Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 28-də ABŞ-nin Dinlərarası Qonşuluq Şəbəkəsinin nümayəndə heyətinin üzvləri ilə görüşüb.
Komitə sədri görüşdə Azərbaycandakı dialoq mühiti və çoxəsrlik tolerantlıq ənənələrindən söz açıb:
"Dini etiqad azadlığının təmin edilməsi və dini icmaların fəaliyyəti üçün əlverişli şəraitin yaradılması dövlətin din siyasətinin prioritetləri sırasında yer alır. Azərbaycanda müxtəlif dini konfessiyaları təmsil edən 950-dən çox dini icma fəaliyyət göstərir, bütün dinlərə məxsus abidələr qorunur".
Söhbət zamanı ABŞ-yə səfərini xatırladan Ramin Məmmədov əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə yönələn bütün səylərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Dinlərarası Qonşuluq Şəbəkəsinin həmtəsisçisi, Qlobal Məsələlər İnstitutunun prezidenti və Texasdakı “Nortvud” kilsəsinin baş pastoru Bob Roberts nümayəndə heyəti üzvlərinin Azərbaycanda olduqları qısa müddət ərzində birgəyaşayış mühitinə canlı şahidlik etdiklərini bildirib. O, səfər çərçivəsində Dinlərarası Qonşuluq Şəbəkəsi nümayəndələrinin Azərbaycanda fəaliyyət göstərən dini icmalarla birgə təşkil edəcəkləri tədbirdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə olunacağını diqqətə çatdırıb.