdi.
Bu xüsusda rus idarəsinin şiddət və zülmündən ən çox Azərbaycan türk və müsəlmanları zərər görmüş və onların islam dininə mənsubiyyətləri vəziyyətlərinin fəlakət və müşkülatını xristian olan qövmlərə nəzərən daha çox artırmışdır. Gürcülər bir dərəcəyə qədər düçari-təqibat və təzyiqat olmuşlar isə də,  ermənilər nisbətən bunlardan daha ziyada məsun (toxunulmaz) qalmışlardır» [1].
Şərqlə Qərb dünyası arasında əlverişli strateji, coğrafi mövqedə yerləşən və zəngin təbii mənbələrə, neft kimi qiymətli sərvətə malik Azərbaycan artıq ХVII əsrdən Rusiyanın geosiyasi maraq dairəsində xüsusi önəm kəsb etməyə başlamışdı. «ХVII əsr Rusiya tarixinin yeni mərhələsidir. Bu dövrdə həm ümumrusiya bazarı yaranır, həm də sənaye, xüsusilə manufaktura geniş vüsət tapır. İnkişaf etməkdə olan Rusiya sənayesinin həm zəngin xammala ehtiyacı vardı, həm də hazır mallar üçün əlverişli bazara ehtiyac duyulurdu. Lakin Rusiyanın nə Baltik, nə də Qara dənizə çıxmağa imkanı var idi. Baltik dənizində İsveçrə, Qara dənizdə isə Türkiyə hökmranlıq edirdi. Rusiya hökuməti yalnız Xəzər dənizinə gəmi çıxara bilərdi. Lakin Xəzər dənizi boyu yerləşən şəhər və limanlar hələ lazımınca öyrənilməmişdi. Məhz bu məqsədlə Rusiya hökuməti tacirlərin nabələd yerlərə getməsinə kömək məqsədilə «məlumat kitabları», «bələdçi» və s. vəsait hazırlamalı oldu. ХVII əsrin ilk coğrafi məlumat kitabı «Книга Большого чертежа» adı ilə məşhurdur. Bu məlumat kitabında Rusiya və qonşu ölkələrlə yanaşı, Azərbaycanın bir çox şəhərləri də öz əksini tapmışdır… Bu isə ХVII əsrdə rus çarizminin Azərbaycanla maraqlandığını göstərən dəlillərdir» [3, s.42]. XIX əsrin əvvəllərində isə Azərbaycanla bağlı özünün işğalçılıq planlarını həyata keçirən Çar Rusiyası bu qədim ölkəni siyasi cəhətdən dövlətçiliyindən məhrum etməklə, iqtisadi tərəfdən torpaqlarına, zəngin təbii sərvətlərinə sahib çıxmaqla kifayətlənməyərək, onun xalqının hüquqlarını əlindən alıb müti bir təbəəyə çevirmək yolu ilə mənəvi varlığına da hakim kəsilmək istəyirdi. Bu məqsədlə də çar hökuməti Azərbaycanda planlı şəkildə yabançı və mürtəce ruslaşdırma-xristianlaşdırma siyasətini yeridirdi. Bu siyasət özünü, hər şeydən əvvəl, Şimali Azərbaycanda keçirilən inzibati-hüquqi və mədəni-maarif sahələrindəki islahatlarda aydın göstərirdi. Belə ki, bütün yerli inzibati orqanlarda, yeni yaradılacaq tədris ocaqlarında rus dili rəsmən hakim dil elan edilmişdi.
1830-cu ildə Şuşada, sonra da Bakıda, Şəkidə, Gəncədə, Şamaxı və Naxçıvanda qəza məktəbləri açılmışdı. Yerli məktəblər şəbəkəsində rusdilli realnı məktəblərin sayı çoxalırdı. Bu məktəblərdə rus dili, coğrafiya, hesab fənlərinin öyrədilməsi ilə yanaşı, Azərbaycan dili və şəriətdən də dərslər keçirilirdi. Bu cür tədris müəssisələrini açmaqla “çar hökumətinin əsas məqsədi yerli inzibati idarələrdə müstəmləkə siayasətini yeritməklə ona kömək edə biləcək tərcüməçilər,  mirzələr – bir sözlə, etibarlı milli kadrlar yetişdirmək idi» [2, 59].  
Ənənəvi Şərq mədrəsə tədrisi XIX əsrdə də Azərbaycanda davam etdirilmişdi. Bunu nəzərə alan bir çox Azərbaycan maarifçi ziyalıları da qarşılarına onları yeni tipli məktəblərlə əvəz etmək vəzifəsini qoymuşdular. Bu məqsədlə Azərbaycan milli maarifçilərinin səyi ilə bir sıra yerlərdə rus-Azərbaycan (rus-tatar) məktəblərinin açılmasına icazə verilmişdi. Bu yeni tipli məktəblərdə rus dili, milli dil, tarix və şəriətlə yanaşı dünyəvi elmlərin tədris olunmasının böyük əhəmiyyəti vardı. Belə məktəblər əslində insanların dünyagörüşündə köklü dönüş yarada, tərəqqiyə daxilən rəvac verə biləcək milli mədəni yeniləşmə prosesinin ilk gerçək nümunələri idi.
Bütün bunlara baxmayaraq, yeni tipli məktəblərdə dünyəvi fənlərin, rus dilinin öyrədilməsi milli-mədəni inkişafa güclü təsir göstərməyə başlamışdı. Elə XIX əsrdə də Azərbaycanda ədəbiyyatın, fəlsəfi fikrin yeni məcrada inkişafı maarifçiliyin ideya zəmini əsasında baş vermişdir. Məhz maarifçilik təlimi və maarifçilik fəaliyyəti ilə o dövr ədəbiyyatımıza qədəm qoyan ziyalılarımızın əksəriyyəti müəllimliklə yazıçılığı, dramaturqluqla mətbuatçılığı, folklorçuluqla tərcüməçiliyi öz yaradıcılıqlarının, maarifçi fəaliyyətlərinin məzmununda birləşdirirdilər. Bu dövrün ən məşhur çağrışlarından biri də məhz milli oyanışda, milli-ictimai fikrin inkişafında güclü təsir vasitəsi kimi öndə gedə biləcək yeni tipli -  Avropa ruhlu ədəbiyyat yaratmaq olmuşdur. “Şərqin Molyeri” kimi şöhrət qazanmış böyük maarifçi mütəfəkkir M.F.Axundzadənin “Təmsilat”ı həmin çağırışın ilk parlaq təcəssümü idi. Onun əsərləri ilə Azərbaycan milli dramaturgiyasının əsasının qoyulması, milli teatrın yaradılması böyük mədəni hadisələrdəndir.
Çar hökuməti Azərbaycanın müxtəlif yerlərində açdığı məktəblərə, qeyd olunduğu kimi, özünün müstəmləkəçilik və ruslaşdırma siaysətini həyata keçirməyin başlıca vasitələrindən biri kimi baxmışdır. Lakin bu məqsədə rəğmən açılan yeni tipli məktəblər obyektiv olaraq Azərbaycanın mədəni inkişafında, elmi biliklərin yayılmasında, ədəbiyyatın, incəsənətin müasir axara düşməsində “açıqfikirli, mütərəqqi ziyalıların yetişməsində mühüm rol oynadı” [7,312]. 
Bu baxımdan 1879-cu ildə Qori seminariyasının Azərbaycan (müsəlman) şöbəsinin açılmasının ciddi önəmi oldu. Azərbaycanın ictimai-mədəni həyatında ədəbiyyat, incəsənət, maarif sahəsində, milli oyanış hərəkatında, milli-ictimai fikrin inkişafında böyük xidmətləri olmuş R.Əfəndiyev, C.Məmmədquluzadə, N.Nərimanov, Y.Hacıbəyov, F.Köçərli və başqa görkəmli ziyalılar bu seminariyanın yetirmələridir. Belə ziyalıların sırasında Avropa  və Rusiyanın qabaqcıl elm ocaqları olan ali məktəblərində təhsil almış H.Zərdabi, N.Vəzirov, M.Şaxtaxtlı  və b. istedadlı şəxsiyyətlərin yeri və rolunu xüsusilə qeyd etmək lazımdır. Tarixi-mədəni cəhətdən geridə qalmış, feodal-aqrar və müstəmləkə durumunda olan Azərbaycan mühitinə  avropasayağı yeni  ab-havanın, mütərəqqi  və demokratik ideyaların gətirilməsi, xalq arasında vətənpərvərlik, vətən və millət təəssübkeşliyi kimi hisslərin aşılanması, milli birlik və həmrəylik, milli özünüdərk və qurtuluş düşüncəsinin təşəkkülü belə fədakar gənc ziyalı təbəqəsinin çoxşaxəli fəaliyyəti və yaradıcılığı ilə bağlıdır.
Ə.Topçubaşov yuxarıda adı çəkilən əsərində qeyd edir ki, azadlıq – hürriyyət fikirləri Rusiyaya Qərbi Avropadan on doqquzuncu əsrin əvvəllərində girmiş və rus millətinin təbəqati-aliyyəsinə nüfuz eidiyi kimi, 1860-cı il tarixindən sonra digər millətlərin də təbəqati-müxtəlifəsinə təsir-icra... eyləmişdi». Bu ali fikirdən faydalanmaq üçün «əyan idi ki, hər şeydən əvvəl… «mərefəti-millətə» (bilikli millətə - R.Ə.) lüzum vardır; kəndi millətini, tarixini, bugünkü vəziyyətini, ehtiyaclarını, fikir və xəyallarını, hasili «milli şəxsiyyətini» (mənliyini) izhar etmək iqtiza (tələb) etməkdədir. Millətdə böylə bir «şüur»un hüsula (hasilə) gəlməsi bir-biri ardınca bütün alətlərin tədarükünü, mənəvi…mahiyyəti haiz (malik olan – R.Ə.) vasitələrin ihzarını əmr etməkdə olduğundan dolayıdır ki, rəsmi rus idarəsi tərəfindən…icra edilən təzyiqata rəğmən, bunlar peydərpey saheyi-zühura çıxdı.
Kiçik qonşu millətlərdən ermənilər ilə gürcülərin öndə misal olaraq bulunması Azərbaycan türkləri üzərində bir təsir oyandırmaqdan da xali qalmayır və bu millətlər arasında pək təbii bir «müsabiqə» başlayırdı. Filhəqiqət, son əlli sənə ərzində (XIX əsrin ikinci yarısı – XX yüzilin əvvəli nəzərdə tutulur – R.Ə.) işbu millətlərin arasında ədib, şair, dram mühərriri, mühərrir olmaq və məsaili-ictimaiyyə ilə (ictimai məsələlərlə – R.Ə.)  iştiğal etmək (məşğul olmaq - R.Ə.)  üzrə bir çoxları təhsili-aliyyəsini rus darülfünunlarında və yaxud Avropa məktəbi-aliyyəsində ikmal etmiş (bitirmiş) kimsələrdən ibarətdir.
Dövr və zamanı gəldiyi üçün etnoqrafi və tarixi mahiyyəti haiz olmaq və türk-tatar əcvamına (qövminə) race (aid) bulunmaq üzrə daha bir takım məsail (məsələlər) saheyi-münaqişəyə çıxdı. «Milli məktəbi-ibtidaiyyə» təsisinə mütəəliq (aid) olaraq protelər vücuda gətirildi. Milli lisanın, ədəbiyyat və tarixin tədrisatına dair proqramlar yapıldı. Dərs kitabları, qiraətlər və sair vəsaiti-tədrisiyyə təlif (tərtib) və tərcüməsinə başlanıldı. Təbiət elmlərinə, sosiologiyaya, ümumi ədəbiyyata və müxtəlif Avropa qövmlərinin tarixinə dair Avropa müəlliflərindən bəzilərinin tərcümələri təb (çap) olundu… Risalələr  və yövmi (gündəlik) qəzetlər nəşr edilərək bu sayədə müasir və mədəni Avropa qövmlərinin həyatlarını təqib etmək (izləmək) qabil (mümkün) olmağa başladı» [9, s.123-124]. 
 
Nəticə
 
Bütün qeyd olunanlar Azərbaycanda XIX əsrin ortalarından başlayan milli oyanış, milli özünüdərk və mədəni yeniləşmə prosesini, dünyəvi-elmi biliklərin yayılmasını, o cümlədən milli-ictimai və fəlsəfi fikrin yeni məcrada inkişafını və bu inkişafı şərtləndirən başlıca amilləri ilkin mənbələr əsasında izləmək baxımından olduqca dəyərlidir. Buradan da göründüyü kimi, bəhs edilən dövrdə Azərbaycanda mövcud olan bütün çətinliklər, çar üsul-idarəsinin törətdiyi maneələrə baxmayaraq, ictimai inkişafın başlıca meyilləri olan milli oyanış və mədəni yeniləşmə qarşısıalınmaz olub. Bu prosesdə isə başda A.A.Bakıxanov, M.F.Axundov olmaqla milli ziyalı təbəqəsinin aparıcı  və hərəkətverici qüvvə kimi həm ideya-nəzəri, həm də əməli cəhətdən müstəsna rolu olmuşdur. Mütərəqqi maarifçilik ideyalarının, elmi biliklərin, milli oyanış və qurtuluş məfkurəsinin əsas daşıyıcısı bir çox ilklərin müəllifi və icraçısı olaraq bu ziyalı təbəqə özünün çoxcəhətli yaradıcılıq fəaliyyəti ilə Azərbaycan ictimai-fəlsəfi fikir tarixində də yeni dövrün başlanğıcını qoyaraq, əsaslı dönüş yarada bilmişdilər.
 
 
İstifadə edilmiş ədəbiyyat:
 
1. «Azərbaycan» qəzeti, 3 yanvar 2001-ci il.
2. Azərbaycan tarixi. I cild. /Z.M.Bünyadov və İ.B.Yusifovun redaktəsi ilə/. Bakı: Azərnəşr, 1994
3. Əliyev T.F.  Azərbaycan XVIII əsr ilk rus coğrafi məlumat kitabında.  // «Azərbaycan EA Xəbərləri» (tarix, fəlsəfə və hüquq seriyası), 1990, №3.  
4. İsayev N., Rüstəmov F. Azərbaycan maarifçiliyinin milli-mədəni yeniləşmə ideyaları və müasirlik. // «Sivilizasiya» jurnalı, 2016, №1.
5. Qarayev Y. Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər. Bakı: Elm, 2002.
6.   Mehdiyev R. Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi. // «Azərbaycan» qəzeti, 26 may 2011-ci il. 
7. Məmmədov Z.C. Azərbaycan fəlsəfəsi tarixi. Bakı: İrşad, 1994.
8. Rəsulzadə M.Ə. Əsərləri. II cild. Bakı: Şirvannəşr, 2001
9. Topçubaşov Ə. Azərbaycanın təşəkkülü. İstanbul, 1918.  
10. Tağıyev Ə.M. Milli ideya və milli ideologiya: problemlər və onların şərhi. Bakı, 2000.
11. Vəlixanlı N. Abbasqulu ağa Bakıxanov - Azərbaycan xalqının böyük mütəfəkkiri. // «Abbasqulu ağa Bakıxanov və azərbaycanşünaslığın inkişafı». Məruzələr məcmuəsi. Bakı, 2001. 
 
 
Rafail  Ahmadli
Socio-political and cultural factors of the development 
of philosophical thought in Azerbaijan in the nineteenth century
 
The article investigates the socio-political environment that existed in Azerbaijan since the 19th century, as well as, the literary, scientific-philosophical and national ideas of thinkers functioning during this period. The study focuses on an objective assessment of the role of the idea of enlightenment in the further development of society. At the same time, the article emphasizes that the philosophy of enlightenment of 19th-century education in Azerbaijan is the theoretical and philosophical basis of the ideology of the national liberation movement, national independence that is forming in the 20th century.
 
Рафаил Ахмедли
Общественно-политические и культурные факторы развития
философской мысли в Азербайджане в ХIХ веке
 
В статье исследуются общественно-политической среда, которая существовала  начиная с 19 века в Азербайджане, а так же, литературные, научно-философские и национальные  идеи мыслителей, функционирующихся в этот период. В исследовании особое внимание уделяется на объективное оценивание роли идеи просвещения в дальнейшем развитии общества. Одновременно в статье особо подчеркивается, что философия просвещения ХIХ века в Азербайджане является теоретико-мировоззренческой основой формирующейся в ХХ столетии идеологии национально-освободительного движения, национальной независимости.
 
Məqalə redaksiyaya daxil olmuşdur:  22.09.2017
Təkrar işləməyə göndərilmişdir:  05.10.2017
Çapa qəbul edilmişdir:  08.11.2017
© 2011-2018. Müəlliflik hüquqları Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qorunur. Bütün hüquqlar "Strateji təhlil" jurnalına aiddir. Məlumatlardan istifadə edərkən stj.sam.az saytına istinad zəruridir.