İqlim dəyişmələri bəşəriyyət üçün ən ciddi problemlər sırasındadır. Bu problem bütün qitələrin ölkələrinə, insanların yaşayışına mənfi təsir göstərir, dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində irəliləyişə mane olur.
Bu problemin mahiyyətini anlayan Azərbaycan bu istiqamətdə sözün əsl mənasında cəsarətli addımları ilə ad çıxarıb. Qlobal çağırışlara səs verməyə çalışan rəsmi Bakı ən yüksək səviyyədə bəyan edir ki, milli müstəvidə “təmiz ətraf mühit və yaşıl inkişaf” sosial-iqtisadi prioritetini uğurla icra edir. Hətta Azərbaycan 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edib. İşğaldan azad olunan ərazilərində “yaşıl enerji” zonaları elan olunub.
Bakı, həmçinin noyabrda BMT-nin ən ali tədbirlərindən birinə - İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Beləliklə, dünya ictimaiyyətinin əsas diqqəti yenidən Bakıya yönələcək.
Bu genişmiqyaslı tədbirin əsas vəzifəsi inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına cavab verməli olan yeni beynəlxalq iqlim maliyyəsi məqsədinin razılaşdırılması olacaq. COP29 qlobal iqtisadiyyatın və milyardlarla insanın həyatının iqlim dəyişikliyinin fəlakətli təsirlərindən xilas edilməsində iqlim maliyyəsinin oynadığı aparıcı rolu qəbul edən tədbirlər konfransı olacaq.
Uğurlu nəticələr əldə etmək üçün dünya ölkələri birlikdə hərəkət etməlidir. Lakin bir sıra maliyyə və siyasi güc mərkəzləri, xüsusən də Fransa bunu anlamaq istəmir. Açıqlanan son rəqəmlər göstərir ki, ölkə bu məsələdə, yumşaq desək, xəsislik göstərir, ən cılız bəhanələr gətirir.
Dünyaca məşhur "Bloomberg” yazır ki, Fransa sərhədləri xaricində iqlim maliyyəsi üçün çox pulu olmayan ölkələr sırasındadır. Səbəb kimi də iqtisadi çətinlikləri bəhanə etməsidir. Bu da onu deməyə əsas verir ki, Emmanuel Makronun prezident olduğu Fransa beynəlxalq və qlobal problemlərin həllinə biganə münasibət sərgiləməkdədir.
İqtisadi artımla bağlı proqnozlar özünü doğrultmadığı üçün hökumət xərcləri aşağıya salmaq məcburiyyətində qalıb. Bunun fonunda nazirliklərin xərclərini azaltmaqla 10 milyard avroya qənaət etmək planlaşdırılır. Paris artıq 10 milyard avroluq qənaət planının işə salındığını bəyan edib. Sual yaranır, bəs necə olur ki, digər ölkələrin daxili işlərinə qarışmağa, hətta onlara milyonlarla dollar ayırmağa vəsait tapılır? Afrikada keçmiş müstəmləkələrində başlayan hərəkatları boğmaq üçün vəsait tapılır, Ermənistanı silahlandırmağa, onun layihələrini maliyyələşdirməyə pul tapılır, lakin bəşəriyyətin gələcəyi üçün maliyyə yoxdur?!
Bu, onu deməyə əsas verir ki, bəşəri ideyalardan danışan Fransa gələcəyə, onun problemlərinə etinasız yanaşır.
Azərbaycan üzərinə düşən beynəlxalq öhdəliklərə uyğun olaraq cəsarətli addımlar atır, lakin Fransa kimi keçmişdə koloniyaları talayan ölkələr bu gün iqlimin maliyyə yükündən boyun qaçırırlar.
Fransanın İkinci Qarabağ müharibəsindən sonra Ermənistana ayırdığı yardımlara nəzər salaq; məsələn, tək ötən ilin sentyabrında Ermənistana rəsmi şəkildə 5 ton humanitar yardım göndərib. Qeyri-rəsmi isə "yardım məqsədli" vəsaitin məbləği yüz milyonlarla ölçülür. Bildirilib ki, yardımlar Qarabağdan gedən ermənilər üçün nəzərdə tutulub. Məlumata görə, yardımı “Zvartnos” hava limanında Fransanın bu ölkədəki səfiri Olivye Dekottini və səhiyyə nazirinin müavini Lena Nanuşyan qəbul edib. “Boing 737-85R (SF)” təyyarəsi ilə çatdırılan humanitar yardım əsasən tibbi ləvazimatlardan ibarətdir.
Bundan bir ay sonra Paris İrəvana daha 15 milyon avro təcili humanitar yardım ayırıb. “Fransa Ermənistanı və erməni xalqını dəstəkləməkdə davam edir. Noyabrın 30-da parlament Ermənistana təcili olaraq 15 milyon avro ayrılmasını təsdiqləyib”, – mətndə deyilir.
Beləliklə, Fransanın Ermənistana ayırdığı yardımın həcmi 27,5 milyon avro təşkil edir. Fransa Xarici İşlər Nazirliyində deyildiyi kimi, bu, BQXK, Ermənistan Qırmızı Xaç və BMT agentliklərinin işini gücləndirməyə kömək edəcək. Bundan əvvəl Paris İrəvana hərbi dəstək vermək niyyətini açıqlamışdı. 2024-cü il iyunun 18-də isə SEZAR artilleriya qurğularının tədarükü ilə bağlı müqavilə imzalanıb. Bu, 2024-cü il aprelin 19-da sərhədlərin delimitasiyası üzrə mühüm razılaşmaların əldə olunmasından sonra Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi fonunda baş verib.
Ümumiyyətlə, Fransanın Ermənistan və Cənubi Qafqazla bağlı strategiyası siyasi, iqtisadi və hərbi məqsədlərin xaotik birləşməsidir. Yelisey sarayı İrəvandan istifadə edərək bir tərəfdən bölgədə sülhün bərqərar olması prosesinə zərbə vurmaq, digər tərəfdən isə silah satışından gəlir əldə etmək istəyir. Bu strategiyanın bir neçə əsas aspekti var. Birincisi, Fransa siyasi manipulyasiya siyasəti yeritməklə öz təsirini gücləndirmək üçün Ermənistanın ehtiyaclarından istifadə edir. Ermənistanı hərbi dəstək və texnologiya baxımından asılı dövlətə çevirib. Bu cür addımlar Ermənistanın Fransadan iqtisadi asılılığını artırır ki, bu da Parisə lazım gəldikdə İrəvana təzyiq göstərməyə imkan verir.
Beləliklə də, qeyd olunanlar bir həqiqəti üzə çıxarır; sözdə bəşəri ideyalardan, söz azadlığından "dəm vuran" Fransa kimi ölkələr bəşəriyyətin inkişafında deyil, onun tənəzzülündə maraqlıdır.