Ağ evin yüksək səviyyəli rəsmisi Ceyk Sallivan Çinin Sədri Si Cinpin ilə ilk təkbətək formatda danışıqlar aparıb. AZƏRTAC bu barədə “Bloomberg” agentliyinə istinadla xəbər verir.
Agentliyin məlumatında qeyd olunur ki, hər iki tərəf noyabrda ABŞ-da keçiriləcək seçkilər ərəfəsində əlaqələri sabitləşdirməyə çalışır. “Bloomberg” yazır ki, Prezident Co Baydenin milli təhlükəsizlik müşavirinin Çin lideri ilə görüşündə ikitərəfli əlaqələrdə, xüsusən ticari əməkdaşlıqda yaranan gərginliklə bağlı müzakirələr aparılıb. Eyni zamanda, Ukraynada müharibə, ABŞ-ın müttəfiqi Filippinlə Çin arasında gərginliyin azaldılması və digər aktual beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi olub.
Son günlər Çinin texnoloji inkişafına və texnologiya məhsullarının ixracına əngəllər törədilməsi ilə bağlı Pekinin narazılığı ifadə olunur. Görüşdə bu vəziyyətdən çıxış yolları da müzakirə edilir. Sallivan daha əvvəl Çinin baş diplomatı Vanq Yi ilə qarşıdakı həftələrdə iki ölkənin liderləri arasında telefon danışığı barədə razılaşıb. Bu, Amerika seçkilərindən bir neçə gün sonra, hər iki dövlət başçısının qatıldığı Peru və Braziliyadakı çoxtərəfli tədbirlərdən sonra Si ilə Baydenin yekun görüşünə yol aça bilər.
ABŞ və Çin rəsmilərinin danışıqları davam etdirməkdə maraqlı olduqları bildirilir. Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta gələn həftə çinli həmkarı Liu Jenmin ilə danışıqlara hazırlaşır. Vaşinqton ilə Pekin arasında müxtəlif səviyyələrdə başqa rəsmi təmaslar da nəzərdə tutulur.
Sallivan Si Cinpin ilə görüşdən əvvəl Çinin yüksək hərbi komandanlığı ilə də danışıqlar aparıb.