Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aidiyyəti dövlət qurumlarının və beynəlxalq ekspertlərin iştirakı ilə respublika ərazisində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərlə çirklənmiş ərazilərin mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi aparılıb, həyata keçirilən tədqiqatlar və risk analizləri nəticəsində 11 rayon üzrə 14 məntəqədə bu cür təhlükə potensiallı obyektlərin mövcudluğu müəyyən edilib.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 sentyabr tarixli Sərəncamı ilə Nazirlər Kabinetində aidiyyəti dövlət orqanları cəlb edilməklə "Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə yaradılmış Koordinasiya Komissiyası” tərəfindən “Respublika ərazisində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlər və aqrokimyəvi maddələrlə bağlı problemlərin aradan qaldırılmasına dair Tədbirlər Planı” təsdiq edilərək bir sıra dövlət qurumlarına, o cümlədən AQTA-ya müvafiq işlərin görülməsi həvalə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tədbirlər Planının icrası məqsədilə müvafiq qurumların nümayəndələrindən ibarət işçi qruplar yaradılmaqla, 11 rayon üzrə 14 məntəqədən daşınması məqsədəuyğun hesab olunan təhlükəli tullantılara dair kütlə müəyyən edilib. Bu çərçivədə Beyləqan rayonu ərazisində istifadəyə yararsız pestisidlərin, o cümlədən həmin maddələrlə çirklənmiş torpaq qatının daşınması prosesi həyata keçirilib. Beynəlxalq təhlükəsizlik tələblərinə uyğun qaydada qablaşdırılan yüklərin zərərsizləşdirilməsi məqsədilə “Cəngi pestisid poliqonu”na xüsusi nəqliyyat vasitəsilə daşınması və yerləşdirilməsi təmin olunub.
Qeyd edək ki, təhlükəli yüklərin qablaşdırılması və daşınması üzrə görülən tədbirlər AQTA ilə Azərbaycan Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalçıları və İdxalçıları Assosiasiyasının birgə təşəbbüsü ilə həyata keçirilir.
Beyləqan rayonu Əhmədli kəndi ərazisində Agentlik tərəfindən aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə icra edilən işlər ölkəmiz üçün olduqca vacib və əhəmiyyətli tədbir hesab olunur. Xüsusilə də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən tədbirlər bilavasitə ətraf mühitə verilən töhfədir. Ətraf mühitin sağlamlaşdırılması, ətraf mühitdən insanlara, heyvanlara və bitkilərə keçə biləcək zərərlərin qarşısının alınması üçün görülən birbaşa tədbirin önəmi yüksək dəyərləndirilir.