“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi dəmir yolu xətti üzrə pik saatlarda ictimai nəqliyyatda yaranan sərnişin sıxlığını nisbətən azaltmaq, eləcə də daha çox sərnişini qatarlarla təhlükəsiz və vaxtında mənzil başına çatdırmaq məqsədilə 13 oktyabr 2023-cü il tarixindən Ekspres qatarının fəaliyyətinə start verir.
Oturacaq tipli vaqonlardan ibarət Ekspres qatarı aralıq stansiya və dayanacaqlarda dayanmadan Bakıdan Sumqayıta və geriyə hərəkət edəcək. Ekspres qatarı gün ərzində səhər və axşam saatlarında ümumilikdə dörd reys olmaqla sənişindaşımanı həyata keçirəcək.
Belə ki, Bakıdan saat 06:50-də yola düşən qatar saat 07:37-də Sumqayıta çatacaq. Sumqayıtdan saat 07:45-də yola düşən qatar saat 08:26-da Bakı Dəmiryol Vağzalına çatacaq.
Axşam saatlarında isə Bakıdan saat 18:05-də yola düşən qatar saat 18:45-də Sumqayıta çatacaq. Sumqayıtdan saat 19:20-də yola düşən qatar saat 20:05-də Bakı Dəmiryol Vağzalına çatacaq.
Qeyd edək ki, Ekspres qatarı Slovakiyada əsaslı bərpa və modernizasiya olunmuş 5 vaqondan ibarətdir və gündəlik olaraq 1000-dən çox sərnişinin daşınması üçün imkan yaradacaq.
Xatırladaq ki, ADY tərəfindən sərnişindaşıma xidmətinin təşkili sahəsində son dövrdə aparılan optimallaşdırma işləri nəticəsində oktyabr ayında Abşeron dairəvi dəmir yolu xətti üzrə ilk dəfə olaraq bir gün ərzində 30 mindən çox sərnişin daşınıb.