ABŞ Senatı prezident Donald Trampın yeni administrasiyaya irəli sürdüyü namizədləri ən qısa zamanda təsdiq etməyi planlaşdırır.
Bunu jurnalistlərə 119-cu çağırış Amerika qanunverici orqanının yuxarı palatasında respublikaçı çoxluğun lideri olacaq (3 yanvar 2025-ci ildə işə başlayacaq) senator Con Tun bildirib.
Senator demokratlara çağırış edib: “Biz Trampın namizədlərini nəzərdən keçirmək və onların mümkün qədər tez təsdiqlənməsi üçün əlimizdən gələni edəcəyik. Demokratlardan müəyyən səviyyədə əməkdaşlıq gözləyirik. Odur ki, onların mümkün qədər tez təsdiqlənməsini təmin etmək üçün bütün variantları nəzərdən keçirəcəyik”.
Noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçı Donald Tramp qalib gəlib. Onun partiyası səsvermənin nəticələrinə əsasən Senatda yerlərin əksəriyyətini təmin edib və Konqresin Nümayəndələr Palatasına da nəzarəti qoruyub saxlayıb. Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də keçiriləcək.