İsrail hərbçiləri Livanda "Hizbullah"a məxsus raket buraxılış qurğularının olduğu anbarı məhv edib.
"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, anbarda “yer-hava” tipli raketlərin buraxılması üçün nəzərdə tutulmuş qurğular saxlanırmış. Açıqlamada bildirilir ki, obyekt Beyrut Beynəlxalq Hava Limanından təxminən 1,5 kilometr aralıda yerləşir.
Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri "Hizbullah"ın onlarla hərbi obyektinə hücum edib.
Xatırladaq ki, İsrail sentyabrın 23-də Livanda “Hizbullah”a qarşı “Şimalın oxları” adlı hərbi əməliyyata başlayıb. Məqsəd təşkilatın hərbi obyektlərinə kütləvi zərbələr endirməkdən ibarətdir.